2020-ci il Azərbaycan üçün bir çox yeniliklərlə yadda qalacaq. Onların arasında ən məşhuru heç də operativ olmayan Operativ Qərargahdır. O, artıq mifik quruma və ya ilahi qüvvəyə çevrilib, ölkənin həyatı tamamilə OQ-dən asılıdır. Amma heç kim qərargahın kimlərdən ibarət olduğunu bilmir. Onlar hətta icraedici qurumlardan da üstündürlər. Yeni karantin dövrü ilə bağlı elanı Nazirlər Kabinetindən əvvəl onlar veriblər.
Mifik quruluşuna baxmayaraq, bu qurumun nümayəndələri hər həftə keçirdikləri brifinqlərdə (onlar da sistemsiz keçirilir: gah bir, gah iki dəfə. Əlbət, həvəsləri olanda keçirirlər) tez-tez xalqı inamsızlıqda ittiham edirlər, bunu hər brifinqdə (artıq 4 aydan çoxdur) təkrarlamağa səbəb tapırlar. Hər brifinqdə OQ-nin yeni peyda olan üzvü pafoslu çıxışı ilə yadda qalır. Elə təəssürat yaranır ki, OQ-ya üzv olmaq üçün pafoslu çıxış yazmaq və onu xalqın qarşısında səsləndirmək şərt kimi qoyulub.
Amma bu pafosa rəğmən, OQ-ya inanmamaq üçün səbəblər çoxalır. Mən iqtisadçı olduğumdan, öz tərəfimdən yalnız OQ-nin sosial-iqtisadi və statistik məlumatların açıqlanması siyasətinə toxuna bilərəm (tibb sahəsində siyasət və tibb infrastrukturunun vəziyyəti barədə çox danışılıb).
Statistika iqtisadi elmin fundemental tərəflərindən biridir və onun digər sahələrdə də tətbiq olunması eyni qanunlara əsaslanır (yəni istər tibbi statistika olsun, istərsə də heyvanlar aləminə dair, fərqi yoxdur, statistikada vahid qayda və qanunlar mövcuddur).
Məhz, bu cəhətdən OQ-nin fəaliyyəti heç də ürəkaçan deyil. Koronavirus ilə bağlı hökumət tərəfindən təqdim olunan statistikanı biz iki hissəyə bölə bilərik:
– Gündəlik olaraq koronavirusinfo.az saytında yerləşdirilən yeni yoluxanların, sağalanların, aktiv xəstələrin, testlərin və ölənlərin sayına dair məlumat;
– Həftədə bir dəfə (əsasən, cümə günləri) brifinqlərdə elan olunan bəzi əlavə məlumatlar.
Təəssüflər olsun ki, nə birincisi, nə də ikincisi bizə heç bir əlavə məlumat vermir. Ümumiyyətlə, bu məlumatlar əsasında hansısa fikir yürütmək və ya təklif qurmaq mümkün deyil. Faktiki olaraq, biz heç bir şey bilmirik. Misal üçün, Səbail rayonunda vəziyyətin necə olduğu barədə məlumatı əldə etmək, demək olar ki, mümkün deyil. Amma eyni zamanda İtaliya (hətta Gürcüstan, Ermənistan və ya Rusiya üzrə də) üzrə hər şəhərə (bəzən qəsəbəyə də) dair daha ətraflı məlumat ala bilirik.
Digər tərəfdən, ümumiyyətlə, Operativ Qərargahın verdiyi məlumatlar düzgündürmü? Yəni, hətta ətraflı və detallı olmasa belə, ən azı, ümumiləşdirilmiş şəkildə düzgün olmalıdır. Ancaq bu məsələdə də ciddi problemlər mövcuddur. Bunu görmək üçün OQ-nin brifinqlərində təqdim olunan rəqəmləri bir-bir təhlil etmək lazımdır.
Brifinqin əvvəlində standart olaraq koronavirusinfo.az saytında yer alan rəqəmlər səsləndirilir. Bura gün ərzində edilmiş testlər, yeni yoluxanların, gün ərzində sağalanların, COVİD-19-u təsdiqlənmiş ölən insanların və aktiv xəstələrin sayı daxildir. Ümumi şəkildə məlumatlarda bir problem var: dövrilik. Müvafiq məlumatlar hər gün müxtəlif vaxtlarda yayımlanır: bəzən məlumatlar saat 16.15-də, brifinq günü saat 17.20-də, şənbə günü saat 20.00-da və s. elan olunur. Başqa sözlə, biz verilən məlumatların hansı dövrü əhatə etdiyini bilmirik. Əgər məlumatlar hər gün eyni saatda elan olunsaydı, o zaman bilərdik ki, iş günü bitir və məlumat açıqlanır. Amma, məsələn, sonuncu brifinq saat 17.00-da başlamışdı, iş gün isə, adətən, saat 18.00-da bitir. Yəni saat 17.00-dan sonra qəbul olunanlar (koronavirus isə digər xəstəliklər kimi saatla işləmir) hara aid edilir? Növbəti günün statistikasına əlavə olunurmu? Ümumiyyətlə, bu proses necə baş verir? Misal üçün, qonşu Rusiyada rəqəmlər hər bölgə üzrə, təxminən, səhər saat 10.00-da, ölkə üzrə ümumi məlumat isə 11.00-da elan olunurdu. Çünki rəqəmlər keçən günü (00.00-dan 23.59-a kimi) əhatə edirdi. Bizdə bu prosesin necə baş verdiyini bilmirik.
