1992-ci ilin yaz ayında Şuşa və Laçını ələ keçirən ermənilərdə böyük bir ruh yüksəkliyi və eyforiya hiss olunurdu. Ermənilər müharibənin çətin anlarının artıq geridə qaldığını, Azərbaycan ordusuna rahatlıqla qalib gələcəklərini düşünürdü.
Robert Köçəryan o günləri belə xatırlayırdı: “Bir sıra parlaq qələbələrdən sonra hər kəsdə eyforiya yaranmışdı. Laçın və Kəlbəcər bölgələrini bir-birindən ayıran ərazilərdə müdafiə xətti yaratmaq üçün heç bir iş görmədik. Təbii ki, qələbələr məni də sevindirmişdi, amma buna baxmayaraq çox narahat idim. Azərbaycanın Qarabağın itirilməsini qəbul etməyəcəyini və baş verənlərin yalnız döyüş əməliyyatlarında qısa bir fasilə olduğunu başa düşürdüm. Genişmiqyaslı müharibənin başlaması an məsələsi idi. Hər kəsə elə gəldi ki, çox vaxtımız var və Azərbaycan tezliklə özünə gəlməyəcək. Bir sözlə qələbə arxayınlığının cəzasını misli ilə çəkdik.”
Bu dövrdə erməni rəhbərləri arasında siyasi parçalanma Ermənistanla “DQR” arasındakı vəziyyəti mürəkkəbləşdirdi. Belə ki, Ermənistanda daşnaklara qarşı siyasi təqib başladığı halda (Daşnaksütyun partiyası prezident Levon Ter-Petrosyan tərəfindən ölkədə qadağan edilmişdi) “DQR”-də daşnakların güclü təsiri qalmaqda idi. 1992-ci ilin aprelində “DQR” Ali Şurası sədri Artur Mkrtçyanın ölümündən sonra vəzifə uğrunda daşnaklarla Ermənistan rəhbərliyinin təsirində olan siyasətçilər arasında güclü mübarizə başladı. Vəziyyət elə həddə çatdı ki, ordu rəhbərliyi, konkret desək general Arkadi Ter-Tadevosyan daşnaklara qarşı çıxdı və onları təxribat törətməkdə ittiham etdi. Qeyd edim ki, bu siyasi qarışıqlıqdan Azərbaycan məharətlə istifadə edəcəkdi. Bununla bağlı aşağıda ətraflı məlumat veriləcək.
Azərbaycan ordusunun vəziyyəti
Siyasi qarışıqlıqlardan istifadə edən Müdafiə Naziri Rəhim Qazıyev və “Hərbi birlik” in sədri Surət Hüseynov genişmiqyaslı hücum əməliyyatı keçirmək qərarına gəldilər. 5 may 1992-ci ildə cəbhə bölgələrinin özünümüdafiə dəstələrinin komandirləri tərəfindən yaradılan və sədri Surət Hüseynov seçilən “Hərbi birlik” təşkilatının sərəncamına əsasən Ağdam, Tərtər, Goranboy və Kəlbəcərdən olan dəstələr və üç briqada (701-ci Kəlbəcər, 703-cü Tərtər və 708-ci Ağdam) daxil edildi. Əslində Surət Hüseynovun rəhbərliyi ilə “Hərbi birlik” cəbhənin şimal və mərkəzi hissəsindəki bütün hərbi əməliyyatların komandanlığını həyata keçirirdi.
Hücumu həyata keçirmək üçün Surət Hüseynov əsas zərbə qüvvəsi rolunu oynamalı olan bir hücum qrupu yaratmaq qərarına gəldi. Beləliklə 123-cü motoatıcı alayın formalaşmasına başlanıldı. 123-cü motoatıcı alayın hazırlanması üçün Surət Hüseynovun istəyi ilə rus hərbi mütəxəssisləri cəlb edilmişdi. Bu ərəfədə Sovet ordusunun dağılması və silahların müttəfiq ölkələrə verilməsi prosesi həyata keçirilirdi. Azərbaycanda qalan 4-cü Sovet ordusunun silahları ilə bağlı Müdafiə naziri Rahim Qazıyev Moskvaya getdi və orada 29 aprel protokoluna uyğun olaraq Rusiya Müdafiə naziri Pavel Qraçovla danışıqlar apardı. Beləcə 1992-ci ildə Sovet ordusuna aid 336 tank, 842 ədəd zirehli texnika və müxtəlif sayda artilleriya vasitələri Azərbaycan ordusunun ixtiyarına verildi.
