Bu gün aprelin 14-ü Nəriman Nərimanovun anadan olmasından 151 il keçir. Keçən il 150 illik yubileyi rəsmi səviyyədə qeyd olunmalı idi, amma pandemiya imkan vermədi. Əslində bu işdə də bir simvolizm var.
Nərimanov böyük xidmətləri qarşısında heç vaxt obyektiv dəyərini almamış şəxsiyyətlərimizdən biridir. Sovet dövründə—ya tamam unudulma, ya da ehtiyatlı tərif; müstəqillik dövründə isə yalnız mənfi tonlarda, bəzən də ancaq ikinci-üçüncü dərəcəli ədəbiyyatçı kimi. Nərimanovun xidmətlərinin siyahısı isə bu cür ümumiləşdirilmiş yanaşmalar üçün hədsiz genişdir.
İstər mədəni-maarif baxımından—Bakıda ilk ictimai oxu zalı; ədəbiyyat tariximizdə ilk roman; teatrın inkişafı üçün xidmətləri; həm çar, həm də sovet dövründə Azərbaycan dilinin tədrisini gücləndirmək üçün fəaliyyətlər.
İstər səhiyyə baxımından—XX əsrin əvvəllərində Bakıda ictimai səhiyyə və sanitariya şəraitinin yaxşılaşdırılması üçün fəaliyyətləri; üstəlik, bir həkim kimi fədakarlığı—işlədiyi ödənişsiz xəstəxanada təkcə “1914-cü ilin altı ayı ərzində Nərimanov 11765 xəstə qəbul etmiş, 2441 nəfərə cərrahi yardım göstərmiş, 9418 resept yazmışdır“.
İstər siyasi baxımdan—ümumsovetlər səviyyəsində çoxsaylı gürcü və erməni əsilli bolşeviklərlə müqayisədə yeganə sözükeçən azərbaycanlı bolşevik olmasına baxmayaraq, bütün komitə və komissiyalarda Azərbaycan SSR-in maraqlarını uğurla müdafiə edib Qarabağ, Naxçıvan, qismən Zəngəzur məsələlərini Azərbaycanın xeyrinə həll etməsi (Zəngəzurun yarısını Azərbaycan SSR-də saxlamağa nail olub), eləcə də Gürcüstanla ərazi problemlərini birdəfəlik həll edərək gürcülərin Zaqatala, Balakən, Qax, Mingəçevir, Ceyrançöl, şərqi Qarayazıya iddialarından əl çəkməsinə nail olması.
Son vaxtlar bunu bir neçə dəfə demişəm, müasir Azərbaycan həm də Nərimanovun əsəridir. Nərimanovun Azərbaycan panteonunda öz layiqli yerini tutmasının vaxtı çoxdan çatıb!







