Sovet dövrü Azərbaycan iqtisadiyyatı haqda materiallarda adətən Azərbaycan neftinin rolu qeyd olunur. Təsadüfi deyil ki, bu yaxınlarda ölkə prezidenti də MDB sammitində Azərbaycan neftinin İkinci Dünya Müharibəsində rolu barədə danışıb. Ümumiyyətlə Azərbaycan vətəndaşları hesab edir ki, Bakı nefti az qala SSRİ-nin sütünlarından biri idi. Başqa tərəfdən qeyd olunur ki, biz neft hasil etməyimizə baxmayaraq, heç bir şey qazanmamışıq. Sovet rəhbərliyi elə bil ki, bizim özümüzə bu nefti xərcləməyə imkan vermirdi.
Belə mətnləri biz dərsliklərdən başlayaraq bir çox tarixi araşdırmalarda görə bilərik. Misal üçün, Azərbaycandilli Vikipediyada “Azərbaycan neft sənayesi” səhfəsində, elə ilk sətirlərdə qeyd olunur ki, “neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər”[1].
Bəzi müəlliflər hətta sahiblik yox, ümumiyyətlə Azərbaycanlıların öz neftlərindən istifadə imkanlarının məhdud olması barədə deyirlər. Belə ki, Z. Səmədzadənin elmi redaktor və E.M. Hacizadənin müəllif olduğu “Azərbaycanın quruda neftqazçıxarma kompleksində iqtisadi islahatlar və səmərəlilik problemləri” kitabında qeyd olunur ki, “bolşevik hökuməti nefti milliləşdirdikdən sonra neft sənayesindən əldə olunan vəsaitdən kifayət qədər bu torpağın sakinlərinə məsrəf etməmişdir. Hesablamalar göstərir ki, respublikamızın bu əvəzsiz sərvətindən əldə edilən gəlirin cüzi bir hissəsi yalnız onun ehtiyatların sərf olunsaydı, və respublikanın sənaye kompleksi inkişaf etsəydi onda şübhəsiz ki, Azərbaycan dünyanın çox inkişaf etmiş varlı dövlətlərindən birinə çevrilərdi”[2, c. 20-21]. Kitabın 1998-ci ildə dərc olunduğunu müəllif üçün müəyyən qədər bəhanə kimi qəbul etmək olar. Belə ki, Azərbaycan neft gəlirlərini əsasən 2005-ci ildən başlayaraq əldə etməyə başlayıb və buna baxmayaraq, hələ də “dünyanın çox inkişaf etmiş varlı dövlətlərindən birinə” çevrilmədi.
Göstərdiyimiz mənbələr yalnız cuzi hissəsidir. Bəzən adi insanlar da bunu fakt kimi qəbul edirlər. Düzdür, formal olaraq neft sənayesində mülkiyyətin 90%-ı Mərkəz tərəfindən idarə olunurdu. Amma bu məqamın gəlir bölüşdürülməsində rolu başqadır. Yəni idarəedilməsi hələ gəlirlərin tam olaraq Mərkəzə köçürülməsi demək deyil. Bəs reallıq necə idi?
Bu məsələni araşdırmazdan əvvəl ümumiyyətlə Azərbaycanın iqtisadi vəziyyətini və gəlirlərini müəyyən etmək lazımdır. Sovet dövründə tətbiq edilən makroiqtisadi göstəricilər və indiki həyatımızda adət etdiyimz ÜDM (ümumi daxili məhsul) fərqləndiyindən, biz yalnız hər iki dövrdə faktiki olaraq eyni metodologiya əsasında tətbiq edilən göstəricilərdən istifadə edə bilərik. Fikrimizcə, ən yaxşı və effektiv üsul dövlət büdcəsi ilə bağlıdır. Hər bir ölkədə dövlət büdcəsi iqtisadiyyatda baş verən prosesləri təcəssüm edir. Dövlət büdcəsinin tərtibatı isə nisbətən standartdır.
Tam neytral olsun deyə, biz 1965-ci ili nümunə ili kimi seçmişik. Bu Heydər Əliyevin yüksək vəzifələrə gəlməzdən əvvəlki dövrdür (1966-ci ili seçmək daha düzgün olardı, amma təəssüflər olsun ki, bu il üçün tam məlumata malik deyilik). Həmçinin Brejnev də yenicə hakimiyyətə gəlib və SSRİ hələ neft ixracatından asılı vəziyyətdə deyil. Yəni “zastoy” dövrü başlamayıb. SSRİ faktiki olaraq məhz tipik “sovet” iqtisadiyyatına malikdir.
Müvafiq məlumatları biz müxtəlif statistika məcmuələrində tapa bilərik. Ölkədə olan vəziyyətdə və yuxarıda qeyd etdiyimiz məsələni müəyyən etmək üçün, ən asan yol büdcə barədə məlumatlara müraciət etməkdir. 70-ci illərdə dərc olunmuş statistik məcmuələrdən bəlli olur ki, Azərbaycan SSR-nin dövlət büdcəsinin gəlirləri 1 033 milyon rubl, xərcləri isə 1022,6 milyon rubl təşkil edib [6, c. 155-165]. Başqa sözlə 1965-ci il 10,4 milyon rublluq profisit ilə bitib.