Cəbhə xəttindəki bütün bölmələr üçün razılaşdırılmış planlara uyğun hərəkət edilməsi üçün vahid komandanlıq quruldu. “Hərbi birliyin” qərargahının yerləşdiyi Yevlax şəhəri hücuma hazırlığın bütün aspektlərinin idarə olunduğu əsas bazaya çevrildi. 1-2 iyun 1992-ci ildə Azərbaycanın Müdafiə Naziri Rəhim Qazıyev Moskvada idi və burada Rusiyanın Müdafiə Naziri Pavel Qraçovla danışıqlar apardı. Bu danışıqlardan sonra Pavel Qraçov Gəncədəki 104-cü hava-desant diviziyasının komandiri general-mayor Valeri Şerbaka Azərbaycan əsgərlərinə köməklik göstərməyi tapşırdı. 104-cü hava-desant diviziyasının əməliyyat şöbəsinin rəisi, polkovnik-leytenant Vladimir Selivanovun rəhbərliyi ilə bir qrup rus zabiti “Hərbi birliyin” Yevlaxdakı qərargahında işə başladı. 104-cü hava-desant diviziyasının özüyeriyən artilleriya qurğularından irəliləyən Azərbaycan qoşunlarına artilleriya dəstəyi göstərməsinə qərar verildi. Burada qeyd etmək lazımdır ki, Rəhim Qazıyevlə Pavel Qraçov arasında şəxsi münasibətlərin yaxşı olması Azərbaycanın Rusiyadan hərbi yardım almasına təsir edən önəmli faktor idi.
1992-ci il iyun ayının əvvəllərində Azərbaycan komandanlığına erməni dəstələrinin Goranboy bölgəsində (keçmiş Şaumyan rayonu) və əhəmiyyətli Murovdağ (Xanlar – Toğanalı) yolunu kəsmək üçün Sarısu və Çaykənd kəndlərinə hücum hazırladığı barədə kəşfiyyat məlumatı daxil olur. Bu hücum uğurlu olacağı təqdirdə erməni qoşunları Kəlbəcəri Azərbaycanın digər hissəsindən ayıra bilərdi və bundan başqa Gəncə şəhəri də daimi artilleriya zərbələri təhlükəsi ilə üzləşəcəkdi. Bu məlumatlar nəzərə alınaraq keçmiş Şaumyan bölgəsində hücum əməliyyatı keçirilməsinə qərar verildi. “Hərbi birliyin” Yevlaxdakı qərargahında 104-cü hava-desant diviziyasının rəisi, polkovnik-leytenant Vladimir Selivanov və Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini polkovnik-leytenant Şikar Şikarovun rəhbərliyi ilə bir qrup “Şaumyan hücum əməliyyatı”nı hazırladılar. Düşməni yanıltmaq üçün Şaumyan hücum əməliyyatı çərçivəsində Ağdam istiqamətində manevredici zərbə endirmək qərara alındı. Azərbaycan komandanlığının məqsədi düşməndə Azərbaycan qoşunlarının Əsgəranı tutub Xocalıya gedəcəkləri təəssüratını yaratmaq və bununla da onların əsas qüvvələrini Əsgəran istiqamətinə çəkməyə məcbur etməkdən ibarət idi. Erməni qoşunlarını aldatdıqdan sonra əsas zərbə Şaumyan istiqamətində vurulmalı idi.
Əvvəlcə əməliyyat 10 İyun 1992-ci il tarixində planlaşdırıldı. Ancaq hücum təyyarələri hazır olana qədər iki gün təxirə salındı. 11 iyun 1992-ci il tarixində “Hərbi birliyin” sədri Surət Hüseynov Goranboyda Şaumyan istiqamətində irəliləməli olan komandirlərlərlə görüş keçirdi. Bu iclasda 12 iyunda günün ikinci yarısında hücuma başlamaq əmri verildi.
12 iyun 1992-ci ildə günün ikinci yarısında Azərbaycan ordusunun Ağdamdakı bölmələri şiddətli artilleriya zərbələrindən sonra Əsgəran bölgəsində və Ağdərənin Sırxavənd kəndi istiqamətində hücuma başladılar. Azərbaycan ordusu Əsgəranın şimalında Xanabad – Fərrux kəndləri istiqamətində və Əsgəranın cənubunda Naxçıvanlı – Ağgədik kəndləri istiqamətində erməni qoşunlarına iki zərbə endirdi. Hücumda Elxan Orucovun rəhbərliyi altında 708-ci briqada, Xosrov Əhmədovun rəhbərliyi ilə 123-cü alayın 1-ci motoatıcı batalyonu, Yaqub Rzayev, Allahverdi Bağırov, Ədalət Zeynalov, Asif Məhərrəmov, Şirin Mirzəyevin komandiri olduğu müxtəlif dəstələr, Faiq Baxşəliyevin komandiri olduğu bir polis batalyonu, Sabir Şabanovun komandanlığı altında daxili qoşunların alayı, dörd Mi-24 helikopteri və pilotu Vaqif Qurabnov olan 1 Su-25 təyyarəsi iştirak edirdi.
