Şərqə inqilabın ixracı məsələsi və fikir ayrılıqları
Nərimanovun Rusiyada populyarlığını artıran əsas məqamlardan biri onun Şərqlə bağlı fikirləri idi. Lenin bu məsələdə Nərimanovun düşüncələrinə çox önəm verirdi. 1920-ci ilin iyununda “Kommunist” qəzeti Nərimanovu “proletar inqilabının rəhbəri” adlandırmışdı (İskenderov, 1958:460-461). O dövrdə bolşeviklər partiyasında belə fəxri adlara ancaq Lenin layiq görülə bilərdi. Stalinin də Nərimanovla münasibəti çox yaxşı idi və onun fikirlərinə önəm verirdi. Onun 1920-ci ildə Rəsulzadə ilə dialoqu Nərimanovun nüfuzunu qabarıq formada göstərirdi.
– Siz kiçik bir məmləkətsiniz, müstəqil olaraq özünüzü idarə edə bilməzsiniz. Başqa böyük bir dövlətlə anlaşmanız lazımdır.
– Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, lakin Nərimanın anlaşdığı tərzdə yox.
– Nərimanmı bizimlə, yoxsa bizmi Nərimanla anlaşdıq?! (Rəsulzadə, 2011:36).
Azərbaycanda Sovet hakimiyyəti qurulan kimi Nərimanov inqilabın yayılması üçün fəaliyyətə başladı. 1920-ci il sentyabrın 1-də Bakıda “Şərq xalqlarının qurultayı” keçirildi. Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdiyi bu qurultayda gələcəkdə bütün dünyada formalaşdırılacaq konfederativ respublikalar ittifaqı müzakirə edildi. Nərimanov Şərqdə inqilabı yaymaq üçün əsas körpünün İran və Türkiyə olduğunu düşünürdü. Bu səbəblə 1920-ci ilin sentyabrın 15-də Bakıda Türkiyə Kommunist Təşkilatlarının 1-ci qurultayı keçirildi. Mustafa Sübhinin rəhbərliyi ilə Türkiyə Kommmunist Partiyası (TKP) yaradıldı. Bu təşkilat vasitəsilə Türkiyənin sosialist respublikaya çevrilməsi nəzərdə tutulurdu. Azərbaycan imperialist qüvvələrə qarşı savaşan TBMM hökumətinə RSFSR ilə birlikdə ən böyük dəstək göstərən iki dövlətdən biri idi. İranın sovetləşməsi üçün isə 1920-ci il iyununda Gilanda formalaşan İran Sovet Sosialist Respublikasına (İSSR) maddi və hərbi yardım göndərildi. Bu dövrdə 800 Azərbaycan SSR əsgəri İran ərazisindəki döyüşlərdə iştirak edirdi (Qenis,1999:78). Lakin bir müddətdən sonra hərəkat daxildən parçalandı. İran Kommunist Partiyasının azərbaycanlı lideri Heydər xan Əmioğlunun Mirzə Kiçik xan tərəfindən öldürülməsindən sonra RSFSR hökuməti İSSR-ə dəstəyi dayandırdı (Sabahi,2005:129).
Bu vəziyyətdən istifadə edən Rza xan İSSR ərazisinə hərbi kampaniya təşkil etdi və buranı ələ keçirdi. Bu dövrdən sonra Nərimanovla Lenin arasında Şərq məsələsində fərqli fikirlər ortaya çıxdı. RSFSR rəhbərliyi Türkiyə və İranda inqilabın qalib gələcəyinə inanmırdı. Bu səbəbdən Mustafa Sübhi və yoldaşlarının Qara dənizdə öldürülməsinə heç bir reaksiya vermədi. Lenin İran və Türkiyənin anti-imperialist cəbhəyə qoşulmasının yetərli olacağını düşünürdü. Belə ki, İranda yeni formalaşan millətçi hökumət Böyük Britaniyaya qarşı sərt mövqe nümayiş etdirməyə başladı. 1921-ci il iyunun 22-də İran məclisi 2 il əvvəl imzalanmış “Böyük Britaniya-İran müqaviləsi”ni ləğv etdi (Mueller,2020:80). İranın tələbi ilə ingilis qoşunları ölkəni tərk etməli idi. RSFSR İranla imzaladığı müqavilə ilə bu ölkəyə Çar Rusiyası dövründəki bütün iddialardan imtina etdi. Lakin qeyd olunan müqavilə Nərimanovun ürəyincə deyildi. Azərbaycan SSR rəhbərliyi İranda olan ordusunu inqilabi mübarizəni davam etdirməsini istəyirdi. RSFSR-in təzyiqindən sonra 1921-ci ilin sonunda Azərbaycan SSR ordusunu İrandan çıxardı (Zeynalov, 1990:53). Nərimanov daha sonra bu məsələ ilə bağlı narazılığını “Ucqarlarda inqilabımızın tarixinə dair” əsərində qeyd etmişdi.
