Akselerasiya fizika terminidir, bizim dildəki qarşılığı “təcil”dir, yəni akselerasionizmi şərti olaraq təcilçilik kimi tərcümə etmək olar. Terminin vətəni fizika olsa da, o, əvvəlcə fantastik ədəbiyyata, sonra fəlsəfəyə, sosiologiyaya və başqa sahələrə keçib. Maraqlananlar amerikalı fantast yazıçı Robert Jelaznının “İşıq knyazı” romanına, 90-cı illərdə Vorik Universitetində işləyən ingilis filosofu, spekulyativ realist Nik Lendin rəhbərliyində yaradılmış “Kiber-Mədəniyyət Araşdırmalar Birliyi”nin müzakirələrinə nəzər sala bilərlər.
Əslində, bu mövzuda yazmaq qərarına bir netfliks serialına baxandan sonra gəldim. Real tarixi faktlar əsasında çəkilən “Manhunt: Unabomber” adlı serial riyaziyyatçı, filosof, anarxist, terrorist Ted Kaçinski haqqındadır. Kaçinski 1971-ci ildən 1978-ci ilə qədər meşənin içində öz tikdiyi bir daxmada (heç bir elektrik və su təsisatı olmadan) münzəvi kimi yaşayıb. Texnologiyanın daxmasının həndəvərinə qədər gəldiyini görən filosof-terrorist sənaye cəmiyyətindən qaçmağın mümkün olmadığını başa düşür və düzəltdiyi bombaları poçt vasitəsilə sənaye cəmiyyətini təmsil edən rəmzi ünvanlara göndərməyə başlayır. 17 il onun kim olduğunu, harda yaşadığını tapa bilmirlər. 1995-ci ildə Kaçinksi “Vaşinqton post” kimi mötəbər qəzetlərə məktub yazaraq bildirir ki, əgər onun “Sənaye cəmiyyəti və onun gələcəyi” adlı manifestini çap etsələr, daha heç yerə bomba göndərməyəcək. Böyük müzakirələrdən sonra onun manifesti ölkənin ən mötəbər media orqanlarında çap olunur və 17 il kimliyi bilinməyən terroristi manifestin yazı üslubundan müəyyənləşdirirlər. Şübhəsiz ki, serialda mənə ən çox maraqlı gələn sənaye cəmiyyəti, anarxizm, dövlət nəzarəti kimi temalarla yanaşı, dilin, üslubun əl barmaq izi kimi müstəsnalığı, hətta kriminalistikada da keçərli olmasıdır. Filmin bir yerində Kaçinskinin dilindən səsləndirilən bir ifadə məni kapitalist cəmiyyətə tənqidi yanaşan yeni tendensiyalardan yazmağa təşviq etdi. Həmin epizodda Kaçinski belə deyir: “Bir gün meşədəki evimdə quşların cəh-cəh vurmasına qulaq asırdım, onların nəğməsi mənə tanış gəldi, diqqətlə dinləyəndə başa düşdüm ki, quşlar avtomobil siqnalının səsini təqlid edirlər…
2013-cü ildə Kanadalı filosof Nik Srniçek və amerikalı filosof Aleks Vilyams “Akselerasionizmin siyasi manifesti” adlı mətni dərc etdirdilər. Manifest qısa zamanda böyük marağa səbəb oldu və maraqlıdır ki, bu maraq, müzakirə təkcə sol cinahda yox, bütün cinahlarda hiss edildi.
Bu manifestin yazılması özünütəkrar bataqlığına saplanmış sol üçün yeni perspektivlər vəd edir. Belə ki, ağlasığmaz sürətlə böyüyən texnologiya dünyasına qarşı şərti olaraq iki cür münasibət, iki cür reaksiya var. Birinci qütb deyir ki, texnologiya kontrol, nəzarət mexanizmlərini çoxaldacaq, avtoritar atmosferi böyüdəcək, yeni növ müstəmləkə formaları ortaya çıxacaq. Bu, radikal anti-utopik qütbdür. Bu qütbün orbitində olanlar texnoloji vasitələrdən tamamilə imtina etməkdən tutmuş alternativ texnologiya axtarışlarına qədər gedib çıxırlar ki, radikallıq dərəcəsindən asılır olaraq mahiyyətcə Kaçinskinin anarxist pozisiyasına yaxınlaşırlar.
