Koronavirus pandemiyası başlar-başlamaz onu 1918-1921-ci illərdə dünyanı təşvişə salan və milyonlarla insanın ölümünə səbəb olan “ispan” qripi ilə müqayisə etməyə başladılar. Əslinə qalsa, Asiya qripi bizə daha yaxın tarixdir. Amma nəticələrinə görə ispan qripi son 100 ildə baş vermiş digər pandemiyalardan ciddi olaraq fərqlənir. Güman olunur ki, bu, həm yoluxmuş insanların sayında, həm də ölənlərin sayında bəşər tarixində ən geniş yayılmış qrip pandemiyası idi. Virusa dünyada təxminən 550 milyon insan (o zamanki dünya əhalisinin 29,5%-i) yoluxub və 17-50 milyon aralığında insanın vəfat etdiyi təxmin edilir. Başqa sözlə XX əsrdə ən genişmiqyaslı pandemiya hesab olunur.
Bəllidir ki, əgər bütün dünyada yoluxma baş veribsə, müvafiq xəstəlik Azərbaycandan da kənar keçə bilməzdi. Amma təəssüflər olsun ki, ümumiyyətlə SSRİ-də, Qafqazda ispan qripi yayılmasına dair detallı məlumat yoxdur. Bunun əsas səbəbi, əlbəttə ki, vətəndaş müharibəsi idi. Ümumiyyətlə vətəndaş müharibəsi nəticəsində həm səhiyyə sistemi iflic oldu, həm sanitar-gigiyenik vəziyyət də ciddi olaraq pisləşdi. Misal üçün, 1918-1922-ci illərdə Naxçıvanda həkim çalışan Əli Abbas oğlu Abbasov xəbər verirdi ki, “o illərdə Naxçıvanda səhiyyə işləri olduqca acınacaqlı vəziyyətdə idi”. Əgər 1918-ci ilin əvvəlində bölgədə onunla bərabər K. Qilner və E. Şenqelini adlı həkimlər və orta tibbi heyət var idisə, ilin sonunda Abbasov bütün Naxçıvan üçün yeganə həkim idi. Hətta bütün orta tibb işçiləri və yeganə mama həkimi bölgəni təhlükəsizlik məsələlərinə görə tərk etmişdilər. Nəzərə almaq lazımdır ki, Naxçıvanda o zaman 10 mindən çox, Naxçıvan qəzasında isə 100 min insan yaşayırdı. Əlbəttə ki, bunun da nəticəsində ağır xəstələrə vaxtında kömək göstərilmirdi. Bunun şahidi olan M.B. Əliyev öz xatirələrində qeyd edir ki, 1918-ci ilin iyunun 4-də vəba qeydə alınmışdı və artıq “iyunun 5-i 4 nəfər vəfat etdi… iyunun 6-sı vəbadan 13 nəfər vəfat etdi… iyunun 7-si 10 övrət və 1 kişi vəbadan vəfat etdi…” və hətta günlərin biri xəstələnmiş insanı hələ ölməmiş artıq basdırmaq istəyirdilər. Amma o, taçkada ayıldı və evinə özü qayıtdı.
Müvafiq olaraq oradan da bu xəstəliklər Bakıya çatdı. Bəs Azərbaycanda ispan qripinin yayılması ilə bağlı dəqiq məlumatlar varmı? Dəqiq və ətraflı yoxdur, amma bir çox mənbələrdə ispan qripinin Bakıda olması barədə məlumatlara rast gələ bilərik. Misal üçün, Nobel şirkətinin mühəndisi və idarəedicisi Henninq Baarnhelm yazır ki, 1918-ci ilin avqustun 29-da şirkətə məxsus gəmilərin birinin kapitanı Bruno Hogman qripdən vəfat edib. Bu anda isə Qafqaz İslam Ordusu və ingilislər arasında Bakı uğrunda döyüşlər gedirdi. Sentyabrın 15-16-ı ingilislər və Bakının əsasən xristian əhalisi (40 min insan) evakuasiya edildi. Onun bir hissəsi (10 min insan) İranın Ənzəli limanına köçdülər. Ümumilikdə isə artıq avqustdan etibarən qaçqınlar İrana köçürüldülər və İran tədqiqatçısı A. Afxaminin sözlərinə görə məhz bu yol ilə ispan qripi İrana Şimaldan daxil oldu (İrana qrip bir neçə yol ilə daxil olub, amma şimal yolu ciddi təsir edib). Nəticədə çox az müddətdə artıq ispan qripi Təbrizdə qeydə alınmışdı. Yayılmanın sürətini başa düşmək üçün deyə bilərik ki, qaçqınlar və ingilislər Ənzəliyə sentyabrın 16-sı çatmışdılar. Bir neçə gün sonra Rəştdə və Qazvində artıq ispan qripinə yoluxmalar müəyyən edilib. Sentyabrın 22-si isə Tehranda Qəzvindən gələn şəxsdə ispan qripi qeydə alınmışdı. Bunun əsas səbəbi kimi artıq o zaman ingilis əsgərlərinin avtomobillərdən çox istifadə etmələri göstərilir.
