Bir sürgünün maraqlı tarixçəsi – teatr tariximizdə ilk…
Azərbaycanın teatrının görkəmli simalarından biri, müasirlərinin yazdığına görə, Mirzə Cəlilin “Ölülər” əsərindəki Kefli İsgəndər obrazının misilsiz ifaçısı, ilk filmlərimizdən sayılan “Bismillah”dan, “Hacı Qara”dan tutmuş “Arşın mal alan”ın 1945-ci ildə çəkilmiş versiyasınacan bir çox ekran əsərlərində rol alan Mirzağa Əliyevin tərcümeyi-halındakı maraqlı məqamlardan biri onun 1912-ci ildə sürgün həyatı yaşamağa məruz qalmasıdır.
Bəs görəsən, 29 yaşlı aktyorun Həştərxana sürgün edilməsinin səbəbi və ya səbəbləri nə idi?
Bəzi qaynaqlarda Mirzağa Əliyevin çar hökumətinin qəzəbinə tuş gəlməsinin səbəbi kimi səhnədə, tamaşalardan birinin gedişində siyasi yanlışlığa yol verilməsi göstərilir. Məsələn, sənətşünaslıq doktoru İlham Rəhimli Azərbaycanın ilk teatr truppaları barədə silsilə yazılarından birində qeyd edir: “Azərbaycan teatr tarixində ilk dəfə olaraq 1912-ci ilin noyabrında “Nicat”ın aktyoru Mirzağa Əliyev tamaşa zamanı səhnədən dövlət əleyhinə söz işlətdiyinə görə Hacıtərxan şəhərinə sürgün edilib”.
Ancaq inanmaq çətindir ki, görkəmli aktyorun sürgün həyatı yaşaması sadəcə səhnədəki bir “siyasi səhv”lə bağlıdır. Axı həmin vaxt çar hökuməti əleyhinə kəskin çıxış edən kifayət qədər ziyalı vardı və onların heç biri ilk cəhddəncə belə ağır cəzalandırılmırdı.
Elə isə Mirzağa Əliyevə qarşı bu ifrat dözümsüzlüyün səbəbi nə ola bilərdi?
Bu haqda bir qədər sonra.
***
1883-cü ildə Bakının Hövsan kəndində kasıb ailədə doğulan, ilk təhsilini mollaxanada, sonra 2 saylı Bakı rus-tatar məktəbində alan, aktyor Murad Muradovla tanışlıqdan sonra teatra maraq və həvəs göstərməyə başlayan Mirzağa Əliyev səhnəyə ilk dəfə 1901-ci ilin iyununda çıxıb. O, Nəcəf bəy Vəzirovun “Müsibəti- Fəxrəddin” faciəsinin tamaşasında Şahmar rolunu oynayıb.
Rolunun öhdəsindən uğurla gələn gənc aktyor beləcə diqqət mərkəzinə düşür və başqa tamaşalara dəvət alır. Hətta 1906-cı ilin payızında özünün “Həmiyyət” teatr truppasını da yaradır.
Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” musiqili komediyasının ilk səhnə variantında (1911-ci il) əsas rollardan birini – Məşədi İbadı məhz Mirzağa Əliyev canlandırıb. Yeri gəlmişkən: həmin tamaşada Gülnaz rolunda kişi aktyorlarımızdan biri Əhməd Ağdamski çıxış etmişdi.
Daha bir maraqlı fakt: aradan illər keçəcək, rejissor Hüseyn Seyidzadə “O olmasın, bu olsun”u ekranlaşdıracaq və Məşədi İbad roluna Mirzağa Əliyevi çəkmək istəyəcəkdi. Lakin çəkilişlər yenicə başlamış görkəmli aktyor dünyasını dəyişəcək, məhz bundan sonra rejissor yeni “Məşədi İbad” – Əliağa Ağayevi tapacaqdı.
1916-cı ildə Mirzə Cəlilin “Ölülər” əsəri tamaşaya qoyulmuş, Mirzağa Əliyev bu tamaşada Kefli İsgəndər obrazını fantastik məharətlə canlandırmışdı.
Görkəmli aktyor sürgün edildiyi ilin mayında Azərbaycanın ilk aktrisası Gövhər Qazıyeva ilə evlənir. Onların sənətdə başlayan dostluğu məhəbbətlə nəticələnmiş, ailə qurduqdan qısa müddət sonra isə məlum sürgün vaqeəsi yaşanmışdı.
Bir az da qabağa gedərək yazım ki, Mirzağa Əliyevlə Gövhər xanımın evliliyi uzun sürmədi. İlk aktrisamız bir neçə il sonra ondan boşandı, sonradan ikinci dəfə, əslən Güney Azərbaycandan olan bir soydaşımızla ailə qurdu və sənətin daşını biryolluq atmalı oldu (niyə? – gələcək yazıların birində bu haqda ətraflı danışmağa çalışacağam).
