Fevral inqilabı və Bakı Sovetinin (Bakı XKS)-in qurulması
1917-ci il fevralın 27-də Petroqradda fəhlələr və əsgərlərin qiyamı ilə Çar rejimi devrildi. Mart ayının ilk günlərində Rusiyanın əksər şəhərlərində burjua-demokratik inqilabı qələbə çaldı. İnqilabın qələbəsi nəticəsində 1917-ci ilin martın 2-də Müvəqqəti hökumət formalaşdı. Ölkədə ikili hakimiyyət yarandı. Ölkənin ən böyük 4-cü şəhəri olan Bakıda da eyni vəziyyət hökm sürürdü. Petroqrad Müvəqqəti hökumətinin göstərişinə əsasən, bəzi önəmli şəhərlərdə yeni hökumətin yerli idarəetmə orqanları üçün komitələr yaradılmalı idi. Bu şəhərlərdən biri də Bakı idi. Martın 4-də şəhər rəhbərliyi belə bir idarəetmə komitəsini yaratmaq üçün peşəkar təşkilatların, işçilərin, müharibə sənayesi komitəsinin və kooperativlərin nümayəndələri ilə görüşdü. Bələdiyyə başçısı Luka Bıç iclasa başçılıq etdi və şəhər Dumasının icra komitəsinin yaradılması ilə bağlı qərar verdiyini açıqladı (Suny,1990:83).
Şəhərin idarəsi müxtəlif hökumət qurumları tərəfindən həyata keçirilirdi. Bunlardan biri 6 mart 1917-ci ildə Bakıda formalaşdırılan fəhlə deputatlar Soveti idi. Bundan başqa Bakıda əsgər Sovetləri və zabit deputatları Sovetləri yaradıldı, martın sonunda bu sovetlər vahid bir adda təşkilat olan hərbi deputatlar Sovetinə birləşdirildi. Şəhərdə ən yüksək instansiya isə Bakı Soveti və hərbi deputatları Soveti idi.
Martın 6-da 52000 fəhlə (Bakı proletariatının yarısı) tərəfindən seçilən 52 nümayəndə, Bakı fəhlə Soveti nümayəndə heyətinin ilk iclasına toplaşdı. İclası 10 ildən çox Bakıda işləyən menşevik Qriqori Ayollo açdı. 52 nümayəndənin səs verməsi nəticəsində Bakı Sovetinin katibi olaraq sürgündə olan Stepan Şaumyan seçildi. Şaumyan iclasda olmadığı üçün nümayəndələr onun xanımı və oğlu Levi təbrik etdi. Şaumyanın özü isə Bakı Sovetinin sədri seçildiyini bir neçə gün sonra Saratov qatarında öyrəndi. Şaumyanın seçilməsi Bakı Sovetində bolşeviklərin çoxluq olduğunu göstərmirdi. İclasda iştirak edən nümayəndələr arasında 9 bolşevik var idi. Onun seçilməsi fərdi olaraq tanınması, xüsusən də 1914-cü il tətilində kütlələr tərəfindən sevilməsi ilə əlaqəli idi (Mieville, 2018:91).
Bakı Sovetində menşeviklər, sosialist-inqilabçılar (eser) və daşnaklar hakim idi. Martın 7-də Bakıya gələn Şaumyan partiya işlərində fəal iştirak etməyə başladı. Tezliklə ona Prokofi Caparidze, Möhsün İsrafilbəyov (Qədirli), Sultan Məcid Əfəndiyev, Nadejda Kolesnikova, Yakov Zevin qoşulur. Bolşeviklər Bakıda olan Fioletov, Əzizbəyov və Nərimanovla birlikdə fəhlələr arasında təbliğat aparmağa başladılar.
1917-ci ilin yaz aylarında bolşeviklərlə menşeviklər vahid Rusiya Sosial-Demokrat Fəhlə Partiyası (RSDFP) çərçivəsində hərəkət edirdi. Menşeviklərin və eserlərin Bakıda dayağı çox güclü idi. Xüsusi ilə fəhlələr arasında eserlərin sayı çoxluq təşkil edirdi. Menşeviklər və eserlərin güclü olduğu bir digər qurum 50 min Bakı fəhləsinin daxil olduğu Həmkarlar Şurası idi. 10 may 1917-ci ildə bu şura vahid bir Bakı fəhlə və hərbi deputatlar Sovetinə birləşdirildi. Bu birləşmə Bakı Sovetində menşeviklərin və eserlərin mövqelərini daha da gücləndirdi. Bolşevik fraksiyası Bakı Sovetində 25, menşeviklər 56, eserlər isə hərbi deputatlar hesabına daha da çox sayda deputatla təmsil olunurdu (Əzimov, 1982:25).
Bakı Sovetinə bundan başqa daşnaklar da daxil idi. Müsavat partiyası isə bu ərəfələrdə Bakı Sovetində təmsil edilmirdi. Bolşeviklərin Bakı Sovetinə rəhbərliyi çox qısa çəkdi. 10 mayda Bakı Sovetinə seçkilərdə bolşevik Şaumyanın əvəzinə eser Sako Saakyan Sovet sədri seçildi, menşevik Ramişvili isə icra komitəsinin sədri oldu. 10 may seçkilərində məğlubiyyətdən sonra Bakı partiya komitəsinin tapşırığı ilə Məşədi Əzizbəyov, Dadaş Bünyadzadə, Möhsün İsrafilbəyov, Həmid Sultanov və digər bolşeviklər Bakı quberniyası rayonlarında təşviqat və təşkilatçılıq işlərinə başladılar. Xüsusən, əsgərlər arasında aparılan təbliğat effektiv oldu. Bu tədbirlərin nəticəsində 1917-ci ilin yayında Bakı, Şamaxı və Naxçıvan qarnizonlarının mütləq əksəriyyəti bolşeviklərin tərəfinə keçdi (Smirnov, 1986: 12-13).