Bu dövrdə Azərbaycan SSR və RSFSR arasında daha bir anlaşmazlıq ortaya çıxdı. RSFSR Zaqafqaziya respublikalarının iqtisadi formada federasiya yaratmasını istədi. Lenin birləşmənin vətəndaş müharibəsindən sonra Zaqafqaziya respublikalarında əksinqilabi qüvvələrin qalıqlarının məhv edilməsinin, iqtisadiyyatın bərpasının, millətlərarası inamsızlığın və düşmənçiliyin aradan qaldırılması ilə əsaslandırırdı. Bu təklif Azərbaycan SSR rəhbərliyi tərəfindən narazılıqla qarşılandı (Xarmandaryan, 1969:128-133). Xarici işlər komissarı Mirzə Davud Hüseynov plenumda Azərbaycanın iqtisadi cəhətdən ayaq üstə durmasının daha sərfəli olduğunu bildirdi. Mirzə Davud Hüseynov və Ruhulla Axundov respublikaların birləşməsini ləngitmək üçün Leninə müraciət etdilər. Federasiya əleyhdarları arasında Nəriman Nərimanov, Ruhulla Axundov və Mirzə Davud Hüseynov fərqlənirdi (Afanesyeva və Smirnova,1989:114). Nərimanov Zaqafqaziya Federasiyasının yaradılmasında heç bir üstünlük görmürdü. Bu addım Azərbaycanın suverenliyini məhdudlaşdırırdı (Baberovski,2010:123). Bu məsələdə də RSFSR tərəfindən təzyiqə məruz qalan Azərbaycan SSR rəhbərliyi iqtisadi federasiyaya razılaşmalı oldu. 1922-ci il martın 12-də Tiflisdə keçirilən tədbirdə Ermənistan SSR, Gürcüstan SSR, Azərbaycan SSR birləşərək ZSFSR formalaşdırıldı. Nəriman Nərimanov 1922-ci il martın 12-dən dekabrın 13-dək ZSFSR İttifaqı Şurasının sədri oldu. Bu federativ respublikda ilin sonunda Belarus SSR, Ukrayna SSR və RSFSR ilə birlikdə SSRİ-ni formalaşdırdı. SSRİ-nin qurulması haqqında müqaviləni Azərbaycan SSR-dən Qəzənfər Musabəyov, Mustafa Quliyev və Sergey Kirov imzalamışdı.
1922-1991-ci illərdə Azərbaycan solu
SSRİ-nin formalaşması Azərbaycan kommunistlərinin istəyi xaricində idi. Bu səbəbdən mərkəz Nəriman Nərimanovu 1922-ci il dekabrın 30-da SSRİ MİK-nın sədri təyin edərək Azərbaycandan uzaqlaşdırdı. Nərimanovun yerinə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə təyin edilmiş Qəzənfər Musabəyov (1922-1930) milli kommunistləri təmsil edirdi. Azərbaycan bolşeviklərinin region respublikalarına təsiri güclü formada qaldı. Bu təsir nəticəsində Dağıstan MSSR-in dövlət dili türk dili (indiki azərbaycanca) elan olundu. Bu dövrdə Azərbaycan türk dünyasının mərkəzi rolunu oynayırdı. Dil vasitəsi ilə inqilabın ötürülməsi layihəsinə start verildi. 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay keçirildi. Bu qurultayda latın qrafikalı əlifba türkdilli xalqlar arasında rəsmi əlifba kimi qəbul edildi. Azərbaycan SSR 1929-cu ildə tam olaraq latın qrafikasına keçdi. 1930-cu ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsinə Dadaş Bünyadzadə (1930-1932) təyin olundu. Bünyadzadə milli komunistləri təmsil edən son bolşevik idi. SSRİ-də baş verən proseslər Azərbaycandan yan keçmədi. Stalinin ölkədə hakimiyyəti təkbaşına ələ keçirməsi ilə beynəlxalq inqilab anlayışı aradan qalxdı. “Tək ölkədə sosializm” prinsipi partiyanın əsas devizi oldu. Ölkədə başlanan kollektivizasiya və sənayeləşmə ciddi müqavimətə rast gəldiyi üçün zorakı metodlardan istifadə edilməyə başlandı. 