Azərbaycanda içməli suyun qiyməti iki dəfə qaldırıldı – Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 ton üçün 50 qəpikdən 1manata, digərlərində 45 qəpikdən 90 qəpiyə. Bu barədə qərarı qəbul edən Tarif Şurasının açıqlamasına görə, son illər “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının coğrafiyası, fasiləsiz su təchizatının əhatə dairəsi genişlənib. Bunun nəticəsində də elektrik enerjisi və digər xərclər artıb: “Buna görə də artıq mövcud tariflə əldə olunan gəlir xərcləri qarşılamır və bununla bağlı dövlət büdcəsindən subsidiya ayrılır”.
“Azərsu” ASC müraciətində qeyd edib ki, xidmətin davamlılığının təmin edilməsi, keyfiyyətin yüksəldilməsi, eyni zamanda dövlət büdcəsindən asılılığın aradan qaldırılması üçün tariflərin artırılması zəruridir. Qurum deyir ki, 2021-ci ilin dövlət büdcəsində “Azərsu” ASC-nin xərclərin ödənilməsi üçün 45 milyon manat subsidiya nəzərdə tutulub. Suyun qiyməti artandan sonra bu vəsait quruma verilməyəcək.
ASC xatırladır ki, son tarif tənzimlənməsi 2016-cı il mayın 13-də aparılıb. Ötən müddət ərzində abonentlərin sayı 200 mindən çox artıb. “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsi 50 faizdən 70 faizə, fasiləsiz su təchizatı isə 65,6 faizdən 70,5 faizə yüksəlib.
Təəssüf ki, qurum su təchizatını əhatə dairəsi deyərkən, əhali sayı, yoxsa ərazi sahəsini nəzərdə tutduğunu açıqlamır. Lakin regionlarda içməli suyun mərkəzləşmiş mənbədən yalnız rayon mərkəzləri, bəzi iri qəsəbə və kəndlərdə alındığını, xüsusilə dağətəyi və dağlıq kəndlərin bir qayda olaraq içməli suyu təbii mənbələrdən götürdüyünü nəzərə alsaq, söhbətin əhali sayından getdiyini deyə bilərik. Məlumdur ki, ölkə əhalisinin çox mühüm bir hissəsi Abşeron yarımadasında cəmləşib. Qeyri-rəsmi məlumatlarda yarımadada 4 milyondan yuxarı insanın yaşadığı qeyd olunur ki, bu da ümumi əhalinin 40 faizindən çoxu deməkdir.
Gözlənildiyi kimi, suyun qiymətinin qaldırılması əhali arasında ciddi narazılığa səbəb olub. Bu narazılıq müstəqil ekspertlər tərəfindən də səsləndirilməkdədir. Məsələ burasındadır ki, ölkədə hər dəfə su tarifləri artırılanda suyun maya dəyəri ilə satış qiymətinin arasında fərqin çox olduğu, artımdan sonra su təchizatını həyata keçirən “Azərsu”nun gəlirliliyinin yüksələcəyi, əhaliyə göstərilən xidmətin keyfiyyətinin artacağı qeyd edilir. Lakin indiyədək də ölkənin içməli su təchizatı sistemində mövcud olan çox ciddi problemlər aradan qaldırılmayıb. Hansı ki, məhz o problemlər üzündən suyun maya dəyəri getdikcə yüksəlir…
Bu problemlərdən birincisi içməli su təchizatı sistemində itkilərin həddindən artıq böyük olmasıdır. Ötən ilin yayında Prezident İlham Əliyevin yanında su təsərrüfatına həsr olunmuş müşavirədə verilən məlumata görə, 2019-cu ildə Azərbaycanda içməli su sərfiyyatı üçün mənbədən təxminən orta hesabla 653 milyon kubmetr su götürülüb. Bu, mövcud su ehtiyatlarının 2,2 faizi deməkdir. Əgər bu suyun hamısı istehlaka yönələrsə, dünya üzrə orta göstəriciyə – 3 faizə yaxın bir istehlak demək olardı. Lakin məsələ burasındadır ki, istehlakçıya mənbədən götürülən suyun yarıdan da azı gedib çatır. Belə ki, sistem üzrə götürülən 653 milyon kubmetr suyun təxminən orta hesabla 57 milyon kubmetri, yəni 9 faizi sistemin texnoloji proseslərinə sərf edilir, 286 milyon kubmetr su isə müxtəlif sərflərə silinir. Yalnız təxminən 283 milyon kubmetr su – bu, şəbəkəyə daxil olan suyun 45 faizi, götürülmüş suyun isə 50 faizi deməkdir, istehlakçılara çatdırılıb.