Müsavat və bolşeviklər arasında ortaq və fərqli cəhətlər
Bakıda 1917-ci ildə müsəmanların 30-dan çox siyasi təşkilatı var idi. Onların içərisində ən böyük partiya Müsavat və Hümmət idi. Bununla belə bu iki partiyanın müsəlmanlar arasında daşnakların ermənilər arasında olan nüfuzu qədər nüfuzu yox idi. Müsəlmanların çox böyük əksəriyyəti bu dövrdə siyasi təşkilatsız qalmışdı. Bununla belə mövcud müsəlman partiyaları arasında ən böyüyü Müsavat idi.
Müsavat 1917-ci ilin yayına qədər Bakı Sovetinə daxil edilmədi. Bunun əsas səbəbi kimi Müsavatın federasiya tərəfdarı olması və Azərbaycanın muxtariyyətini istəməsi idi. Menşevik, daşnak, kadet, eser və hətta bolşevik partiyası da federasiyanın qatı əleyhdarı idi. Bütün bunlara baxmayaraq, bu sadalanan partiyalar içində təkcə bolşeviklər müsəlmanların haqları ilə bağlı məsələlərdə həssas idilər. Bolşeviklər, burjua və millətçi olduğuna görə, Müsəlman Milli Komitəsi ilə işləməyin mümkün olmadığını düşünsələr də, 1917-ci il ərzində Hümmət vasitəsilə Müsavat ilə əlaqə saxlayırdılar (Suny, 1990:103). Müsavatçılar da adıçəkilən partiyalar arasında ən yaxşı münasibəti bolşeviklərə saxlayırdı. Müsavat, leninist şüar olan “xalqların öz müqəddəratını təyinetmə haqqı” prinsipindən təsirlənmişdi. Müsavatçılar bu şüarı bolşeviklərlə əməkdaşlığın əsası kimi görürdü. Müsavat lideri Rəsulzadə partiyasının qurultayında belə bir çıxış etmişdi: “Müsavat, Şərqi Zaqafqaziyada öz müqəddəratını təyinetmə hüququnun müsəlman suverenliyinə gətirəcəyinə inanır. Buna səbəb burada yaşayan azərbaycanlıların sayca çox olmasıdır. Buna görə də, bolşeviklər vədlərinə əməl etsələr, onlara tolerant yanaşacaq siyasi qurum bizim partiya olacaqdır” (Hüseynov, 1927 :30).
Müsavat Bakı Sovetinə daxil olmasa da yerli özünüidarəetmə orqanları seçkilərində iştirak edirdi. Məsələn, 1917-ci il 12 iyul tarixindəki Duma seçkilərində Müsavat çox böyük fərqlə qalib gəlmişdi. Dumanın əsas vəzifələri şəhər təsərrüfatını yaxşılaşdırmaqla yanaşı, kimsəsiz insanlara daha asan yaşayış şəraiti və maddi tələbatlarını təmin etmək idi. Dumanın İcraiyyə Komitəsinin sədri Topçubaşov, müavini isə Məhəmməd Həsən Hacınski seçilmişdi (Balayev, 1998:83).
1917-ci ilin payızına yaxın Müsavat partiyası Bakı Sovetində iştirakına qoyulan qadağaya daha sərt formada etiraz etməyə başladı. “Açıq söz” qəzeti müsəlmanların təmsil olunmamasında sosialistləri günahlandırırdı: “Hökumət orqanlarının idarəsini öz üzərinə götürən solçu partiyalar Müsavat partiyasını Sovetə daxil etməməklə ən böyük səhvlərini edirlər, bu səhv eyni zamanda yerli əhaliyə lazımi diqqət göstərilmədiyinin bariz nümunəsidir”. Müsavatın Bakı Sovetində təmsil edilmə tələbi 8 sentyabrda Bakı Soveti İcraiyyə Komitəsində müzakirə edildi. Bu dəfə də Müsavatın tələbi rədd edildi. Maraqlıdır ki, bu qərar Müsavatın bolşeviklərlə münasibətini pisləşdirmək əvəzinə yaxşılaşdırdı. Buna səbəb Müsavatın müharibəyə münasibətinin dəyişməsi idi. Avqusta qədər Müsavat eserlər və daşnaklar kimi müharibəni dəstəkləyirdi. Lakin sentyabr ayında Müsavat münasibətini dəyişdi və müharibədən narazılığını güclü şəkildə bildirdi. Bu münasibət dəyişikliyi müharibə əleyhdarı olan bolşeviklərlə müsavatçıları yaxınlaşdırdı (Suny,1990:146).
Məhz bu yaxınlaşma bolşeviklərin istəyi ilə Müsavatın Bakı Sovetinə daxil edilməsi ilə nəticələndi.