Bakıdan qaçqınların böyük hissəsi indi Maxaçqala adını daşıyan Port-Petrovska köçmüşdülər. Oraya da ispan qripi gəlmişdi, amma qaçqınların gəlməsi ilə xəstəliyin yayılması kəskinləşdi (sanitar vəziyyət tam pozuldu, tibbi heyət kifayət etmirdi və s.). Türklərin Dağıstana daxil olmasından sonra isə Bakıdan gələnlər, hətta yerli əhali də qaçmağa məcbur oldu. Əhalinin böyük hissəsi paroxodlara minib Xəzər dənizinə açıldılar. Paroxodların birinə Dağıstanın ilk bəstəkarı hesab olunan Aleksandr İvanoviç Alxazov-İvanov da minmişdi.
Bakıda ispan qripinin yayılmasına dair detallı məlumat tapmamışıq. Bunun da əsas səbəbi səpmə yatalağın daha geniş yayılması idi. Amma bilirik ki, neft milyonçularından biri İsaak Matveyeviç Neporent 1919-cu ilin noyabrında məhz ispan qripindən vəfat edib. İspan qripinin Bakıda ciddi yayıldığını hətta C. Cabbarlının “Parapetdən Şamaxı yoluna qədər” adlı hekayəsində görə bilərik. Hekayədə C. Cabbarlı dostların köməkdən imtina səbəblərini sadalayır və üçüncü yerdə “ispanka” gəlir.
Maraqlıdır ki, yoluxucu xəstəliklər ilə mübarizə çərçivəsində fahişəxanaları da 1919-cu ilin fevralında leqallaşdırdılar. Məlum oldu ki, adi yoluxucu xəstəliklər ilə yanaşı əhalinin böyük hissəsi həmçinin zöhrəvi xəstəliklərə də yoluxub (bəzi bölgələrdə 60%-ə kimi çatırdı). Bu isə səhiyyə sistemi üçün əlavə problem idi. Bu problemi aradan qaldırmaq üçün fahişəxanalar leqallaşdırıldı və orada sanitar vəziyyətə nəzarət də həyata keçirilməyə başladı.
Bundan sonra yoluxucu xəstəliklər ilə mübarizədə artıq sistematik tədbirlərə əl atıldı. İlk əvvəl hökumət Bakı, Gəncə, Nuxa şəhər bələdiyyələrinə 2,2, 0,45 və 0,2 milyon rubl ayırdı (indiki pul ilə cəmi 1,3 milyon manat edir). Eyni zamanda səhiyyə nazirliyinin bütün sistemi islahatlara məruz qaldı. Bir çox həkimlərin məvacibləri ciddi olaraq artırıldı. Amma bu addımlar heç bir nəticə vermədi. Ölkə üzrə epidemiyalar yayılmağa davam edirdi. Ondan sonra epidemiyalar ilə mübarizə üçün ölkə üzrə 12 mübarizə dəstəsi formalaşdı. Müvafiq dəstələrin saxlanmasına 4,26 milyon rubl (2 milyon manat) ayrılmışdı.
Amma effektiv oldumu? Misal üçün, Göyçay qəzasından 1919-cu ilin mayında daxil olmuş hesabata görə: “Payız və qış aylarında ispanka və yatalaq xəstəliyi kütləvi ölümlə nəticələnmişdir. Bu xəstəliklərin yayılması nəticəsində əhalinin demək olar ki, üçdə birinin həyatına son qoyulmuşdur (kiçik qeyd: 1897-ci il siyahıyaalmaya görə qəzada 118 min insan yaşayırdı, 1921-ci ildə 96 min). Həkim Nikolayevskinin rəhbərliyi ilə buraya ezam olunmuş epidemik dəstə əhaliyə çox cuzi kömək göstərə bilmişdir. Səbəbi isə həkim Nikolayevskinin spirtli içkilərə aludə olması və aramsız olaraq alkoqol qəbul etməsidir…”. Nəticədə əhali Zərdabda olan həkimə müraciət etməli olurdu. Ümumən isə əyalətdə həm həkim, həm dərman çatışmazlığı müşahidə olunurdu. Hətta malyariya ilə mübarizədə istifadə olunan kinin də kifayət etmirdi.
