Tanınmış repçi Xpert, may ayının 1-i sayca yeddinci, 4 trekdən ibarət olan “7EDDi” adlı albomunu təqdim edib. Beatləri Gee WRLD-a aid olan albomun musiqi direktorluğu OGB, səs texnikası Para Beinə aid olan albomun prodüseri Orxan Atadır. Vizualdan məsul şəxslər – rejissor Orxan Ata, sinematoqrafçı Elçin Cooper, Əli Əliverdizadə, işıq rejissoru isə Ayxan Tandır. Albom bütovlükdə 101MoonAve və 101MoonRecords məhsuludur. AzLogos Xpertlə yeni albom, azrep və başqa məsələlər haqda söhbətləşib.
Ələkbər Əliyev: Sahəni ümumiyyətlə bilməyən bir adam kimi, bu söhbəti eləmək mənim üçün çətindir. Bildiyin mövzuda müsahibə almaq da asan başa gəlmir – ağıllı görünmək üçün replika atmaqdan özünü saxlaya bilmir, müdaxilələr edir adam. Bunları özümü sığortalamaq üçün bəribaşdan deyirəm, hansısa sualım gülməli səslənsə, gülməyəsən deyə. Son albomundakı 4 trekin dördünü də dinlədim. Təəssüratım belədir ki, elə bil hansısa ruhani mərtəbəyə ucaldığını bəyan etməyə çalışmısan, metafizik hava vurdu məni. Metafizikanın repə gəlməsi yeni trenddir, yoxsa hansısa ənənəni davam etdirmisən?
Xpert: Yox, yeni deyil, metafizikaya müxtəlif reperlər toxunublar məndən əvvəl. Elə başda Anar Nağılbaz olmaqla. Mənimki sadəcə ifadə tərzindəki fərqdir. Anarın özünün treklərin birində dediyi kimi: “Kiminsə 100 il əvvəl dediyini, deyirik bu gün fərqli”. Əminəm bu fərqi, Xpertin ifadəsindəki xüsusiliyi dinləyicilər də tutacaq. Bir vacib detalı da qeyd edim ki, hər nə qədər başqalarının treklərində buna rast gəlinsə də, mən ifadə edəndə insanlar mənə daha çox inanırlar, bunu hiss edirəm, bunu bilirəm və buna çox sevinirəm, çünki əsas prioritet səmimiyyətdir, hətta kommersiya mövzusunda belə, gərək səmimiliyi əsas prinsip kimi rəhbər tutasan. Məsələn, bir milyon dollarım olacaq, yüz min manat qazanacam deyirəmsə, buna inanıb deyirəm, sözgəlişi yox.
Çox “azərbaycanlı” bir sual verəcəm – haradan öyrəniblər, nə üçün bunu əsas götürürlər bilmirəm, amma sənətçiyə mütləq “Biləcəri” meyarı ilə yanaşılır bizdə. İstənilən səbəbə görə sənə etiraz ediləcəksə, məqsəd səni sancmaq, söz soxmaqdırsa ilk ağıla gələn bu olacaq: “Biləcəridən kənara çıxmısan, ya yox?” Yəni, çıxmamısansa, aman, nəyi müzakirə edirik ki? Hamilə turşuya yeriklədiyi kimi, bunların da canı interneşnl səviyyə çəkir. Rast gəlmisən?
Olub. Buna bir cür kompleks deyək, keçək. Keçək deyəndə ki, əslində, bizim sahədə “interneşnl” olmağın meyarı gəlib texnikaya dirənir. Bu janrda bir nöqtədən sonra istedad yetərli olmur, çünki həmin nöqtədən sonra şairin, repçinin işi bitmiş olur. Bu işin mətbəxində sənin üzərinə düşən nədirsə, onu gəlib səsyazmada eləyib gedirsən. Sonra böyük bir komandanın işi başlayır. Şahidi olduğum bir gerçəyi deyim – bu komanda nə qədər şaxəli, geniş, dərindirsə, proyekt də o qədər uğurlu alınır. İstər mix-mastering, istər səsin editi, istər klip, istər albom çıxandan sonra onun promotionu olsun – bunların hamısı, nəzərə alsaq ki, hər şey hazırda reklamla bağlıdır, uğurun rəhni sayılır. Komanda işi – bu qədər!
