İdxaldan asılılıq nə zaman aradan qalxacaq?
Ötən həftə Dövlət Statistika Komitəsi 2020-ci il üzrə makroiqtisadi göstəriciləri açıqladı. Məlum oldu ki, pandemiyanın təsiri ilə Azərbaycanda iki sahədən başqa, iqtisadiyyatın digər bütün sahələrində kiçilmə baş verib. Bu iki sahədən biri rabitə və informasiya, digəri isə kənd təsətrüfatıdır. Birinci sahəyə pandemiya dövrünün hərəkət məhdudiyyətləri şəraitində tələbin artmasını nəzərə alaraq, ikinci sahədəki vəziyyətə diqqət yetirməyə ehtiyac duyduq.
Ötən il kənd təsərrüfatında 8 milyard 428,9 milyon manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki ilə nisbətən 2 faiz yüksək göstəricidir. Hesabata əsasən ötən il kənd təsərrüfatının bitkiçilik sahəsində məhsul istehsalı əvvəlki illə müqayisədə 0,8 faiz, heyvandarlıqda isə 3,1 faiz artıb.
Komitə deyir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 491,4 min ton, süd istehsalı 1,7 faiz artaraq 1971,1 min ton, kərə yağı istehsalı 1,7 faiz artaraq 22 min 356,5 ton, yumurta istehsalı 4,7 faiz artaraq 1748,3 milyon ədəd təşkil edib. Yerli istehsaldakı bu artımlara baxmayaraq, yumurta istisna olmaqla, əsas heyvandarlıq məhsullarının idxalında da artım qeydə alınmaqdadır.
Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı illik statistikaya görə, ötən il Azərbaycan 82,6 milyon dollar dəyərində 16,8 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 11 milyon dollar (15,4 faiz ) və 2,8 min ton (19,8 faiz) çoxdur.
Çox maraqlıdır ki, istehsalın və idxalın artmasına baxmayaraq, Azərbaycanda adambaşına kərə yağı istehlakı dəyişməyib. Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, 2014-cü ildə ölkədə adambaşına illik kərə yağı istehlakı 4,7 kiloqram təşkil etsə də, 2018-ci ildə bu, 3,3 kiloqrama düşüb, 2019-cu ildə də göstərici dəyişməyib.
2019-cu ildə Azərbaycan əhalisi 32 min 692 ton kərə yağı istifadə edib. Həmin il kərə yağı idxalı 12 116 ton olmaqla 24,1 faiz, yerli istehsal isə 24 073 ton olmaqla 1,8 faiz artıb. Komitənin məlumatından o da aydın olur ki, 2014-cü illə müqayisədə (44 472 ton) Azərbaycanda kərə yağı istehlakı 27,5 faiz azalıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi qida normasına görə, sağlam inkişafı təmin etmək üçün bir nəfər il ərzində 7,2 kiloqram kərə yağı istehlak etməlidir. Bu isə o deməkdir ki, Azərbaycan əhalisi kərə yağını bu normadan 2 dəfədən də az istehlak edir.
Gələk ət istehsalı və istehlakına.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə adambaşına bütün növ ət və ət məhsulları istehlakı 2016-cı ildə 35,5 kq-dan 2019-cu ildə 40,8 kq-a çatıb. Müqayisə üçün qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına ət istehlakı il ərzində 78 kiloqram olmalıdır. Hazırda inkişaf etmiş ölkələrdə adambaşına istehlak 100 kiloqramın üzərindədir.