***
İndi isə qayıdaq sürgün məsələsinə.
Görünən odur ki, Mirzağa Əliyevin tamaşalardan birinin gedişində çar hökuməti əleyhinə səsləndiyi fikirlər əslində səbr kasasını daşıran son damla idi.
Məsələ burasında idi ki, görkəmli aktyor xeyli əvvəldən müxalif siyasi baxışlara sahib idi, bu fikirlərini müxtəlif ortamlarda dilə gətirməkdən çəkinmirdi.
O, hələ bir neçə il əvvəldən oxşar siyasi-ictimai baxışlara malik insanlarla yaxın münasibətdə idi. Yaradılmasında, ilk toplantısında (1906-cı il) iştirak etdiyi “Nicat” mədəni-maarif cəmiyyətinin qurucuları arasında onunla bərabər, Məhəmməd Əmin Rəsulzadə, Mehdi bəy Hacınski, Soltan Məcid Qənizadə, Üzeyir Hacıbəyli kimi dövrünün tənqidçi düşüncəli insanlarının olması bunu təsdiqləyir.
Bu yerdə yenidən bir az da irəli gedək: 1937-ci ilin repressiya qurbanlarından biri – folklor tədqiqatçısı Hənəfi Zeynallının istintaq işindən məlum olur ki, “Türkiyənin mövqeyindən çıxış edərək Azərbaycan SSR-ni SSRİ-dən ayırmaq və İran Azərbaycanı ilə birləşmək” məsələsini irəli sürən nərimanovçular qrupu varmış və həmin qrupa Tağı Şahbazi, Məmməd Səid Ordubadi, Əzim Əzimzadə, Mustafa Quliyev, Vəli Xuluflu kimi yaradıcı adamlarla yanaşı Mirzağa Əliyev də daxil imiş.
Onlardan bir çoxu repressiya illərindən sağ çıxmasa da, bəziləri güc-bəla ilə də olsa canını qurtara bildilər. Ki, həmin o “bəzilərinin” sırasına yazımızın qəhrəmanı da daxil idi.
1937-ci ilin “qırmızı terror”unda aktyor kimi ilk qurbanlar Abbas Mirzə Şərifzadə ilə Ülvi Rəcəb olur, onların həbsinin ardınca Ələsgər Şərifov, Rza Əfqanlı, Kazım Ziya kimi tanınmış aktyorlarla yanaşı Mirzağa Əliyevin də “əksinqilabi və millətçi fəaliyyətinə” görə cəzalandırılmasına hazırlıq gedir. Sonralar Fatma Qədri (Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş aktrisa) həmkarı Leyla Bədirbəyliyə danışarmış ki, onu, Kazım Ziyanı, Mirzağa Əliyevi ləkələməyə çalışırdılar, bu səbəbdən də gecələr gözünə yuxu getməzmiş. Mirzağa Əliyev gecə zəng vurub soruşarmış: “Necəsən? Hələ gəlməyiblər?” Fatma xanım da deyərmiş: “Yox!”
Mirzağa Əliyev qayıdarmış: “Allaha şükür!”
Yenidən dönək 1912-ci ilə…
Elə ki görkəmli aktyor çar rejimi əleyhinə fikirləri teatr səhnəsindən də səsləndirdi, artıq cəzalandırılması qaçılmaza çevrildi. Bəzi mənbələrdə hətta onun “milli ayrıseçkilik salmaqda” günahlandırıldığı yazılır (məsələn, ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, “Lider” nəşriyyatı, 2004).
Qısası, Mirzağa Əliyevin səhnədəki “siyasi səhvi” böyük ehtimalla “bardağı daşıran son damla” idi. Yəqin ki, o, hakim çar rejiminə qarşı mənfi münasibətini heç vaxt gizlətməyib, dilini dinc qoymağı sevməyib, ürəyindən keçənləri qəlbinin dərinliklərinə gömmək yerinə fürsət düşən kimi dilləndirməyi üstün tutub və…
Və tamaşalardan birinin gedişindəcə, elə səhnədən səsləndirməsi artıq ona “qulaqburma” verilməsi ilə nəticələnib!
Beləcə, Mirzağa Əliyev Həştərxana sürgün edilib. Qaynaqlardan məlum olur ki, o, burada da dinc dayanmayıb, yerli teatr həvəskarlarının köməyi ilə teatr truppası yaradıb, Volqaboyu şəhərlərdə tamaşalarla çıxış etməyə başlayıb.
Görkəmli aktyor sürgünə göndərildikdən bir il sonra, Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv edilib və Bakıya qayıdıb.
Qarşıda isə onu 41 illik uzun, enişli-yoxuşlu, parlaq uğurlarla və elə bir o qədər də ağır məhrumiyyətlərlə dolu ömür yolu gözləyirdi…