Bir zamanlar mən də öz evimdə, öz mətbəximdə, bu iş üçün aldığım mikrofona jinglelar yazıb buraxmışam, əldə etdiyim effekt də elə gözlədiyimdən artıq olmayıb. Yəni, yatırım eləmədiyim məhsul kimi. İndi isə vəziyyət fərqlidir, konkret son albomla bağlı onu deyə bilərəm ki, bəyəniləcək, globala çıxma şansı da böyükdür, çünki üstündə iş gedib, əmək sərf olunub, komanda tər töküb. Bunu elə-belə demirəm, hazırkı komandamız doğrudan da global sound verə bilər, çünki albomun beatlərini yığan Gee WRLD-un özünün global təcrübəsi var, Black Eyed Peas qrupuna remix eləyib məsələn.
Həm də nəzərə alınmalıdır ki, mənim oxuduğum tərz Avropa, ABŞ, Rusiya üçün çox fərqli səslənir, bizim şüuraltı səviyyəsindəki əruzumuz, hecamız onlarda maraq doğurur, bir də bunun üzərinə yüksək səviyyədə sound işlənilsə, bəyənilməmək şansı yoxdur. Bu günə qədər azrepdə texniki aspektlər axsayırdı, əslində isə bu aspekt həmişə vacib olacaq, çünki texnikanın səs məsələsində limiti yoxdur. Bu işi yüz minlik, beş yüz minlik, hətta milyonluq studiyalara qədər götürmək mümkündür.
Konkret misallara gəlsək, məsələn, bir neçə türk MC ilə featim artıq var, Türkiyədən təkliflər gəlməyə də davam edir feat üçün. Phenom və Limuzin treklərim videoları ilə birlikdə 5-dən çox festivalda iştirak ediblər, yəni bu mənada globala yad deyiləm. Türkiyədə MC-lərlə ortaq iş təcrübəsi Anar Nağılbazda, Uranda da olub. Yəni, bizim janrda uğuru ölçmək üçün gərək pullu dinləmə platformalarına baxasan. Spotifydə, iTunesda 50 min+ varsa, deməli global dinləyiciyə bu ifadə tərzi maraqlıdır.
Sənin üçün səni kimin dinləməsi, auditoriyanın necəliyi önəmlidirmi? Azərbaycanı götürək, auditoriyanda axtardığın kriterlər varmı?
Hazırda yoxdur. Pullu platformaların olmadığı dövrdə, 2009-2010-cu illərdə təzə başlayanda özüm də yeniyetmə idim. Mənim yaşıdlarım, yaxud məndən aşağı yaş kateqoriyasındakı dinləyicilərimlə düşüncə bağı yarada bilmirdim, görüşüb danışmaq da alınmırdı, maraqlı gəlmirdi. İndi isə otuz yaşım var, tamam ayrı şeylər haqda düşünürəm. Bizim buradakı əsas marağımız satışdır, çünki ortada böyük bir komanda var, çiyinlərimdə yük hiss edirəm. Mənə işləyən komandanı gərək müəyyən hipe səviyyəsinə çatdıra bilim. Odur ki, dinləyicilərin hansı kateqoriyada olması, auditoriyanın necəliyi fərq eləmir.
Rep sırf etiraz, protest ehtiva etməlidirmi? Hələ də yaşayır o söhbət? Yoxsa, məsələn, “Dağları duman alanda”, “Ay qız gəzmə aralı” kimi məzmun da rep janrı üçün mümkündür?
Repdən söhbət gedirsə, mütləq şüuraltı bir gözlənti olur – etiraz ehtiva etməlidir. Təbii ki, bu da MC-yə, şairə görə dəyişir, elə şeiriyyatın istənilən növündə olduğu kimi. Hətta kommersiya nöqteyi-nəzərindən uğurlu olan adam da etiraz edir ki, niyə daha çox pulum yoxdur. Bu etiraz, üsyan bitməyəcək. Rep bunun üçün əlverişli janrdır. Üstəlik Azərbaycanda da etiraz sırf rep janrında var. Müğənni “ay qız gəzmə aralı”nın əlli çalarını, əlli variasiyasını buraxa bilir, repdə isə mövzu fərqlilikləri, axtarışlar əsasdır, bunlar da mahnı janrındakı kimi asan başa gəlmir.
