Mayın 18-də ölkənin ümumtəhsil müəssisələrinin IV siniflərində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçirilən monitorinqdən yəqin ki, çox şagird “Zağca travması” aldı. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarının, tədrisin keyfiyyətinin müəyyənləşdirilməsi idi. Hərçənd, sözügedən monitorinq daha çox ibtidai sinif müəllimlərinin peşəkarlığını yoxlamaq məqsədi daşıdığından şagirdlərin summativ qiymətləndirmə ballarına, sinifdən-sinfə keçmələrinə təsir göstərməyəcək.
Sovet dönəmində analoji monitorinqlər keçirilmirdi. Amma məktəbdə hansı sinfin zəif olması, hansı müəllimin keyfiyyətisz dərs keçməsi haqda hamı məlumatlıydı. Ona görə ibtidai sinifləri təhvil alan sinif rəhbərləri çalışırdılar ki, güclü, keyfiyyətli dərs keçən müəllimlərin şagirdlərini götürsünlər. Məsələn, bizim məktəbdə Qənirə adlı ibtidai sinif müəlliməsi o qədər keyfiyyətsiz dərs keçirdi ki, onun sinfinə heç bir müəllim yiyə durmaq istəmirdi. Yəni monitorinqsiz də müəllmlərin peşəkarlıq səviyyəsi məlum idi.
Bir valideyn kimi monitorinqlərin keçirilməsinin əleyhinə deyiləm. Əksinə, monitorinq müəllim və şagirdlərdə, həmçinin, valideynlərdə, məktəb rəhbərliyində məsuliyyət, cavabdehlik hissini gücləndirir. Lakin mayın 18-də keçirilən monitorinqə hazırlıq prosesi və monitorinqin özü, hələ həyata psixoloji müqaviməti formalaşmayan balacalarda məsuliyyətdən çox gərəksiz stressə, həyəcana səbəb oldu. Eyni zamanda bu proses Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məsuliyyətinə, peşəkarlığına əsaslı şübhələr yaratdı.
Monitorinqin sual kitabçasına nəzər yetirirəm. Azərbaycan dili və riyaziyyat üzrə, hər birindən 30 sual olmaqla, ümumilikdə şagirdlərə 60 sual ünvanlanıb.
Azərbaycan dilindən şagirdlərə iki mətn təkif edilir: “Zağca” və “Halal pul”. Məsələnin absurd tərəfi ondadır ki, hər iki mətnlə bağlı şagirdlərə informativ, məntiqi suallar ünvanlanıb. Bir neçə sual istisna olmaqla, digər suallarda Azərbaycan dilinin qaydaları, qrammatik əsasları-sintaksis, fonetik, leksik təhlil və s. bağlı nəsə yoxdur.
Yalnız “Hansı cümələdə məcazi mənada işlənmiş söz var” (“Zağca”) və “Mətndə “can qoymaq” ifadəsinin əvəzində işlənə bilən ifadələri müəyyən edin” (“Halal pul”) sualları bu mənada istisna təşkil edə bilər.
Digər suallar məntiqi, informativ yöndə qurulub: “Mütəxəssislərin təəccübünə nə səbəb olmuşdu”, “Mətndə zərərverici həşəratlarla bağlı hansı mübarizə üsulları göstərilib”, “Zağcalarla bağlı hansı fikir doğru deyil”, “Atanı narahat edən əsas məqam nə idi”, “Ana nə üçün oğulun işləməyini istəmirdi” və s. Əgər təklif olunan sualların bir qismi dil qaydaları ilə bağlı olsaydı, o zaman məntiqi, informativ məzmunlu suallar ümumi fonda normal görünərdi. Ona görə testi tərtib edən mütəxəssislərə bir neçə sualım var:
Məntiqlə dilin qaydaları arasında fərqin nədən ibarət olduğunu bilirsiniz?
Bu, Azərbaycan dili ilə bağlı testdir, yoxsa uşaqlar təbiətşünaslıq fənnindən imtahana çəkiliblər? Və əgər uşaqların məntiqi düşüncəsi sizi narahat edirsə, zəhmət çəkin, məntiqlə bağlı ayrıca test salın.
