Alzheimer xəstəliyi demensiya növlərindən ən geniş yayılmışıdı. Yaşla əlaqədar beyin hüceyrələrinin neyrodegenerasiyası nəticəsində yaddaşın tədricən itməsilə müşayiət olunur. Bu xəstəlik son illər barəsində ən çox danışılan patologiyalardandır. Buna səbəb isə tibbin və yaşayış standartlarının artmasıyla bağlı insanın əvvəlkindən daha çox yaşamasıdır. Alzheimerə bəzən “beynin taleyi” də deyirlər. Sanki təbiət özü beynimizə zamanı gəldikdə işə düşəcək özünüməhv mexanizmi yerləşdirib.
Təsəvvür edin ki, özünüzə çay tökmək istəyirsiniz, amma fincanınızı hara qoyduğunuz yadınıza gəlmir. Sonra isə onu təsadüfən paltaryuyan maşının içində tapırsınız. Əlbəttə gündəlik həyatımızda demək olar ki, hər gün nəyisə unutduğumuz olur. Bu hələ Alzheimer demək deyil. Adi diqqətsizlik də belə xırda amneziya hallarına səbəb ola bilər. Alzheimer tipli demensiya daha dərin və ağır xəstəlikdir.
Bəs bu xəstəlik necə yaranır?
Beynimizdə 86 milyard uzun-ötürücü (akson) və qısa-qəbuleidici (dendrit) çıxıntıları olan sinir hüceyrəsi var – neyronlar. Beynin fəaliyyəti bu neyronların bir-biri ilə yaratdığı əlaqə kombinasiyasından başqa bir şey deyil. Mobil rabitə yaranmazdan əvvəl telefon rabitəsi komutator vasitəsi ilə həyata keçirdi. Siz harasa zəng etmək istəyəndə həmin komutator sizin xətti lazım olan nömrənin xəttinə qoşurdu və beləliklə əlaqə yaranırdı. Beyin fəaliyyətini də belə təsəvvür etmək olar. Sanki hüceyrələr komutator kimi, öz aksonlarını lazım olan neyronun dendritinə calayırlar. İki neyron çıxıntısının bir-biri ilə birləşməsi “sinaps” adlanır. Hər birimizin beynində 100 trilliona qədər sinaps var. Bizi biz edən gördüyümüz, eşitdiyimiz, toxunduğumuz, sevdiyimiz, qorxduğumuz, yadda saxladığımız, bir sözlə, qavradığımız hər şey bu sinapsların müxtəlif kombinasiyasıdır. Hər saniyə beynimizdə minlərlə yeni sinapslar yaranır.
İndi gəlin, sinapsa yaxından baxaq
Əslində neyronlar bir-birinə fiziki olaraq toxunmurlar. Onlar arasında əlaqə çıxıntıların bir-birinə maksimal yaxınlaşması nəticəsində qurulur. Bu zaman iki çıxıntı arasında qalan mikroskopik boşluğa – “sinaps yarığı” və ya “hüceyrəarası yarıq” deyilir. Sinir hüceyrəsində yaranan impuls burada müxtəlif kimyavi proseslərə çevrilir. Yəni impulsun ötürülməsi çoxumuzun təsəvvür etdiyi kimi elektro-fiziki deyil, elektro-kimyavi prosesdir. Neyronda yaranan elektrik impulsu akson vasitəsilə sinapsa çatanda orada olan xüsusi maddələrlə dolu qabarcıqlar partlayır və onların möhtəviyyatı sinaps yarığına tökülür. Bu maddələrə “neyro-mediatorlar” və ya “neyro-transmittorlar” deyilir. Qarşı tərəfdəki dendritin üzərində isə bu mediatorları qəbul edən reseptor və kanallar var.
Amma sinapslarda baş verən bu vacib proseslər zamanı transmembran zülalların aminturşusu qalıqlarından beta-amiloidlər adlanan peptidlər də yaranır. Bu peptidlərin normal fizioloji rolu bu günədək bəlli deyil, amma onların, daha doğrusu, onlardan birinin – beta-amiloid 42-nin Alzheimer xəstəliyinin yaranmasında müstəsna rol oynadığını bilirik. Beta-amiloidi normal neyrotransmissiya proseslərinin tullantı maddəsi kimi də nəzərdən keçirə bilərik.