Hələ bir söyüş də söymək lazımdır. Yoxsa lazım deyil?
Mən zamanında çox söymüşəm, yaradıcılığımın ilk dövrlərində. Ta ki, atam mənim sadiq dinləyicimə çevrilənə qədər. Ondan sonra kişi xahiş elədi ki, söyüş söyməyim. Məni youtubeda, hər yerdə izləyir, qulaq asır, oxyur, özü də ədəbiyyatçı keçmişinə söykənərək məsləhətlər, mövzular verir. Onun xahişini bacardığım qədər yerinə yetirməyə çalışıram. Hərçənd, emosiyalarla işləyirik, bəzən studiyaya girəndə özümü saxlamaqda çətinlik çəkirəm. Amma lazımdır, həm də axı, indi ailə dəyərlərini qorumaq kimi vəzifəm də var, qız atasıyam, karmaya da inanıram. Söyüşlərin, neqativlərin bumeranq kimi qayıtmasını istəmirəm, özümə və ailəmə bunları rəva görmürəm. Bu da bizim ayrıcalığımız, amerikan repindən fərqimiz olsun – ata nəsihətinə qulaq asan reper.
Deməli, atanın sənin gördüyün işə təsiri olub, müəyyən mənada sənə yol göstərib, istiqamət verib. Rep demək istəyən bir adam təsəvvür elə, bir gənc. Nə etməlidir? Məktəb, üsul, yol varmı? Kim tutsun əlindən, kim öyrətsin?
Onun keyfiyyətli musiqi yazmaqdan başqa yolu yoxdur, konkret üsul, məktəb də yoxdur. Hər kəs gəlir, özünü düzgün bildiyi tərzdə ifadə edir, rep də elə buna görə bu qədər dəyərlidir. Müxtəlif janrlar var, məsələn, musiqi öz ritmi ilə gedir, sən isə heç ritmə düşmürsən, eləcə yazdığın şeiri oxuyursan. Bu da rep janrının tərkibindədir. Götürək elə, rep musiqisində dünyaya yeni bir axım gətirən Migos grupunu, Beyoncéyə qədər müraciət edib söz yazıdırıblar. Son müsahibələrinin birində deyirlər ki, biz ona görə son dövrün ən kult rep qrupuyuq, çünki hər kəsin repçi ola biləcəyini dünyaya bəyan elədik. Yəni hər kəs özünü ifadə edə bilər. Məşhur olmaq, pul qazanmaq da mümkündür, yetər ki, özünü ifadə elə. Yəni, repin yeni axımı, rahat rep deməkdir. Oxumağı, deməyi bacarmayan üçün də proqramlarla səs qurulur-quraşdırılır, təqdim olunur. Hər şey istəkdən asılıdır.
Mən hər zaman ən yaxşısına can atmışam, iddiam da budur ki, istənilən adama rep dedirtə bilərəm. Pedaqoji təhsilimə arxalanaraq deyirəm bunu həm də. İçimdə bir müəllimlik eşqi yatır. Elə öyrədərəm ki, özü də təəccüblənər, studiyamın imkanları bunun üçün əlverişlidir. Əsas odur adam özü istəsin bunu.
Müəllimlik demişkən, repin hansısa bir akademik səviyyəyə qalxması, institusionallaşması mümkündür ümumiyyətlə?
Qeyri-formal da olsa, Amerikada bu cür təşəbbüslər var. Bir məkan götürüblər, çalışıblar nəsə eləsinlər, öyrətsinlər, yetişdirsinlər, yəni belə bir təcrübə var. Pedaqoji deyəndə, əslində bunu dırnaq içində deyirdim, hər şey bacarıqdan, istəkdən asılıdır. Adamın potensialına baxır, əgər düzgün konseptə oturda biləcəyin bir cövhəri varsa, mütləq öz yolunu tapacaq. Özünüifadə bacarığı, istəyi şərtdir.
Məsələn, götürək bizim Orxan Atanı. Bir gün mənə qayıtdı ki, mən də repçi olmaq istəyirəm, amma heç nə yazmadan, heç nə demədən repçi olmaq istəyirəm. Dedim səndən deməyən reper düzəldə bilərəm, albom buraxarsan, bomba kliplər çəkərik, kamera sənə fokuslanar, amma sən heç nə deməyəcəksən. İkinci albomunda nəsə deməyə başlasan, bu olar əsl növbəti mərhələ, üçüncü albomda da bir başqa yenilik edərsən. Yəni, sən mənə arzunu de, çalışım sənə kömək eləyim. Harada axsasam da, fantaziyada güclüyəm, istənilən şeyi konseptə oturda bilərəm.
