Qlamur dövrü öz gəlişi ilə sadəcə “elit” məclislərin populyar xanımlarını (qeyri-müəyyən fəaliyyət növü ilə məşğul olan qadınlar) yox, plastik cərrahiyyənin əsas sahəyə çevrildiyi (bir qədər şişirtmiş ola bilərəm) tibdən tutmuş mərmər parkların, yeniyetmələrin əsas əyləncə məkanı olan molların, çoxulduzlu mehmanxanaların, hətta neoqotika tərzli yeni yeraltı keçidlərin inşasına qədər ətrafımızda, demək olar ki, hər şeyi pardaxlayıb. Bir ovuc qlamur yeni dövrün əsas qəhrəmanına, həsəd və heyranlıq predmetinə çevrilib.
Qlamur deyəndə həyatın bütün nemətlərindən istifadə edən, öz “xoşbəxtliklərini”, yaşamaq bacarıqlarını paylaşan, bütün “çirkli paltarlarını” təəccüblə baxan publikanın gözləri önündə yuyan, uğur reseptləri verən (daha çox pul qazanmaq üçün neynəmək lazımdır) bir ovuc insan nəzərdə tutulur. Onlara zidd qütbdə – kütləvi səhnələrdə səfillər çıxış edirlər. Əksəriyyəti qlamur, “elit” təbəqənin “qəhrəmanları” kateqoriyasına düşməyi arzulayan səfillər…
Biz elə bilirdik ki, aristokratiya institutunun cəmiyyətimizi tərk etməsiylə o “elit qəhrəmanların” hamısı keçmişə gömülüblər. Amma indi məlum olur ki, müasir nuvoruşlərin (fransızca “nouveau riche” – “yeni varlılar” deməkdir – red.) aristokratlara bənzəməkdən, heç olmazsa, onları ləqəblərində diriltməkdən ötrü ürəkləri gedir.
Bir tərəfdə “elit qəhrəmanlar”, o biri tərəfdə səfillər. Bu təhqiramiz ləqəb get-gedə mətbuatda daha tez-tez istifadə olunmağa başlayır. O, niyə birdən-birə bu qədər populyarlıq qazandı?
Dilənçi – sədəqə yığmaqla məşğul olan insanlara verilmiş son dərəcə neytral addır. Bu məşğuliyyət hətta peşəyə də çevrilə bilir. İnqilaba qədər Rusiyada tacirlər gildiyası, əsnaf gildiyası kimi dilənçilər gildiyası da var idi. İlf və Petrov tərəfindən canlı boyalarla təsvir olunmuş, Çar Rusiyası zamanında Kiyevdə kor dilənçi işləyən Panikovskini xatırlayaq. Ancaq Sovet hökuməti sözügedən fəaliyyət növünün kökünü, demək olar, tamamilə kəsmişdi. Cinayət məcəlləsində tüfeyliliklə bağlı maddə peyda olmuşdu. Sovet hökumətinin əmək məsələsinə ciddi yanaşdığını, belə şeylərdə qətiyyən zarafat etmədiyini, son dərəcə sərtliklə cəzalandırdığını nəzərə alsaq, ölkədə, demək olar ki, dilənçilərin qalmadığı aydındır. Hamısı özünə iş tapmışdı.
Müasir dilənçilər sadəcə çox deyil, həddindən çoxdular: müxtəlif yaşlarda, koloritli və elə də maraqlı olmayanlar, qucağında körpə ilə gəzən gənc qadınlar, yaşlı nənələr və babalar, “bomj” görkəmli ortayaşlı kişilər, uşaqlar, peşəkar dilənçilər (qaraçılar)…
Azərbaycanlı yazıçı Sevinc Nuruqızı “Melissa” povestində atılmış uşaqların necə dilənçiliyə cəlb olunduğunun qorxunc rəsmini cızıb – bu öz iyerarxiyası, gəlirləri və xərcləri olan, dəhşət və göz yaşları ilə dolu bütöv bir dünyadır.