Bolşeviklərin Bakıda hakimiyyəti ələ keçirməsi
Bolşeviklərin təbliğatı ilə sentyabrın 27-də 65 mindən çox insanın iştirak etdiyi Bakı işçilərinin ümumi tətili başladı. Kütlələrin təzyiqi ilə Bakı Sovetinin menşevik-eserlərdən ibarət İnqilabi İcraiyyə Komitəsi 1917-ci il oktyabrın 13-də istefa verdi. Elə həmin gün Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin Müvəqqəti İcraiyyə Komitəsi seçkiləri keçirildi (Smirnov, 1986:17).
Yenidən Bakı Sovetinə seçilən Şaumyan “bütün hakimiyyətin Sovetlərə” verilməsi haqqında tələb irəli sürdü. Bu ərəfədə Petroqradda bolşeviklər artıq hakimiyyəti ələ keçirmişdi. 27 oktyabrda baş verən iclasda Şuranın tərkibində olan menşeviklər, eserlər və daşnaklar güclü blok yaradaraq hakimiyyətin bolşeviklərə verilməsi qərarını rədd etdilər. Vəziyyəti belə görən bolşeviklər fəhlələr və əsgərləri bu qərara etiraz etmək üçün kütləvi mitinqlərə dəvət etdilər. Noyabrın 2-də 468 deputatın qatıldığı növbəti iclasda sağ eserlər, menşeviklər və daşnaklar hakimiyyət məsələsinin müzakirəsini təxirə salmağı təklif edərək Soveti tərk etdilər. Bakı Sovetində 344 bolşevik, onlar ilə müttəfiq olan sol eserlər və bir neçə beynəlmiləlçi menşevik deputat qaldı. Şaumyanın təklifi ilə Bakı Sovetinin İcraiyyə Komitəsinin yeni tərkibi seçildi. Bu Şura özünü Bakıda ən ali hakimiyyət olduğunu elan etdi. İcra komitəsinə Şaumyan (sədr), Caparidze, Fioletov, Əfəndiyev, Basin, Vəzirov, Vaçek, Zərgərov olmaqla 36 nəfər seçildi. Bakı fəhlə və hərbi deputatlar Sovetinin fəhlə və əsgər deputatları Soveti adlandırılması barədə yekdilliklə qərar qəbul edildi. Beləliklə, silahlı mübarizə olmadan 1917-ci il noyabrın 2-də Bakıda hakimiyyət Bakı fəhlə və əsgər deputatları Sovetinin əlinə keçdi. Bakı bolşevikləri Zaqafqaziyada ilk dəfə bir şəhərdə Sovet hakimiyyətinin qurulmasına nail oldular (Smirnov,1986:18-19).
Hakimiyyəti ələ keçirən bolşeviklər Müsavatın Bakı Soveti seçkilərində iştirakına izn verdi. Hakimiyyət Bakı Sovetinin əlinə keçsə də, 5 mart 1917-ci ildə İctimai Təhlükəsizlik Komitəsi tərəfindən yaradılan hakimiyyəti orqanları hələ də şəhərdə mövcud idi və Sovetlərə qarşı çıxmağa çalışırdı. Şəhər iqtisadiyyatına və digər sosial məsələlərə cavabdeh şəhər duması Müsavatın əlində idi. Bundan başqa Bakıda bir sıra inzibati funksiyalara malik olan silahlı Müsəlman və Erməni Milli Komitələri də mövcud idi. Bakıda Sovet hakimiyyəti ilə bağlı böhranın ortasında noyabrın sonunda şəhər duması seçkiləri keçirildi. Bu nəticələr bir daha şəhərdəki siyasi vəziyyətin nə dərəcədə mürəkkəb olduğunu göstərir.
- Milli müsəlman partiyaları bloku (Müsavat) – 18 384 (25.25 faiz)
- Sosialist bloku (Menşeviklər və eserlər) – 17 523 (24.05 faiz)
- Milli erməni partiyaları bloku (Daşnaksütyun) – 13 120 (20,17 faiz)
- Bolşeviklər – 11 202 (15, 37 faiz)
- Kadetlər – 4172 (6.08 faiz)
- Milli Yəhudi partiyaları bloku – 2393 (3.25 faiz)
Bolşevik fraksiyası demokratik formada seçilmiş dumada ən böyük partiya idi. Buna baxmayaraq digər partiyalar blok şəklində seçkiyə girdikləri üçün bolşeviklər 4-cü yeri tutdu (Suny,1990:163). 1917-ci il 12-16 dekabr tarixlərində Bakı Sovetinə keçirilmiş seçkilərin nəticəsi ilə bolşevik və sol eserlər həm şuranın fəaliyyətinə, həm də şəhərin ictimai həyatının bütün sahələrinə təsirlərini daha da gücləndirdi. Seçkilərin nəticələrinə əsasən 48 bolşevik, 85 eser (əksəriyyəti sol), 36 daşnak, 18 Müsavatçı və 13 menşevik Bakı fəhlə və əsgər deputatları Sovetinə seçildi. Şaumyan yenidən deputatların əksəriyyəti tərəfindən Bakı Sovetinin sədri seçildi (Smirnov,1986:21). Şaumyanın sədrliyi ilə 31 dekabr 1917-ci ildə keçirilmiş Bakı Şurasının yeni tərkibinin iclasında alınan qərara əsasən, Sovetin İcraiyyə Komitəsinə yalnız Sovet hakimiyyətini dəstəkləyən partiyaların nümayəndələri daxil olmalı idi. Beləcə 6 bolşevik, 5 daşnak, 4 sol eser, 3 sağ eser və 2 müsavatçı İcraiyyə Komitəsinə daxil oldu. 1 yanvar 1918-ci ildə Caparidze yekdilliklə İcraiyyə Komitəsinin sədri, 13 yanvarda isə eyni zamanda Bakı fəhlə və əsgər deputatları Sovetinin sədri seçildi (Smirnov, 1986: 21-22).
