2015-2016-ci illərdə, xarici sözləri ən çox istifadə olunan sözlərə çevirən, onları Azərbaycan dilinin izahlı lüğətinə salan Filologiya institutu, ya da Terminologiya komissiyası yox, Mərkəzi Bank idi. Əvvəlcə devalvasiya, bir az keçəndən sonra diversifikasiya ilin sözünə çevrildi. Vaxt keçdikcə, Mərkəzi Bank faktiki olaraq öz maarifçilik funksiyasını yadırğadı. Biz də dövriyyəyə daxil olan yeni sözlərdən məhrum olduq.
Mərkəzi Bank İdarə Heyətinin sədri Elman Rüstəmov daha çox nəzəriyyəni müzakirə etməyə qərar verdi. Amma bu yaxınlarda deyəsən 2015-ci ilin adət-ənənələri bərpa olunmağa başlayıb. İyulun sonu keçirilən mətbuat konfransında E. Rüstəmov xəbər verdi ki, “manat devalvasiya yox, revalvasiya təzyiqi altındadır”.
Devalvasiya sözünə cəmiyyət artıq öyrəşmişdi, amma revalvasiyanın nə olduğunu çoxu bilmirdi. E. Rüstəmovun əlavələri isə ümumiyyətlə adi insanı çaşdıra bilər. Əgər devalvasiyanı bütün cəmiyyət qorxu ilə gözləyir, o zaman onun əksi olan revalvasiya müsbət proses olmalıdır, amma E. Rüstəmov əksinə əlavə edir ki, “Mərkəzi Bank manatın bahalaşmasına imkan vermir”. Onun sözlərinə görə, bunun da mənfi tərəfləri var. Nəticədə elə alınır ki, əhali üçün həm manatın ucuzlaşması (devalvasiya), həm bahalaşması (revalvasiya) mənfidir. Bəs nə etməli?
Yaranan sualların cavablandırılması üçün gəlin iqtisadi nəzəriyyəyə müraciət edək. 2012-ci ildə Bakıda nəşr olunmuş və baş redaktoru Ziyad Səmədzadə olan “Böyük İqtisadi Ensiklopediya”ya görə, revalvasiya “pul vahidindəki qızıl tərkibinin rəsmi sürətdə artırılması və ya başqa ölkələrin xarici valyutalarına münasibətdə milli valyutanın məzənnəsinin artırılması” deməkdir. 1984-cü ildə dərc olunmuş və iqtisadi bölmənin müdiri A. Bəhramlı olan Azərbaycan Sovet Ensiklopediyasının VIII cildində daha ətraflı izah verilir:
“Revalvasiya (re… + lat. valeo – əhəmiyyətim var, dəyərim var) – ölkənin pul vahidinin qızıl tərkibinin rəsmən artması, yaxud valyuta məzənnəsinin faktiki artması. Ölkənin tədiyyə və ticarət balansına, daxili konyunkturanın vəziyyətinə, daxili qiymətlər sisteminə və s. ciddi təsir göstərir. Kapitalist ölkələri iqtisadiyyatının dövlət-inhisarçı tənzimlənməsi vasitələrindən biridir. İqtisadiyyata təsirinə görə devalvasiyanın əksidir.”
Maraqlıdır ki, bütün məsələləri əhatə etməyə çalışan 10 cildlik ensiklopediyada iqtisadi anlayışa dair açıqlama, 5 cildlik ixtisaslaşmış ensiklopediya ilə müqayisədə daha ətraflıdır. Təəssüflər olsun ki, bu ensiklopediyadan istifadə edən azdır, ona görə bu anlayışın əlavə izaha ehtiyacı var. Eyni zamanda nəzərə almaq lazımdır ki, Sovet ensiklopediyasına görə biz “kapitalist ölkə iqtisadiyyatında” və “dövlət-inhisarçı tənzimlənməsi” şəraitində yaşayırıq. Başqa sözlə, qeyd olunan xüsusiyyətlər bizə də aid oluna bilər, amma onların təsiri müxtəlifdir.
Nəzəriyyə tərəfinə keçməzdən əvvəl, E. Rüstəmovun çıxışının müvafiq hissəsini tam göstərmək lazımdır. Onun sözlərinə görə, “bu gün manat davamlı möhkəmlənmə təzyiqi altındadır. İlin əvvəlindən Dövlət Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var. Bu vəsait bazara çıxmayıb. Əgər bazara çıxsaydı bu gün Manatın məzənnəsi çox əhəmiyyətli möhkəmlənmiş olardı. Manat devalvasiya yox, revalvasiya təzyiqi altındadır. Manatın möhkəmlənməsinin müsbət, daha da çox mənfi tərəfləri var”.
