Deyilən sözlərə sorğu-sualsız təslim olmaq, sual verməyi, yaxud “yox” deməyi bacarmamaq… Bunlar bir xeyli bəlaya səbəb olub.
Belə insanların çoxluq təşkil etməsi özləri də daxil hamı üçün təhlükə yaradır. Hətta yuxarıda da dediyim kimi, bir zamanlar bəşəriyyətin bəlasına çevrilib.
Bu indi sosial media üçün də keçərlidir. İnsanları istədikləri vaxt aldada, yüklədikləri yalnış informasiya ilə məhvə sürükləyə bilirlər.
Təbii ki, bunun üzərindən xeyli maddi gəlir əldə edənlər də var.
Məsələn, belə cəmiyyətlərdə falçılıq, mövhumat daha geniş yayılır. Dini zəmində qanlı mübahisələrin, müharibələrin ardı-arası kəsilmir.
Yadıma Leonardo Şaşanın “Sicilyalı əmilər” (orj. Leonardo Sciascia. Sicilian uncles – T.Ş.) kitabındakı “Antimon” hekayəsindən bir neçə əhvalat düşdü.
“Antimon” təhlükəli işlər və kasıblıq üzündən 1936-cı ildə İspaniyada başlamış daxili müharibəyə Mussolininin dəstəyi ilə göndərilən pullu əsgərin başına gələn hadisələrdən söhbət açır. Döyüş bitəndə kəndlərinə dünya görüşü dəyişmiş biri olaraq qayıdan keçmiş əsgər insanların müharibə haqqında fikirlərinin nə qədər yalnış olduğunu görür, amma anlayır ki, bunu heç kimə izah etmək mümkün deyil, çünki onlar görmədikləri şeylərə inanırlar.
Ayda bir dəfə kimsə kameranı əlinə alıb düz paytaxtın mərkəzində “LGBT+” mövzusuna dair sorğu keçirir. İstənilən sual verilir. Bir-bir yazmağın mənası yoxdur.
Yenə eyni, dəyişməyən cavablar alınır: “Bizim öz həyat tərzimiz var, belə bir şey qəbul olunmazdır”, “Öldürərəm”. Ən çox eşitdiklərimiz bunlardır.
Buyaxınlarda azərbaycanlı bir tanışdan eşitdim: Hansısa müəllim universitetdə gənclərin qarşısında çıxışı zamanı bir uşağı elə yataqdaca boğub öldürə biləcəyini deyib.
Hamı sadəcə alqışlayıb və bu sözlərə o gənclərin heç biri qarşı çıxmayıb. Təəccüblənmirəm. Yeniyetmələrlə söhbətimdə də eyni tonda çıxışların şahidi olmuşam. Bir az dərinə gedib danışdıranda görmüşəm ki, nə dediyinin fərqində deyil.
Belə nümunələr çoxdur. Nə dediyini özü də bilmədən təkrarlayan adamlar kifayət qədərdir. Müəllim deyir, şagird təkrarlayır; valideyn deyir, övlad təkrarlayır; qonşu deyir, o biri qonşu da təkrarlayır. Ağızdan-ağıza, qulaqdan-qulağa yayılır, məsuliyyəti dərk edilmir.
Yazını yazanda Folknerin “Avqust işığı” romanını da xatırladım. Kitabı bitirəndə mənə elə gəlmişdi ki, bu romanı oxumağa xeyli gecikmişəm. Bir az da ləng oxudum. Bu hər dəqiqə belə olmur; bəzən hansısa romanı oxuduqca baş verənlər haqqında öz-özünə sual vermədən keçə bilmirsən. Bəzən nəyisə oxuyanda oxuduqlarından yox, oxuduğun zaman ağlına gələnlərdən də nəticə çıxarır, nəsə öyrənirsən. Bu roman da elə oldu; daha əvvəl də haqqında düşündüyüm şeyləri gözdən keçirməyə başladım.
“Avqust işığı” romanını oxuya-oxuya öz-özümdən soruşdum: İnsanlar niyə bir-birilərini irqlərə, millətlərə ayırıb? Bütün bunlar niyə belə olub? Bütün bu qəddarlıqlar necə baş verib? Əsərin doğulduğu gündən bəri əzabla yaşayan əsas qəhrəmanı Kristmas, babasının öz qızına və ona etdiyi qəddarlıqlar, nənəsinin çarəsizliyi… Bayron, Lukas, Lina üçlüyünün hekayəsi… Sonda bütün baş verənlərdən xəbərsiz ev alqsı-satqısı ilə məşğul olan bir adamın yolda Bayron və Linanı öz maşınına götürəndən sonra başına gələnləri lağlağı şəkildə evə gəlib həyat yoldaşına danışması, o yol, Bayronun xarakteri…
Bu romanda Folkner hər şeyi çox aydın, heç bir qarışıqlıq yaratmadan izah edə bilib. Əyalətdə yaşayan insanların özləri də hiss etmədən meydanlara toplaşması, onların kəsilməyən uğultusu… Bu roman haqqında çox şey yazmaq olar. Bacarmayacağımdan qorxub uzatmaq istəmirəm.
Tarixdən çox ciddi nəticələr çıxarmalı idik, amma olmadı. Medianın kütləni idarə etməsi dəhşətdir. Özü də sözün əsl mənasında 21-ci əsrə aid olmayan mövzularla.
Bəzi şeylər var, onları yaşamamışıq, o hadisələrin içində olmamışıq, lakin bu o demək deyil ki, onlar haqqında düşünməməliyik və ya özümüzə aid etməməliyik.
“Öldürmək” feilinin adi sözmüş kimi istifadə olunması dəhşətdir.
Uşaqlara, yeniyetmələrə, gənclərə sual verməyi qadağan edib, “yox” deməyi onların faciəsinə çevirib, hər deyilən sözə, söylənən fikrə təslim olmağı öyrədib ancaq belə əzablı, dəhşətli bir cəmiyyət formalaşdırmaq olar. Bütün bəlalarımızın qaynağı bunlardır. İnsanlar nəyin düz, nəyin səhv olduğunu anlamağa ya gecikirlər, ya da heç vaxt anlamırlar.