1932-ci ildə Bünyadzadənin vəzifəsindən çıxarılaraq onun yerinə Beriyanın kadrı Mircəfər Bağırovun təyin edilməsi ilə ölkənin siyasi sistemi dəyişdi. Stalinin şəxsən iştirak etdiyi yeni Konstitusiya layihəsi hazırlandı. 1936-cı ildə ZSFSR-in ləğv edilməsi ilə Azərbaycan əvvəlki yarımmüstəqil statusuna qaytarıldı. Azərbaycanın Türkiyə ilə əlaqələrini qoparmaq üçün yeni bir milli kimlik formalaşdırıldı. Xalqın adı “azərbaycanlı”, dili isə “Azərbaycan dili” olaraq dəyişdirildi. Maraqlısı odur ki, 1 il sonra qəbul edilən Konstitusiyada dövlət dili olan hissə yox idi. Təxminən eyni dəyişiklər Orta Asiyada da həyata keçirildi. 1935-1939-cu illərdə Azərbaycan SSR-in qurulmasında iştirak etmiş bütün kommunistlər – Həmid Sultanov, Ayna Sultanova, Qəzənfər Musabəyov, Sultan Məcid Əfəndiyev, Ruhulla Axundov, Mirzə Davud Hüseynov, Dadaş Bünyadzadə repressiyada öldürüldü. Bununla da ölkədə milli kommunizmin ideoloji bazası məhv edildi. Milli kommunizmin lideri olmuş Nərimanovun adı tarix kitablarından silindi və “burjua millətçisi” adlandırıldı (Cronin,2013:191).
Bütün SSRİ-də başlayan rusifikasiya siyasəti Azərbaycandan yan keçmədi. 1939-cu ildə latın qrafikası ləğv edilərək kiril qrafikasına keçid rəsmiləşdi. Bununla belə, Stalinin tapşırığı ilə ölkədə titul xalqın millətçiliyinə keçid başlandı. 1920-ci illərdə ölkədəki etnik azlıqlarla bağlı həyata keçirilən layihələr (qəzet,kitab) ləğv edildi, bir çox xalq (talış, tat, kürd) azərbaycanlılaşdırılaraq statistikadan çıxarıldı. Azərbaycan xalqının Midiya imperiyası dövründə formalaşması haqqında tezis ortaya atıldı (Yilmaz,2015:33). Titul xalqın millətçiliyi anlayışı Böyük Vətən müharibəsində özünü göstərdi. 1941-ci ildə İrana girən Sovet ordusu 4 il sonra ərazidə Azərbaycan Milli Hökumətini formalaşdırdı. Bu hökumətin ideoloji və idarəetmə strukturu tamamilə Azərbaycan SSR kommunistləri tərəfindən həyata keçirildi. Böyük Britaniya və ABŞ-nin hərbi təhdidindən sonra Sovet Ordusu İrandan çıxarıldı. Köməksiz qalan Azərbaycan Milli Hökuməti İran qoşunlarına müqavimət göstərə bilmədi və süquta uğradı. Bununla belə, 1930-cu illərdə İranla qırılan əlaqənin yenidən formalaşması Azərbaycan SSR-də yeni bir coğrafi anlayışın – Cənubi Azərbaycanın yaranması ilə nəticələndi. Həmin termin Mirzə İbrahimov tərəfindən irəli sürülmüşdü (Axundova,2003:525). Bu anlayış tarixi metedologiya ilə birlikdə SSRİ dağılana qədər ölkədəki Sovet kimliyi üzərində öz təsirini qorudu. Bundan başqa, ilk dəfə bu dövrdə DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə edildi. Məsələ ilə bağlı 1945-ci ildə Mircəfər Bağırov Georgi Malenkova göndərdiyi məktubda DQMV-nin Ermənistana birləşdirilməsi müqabilində Ermənistan SSR-in azərbaycanlılar yaşayan 3 rayonunun, Gürcüstan SSR-in azərbaycanlılar yaşayan Borçalı mahalının, Dağıstan MSSR-in 2 rayonunun Azərbaycan SSR-ə verilməsini təklif etdi. Bu cür dəyişiklik ciddi problemlər yarada biləcəyi üçün SSRİ MİK Ermənistan SSR-in iddiasını rədd etdi. Stalininin ölümündən sonra başlanan siyasi yumşalma dövründə Azərbaycan solunda 1920-ci illərdəki milli kommunizm elementləri ortaya çıxmağa başladı. Azərbaycan SSRİ-də Latviya ilə birlikdə ən güclü milli sol düşüncəyə malik dövlət idi (Gorlizki & Khlevniuk, 2020:189).
