Kişi seksuallığının bəsit və birmənalı olduğunu düşünməyə öyrəşmişik. Bu haqda stereotipik sxem və ardıcıllıq bu cürdür: həyəcan mənbəyi – ehtiras – ereksiya – penisin stimullaşdırılması – boşalma ilə müşayiət olunan orqazm. Lakin kişilərin ehtirası sosial, mədəni və psixoloji faktorlara bağlı olan digər həyəcan növləri kimi şərtidir və zamanla dəyişə bilər.
Seks-pozitiv feminizmin qadınlara çağırışı odur ki, onlar özlərinin hiss və həyəcanlarını sərhədsizlik və özünə yetərlilik prinsipindən yola çıxaraq araşdırmalıdır. Ancaq kişilərin öz seksuallıqlarını araşdırmağa, bədənləri ilə maraqlanmağa onları təşviq edəcək bir hərəkatları hələ ki, qurulmayıb. Belə olan halda, cinsi baxımdan inkişaf etmək istəyən oğlanın diqqəti özünə yox, partnyoruna və onun istəklərinə yönəlməlidir.
Seks təlimçilərinin mövzuları, çıxışları bir qayda olaraq aşağıdakı başlıqlarla verilir: “Unudulmaz kunnilinqusun 7 qaydası”, “Sperma fışqırtmağın sirləri!”, “Ona ilk vaginal orqazmı yaşadın!” – hamısı da kişilərə ünvanlanmış məsləhətlər.
Elə təəssürat yaranır ki, “həqiqi” maskulinlik kişinin özünü kəşf etməsini, öz bədəninə maraq göstərməsini istisna edir. Bəlkə də bu səbəbdən kişi seksuallığı ictimai diskursun xaricində qalır.
Sırf penisdən ibarət kişi?
Haqqında əfsanələr, əhvalatlar danışılan, tez-tez müzakirə olunan qadın erogen zonalarından fərqli olaraq, kişilərin seksual cəhətdən həssas nöqtələri nədənsə yalnız cinsiyyət orqanı – penis və onun başı ilə məhdudlaşdırılır.
“Kişilərin məhdud sayda erogen nöqtəyə malik olması fikri ilə barışmalıyıq. Şəxsən məndə cinsiyyət orqanından başqa həssas nöqtə yoxdur. Bəli, partnyor qulaq məməmi yalayanda bundan xoşum gəlir, amma bu, mənim penisimi qaldırmır. Məntiqlidir. Penisin qulağa nə dəxli var? ” – Rusiyanın “Ora yox” podkastının aparıcısı Aleksandr Babitski belə deyir.
Bəs, yaxşı, niyə bütün diqqət yalnız penis üzərində cəmləşib? Bəlkə bu, ümumiyyətlə, fallosun mütləq diqqət cəlb edən, dominant obyekt hesab olunan fallos mərkəzli kültür kodundan irəli gəlir? Bəlkə bu dominant kültür bizi yalnız penisə baxmağa, ona toxunmağa, ona tərif deməyə vadar edir?
Halbuki, Turku Universitetinin professoru Lauri Nummenmaanın rəhbərliyində aparılmış bir araşdırma nəticəsində kişi və qadın bədənlərindəki erogen zonaların topoqrafik xəritələri tərtib edilmiş və seks zamanı bədənin istənilən nöqtəsinin seksual cəhətdən həyəcanlandırıcı xassəyə malik ola biləcəyi qənaəti hasil olmuşdur.
Hər kəs öz bədənini təklikdə, yaxud partnyoru ilə araşdıra bilər. Kürək, bel, sinə, boyun, qasıq, ayaq barmaqları – bunlar, çox zaman sığaldan məhrum qalan bədən üzvləridir. Lakin problemin həlli də kişilərin öz əlindədir: o, yeni duyğular yaşamaq, özünü kəşf etmək istəyir, yoxsa ənənəvi hisslərlə kifayətlənməyə razıdır?
Penis kainatdır
Şeyinizdən başqa erogen zonanızın olmadığına əmin olsanız belə, beyniniz sizə əksini sübut edəcək. Vücudun həssaslığı istənilən yaşda, neyroplastiklik sayəsində inkişaf etdirilə bilər.
Onurğa zədəsi almış kişilərin öz bədənlərində alternativ genital erogen zonaları kəşf edərək, özlərini cinsi həzzə, hətta orqazma çatdırmaları da, məhz beynin müxtəlif təcrübələrin təsiri altında dəyişmək və zədələnmiş əlaqələri bərpa etmək qabiliyyəti ilə əlaqəlidir.
