Bu il XX əsrin klassiki, dahi Avstriya bəstəkarı Alban Bergin 135 illiyidir.
XIX-XX əsrlərin kəsişməsində Avropa musiqisi son romantizm (neoromantizm) mərhələsinə qədəm qoymuşdu. Postromantizm və impressionizm mərhələsi bəstəkarları yeni ifadə vasitələri axtarışlarına təşviq edir, bu da musiqinin yeni, gözlənilməz istiqamətlərdə inkişafına gətirib çıxarırdı.
XX əsrin əvvəllərindən incəsənətin bütün sahələrində, o cümlədən musiqidə böyük dəyişikliklər baş verdi. Yeni musiqi cərəyanları, məktəbləri, üslubları və tərzləri meydana gəldi, “avanqard”, “modern”, “sürrealizm”, “dodekafoniya”, “neoklassisizm”, “neofolklorizm” və s. kimi terminlər meydana çıxdı. Konservativ auditoriyanın qəbul etməməyinə baxmayaraq, musiqi inkişaf edir və öz dinləyicilərini tapırdı. Yeni əsərlər haqda “bu, artıq musiqi deyil” deyənlər də az deyildi.
Yəqin ki, bu dövrün ən böyük yeniliyi ənənəvi tonallıqdan imtina sayılır. Vyanada yaşayan Arnold Schönberg musiqi ekspressionizminin nəhəng nümayəndəsi, “Yeni Vyana məktəbi”nin (Neue Wiener Schule) yaradıcısı, atonal musiqinin banisi idi.
O, Avropanın XX əsrdə həqiqi bəstəkarlıq məktəbi yarada bilən yeganə böyük musiqiçisidir. Schoenberg-in şagirdləri Anton von Webern, Hanns Eisler, Alban Berg, Nikos Skalkottas və amerikalı bəstəkarlar John Cage və Leon Kirchner də daxil olmaqla müxtəlif “ağaclar” idilər. Bu çoxsaylı tələbələrin arasında, yəqin ki, birinci yerdə Anton von Webern və Alban Berg dayanırlar.
Alban Berg (Alban Maria Johannes Berg) 9 fevral 1885-ci ildə Vyanada anadan olmuşdu.
Bəstəkar ilk əsərlərini 1900-cü ildə yazmağa başlamışdı. Berg sistematik musiqi təhsili almamışdı. Maraqlısı budur ki Berg şair olmağı arzulayırdı. Əgər musiqini mütləq periodlara bölməsək, onu son romantik də adlandırmaq mümkündür.
1904-cü ilin payızında “Neue musikalische Presse”də musiqi nəzəriyyəsi kurslarının açıldığı və mühazirəçilərdən birinin Schoenberg olduğu ilə bağlı bir elan çıxır. Alban Berg-in qardaşı onun yazdığı əsərləri götürüb Schoenberg-ə göstərir, əsərlər bəyənilir və Alban kurslarda iştirak etməyə dəvət olunur. Bununla Berg həyatının ən böyük şanslarından birini qazanır. Hələ kurs məşğələləri davam edən zamanda Schoenberg Berg-ə əlavə dərslər verir. O, bu sinifdə 1911-ci ilə qədər bəstəkarlıq dərsləri alır.
Müəlliminin öz tələbəsi haqda yazdığı məqalədə (1937-ci il) deyilirdi:
“Berg-in ilk bəstələrindən iki nəticəyə gəlmək olardı. Birincisi, musiqi onun üçün bir ünsiyyət dili idi və o özünü bu dildə ifadə edirdi. İkincisi – hisslərin coşqunluğundan yaranan bir istilik duyulurdu. O vaxt onun 18 yaşı vardı, artıq çox zaman keçib və onun orijinallığının ilk əsərlərindən sezilib-sezilmədiyini deyə bilmərəm. Ancaq onunla dərs keçmək çox xoş idi. O, çox çalışqan idi və hər şeyi ən yaxşı şəkildə yerinə yetirirdi. Və o dövrün bütün istedadlı adamları kimi, musiqi onun da canına hopmuşdu, o, musiqinin içində yaşayırdı. Bütün opera tamaşalarına və konsertlərə gedir, partituranı gözəl oxuya bilirdi. Yeni və köhnə gözəlliyi – istər musiqi olsun, istər ədəbiyyat, təsviri incəsənət, heykəltəraşlıq, teatr – qavramağa açıq idi”.
Təhsilinin ilk 3 ilini (1904-1907) Berg harmoniya və kontrapunkt dərsləri almışdı. Sırf bəstəkarlıq dərsləri isə 1907-ci ildən 1909-cu ilədək davam etmişdi. Yalnız bundan sonra onun təhsili daha azad olur, çünki artıq əsas diqqət məhz hansısa forma, yaxud üslubda yazmağa yox, sərbəst bəstələməyə yetirilirdi.