Səhərə qədər Azərbaycan qoşunları ermənilərin müdafiə xəttini qıraraq Ağbulaq, Dəhrəz, Pircamal, Aranzəmin, Naxçıvanlı kəndlərini azad edib Pirqaya təpəsini götürməyi bacardılar. Erməni qoşunları Azərbaycan qoşunlarını yalnız Ağgədik kəndində dayandırmağı bacardı. Əsgəran bölgəsinin şimalında Azərbaycan qoşunlarının hücumu güclü və mütəşəkkil düşmən müdafiəsi ilə üzləşdi. İtkilərə məruz qalan Azərbaycan qoşunları geri çəkilmək məcburiyyətində qaldı. Sırxavənd istiqamətində hücum isə uğurlu oldu. Azərbaycan qoşunları Sırxavənd, Qazançı, Manikli, Baş və Orta Güneytəpə kəndlərini azad etməyi bacardı. Azərbaycan ordusunun təxribatçı zərbəsinə aldanan erməni komandanlığı əsas qüvvələrini və ehtiyatlarını Əsgəran və Sırxavənd istiqamətinə gətirməyə başladı. 13 iyun 1992-ci il səhər Goranboy (Şaumyan) bölgəsindəki erməni qrupuna qarşı əsas zərbə endirildi.
Hücumda Məhəmməd Həsənovun komandanlığı altında 1-ci Goranboy taboru, Rasim Əkbərovun rəhbərliyi altında 2-ci Goranboy taboru, Mehman Ələkbərovun rəhbərliyi altında Gəncə taboru, Saleh İlyasovun rəhbərliyi altında Xanlar özünümüdafiə batalyonu və Nazim Bayramovun komandanlığı altında 123-cü alayın tank taboru iştirak edirdi. Bu istiqamətdə olan erməni qoşunlarının ümumi sayı təxminən 1500 nəfər idi. Orduya komandanlığı daşnak Şaqen Megryan həyata keçirirdi. Ordunun qərargah rəisi isə Sergey Çalyan olmuşdu. Azərbaycan qoşunlarının əsas zərbəsi Gürzallar, Xarxaput və Başkənd istiqamətində endirildi. Düşmən bu hücumu gözləmirdi və müdafiə xəttini qura bilmədi. 13 və 14 iyun tarixlərində keçmiş Şaumyan bölgəsindəki erməni qoşunu tamamilə məğlub oldu. Azərbaycan ordusu Aşağı Ağcakənd (əvvəlki adı Şaumyanovsk), Yuxarı Ağcakənd, Gülüstan, Erməni Borisi (indiki adı Börü) , Qaraçinar, Manaşid (indiki Mənəşli), Şəfəq, Buzluq, Ballıqaya, Başkənd, Başqışlaq, Erkəç, Rus Borisi də daxil olmaqla 12 yaşayış məntəqəsi azad etdi. Azərbaycan qoşunlarının güclü zərbələri ilə erməni qoşunları və yerli əhali çaxnaşma ilə Ağdərə bölgəsinə qaçmağa başladı.
İyunun 14-dən 15-nə keçən gecə geri çəkilən düşməni təqib edən 123-cü alayın tank taboru Ağdərə rayonunun Talış kəndini ələ keçirdi. Bu zaman Şahin Tağıyevin rəhbərliyi altında “Qurtuluş” və Ələmşah Məmmədovun rəhbərliyi altında “Azadlıq” batalyonları Marquşavan (indiki Şıxarx) tərəfdən hücum edərək erməniləri Çaylı kəndindən çıxardı. Beləcə Goranboy (Şaumyan) hücum əməliyyatının məqsədləri tam olaraq yerinə yetirildi, təşəbbüs tamamilə Azərbaycan ordusuna keçdi. Ermənilər məğlubiyyətin əsas səbəbini Qaraçinar-Şəfəq istiqamətini müdafiə edən “Xüsusi alay”ın mövqelərini döyüşmədən tərk etməsi ilə əlaqələndirirlər. Alayın komandiri Vladimir Karapetyan 17 iyun 1992-ci ildə öldürüldüyü üçün geri çəkilmənin səbəbi aydınlaşdırılmayıb. Ermənilərin bir çoxu bu məğlubiyyətin əsas səbəbini daşnak Şaqen Meqryanın DQR Ali Şurası sədri seçilmədiyi üçün könüllü olaraq ərazini Azərbaycana verməsi ilə əlaqələndirirlər. Bütün bu uğurlara baxmayaraq Azərbaycan ordusu bu əməliyyatda 2 vacib itki verdi. Bunlardan biri Naxçıvanlı kəndində həlak olan Ağdam batalyonunun komandiri Allahverdi Bağırov, digəri isə Tərtərin Torpaqtəpə ərazisində həyatını itirən Baş Qərargah rəis müavini, polkovnik-leytenant Şikar Şikarov olmuşdur.