Göründüyü kimi, su ehtiyatlarının 70 faizi xaricdən formalaşan, qlobal iqlim dəyişikliyinin ən kəskin dəyişikliyinə məruz qalmaqda olan, su ehtiyatları getdikcə azalan bir ölkə üçün çox faciəli bir durum yaranıb: mənbədən götürülən suyun cəmi 45 faizi son istehlakçıya gedən şəbəkəyə çatır. Və hazırda bu istehlakçıya çatdığı deyilən suyun nə qədərinin paylama şəbəkəsindəki problemlər üzündən itkiyə getdiyi barədə məlumat açıqlanmır. Bu haqda sonuncu məlumat 2016-cı ildə təsdiqlənmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edilib. Xəritədə verilən məlumatda ev təsərrüfatlarına suyun paylanması zamanı yaranmış itkilərin təxminən 30-32 faiz təşkil etdiyi qeyd olunur. Bildirilir ki, bu, bir sıra ölkələrin müvafiq göstəricisi ilə müqayisədə (Türkiyə – 12 faiz, Polşa – 10 faiz, Yunanıstan – 8 faiz, Almaniya – 4 faiz) yüksəkdir. Yol xəritəsində nəzərdə tutulurdu ki, 2020-ci ilədək “Azərsu” ASC-nin paylanmada olan itkiləri 31 faizdən 25 faizədək azaldılacaq. Bunun üçünsə su infrastrukturunun modernləşdirilməsinə 845 milyon manat investisiya qoyulacaq. Bu o deməkdir ki, supaylama sistemindəki itkinin 6 faiz azaldılması üçün 1 milyard manata yaxın investisiya qoymaq lazım gələcəkdi.
Bunun necə hesablandığını təxminən də olsa təsəvvür etmək üçün bir nümunəyə müraciət etməyə ehtiyac var: 2000-ci ildə Bakının elektrik təchizatı şəbəkəsi idarəetməyə verilməzdən əvvəl müvafiq dövlət qurumunun hesablamaları əsasında onun yenidənqurulması, itkilərin azaldılması, fasiləsizliyin təmin olunması üçün 1 milyard dollardan yuxarı vəsait qoyuluşunun lazım gəldiyi açıqlanmışdı. İdarəetməyə verilmə üzrə tenderdə əvvəlcə şəbəkəyə 700 milyon dollar sərmayə qoyacağını deyən “Siemens” şirkəti qalib gəlsə də, sonradan qoyduğu vəsaitə dövlət zəmanəti istədiyinə görə ikinci təklifin sahibi olan Türkiyənin “Barmek” şirkəti ilə müqavilə imzalandı. Yəqin ki, o vaxtlar Bakıda yaşamış hər kəsin yadında olar: binalarda elektrik naqilləri necə hörümçək toru kimi sallanır, kim necə istədi, haradan istədi özünə elektrik xətti çəkirdi…
“Barmek” cəmi 600 milyon dollara yaxın bir vəsaitlə 2 ildən də az müddətdə o sistemi tamamilə yeniləyib fasiləsiz enerji təchizatını təmin etməklə yanaşı, itkilərin səviyyəsini də ikiqat azaltmağa nail oldu. Çünki özəl şirkət idi və itkiyə gedən hər kilovatta görə cibinə az gəlir daxil olurdu. Çünki şəbəkəyə “dövlətin malıdır, canı cəhənnəm” deyil, “qoyduğum vəsaiti çıxarmalıyam” prinsipindən yanaşırdı…
Mövcud vəziyyət göstərir ki, yol xəritəsində qarşıya qoyulan hədəflərə nail olunmayıb. Bu səbəbdən də “Azərsu” sistemində suyun maya dəyəri ilə satış qiyməti arasında kəskin fərq meydana gəlir. Rəqəmlərə müraciət edək: ASC-nin maliyyə hesabatından aydın olur ki, 2019-cu ildə ASC su satışından 128,643 milyon manat, kanalizasiya xidmətlərindən 57,251 milyon manat, digər satışlardan 7,142 milyon manat olmaqla cəmi 193,036 milyon manat gəlir əldə edib. Bu, 2018-ci ildəki 176,715 milyon manatdan 9,2 faiz çoxdur. Gəlir artsa da, ASC 2019-cu ili 592 milyon 488 min manat xalis zərərlə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə qurumun xalis zərəri 112 milyon 287 min manat və ya 19 faiz artıb. “Azərsu” bu artımı “yeni su kəmərlərinin və kanalizasiya sistemlərinin tikintisi” və 1 m3 su və kanalizasiya xidmətinin maya dəyərinin orta satış qiymətindən 2 dəfəyə yaxın çox olması ilə əsaslandırır.