Məsələnin daha bir maraqlı tərəfi var. Monitorinqdən sonra məktəblərdə, sosial şəbəkələrdə müəyyən müəllim qrupları testin düzgün cavablarını yayıblar və bu zaman növbəti ziddiyyətli məqamlar üzə çıxıb. Məsələn, “Zağca” mətni ilə bağlı belə bir sual qoyulub: “Mətndəki hadisələrə əsasən ardıcıllığı tamamlayın”.
Yutub platformasında Azərbaycan dili üzrə mütəxəssis Rəşad Hümbətov D varinatının üzərində dayanıb. Amma votsapda bir qrup peşəkar müəllimin yaydığı cavablarda A variantı doğru cavab kimi seçilib.
Mən bu tapmacanın cavabını özlüyümdə belə çözdüm. Hadisələrin məntiqi arıdıcllığına əsasən A, mətndə göstərilən ardıcıllığa əsasən isə D doğru cavabdır. Bu mənada hər iki versiya düzdür. Lakin mənə maraqlı olan, bu testi tərtib edənlərin mövqeyidir. Əgər müəllimlər arasında ziddiyyət varsa, bu halda şagirdin cavabı necə olmalıydı və həqiqət hardadır?
Uşaqları çaşdıran əsas suallardan biri zağcanın rəngi ilə bağlı olub. Mətndə qeyd edilir ki, zağcanın rəngi, bənövşəyi-göy olur. Tapşırıq isə belədir: “Mətnin məzmununa əsasən zağcanın şəklini müəyyən edin. Verilən dörd şəkildən uşaqlar əsasən bənövşəyi rəngə fokuslandıqlarından yanlış quş şəklini seçiblər. Amma burda başqa bir problem var. Monitorinqdə iştirak edən minlərlə uşaq arasında daltonizmdən əziyyət çəkənlər ola bilməzdimi?
Monitorinqə qatılan 20-ə yaxın uşağın nəticəsiylə tanış oldum və belə başa düşdüm ki, şagirdlər suallardakı qarışıqlıq, qeyri-müəyyənlik səbəbindən ən çox Azərbaycan dilindən səhv cavablar yazıblar. Riyaziyyatdan düzgün cavabların sayı üstünlük təşkil edib. Hərçənd, riyaziyyat üzrə testdə bir sual ümumiyyətlə, mütəxəssislər tərəfindən səhv qoyulub. Və nəticədə bu sual uşaqların xeyrinə hesablanıb.
Bütün bunlar, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə bağlı şagirdlərdə necə təsəvvür yaradacaq? İlk növbədə qurduğunuz sistemin keyfiyyətinə, peşəkarlığınıza, inamsızlıq və şübhə… Təhsil eksperti Elşən Qafarovun dediyi fikirlə mən də razıyam: “Monitorinqin nəticələri məktəblərin nəticələri kimi hesablandığına görə məktəb direktorları, onların müavinləri, ibtidai sinif müəllimləri məktəblərdə monitorinqlər zamanı çox həyəcanlı mühit yaradırlar”.
Doğrudan da, uşaqları bu qədər stressə, gərginliyə soxmaqda əsas məqsədiniz nədir? Onsuz da onları il ərzində çox yükləyirsiniz. Onsuz da şagirdlər tez-tez KSQ, BSQ kimi qiymətləndirmələrə cəlb olunurlar. Onda bu həngaməyə nə ehtiyac var?
Təhsil ekspertləri deyir ki, IV-VI siniflərdə təhsil alan uşaqların imtahanlara cəlb edilməsi bir sıra beynəlxalq tədqiqatlarda uyğun hesab edilmir. Əgər monitorinq tədrisin keyfiyyətini süzgəcdən keçirmək məqsədi daşıyırsa, onda adekvat, faydalı metodlar düşünün.
İlk növbədə dərslikləri keyfiyyətli, dolğun hazırlayın ki, valideynlər əlavə dərs vəsaitləri, test topluları, iş dəftərləri almağa məcbur olmasınlar. Nəticədə çəkisi 25 kilosu olan uşaq hər gün məktəbə 20 kiloluq çanta daşıyır.
Və belə gərəksiz monitorinqlərin keçirilməsinə qərar vermədən öncə, öz iş prinsplərinizi qiymətləndirin ki, şagirdlər “Zağca travması” almasınlar.