Gözəllik eynilikdə yox, fərqlilikdədir. Bir anlıq təsəvvür edin: elə bir zamana və məkana gəlmisiniz ki, orada yalnız bir rəng vəya bir səs tonu var, yaxud meşədəsiniz və bütün heyvanlar şir kimi “nərildəyir” və onun kimi görünməyə çalışır. Hər halda, heç xoş təəssürat yaranmazdı. Eyni fikri insan cəmiyyəti üçün də səsləndirə bilərik. Dünyadakı 8 milyard insanın hamısı eyni dildə danışsa, eyni mahnıları oxusa, eyni cür geyinsə, yəqin ki, onsuz da yetəri qədər sıxıcı olan həyat tamamilə dözülməz hala gələrdi.
Daha kiçik müstəviyə, ölkə müstəvisinə keçək. Hər hansı bir ölkədə fərqli irqlərə, dinlərə, dillərə, mədəniyyətlərə və etnik qruplara aid olan insanların birlikdə sülh və əminamanlıq içərisində yaşaması, bir sözlə fərqli qrupların mədəni müxtəlifliyinin qorunması multikulturalizm anlayışını gündəmə gətirir. Bəs həm müsəlman, həm xristian, həm yəhudilərə, hətta dinsizlərə də vətən olan, azərbaycanlı, türk, kürd, rus, yəhudi, avar, saxur, talış, ləzgi, rutul və s. fərqi qoyulmadan, hamının birlikdə yaşadığı Azərbaycan multikultural ölkədirmi?
Azərbaycanda multikulturalizmlə bağlı iki fikir var. Birinci qrupdakılar ölkəmizdə çoxlu sayda etnik azlıqların yaşadığını, heç kəsin etnik mənsubiyyətinə, yaxud dini inancına görə təqibə vəya alçaldıcı rəftara məruz qalmadığını, Azərbaycan insanının çox qonaqpərvər olduğunu, başqa millətin və mədəniyyətin nümayəndələri ilə mehriban birgəyaşayış nümayiş etdirə bildiyini iddia edərək Azərbaycanı multikultural ölkə adlandırırlar. İkinci qrupdakılar isə ölkəmizdə yaşayan etnik azlıqların mədəni haqlarının təmin olunmadığını, assimilyasiyaya məruz qaldıqlarını, qonaqpərvərliyin multikultural dəyərlərə hörmət əlaməti demək olmadığını iddia edərək şikayətlənir və Azərbaycanın multikultural dəyərlərə sahib olmadığını iddia edirlər. Bəs həqiqətdə necədir? Bəlkə də, reallıq ikisinin ortasında bir yerdədir.
Azərbaycanın etnik mənzərəsi son 200 ildə (Çar Rusiyasının Azərbaycana köçürmə siyasəti həyata keçirməyə başladığı 19-cu əsrin əvvəllərindən günümüzədək) ciddi dəyişikliklərə məruz qalıb. Çarlıq dövründə Azərbaycanda yerli etnik qruplarla birlikdə almanlar, polyaklar, latışlar və s. kimi bir çox Avropadan gələn xalqlarının nümayəndələri, 1926-cı il əhali siyahıyaalmasına əsasən 95-dən çox etnik qrupun nümayəndəsi yaşamış, onların bir çoxu Sovet dövründə ölkəni tərk etmiş, yaxud sürgün olunmuş, daha sonra yaşanan siyasi hadisələr və müharibələr də əhalinin etnik tərkibinin dəyişməsində önəmli rol oynamışdır. Bu dəyişim nəticəsində 1979-da əhalinin 78,1%-ni təşkil edən azərbaycanlılar, 2009-cu il siyahıyaalmasına görə 91,6% olmuşdur. Bu, digər etnik qruplara qarşı ya təbii (vəya süni) assimilyasiya, ya da onların kütləvi köçü deməkdir, yaxud hər ikisinin ortaq nəticəsidir.