1954-cü ildə Azərbaycan KP MK-nın 1-ci katibi olan İmam Mustafayev 2 il sonra Nərimanova və digər milli kommunistlərə bəraət verdi (Altstadt, 2016:211). O, Azərbaycan dilinin rus dili ilə müqayisədə prioritet olması ilə bağlı açıqlamaları ilə yadda qaldı. Bu səbəbdən Mustafayev 1959-cu ildə “millətçilik” ittihamı ilə vəzifədən kənarlaşdırıldı (Furman,2001:37). Lakin onun yerinə təyin edilən Vəli Axundovun iqtidarı zamanı milliləşmə daha da gücləndi. İlk dəfə onun dövründə Novruz bayramının keçirilməsinə başlanıldı. Bu məsələdə ona əsas təsir göstərən şəxs Azərbaycan KP MK-nin ideoloji şöbəsinin katibi Şıxəli Qurbanov idi (Axundova,2003:228). Bu dövrdə dövlət məmurları arasında etnik azərbaycanlıların sayı xeyli artdı. Vəli Axundov Mircəfər Bağırov kimi Cənubi Azərbaycan məsələsinə həssaslıqla yanaşırdı. Onun dövründə Azərbaycan Demokrat Firqəsinə maddi yardım ayrıldı, Seyid Cəfər Pişəvərinin qalıqları Fəxri xiyabana köçürüldü (“525-ci qəzet”, 14.05.2011:28-29). Milliləşmə dövrü 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyevin iqtidarı zamanı davam etdi. O, 1973-cü ildə sovet dili islahatı zamanı Azərbaycan dilinin ölkədə mədəniyyət və təhsilin titul dili kimi müstəsna statusunu qoruyub saxladı (Murinson, 2009:36). İlk dəfə onun dövründə Azərbaycan SSR-in rəsmi dili Azərbaycan dili elan olundu (Azərbaycan SSR Konstitusiyası,1978:73-cü maddə). Heydər Əliyevin iqtidarı zamanı DQMV-də millətçi nomenklaturanı sıradan çıxarmaq üçün Şamaxı ermənisi Boris Kevorkov DQMV KP-nin 1-ci katibi təyin edildi. Heydər Əliyev sonradan Dağlıq Qarabağın azərbaycanlılaşdırılması üçün əraziyə mütəxəssislərin göndərdiyini qeyd etmişdi. Vəli Axundovun dövründə başlamış Cənubi Azərbaycanla mədəni bağ Əliyevin iqtidarı zamanı da davam etdi (Axundova,2007:505).
1982-1988-ci illərdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Kamran Bağırov sələflərindən geri qalmadı. Onun dövründə başlanan Qarabağ münaqişəsi zamanı Azərbaycan Ali Soveti DQMV-nin birləşmə xahişini rədd etdi və bu əməli törədənləri ekstremist adlandırdı. Kamran Bağırovun yerinə təyin edilən Əbdürrəhman Vəzirov sələfi kimi Şuşadan idi və Qarabağ məsələsində həssas davranırdı. Onun etirazlarından sonra Arkadi Volskinin rəhbərlik etdiyi komitə buraxıldı və 1989-cu ildə Azərbaycan SSR-ə bağlı Respublika Komitəsi yaradıldı. Azərbaycan SSR ilk dəfə onun dövründə suverenliyini bərpa etdi və yarımmüstəqil statusdan faktiki müstəqil dövlətə çevrildi. Bu dövrdə ölkədə yenidən siyasi partiyalar formalaşdı. Araz Əlizadə, Zərdüşt Əlizadə və Leyla Yunusun yaratdığı Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) ölkədə qeydə alınmış ikinci partiya oldu (Babak, Vaisman & Wasserman, 2004:71). AFR kansleri Villi Brandtın sosial-demokrat nəzəriyyəsinə əsaslanan bu partiya ilkin dövrdə xeyli populyar idi. Əbdürrəhman Vəzirov 1990-cı ilin əvvəlində ölkənin cənubununda və Naxçıvan MSSR-də hakimiyyəti ələ keçirmiş cəbhəçilərə qarşı mübarizədə sona kimi Sovet ordusunun müdaxiləsinə icazə vermədi. Yalnız onun vəzifədən kənarlaşdırılmasından 2 gün sonra faktiki olaraq başsız olan Azərbaycana hərbi müdaxilə edildi (Kiknadze, 2003:183). 1990-cı ilin yanvarın 25-də Azərbaycan KP MK-nın 1-ci katibi təyin edilən Ayaz Mütəllibovun dövründə Azərbaycan OMON-u Sovet 4-cü Ordusu ilə birlikdə Qarabağda və Ermənistanda hərbi əməliyyat keçirildi. Bu dövrdə ölkədə kommunist ideal get-gedə zəiflədi. Moskvada çevrilişdən sonra siyasi sistemin də çökməsi ilə dövlət müstəqiliyi haqqında qanun qəbul edildi. Azərbaycan Kommunist Partiyası sentyabrın 14-də buraxıldı (Shaffer,2002:141). Bununla da Azərbaycanda kommunistlərin iqtidarı yekunlaşdı.