Sonra Orxan Ata dedi ki, mən hər şeyi kitabdan öyrənməyə vərdiş eləmişəm, belə alınmır. Mən də ona Paul Edwardsın How to Rap kitabını məsləhət gördüm. Demək istədiyim odur ki, məşğul olmaq istəyənlər üçün doğrudan da çox ciddi literatura, video müsahibələr filan var, cürbəcür MC-lər müxtəlif məsləhətlər verirlər. Yenə də, hər şey individual bacarıq, istedad, motivasiyadan asılıdır.
Azərbaycanda rep icması, rep qardaşlığı varmı? Hansısa birlikdən danışa bilərikmi?
Azərbaycan repinin keçmişdən bu günə mənzərəsinə baxsaq – Anar Nağılbaz, ondan sonra Elşad Xose ilə Hüseyn Dərya, daha sonra Mən də varam, Uran, ardınca Host, sonra internet dövrü başlayır, sosial şəbəkədə məşhurlaşan reperləri görürük – Paster, Okaber və digərləri. Məhz bu nöqtədən sonra labelləşmə, beş-altı-on nəfərlik komanda işi başlayır və hazırda vəziyyət belədir – hər labelin öz komandası var. Hər kəs qərarını özü verir, rəqabət də bunun üzərində qurulub. Labellərin proyektləri işıq üzü görənə qədər, onların bir-birindən xəbəri olmur – hər kəs öz komandasına, öz qabığına çəkilib işləyir. Deməli, hansısa birlikdən, ortaq mətbəxdən söhbət gedə bilməz. Lakin, əlbəttə ki, ümumi proyektlər də olur labellər arasında. Məsələn, toplaşıb klip çəkirlər.
Qaldı ki, hansısa ortaq əmələ, qardaşlığa, bir misal çəkim, vinerlər bir gün rep deməyə soyundular, amma azrep birləşib hamısını qovdu. Xana, Rəsul və başqaları kimi vinerlərdən gedir söhbət. Azrep onları püskürtdükdən sonra, onlar bunu qəbul etdilər, mübahisə olmadı. Ortaq hərəkət etmənin bir nümunəsini dedim.
Səninlə söhbətə hazırlaşanda tam cahil görünməmək üçün bir neçə xarici reper haqqında oxudum, müsahibələrə baxdım və diqqətimi bir şey çəkdi – nədənsə səs rejissorluğu, səsin keyfiyyəti, texniki xırdalıqlar kimi məsələlərə çox zaman ayrılır, bunlar çox müzakirə olunur. Buna bu qədər diqqətin olması nədən irəli gəlir? Yəni, normalda müğənnilərin müsahibələrində belə xırdalıqlara rast gəlinmir, repçilər üçün isə bu məsələlər çox vacibdir. Sanki məzmundan daha çox ortaya keyfiyyətli səsləniş qoyulmalıdır, hər kəs də bunun dərdindədir.
Treklərin telefonlarda bluetoothla yayıldığı dövrləri yada salaq. Məsələn, Host qrupunun trekləri elə yayılırdı. Bu gün onların keyfiyyətinə baxanda başa düşürük ki, məşhur, uzunömürlü ola bilməmələrinin səbəbi məhsulun texniki cəhətdən keyfiyyətsiz olmasıdır. Labellər ortaya texniki cəhətdən keyfiyyətli iş qoymağa başlayandan sonra isə, əsl rəqabət başladı. Soundun globala çıxması, Türkiyə saytlarına, iTunes yaxud Spotifyya düşməsi artıq meyara çevrilib. Şəxsən mən, heç vaxt bunun tərəfdarı olmamışam, keyfiyyət mütləq super olmalıdır deyə bir məcburiyyətə inanmamışam, mənə qalsa diktofona da trek yazıb çıxara bilərəm, amma çağın tələbi belədir – güclü komanda və keyfiyyətli iş.