Cədvəl 1. Azərbaycanda həyata keçirilən əhalinin siyahıyaalınmasına əsasən ölkə əhalisinin milli tərkibi (illər üzrə % göstəricisi):
| 1979 | 1989 | 1999 | 2009 | |
| Azərbaycanlılar | 78,1 | 82,7 | 90,6 | 91,6 |
| Ləzgilər | 2,6 | 2,4 | 2,2 | 2,0 |
| Ermənilər | 7,9 | 5,6 | 1,5 | 1,3 |
| Ruslar | 7,9 | 5,6 | 1,8 | 1,3 |
| Talışlar | … | 0,3 | 1,0 | 1,3 |
| Avarlar | 0,6 | 0,6 | 0,6 | 0,6 |
| Türklər | 0,1 | 0,2 | 0,5 | 0,4 |
| Tatarlar | 0,5 | 0,4 | 0,4 | 0,3 |
| Tatlar | 0,14 | 0,14 | 0,13 | 0,3 |
| Ukraynalılar | 0,4 | 0,5 | 0,4 | 0,3 |
| Saxurlar | 0,1 | 0,2 | 0,2 | 0,1 |
| Gürcülər | 0,2 | 0,2 | 0,2 | 0,1 |
| Yəhudilər | 0,6 | 0,4 | 0,1 | 0,1 |
| Kürdlər | 0,1 | 0,2 | 0,2 | 0,1 |
| Qrızlar | … | … | … | 0,04 |
| Udinlər | 0,1 | 0,1 | 0,05 | 0,04 |
| Xınalıqlılar | … | … | … | 0,02 |
| Digərləri | 0,66 | 0,46 | 0,12 | 0,1 |
Beləliklə günümüzdə Azərbaycanda 15-dən çox etnik qrupun nümayəndəsi yaşayır. Bu qruplar həqiqətən də birlikdə və sülh içərisində yaşayırlar. Heç kəs bu etnik qrupdan hansısa birinə qarşı diskriminasiya olduğunu, azərbaycanlılardan fərqli münasibət göstərildiyini, məsələn, işə qəbul zamanı bir namizədin talış olduğu üçün seçimlərdən kənarlaşdırıldığını deyə bilməz və ya yəhudi olduğu üçün heç kəs təhqir olunmaz, yaxud heç kəs hər hansı bir qrupun öz dini ayinlərini yerinə yetirməsinin qadağan olduğunu iddia edə bilməz. Lakin bir ölkədə 15-dən çox etnik qrupun yaşaması multikultural cəmiyyətin mövcud olması anlamına gəlirmi?
Məsələn Nigeriyada 500-dən çox, Papua Yeni Qvineyada (dünyanın ən etnik rəngarəng ölkəsi) isə 1000-dən çox etnik qrup yaşayır. Say çoxluğu sadəcə kəmiyyət yaradır, bəs keyfiyyət?!
Andrew Heywood bu baxımdan multikultural cəmiyyətləri iki qrupa ayırır: descriptive və normative. Yəni, multikulturalizmin sadəcə təsviri xarakter daşıdığı, 2 vəya daha çox etnik qrupun bir arada mövcud olduğu cəmiyyət və multikulturalizmin normativ aktlarla tənzimləndiyi, etnik qrupların müxtəlif mədəni haqlarla təmin olunduğu cəmiyyət.