Ailəsi böyük mirasa sahib olandan sonra anası təkidlə onun musiqidən ayrılmasını istəyir, bu alınmayanda müəllimi ilə məşğələlərə son verərək konservatoriyaya daxil olmasını təklif edir. Berg bu təkid və təkliflərlə razılaşmır, Schönberg-dən dərs almağa davam edir.
Yeni musiqinin özünə yer etməsi çox ağır və bəzən üzücü bir proses idi. 1911-ci ildə İncəsənət və Mədəniyyət İttifaqının təşkilatçılığı ilə Schönberg-in tələbələrinin əsərlərindən ibarət konsert baş tutur. Konsertə yazılan resenziyada tələbələrin əsərləri (o cümlədən von Webern’in “Simli kvartet üçün beş hissə”, “Violin və fortepiano üçün dörd pyes”i və Berg’in Simli kvarteti və Fortepiano sonatası) yerlə-yeksan edilir, müəllimləri isə “gəncləri incəsənət və mədəniyyətdən uzaq, yanlış yola yönəldən vicdansız alverçi” adlandırılır… Bu konsertdən bir müddət sonra Schönberg Vyananı tərk etmək qərarına gəlir. 1912-ci ildə onun tələbələri müəllimləri haqda monoqrafiyaya çevriləcək bir broşür hazırlayırlar. Əslində bu broşür “Yeni Vyana Məktəbi”nin bir növ məramnaməsinə çevrilir.
Yeni Vyana Məktəbinin ən vacib tədbirlərindən, həmçinin I Dünya müharibəsindən öncə baş verən ən maraqlı musiqi hadisələrindən biri – Schönberg-in “Gurre nəğmələri”nin (“Gurrelieder”) premyerası olur. Berg bu böyük partituranın korrektura işlərini, məşqləri və bir sıra təşkilati məsələləri öz üzərinə götürmüşdü. Məşqlər zamanı o, ömründə ilk və sonuncu dəfə dirijorluq edir. 1913-cü ilin fevralında əsərin premyerası triumfla baş tutur.
Elə həmin ilin martında Berg-in və von Webern-in əsərlərindən ibarət, sonralar “Sillələrlə konsert” adı ilə tanınacaq konsert təşkil olunur. Konsert onların müəlliminin təkidi ilə keçirilir, konserti də elə özü idarə edir. Konsert zamanı zalda narazılıq səsləri ucalır, hətta iş əlbəyaxaya kimi gedir. Resenziyalarda isə “dinlənilməsi mümkün olmayan musiqi” sözləri yazılır.
1914-cü ildə I Dünya müharibəsi başlayır, bu tarix humanist dəyərləri olan köhnə dünyaya son qoyur və bir çox yaradıcı insanın həyatında keçid mərhələsinə çevrilir.
Əvvəl orduya yararsız hesab olunsa da, 1915-ci ildə Berg də səfərbərliyə alınaraq incəsənət adamlarından ibarət taqıma düşür. Sağlamlıq problemlərinə görə, yenə də ön cəbhəyə göndərilmir və 1918-ci ildə ordudan təxris olunur.
1918-ci ildə Schönberg “Qapalı musiqi ifası cəmiyyəti”ni yaradır. Çoxsaylı konsert qalmaqallarından sonra bu qərara gəlinmişdi ki, yeni musiqinin ifaçılarını və dinləyicilərini yetişdirmək, müasir bəstəkarlara dəstək olmaq gərəkdir. Cəmiyyətin məqsədi tək Schoenberg-in davamçılarına məxsus musiqinin təbliği deyildi, o dövrdə yazılan (üslubundan asılı olmayaraq) bütün əsərlərin dinləyicilərə çatdırılması idi. Ancaq kütləvi, çoxsaylı dinləyicilər olan auditoriyalarda yox, daha yığcam sayda insan yerləşə bilən salonlarda, bir qədər hazırlıqlı dinləyicilərdən başlamaq qərarına gəlinmişdi. Bir qədər sonra sözügedən cəmiyyətin təcrübəsindən digər ölkələrdə də yararlanmağa başladılar və bu, müasir musiqinin dinləyicilərinin sayını xeyli artırdı, bəstəkarlarda, o cümlədən Berg-də öz bəstəkarlıq qabiliyyətinə inamı gücləndirdi.
1921-ci ildə bəstəkar, ona dünya şöhrəti gətirəcək ilk əsərini, yəni “Wozzeck” operasını yazır. Bu operanın ideyası 1914-cü ildə yaranmışdı, çünki elə həmin ildə Georg Büchner-in “Wozzeck” dramının premyerası olmuşdu. Premyerada iştirak edən Berg eyni süjet əsasında opera yazmaq fikrinə düşmüşdü.