Eyni zamanda brifinqlərdə “uğurlar” barədə danışılır. Hətta bəzən deyirlər ki, gün ərzində yoluxmaların sabitliyinə nail olublar. Amma hətta rəsmi elan olunan statistika da bunu göstərmir. Misal üçün, əgər 22-28 iyun tarixlərini əhatə edən həftədə 3695 nəfər yoluxubsa, 29 iyun-5 iyul tarixlərini əhatə edən həftədə yoluxanların sayı 3,8 mini keçib. Yəni sabitləşmə də nisbidir. Təcili Tibbi Yardım və bizim səhiyyə infrastrukturumuzun iş səviyyəsini nəzərə alsaq, vəziyyət daha da pisdir.
Təqdim olunan statistikanın daha bir vacib tərəfi də bölgələr üzrə bölgüdür. Müvafiq məlumatlar ən yaxşı halda həftədə bir dəfə təqdim olunur. Bu dəfə OQ bir az yenilik etdi və hətta aktiv xəstələrin bölgələr üzrə paylanmasını da göstərdi, amma yenə də problemlə üzləşdi. Çox uzağa getmək lazım deyil. Deməli, iyulun 3-nə ölkədə ümumi yoluxanların sayı 19 267 nəfər təşkil etmişdi. Yoluxmaların ən çoxu -55,1% Bakının payına düşür. Bəs ən aşağı pay hansı bölgəyə məxsusdur? Əlbəttə ki, Naxçıvan Muxtar Respublikasına. Sonuncu brifinqdə, məhz, bununla bağlı sual verilmişdi. Cavabı yazmazdan əvvəl qeyd edək ki, koronavirusinfo.az saytında iyulun 3-nə olan məlumata görə, ölkə üzrə yoluxanların 0,03%-i Naxçıvan MR-in payına düşür. Ki, bu da 6 nəfər deməkdir. Yeri gəlmişkən, saytda verilmiş sonuncu məlumatda Naxçıvan MR-ın payı, ümumiyyətlə, 0,0% göstərilib.
Sonuncu brifinqdə Naxçıvandakı vəziyyətlə bağlı suala cavab olaraq TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı qeyd etdi ki, ordakı səhiyyə müəssisələri onlara aid deyil (ümumiyyətlə, Naxçıvan, deyəsən, öz qanunları ilə yaşayır), ancaq vəziyyətlə bağlı son məlumat belədir: dövr ərzində 9290 test keçirilib. Testlərin nəticəsində 142 yoluxan müəyyən edilib. Yoluxanlar arasında 126 nəfər sağalıb, 11 nəfər vəfat edib, 5 nəfər aktiv xəstə var. Müvafiq olaraq, 142-ni 19 267-ə böləndə bizdə, ən azı, 0,7% alınır. Halbuki eyni brifinqdə təqdim olunan rəqəmlərdə bu yoxdur.
Deyə bilərsiniz ki, bu, aktiv xəstələrin sayıdır. Amma o da düz deyil. Belə ki, saytda təqdim edilən bölgü, məhz, dövr ərzində Respublikada yoluxanların sayını göstəriri. Aktiv halların ərazilər üzrə bölgüsü ilk dəfə bu brifinqdə təqdim olunmuşdu. Misal üçün, ümumi yoluxanlar arasında Bakının payı 55,1%-dirsə, aktiv hallar arasında 57%-dir. Ya da aktiv hallar arasında Abşeron iqtisadi rayonunun payı 21%-dir, amma ümumi yoluxmada 16,3% təşkil edir. Başqa sözlə, eyni brifinqdə eyni sahəylə bağlı elan olan iki rəqəm üst-üstə düşmür.

Başqa tərəfdən, bu dəfə bəzi bölgələr üzrə aktiv halların bölgüsünü də açıqladılar. Misal üçün, narıncı zonaya daxil olan Sumqayıt şəhəri üzrə aktiv halların sayı 728 nəfər göstərilib. Bunu ayrıca qrafikdə təqdim ediblər. Eyni zamanda aktiv halların ümumi bölgüsü də hazırlanıb. Həmin bölgüyə görə, Sumqayıtın payı 15%-dir. İyulun 3-ü ölkə üzrə aktiv halların ümumi sayı 8212 təşkil etmişdi. Bunun 15%-i isə 1232 nəfərdir. Yenə də eyni vəziyyət yaranır: eyni məlumatı əks etdirən iki rəqəm üst-üstə düşmür. Eyni hal Cəlilabadda da təkrarlanır, amma bu dəfə əksinə. Diaqrama görə, yoluxanların sayı 164-dür, amma ayrıca qrafikdə 247 göstərilib.
Gördüyümüz kimi, xalqı inamsızlıqda ittiham edən Operativ Qərargah ona inanmaq üçün heç bir addım atmır. Hətta təqdim etdiyi statistik rəqəmlərdə də üst-üstə düşməyən məlumatları açıqlayır. Belə şəraitdə hətta iqtisadçı kimi mənim də Qərargahın verdiyi məlumatlara inanmağım üçün əsas yoxdur.







