23 may tarixində Beynəlxalq Muğam Mərkəzində IV Bakı Müasir Musiqi Günləri Festivalı çərçivəsində Azərbaycanın ilk müasir musiqi kollektivlərindən biri olan SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib.
1995-ci ildə pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov, gitaraçı Rövşən Məmmədov və bəstəkar Elmir Mirzəyev tərəfindən yaradılan SoNoR ansamblı postsovet Azərbaycanında uzun müddət müasir və avanqard musiqi sahəsində fəaliyyət göstərən yeganə müstəqil kollektiv kimi tanınıb. Ansambl sonradan Müasir Musiqi Təşəbbüs Mərkəzinə çevrilərək ölkədə çağdaş musiqinin inkişafında, yeni estetik tendensiyaların formalaşmasında və eksperimental musiqi düşüncəsinin təşviqində mühüm rol oynayıb.

Yubiley gecəsini festivalın aparıcısı, musiqişünas Sara Timurova açaraq SoNoR ansamblının yaranma tarixindən, kollektivin Azərbaycan müasir musiqisinin inkişafındakı rolundan, həmçinin ölkədə avanqard və eksperimental musiqi mühitinin formalaşmasına verdiyi töhfələrdən danışıb.

Daha sonra çıxış edən mədəniyyət nazirinin müşaviri, musiqişünas Cahangir Səlimxanov SoNoR-un fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, kollektivin illər ərzində səsləndirdiyi əsərlərdən seçmələr artıq Azərbaycan müasir musiqi tarixinin mühüm hissəsinə çevrilib. O, SoNoR-un ölkənin musiqi məkanında oynadığı xüsusi rolu vurğulayaraq ansamblın yalnız ifa kollektivi deyil, həm də müstəqil yaradıcı təşəbbüs, yeni estetik düşüncə və eksperimental sənət platforması kimi əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Turan Məmmədliyeva isə SoNoR-un Azərbaycan musiqi mədəniyyətində alternativ yaradıcı düşüncənin formalaşmasına təsirindən danışıb, kollektivin müxtəlif nəsil bəstəkar və ifaçılar üçün mühüm platformaya çevrildiyini vurğulayıb.

Sonda kollektivin uzun illər bədii rəhbəri olmuş Elmir Mirzəyev çıxış edərək SoNoR-un 1990-cı illərin mürəkkəb ictimai və mədəni şəraitində yarandığını, həmin dövrdə çağdaş musiqi üçün müstəqil bir platforma yaratmağın əsas məqsəd olduğunu bildirib. O qeyd edib ki, ansambl illər ərzində müxtəlif ölkələrdə keçirilən festivallarda iştirak edib, yeni əsərlərin sifariş və premyeralarını həyata keçirib, çağdaş musiqinin Azərbaycanda davamlı ənənəyə çevrilməsinə töhfə verib.
Gecədə həmçinin SoNoR-un artıq həyatda olmayan yaradıcı üzvləri – klarnetçi Nizami Zeynalov və gitaraçı Rövşən Məmmədovun xatirəsi ehtiramla yad edilib. Ansamblın fəaliyyət illərində Azərbaycanın çağdaş musiqisinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində gördüyü işlər, müxtəlif ölkələrdə keçirilən festivallarda iştirakı və yeni əsərlərin premyeraları xüsusi olaraq xatırlanıb.
Tədbir çərçivəsində SoNoR ansamblının tarixi və fəaliyyəti mövzusunda bir çarx nümayiş etdirilib.

Daha sonra SoNoR ansamblı üçün müxtəlif illərdə xüsusi olaraq yazılmış əsərlər dinləyicilərə Cadenza Orkestrinin solistləri tərəfindən dirijor Samir Əsədovun idarəsi altında təqdim olunub.

Tədbir dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.