Neyroplastiklik, bizə müxtəlif bacarıqlarımızı inkişaf etdirməyə kömək edir. Nəyisə davamlı olaraq təcrübə edəndə – istər hansısa musiqi alətində ifa etmək, istərsə də penislə oynamaq olsun – beyinin bu hərəkətlərdən məsul olan hissələrini inkişaf etdirmiş oluruq. Bununla belə, eyni prinsip tərsinə də işləyir: əgər ayaqlar, yanaqlar, qarın və digər potensial erogen zonalar sığallanmırsa, deməli həssaslıq və cinsi ehtiras potensialı, qabiliyyəti də kəşf olunmadan itib-batır.
Penis də bədənin qalan hissələri kimi kəşf olunmamış kainatdır və onu sonsuza qədər araşdırmaq mümkündür. Məsələn, seks oyuncaqlarından – masturbatorlar, vibratorlu ereksiya halqaları, anal tıxaclar, müxtəlif gellər və yağlardan – istifadə etməklə, penisin həssaslığını çoxaltmaq mümkündür.
Həmçinin, pornoya baxaraq, yaxud uğurlu keçən gecəni xatırlayaraq müxtəlif intensivlik və ritmdə masturbasiya etmək də bu qəbildəndir. Solo-seks zamanı yeri gələndə yavaşlamaq, boşalmazdan əvvəl dayanmaq, tez boşalmamağa çalışmaq, qərəz, həyəcan şkalasında gəzişmək mümkündür. Bütün bunlar, yalnız yeni hisslər yaşamaq üçün yox, həm də, əgər belə bir niyyətiniz varsa, partnyorla cinsi əlaqəni də uzatmağınız üçün də faydalıdır.
Qadağan olunmuş meyvə
Bir çox insanın şüurunda “prostat” sözü gecələr tualetə getmək üçün oyanan və işəyərkən əziyyət çəkən qoca kişi ilə assosiassiya olunur. Eyni zamanda, prostat xərçəngi birləşməsi, yaxud proktoloqun barmağını anal dəliyə daxil etməsi səhnəsi oğlanlarda qorxu yaradır. Belə təəssürat yaranır ki, prostat vəzi nəsə çox problemli, baş bəlası bir şeydir.
Halbuki, çox az adam onun konkret harada yerləşdiyini və ümumiyyətlə nə işə yaradığını bilir. Kobud desək, prostat vəzi penisin kökü ilə anal dəlik arasında yerləşir. Tibbi ensiklopediyaya müraciət etsək görərik ki, prostat (yunanca: προστάτης – prostates) qoruyucu, gözətçi mənasına gəlir və boşaltma sisteminin sonuna yaxın hissədə, məsanə və üretra (xarici sidik kanalı) arasında yerləşən şabalıd şəklində və şabalıd böyüklüyündə bir orqandır. Prostat vəzi iki vəzifəyə malikdir. Əsas vəzifəsi sidik kisəsindən sidiyi xaric etmək və orqazm sırasında kişinin spermasının gəlməsini təmin etməkdir. Həmçinin, ereksiyaya cavabdeh olan sinir lifləri də ondan keçir. Prostat – kişi cinsəlliyi üçün bədənin vacib hissəsidir. Prostat böyüdükdə, kişilərdə libido aşağı düşür, erektil disfunksiya başlayır və cinsi əlaqədən alınan zövq azalır.
Bundan əlavə, prostat vəzi kişilərin G nöqtəsidir. Lakin bizim mədəniyyətimizdə anal oyunlar hələ də tabu hesab olunduğundan, kişilər öz arzuları barədə partnyorlarına danışmaqdan utanır, özləri də bunu sınaqdan keçirməyə qorxurlar. Bəziləri hətta inanır ki, seks, yaxud masturbasiya zamanı anal dəliklə manipulyasiyalar etmək, dəliyi sığallamaq onları homoseksuala çevirə bilər. Əslində isə, anal dəliyin sığallanması sadəcə orqazmı tezləşdirir.
Beləliklə, prostatanın stimullaşdırılmasının cinsi orientasiyaya dəxli yoxdur və anal dəliklə manipulyasiyalar homoseksuallar qədər, heteroseksuallara da həzz verir. Əslində, oğlanların bəziləri üçün masturbasiya zamanı prostatı sığallamaq, ona təzyiq etmək, yaxud bunu partnyordan istəmək xarakterikdir.
Orqazmın üç növü
Klassik klassifikasiyaya görə standart orqazm, penisin sürtünməsi ilə təhrik olunan boşalmadır. Sürtünmə zamanı penisin başı, gövdəsi və yüyən təhrik olunur. Bu, dalğavari orqazmdır, yəni hər bir əzələ spazmı porsiyalarla boşalma və onları müşayiət edən həzz dalğası yaradır.