İkinci qütb isə akselerasionizmin manifestindəki düşüncələri yeni əsr üçün daha məqbul, daha real, daha ağlabatan hesab edir. Bu qütbün tərəfdarları deyirlər ki, texnologiyadan imtina düşüncəsi anarxronizmdir, geridəqalmışlıqdır, biz texnoloji yeniliklərdən üz çevirməli deyilik, əksinə, öz məqsədlərimiz üçün onu daha çox mənimsəməli, daha dərindən öyrənməli, daha ciddi şəkildə analiz etməliyik. İndi dünyanın bir çox yerində tərəfdarları çoxalmağa başlayan bu yeni sosialist, yeni solçu qruplar düşünür ki, yeni texnologiyalar vasitəsilə sosialist planlaşdırma modellərini reformasiya etmək və onu kapitalizmə daha sağlam bir alternativ kimi təqdim etmək olar. Uzun sözün qısası, ilin-günün bu vaxtında analitik nostalgiya ilə, konservləşdirilmiş köhnə diskursları qızdırıb-qızdırıb yenidən təqdim etməklə yeni nəsli heç nəyə cəlb etmək mümkün deyil, deməli yeniləşməyə, “update” olunmağa ehtiyac var. Ötən əsrə xas olan düşüncə tərziylə texnologiyanı kiçik burjua əyləncəsi hesab etmək, yaxud tutalım, mühəndislik, tibb kimi gəlir gətirən sahələri də anti-inqilabi xarakterli burjua peşələri saymaq çox-çox nimdaş düşüncədir. Qəribədir ki, mən bu nimdaş düşüncəni orta yaşdan yuxarı yox, daha çox gənc solçuların düşüncəsində sezmişəm, halbuki bunun əksi daha çox başa düşülən olardı.
“Akselerasionist manifest”in məntiqini doğru hesab edən solçular, sosialistlər düşünür ki, texnologiya sahəsini böyük kapitalistlərin ixtiyarına buraxmaq böyük səhvdir.
Akselerasionist manifesti icmallaşdıraq. Onlar deyir: dünya çox ciddi böhran keçirir, iqlim sistemi çökür, su və enerji rezervləri azalır, qarşıda isti-soyuq müharibələr görünür. Silsilə iqtisadi böhranlar hökumətləri məcburi qənaət rejimlərinə sürükləyir, maaşlar azalır, kütləvi işsizlik çoxalır. İntellektual əmək də daxil olmaqla, istehsal sahələrindəki avtomatlaşma nəticəsində çox yaxında, hətta köhnə mənada belə, orta sinif anlayışı qalmayacaq. Fasiləsiz şəkildə akselerasiya göstərən (təcil qazanan) bu fəlakətlərə qarşı bugünün siyasi modelləri baş verən və baş verəcəklər qarşısında acizdir. Siyasi təxəyyüllün qısırlığı ucbatından gələcək ləğv edilib. Neo-liberalizm dövründə xeyli sol meyilli partiya radikal düşüncədən və xalqın dəstəyindən məhrum qalıb. Tamamilə yeni sosial, siyasi, təşkilati və iqtisadi baxış bucağı formalaşmadıqca, sağ cinahın məhdud təfəkkürlü düşüncəsi özünü diqtə etməyə davam edəcək. Sol köhnə modellərlə bu gücə qarşı dayana bilməz, hökmən radikal yeniləşməyə ehtiyac var.
Akselerasionistlər yazırlar ki, Marksın dediyi kimi, kapitalizmin bariyeri özüdür. Onların fikrincə, kapitalizmin uğurlu tərəflərini inkar etməyə ehtiyac yoxdur, neoliberalizmin maddi platformasını yox etmək əbəsdir. Hal-hazırkı vəziyyət məhv edilməli kapitalist müstəvi yox, post-kapitalizmə doğru bir sıçrayış platforması kimi başa düşülməlidir. Hələlik heç kim texnologiyanın gələcəkdə tam şəkildə nəyə qadir olacağını bilmir. Çağdaş texno-sosial bədənlərin nələrə qadir olacağını heç birimiz bilmirik. Ona görə kor-təbii şəkildə texnologiyanın əleyhinə olmaq məntiqsizdir.