Multikultural dəyərləri qoruyan və buna hörmət edən cəmiyyətin formalaşması üçün normativ bazanın yaradılması, etnik qrupların öz mədəniyyətlərini qoruma və gələcək nəsillərə ötürmək üçün mədəni haqlarının təmin olunması vacibdir. Mədəni haqlar dedikdə etnik qrupun öz ana dilindən istifadəsi, öz dilində təhsil ala bilməsi, mədəni həyatda iştirak edə bilməsi, yəni öz dilində tədbir, dövri mətbuat, teatr, kino, radio, tv və s. təşkil edə bilməsi, mədəni irsini və mədəni intellektual haqlarını qoruya bilməsi nəzərdə tutulur. Bunlar olmadıqda, azsaylı etnik qrup yavaş-yavaş və təbii olaraq çoxsaylı və mədəni haqları təmin olunan başqa bir, xüsusilə dominant qrupun içərisində əriyib yox olacaqdır. Məsələn dil haqqı olmayan etnik qrupa aid insanın bir neçə nəsil sonrakı davamçıları öz dillərini unudacaq və mədəniyyətinin ən əsas amillərindən biri olan dil bağını itirən bu insan artıq özünü yad bir etnik qrupun içərisində tapacaqdır. Bu mənada Azərbaycanda Sovet dövründə və müstəqilliyin ilk 10 illiyində “descriptive” multikulturalizmin olduğunu deyə bilərik.
Ən şanslı vəziyyətdə ölkədəki ruslar və gürcülərdir. Belə ki, Azərbaycanda tədrisin yalnız rus dilində aparıldığı 16 məktəb, yalnız gürcü dilində aparıldığı 6 məktəb var. Tədrisin həm azərbaycan, həm rus dilində olduğu 321 qarışıq məktəb, həm azərbaycan, həm gürcü dilində olduğu 3 qarışıq məktəb, 3 dilli (azərbaycan, rus və gürcü) 1 qarışıq məktəb vardır. Digər etnik qruplar isə bu haqdan məhrumdur. Xüsusilə 2000-ci illərdə bu sahədə müəyyən irəliləyişin olduğunu deyə bilərik. Belə ki, bir sıra etnik qruplar (xüsusilə ləzgi, talış, tat, udin, kürd, saxud və xınalıqlılar) üçün ibtidai (1-4-cü) siniflərdə keçilən ana dili dərslikləri hazırlanmış və dərs cədvəlinə salınmışdır. Lakin normativ bazası yaradılan bu ana dili tədrisinin praktikada tətbiqi heç də qənaətbəxş deyildir. Məsələn, Zaqatalanın bir sıra saxur kəndlərində (5 məktəbdə) ibtidai siniflərdə saxur dili dərsi keçilsə də, Qaxın saxurlar yaşayan kəndlərində ümumiyyətlə heç bir məktəbdə saxur dili dərsləri keçilmir. Talış dili dərsinin ölkə üzrə 225 məktəbdə keçildiyi deyilsə də, əslində bir çox məktəblərdə bu dərs “boş” keçir və ya ümumiyyətlə keçilmir. Talışlar üçün müsbət istisna öz dillərində “Tolışi sədo”, kürdlər üçün müsbət amil “Diplomat”, “Dənqe-kürde” (Kürdün səsi) qəzetlərini çıxara bilmələridir. Həmçinin rusların “Oko”, ləzgilərin “Samur”, gürcülərin “Şəlalə” adlı qəzetlərini göstərə bilərik. Araz radiosunda müxtəlif günlərdə müxtəlif etnik qrupların dillərində verilişlər efirə gedir, tv və radiolarda ölkədə yaşayan müxtəlif etnik qrupların mədəniyyətləri, musiqiləri və s. haqda məlumatlar paylaşılır, verilişlər hazırlanır. Lakin bütün bunlar yetərlidirmi?