“Грузия” qəzetinin məlumatına görə Azərbaycanda yoluxucu xəstəliklər ilə mübarizə üçün qapalı məkanların tüstülənməsi tətbiq olunurdu. Gürcüstan tərəfi bu məsələdə Azərbaycandan məlumat almadığı üçün Bakıdan və Gəncədən gələn bütün qatarları ikinci dəfə tüstüləməyə məcbur olurdu.
Azərbaycan ordusunda da ciddi problem müşahidə olunurdu. Hələ 1919-cu ildə hərbi nazirin xüsusi əmrinə görə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün əsgərlərə şəhərə çıxmaq, əhali ilə təmasa girmək və s. qadağan edilmişdi. Amma başqa tərəfdən sanitar vəziyyət qənaətbəxş (hamama çox az gedirdilər, su təmiz deyildi və s.) deyildi və bu, xəstəliklərin yayılmasına (hətta orduda epidemiya forması almasına) şərait yaradırdı. Nəticə etibarilə 1919-cu ilin dekabrında orduda artıq ispan qripi epidemiyası yaranmışdı (Ağdam və daha bir neçə bölgədə yerləşən ordu hissələrində isə yatalaq epidemiyası vardı).
İspan qripinin Azərbaycana təsirinə dair dəqiq rəqəm demək çətindir. Ümumi olaraq, əgər Azərbaycanın indiki ərazisinin 1913-cü ildə əhalisi 2,3 milyon təşkil edirdisə, 1920-ci ildə 1,9 milyon idi. Əhali demək olar ki, 400 min azalıb. Hələ nəzərə almaq lazımdır ki, bu dövrdə Azərbaycana Rusiyanın müxtəlif bölgələrindən kifayət qədər qaçqın da köçmüşdü. Düzdür azalmaya həmçinin müharibə də təsir edib. Amma əsas təsiredici amil qismində xəstəliklərin epidemiyasını qeyd etmək lazımdır. Qonşu İranda ispan qripi nəticəsində əhali 8% azalmışdı. Azərbaycanda buna yatalaq, vəba, malyariya və bir çox digər xəstəliklər (hətta sifilis. Misal üçün, 1920-ci ilə olan məlumata görə bəzi bölgələrdə əhalinin 20-60%-dən çoxu sifilisə yoluxmuşdu) də əlavə olunur. Amma sadəcə yuxarıda qeyd olunan rəqəmlərin cəmi 41 min insan edir. Ona görə ümumən təxmin edə bilərik ki, epidemiyalar əhalinin ən azı 10%-nin ölümünə səbəb olub.
İstifadə olunmuş mənbələr
- Afkhami A. Compromised Constitutions: The Iranian Experience with the 1918 Influenza Pandemic. Bulletin of the History of Medicine, Vol. 77, No. 2 (Summer 2003), pp. 367-392
- Ağayev İ.Ə., Xələfli X.N., Tağıyeva F.Ş. Epidemiologiya. Dərslik. Bakı. 2012.
- Baarnhielm H.Dagboksanteckningar från Baku 1918.
- Bağırova Ş. Azərbaycan Xalq Cümhüriyyəti dövründə himayədarlıq və səhiyyənin təşkili. Bakı. 2019.152s.
- Cabbarlı C. Parapetdən Şamaxı yoluna qədər. Əsərləri. I cild. Bakı. 2005.
- Əliyev M.B. Qanlı günlərimiz (1918-1920, Naxçıvan). Bakı. 1993.
- Məmmədov A.N. Naxçıvan MSSR-də səhiyyənin tarixi və mərhələli inkişafı (1826-1966). Bakı. 2006. 190s.
- Nəzirli Ş. Topoqraf-general İbrahim ağa Vəkilov. Bakı. 2002. 328s.
- Аветисян Г.А. Генерал Акоп Багратуни (1879-1943). Армянский вестник, №1-2, 1999.
- Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные акты. Сборник документов. Баку. 1998. 560с.
- Бехбудов Т. Английская полиция в Баку в 1918-1919 годах. Баку. 2003.
- Воронов В. Корона российской инфекции. Газета «Новая газета» от 01.04.2020
- Гаджиев Б.И. Дагестан в истории и легендах. 1965
- Министр путей сообщения телеграфирует в Баку. Газета «Грузия», №40 от 21.02.1919
- Непорент М.А. Непорент Исаак Матвеевич. Сайт «Наш Баку».
- Приказ №593 по военно-санитарной части. Сборник приказов по военному ведомству Азербайджанской Демократической Республики. Том II. Май-декабрь 1919 года. Баку. 2018.
- Сухаруков В.Т. XI армия в боях на Северном Кавказе и нижней Волге в 1918-1920 годах. Москва. 1961
- Сыпной тиф. Газета «Грузия», №42 от 23.02.1919