Amma səfillər – baxmayaraq ki, həyat tərzi və yaşam uğrunda mübarizələri ilə onlar da dilənçilərlə eyni statusdadırlar – tamamilə fərqli insanlardır. Bizim cəmiyyətdə bu alçaldıcı ləqəbi öz əməkləri qarşılığında aldıqları maaş, ya da keçmiş əməkləri qarşılığında onlara ödənilən təqaüd hesabına yaşayan adi, sadə insanlara yapışdırırlar. Məhz, adi, qlamursuz, ətalətli, azmaaşlı işdən və ağlagələn hər yerdə saysız-hesabsız problemlərdən ibarət həyat yaşayan insanları səfillər adlandırırlar. Onlar əllərini açıb sədəqə gözləyə-gözləyə küçədə dayanmırlar. Daha doğrusu, onlara sədəqəni əməkhaqqı, təqaüd, müavinət şəklində verirlər. Belə insanlar milyonlarladır. Əgər varlılar və fövqəlvarlılarla sadə ölümlüləri faiz nisbətində müqayisə etsək, heç bir statistik analizlərə ehtiyac qalmayacaq. Hər şey göz önündədir və aydındır. MDB ölkələrində əhalinin əsas hissəsi yoxsullardan ibarətdir. Bir də kiçik bir varlılar təbəqəsi və tək-tük fövqəlvarlılar var. Orta təbəqə, demək olar, mövcud deyil. Fövqəlvarlılar – oliqarxlardır. Onların maddi zirvələrə hansı yollarla çatdıqlarından danışmağa ehtiyac yoxdur. İstənilən yuxarı sinif şagirdi gözləri şövqlə parıldaya-parıldaya sizə bu və ya digər xadimin necə inanılmaz varlandığını danışa bilər. Oliqarxların sehrli çubuğu var. Lap Harri Potterinki kimi. O çubuğun adı inzibati resurslardır. Səfil – yəni həddindən çox və əziyyətlə işləyib son dərəcə az, “dilənçipayı” məvacib alan adam olmaq istəməyənlər mütləq belə bir sehrli çubuq tapmalıdılar. Yaxşı, bəs bu sehrli çubuq – inzibati resurs nə olan şeydir?
Əgər gözəl sözlərdən istifadə etməsək, bu – dövlət büdcəsinə əl uzatmaq deməkdir. Sehrli çubuğun sahibləri büdcədən, yəni ümumxalq pul kisəsindən ürəkləri istədikləri qədər pul götürə, həmçinin lisenziyalar, torpaq sahələri, biznesdə inhisar və s. ala bilərlər.
Əlbəttə, bu, kobud təsbitdir, lap Karlo atanın divarından asılmış və teatra girişi qapadan bərbad rəsmi xatırladır. Əgər teatra daxil ola bilsək, onda çox şey gün işığına çıxacaq.

İstənilən varlıdan kasıblar haqqında soruşsan, mütləq ibrətamiz bir əhvalat danışacaq: necə səy göstərmək lazımdır, qarşına hədəflər qoymaq, onlara doğru getmək, uğurlu karyera qurmaq üçün müasir metodlardan necə istifadə etmək lazımdır və s. Uğurlu karyera qurmaq və zəngin olmağın yolları haqqında tonlarla kitab yazılıb.
Metodistlər, təlimçilər, kurslar, treninqlər – çoxlu cürbəcür, maraqlı şeylər var: neyrolinqvistik proqramlaşdırma, müştəriyə, ona qətiyyən lazım olmayan bir şeyi satmaq, ən əsası isə onda yeni maldan asılılıq yaratmaq, bir sözlə, müştərini yoldan çıxartmaq üçün reklam strategiyası və taktikası.