Müəllif bu ideyasını başda həm dostu A.Webern-dən, həm də müəllimi A.Schönberg-dən gizlədirdi. ”Wozzeck” operası musiqi tarixində ekspressionist estetikada yazılmış ən məşhur operadır. Librettonu bəstəkar özü yazıb. Bu opera bir əsgərin başına gələn faciəvi hadisələri əks etdirir. Buradakı Wozzeck obrazı əslində bütün insanlığı tərənnüm edən bir obrazdır.
Müharibə başlayanda bəstəkar opera üzərində işinə ara verməyə məcbur qalır. Nəhayət, operanın klaviri hazır olur, Schönberg onu bəyənir, opera teatrlarına, musiqi tənqidçilərinə və not nəşriyyatlarına tövsiyə xarakterli təqdimat məktubları yazır. Lakin operanın premyerası heç cür baş tutmur. Əvəzində müxtəlif hissələrinin konsert variantı Avropanın bir çox şəhərində uğurla ifa olunur.
Premyera yalnız 1925-ci ildə Berlində baş tutmuşdu. Maraqlıdır ki, əsərin növbəti ifası artıq 1927-ci ildə, SSRİ-də, Leninqrad operasında qoyulur və gənc Şostakoviç də məhz həmin ifa zamanı bu əsərdən təsirlənir və bu onun illər sonra yaratdığı “Mtsensk qəzasının Ledi Maqbeti” (sonralar “Katerina İzmaylova”) operasında çox dərindən hiss edilir.
Keçmiş uğursuzluqlara, kütlənin onun musiqisini anlamamasına alışmış Berg əvvəl hətta bu uğura bir qədər məyus olmuş, dostlarına “yəqin, sıradan bir əsər yazmışam ki, hamı bəyəndi” söyləmişdi.
A.Schönberg tələbəsi Berg haqda 1949-cu ildə yazdığı məqaləsində deyirdi:
“Bu həlim ürəkli, utancaq gəncin məğlubiyyətə məhkum bir avantüraya cəsarət etməsi məni çox heyrətləndirdi. Bu avantüra – qeyri-adi, musiqiyə yararsız kimi görünən faciə əsasında yazılan ”Wozzeck” operası idi. Bundan əlavə, əsərdə hələ də stilizə olunmuş kostyumlar və ənənəvi xarakterlərə malik olan opera haqqında təsəvvürlərə zidd gündəlik həyat səhnələri vardı. ”Wozzeck” XX əsrin bəlkə də ən uğurlu operalardan biri oldu. Bəs niyə? Ona görə ki, Berg, bu utancaq insan, çox güclü xarakterə malik idi. O öz ideyalarına sadiq idi, necə ki, ondan mənimlə məşğələləri kəsmək tələb ediləndə, mənə sadiq qaldı. Öz qismətinə və gücünə inanmaq – böyük insanı yaradan xüsusiyyətdir.”
“Wozzeck”i bitirəndən dərhal sonra bəstəkar yeni mövzular axtarışına başlayır. Onun fikrincə, bu opera yazacağı “Die drei W” (“Üç V”) trilogiyasının (”Wozzeck”, “Wincent”, “Wolfgang”) birinci hissəsi olmalıydı. Berg-in arxivində bu əsərin bir neçə hissəsinin əlyazması saxlanılır. Lakin bəstəkar nədənsə trilogiya yazmaq fikrindən daşınmışdı. Deyilənə görə o, Goethe-nin “Faust”u əsasında da opera yazmaq istəyirmiş. Sonra “Romantik üvertüra” üzərində çalışmağa başlayır. Məsələdən xəbərdar olanlar deyirdilər ki, bəlkə də o, fikrində olan “Faust” mövzusunu instrumental musiqiyə transformasiya edir. Lakin bu əsər də bir kənara qoyulur.
1927-ci ildə Berg F. Wedekind-in “Lulu”suna diqqət yetirir. 1928-ci ildə “Lulu” operasını yazmağa başlayır. Bütün dostları bu əsərin necə alınacağı ilə çox maraqlanırlar, çünki hələ heç bir opera 12 tonluq sistemdə yazılmamışdı. “Lulu” üzərində işləyərkən Berg dodekafoniya musiqisində yeni texniki yol tapır – uzun (bir neçə saat) davam edəcək musiqidə yalnız bir seriyadan istifadə etməyin (serial permutasiya, permutation in cycle notation) yolunu. Bu tapıntısı ilə bağlı von Webern-ə yazır və ondan təbriklər alır. Bəstəkar librettonu yazarkən böyük çətinliklərlə üzləşir. Müəllif hüquqlarını almaq proseduru xeyli uzun çəkir. Vaxtaşırı o, həm də başqa işlərlə bağlı opera musiqisində fasilələr verməli olur.
