Norveçdə kişi ailə başçısı deyil
“Bu şəhərdə kişiləri uşaq arabası sürməyə məcbur edirlər…” Rusiyalı videoblogger İlya Varlamovun Oslo barədə ilk təəssüratı belə idi. Müşahidə olaraq doğrudur, yanaşma olaraq – əsla. Çünki Norveçdə heç kim kişini uşaq arabası ilə gəzməyə məcbur eləmir. Bu, həyat tərzidir, son onilliklərdə qaydaya, sıradan bir şeyə çevrilib. Norveçdə kişilər uşaqlarını gəzməyə aparır, onlara yemək bişirir, paltarlarını yuyub-ütüləyir, oynayır. Bunun üçün bəzən atalıq məzuniyyətinə də çıxırlar.
Sadaladıqlarım təkcə köklü norveçlilərə və ya təkcə Osloya aid deyil. Burda bütün şəhərlərdə bütün irqdən, dindən, millətdən olan kişilərin uşaq arabası ilə gəzdiyini, parklarda uşaq bezi dəyişdirdiyini rahat görmək mümkündür. Siz məsələn, Bakıda bir qafqazlı, kürd, ərəb, rus barədə müəyyən stereotiplərə sahib ola bilərsiniz. Amma Norveçdə bu stereotipləriniz darmadağın olacaq, çünki burda onlar və bütün millətlərdən olan kişilər uşaq kolyaskası sürən, parkda uşaq bezi dəyişən, evdə yır-yığış edən adamlardır.
Təbii ki, bunu öz xoşu ilə etməyənlər də var. Heç kimin xətrinə dəyməyim deyə, öz ailəmdən başlayım. Norveçə gəldiyimiz ilk axşam kommuna nümayəndəsi evimizə gəldi. Qəhvə hazırladım. Süzdüm, həyat yoldaşım onunla danışarkən, uşağa baxdım. Bir neçə gündən sonra həmin nümayəndə ilə görüşdə mənə dedi ki, bizim ailədəki iş bölgüsü və atmosfer onun xoşuna gəlmir. “Həyat yoldaşınız sanki kraldır, hər şeyi siz edirsiniz. Bu, əsla belə olmamalıdır. Bəlkə sizə təzyiq edir buna görə? Narahatlığınız varsa, bizimlə bölüşün, biz problemi yoluna qoyarıq…”
Dedim ki, əslində yoldaşım məişət despotu deyil, sadəcə iş bölgüsündə ev işləri mənə bir az artıq düşüb, bunu könüllü edirəm. Nə qədər şiddət görmədiyimi, evdə bərabərlik olduğunu iddia etsəm də, inanmadı. Bir il boyunca mənimlə təbliğat apardı, kafeyə dəvət elədi, başqa qadınlarla görüşdürdü, Norveçdə ailədə qadınla kişinin hüquqlarının qeyd-şərtsiz bərabər olduğunu dedi və bir il boyunca demək olar ki, hər söhbətdə həyat yoldaşımın hansı işləri gördüyünü israrla soruşdu.
Təbii ki, belə “sıxma-boğmadan” sonra həyat yoldaşım iş bölgüsündə daha məsuliyyətli oldu. Əvvəllər etmədiyi uşaq bezi dəyişmək, uşağı yedirtmək və qalan bütün ev işlərində əlindən gələni etməyə başladı. Doğrudur, yemək hələ də bişirə bilmir, amma bu işi özüm çox sevdiyimdən, üstünə getmirəm. Çay-qəhvə hazırlayır, bəsdir.
Mənimlə aparılan təbliğat Norveçə gələn bütün qadınlarla aparılır. Ona hüquqları izah edilir, müxtəlif görüşlər, kurslar, təlimlər vasitəsilə qadınlara təlqin edilir ki, evdə yemək, paltar, təmizlik, uşaq qayğısı təkcə sizin deyil, yarıbayarı həyat yoldaşınızın qayğısıdır. Tələb edin, edə bilmirsinizsə, biz onunla danışarıq. Əgər sizə fiziki və ya psixoloji şiddət göstərirsə, bizə deyin, ilk hərəkətdə yaşadığınız kommuna, polis, uşaq qoruma təşkilatı, ailə və uşaq qurumları – hamısı sizi qoruma altına alacaq.