1918-ci ilin əvvəlində Müsavat partiyası ilə bolşeviklər arasında münasibət soyumağa başladı. Bunun əsas səbəbi rus qoşunlarının Osmanlı ərazisindən sürətlə geri çəkilməsi və bunun nəticəsində partiya rəhbərlərində formalaşan “panturanist” fikirlər idi. Bakı Sovetinə daxil olan Müsavat bununla kifayətlənmək istəmirdi. Üstəlik, Müsavat əsas rəqibi olan “Daşnaksütyun” ilə müqayisədə zəif silahlanmışdı. Aslan bəy Səfikürdski və Xudadat bəy Rüstəmbəyovun yanvarın 22-25-si arası cəbhədən qayıdan rus əsgərlərinə etdiyi hücum Müsavatla bolşeviklər arasında münasibəti pisləşdirdi (Şaumyan, 1978:200). Şamxor qətliamı olaraq bilinən hadisə zamanı 2000-ə yaxın rus əsgəri öldürüldü, Müsavat böyük miqdarda silah-sursat əldə etdi. Şamxor hadisəsi təkcə bolşeviklər yox, eləcə də digər partiyalar arasında Müsavata qarşı inamsızlıq yaratdı. Bu hadisə 1918-ci ilin martında Bakı Sovetinə qarşı qiyamla nəticələnəcək hadisələrdə də tətikləyici rol oynadı. Məhz bu səbəbdən bu qırğınlar zamanı bütün partiyalar Müsavata qarşı çıxdı, onun əzəli düşməni daşnaklar isə Bakıda və ətraf rayonlarda kütləvi qətliamlar törətdi. Bu barədə ətraflı “Mart qırğını olduğu kimi” yazısında oxuya bilərsiniz.
Müsavatla Bakı Soveti arasında baş verən müharibə 3 gün davam etdi və sonda Müsavatın Astoriya otelində məğlubiyyətini rəsmiləşdirən müqavilənin imzalanması ilə sona yetdi. Müharibə olmasına baxmayaraq, Müsavat partiyası Bakı Sovetindən çıxarılmadı. Müsavat, 28 may Azərbaycanın müstəqilliyi elan olunana qədər Bakı Sovetinin tərkibində qaldı. 1918-ci il aprelin 19-da Stepan Şaumyan şəhər konfransında Bakı vilayətinin Xalq Komissarları Sovetinin yaradılması barədə bəyanatla çıxış etdi. Elə həmin gün Bakı Şurası İnqilab Müdafiə Komitəsinin daimi və daha geniş bir hökumət orqanı olan Bakı Xalq Komissarları Soveti ilə əvəz edilməsi barədə qərar qəbul etdi. Qəbul edilmiş qətnamədə Xalq Komissarları Sovetinin sol blokun nümayəndələrindən, yəni bolşeviklərdən və sol eserlərdən ibarət olacağı bildirildi (Əzimov, 1982:101).
Beləcə, daşnaklar, müsavatçılar və menşeviklər hakimiyyətdən kənarlaşdırıldı.
İnqilab Müdafiə Komitəsinin 20 aprel tarixli qərarı ilə Bakı Şəhər Duması ləğv edildi və şəhər özünüidarəetmə funksiyaları Bakı fəhlə, əsgər və dənizçilər deputatları Sovetinə verildi. İnqilabi Müdafiə Komitəsinin təlimatına əsasən, Erməni və Müsəlman Milli Şurasının fəaliyyəti dayandırıldı. Hakimiyyətin bütün funksiyaları fəhlə, əsgər və dənizçi deputatları Sovetinə və ya Mərkəzi Sovet hökuməti tərəfindən ayrılmış təşkilatlara aid olmağa başladı. Erməni Milli Şurasının qarşısına hərbi birləşmələrini ləğv etmək və sovet qoşunları ilə birləşdirmək tələbi qoyuldu (Balayev, 1998:174).
25 aprel 1918-ci ildə Zaqafqaziyada ilk Sovet hökuməti olan Bakı Xalq Komissarları Soveti (XKS) quruldu. Xalq Komissarları Şurasına bolşeviklər və sol eserlər daxil idi. Hökumət üzvləri belə formalaşdı: Qafqaz işləri üzrə fövqəladə komissar Şaumyan, Bakı Sovetinin Daxili İşlər üzrə komissarı Caparidze, Hərbi və Dəniz işləri üzrə komissar Korqanov, Xalq Təsərrüfatı Şurası komissarı Fioletov, Ədliyyə komissarı Karinyan, Şəhər təsərrüfatı işləri üzrə komissar Nərimanov, Təhsil komissarı Kolesnikova, Rabitə, poçt və teleqraf komissarı Suxartsev, Maliyyə komissarı Kireyev, Xalq təsərrüfatı komissarı Vəzirov, Əmək komisarı Zevin, Qida komissarı Çibulski, Quberniya komissarı Əzizbəyov, Dövlət nəzarəti üzrə komissar Boqdanov, Fövqəladə hallar komissarı Ter-Qabrielyan, Xalq Komissarları Sovetinin işləri üzrə komissarı Kuznetsov (Smirnov,1986:29). Bakı Xalq Komissarları Sovetinin tərkibi elan olunduqdan sonra “Bakinskiy raboçi” qəzeti belə bir sərlövhə yayımlayır: “Bu andan etibarən Bakı Soveti fəhlələr və istismarçılar arasındakı mövcud münasibətləri kökündən dəyişdirəcək geniş sosial dəyişikliklər siyasətini formalaşdıracağına tam zəmanət verir” (Burdjalov, 1938:45).