Bizim şərtlərdə varlı şəxs – mütləq sehrli çubuğu (inzibati resurs) olan məmurdur və o, həmin sehrli çubuğun necə işlədiyini kasıba heç vaxt deməz. O, uğurlu karyera metodikası haqqında danışacaq. Təbii, buna ağlı çatsa…
Niyə “səfil” ləqəbi indi qürurla “qızıl gənclik” adlandırılan cavanlar arasında xüsusilə populyardır? “Qızıl gənclik”, “majorlar”, valideynləri “yüksələnlərdir” – var-dövlət sahiblərinin müasir leksinonundakı daha bir termin. Marşakın uşaqlar üçün yazdığı şeirdə necəydi?
“Mister Tvister
Keçmiş nazirdir
Mister Tvister
İşbaz bankirdir
Zavod, paroxod sahibidir”
Marşakın satirası yenə də aktualdır. Keçmiş, ya da çox vaxt elə fəaliyyətdə olan nazir nəhəng var-dövlət sahibi ola bilər. Çox mümkündür ki, o sərvətin böyük hissəsi qohumların, hərdən elə tamamilə yad “səfillərin” – sürücülərin, qulluqçuların və digərlərinin adlarına yazılıb. Bir qayda olaraq, onların yığdıqları var-dövlət bir neçə nəsli təmin edə bilər. Maraqlı orasıdır ki, adətən, cəmiyyətin bu ağlasığmaz sərvətlərin mənşəyindən xəbəri olur.
Utana-utana inzibati resurs adlandırdığımız şey, əslində, açıq-aşkar qarətdir. Amma bizim cəmiyyətdə nə qarətə, nə də qarətçilərə qəzəblənmək, etiraz etmək adət deyil. Bu, “mauvais ton” – “pis davranış” hesab olunur. Əksinə, çox tez-tez səfillər bütün ağlagələn və ağlagəlməyən yollarla o “bəxtəvərlərə” yaxın olmağa çalışırlar. Bunun üçün ən müxtəlif üsulları işə salırlar. Sınaqdan keçmiş metodlardan biri – yaltaqlıq, mədhiyyədir. Bununla bağlı özünəməxsus dil də yaranıb. Televizorların ekranlarından, internet saytlarından, qəzetlərin və azsaylı jurnalların səhifələrindən axan yaltaqlıq seli o qədər gülünc təsir bağışlayır ki, hər söz, cümlə gülüş, çaşqınlıq doğurur.
Yaşlı yoldaşlar zəhmət çəkiblər, səy göstəriblər, elə indi də göstərirlər və əlavə reklama gərək olmadığını yaxşı başa düşürlər. Amma onların övladları – özlərindən uğursuz (bəxtsiz) yaşıdlarını, elə böyükləri də mehriban “səfillər” ləqəbi ilə mükafatlandıranlar – tamamilə fərqli nəsildir. Onlar təvazökar olmaq istəmirlər, yox. Əksinə, necə “bərkgedən” olduqlarını, maşınlarını, sevgililərini, geyimlərini hamıya göstərməlidirlər. Onların, sosial şəbəkələr vasitəsilə dəqiqəbaşı yayımlanan həyat tərzləri varlı valideyn sarıdan bəxti gətirməyən əksər yaşıdlarının əlçatmaz arzusudur.
“Həsrət qalmaq” frazeoloji birləşməsi xəzinəyə (büdcəyə) məhdudiyyətsiz müdaxilə imkanı olan müasir məmurların çatdıqları işıltılı zirvələrə can atan insanların duyğularını çox gözəl ifadə edir. Özü də təkcə xəzinəyə yox. Hamının bildiyi bir fakt: Xəzər dənizindən istifadənin imkansızlığı da bizim reallığımızdır. Bu, xəzinə, büdcə deyil, bizim əziz, sevimli dənizimizdir. Amma o, bizlər – dənizin sahilində doğulmuş insanlar üçün əlçatmaz olub. Sahilboyu gəzə bilərsiniz, ancaq dənizi görməzsiniz. Çünki həmin o inzibati resursun sahibləri onu işğal ediblər, ələ keçiriblər, dəniz kənarında villalar tikiblər. Onlara olar, səfillərə yox.