Rusiyanın əməliyyatda rolu
Əməliyyatın uğurlu aparılmasında bir digər faktor kimi Rusiya amilini qeyd etmək lazımdır. 104-cü hava-desant diviziyası əməliyyatlar şöbəsinin rəisi, polkovnik-leytenant Vladimir Selivanovun rəhbərlik etdiyi bir qrup zabit Yevlaxdakı Azərbaycan qoşunlarının qərargahında işləyərək hərbi əməliyyatların planlaşdırılmasına və aparılmasına kömək edirdi. Bundan başqa 104-cü hava-desant diviziyasının bir neçə özüyeriyən artilleriya diviziyası irəliləyən Azərbaycan qoşunlarına atəş dəstəyi vermişdi. 123-cü motoatıcı alayın kəşfiyyat bölüyünün komandiri Bayram Bayramov əməliyyatda rusların rolu ilə bağlı bunları deyir:
“Orada olanlar Zaqafqaziya Hərbi Dairəsinin Gəncədə yerləşən bölmələrinin döyüş əməliyyatlarında rolunu və əhəmiyyətini yaxşı bilirlər. Hərbi zərurətdən Surət Hüseynov 1992-ci ilin iyun – iyul aylarında Şaumyan əməliyyatlarına atəş dəstəyi üçün 104-cü hava-desant diviziyasının artilleriya vasitələrindən istifadə etdi. Şaumyan hücum əməliyyatının hazırlanmasında 104-cü hava-desant diviziyasının əməliyyat şöbəsinin rəisi polkovnik-leytenant Vladimir Selivanov tərəfindən birbaşa nəzarət həyata keçirildi. Onlar bizə təlim keçməkdə çox köməklik göstərdilər. Seyfəlidəki 104-cü hava-desant diviziyası bizə hücum əməliyyatı ilə bağlı, Şamaxıda yerləşən 22-ci xüsusi briqada isə kəşfiyyatla bağlı təlim keçdi.”.
25 sentyabr 2012-ci il tarixində Azərbaycan Müdafiə Naziri Rəhim Qazıyev 1992-ci ilin yay hücumunda Rusiya hərbçilərinin köməyi ilə bağlı bunları deyirdi: “Qraçovla yaxşı münasibətlərim sayəsində Sovet qoşunlarının əmlakının bölüşdürülməsində nəzərdə tutulandan daha çox silah əldə etdik. Rus paraşütçüləri tərəfindən həyata keçirilən Şaumyan əməliyyatı haqqında da unutmamaq lazımdır. Rus qoşunlarına bizə kömək etməsi barədə əmri verən Qraçov idi.“
Nəticə
Şaumyan əməliyyatının Qarabağ müharibəsində xüsusi əhəmiyyəti var. İlk olaraq qeyd edim ki, Şaumyan rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin iddia etdiyi Getaşen (indiki Çaykənd, Göygöl) və Martunaşenlə (indiki Qarabulaq, Göygöl) birlikdə ermənilərin sayca çox olduğu əhəmiyyətli rayonlardan biri idi. Getaşen və Martunaşenin əhalisi 1991-ci ildə SSRİ və Azərbaycan SSR ordusunun birlikdə həyata keçirdiyi “Halqa” əməliyyatı ilə yaşadıları yerlərdən qovuldu. Şaumyan rayonu əhalisinin bir qismi bu əməliyyat zamanı deportasiya olunsa da SSRİ dağıldıqdan sonra yenidən yaşadıqları regiona geri qayıtmışdılar. Gəncənin təhlükəsizliyini qorumaq və separatçıların Azərbaycanın digər rayonlarına olan iddiasını aradan qaldırmaq üçün bu ərazidə əməliyyat keçirilməsi zəruri idi. Bu əməliyyatın uğurlu olması ilə Gəncə cəbhə xəttindən 60 km-ə qədər uzaqlaşdı. Bu əməliyyat zamanı Talış kəndi istisna digər bütün ərazilər atəşkəs imzalanana qədər qorunub saxlanıldı. Şaumyan rayonu ləğv edilərək Goranboy rayonuna birləşdirildi və beləcə Goranboyun ərazisi təxminən 2 dəfə böyüdü. İşğal edilmiş ərazidə qurulan separatçı “Dağlıq Qarabağ respublikası” hələ də bu əraziyə olan iddiasını davam etdirir.
İstifadə olunan ədəbiyyat
Мамед Велимамедов, (2019), Очерки по Карабахской войне
Роберт Кочарян, (2018), Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха