Bizim tipli cəmiyyətlərdə belə bir oturuşmuş fikir var ki, Avropa geylərin hüququnu qorumaqla uçuruma gedir, orada yaşayan insanların az qala üçdən biri ya geydir, ya fahişə.
Əslində, bu yanaşma Qərbin uzun tarixi proseslərdən keçərək formalaşdırdığı müasir dəyərlər sistemini anlamamaqdan qaynaqlanır.
Avropa, faşist Almaniyasının əfsanəvi Enigma şifrləmə cihazının kodunu qırmaqla İkinci Dünya müharibəsinin gedişini, bəlkə də nəticəsini dəyişən Alan Turing kimi dahini, cinsi orientasiyasına görə məcburi axtalayan və intihara məcbur edən Avropadır. İnsanları milli mənsubiyyətinə görə Auschwitz, Dachau qaz kameralarında boğan, dəri rənginə görə seqreqasiyaya məruz qoyan da həmin Qərbdir. Üstəlik, bunlar hələ yaxın 20-ci əsrdə elədikləridir. Bunun, hələ qadınları “paçka-paçka” tonqalda yandıran inkvizisiyasını-zadı demirəm.
Məsələ bundadır ki, bütün bu poxları yemiş Qərb sonda belə nəticəyə gəlib ki, bu etdikləri səhv imiş.
Özü də, heç də yalnız ona görə yox ki, məsələn, yəhudini Siklon B ilə boğmaq ayıb hərəkətdir. Mən artıq hər hansı cəmiyyətin belə ülvi hisslərlə alışıb-yanmasına inanacaq yaşda deyiləm. Yox. Ona görə ki, məsələn, həmin o boğduğu və ya ölkədən qovduğu yəhudi gələcəkdə həmin ölkənin alimi ola bilərdi və ölkəyə N qədər xeyir gətirə bilərdi.
Bütün bu tarixi təlatümlər nəticəsində Qərbin formalaşdırdığı ən əsas dəyər isə insan şəxsiyyətinə hörmətdir. Qərbdə insanın qələmini qıranda da bunu çox nəzakətli gülüşlə, şəxsiyyəti alçaltmadan edirlər. Bizim insana isə bu, ikiüzlülük kimi gəlir, amma səbəb daha dərindir. Səbəb insan şəxsiyyətinə hörmətin sementlənmiş dəyərə çevrilməsidir. Sən qatilə ömürlük həbs cəzası verə bilərsən, amma onun şəxsiyyətni alçalda bilməzsən.
Qərbdə Breyvikin komfortlu şəraitdə həbs yatması da, LGBT fərdlərinin sərbəst parad keçirə bilməsi də, qadınların cəmiyyətin istənilən təbəqələrində təmsil olunması da bu prizmadan dərk edilməlidir.
Yoxsa inanın ki, Qərbdə homofobların, millətçilərin, mizoqinistlərin sayı heç də bizdəkindən az deyil. Amma bu adamlar bilirlər ki, cəmiyyətin qəbul etdiyi qaydalar var və bu qaydaları qəbul etməsən, uğursuz olacaqsan. Ona görə də, şəxsi fikirlərini boru şəklində qatlayıb müvafiq yerlərində gizlədirlər.
Biz Qərb sivilizasiyası ilə zaman-zaman təmasda olsaq da (əsasən Rusiya üzərindən), bütün bu tarixi yolu onunla bərabər keçməmişik. Rusiya, məsələn, müəyyən məsələlərdən keçib, amma doğru nəticələr çıxarmayıb. Biz isə heç keçməmişik belə…
İndi bizim seçimimiz var. Ya öz inkvizisiya tonqallarımızı qalayıb orada qadınlarımızı yandırdıqdan sonra bunun gətirdiyi acı nəticələri görüb dəhşətə gəlib, nəticə çıxarmaq, ya da artıq Qərbin keçdiyi yolu öyrənib ona uyğun milli konsepsiya qurmaq.
İkinci əlbəttə ki, daha cətin yoldur. Hər xalq bunu etməyi bacarmır.