Yəni işi gərək mütəxəssisə həvalə edəsən…
Mütləq. İndi meyarlar budur – ən yaxşı mütəxəssis kimdədir, labelin ən yaxşı reperi kimdir, ən yaxşı beat maker, səs rejissoru, dizayner, prodüser. Hər şeyin ən yaxşısı. Rəqabətə də artıq bunlar girir, tək reperlərin özü yox. Hazırda dünyada label yarışması gedir, məsələn, globala çıxmış ən səs-küylü reperi – Ezheli götürək. O, iki beat maker ilə işləyir. Özü də, ilk albomlarını evdə yazımışdılar, hətta qapı cırıltısı da düşmüşdü yazıya, amma buna baxmayaraq sound globala çıxdı, çünki musiqilərini hazırlayan uşaqlıq dostları, iki beat maker işlərini əla gördülər, hələ bir Altın kelebek mükafatını da aldılar. Hazırda Ezhel və komandası Almaniyadadır, oradan təklif alıb getdilər. Əlqərəz, reper tək şair kimi yox, musiqiçi kimi də təsdiq olunmalıdır, yanındakılar, komandası da mütləq sorğulanacaq.
Sən özün olmaq istədiyin labeldəsən? Daha yuxarı hədəflərin var?
Öz labelimdə çox xoşbəxtəm. Son albomumuz, mənim doğum sancılarımla doğuldu. Bu albomda demək istədiyim hər şeyi demişəm, indi də gözümə yuxu getmir, yemək yeyə bilmirəm, o qədər xoşbəxtəm, o qədər doymuşam yəni. Ona görə də, bu dəqiqə elə bir yer yoxdur ki, orada olmaq istəyim, çünki istədiyim yerdəyəm.
Mən 6 albomumu bir label ilə – Synaps Productionda çıxartmşam. Ondan sonra Orxan Ata ilə əməkdaşlığım başladı, on birə yaxın single, ardınca da albom işıq üzü gördü. Fərq, gəlinən səviyyə göz qabağındadır. 2010-cu ildə çıxan ilk albomumdan indiyə kimi, yəni 10 ildən artıq müddətdə, belə bir effekt əldə etməmişdim. Zatən öz labelimizi qurmağın zərurəti də buradan yarandı, keçmiş komandamın öz arzuları, istəkləri var idi, fərqli artistlərlə işləmək istəyirdilər, onları heç qınamıram da, onların istədiyi artist ola bilməzdim, çünki komanda mənim üzərimdə işləməliydi, mən də komandamı uğura aparmalıydım. Bu kriterlərə cavab verməyən komandada qala bilmərəm. Ona görə gəldim, öz komandamızı qurdum, indi də ortaya qoyduğum albom, karyeramın ən yaxşı albomudur. Ən azından, növbətisi çıxana qədər.
Son albomun sənə yaşatdığı mənəvi həzzi hiss etməmək, görməmək olmur. Dediyin qədər xoşbəxt görünürsən. Bəs bütün bu işlərin monetizasiyası necə baş verir? Xüsusən də Azərbaycanda buna imkan varmı?
Bura gəlib çıxana qədər artıq altı albomum işıq üzü görmüşdü. Adamlar mənə əjdahasan deyirdilər, işlərim bəyənilirdi, amma cibim də boş idi. Ailə həyatı qurandan sonra da soyuducumun boş qalması, artıq pis təsir etməyə başlamışdı, belə davam edə bilməzdi. Qərara gəldim ki, mənim dəyərim nədirsə, onu mütləq almalıyam. Ağlıma gələn ilk yuvarlaq rəqəmi səsləndirdim. Dedim ki, səhnəyə çıxıb öz imkanlarımı göstərməyimin qiyməti 100 min manatdır. 100 min manat verməyə hazır olan var? Üstündən elə də çox vaxt keçmədi, müəyyən adamlar gəlib dedilər ki, al 100 min manatı, amma səhnəyə çıxma, get studiyanı qur. Yəni, istədiyim məbləği heç səhnəyə çıxmadan əldə etdim, daha çoxunu da istəsəm, əldə edə bilərəm. Hal-hazırda da monetizasiya məsələsi Orxan Ata ilə əsas prioritetlərimizdən biridir.
Yadıma düşdü ki, indiyə qədər bizdə rep, yaxud elə hansısa labelin fəaliyyəti, hansısa albom haqqında səviyyəli təhlil, panorama yazısı rastıma çıxmayıb. Caz və akademik musiqi haqqında yazan qələmləri tanıyıram, onlarla əməkdaşlıq da eləmişəm, amma rep haqqında yazan adam görmədim. Səbəbi nədir?
