Otuz doqquz yaşlı tanınmamış bir ispan yazıçı 2001-ci ildə sonuncu kitabını nəşr edib həmişəki kimi ailə üzvlərinin və dostlarının öhdəsinə buraxır. Sonra da bir yandan növbəti ümidsiz kitabı, bir yandan da yaşamaq üçün pul qazandığı yorucu işlər haqqında düşünməyə davam edir.
Amma həmin ilin bir günü heç gözləmədiyi hadisə baş verir. Mario Varqas Lyosa adlı, hələ Nobel mükafatı almasa da, mədəniyyət dünyasında böyük çəkisi olan Peru yazıçısı “El Pais” qəzetində bir məqalə yazır. “Qəhrəmanların röyası” adlı yazı təxminən bu cümlələrlə başlayır: “Dostum Fernando İvasaki mənə Xavyer Serkasın “Salamin əskərləri” romanını tövsiyə etdi və dostumun ədəbi zövqünə güvəndiyim üçün dediyini nəzərə aldım. Tövsiyəsindən çox məmnun qalmışam: möhtəşəm kitabdır, hətta uzun illərdən bəri oxuduğum ən yaxşı kitablardan biridir. Çoxsaylı oxucuya layiqdir. Xüsusilə, yüngül ədəbiyyatın, əyləncə ədəbiyyatının dəb olduğu indiki dövrdə. Çünki bu cür kitablar əsl ədəbiyyatın necə olduğunu, əsl ədəbiyyatın böyük mövzulara toxunmaqla bərabər, heç də həmişə darıxdırıcı olmadığını, əksinə, oxucunu özünə bağladığını, ona təsir edə bildiyini göstərir.” Məqalənin sonunu isə təxminən bu cümlə ilə bitirir: “Kimlər ki əsl ədəbiyyatın öldüyünə inanır, qoy bu romanı oxusunlar və görsünlər ki, əsl ədəbiyyat necə sağdır, Xavyer Serkas kimi bir romançının əllərində necə orijinal və zəngindir.”
Xavyer Serkas (Javier Cercas) deyir, bu məqaləni oxuyanda elə bildim, məni ildırım vurdu, az qala huşumu itirəcəkdim. Təqribən on min işarəlik həmin yazıdan sonra Xavyerin həyatı dəyişir. Roman ispandilli dünyada məşhurlaşmağa başlayır. Başqa dillərə də tərcümə olunur. Ardınca Süzan Zontaq, Con Kutzee, Doris Lessinq kimi məşhur yazıçılar “Salamin əskərləri” romanını tərifləyən fikirlər söyləyirlər. Sonra da ədəbi mükafatlar, əvvəlkindən dəfələrlə artıq tirajlar. Halbuki Lyosanın məqaləsindən əvvəl onun kitablarını yalnız anası, bacıları və yaxın dostları oxuyurmuş. Deyir, yaxşı ki, bacılarımın sayı çox idi, beləcə oxucularımın da sayı çoxalmış olurdu. İndi də müsahibələrində, yazılarında tez-tez xilaskar ustadı Lyosanı xatırlayır, minnətdarlığını bildirir.
Xavyer Serkas romanlarında əsasən “uydurma olmayan roman”, “sənədli-roman” (“non-fiction novel”, “novela testimonial”), yaxud “faction” (“fact+fiction”) deyilən janrın texnikasından istifadə edir. Yəni gerçəklikdə baş vermiş hadisələri bəzi uydurma əlavələrlə romana çevirir. Janrın ilk nümunəsini Trumen Kapote öz adına çıxsa da (“Soyuqqanlılıqla” – “In Cold Blood”, 1966), ilk bu cür romanı Argentina yazıçı-jurnalisti Rodolfo Uolş 1957-ci ildə “Qətliam əməliyyatı” (“Operación Masacre”) əsəri ilə yaradıb. Uolş 1956-cı ildə Argentinada bir qrup peronist qiyamçının diktatura tərəfindən gizli qətlini araşdırır, sonra da araşdırmasını roman strukturunda nəşr edir.
“Salamin əskərləri” yuxarıda söylədiyimiz hibrid romanın gözəl nümunələrindəndir. Roman İspaniyada faşist “İspan Falanqası” partiyasının ideoloqlarından və qurucularından biri, yazıçı-şair Rafael Sançes Masasın həyatının araşdırılmasından bəhs edir. Masas ispan vətəndaş müharibəsinin sonlarında düşmən əskərləri tərəfindən tutulur və edama aparılır. Güllələnmə zamanı yüngül yaralanır və qaçıb meşədə gizlənir. Düşmən əskərlərdən biri onu meşədə tapır, lakin yoldaşlarına onu görmədiyini söyləyərək Masasın həyatını xilas edir. Bu hadisəni Rafael Sançes Masasın oğlu Xavyer Serkasa danışır. Serkas faşist yazıçının xilaskarı olan həmin əskəri axtarmağa və Masasın sonradan necə qurtulduğunu araşdırmağa başlayır. Bu axtarışın və araşdırmanın özü və Masasın həyat hekayəsi birləşərək romanı ərsəyə gətirir.