Maraqlıdır ki, adətən Sovet dövrünü təsvir edərkən, insanlar fikirləşirlər ki, SSRİ-də vergi olmayıb. Amma dövlət büdcəsinin əsas hissəsini məhz vergilər təşkil edir. Əsas vergi növü (vergilərin sayı çox idi) də “dövriyyədən vergi” idi. İndiki vergilər ilə müqayisə etsək, bu dolayı vergi məcmusudur, yəni müasir aksiz və ƏDV-nin bir forması kimi təsvir etmək olar [10, c. 122]. Bu vergi satılan məhsulların qiymətinə daxil edildiyindən, onu faktiki olaraq istehlakçı ödəyirdi [8]. Azərbaycan SSR-də 1965-ci ildə bu vergi növü üzrə daxilolmalar 533,3 milyon rubl təşkil etmişdi.
Xruşov zamanı həyata keçirilən bəzi iqtisadi islahatlar nəticəsində, SSRİ dövlət büdcəsində bizim indi “mənfəət vergisi” adlandırdığımız vergi növünün payı artmağa başladı. Məhz 1965-ci ildə onun payı maksimuma – dövriyyə vergisinə nisbətdə 80% təşkil etdi [6, c.12]. Azərbaycada isə əks proses müşahidə olunurdu. Əgər 1960-ci ildə bu nisbət 75% təşkil edirdisə, 1965-ci ildə bu göstərici 32,2% təşkil etdi. Başqa sözlə 1965-ci ildə bu istiqamət üzrə daxilolmalar 175 milyon rubl təşkil etdi (Sovet dövrü tarixində ən minimal göstərici). Onun əsas hissəsini də sənaye və tikinti vermişdi. Növbəti yerləri kənd təsərrüfatı (onlar isə əksinə ən maksimum ödəniş etmişdilər və sonralar yalnız azalmağa doğru getdi), nəqliyyat və digər sahələr etmişdilər.
O dövrdə mövcud olmuş müxtəlif kolxoz və kooperativlər isə dövlət büdcəsinə 22,2 milyon rubl köçürmüşdülər. Maraqlıdır ki, “zastoy” dövründə müxtəlif kooperativlərin sayı əslinə qalsa artmağa başlamışdı, amma illər üzrə müşahidə etsək, onların gəlir vergisi azalmağa doğru gedirdi (misal üçün, 1966-ci ildə 2 dəfə azalmışdı). Vergilər arasında həmçinin subaylıq və az uşaq olduğuna görə vergi də var idi. 1965-ci ildə bu istiqamət üzrə 8,2 milyon rubl yığılmışdı. Yeri gəlmişkən, bu sabit olaraq daxilolmaları artan vergi növlərindən biri idi. Digər istiqamətlər arasında əsas yeri sosial sığorta yığımları tuturdu. Cəmi olaraq vergilər üzrə 947 milyon rubl yığılmışdı. Buna əlavə olaraq SSRİ dövlət büdcəsindən Azərbaycan büdcəsinə də 86 milyon rubl köçürülmüşdü.
Xərclər arasında isə əsas yeri iki istiqamət tuturdu: xalq təsərrüfatı və sosial-mədəni tədbirlər. Bundan başqa daha iki istiqamət var idi, amma onlar cuzi yer tuturdular. Misal üçün, dövlət idarəetmə orqanların saxlanmasına 18,3 milyon rubl xərclənmişdi. Bu da xərclərin 1,7%-ni təşkil edir (müqayisə üçün, 2019-cu ilin büdcəsində müvafiq xərclər 17% təşkil edir. Düzdür, Sovet dövründə bəzi qurumlar birbaşa mərkəzdən maliyyəşdirildi, amma hətta SSRİ dövlət büdcəsində bu maddə 1,3% təşkil edirdi). Eyni zamanda xalq təsərrüfatına 477,4 milyon, sosial-mədəni tədbirlərə isə 476,8 milyon rubl xərclənmişdi. Büdcədə ən böyük paya təhsil (233 milyon və ya 22%) malik idi. Ən az paya isə bədən tərbiyəsi və ezamiyyə xərcləri (təxmini 0,1%) malik idi.
Beləliklə, Azərbaycan il ərzində 1 milyard rubl qazanırdı və eyni həcmdə xərcləyirdi. Əsas gəlir mənbəyi də neft deyildi. Amma neft ilə vəziyyət necə idi? Statistikaya görə 1965-ci ildə Azərbaycanda 21,5 milyon ton neft hasil etmişdi [9, c.73]. Bu dövrdə hələ Sibirdə olan neft yataqlar açılmamışdı, amma Azərbaycanın payı artıq 11,8% təşkil edirdi. SSRİ üzrə əsas yeri Ural və Volgaboyu bölgələri tuturdu. Ölkə üzrə cəmi 242,8 milyon ton neft çıxarılmışdır. Qeyd etdiyimiz kimi, hələ SSRİ neftdən çox da asılı deyildi. Xarici ticarətdə yanacaq və elektrik enerji 17,2% təşkil edirdi [4]. Müqayisə üçün deyə bilərik ki, 1985-ci ildə bu göstərici 52,7% idi (düzdür bizim indiki Azərbaycanın 90%-nə çatmırdı). Müvafiq olaraq ixracata neftin çox da böyük hissəsi getmirdi. Rəsmi məlumata görə, il ərzində SSRİ 43,4 milyon ton neft ixrac etmişdi. Bu da hasil olunan neftin 17,88% idi.