Onlar deyirlər ki, biz texnoloji inqilab prosesini sürətləndirmək istəyirik. Ancaq bu, texno-utopiyaçılıq kimi başa düşülməməlidir. Texnologiya sosial-siyasi aktlarla müşayət edilməsə yetərsizdir. Texnologiya ilə ictimailik bir-biriylə sıx şəkildə bağlıdır, birindəki metamorfoza o birini də hərəkətə gətirəcək. Texno-utopistlər üçün akselerasiya zirehdir, qalxandır, bizim üçün isə qələbəyə aparan silahdır.
Biz sadəcə mitinq, plakat daşımaq və müvəqqəti avtonom sahələr qurmaq kimi ənənəvi taktikaların, əzbərçi vərdişlərin effektiv nəticələr əldə etməyin önündə əngəl ola biləcəyini düşünürük. “Ən azından nəsə etdim” şüarı artıq effektiv aktdan çox, şəxsi eqonun etiraz nidasına çevrilib. Yaxşı taktikanın yeganə meyarı effektiv nəticədir. Köhnə etiraz formalarını fetişləşdirməkdən vaz keçməliyik. Opponentləriniz sizin etiraz metodunuza qarşı immunitet qazanıbsa, onu təkrarlamaq nəticəsiz işdir. Çağdaş sol öz eqosunu sığallamaqdan başqa heç nəyə yaramayan təkrarlardan əl çəkməlidir.
Demokratiyanı ancaq səs vermək, müzakirə, yaxud ümumi yığıncaqlar kimi vasitələrlə ifadə etmək yetərsizdir. Həqiqi demokratiya hədəfinə görə təyin edilməlidir. Siyasət maarifçilik mirasıyla çulğalaşmalıdır, çünki ancaq özümüzü və dünyamızı (sosial, texniki, iqtisadi və psixoloji dünyamızı) başa düşmək qabiliyyətimizi ortaya qoymaqla özümüzü idarə etməyi öyrənə bilərik.
Məzhəbçilik mərkəziyyətçilik kimi solun ölüm fərmanı deməkdir, məhz buna görə də biz şəxsən bölüşmədiklərimiz də daxil olmaqla, müxtəlif taktikaların tətbiq olunduğu eksperimentallığı dəstəkləyirik.
Yaxın vədəli üç konkret hədəfimiz var. Birincisi, yeni intellektual özül formalaşdırmaq. İkincisi, geniş çaplı media reformasiyası etmək. Sosial mediaya görə, ənənəvi mediadan imtina etmək yox, əksinə həmin orqanları mümkün qədər demokratikləşdirmək üçün çox əhəmiyyətlidir. Sosial media əsrin reallığı olsa da, xəbərləri saf-çürük edib dizayn etmək və hekayələşdirmək hələ də ənənəvi medianın əlindəki gücdür. Üçüncü hədəfimiz müxtəlif sinfi qüvvə formalarını yenidən formalaşdırmaqdır. Buradakı məqsəd post-fordist əmək formaları altında birləşmiş yarı-proletar kimlikləri bir-birinə bağlamaqdır.
Gələcəyi inşa etməliyik. Akselerasionizmin təklif etdiyi gələcək neoliberalizmin yarada bilmədiyi moderniteyə alternativ olan, daha modern bir gələcəkdir.
Mən bacardığım qədər bu yeni düşüncə istiqamətini icmallaşdırmağa çalışdım, lakin bütövlükdə manifestin özü və onunla əlaqəli mətnlər dilimizə tərcümə edilsə, daha yetkin qənaətlər hasil etmək mümkün olacaq. Fikrimcə, əsas məsələ yeniliyə açıq olmaqdır, yoxsa bu dəfə yeni əsr yanımızdan şütüyüb keçəcək.