Bu yaxınlarda rus-azərbaycanlı majorlardan biri elan eləmişdi ki, sahibi olduğu, özəlləşdirdiyi çimərliyə girişi pulsuz eləməyə hazırlaşır. İntonasiyasını nəzərə alsaq, o, tamamilə səmimi şəkildə milli qəhrəmana, xalqın pənahına çevriləcəyini gözləyirmiş. Əgər dərinə varası olsaq, o, nə təklif eləyirdi? İşğal elədiyi sahilin cüzi bir hissəsini qanuni sahibinə – ölkə vətəndaşlarına qaytarmağı.

Böyük depressiya ərəfəsində Teodor Drayzer bir cərrah dəqiqliyi ilə müasiri olduğu ABŞ cəmiyyətini incələmişdi. Onun 1925-ci ildə işıq üzü görmüş “Amerika faciəsi” romanı real hadisələr əsasında yazılıb. Proloqda əsas qəhrəman ilk cinayətini törədir – maşını körpə uşağın üstünə sürərək onu öldürür. Lakin cəza almır və ikinci cinayətini törədir – sevgilisini öldürür. Bu qorxunc cinayətin səbəbi də yüksək cəmiyyətə düşmək, orda “özümüzünkü”, yəni uğurlu, zəngin olmaq, yoxsulluqdan qurtulmaqdır. Təbii ki, romanda hər şey daha mürəkkəbdir, Klayd Qrifits birmənalı personaj deyil. Amma hər şeyin asanlıqla və tez həll olunduğu, ağır zəhmət çəkməyə ehtiyac qalmayan cəmiyyətə düşmək arzusu o qədər güclüdür ki, qəhrəman məşum addım atmağa cəsarət edir. Şufutinskinin oxuduğu kimi: “Sağlam və varlı olmaq daha yaxşıdır”. Bu həqiqəti heç kim mübahisələndirə bilməz.
Varlı olmağın müxtəlif yolları var. Stiv Cobs da, Don Karleone də varlı insanlar olublar. Hər ikisinin həm pərəstişkarları, həm də ardıcılları var. Elə alınıb ki, bizim cəmiyyətdə Karleonenin fanatları Stiv Cobsun fanatlarından daha çoxdur. Niyə belə alınıb?
Təcrübəli müdriklər bu sualın cavabında mütləq kapitalın ilkin toplanmasını, Marksın iddiasını xatırlayacaqlar: “10% gəlirlə təmin edin və kapital istənilən şəkildə istifadə olunmağa razılıq verəcək; 20% – canlanacaq; 50% – baş əyməyə hazırdır; 100% – bütün qanunları tapdalayacaq; 300% – hətta edam təhlükəsi olsa belə, onun risk etməyəcəyi cinayət yoxdur”. İqtibassevərlər bu iddianı gözdən qaçırmayacaqlar və özlərinə görə haqlıdırlar.
Mənə elə gəlir ki, XXI əsrdə bir çox inkişaf modelləri var, “vəhşi kapitalizmə” sarı boylanmaq o qədər də vacib deyil.
Bununla belə, MDB bütün gözlənilən nəticələrinə rəğmən, əmin addımlarla “vəhşi kapitalizm” yolu ilə irəliləyir. Bir tərəfdə – bütün xələfləri, əhli-əyalı ilə birlikdə Karleone, digər tərəfdə isə – “səfillər”.
Karleonenin inkişaf edən xələflərinə örnək kimi baxan yoxsulluq, təhqiramiz vəziyyətdən çıxmaqdan ötrü sadəcə onların davranış tərzini, ədalarını, zövqlərini yox, cənnət həyata qovuşmağın üsullarını da təqlid etməyə, “ləyaqətli” insan olmaqdan ötrü kriminalların sırasına girməyə hazırdır. Amma nə tökərsən aşına…