Bildirilir ki, 2019-cu ildə 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.42 AZN, orta satış qiyməti isə 0.75 AZN olub. Halbuki 2018-ci il üzrə 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.30 AZN, orta satış qiyməti isə 0.74 AZN olub. Nəticədə 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətini 0.56 manat və ya 1.75 dəfə səviyyəsində üstələyib.
Azərbaycanda su təchizatında maya dəyərini artıran problemli məsələlərdən biri də istehlakçıya çatdırılan suyun çox böyük bir hissəsinin kanalizasiya şəbəkəsi olmadığı üçün geri toplanmamasıdır. Bu, hətta Abşeron yarımadası kimi kanalizasiya sistemi ilə əhatə olunma səviyyəsi ölkə üzrə orta göstəricidən bir neçə dəfə yüksək olan ərazidə belə 50 faizə çatmır. 2015-ci ildə “Azərsu” sistemində istehlakçıya verilən suyun cəmi 46 faizi kanalizasiya şəbəkəsinə axıdılıb. 54 faiz su kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yaşayan istehlakçılara verilib. 2019-cu il üzrə ASC-nin su satışı və kanalizasiya xidmətlərindən əldə etdiyi gəlirlərin nisbəti ilə götürdükdə, hazırda cəmi 44,5 faiz suyun kanalizasiya sistemi olan ərazilərdəki istehlakçılara verildiyini görərik. Beləliklə, kanalizasiya sistemi olmayan ərazilərdəki istehlakçılardan yalnız verilən suyun pulu toplanır(fevralın 1-dən 70 qəpik), bu isə ümumi sistem üzrə suyun maya dəyərinin artmasına, orta satış qiymətinin isə azalmasına gətirib çıxarır.
“Azərsu”nun 2019-cu il hesabatında son illərin bütün hesabatlarında rast gəlinən bir qeyd xüsusilə maraqlıdır: “Rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlamışdır. Bu da Qrupa abunəçilərinin sayını artırmaq, debitor borclarını toplamaq, satış üzrə zərərlərini azaltmağa imkan yaradacaqdır”.
Aydındır ki, Bakı və Abşeron yarımadasının su təchizatı sisteminin mühüm bir hissəsi istismar yaşını başa vurmuş metal borulardan ibarətdir və itkilərin bir əsas səbəbi də buradadır. 2015-ci ildə “Azərsu” bu sistemin yeni və plastik borularla əvəzlənməsini nəzərdə tutan master plan hazırlamışdı. Hesabatda haqqında bəhs edilən bu planın icrası üçün bir neçə milyard manatlıq investisiya qoyuluşunun tələb olunacağı nəzərdə tutulur. Lakin görünən odur ki, indiyədək dövlət regionların içməli su təchizatına daha çox vəsait ayırır, nəinki mövcud sistemin yenidənqurulmasına. 2019-cu ildə ASC dövlətdən tikinti işləri üçün 438,389 milyon manat vəsait alıb ki, bunun da mühüm hissəsi məhz rayonlardakı layihələrin icrasına yönəldilib.
Reallıq isə budur ki, su təchizatı sistemində qeyd etdiyimiz böyük problemləri aradan qaldırmadan tarifləri hətta 2-3 manata yüksəltsək belə, “Azərsu”nun fəaliyyətində zərərin qarşısı alınmayacaq. Hansı ki, bu kimi problemlər üzündən 30 sentyabr 2019-cu il tarixinə “Azərsu” ASC-nin yığılmış zərəri 6 milyard 977 milyon 191 min manata çatıb.
Ötən ildən hökumət kommunal xidmət sektorundakı təbii inhisarçılar da daxil olmaqla, iri dövlət müəssisələrinin fəaliyyətinin kommersiyalaşdırılması, idarəetmənin təkmilləşdirilməsi istiqamətində addımlar atmağa başlayıb. Bu addımlar çərçivəsində “Azərsu” ASC Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilib. Ümid edək ki, bu dəfəki qiymət artımının ardınca su təchizatı sistemində idarəetmə həqiqətən təkmilləşdiriləcək, şəffaflıq və hesabatlılıq təmin olunacaq, korrupsiya riskləri aradan qaldırılacaq. Və nəhayət, hökumət su təchizatı sisteminin idarəçiliyini özəl əllərə təslim edib dövləti böyük maliyyə yükündən azad edəcək, istehlakçıları isə qlobal iqlim dəyişikliyinin yarada biləcəyi su qıtlığı riskindən qoruyacaq…