Penisin klassik sürtünməsi olmadan da orqazma çatmaq mümkündür. Kişinin döş gilələrinin və yüyənin (frenulum preputii – penisin başı ilə gövdəsini birləşdirən nöqtə) sığallanması-öpülməsi də orqazmı təhrik edir. Fizioloji cəhətdən eyni olsalar da, tamamilə fərqli həzz yaşadan orqazmlardır.
Üçüncü növ orqazma gedən yol isə bir qədər uzundur. Penisin başı və yüyəni sığallamaq, orqazm anı yaxınlaşanda stimulyasiyanı dayandırmaq və bunu dəfələrlə təkrarlamaqla orqazma çatmaq mümkündür. Beyin özü sizi finişə çatdıracaq.
Bir də əlbəttə multi-orqazm var. Bu ezoterik fenomeni kəşf etmək üçün, qasıq-büzdüm əzələsini məşq etdirmək, ondan əvvəl isə onun yerini tapmaq lazımdır. Bunun da üsulu var.
Sidik ifraz edərkən, sidik axınını qəfil dayandırmaq istəyəndə qasıq bölgəsində hərəkətə keçən mexanizm, sidiyi dayandırmağa imkan verən əzələ, həmin “müqəddəs” qasıq-büzdüm əzələsidir. Hər gün sidiyə gedəndə onu sıxıb-buraxmaqla məşq edin. Bir ay sonra əzələni daha yaxşı hiss və idarə etməyi öyrənəcək, bununla da sperma ifrazını istədiyiniz zaman dayandıraraq, cinsi əlaqənin müddətini uzadacaqsınız.
Yeri gəlmişkən, bu məşqlər sizə multi-orqazm, yaxud quru orqazm keçirməyə də kömək edəcək. Bu orqazm, sperma axıtmadan hiss olunan orqazmdır.
Boşalma ≠ orqazm
Anorqazmiya – cinsi stimullaşdırma zamanı orqazmın baş verməməsi – kişilərə də, qadınlara da tanış olan problemdir. Anorqazmiya anadangəlmə də ola bilər. Elə insanlar var ki, ömürlərində orqazm həzzini dadmayıblar. Həmçinin, anorqazmiya sərt dindar mühitdə, ailədə tərbiyə almış, yaxud Müller kanalı kistası kimi xəstəliklərə yoluxmuş kişilərdə də müşahidə olunur.
Qazanılmış anorqazmiya isə, məsələn, antidepresantların istifadəsi, alkoqol və narkotik maddələrin qəbulu, hansısa travmatik bir təcrübənin yaşanması ilə də yarana bilər. Bu növ anorqazmiya həm mütləq (hər zaman və hər kəsdə), həm də seçici (“uşağa qalmaq” qorxusundan) ola bilər.
Orqazm çatışmazlığı münasibətlərdəki problemlərdən, qorxulardan (məsələn, venerofobiya), valideyn təzyiqindən, cəza xofundan, yaxud “mən saatlarla boşalmamalıyam ki, seks yaxşı alınsın” şərtlənmişliyindən yarana bilər.
Anorqazmiya səbəbindən kişilərdə əsəb yaranır, narahatlıq artır və erektil disfunksiya (penisin sərtləşməməsi) baş verir. Bu qapalı dairədən çıxmaq isə çox çətindir.
Anorgazmiyada nə orqazm var, nə də boşalma. Elə hallar da olur ki, sadəcə orqazm baş vermir. Yeniyetmələrdə gecə pollüsiyaları (qeyri-ixtiyarı boşalmalar) hamıya tanışdır, lakin androloq Yuri Kan və psixoterapevt Mixail Yaqubov az bilinən orqazmik anhedoniya fenomenini də təsvir ediblər. Onlar, boşaldıqları halda cinsi əlaqədən az həzz alan, yaxud heç həzz almayan 22 ilə 50 yaş arasındakı 50 kişi pasienti üç qrupa bölüblər.
Məlum olub ki, birinci qrup kişilərdə anorgazmiyanın səbəbi depressiv pozğunluq imiş. İkinci qrup nevrasteniyadan – əsəb, narahatlıq və diqqət dağınıqlığından əziyyət çəkirmiş. Üçüncü qrupun problemi isə stress yaxud dissosiyativ pozğunluq (insanda şəxsiyyət, yaddaş, qavrayış və ətraf mühit ilə əlaqədər duyumlar kimi normalda bir bütün halında çalışan funksiyaların bütövlüyünün pozulması) olub.