Gömrük statistikasına əsasən 2020-ci ildə ölkəyə 15 milyon 312,80 min dollar dəyərində 9657,31 ton süd idxal olunub. Bu, 2019-cu ildəki idxaldan çəki ifadəsində 7 faiz, dəyər ifadəsində isı 6,5 faiz artım deməkdir. Ət idxalına gəlincə, burada azalma qeydə alınıb. Belə ki, 2020-ci ildə ölkəyə 78 milyon 690,66 min dollar dəyərində 43 948,45 ton ət gətirilib və bu, əvvəlki ildəkindən dəyər ifadəsində 1 faiz, çəki ifadəsində isə 14,7 faiz azdır. Lakin ölkəyə diri heyvan idxalında artım davam edib. Belə ki, 2020-ci ildə 68 milyon 348,20 min dollarlıq diri heyvanlar gətirilib ki, bu da illik ifadədə 14,4 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2019-cu il oktyabrın 1-i vəziyyətinə ölkə üzrə 1 milyon 284 min baş inək və camış, 8 milyon 451,9 min baş qoyun və keçi mövcud olub. 2018-ci il oktyabrın 1-nə nisbətən inək və camışların sayı 7,0 min baş (0,5 faiz), qoyun və keçilərin sayı 97,5 min baş (1,1 faiz) azalıb. 2020-ci il oktyabrın 1-i vəziyyətinə isə ölkədə 1 milyon 286,7 min baş inək-camış, 8 milyon 308,6 min baş qoyun və keçi olub. Yəni inək və camışların sayında cüzi artım (2,7 min baş) olsa da, qoyun və keçilərin sayında azalma (143,3 min baş) daha da sürətlənib. Və nə qədər qəribə də olsa, baş sayı azalmasına rəğmən, rəsmi statistikamız mal və qoyun ətinin istehsalında artım olduğunu göstərir. Nəzərə alsaq ki, Azərbaycanda heyvandarlıqda intensiv ferma üsulu ilə istehsal minimum səviyyədədir, onda ət istehsalındakı artımın əsas səbəbinin diri heyvan idxalındakı artımla bağlı olduğunu söyləyə bilərik.
2020-ci ilin yanvar-noyabrında Azərbaycana “Digər diri iribuynuzlu heyvanlar” adlandırılan və sırf kəsim üçün gətirilən heyvan idxalı 62 920 baş, diri qoyun idxalı isə 154 608 baş təşkil edib. Müqayisə üçün qeyd edim ki, 2019-cu ildə digər iribuynuzlu heyvan idxalı 100 909 baş, 2018-ci ildə 114 183 baş, diri qoyun idxalı isə müvafiq olaraq 139 701 baş və 108 595 baş olub. Yəni ötən il iribuynuzlu heyvan idxalında kəskin azalma olsa da, qoyun idxalında təxminən eyni səviyyədə artım var.
Ərzaq balansımıza görə, ölkəmizin bütün növ ət və ət məhsulları ilə özünütəminat səviyyəsi 2015-ci ildəki 94,7 faizdən 2019-cu ildə 82,5 faizə qədər azalıb. Bu zaman mal əti və ət məhsulları üzrə özünütəminat imkanımız 91,8 faizdən 86,1 faizə, qoyun və keçi əti və ət məhsulları üzrə 99,3 faizdən 97,6 faizə azalıb, süd və süd məhsulları üzrə 84,3 faizdən 86,3 faizə, kərə yağı üzrə 69,2 faizdən 69,5 faizə yüksəlib. Nəzərə alsaq ki, bu hesablama xaricdən ətlik üçün gətirilib burada 6 ay-1 ilə qədər bəslənəndən sonra kəsimə verilən heyvanlar da yerli istehsal kimi qeydə alınmaqla aparılır onda alınan rəqəmlərin elə də mötəbər olmadığını söyləyə bilərik.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, qlobal ərzaq qiymətləri indeksi 2020-ci ildə orta hesabla 97.9 bəndə çatıb və bu, son üç ilin ən yüksək göstəricisidir.
Dünya ərzaq qiymətləri dekabr ayında süd məhsulları və bitki mənşəli yağlar başda olmaqla ardıcıl yeddinci ayda da artıb.
FAO Süd Məhsulları Qiymət İndeksi dekabr ayında 3.2 faiz artıb. Qiymətlərin artmasına əlverişsiz hava şəraitilə əlaqədar bir sıra ölkələrdə süd istehsalının azalması, Qərb Avropada isə tələbin artması səbəb olub.