Hələlik bizdə bu iş Youtube səviyyəsindədir. Tənqidçilər, təhlilçilər video çəkirlər, buna da reaction deyilir. Onların reaksiyası da sənətçinin görmədiyi, nəzərdən qaçırdığı aspektləri göstərməyə hesablanıb. Konkret məndən söhbət gedirsə, indiyə qədər mənə görmədiyim, nəzərdən qaçırdığım hansısa aspekti göstərənə rast gəlməmişəm. Elə bir tənqid olsun ki, mənə nəsə yeni bir söz desin. Keyfiyətlə, yaxud sözlərlə bağlı nə eşitmişəmsə, öz bildiklərimin təkrarı, təsdiqi olub. Akademik səviyyədə tənqidə, panorama yazılarına gəlincə isə, inanıram ki, bunlar da zamanla olacaq. Bizdə rep dinləyicisi hələ çox gəncdir. Mənim dinləyicilərimin 18-25 yaşı var, onlar hələ kütləvi böyüməlidir ki, aralarından bu cür yazıları yazacaq qələmlər və bu yazıları oxuyanlar çıxsın. Həmin rep kütləsi hələ yetişməyib. Mən öz tənqidimi öz komandamın içindən alıram, bu da mənə bəs eləyir.
Gələcəkdə hansısa yeni bir janrda özünü sınamağın prinsipcə mümkündürmü?
İndiyə qədər xeyli sayda müxtəlif eksperimentlər eləmişəm, bəyənilən tərzlər ortaya çıxarmışam, amma hər dəfə də düşünmüşəm ki, əldə olunan yerlə, səviyyə ilə kifayətlənmək, orada ilişib qalmaq doğru deyil. Ona görə də bu proses mənə dəyişikliyi qucaqlamağı, heç nəyi kökündən inkar etməməyi, heç bir ehtimal haqda qəti söz deməməyi öyrədib. Hətta, məndən soruşsalar ki, gələcəkdə Xpert meyxana da deyə bilərmi, cavabım bəli olar, bunu da istisna edə bilmərəm, yəni bir gün meyxana da deyə bilərəm. Hələlik isə repdəyəm, çünki bu janrdan mənəvi qida alıram, gördüyüm iş ruhuma, ətrafıma xoş enerji verir. Son albomum hazırkı mənəvi halımda necə bir kulminasiyaya çatdığımı göstərir. Gələcəkdə isə nə olacaqsa olacaq, bunu zaman göstərəcək.
Tanışlığımız olmadığına görə, bu haqda danışmaq imkanımız olmayıb, indi isə fürsət bilib soruşuram – twitter-də, Azlogos mənim üçün next leveldir yazmışdın. Mənə maraqlıdır, bizi sənin üçün fərqli edən nədir ki? Üstəlik, bunu yazmaqla əsəbiləşdirdiyin adamlar da oldu.
AzLogos mənim nəzərimdə mini sosial şəbəkədir. Başqa belə bir konsept mənə tanış deyil. Saytın minimalizmi, rahatlığı, hər kəsin fikrinin bu platformada önəmli olması, hansısa basqın, dominant redaksiya mövqeyinin adamın gözünə girməməsi – bunların hamısı yenilikdir, qeyri-adidir mənim üçün. Yəni elm desən elm, gender desən gender, ədəbiyyat desən ədəbiyyat, hətta din, fəlsəfə – yəni hər şey var. Bu çılğın sürətli dünyamızda özünü hərtərəfli yetişdirmək üçün əla imkandır. Mən ora daxil olanda, bir yazı oxumaq üçün daxil oluram. Yəni günə bir yazı mənə bəs eləyir, AzLogos xəbər saytı deyil ki, girib 10-15 xəbər oxuyub çıxasan. Ona görə də bir həcmli yazı bəsdir ki, oxuyub düşünəsən, analiz edəsən. Saytın indiki xəttini daha çox bəyənirəm, çox yükləmirsiniz, günə 3-4 irihəcmli yazı qoyulanda adam çaşırdı, bilmirdi hansını oxusun, necə çatdırsın, indiki təmkin isə idealdır.