Romanda gerçəklik və uydurma elə iç-içədir ki, bir nöqtədən sonra gerçəkliyi və uydurmanı ayırmaq müşkülə çevrilir. Əslində, Serkasın öz yanaşmasına görə də, ədəbiyyatda təmiz uydurma, fiksiya deyilən bir şey yoxdur, bunu iddia edənlər fiksiyanın nə olduğunu bilmirlər. Ədəbiyyatda uydurma dediyimiz şey gerçəkliyin bir parçasıdır. Bu parça bəzən gerçəkliyin eynən özünə bənzəyir. Bəzənsə formasını və ya yerini dəyişir, amma bu onu uydurmaya çevirmir. “Salamin əskərləri” romanı da, bir növ, elə bu gerçəkliyin parçalarını axtarmaq və onu bütövə birləşdirmək cəhdidir. Romandakı yazıçı, yəni Xavyer Serkas Rafael Masasın həyatı ilə bağlı öyrəndiyi məlumatlarla qane olmur, gerçəkliyə çatmaq üçün fərqli mənbələr axtarır. Sonda yenə də gerçəkliklə onun dəyişmiş parçalarının, yəni uydurma dediyimiz şeylərin bir-birinə qarışdığını, ayrılmaz olduğunu, bəlkə də heç ayırmağa ehtiyac olmadığını anlayır. Dostu, həm də hadisənin şahidlərindən birini tanıyan yazıçı Roberto Bolanyo da əsərin obrazlarından biridir. Romanda onun Serkasa verdiyi tövsiyə gerçəkliyə güvənməməkdir: Gerçəkliklər çox vaxt bizə xəyanət edir. Onlarla üzləşəndə məyus oluruq. Bunu önləmək, sonda məyus olmamaq üçün biz onlardan öncə davranmalıyıq və özümüz onları yaratmağı bacarmalıyıq; yaxşı əsər yaratmağın yolu budur. Yeri gəlmişkən, Bolanyo özü bu işin ustasıdır.
Serkasın ilk hekayələr kitabında “impuls”, “hərəkətverici qüvvə” kimi tərcümə edə biləcəyimiz “El Móvil” adlı uzun hekayəsi var. Hekayədə müəllifin gerçəklikdən istifadə edərək uydurma yaratmaq, sonra o uydurmanı gerçəkliyə, sonda hər iki prosesi birlikdə ədəbi mətnə, bir növ, yenidən uydurmaya çevirmək cəhdi təsvir olunur. Gənc yazıçı ilk romanı üçün hekayə fikirləşir, hekayənin qəhrəmanları isə öz qonşularıdır. Hekayənin inandırıcı alınması, əsərinin qəhrəmanları olacaq qonşularını daha yaxşı tanımaq üçün onlarla yaxın münasibətlər qurur. Fəqət hadisələr elə məqama gəlir ki, müəllifin gerçəkliyə istinadən yazmaq istədiyi uydurma hekayə elə gerçəklikdə də baş vermiş olur. Beləcə, gerçəkliyə çevrilmiş uydurma hekayə sonda yenə də uydurma donuna bürünərək Serkasın öz bədii mətninə çevrilir.
Qayıdaq “Salamin əskərləri”nə və onun qəhrəmanı Rafael Sançez Masasa. Masas edamdan qaçıb gizləndiyi dövrlərdə çətin günlərdən keçir. Amma sonra Franko hökumətinin ilk nazirlərindən biri olur. Daha sonra da müxtəlif vəzifələrdə çalışır. Həm də yazıçı-şair kimi fəaliyyət göstərir. Lakin ölənə qədər ziddiyyətlərin lənətindən qurtula bilmir. Ədəbiyyatdan, sənətdən, insanlıqdan danışır, amma həm də ispan faşizminin, falanqanın yaradıcılarındandır, onun qəddarlığına dəstək verən, dəhşətli vətəndaş müharibəsinin səbəbkarlarından biridir. Qan üzərində dayanan Franko rejimində də siyasətlə məşğul olur, amma həmişə siyasətə yuxarıdan aşağı baxır, onu ciddi fəaliyyət hesab etmir. Dilində göylərə qaldırdığı, şəninə şeirlər söylədiyi məfhumlar sədaqət və cəsarət kimi dəyərlərdir, amma özü bütün seçim anlarında sədaqətsizlik və qorxaqlıq edir. Hətta sonralar Franko rejimindən narazı olduğu dövrlərdə belə, narazılığını nəinki sərt, heç yumşaq formada da söyləyə bilmir. Monarxiya, ailə, din, vətən kimi “sağ” dəyərləri təbliğ edir şüarlarında, amma kralın ölkəni idarə etməsi üçün bircə addım belə atmır. Öz ailəsinə də laqeyd yanaşır, onlardan ayrı yaşayır. Reallıqda dini heç vaxt ciddiyə almır. “Vətən” kəlməsinin əksəriyyət üçün, elə onun özü üçün də, rəzilliyin, fırıldaqçılığın, şərəfsizliyin ört-basdır edilməsi məqsədilə istifadə edildiyini hamıdan yaxşı anlayır. Yüksək yaradıcılıq potensialı olan Rafael Sançes Masas “bütün falanqa yazıçıları kimi, müharibədə qalib gəlir, amma ədəbiyyat tarixində məğlub olur”.
Romanda başda ispan vətəndaş müharibəsi olmaqla çox mövzulara toxunulur. Amma romanın başlanğıc nöqtəsi, həm də mərkəzi nöqtəsi nə vətəndaş müharibəsi, nə Rafael Sançes Masas, nə müəllifin özü, nə də onun apardığı araşdırmadır. Bir romanın yazılması üçün önəmli olan, onu arxiv materiallarından, jurnalist araşdırmasından, ensiklopedik mətnlərdən fərqləndirən şeylərdən biri – başlanğıc sualıdır. “Salamin əskərləri” də “Rafael Sançes Masası meşədə tapan və onu yoldaşlarına verməyən, bir faşist yazarının həyatını xilas edən düşmən əskəri kim idi?” sualına cavab axtarışıdır. O əskər sadəcə düşmən tərəfin yazarını xilas etməmişdi. Həm də insanlığın ən dəhşətli vəziyyətlərdə belə sağ qala biləcəyini göstərmiş, dolayı olaraq, elə insan anlayışının özünü xilas edənlərdən birinə çevrilmişdi.