Gəlin müqayisə aparaq. Normativ bazaları və işlək mexanizmləri olan multikultural ölkələri misal göstərək. Bu ölkələri hər hansı bir model nümunəsində bir neçə qrupa ayıra bilərik. Məsələn, ABŞ modeli. Burada əhalinin 60,1%-ni qeyri-ispan mənşəli ağlar, 18,5%-ni ispan mənşəlilər, 13,4%-ni qeyri-ispan mənşəli qaralar, 6,1%-ni Asiya və Sakit okean mənşəlilər, 1,3%-ni Amerika hinduları, yəni yerli aborigenlər, 0,6%-ni isə digərləri təşkil edir. Bu sadəcə üst qruplaşmadır. Bir də bu qrupların hər birinə aid olan çox sayda etnik qruplar var. Ümumilikdə ABŞ vətəndaşları ingilis, ispan, koreya, mandarin, kanton, italyan, vyetnam, alman, inuit, yapon, tsaqali, tai, urdu, apaçe, rus, samoa, fars, ivrit, erməni, misir, polyak vs. dillərdə danışırlar. Lakin ölkənin heç bir rəsmi dövlət dili yoxdur. Faktiki olaraq isə sistem ingilis dili üzərində qurulub. Bununla belə hər etnik qrup öz məktəbini qurmaqda sərbəstdir. Bunu kapitalist və azad iqtisadi sistemin etnik qruplara faydası adlandıra bilərik. Məsələn, ABŞ-ın yapon vətəndaşı övladını yapon dilli məktəbdə oxutdurmaq istəyirsə, bunda heç bir problem yoxdur. Ölkədə yapon dilində tədris verən özəl məktəblər vardır. Bu model, demək olar, eynilə Avstraliyada da tətbiq olunur.
Kanada modeli. Ölkədəki etnik qruplar 32,3% kanadalılar, 18,3% ingilislər, 13,9% şotlandlar, 13,6% fransızlar, 13,4% irlandlar, 9,6% almanlar, 5,1% çinlilər, 4,6% italyanlar, 4,4% Şimali Amerika hinduları, 4% şərqi hindular, 51,6% digərləridir. Göründüyü kimi Kanadanın etnik mənzərəsi də olduqca rəngarəngdir. Lakin dövlətin 2 rəsmi dili var: ingilis və fransız. Bununla yanaşı qeyri-rəsmi olaraq miqrantlar və yerli aborigenlərin də dilləri məişətdə istifadə olunur. Hətta bəzi yerlərdə aborigenlərin dilləri ikinci rəsmi dil statusuna sahibdir. Məsələn, Nunavutda yaşayan inuitlərin dili, həmçinin Şimal-Qərb Əraziləri adlanan administrativ bölgədə yaşayan 9 digər aborigen etnik qrupun dili həmin bölgələrdə rəsmi statusa malikdir.
Bu model Avropada da geniş istifadə olunur. 1992-ci ildə qəbul edilən və 1998-də qüvvəyə minən Avropa Regional və Etnik Azlıq Dilləri Nizamnaməsinə əsasən etnik azlıqların yaşadıqları bölgələrdə öz dilləri ikinci rəsmi dil statusuna sahibdir. Sənəd hazırda 25 dövlət tərəfindən ratifikasiya olunub. Məsələn, Almaniya 1998-də sənədi ratifikasiya edib və bundan sonra danimarka şimali frisia dilləri Şlezviq-Holstein ştatında, yuxarı sorbian dili Azad Saksoniya Ştatında, aşağı sorbian dili Brandenburqda, saterland frisia dili Aşağı Saksoniyada, roman dili bütün Almaniya ərazisində ikinci rəsmi dil, yəni yerli dil statusuna sahib olub. Lakin ümumi olaraq federal səviyyədə bir rəsmi dil var, o da alman dilidir. Maraqlıdır ki, bu sənədi ratifikasiya eləyənlər arasında Avropa İttifaqı üzvü olmayan Avropa ölkələri (Bosniya və Herseqovina, İsveçrə, Monteneqro, Serbiya, Ukrayna, Birləşmiş Krallıq) ilə yanaşı Ermənistan da var. Çox maraqlıdır ki, Ermənistanda əhalinin demək olar hamısını – 98,1%-ni ermənilər, sadəcə 1,2%-ni yezidi kürdlər (təxmini 40 min nəfər) və 0,7%-ni digərləri təşkil edir.