Amma milyonlarla il təkamül məhsulu olan beynimizdə bu tullantı maddələri təmizləyən xüsusi qoruyucu hüceyrələr – mikroqliya hüceyrələri də mövcuddur. Onlar daim təmizlik işçisi kimi sinapsları beta-amiloiddən təmizləyirlər. Əgər bu proses lazımi səviyyədə getməsə, beta-amiloid molekulları bir-biri ilə birləşərək, amiloid laxtaları yaradırlar ki, bu laxtalar da sinaptik boşluqları tıxayaraq impulsun ötürülməsinin qarşısını alır və sinaps faktiki olaraq yararsız hala gəlir.
Amiloid laxta miqdarı 15-20 il ərzində toplanaraq, böhran həddə çatanda, onu təmizləyən mikroqliya hüceyrələri işin öhdəsindən gələ bilmir. İltihab və hüceyrələrin zədələnməsinə səbəb olan maddələr ifraz olunmağa başlayır. Ehtimal ki, funksiyası pozulmuş mikrogliya hüceyrələri bu dəfə təmizlik əvəzinə sinapsların özlərini məhv edirlər. Bundan başqa kliniki əlamətlərin üzə çıxmasında həlledici rolu oynayan neyro-hərəki funksiyası olan tau zülalının hiperfosforlaşması və bununla da beyin hüceyrələrini artıq içdən zədələyən tau yumağlarının yaranması oynayır.
Beləliklə, bir tərədfən sinapsı sıradan çıxaran amiloid laxtaları, digər tərəfdən də neyronun özünü dağıdan tau yumaqları və patoloji glial hüceyrələr beyin hüceyrələrini və sinapsları məhv edirlər.
Bundan başqa genetik faktorların da rolu qaçılmazdır. Məsələn APOE4 geni amiloid laxtalarının formalaşması riskini artırır. Əgər siz həm ata, həm də ananızdan bu genləri almısınızsa, bu risk daha da artıq olacaq.
Beləliklə, deyilənlərdən belə nəticəyə gəlirik ki, bu prosesin qarşısını almaq üçün amiloid laxtalarının formalaşmasının qarşısını almaq lazımdır. Əslində, hazırda Alzheimerin müalicəsi yönündə gedən tədqiqatların əsas istiqaməti də budur. Burda problem yalnız ondadır ki, bu dərmanları xəstəlik yaranmamışdan əvvəl, özü də çox-çox əvvəl atmaq lazım gələcək. Xatırlayırsızsa, demişdik ki, amiloid laxtaları 15-20 il müddərində tədricən toplanırlar.
Bəs onda nə etməli? Xərçəng, diabet və infarkt kimi əsrimizin bəlasına çevrilmiş Alzheimerin qarşısını necə almalı?
Bunun üçün birinci görəcəyimiz iş yuxu rejimimizə nəzarətdir. İş orasındadır ki, glial hüceyrələr məhz dərin ləng yuxu zamanı fəaliyyətə başlayırlar. Buna görə də 7-8 saatlıq gündəlik yuxu amiloid laxtalarının akkumulyasiyasının qarşısını alan əsas faktordur. Özü də bu proses qarşılıqlıdır. Yalnız bircə gecə yuxusuz qalma artıq amiloid laxtalarının toplanmasına səbəb olur. Amiloid laxtalarının toplanması isə öz növbəsində yuxu siklinin pozulmasına səbəb olur və beləliklə qüsurlu dövran yaranır.
Yuxu siklini qaydaya salmaq üçün nə etmək lazımdır?
Mütəmadilik çox vacibdir. Çalışın hər axşam eyni vaxtda yatasınız. Bunu vərdiş halına çevirdikdən sonra şərti refleks yaranacaq və çox əziyyət çəkməyə gərək qalmayacaq.
Fiziki məşqlər edin. Əvvəl də qeyd etdiyimiz kimi fiziki məşqlər beyin üçün çox vacibdir. Fiziki yorğunluq həmçinin tez yuxuya getməyə də kömək edir. Yeri gəlmişkən, heyvanlar üzərində təcrübələr göstərir ki, fiziki məşqlər yeni beyin hüceyrələrinin yaranmasını stimullaşdırır. Bəli bizim öyrəşdiyimiz “sinir hüceyrələri bərpa olunmur” məsələsi əslində mifdir. Sinir hüceyrələri də başqa hüceyrələr kimi yenilənir. Düzdü bu proses xeyli ləng gedir.
Axşam saatlarında kofein, nikotin və alkoholdan uzaq durmağa çalışın.