Dediyim kimi, zaman çox sürətlənib, gün ərzində bir çox işi birdən çatdırmağa çalışırsan, informasiya almayanda isə, şəxsən mən depressiyaya düşürəm. Belə deyək, nəsə oxumayanda, öyrənməyəndə boşluqda hiss edirəm. AzLogos çıxdığı ilk gündən məni bu mənada çox doyurdu. Akademik nəşrlər, milyon qeydlə, istinadla, iqtibasla yazılan ağır yazılar ayrı janrdır, onların da öz yeri var, amma onlar gündəlik oxu ola bilməz. AzLogos isə bu illər ərzində mənə müxtəlif mövzularda çox şeylər verib, çox sualıma aydınlıq gətirib, mən də düşündüm ki, platformanın mənim üçün dəyərini qeyd etməsəm haqsızlıq olar, ona görə də mənim üçün next leveldir yazdım.
Əsəbiləşənlərə gəldikdə isə, əsəbiləşməsinlər, nəyə lazımdır əsəbiləşmək? Onlar da AzLogos-u oxuyur, mənə qulaq asır, yəni bizim üsyankar auditoriyamızdır, bir baxıma böyüklüyü də biz göstərməliyik ki, həyatında bu ziddiyyəti, bu ziddiyyətdən doğan qəzəbi yaşayanları başa düşək, atdıqları cırmaqlara görə onları çox da qınamayaq. Məncə, bir heç olmaq, heç nə ifadə etməmək asan həzm olunan tale deyil, deməli, mərhəmət göstərməyə məcburuq, onların neqativini qucaqlamalıyıq.
Müharibə və onun nəticələri sənə necə təsir etdi?
Sözsüz ki, çox təsir etdi, düşüncəmdə ciddi sarsıntılara, dəyişikliyə səbəb oldu, hər şeyə yeni baxış bucağından baxmağa sövq elədi, xüsusən də ölüm haqqında çox düşünməli oldum. Yeniyetməliyimdə də, yaradıcılığa başladığım dövr, özümü ölüm haqda suallarla məşğul etdiyim dövrə təsadüf eləmişdi. Yeniyetmələrdə ölümlə bağlı narahatedici fikirlərin dalğası olur, gərək çox ehtiyatlı olasan, o dalğanın altında qalmayasan. Bu müharibə sayəsində ölümün fərqli intensivlikdə, fərqli aspektlərini gördüm, hiss elədim. Əslində, gərək hər kəs öz tərəfini seçsin. Dünya belə dünyadır, əzəldən belə qurulub. Bizim evimiz, ailəmiz, özümüz haradayıqsa, uğrunda savaşacağımız torpaq da oradadır, bunlar haqda çox düşündüm. Bir yandan da çox inandığım karma öz işini görmüşdü, hər kəs layiq olduğu cavabı almışdı. İndi isə özümü qalib xalqın fərdi hiss edirəm, ruh düşkünlüyünün mənbəyi qurudulub, çünki güclü olmaq, həm də arxayın olmaqdır. İlk dəfə gücü bu qədər yaxından təcrübə edirdim.
Çox uzatmadan, onu deyim ki, sənin komandan güclüdürsə, qalib gəlirsə, sənin öz komandanın tərəfində olmaqdan başqa yolun yoxdur. Hər kəndin, şəhərin azad edilməsi mənə deyirdi ki, geriyə yol yoxdur, sən də öz tərəfini seçməlisən, bütün dəyərləri ayaq altına alan müharibə reallığında, insanların öldüyü, parçalandığı bir şəraitdə ikimənalılıq, ikibaşlılıq ola bilməz. Mən də öz tərəfimi – qələbəni seçdim. Bunun əmmasını gətirən heç bir azərbaycanlıya da inanmıram, əgər əmma gətirirsə, mütləq nəsə bir travması var, öz komandanın yanında deyilsənsə, bunun altında səni qidalandıran bir travma yatır. Komandan qalib gələndə sənin sevincdən qeyri hər hansı reaksiyan təbii olmayacaq, təbiətin özündən uzaq olacaq.
Son sözün varmı?
Xpertin qədrini bilsinlər, Xpertə dəyər versinlər. Mən hər kəsə dəyər verirəm, dəyərin verilmədiyi yerdə isə olmuram.
Söhbətləşdi: Ələkbər Əliyev