Bakı XKS-in gördüyü tədbirlər
Bakı Xalq Komissarları Soveti mövcud olduğu 98 gün ərzində bəzi ilklərlə yadda qaldı. Bunları aşağıdakı kimi qruplaşdırmaq mümkündür.
- 12 may 1918-ci ildə məktəblərin kilsə və məsciddən ayrılması haqqında dekret elan edildi, hər kəsin ana dilində pulsuz təhsil alma hüququ haqqında qərar verildi (Smirnov, 1986:64- 65).
- 1918-ci il mayın 22-sində Bakı XKS, Ümumrusiya Sovetlər Konqresi tərəfindən 26 oktyabr 1917-ci ildə qəbul edilmiş “Torpaq haqqında fərman”a əsasən torpağın milliləşdirilməsi haqqında akt qəbul etdi. Buna əsasən, ayrı-ayrı şəxslərə, özəl cəmiyyətlərə, habelə kənd cəmiyyətlərinə fərdi mülkiyyət kimi məxsus olan bütün torpaqlar dövlətin mülkiyyətinə verildi (Smirnov, 1986: 58-59).
- Bakı Soveti polisi də özünə tabe etmək qərarına gəldi. Bakı XKS tərəfindən təşkil edilən komissiya Bakı şəhər polisinin bütün şəxsi heyətini işdən azad etdi. Yeni kadrlar xüsusi imtahanlarla işə qəbul edildi (Burdjalov, 1938:36).
- Mayın 26-da Bakı Xalq Komissarları Soveti məhkəmə ilə bağlı qərar qəbul etdi. Köhnə məhkəmə aparatı ləğv edildi, yerli və rayon xalq məhkəmələri təşkil edildi (Burdjalov, 1938: 53).
- Bakı XKS-in 28 may 1918-ci il tarixli qərarı ilə balıqçılıq milliləşdirildi. Bakı XKS-in 2 iyun 1918-ci il tarixli qərarı ilə inzibati, texniki və maliyyə cəhətdən Bakı Xalq Təsərrüfatı Sovetinin tabeliyində olan bütün neft müəssisələri milliləşdirildi (Smirnov, 1986: 59).
- 5 iyun 1918-ci ildə Bakı XKS-i Xəzər donanmasının milliləşdirilməsi haqqında qərar qəbul etdi (Smirnov, 1986: 62).
- 27 yanvar 1918-ci ildə təsdiq edilmiş torpaq haqqında fərmanı yerinə yetirmək üçün Bakı XKS 18 iyun 1918-ci ildə Zaqafqaziyada və Dağıstan bölgəsində torpaqların milliləşdirilməsi haqqında qərar qəbul etdi. Bununla bərabər “Torpaq islahatının əsas müddəaları və müvəqqəti torpaq komitələri haqqında əsasnamə” hazırlandı. Bu aktlara əsasən, torpaq, tikililər, inventarlar, kənd təsərrüfatı məhsulları və materiallar torpaq mülkiyyətçilərinin əlindən kənd əhalisinin istifadəsi naminə müsadirə edildi. Kənd təsərrüfatına yararlı torpaqlar, ailədə işləyən insanların sayına uyğun bərabər istifadə üçün bölüşdürüldü (Suny, 1990: 287-288).
- Bakı XKS-in gördüyü digər tədbirlər isə əsas sosial dayağı olan fəhlələrlə bağlı idi. 1918-ci ilin aprelində Bakıda 8 saatlıq iş günü tətbiq olundu (Suny, 1990: 288).
- Bundan başqa şəhərdə olan həm tikilmiş, həm də tikilməmiş bütün binaların xüsusi mülkiyyət haqqı ləğv edilərək Bakı fəhlə, əsgər və dəniz deputatları Sovetinin sərəncamına verildi. Fərmana əsasən, mənzil sahibi olmayan və ya çətin şəraitdə yaşayan bir çox işçi ailəsi Bakı varlılarının evlərinə köçürüldü (Smirnov, 1986:64).
Bakı XKS-in yay kampaniyası
Bakı XKS-i bütün Qafqaz haqqında qərarlar aldığı bir zamanda mayın 26-sında Osmanlının təzyiqi ilə Zaqafqaziya federasiyası dağıldı, onun yerində Gürcüstan, Azərbaycan və Ermənistan respublikaları yarandı. 28 may 1918-ci ildə Müsəlman Milli Şurası Tiflisdə Azərbaycanın müstəqilliyini elan etdi. Tifisdəki Azərbaycan hökuməti dərhal Osmanlı ilə hərbi alyans yaratmaq barədə danışıqlara başladı. Hələ Azərbaycan hökuməti müstəqilliyi elan etməmişdən öncə Osmanlı ordusunun Qafqazdakı komandiri Nuri paşa qərargahı ilə birgə Gəncəyə gəlmişdi.