Müasir dövrdə Azərbaycan solu
Azərbaycanın müstəqil olduğu ilkin dövrdə ölkədə yeganə sol partiya ASDP idi. ASDP üzvü Zərdüşt Əlizadə 1991-ci ildə keçirilən prezident seçkilərində öz namizədliyini irəli sürmüşdü. Lakin seçkilərə az qalmış öz namizədliyini geri götürdü. ASDP bu dövrdə faktiki olaraq Prezident Ayaz Mütəllibovla ittifaqda idi. ASDP sədri Araz Əlizadə Müdafiə Şurasının üzvü seçilmişdi. O, 1991-ci ilin noyabrında Azərbaycan dövlət xadimlərinin olduğu hərbi vertolyotun vurulmasından sonra hökuməti Ermənistana müharibə elan etməyə çağırmışdı. 1992-1993-cü illərdə ölkədə etnik azlıqların dominant olduğu sol partiyalar formalaşdı. 1991-ci ildə yaranan Talış Xalq Partiyası (TXP) daha sonra Azərbaycan Xalqlarının Bərabərliyi Partiyası (AXBP) adı ilə qeydiyyatdan keçdi. Hilal Məmmədovun rəhbərlik etdiyi bu partiya 1993-cü ilin avqustunda separatçılıqda ittiham edilərək qadağan olundu. Həmin dövrdə formalaşan digər partiya isə Ləzgi Xalq Partiyası (LXP) idi. Bu partiya sonra Azərbaycan Milli Bərabərlik Partiyasına (AMBP) çevrildi. Partiyanın sədri Fəxrəddin Aydayevin hökumət daxilində vəzifə tutmasından sonra təşkilat buraxıldı (The Europa World Year Book Online, 2003:627).
2000-ci ilin əvvəllərinə qədər Azərbaycanda mövcud olan sosialist partiyalar və liderləri aşağıdakı kimi idi:
Azərbaycan Sosialist Partiyası – Şapur Qasımi, Mübariz İbadov.
Liberal Sosialist Partiya – Hacı Əbdül.
Sosialist Ekoloji Partiya – Seyran Vəliyev.
Azərbaycan Fəhlə Partiyası[1] – Akif Həsənoğlu.
Azərbaycan İşçi Partiyası – Sabutay Marnedov.
Azərbaycan Demokratik Sol Partiyası – Mehman Əmirəliyev.
Azərbaycan İslam Partiyası[2] – Hacı Əli İkram Əliyev.
Qaynaq: (The Europa World Year Book Online, 2003:627-628).