Belə söhbətlər kişilərlə də aparılır. Xüsusilə, gəlmələrlə. Onlara ailə barədə deyilən ilk qayda belə olur: “Norveçdə ailə başçısı kişi deyil, qadın və kişi hər ikisi ailə başçısıdır”. Ona izah edilir ki, həyat yoldaşına pis davranmaq, qadağalar qoymaq, onun istəmədiyi nəyisə tələb etməyə haqqı yoxdur. Əgər gəlmə bir ailədə kişi həyat yoldaşını döysə, pis davransa, adətən qadın və uşaqlar ondan uzaqlaşdırılır, kişi özü isə deport edilir. Daha ağır şiddət göstəribsə, həbs yatır və həbsdən sonra deport edilir.
Şiddəti norma kimi qəbul edib susmaq burda mümkün deyil. Qadın şiddət gördüyü ərindən və ya partnyorndan şikayətçi olmasa belə, təhlükəli vəziyyət yaranacaq. Məsələn, qonşu, dövlət işçisi, hər kimsə qadının şiddət gördüyünü isbatlasa, qadın özü isə inkar etsə, yenə də kişi cəzalanacaq. Ailədə uşaq varsa, ana şiddət gördüyü ərindən şikayət etmirsə, uşaq ailədən yəni anadan da alınacaq, çünki burda qanun hesab edir ki, şiddətə susub razı olan, bunu norma kimi qəbul edən insanın əsəbləri yerində deyil və onunla yaşamaq uşaq üçün təhlükəli ola bilər. Yəni qadın istəsə belə, şiddətə susa bilməz. Yəni “O bilər, mən bilərəm” söhbəti burda keçmir. Şiddəti normal qəbul edən qadın qınanır, çünki cəmiyyət üçün təhlükəli bir insanın yetişməsinə rəvac verir.
Zatən ailədə uşaq varsa, ata da onları itirməkdən qorxursa, şiddət göstərməsi çətin məsələdir, çünki Norveçdə uşaqların yanında valideynlərin bir-birinə qışqırması, əsəbiləşməsi, neqativ enerji ötürməsi qadağandır, uşaq travma ala bilər.
Bu arada, şiddət anlayışı Norveçdə çox genişdir. Bizim kimi ölkələrdə polis və ya qadın sığınacaqları işi o vaxt ciddiyə alır ki (onu da hələ alsalar) ortada fiziki şiddət var, yəni qadın döylüb. Ciddi şiddət kimi də o vaxt qəbul edirlər ki, qadın dəfələrlə döyülür və yarımcan gəlir şikayətə.
Norveçdə belə deyil. Burda şiddət kateqoriyasına bir çox davranışlar girir.
Fiziki şiddət
Vurmaq, bədəninə hər hansı xətər yetirmək.
Partnyoru zorlama və ya seksual qısnama. (Azərbaycanda, məsələn, həyat yoldaşının etdiyi seksual təcavüzü zorlama kimi qəbul etmirlər, guya bu normaldır).
Bədəninə razılığı olmadan istənilən müdaxilə və ya buna cəhd.
Psixoloji şiddət
Qışqırma, hədələmə, qorxutma, sorğu-sual etmə. Yəni nəsə soruşmaq olar, amma ittihamedici şəkildə sorgu-sual etmək artıq psixoloji şiddət kateqoriyasına girir.
Davamlı tənqid etmək.
İqnor etmək. Yəni bir ya bir neçə gün dindirməmək, suallarına cavab verməmək iqnor hesab edilir və psixoloji şiddətin bir növü kimi qəbul edilir.