Həmin vaxt o dövrün məşhur çex vokalistindən “müasir üslubda böyük ariya, yaxud kantata” sifarişi alır və Baudelaire-in poeziyasına müraciət edir. “Şərab” ariyasını yazarkən caz musiqisi ilə maraqlanmağa başlayır. Əyləncəli, “hamı üçün musiqiyə” nə qədər yuxarıdan aşağı baxsalar da, nə Berg, nə də Schönberg o vaxtlar dominant vektora çevrilən bu musiqi janrının təsirindən kənar qala bilməmişdilər.
1933-cü ildə A. von Webern-in 50 illik yubileyində Berg operanın ikinci aktından “Lulunun mahnısı”nı dostuna hədiyyə edir. O, bu hissəni öz operasının “ürəyi” adlandırırdı.
Opera bitməmiş “Lulu süitası”nın ifasına hazırlıq başlayır. Berg-in fikrincə, bu, bəlkə də bütöv operanın bitirilməsini və premyerasını sürətləndirə bilərdi. “Lulu süita”sı 1934-cü ilin sonlarında Berlində ifa olunur. Almaniyada artıq nasional-sosialist hakimiyyəti qurulduğu üçün Berg premyeraya getməyə ehtiyat edir. İfadan sonra mətbuatda bəstəkar və dirijor haqda kəskin yazılar dərc olunur. Dirijor Kleiber 1935-ci ildə Almaniyanı tərk etməli olur.
Berg yenidən opera üzərində işə qayıtsa da, onu başa çatdırmır, üçüncü aktı bitirmir. Operanın ilk iki aktı və üçüncü aktın bir fraqmenti 1937-ci ildə Zurichdə ifa olunur. Opera Friedrich Cerha tərəfindən tamamlanır və 1979-cu ildə Parisdə Pierre Boulez-in idarəsi ilə nümayiş olunur.
1932-33-cü illərdə Berg, müəllimi Arnold Schönberg-in yaradıcılığı barədə mühazirələr silsiləsi hazırlayır. O zamanlar nasistlərin gücləndiyi Almaniyada yaşayan Schönberg-in vəziyyəti o qədər də yaxşı deyildi. Bu mühazirələrlə Berg öz müəlliminə dəstək vermək istəyirdi. 1933-cü ilin payızında Schönberg ailəsi ilə bərabər Almaniyanı tərk edərək əvvəlcə Fransaya, sonra isə ABŞ-a sığınır.
1935-cu ildə Berg son əsərini – Violin və orkestr üçün Konsertini yazır. Bu əsər yaxın dostu Alma Mahlerin 18 yaşında uşaq iflicindən ölmüş qızı Manon Gropius-a həsr olunmuşdu. Əsər həm də “Bir mələyin xatirəsinə” (“An dem Andenken eines Engels”) adlanır. Bu konsert bəstəkarın dünyaca məşhur son əsəri olur. 1936-cı ildə ilk dəfə ifa olunan konsert əslində bəstəkara rekviyem kimi səslənirdi.
1935-ci ildə həşərat sancmasından sonra Bergdə furunkulyoz yaranır. Xəstəlik ona həyatı bahasına başa gəlir.
1935-ci ilin dekabrında “Lulu süitası”nın Vyana premyerası baş tutur. Bəstəkar çox ağır vəziyyətdə premyerada iştirak edir və “Lulu”nun musiqisini ilk dəfə eşidir. Bu onun həyatının sonuncu konserti olur. Premyeradan bir neçə gün sonra Berg xəstəxanaya yatırılır. Bəstəkar 24 dekabr 1935-ci ildə furunkulyozun əmələ gətirdiyi qan zəhərlənməsindən və bunun nəticəsində yaranan ürək çatışmazlığından həyatını itirir. Xanımının dediyinə görə onun son sözü “Yetər!” (Es ist genug) olub.
A.Berg yaradıcılığı boyu, demək olar ki, bütün musiqi janrlarına müraciət etmişdi. Onun üçün Arnold Schoenberg-in, ən əsası, Anton von Webern-in müraciət edib zirvəyə çıxartdığı “təmiz” dodekafon sistemin elə də həlledici əhəmiyyəti yox idi. Ondan ötrü bu üslub sadəcə bir təcrübə masası idi. O, dodekafoniya ilə romantizm ənənələrini sintez etməklə dinləyicilərə bu üsluba yeni bucaqdan baxmaq imkanı yaratdı.
P.S. Deyilənə görə, Schönberg, “Sizcə ən yaxşı əsəriniz hansıdır?” sualına, “Berg” – deyə cavab verirmiş…
Tofiq Rzayev