Azərbaycanda sol hərəkat 1994-cü ildə aktivləşdi. 1994-cü ilin yazında Ramiz Əhmədovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası qeydiyyatdan keçdi. Qısa müddətdə partiya üzvlərinin sayı 64 minə çatdı (Dawisha & Parrott, 1997:148). Ramiz Əhmədovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası ateizmdən imtina etmişdi, orta sinifi qəbul edirdi və qanuni vasitələrlə gəlir əldə edən burjuaziyanı alqışlayırdı. Eyni dövrdə Sayad Sayadovun formalaşdırdığı Vahid Azərbaycan Kommunist Partiyası (VAKP) özünü AKP-nin varisi qeyd etdiyi üçün Ramiz Əhmədovla açıq konfliktə girdi. [3] Bir müddət sonra Ramiz Əhmədovun partiyasında parçalanma yaşandı. Firudun Həsənovun rəhbərlik etdiyi fraksiya yeni partiya qurdu. Reformist Azərbaycan Kommunist Partiyası (RAKP) faktiki hökumətə bağlı oyuncaq qurum idi (Muradyan, 2000:121). Əksəriyyəti ruslardan təşkil edilən qurumun “Azərbaycan həqiqəti” adlı qəzeti yayımlanırdı. Hökumətə loyal olan bu partiya bir müddət sonra qanuni kommunist partiya kimi dövlət tərəfindən təsdiqləndi (Babak, Vaisman & Wasserman, 2004: 30). Bu amil partiyaya seçkilərdə iştirak etmə şansı verdi. 1998-ci ildə keçirilən Prezident seçkilərində iştirak edən Həsənov 29.244 səslə (0,9 faiz) dördüncü yeri tutmuşdu (Nohlen, Grotz & Hartmann,2001:364). Lakin müxalif AKP-nin lideri Ramiz Əhmədov apardığı mübarizə sayəsində partiyanın hüquqi varisliyinini hüquqi yolla əldə edə bildi (Çernyavski, 2002:173). Əhmədovun kütlələrlə yaxşı işləməsi ilə AKP 2000-2001-ci il parlament seçkilərində böyük uğur əldə etdi. 182.029 nəfər (6,33 faiz) Azərbaycan vətəndaşı seçkilərdə AKP-yə səs verdi. Ramiz Əhmədov və Rauf Qurbanov deputat seçildi. Lakin bu uğuru növbəti illərdə davam etdirmək mümkün olmadı. Azərbaycan sol partiyaları get-gedə zəiflədi və iqtidar yönümlü qurumlara çevrildi. Bu transformasiyanı ASDP-nin həmsədri olmuş Zərdüşt Əlizadə də təsdiqləyir: “Vaxtilə bizim Sosial-Demokrat Partiyası sol partiya idi, 2000-ci ilə qədər qanunvericilikdə muzdlu əməkçilərin hüquqlarını müdafiə edən qanun-qaydaların tətbiqinə çalışırdıq. 2000-ci ildən sonra Sosial-Demokrat Partiyası öldü, oldu bir alət. Kommunist partiyaları isə, ümumiyyətlə, Heydər Əliyev kursundan kənara çıxa bilmədilər”.
Bu cür siyasət nəticəsində ASDP-də parçalanma baş verdi. 2008-ci ildə partiyadan çıxarılan Elşən Manafov Demokratik Sol Partiya (DSP) adlı təşkilat qurdu. Eyni proses daha güclü AKP-də də baş verdi. Partiyanın sədri Ramiz Əhmədovun 2007-ci ildə ölümündən sonra Rauf Qurbanov və Rüstəm Şahsuvarovun rəhbərlik etdiyi fraksiya arasında mübarizə başladı. Plenum Rauf Qurbanovun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edərək Şahsuvarovu yeni sədr seçdi. Lakin Qurbanovun tərəfdarları ayrıca plenum təşkil edərək bu qərarı tanımadı. Partiya faktiki 2 qanada bölünmüşdü. Bir müddətdən sonra Rüstəm Şahsuvarovun rəhbərlik etdiyi qolda partiya daxili mübarizə başladı. Ələsgər Xəlilovun yeni sədr seçilməsi ilə partiya yenə bölündü. Bu qərarı tanımayan Rüstəm Şahsuvarov öz fraksiyası ilə partiyadan ayrılaraq Azərbaycan Proqressiv Sosialist Partiyasını (APSP) qurdu. Ələsgər Xəlilovun partiyası daha sonra ideoloji olaraq marksist-leninist olan Telman Nurullayevin fraksiyası[4] ilə birləşərək Azərbaycan Kommunist Partiyası İttifaqını formalaşdırır. Sonda legitim partiya hüququnu Rauf Qurbanov əldə edir. Lakin burda da bir neçə il sonra partiya daxili mübarizə başladı. Sədr müavini Gülnisə Məhsimova[5] ilə Rauf Qurbanov arasında başlayan mübarizə birincinin 2014-cü ildə partiyadan çıxarılması ilə nəticələndi. Gülnisə Məhsimova 2015-ci ildə partiya adından istifadə edərək başqa bir qol formalaşdırdı. Bu qrupa RF KP ilə əlaqəli olduğu üçün “Züqanovçular” deyilirdi. Bu cür parçalanmalara baxmayaraq, kommunistlər bir neçə dəfə birləşməyə cəhd etdilər. 2008-ci ilin noyabrında Azərbaycan Sosialist Partiyası, Azərbaycan Kommunist Partiyası, Vahid Azərbaycan Kommunist Partiyası, Marksizm və Leninizm əsaslı Kommunist Partiyası Azərbaycan Sol Qüvvələrinin İttifaqını (ASQİ) formalaşdırdılar. ASDP-nin boykot etdiyi bu ittifaq qısa müddət sonra dağıldı. 2015-ci ildəki cəhd də uğursuz alındı.