Qadın bunlardan birini görərsə, ilk şiddət qurbanları sığınacağına zəng edə bilər. Bu nömrələr az qala bütün dövlət müəssisələrinin divarlarında var. Bu qurumların mövcudluğu barədə də hər qadına fərdi olaraq, məlumat verilir. Qadının sığınacağa zəng edib, təkcə adını deməyi kifayətdir. Dəqiqələr ərzində məlumatlar bazasından qadının ünvanı tapılır və polisin müşaiyəti ilə qadın da, uşaq da o ünvandan alınır. Sonra isə təbii ki, şiddət göstərən məsuliyyətə cəlb edilir, məhkəmə və digər prosedurlar həyata keçirilir.
Bizə qəribə gələcək, amma Norveçdə adi olan şeylər
Rəsmi nikah yoxdursa, amma cütlük bir ildən çox bir yerdə yaşayırsa, ayrılanda qadın evli qadının sahib olduğu haqlara sahib olur. Məsələn, birlikdəlikləri zamanı alınan bahalı əşya və əmlak yarı bölünür. Onların birlikdə bir il yaşadıqlarını bir qonşunun ya qohumun təsdiq etməyi yetərlidir.
Qadının həyat yoldaşından (kişinin də bu haqqı var) maaşı göstərilən sənədləri və ya bankdan çıxarış (gəlirlərini bilsin deyə) tələb etmə haqqı var. Yəni qadın ərinin nə qədər qazandığını bilməlidir.
Bütün xırda və böyük alış-verişlər, uşağın ad qoymsından tutmuş tərbiyəsinə qədər hər şey razılaşdırılmalıdır.
Cütlük boşananda, uşağın ata və ana ilə qalması bərabər bölüşdürülür, daha bizdəki kimi, ata təkcə həftəsonları baxmalı deyil uşağa. Yəni ata həftənin üç gün yarımını uşaqlarına baxmalı, onların qayğısına qalmalıdır. Qalmırsa, bu, uşağa olan haqqdan imtina kimi qəbul edilir və kommuna anaya ayda iki dəfə istirahət etsin deyə, köməkçi ailə tapır. Məsələn, mən boşansam, yoldaşım desə ki, mən baxmıram uşaqlara, kommuna iki həftədən bir uşaqları aparıb, başqa bir ailədə qoyacaq ki, mən iki gün dincəlim. Uşaqlara baxan ailələr də, illərlə yoxlanmış adamlardır.
Soruşa bilərsiniz ki, məsələn, evdə işlərin bərabər bölüşdürülməyini hardan bilirlər və ya şiddət gizli qala bilərmi? Çətin. Çünki sizin evinizə gələn qonşu və ya tanış ailə üçün də, siz müşahidə obyektisiniz, bərabərlik görməsələr, sizə hörmət etməyəcəklər. Şiddət hiss etsələr, əlaqədar qurumlara xəbər verəcəklər.
İnsanlara hər yerdə baxır və davranışlarına qiymət verirlər. Əgər qadına azca hörmətszilik, ya da şiddət görsələr, market, küçə, teatr, aptek olsun, fərq etməz, müdaxilə edəcəklər, haqq-hesab çəkəcəklər, qadını qoruyacaqlar. Daha bizdəki kimi, evində ya həyətində döyülən qadına baxıb, susub, evinə girmir.
Xüsusilə gəlmələr üçün, yaxşı, şiddət göztərməyən, sivil kişi kimi görünmək, bu imici yaratmaq çox vacibdir. Çünki əks halda, işi, oturumu, uşaq üzərindəki haqqı və daha çox şey əlindən çıxa bilər.
“Baharın on yeddinci anında” Ştirlitsin dediyi kimi “Tut vse pod kolpakom u Müllera!”
P.S. Bütün bunlarla yanaşı, Norveçdə də qadına şiddət var. Statistikaya görə hər 10 qadından biri şiddətə məruz qalır. Amma şiddətdən adətən şikayət edildiyi üçün, statistika aparmaq və şiddət göstərəni cəzalandırmaq mümkün olur. Ailə üzvərinin şiddətini ictimailəşdirmək və ya şikayət etmək tabu olmasın deyə, orta məktəblərdə, universietlərdə, iş yerlərində dövlət müəssisələri və qadın haqlarını qoruyan təşkilatlar müxtəlif təlimlər aparır.