Guya etnik azlıqlara mədəni haqlar təmin edən bu sənədi ratifikasiya etməklə Qafqazın demokratiya və insan haqları “lideri” təəssüratı yaradan ermənilərin kürdlərə münasibəti heç də ürəkaçan deyil. Kürdlərin ən çox məskunlaşdığı yerlərdən biri Aragatsotn marzıdır (rayonudur). Burda 20 kənddən 11-i, xüsusilə Alagyaz kəndi kürdlərin Ermənistanda əsas yerləşdiyi yerdir. Burda əksəriyyətini vəya tamamını kürdlər təşkil edən məktəblərdə belə kürdcə tədris yoxdur. Sadəcə həftədə 1-2 dəfə 1-2 saatlıq kürd dili dərsi keçilir (bizdəki kimi). O da bəzən heç keçilmir (bizdəki kimi). Kürdlərə qarşı ayrıseçkilik şagirdlərin, çox zaman qızların məktəblərdən uzaqlaşması ilə nəticələnir. Ermənistan yezidilərinə və kürdlərinə (xristian və müsəlman olmalarına görə ermənilər kürdləri ikiyə ayırırlar) məxsus 2-3 dövri jurnal (Yezidikhana, Lalish və Rya Taza, Ye. 1930) və 1 qəzet (Zagros) var, bu da sayca bizdəkindən elə də çox deyil. Beləcə, sənədi ratifikasiya etməyən Azərbaycanda sənədi ratifikasiya edən Ermənistanla müqayisədə etnik azlıqların mədəni haqları hətta daha çox qorunur.
Multikulturalizmin daha bir modeli olaraq İsveçrə modeli göstərilə bilər. Ölkənin etnik tərkibi 65% alman, 18% fransız, 10% italyan, 1% reteroroman və 6% digərlərindən ibarətdir. Dörd əsas etnik qrupu nəzərə alaraq ölkədə 4 rəsmi dövlət dili elan olunub. Hər etnik qrup öz ana dilindən istifadə edir, lakin ölkə adını 4 dilə tərcümə etməməkdən ötrü bir sıra qurumlarda, İsveçrə pulunun (qəpiyinin) üstündə ölkə adı latınca, yəni Confederatio Helvetica olaraq qeyd edilib. Ölkənin internet domeni də ölkənin latınca adının baş hərflərinə uyğun olaraq .ch –dir. Beynəlxalq avtoregistrasiya kodu olaraq da İsveçrə maşınlarının nömrəsi üçün CH istifadə olunur. Bu model Azərbaycan üçün real deyil. Hətta reallıqdan çox-çox uzaqdır. Mümkünsüzdür.
Bir də dünyanın ən çoxsaylı dilə sahib ölkəsi olan Papua Yeni Qvineyayadakı mənzərəyə baxaq. Burada istifadəçi sayı 10 mini keçən 800-dən çox (832) dil var. Rəsmi statusu olan dillər isə tok pisin, ingilis, hiri motu və papua yeni qvineya işarə (kar və lalların istifadə etdiyi) dilidir. 8,7 milyonluq əhalisinin tərkibində 1000-dən çox etnik qrupu olan balaca bir (ərazi baxımından Azərbaycandan 5 dəfə böyük) ölkə üçün bu qeyri-adi deyil. Ümumilikdə mənzərənin özü qeyri-adidir.
Beləliklə dünya nümunələri ilə müqayisə etdiyimizdə Azərbaycan multikulturalizmi önəmli bir yol qət edib, lakin məqsədə çatmağa, o parlaq, rəngarəng mənzərəni əldə etməyə hələ çox var. Bununla belə qanunvericilik bazası/normativ əsas yaradılmaqdadır. Avropanın adını çəkdiyim Nizamnaməsinə qatılaraq bu bazanı daha da zənginləşdirə bilərik. Nəticədə fərqli mədəniyyətlərin varlığını qoruması gözəldir. Fərqli olmaq gözəldir. Bundan qorxmaq və bunu məhv etməyə çalışmaq lazım deyil. Olmaz. Bunu anladığımız qədər multikulturalıq.