Mərkəzi Bankın əsas funksiyası milli valyutanın məzənnəsi ilə bağlıdır. Tipik kapitalistik iqtisadiyyatda hər hansı ölkənin valyuta məzənnəsi isə iki əsas amildən asılı ola bilər:
1 – Qızıl – uzun müddət ölkələr müxtəlif formalı qızıl standartı tətbiq edirdilər (bəzi ölkələr formal olaraq indi də qızıl standartı tətbiq edirlər, amma formallıq olaraq qalır). Bu zaman pul vahidinin məzənnəsi qızılın həcmindən asılı olur. Ölkə daxilində nağd pul kütləsi ölkənin qızıl ehtiyatı əsasında formalaşır və bir pul vahidi müəyyən həcmdə qızıla bərabər olur. Eyni zamanda bu qızılın idxal və ixracına heç bir maneə yaratmır. Məhz qızılın pul vahidi həcmində artması revalvasiya, azalması isə devalvasiya adlanır. Amma 60-70-ci illərdən bəri bu sistemdən imtina ediblər. İqtisadiyyatın artımı qızıl həcminə uyğun gəlmirdi və ölkələr arasında ciddi problemlər müşahidə olunurdu. Nəticədə müasir dünyada əsas dünya valyutaları qızıldan imtina ediblər və əsasən ikinci amil üzrə məzənnə müəyyən edilir.
2 – Tələb və təklif əsasında. Pul da əmtəə növüdür, amma Marksa görə sadəcə əmtəələr arasında spesifik olanıdır. Onun qiyməti bütün digər əmtəələrə təsir edir. Amma başqa hallarda o da adi əmtəə kimi, alınıb-satıla bilər. Müasir dünyada bütün beynəlxalq valyutaların məzənnələri dünya bazarında məhz tələb-təklif əsasında formalaşır. Dollara tələbat daha yüksək olduqda, onun qiyməti (yəni başqa valyutalara qarşı məzənnəsi) artır, əks təqdirdə isə azalır.
Azərbaycan manatı da qızıl standart ilə tənzimlənmir. O da standart valyutalar sırasındadır. Sadəcə Azərbaycan manatı bir çox digər valyutalar kimi azad şəkildə konvertasiya (yəni mübadilə) olunan valyuta deyil. Dünya üzrə yalnız bir neçə valyutanı hər yerdə (dollar, avro, Britaniya funtu, Yapon yeni, İsveçrə frankı) mübadilə etmək olar. Onlardan başqa daha 13 valyutanı məhdud şəkildə qismən bir çox yerlərdə mübadilə etmək olar. Azərbaycan manatı isə Gürcü larisi, Rusiya rublu və digər belə tipli valyutalar kimi yalnız müəyyən sərhədlər çərçivəsində istifadə olunan valyutadır. Ona görə, burada valyutanın məzənnəsi dünya bazarında bu valyutaya tələbat ilə yox, daxili bazarda xarici valyutalara tələbat ilə tənzimlənir. Yəni əgər ölkə bazarına daimi xarici valyuta axını varsa və o daim yerli valyutaya və əksinə dəyişirsə, məhz bu mübadilə əməliyyatları əsasında məzənnə də formalaşır.
Bu məqama çatanda, biz yenə də E. Rüstəmovu yada salmalıyıq. Vaxtilə o tez-tez “üzən məzənnə” barədə danışırdı. İqtisadçıların irəli sürdüyü fikirlərə qarşı olaraq qeyd edirdi ki, Azərbaycan manatı Mərkəzi Bank tərəfindən tənzimlənmir və tamamilə bazar tərəfindən idarə olunur (yəni “üzür”). Reallıq bir qədər başqa vəziyyəti göstərdi. Hətta bu ilin iyulunda E. Rüstəmov dedi ki, “bu gün biz de-fakto sabit məzənnə rejimindəyik… Manatın məzənnəsinin “üzən-tənzimlənən” məzənnəyə keçməsi üçün proqram üzərində çalışırıq”.