Süni orqazm və penis protezi
Cəmiyyətdə kişilərin intim problemləri barədə açıq danışmaq adət olmadığı üçün, bəzi oğlanlar orqazmın simulyasiyana əl atırlar.
Kanzas Universitetinin psixologiya professoru Charlene Muehlenhardtın apardığı bir araşdırma üçün sorğuya cəlb edilmiş 180 oğlan tələbənin %28-nin penisin vaginaya daxil olmasından zövq aldıqlarını deyəndə yalan danışdıqları müəyyən edilib. 25%-i isə oral seks, əllə stimullaşdırma və telefonda seks zamanı həzz aldıqlarına dair yalan danışıblar. Men’s Health və Women’s Health jurnallarının 2000 nəfər arasında müştərək apardıqları bir sorğu isə 17% respondentin seks yalançısı olduğunu aşkar edib.
Yataqda edilən saxtakarlıqların seks məsələlərində təcrübəsizlik, uğursuz tərəfdaş seçimi, alkoqol sərxoşluğu, arzu olunmayan cinsi əlaqə kimi səbəbələri ola bilər. Yalan danışmağın səbəblərindən biri də, sevdiyin insanın xətrinə dəyməkdən qorxmaqdır. Yalan danışmaq – problemin tez və ağrısız həlli kimi görülür. Üzvi yaxud psixoloji səbəblərdən yarana bilən erektil disfunksiyadan əziyyət çəkən kişilər, problemi mümkün qədər “tezbazar” həll etməyə, bir növ problemin üstünü örtməyə meyl edirlər.
Penisləri qalxmayan kişilər adətən həb qəbul etməyə, iynə vurdurmaya tələssə də, penislərinə hidravlik protez (implant) taxdıranlar da olur. Penis implantı, kişilərdə ereksiya problemini aradan qaldırmaq üçün istifadə olunan, bioloji uyğun plastikdən hazırlanan protezdir.
Sevgisiz durmur
Qadın anorqazmiyası, qadınlarda cinsi arzunun yoxa çıxması haqda xüsusilə son illər çox danışılır, bu mövzuda saysız araşdırmalar aparılır, kişilərin isə oxşar problemləri demək olar ki, nəzərə alınmır. Bunun səbəbi, oğlanlar haqda kök salmış “alətləri daim qalxmış vəziyyətdədir və hər an yatağa tullanmağa hazırdırlar” mifidir. Oğlanların özü də bu mifi yaşatmağı, problemlərini həll etməkdən üstün tuturlar.
Sözsüz ki, seks haqqında çox düşünən, onu tez-tez arzulayan oğlanlar da var. Psixoterapevt Esther Perel hesab edir ki, bu cür oğlanların əksəriyyəti üçün cinsi əlaqə, ümumiyyətlə hər hansı yaxınlığı hiss etmək, qayğı və nəvazişlə əhatə olunmaqdan ötrü yeganə mümkün sosial vasitədir.
Kişilərin, onlara heç bir öhdəlik yükləməyən cinsi əlaqəyə daim hazır olmaları haqda nəzəriyyəni yoxlamaq üçün, Mainz şəhərində fəaliyyət göstərən Dr. Andreas Baranowski, bir təcrübə keçirməyə qərar verir: 6 kişi və 8 qadın gecə klubları və tələbə şəhərciklərinə göndərilir və müvafiq olaraq qızlara və oğlanlara yaxınlaşaraq, onlara sekslə məşğul olmağı təklif edir. Demək olar ki, oğlanların əksəriyyəti qızların cinsi əlaqə təklifinə dərhal razılıq verirlər. Qızlardan isə razılıq verən olmur.
Eksperimentin ikinci hissəsində isə, respondentlərə qarşı cinsdən olan şəxslərin fotoları göstərilir və şəklidəki şəxslə cinsi əlaqəyə girməyə razı olub-olmadıqları soruşulur. Bu dəfə cavablardakı gender fərqi tamamilə ortadan qalxır: oğlanlar da, qızlar da eyni faiz nisbətində “yox”, yaxud “hə” cavabı verirlər. Bunun səbəbi, əsasən qızların özlərini daha təhlükəsiz hiss etməsi, fotodakı tanımadığı şəxs haqqında fikir bildirməyin daha rahat olması idi. Tədqiqatçıların gəldiyi qənatə görə, həm kişilərin, həm də qadınların cinsi davranışlarına sosial-mədəni amillər böyük təsir göstərir.