İyun ayında Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçməsindən sonra nizami ordu quruldu. Osmanlı-ADR ordusu həm say baxımından, həm də döyüş hazırlığı baxımından Bak kommunası ordusundan güclü idi. Bolşeviklər mart döyüşlərindən sonra riskli bir addıma əl atdılar. Bakı kommunası sərhədlərinin Bakıdan kənar ərazilərə, ümumilikdə bütün Qafqaza yayılması haqqında qərar qəbul etdilər. Aprel ayında artıq bütün Bakı uyezdi Bakı kommunasının nəzarətinə keçdi. Bəzi ərazilər döyüş olmadan ələ keçirildi. Məsələn, mayın 1-də Lənkəranda 2 mindən çox insanın qatıldığı nümayiş keçirildi. Mitinqdə iştirak edənlər yekdilliklə Lənkəran şəhərində sovet hakimiyyətini tanımaq qərarına gəldilər (Burdjalov, 1938: 65-66). Eyni zamanda bolşeviklər ölkənin şimalında da öz təsir dairəsini genişləndirdi. Georgi Sturuanın rəhbərliyi altında bolşevik ordusu əvvəlcə Xaçmazı ələ keçirdi və Qubanı mühasirəyə aldı. Qubada Mircəfər Bağırovun rəhbərlik etdiyi “Qırmızı qvardiya”nın dəstəsinin əməliyyatı nəticəsində aprelin 23-də Qubada Sovet hakimiyyəti quruldu (Əzimov,1982: 99). Quba həbsxanasından 115 kəndli sərbəst buraxıldı.
Müsavat ordusu isə Tiflis menşeviklərinin dəstəyi ilə 1918-ci ilin aprelin əvvəlində Hacıqabulu ələ keçirdi. Aprel ayının ortalarında Bakı kommunası ilə Müsavat arasında Hacıqabul uğrunda şiddətli vuruşma başladı. 20 apreldə Hacıqabul Bakı kommunası ordusu tərəfindən ələ keçirildi. Sovet ordusunun aprel-may hücumları uğurlu alındı, iyun ayının əvvəlinə qədər Azərbaycan ərazisinin xeyli hissəsi Müsavatın əlindən alındı. 12 iyun Sovet ordusu Kürdəmirə girdi (Burdjalov,1938: 68). Ələ keçirilən ərazilərdə Bakı kommunası komissarları yerli azərbaycanlılar təyin edirdi. Misal üçün, Bakı uyezdinin komissarı Bala Əfəndiyev, Quba uyezdinin komissarı Ağababa Yusifzadə, Cavad və Lənkəran uyezdinin komissarı Möhsün İsrafilbəyov (Qədirli) təyin edilmişdi (Əzimov, 1982:101-102).
Bununla birlikdə Bakı kommunasının hərbi uğurları müvəqqəti idi. İyunun əvvəlində 20 minlik “Qafqaz İslam ordusu” quruldu. 27-30 iyun tarixlərində baş verən Göyçay döyüşündə bolşeviklər Nazim Paşanın üstün qüvvələrinin təzyiqi ilə geri çəkilməli oldular. 7-9 iyulda Kürdəmir uğrunda döyüşlərdə Osmanlı-ADR ordusunun şiddətli hücumlarından sonra Sovet qoşunları ağır məğlubiyyətə uğradı (Burdjalov,1938:72). Bakı kommunası özündən 4 dəfə çox əsgərləri olan Osmanlı-ADR qoşunlarına müqavimət göstərə bilmirdi. Bu ərəfədə İrandakı rus ekspedisiya korpusunun komandiri olan Biçeraxov 1500 nəfərdən ibarət dəstəsi ilə birlikdə Bakı kommunasına müraciət edərək Osmanlı-ADR qoşunlarına qarşı vuruşa biləcəyini bildirdi. Bakı kommunası Biçeraxovun ingilis agenti olmasından şübhələnsə də, cəbhədəki ağır vəziyyəti nəzərə alaraq bu təklifi qəbul etdi. Bolşeviklərin şübhəsi özünü doğrultdu. Biçeraxovun dəstəsinin müharibənin həlledici bir dövründə döyüş mövqelərini tərk edərək Dağıstana getməsi ilə cəbhə çökdü, beləcə Bakıya yol açıldı (Əzimov, 1982:133).
İyul böhranı və Bakı XKS-in süqutu
Bakı Xalq Komissarları Sovetinin fəaliyyəti bolşeviklərin Bakı Sovetində möhkəm səs çoxluğuna malik olmaması ilə çətinləşirdi. 1918-ci ilin aprelində Bakı Sovetinin 308 deputatı var idi. Bu deputatların 58-i bolşevik, 2-si bolşeviklərə simpatiya duyan bitərəf deputat, 46 sol eser, 7-si sol eserlərə simpatiya duyan bitərəf deputat, 3 menşevik-beynəlmiləlçi və 4 sol bloka simpatiya duyan deputatdan ibarət idi. Ümumilikdə sol bloka daxil olan deputatların sayı 104 nəfər idi. Digər tərəfdə isə 47 sağ eser, 28 menşevik, 36 daşnak, 23 müsavatçı var idi. Beləliklə, sağ partiyaların 134 nümayəndəsinin olması hökumətə qarşı güclü blok yaradılmasına imkan verirdi (44 deputatın partiya üzvlüyü barədə məlumat yoxdur, qalanları isə partiyasız idi) (Smirnov,1986:66).