Haçalanmış vəziyyətdə olmasına baxmayaraq, istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın kommunist partiyaları milli çərçivədə hərəkət etdilər. Azərbaycan KP sədr müavini olmuş polkovnik-leytenant Aydın Şiriyev Birinci Qarabağ müharibəsində 701-ci briqadanın qərargah rəisi kimi Kəlbəcər cəbhəsində döyüşmüşdü. Azərbaycan Kommunist Partiyası atəşkəs dövründə də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar idi. Cənubi Osetiya, Abxaziya, Dnestryanıdan olan kommunist partiyalar Beynəlxalq Kommunist İttifaqına üzv olsalar da Azərbaycan KP-nin prinsipiallığı nəticəsində Dağlıq Qarabağ Kommunist Partiyası bu quruma üzv ola bilmədi. 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan KP rəsmi olaraq hərbi əməliyyatları dəstəklədi. Müharibəyə öz oğlunu göndərən yeganə partiya sədri Rauf Qurbanov olmuşdu. Müharibədən sonra Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnaməyə etiraz edən partiyalardan biri Azərbaycan KP idi.
Nəticə
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda güclənən sol hərəkatın ümumi tarixinə nəzər yetirdikdə bu düşüncənin daim içində milli kontekstlə yoğrulduğunu görmək mümkündür. İstər Çar Rusiyası dövründəki “Hümmət” üzvləri, istərsə də “Azərbaycan Kommunist Partiyası” iqtidarda olduğu 71 il ərzində milli maraqlardan kənar addım atmadı. Belə məsələlərdə bəzən Rusiya bolşeviklərinə təsir edərək, bəzən isə etiraz edərək öz mövqelərini bildirməkdən vaz keçmədilər. Nərimanovun Qax-Zaqatala, Naxçıvan, Dağlıq Qarabağ məsələsində, Mirzə Davud Hüseynovun, Ruhulla Axundovun, Mirbəşir Qasımov, İmam Mustafayev dil məsələsində, Mircəfər Bağırov, Vəli Axundovun, Heydər Əliyevin Cənubi Azərbaycan məsələsində prinispiallığı Azərbaycan SSR-in milli respublika kimi formalaşmasına böyük təsir göstərdi. Hər nə qədər müasir Azərbaycan tarixçiliyində bu dövr ərzində ölkə torpaqlarının bir qisminin guya qonşu dövlətlərə peşkəş verilməsi ilə bağlı əsası olmayan iddialar uydurulsa da tarixi həqiqəti dəyişdirmək mümkün deyil. Belə ki, Azərbaycan SSR-in 1926-cı ildə ərazisi 84.679 kvadrat kilometr idi (Статистическое Обозрение, 1927:94). Azərbaycan SSR-in 1926-1991-ci illərdə ərazisi nəinki azalmamış, əksinə 1921 kvadrat kilometr artmışdı. Bu artım xüsusilə Ermənistan hesabına (Alagöllər sektoru, Başkənd kəndi ətrafı, Zəngilanın qərbi) həyata keçirilmişdi.
Ölkə solunun formalaşdırdığı inteligensiyanın məhvi müasir dövrdəki Azərbaycan solçularında marjinallaşma yaradıb. Kütlələrə təsir etməkdə acizlik, xalqın milli hisslərini ələ salma son nəticədə içinə qapalı, heç bir real fəaliyyəti olmayan aqressiv qrup yaradıb. Bu qrup üzvləri dağıdıcılıq formulası üzərindən hərəkət edərək milli məsələ ilə iqtidar arasında hər hansı baryer qoymur və hər şeyə etiraz edir. Hökumətlə bir yerdə görünməmək adı ilə erməni millətçiləri ilə bir mövqedə durmaqdan çəkinməyən bu cür şəxslər öz fikirlərini oturdacaq nə siyasi platforma, nə də bir konstruksiya qoya bilməyiblər. 1918-ci ildən bəri davam edən münaqişəni “Əliyevin müharibəsi” adlandıran bu qrup 1919-cu ildə Azərbaycanda Müsavat iqtidarı ola-ola “Qarabağ Azərbaycanın ərazisidir. Bu ərazini ayırmaq istəyənlər millətçi daşnaklardır” sözlərini deyən Anastas Mikoyan, Sergey Kirov qədər belə “milli” ola bilmədilər. Vəziyyəti düzəldə biləcək tək nüans kor-koranə ideoloji fanatizm deyil, xalqın psixoloji, mənəvi xüsusiyyətini nəzərə alan bir marksist anlayışdır. Nərimanovçuluq 1920-ci ildə olduğu kimi indi də aktuallığını saxlamaqdadır.