FAO Ət qiymət İndeksi dekabr ayında 1.7 faiz artıb. Bunun səbəbi isə xüsusilə Orta Şərqdən artan idxal tələbi, istehsalçı ölkələrdəki yüksək daxili satışlar və Avropadakı quş qripi epidemiyalarının mənfi təsiri ilə digər heyvan ətinə olan tələbatın artmasıdır.
Azərbaycanda rəsmi statistikaya əsasən 2020-ci ilin yanvar-noyabrında ət və ət məhsullarının qiyməti 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz, süd və süd məhsulları 6,5 faiz, kərə və bitki yağları 0,3 faiz bahalaşıb. Hansı ki, bu hesablamalar elə də mötəbər hesab olunmur, çünki reallıqda qiymət artımları daha yüksək rəqəmlərlə ifadə olunmaqdadır.
FAO hesab edir ki, 2021-ci il ərzində qiymətlərdə artım davam edəcək. Ümumiyyətlə, qlobal iqlim dəyişikliklərinin təsiri ilə yaxın və ortamüddətli dövrdə dünya ərzaq bazarında qiymətlərin davamlı olaraq artacağı gözlənilir. Buna görə də Azərbaycan strateji ərzaq məhsullarının istehsalının artırılması istiqamətində səylərini artırmalıdır. Hələlik xüsusilə də heyvandarlıq sahəsində bu sahədə görülən işləri yetərli saymaq mümkün deyil.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2018-ci ildə “Azərbaycan Respublikasında 2019-2023-ci illərdə heyvandarlığın intensiv inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı” hazırlanıb. 2019-cu ilin birinci yarısında proqramın ictimai müzakirələri keçirilib. Lakin hələ də onun təsdiqlənib-təsdiqlənmədiyinə dair hər hansı məlumat verilməyib. Proqramda qarşıya qoyulan vəzifələrin bir çoxunun icrası digər dövlət qurumlarının, xüsusilə də Vergilər Xidməti və Dövlət Gömrük Komitəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə baş tuta bilər. Bu baxımdan, onun bilavasitə Prezident, yaxud Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi zəruridir.
Dövlət tərəfindən cins ətlik və südlük heyvanların ölkəyə gətirilərək fermerlərə güzəştli qiymətlərlə satışı dəstəklənir. Ölkədə real tətbiqinə başlanan aqrar sığorta mexanizmi yalnız iribuynuzlu heyvanları əhatə edəcək ki, buna da hələ başlanmayıb. Bunun səbəbi kimi mövcud heyvanların birkalanması, tam uçotunun qurulması prosesinin aparılmaması göstərilir. Bu işi Qida Təhlükəsizliyi Agentliyi həyata keçirməli, bütün heyvanları qeydiyyata almalıdır. Ümid etmək olar ki, 2021-ci ilin sonunadək bu proses yekunlaşacaq və heyvandarlıqla məşğul olan sahibkarlar da sığorta sisteminin yaratdığı üstünlüklərdən faydalana biləcəklər.
Hökumət heyvandarlıq məhsullarının daxili bazar qiymətlərini tənzimləmək üçün müəyyən güzəştlər tətbiq edir. Belə ki, 2019-cu ildə Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 2020-ci ilin yanvarından etibarən Azərbaycanda heyvan ətinin satış dövriyyəsi 4 il müddətində Əlavə Dəyər Vergisindən azad olunub. Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə şamil edilmir.
Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılıb. Quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdi, Məcəlləyə edilən dəyişikliklə bu müddət daha 4 illiyə artırılıb.
Daha bir dəyişikliyə görə, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan yem və yem əlavələrinin satış dövriyyəsi ƏDV-dən azad edilib. Azadolma dövrü 4 illik müddəti əhatə edəcək.
Azərbaycanda heyvandarlığın inkişafında ciddi rol oynayacaq amillərdən biri işğaldan azad olunmuş ərazilərimizin potensialıdır. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları tarixən heyvandarlığın inkişaf etdiyi ərazilərdir. Bu baxımdan, onların azad olunması bu imkanlardan bəhrələnməklə heyvandarlığı inkişaf etdirmək üçün əlverişli şərait yaradır.