Yuxunu relaksasiya ayininə çevirin. Yatmamışdan əvvəl duş ala bilərsiniz və ya hansısa başqa sakitləşdirici prosedurlar həyata keçilə bilərsiniz.
Yataqda ayıq uzanmayın! Əgər uzandıqdan bir az sonra yuxunuz gəlmirsə, ayağa qalxın, yataq otağını tərk edin və bir az fiziki işlər görün. Sonra yenidən yatağa qayıdın.
Yataq otağınızı qaranlıq, sakit və bir az sərin saxlayın.
Yatdığınız yeri yuxu və intim aktivitetlərdən başqa heç nə üçün istifadə etməyin. Yataqda işləmək, oxumaq zərərli şərti reflekslər yaradır və həmin yataqda yatmağa mane olur.
Əgər uzun müddət yuxu pozğunluğu davam edirsə, həkimə müraciət edin.
Bundan başqa ürək-qan-damar sistemi xəstəlikləri, diabet, piylənmə, tütün istehlakı, yüksək xolesterol kimi faktorlar da demensiyanın bu növünü risk faktorları sırasındadır. Autopsiya tədqiqatları göstərir ki, Alzheimer xəstələrinin 80%-də həmçinin ürək-qan damar xəstəlikləri olur.
Normal yuxudan əlavə fiziki aktivitetlər, xüsusən kardio məşqlər və ağırlıqlı idman da Alzheimerin qarşısını almaqda yardım edə bilər. Heyvanlar üzərində təcrübələr göstərir ki, fiziki aktivitetlər amiloid betanın toplanmasını azaldır.
Bir də neyroplastiklik məsələsi
Beynimiz çox mütəhərrik və mürəkkəb sistemdir. Hələ 20-ci əsrin ortalarına qədər elə bilirdik ki, beyində hər funksiyaya cavabdeh müəyyən mərkəzlər var və onlar sabitdir. Lakin bəlli oldu ki, bu belə deyil. Əlbəttə ki, baş beyində müəyyən funksiyaları yerinə yetirən mərkəzlər var, amma onlar sabit deyillər və hər hansı mərkəz zədələndikdə, onun funksiyasını başqa mərkəz öz üzərinə götürür. Buna da neyroplastiklik deyilir.
Bəs neyroplastiklik Alzheimerə qarşı necə istifadə oluna bilər?
Yaddaş – beynimizin yaşanmış fraqmentlərini bir məntiqi formaya salmaq funksiyasıdır. Yəni biz bir şeyi yada salmaq istədikdə, beynimiz onunla əlaqəli bildiklərimizi bir yerə toplamağa başlayır. Nəticədə alınan təsvir bizim həmin əşya barədə yaddaşımızdır. İnformasiya isə beynimizdə sinapslar kombinasiyası şəklində formalaşır. Yəni, məsələn, həmin fincan misalına nəzər salsaq, o fincanı xatırlamaq istəyəndə beynimiz onun rəngini, formasını, onun kimin tərəfindən bizə bağışlandığını təsbit etmiş sinapsları işə salır. Ona görə də bir əşya, insan və ya hadisə barədə nə qədər çox şey bilsək, onu xatırlamaq daha asan olacaq. Tutaq ki, fincanın rənginə və formasına cavabdeh sinapsları amiloid laxtası məhv edibsə belə, onun kimin tərəfindən hədiyə olunduğunu təsbit edən sinaps hələ sağdırsa, bu sinapsın vasitəsilə fincanı xatırlayacaqsınız.
Ona görə də fiziki məşqlərlə yanaşı, beyni də daim inkişaf elətdirmək vacibdir. Müşahidələr göstərir ki, monoton cari işlərlə məşğul olan, mütaliyə etməyən, yeniliklərə açıq olmayan insanlar arasında Alzheimer xeyli çox yayılıb.
Odur ki, daim yeniliklərə açıq olun, 50 yaşdan sonra da yeni dil öyrənməkdən çəkinməyin, mütaliə edin, daşlaşmış fikirlərinizdən imtina etməyi öyrənin.
Bir də Alzheimer zamanı emosional yaddaş itmir. Siz oğlunuzun ya qızınızın 5 dəqiqə əvvəl sizə dediyini unuda bilərsiniz, amma o deyilən söz sizə sevinc bəxş etmişdisə, bu hissi xatırlayacaqsınız.
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.
Ən yeni yazılar