Yay ayında Bakıda Sovet hakimiyyətini silahlı yolla devirmə cəhdi baş verdi. 1918-ci il iyunun 12-də Şaumyana qarşı sui-qəsd təşkil olundu. Əsgərlərin cəld davranması sui-qəsd planının gerçəkləşməsinə imkan vermədi. İnzibati problemlərlə yanaşı müharibənin davam etməsi iqtisadi vəziyyəti pisləşdirdi. Bakı əhalisi ac qalmışdı. İyun və iyul aylarında Bakıdakı ərzaqla bağlı vəziyyət çox pis idi. Azərbaycanın uyezdlərindən Bakıya demək olar ki, çörək gəlmirdi (Burdjalov,1938: 64). Özü də kəskin aclıq yaşayan Sovet Rusiyası Bakıya kömək edə bilmədi. 1918-ci ilin yazından etibarən Şimali Qafqazdan taxıl tədarükü dayandırıldı, bir Bakı işçisinin çörək rasionu günlük 1/2 funta (1 funt 409,5 qramdır), qalan vətəndaşlar üçün isə 1/4 funta qədər endirildi. Qısa müddət ərzində çörəyin tükənməsi səbəbi ilə əhaliyə fındıq və günəbaxan toxumu paylanmağa başladı. İqtisadi vəziyyətin pisləşməsi və cəbhədə alınan məğlubiyyətlər müxalifətdə olan sağ blokun güclənməsi ilə nəticələndi. Sağ blok israrla Bakını türklərdən qorumaq üçün ingilis qoşunlarının dəvət edilməsini tələb edirdi (Smirnov, 1986: 89-90).
İyulun 25-də XKS-in, Hərbi İnqilab Komitəsinin, regional məclislərin və gəmi komitələrinin üzvləri ilə birlikdə təxminən 500 nəfərin qatıldığı Bakı Sovetinin təcili iclası keçirildi. İclasda Şaumyan siyasi və hərbi vəziyyətlə bağlı məruzə etdi. Onun təklifi ilə ingilislərin dəvət edilməsi məsələsinin müzakirədən çıxarılması səsə qoyuldu. Şaumyanın təklifi 208 nəfər lehinə, 257 nəfər əleyhinə olmaqla rədd edildi (Burdjalov, 1938:80). Bakı Sovetinin iclasına sədrlik edən Caparidze biri bolşevik, sol eser, sol daşnaklar tərəfindən təqdim edilən, digəri sağ eser, menşevik, sağ daşnaklar tərəfindən təqdim edilən iki qətnamə oxudu. Birinci qətnamədə Bakı Soveti, Bakını öz inqilabi qüvvələri və inqilabçı Rusiyanın qüvvələri ilə müdafiə etməsi haqqında idi. İkinci qətnamədə isə vəziyyətdən çıxış üçün ingilislərin dəvət edilməsi və Sovetdə təmsil olunan bütün tərəflərin iştirakı ilə koalisiya hökumətinin yaradılması təklifi idi. Səsvermə nəticəsində vahid sağ blok 259 səs, sol blok isə 236 səs aldı (Suny,1990:302). Fasilədən sonra davam edən Bakı Sovetinin iclasında, Şaumyan və Caparidze xalq komissarları vəzifələrindən imtina etdiklərini açıqladılar. 31 iyul saat 11-də Bakı Sovetinin təcili iclası keçirildi və bu iclasda Xalq komissarları tam tərkibdə istefa verdilər. Elə həmin gün Bakı Bolşevik Komitəsinin iclasında Həştərxana təxliyə edilmə və yenidən qüvvə toplayaraq Bakıya qayıtma haqqında qərar qəbul edildi. Beləcə, Bakıda Sovet hakimiyyəti süquta uğradı (Smirnov, 1986: 93).
Nəticə
Bakı kommunasına müasir Azərbaycan tarixçiliyində birmənalı düşmən münasibəti var. Xüsusən mart hadisələri zamanı Bakıda və ətraf rayonlarda müsəlmanların qətl edilməsinin məsuliyyəti Bakı Sovetinin sədri Stepan Şaumyanın üzərinə atılır. Bakı Sovetinin silahlı qüvvələrinin 60-70 faizi ermənilərdən ibarət idi (Smirnov, 1986:85). Bununla belə, bu ermənilər Bakı Sovetində müxtəlif partiyalar üzrə təmsil edilirdi. Misal üçün, təkcə bolşevik və daşnak yox, eləcə də eser partiyasının da sədri erməni idi (Sako Saakyan). Azərbaycan tarixçiliyində isə bu şəxslərin partiya mənsubiyyəti yox, etnik mənsubiyyəti ön plana çəkilərək düşmən obrazı verilir. Reallıqda bu üç partiya da bir-birinə düşmən idi. Mart hadisələrində Bakının müsəlman əhalisinə (bu müsəlmanlar içində xeyli bolşevik də var idi) divan tutan Daşnaksütyunun silahlı qüvvələri olmuşdu. Mart qırğınında, eləcə də Şamaxı və Qubada daşnakların törətdiyi qətliamlar Bakı sovetindən xəbərsiz şəkildə həyata keçirilirdi. Bolşeviklərin fraksiya olaraq hərbi qüvvələrinin yetərincə olmaması daşnaklara qarşı müharibə aparmağa mane olurdu. Bu səbəblə bolşeviklər daşnaklara qarşı digər metodlarla mübarizə apardılar. Msəsələn, 98 günlük Bakı XKS iqtidarı zamanında daşnaklar iqtidara buraxılmadı, Erməni milli komitəsinin ordusu isə dağıdıldı.