Azərbaycanın bu neftdə payına gəldikdə bir sıra maraqlı faktları müəyyən etmək olar. Əgər SSRİ-nin nefti ixrac etdiyi dəyərə görə hesablasaq, o zaman Azərbaycanın istehsal etdiyi neftin ümumi dəyəri 272,7 milyon rubl təşkil etməlidir [5, c.27]. Əslinə qalsa, SSRİ dövlət büdcəsindən Azərbaycana 86 milyon rubl köçürülmüşdü. Bunu da müəyyən qədər ixracın mənfəəti kimi qəbul etmək olar. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan nefti SSRİ-nin özündə daha çox istehlak olunurdu. Xaricə onu göndərmək sərf etmirdi. Misal üçün, hər bir əlavə tonun çıxarılması üçün Azərbaycanda 86,2 rubl sərmaye qoymaq lazım idi. Ural və Volgaboyu bölgələrdə bu məbləğ 20-23 rubl təşkil edirdi. Hətta Şimali Qafqazda müvafiq göstərici 53 idi. Eyni zamanda Azərbaycan neftçiləri məhsuldarlıq cəhətindən Tatarstan neftçilərinə az qala 10 dəfə uduzurdular (bizim fəhlənin işi nəticəsində 678 rubl qazanılırdısa, orada 6100 rubl idi) [7, c.37].
Başqa sözlə Azərbaycan nefti artıq o qədər də vacib rol oynamırdı. Düzdür, Azərbaycan neft sənayesində hələ də möhkəm mövqelərə malik idi. Bu da əsasən yerli ali təhsil və yerli neft maşınqayırma sənayesi hesabına baş verirdi. Həm Urala, Volgaya, gələcəkdə Sibirə kadrları və avadanlığı Bakı hazırlayırdı. Bunun müqabilində də Azərbaycanda fəaliyyət göstərən müəssisələr qazanırdı. Müəyyən qədər idarəetmə mərkəz ilə bağlı olsa belə, əsas gəlir ölkəyə gəlirdi (yeri gəlmişkən, bir çox texniki zavodların nəzarətini də Bakıda yerləşən müəssisələr həyata keçirirdi). Məhz bu gəlir hesabına Azərbaycanda yüzlərlə müxtəlif müəssisə, məktəb və s. tikilmişdi. Hətta iqtisadiyyatı diversifikasiya etmək lazım da deyildi, çünki ölkə olaraq neftdən asılı deyildik.
Əlbəttə, bu o demək deyil ki, İkinci Dünya Müharibəsi dövründə Bakının payı az idi. Müharibəyə qədər dövrdə, Azərbaycan nefti ixracata göndərilən əsas yanacaq növlərindən biri idi. Amma SSRİ tarixinin əsas səhfələri (adət etdiyimiz Brejnev dövrü və ya 80-ci illər) bizim neft ilə bağlı deyildi. Başqa tərəfdən, müasir Azərbaycan həm neft gəlirlərini idarə edir, həm də “sahib çıxır”, amma hələ də cəmiyyətdə “neft sənindir, mənimdir” [3] müzakirələri aparırıq.
İstifadə olunmuş ədəbiyyat
- Azərbaycan neft sənayesi. Vikipediya. Açıq Ensiklopediya. URL: https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycanda_neft_s%C9%99nayesi
- Hacızadə E.M. Azərbaycan;n quruda neftqazçixarma kompleksində iqtisadi islahatlar və səmərəlilik problemləri. – Bakı. Elm, 1998, 144 s.
- Murad Dadaşov: Neft sənin deyil, neft dövlətindir – VİDEO. URL: https://oxu.az/showbiz/335375
- А была ли зависимость СССР от экспорта нефти. 11.2013. URL: https://topwar.ru/36212-a-byla-li-zavisimost-sssr-ot-eksporta-nefti.html
- Внешняя торговля СССР за 1965 год. Статистический обзор. Москва. 1966. 324с.
- Государственный бюджет СССР и бюджеты союзных республик. 1966-1970 гг. Статистический сборник. Москва, Финансы. 1972. 233 с.
- Мельников Н.В. Минеральное топливо. Технико-экономический очерк развития топливной промышленности СССР и использования топлива. Москва, 1971. 213с.
- Нечай Н. Налоговая политика в СССР. Журнал «Вісник. Офіційно про податки», № 12, 2011. URL: http://www.visnuk.com.ua/ru/pubs/id/1496
- Промышленность СССР. Статистический сборник. Москва. Финансы и статистика. 1988. 286с.
- Шихатов П.И. Налогообложение в СССР и современной России. Вестник МИЭП. №2 (23), 2016. С. 122-129