“Dərhal cinsi əlaqə”yə razı olmayan oğlanların sayı da kifayət qədərdir: bəzi oğlanlar üçün seksdən əvvəl duş qəbul etmək, bəziləri üçün isə qızla mütləq hansısa bir emosional bağ qurmaq vacib şərt olaraq ifadə edilib.
Ereksiya ≠ arzu
Eyni zamanda, hər iki cins üçün nonkonkordantlıq – yəni, genital cavab və seksual arzu uyğunsuzluğu da səciyyəvidir. Bu əks sinxronlaşmanın səbəbi – bədənə cinsi əlaqə əmrini verən limbik sistemin, cinsi əlaqəyə girib-girməməyə qərar verən neokorteksdən daha qədim beyin strukturu olmasıdır.
Bu məqamda, genital sindrom xəstəliyini – davamlı “oyaq”, seksə hazır vəziyyətdə olmaq – da xatırlamaq yerinə düşər. Qadınlarda daha çox görülən bu xəstəliyi bir sıra həkimlər “uşaqlıq yolunun quduzluğu” adlandırır (“gic dıllaq” – sözügedən sindromun Azərbaycanda el dilindəki adı – red.). Lakin qadınlarda görülən sindrom, kişilərin oxşar diaqnozu ilə müqayisədə uşaq oyuncağıdır – kişilərin “penis quduzluğu” daha şiddətli və azğındır.
Bu xəstəlikdən əziyyət çəkən kişilərdə seksual arzu müşahidə olunmur, lakin buna baxmayaraq, penisləri daim ereksiya vəziyyətindədir, penisdən maye ifraz olunur, bəzi hallarda isə 30 dəqiqədən bir saata qədər davam edən orqazm yaşanır.
Kişilərdə eyni zamanda, erotik fon olmadan dörd saatdan artıq davam edə bilən və priapizm adlanan olduqca ağrılı ereksiya da müşahidə olunur. Həm də nəzərə alınmalıdır ki, oğlanlarda reflektor (penisə toxunma anında) və spontan (gecələr qeyri-ixtiyari) ereksiya halları baş verir. Heç bir cinsi ehtiras keçirməyən aseksualları da xatırlamaq yerinə düşər.
Beləliklə, kişilərin daim seksə hazır vəziyyətdə olması haqdakı stereotiplər fizioloji, psixoloji və eyni zamanda, orientasiya baryerlərinə çırpılır və darmadağın olur.
Dəyişkən heteroseksuallıq
Yeri gəlmişkən, mövzunun tam anlaşılması baxımından, oriyentasiya barədə də bir neçə söz demək zəruridir. Bir kişinin ya heteroseksual, ya da bi-/homoseksual ola biləcəyi hesab edilir. Yəni kişi seksuallığı guya “qadınlardakı” kimi dəyişkən, flüid ola bilməz.
Heteroseksual bir qız, başqa bir heteroseksual qızı öpürsə, hətta onunla cinsi əlaqədə olursa, onlar biseksual və ya lezbiyan kimi qəbul olunmaya bilərlər. Əksinə, ola bilər ki, onları “sadəcə əylənən rəfiqələr” adlandırsınlar. Ancaq eyni əhvalat iki heteroseksual oğlan arasında baş versə, onlar dərhal homoseksual kimi damğalanacaqlar.
Cornell Universitetinin İnkişaf psixologiyası üzrə professoru Riç Savin-Williams, müəyyən bir kişi qrupunu “əsasən naturallar” adlandıraraq ayırır.
Bu kişilər, özlərinin tam heteroseksual olduqlarını qəbul etməklə yanaşı, başqa kişilərlə seksual təcrübə yaşamaq potensiallarını da inkar etmirlər. Onların bəzilərinin, öz cinsinin cazibəsinə qapılmaq, yaxud onunla bağlı seksual fantaziyalar qurmaq kimi təcrübələri də olur.
Onlar, identikliyi və arzularını tam əks etdirmədiyi üçün “100% heteroseksual” etiketini rədd edir və cinsi-romantik kontinuumda özlərinə daha münasib bir yer tapmağa çalışırlar.
Odur ki, sabit, bəsit və birmənalı kişi seksuallığı haqqındakı təsəvvürlərimizdən bərk-bərk yapışmaq yerinə, biz gərək kişi seksuallığını təkcə biologiya ilə məhdud bir fenomen kimi yox, həmçinin mədəniyyətdə dominant olan gender normaları ilə bağlı arzuların elastik toplusu kimi nəzərə alaq. Bu isə, yalnız kişilərə yox, qalan genderlərə də daha çox azadlıq haqqı tanıyacaq.
Knife Media