Digər tərəfdən Azərbaycan tarixçiliyində Şaumyanın müsəlmanlara muxtariyyət verməməsini onun erməni millətçisi olması ilə əlaqələndirirlər. Müsəlmanlara muxtariyyət verilməsi məsələsi Lenin və Stalinin Şaumyana göndərdiyi məktublarında da qeyd edilir. 1918-ci ilin martın 31-də Stalinin Şaumyan və Caparidzeyə göndərdiyi məktubda bu qeyd edilirdi: “Dərhal Bakı Deputatlar Soveti nəzdində bir müsəlman və erməni muxtariyyətini yaratmaq, bundan başqa erməni və müsəlman fəhlələr arasında millətçilərə qarşı təbliğat siyasəti aparmaq lazımdır.” (Burdjalov,1938:48). Bu təkliflərə baxmayaraq Şaumyan nə müsəlmanlara, nə də ermənilərə muxtariyyət vermədi. Şaumyanın Lenin və Stalinlə müqayisədə milli məsələlərə münasibəti fərqli idi. Bunu Rəsulzadəyə qarşı yazdığı məqaləsində də görmək olur: “Vətəndaş Rəsulzadə, sizə elə gəlir ki, bolşeviklərin Ermənistana və azərbaycanlılara münasibəti müxtəlifdir. Lakin siz dərindən və bərk yanılırsınız. Ermənistandakı bolşeviklər bütün Qafqazda, o cümlədən Bakıda olduğu kimi, burada da erməni millətçilərinin siyasətinə qarşı (yeri gəlmişkən deyək ki, həm də erməni milli polklarının təşkilinə qarşı) necə amansız mübarizə aparırlar. Ermənistandakı bolşeviklər Rusiyanın hər yerində olduğu kimi, burada da Sovet hakimiyyəti uğrunda mübarizə aparacaqlar. Bolşeviklər müsəlman xalqının öz müqəddəratını təyin etmək hüququnu inkar etmirlər, məhz siz, müsəlman millətçiləri bolşeviklərin fəhlə sinfinin azadlığı uğrunda öz mübarizəsini davam etdirmək hüququnu inkar edirsiniz. Siz belə mülahizə yürüdürsünüz: madam ki, bizə öz müqəddəratını təyin etmək hüququ verilmişdir, qoy bolşeviklər daha bizim işlərimizə qarışmasınlar. Bu mülahizədə həqiqətən bir sadəlövhlük və hətta uşaq düşüncəsi duyulur. Vətəndaş Rəsulzadə, axı bolşeviklər Qafqaza yabançı millət deyildir, fəhlə sinfinin partiyasıdır. Bolşeviklər təkcə Rusiya proletariatının deyil, həm də yerli Qafqaz proletariatının, o cümlədən də müsəlman proletariatının nümayəndələridir.” (Şaumyan, 1978: 214).
Bu yazıdan da görünür ki, Şaumyan fəhlə sinfinin erməni, müsəlman və ya digər milli və dini xüsusiyyətlərə ayrılmasının əleyhinədir. O fəhlə sinfini milli identikliyə qarşı qoyur və onu “bolşevik milləti” adlandırır. Bundan başqa Şaumyan Rusiyada rus dilinin rəsmi dil olmasını, digər dillərə isə bu formada status verilməsinin əleyhinə idi. Bu mənada Şaumyanı erməni yox, rus (bolşevik) dövlətinin himayəçisi adlandırmaq daha düzgün olar. Məhz erməni muxtariyyətinin əleyhinə çıxması daşnakların Bakı kommunasına düşmən mövqedə durmasına səbəb olmuşdu. Bakı kommunasının dağılmasında, komissarların tutulmasında əsas rol alan partiyalardan biri də Daşnaksütyun idi. Komissarları 1918-ci il sentyabrın 20-sində Türkmənistanda güllələyən isə eserlər oldu.
Bakı kommunasının Azərbaycan tarixində xüsusi rolu var. Bu dövlət 1871-ci ildə formalaşan Paris kommunasının prinsipləri əsasında qurulan, dünyada az sayıda mövcud olan kommuna prinsiplərinə malik idi. Azərbaycanda ilk dəfə torpaqların kəndlilərə paylanması, fəhlələrə 8 saatlıq iş rejiminin tətbiqini Bakı kommunası reallaşdırdı. Bundan başqa, Bakı kommunası, bugünə qədər Azərbaycan tarixində demokratik seçimlə formalaşmış koalisiya iqtidarına malik yeganə dövlət kimi qalır.
İstifadə edilən ədəbiyyat
Rus dilində ədəbiyyat
Азимов, Гаджибаба (1982), Бакинская Коммуна.
Балаев, Айдын (1998), Азербайджанское национальное движение в 1917-1918 гг.
Бурджалов, Эдуард (1938), Двадцать шесть бакинских комиссаров.
Гусейнов, Мирза Давуд (1927), Тюркская демократическая партия федералистов «Мусават» в прошлом и настоящем.
Шаумян, Степан (1978), Избранные произведения, том 2.
Смирнов, Николай (1986), Ушедшие в бессмертие.
İngilis və türk dilində ədəbiyyat
Grigor Suny, Ronald (1990), Bakü Komünü-Rus Devrimimde Milliyet ve Sınıf.
Miéville, China (2018) October: The Story of the Russian Revolution.