Hər iki anlayış – “sabit” və “üzən-tənzimlənən” – göstərir ki, reallıqda manat hələ də tənzimlənən məzənnədir. Əgər məzənnə bazar tərəfindən idarə olunursa, onun sabit olmağı mümkün deyil. Misal üçün, iyulun 31-dən avqustun 7-nə kimi 1 barrel neftin qiyməti 66 dollardan 56,2 dollara kimi düşmüşdü. Azərbaycanın əsas ixrac məhsulunun neft olmasını nəzərə alsaq, bu avtomatik olaraq dollara tələbatı artırmalı idi. Çünki neft qiymətinin azalması Azərbaycan iqtisadiyyatına mənfi təsir edir və ölkə gəlirləri azalır. Nəticə etibarilə insanlar risklərdən qurtulmaq üçün xarici valyutalara keçirlər. Amma bu baş vermədi. İyulun 31-i dolların manata qarşı məzənnəsi 1:1,70 idi, avqustun 7-də bu məzənnə eyni səviyyədə qalmışdı. Hətta əlavə etmək olar ki, 1,70 məzənnəsi 2018-ci ilin martın 7-dən bəri sabit olaraq qalır. Yəni ən azı 1 il 5 ay 10 gün ölkə eyni məzənnə ilə yaşayır. Normal şəraitdə fəaliyyət göstərən bazarda bu mümkün deyil. Misal üçün, yanvar ayı hesabat dövrüdür və ixrac şirkətləri dolları satıb, vergi ödənişləri etmək üçün manat alırlar. O zaman manat “bərkiməlidir”. Başqa aylarda əksinə “ucuzlaşmalıdır” və s. Amma heç bir dəyişiklik baş vermir. Yeganə dəyişiklik 2018-ci ilin martın 7-də (özü də çox mənasız dövrdə – Novruz bayramı qabağı) baş verib. O da, manat 0,0001 bənd “bahalaşmışdı”. O zaman da eyni məzənnə 2017-ci ilin dekabrın 13-dən təsdiqlənmişdi.
Başqa tərəfdən, Azərbaycanda başqa bir vəziyyət də yarana bilməz. Misal üçün, Rusiyada ən azı bir neçə şirkət neft, 1000-dən çox şirkət müxtəlif digər məhsulları ixrac edir. Yəni, bütün bu şirkətlər ölkəyə valyuta gətirirlər. 2019-cu ilin iyulun 1-nə olan vəziyyətə görə isə, Azərbaycan ixracının 91,03% neft-qaz və elektrik enerjisinin payına düşür. Ölkədən bu məhsulları ixrac edən yalnız SOCAR-dır. Müvafiq olaraq valyutanı SOCAR, Dövlət Neft Fondu və Mərkəzi Bank əldə edir. Bütün digər məhsullar ixracın heç 9%-ni təşkil etmir. Bu və xarici ölkələrdən köçürülən vəsaitlər yalnız müəyyən qədər əhalinin yaşayışına kifayət edə bilir, amma iqtisadiyyat üçün azdır. Dövlət büdcəsi 1 ay ərzində 1-2 milyard dollar xərcləyir. Bütün qeyri-neft ixracat yalnız 7 ay ərzində 1,1 milyard dollar təşkil edir. Köçürmələr də təxmini olaraq eyni həcmdədir. Yəni bazara valyuta çıxardan yalnız dövlətdir (SOCAR, MB və SOFAZ). Başqa heç kim yoxdur. Nə qədər də bu bazarı “üzən”, “üzən-tənzimlənən” və s. adlandırırsan adlandır, bazar bir satıcıdan asılıdır. Yeri gəlmişkən, birbaşa alıcıların da sayı çox deyil (yalnız banklar, bir neçə iri şirkət).
Ona görə, belə bazarda hər hansı iqtisadi prosesin baş verməsi mümkün deyil. Bu bazarda həm devalvasiya, həm revalvasiya Mərkəzi Bankın aləti kimi çıxış edəcək. MB istəsə bu gün devalvasiya, sabah revalvasiya (yeri gəlmişkən, dolların məzənnəsi vaxtilə 1,93-ə çatırdı və sonradan 1,70-ə düşdü) edə bilər. Yəni bu təzyiq də yalnız Mərkəzi Bank tərəfindən gələ bilər. İqtisadiyyatın özü üçün isə heç bir təbii təzyiq yoxdur – vəziyyət sabitdir (sabit və ya staqnasiya – iqtisadiyyatda heç bir dəyişikliyin – nə artım, nə də azalmanın baş verməməsidir).