İstifadə edilən ədəbiyyat
Azərbaycan dilində
Rəsulzadə, M. Ə. (2011). Stalinlə ixtilal xatirələri.
İngilis dilində
Altstadt, A. (2016). The Politics of Culture in Soviet Azerbaijan, 1920-40. Routledge.
Babak, V., Vaisman, D., & Wasserman, A. (2004). Political organization in central Asia and Azerbaijan: sources and documents. Routledge.
Cronin, S. (Ed.). (2013). Iranian-Russian Encounters: empires and revolutions since 1800 (Vol. 14). Routledge.
Dawisha, K., & Parrott, B. (Eds.). (1997). Conflict, cleavage, and change in Central Asia and the Caucasus (Vol. 4). Cambridge University Press.
Esposito, J. L., & Shahin, E. E. D. (Eds.). (2013). The Oxford handbook of Islam and politics. Oxford University Press.
Gorlizki, Y., & Khlevniuk, O. (2020). Substate dictatorship: Networks, loyalty, and institutional change in the Soviet Union. Yale University Press.
Mueller, C. (2020). The Origins of the Arab-Iranian Conflict: Nationalism and Sovereignty in the Gulf Between the World Wars. Cambridge University Press.
Murinson, A. (2009). Turkey’s entente with Israel and Azerbaijan: state identity and security in the Middle East and Caucasus. Routledge.
Nohlen, D., Grotz, F., & Hartmann, C. (Eds.). (2001). Elections in Asia and the Pacific: A Data Handbook: Volume I: Middle East, Central Asia, and South Asia. OUP Oxford.
Sabahi, H. (2005). British policy in Persia, 1918-1925. Routledge.
Shaffer, B. (2002). Borders and brethren: Iran and the challenge of Azerbaijani identity. MIT Press.
Yilmaz, H. (2015). National identities in soviet historiography: The rise of nations under Stalin. Routledge.
Rus dilində
Афанасьева, В. Г., & Смирнова, Г. Л. (1989). Урок дает история. М.: Полиздат.
Ахундова Э. ( 2003).Это мы. Дом сказки.
Ахундова, Э. (2007). Гейдар Алиев: 1969. Озан.
Баберовски, Й. (2010). Враг есть везде. Сталинизм на Кавказе.
Генис, В. Л. (1999). Большевики в Гиляне: провозглашение Персидской советской республики. Вопросы истории, (1), 64-80.
Зейналов Р. Э. (1990) Военное строительство – военно-патриотическая и оборонно-массовая работа в Азербайджанской ССР в период строительства социализма (1920 – июнь 1941 г.). Элм.
Искендеров, М. С. (1958). Из истории борьбы коммунистической партии Азербайджана за победу Советской власти. Азербайджанское гос. изд-во.
Кикнадзе, А (2003) Бакинская подкова. Азер-Медиа.
Мурадян, И. М. (2000). Политика США и проблемы безопасности региона Южного Кавказа. Изд. Дом “Антарес”.
Фурман, Д. (2001). Азербайджан и Россия. In Азербайджан и Россия. Общество и государство.
Хармандарян, С. В. (1969). Ленин и становление Закавказской федерации: 1921-1923. Айасган.
Чернявский, С. И. (2002). Новый путь Азербайджана. Азер-Медиа, Книга и бизнес.
[1] Bakıdan kənarda yaradılmış ilk sol partiya idi. Qərargah Sumqayıtda yerləşirdi.
[2] (Esposito və Shahin,2013:315).
[3] Bu partiya da bir müddət sonra parçalandı. Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin sədri Musa Tukanov eyni adda digər partiya formalaşdırdı. Tukanov xarici siyasətdə Rusiya əleyhinə idi. O, Rusiyanı erməni meylli olmaqda və eyni zamanda Çeçenistanda apardığı müharibəyə görə tənqid edirdi (“İran və Qafqaz” jurnalı, 2000:362). Musa Tukanovun 1996-cı ildə “Kommunist” qəzetini yenidən bərpa etmək üçün etdiyi müraciət mətbuat və informasiya naziri vəzifəsini icra edən Nəriman Həsənzadə tərəfindən rədd edildi. 2018-ci ildə rüşvətə görə həbs edilən Tukanov şərti cəza ilə azad edilib.
[4] 1996-cı ildə partiyadan ayrılmışdı.
[5] Bəzi mənbələrdə Maksimova olaraq qeyd edilir.







