Azlogosda rus tarixçisi İlya Jeninin “I Dünya Müharibəsi: səbəbləri və nəticələri” adlı əhəmiyyətli məqaləsində “…qaz hücumları müqəddəsliyini və mifikliyini itirmiş ölümün simvolu idi” fikri məni mətndən uzaqlaşdıraraq, ölümü quru statistikaya çevirən pandemiyalı dünyamıza qaytardı.
Əslində Azərbaycanda ölüm çoxdan statistikadır, o, özünün “mütəvazi cazibəsini” koronavirusa qədər artıq itirmişdi. Ölüm faktının- məişət, ailə konflikti zəminində baş verən cinayət aktlarının sayəsində gündəlik normaya çevrilməsini nəzərdə tuturam…
Azərbaycan gerçəkliyi sürrealist məzmuna xitab edir. Andre Breton deyirdi ki, “sadə sürreal akt odur ki, əlində tapança küçəyə çıxıb düşünmədən, ağına-bozuna baxmadan kütləyə güllə atasan”. Bretonun provokativ fikri müxtəlif variasiya və yozumlarda cəmiyyətimizdə təzahür edir: məntiqini itirmiş situasiya-süjetlərə Bunuelin, Bertran Blienin, Varmerdamın, Linçin filmlərində belə çətin rast gəlinir. Misalçün, Elmlər Akademiyasının alimləri koronavirus mövzusunda şeir yazır, polis vətəndaşın evinə hücumunu videoya çəkib yayması ilə qanunsuzluğunu legitimləşdirməyə çalışır, ardınca polisin imicini yaxşılaşdırmaqdan ötrü humanist, mədəni davranış imitiasiya olunaraq vizuallaşdırılır, sərt karantin qaydalarını vecinə almayan əhali antinsanitariya davranışını daha da gücləndirir, küçələrdə virus mənbəyi olan maskalar uçuşaraq ağac budalqlarında dekorlaşır, qohumları virusa yoluxmuş xəstəyə baş çəkmək üçün növbəyə düzülür və bu, sosial məsafənin vacibliyinin hər gün vurğulandığı ölkəmizdə baş verir.
Saytlardakı gündəlik cinayət xronikaları da adətən sürreal məzmunludur.
Dörd-beş il əvvəl belə bir cinayət hadisəsi baş vermişdi: “Aydın Məmmədov həyat yoldaşı Elnarə Məmmədovanı yuxudan oyadaraq möhkəm döyüb, saçından yapışaraq yerdə sürüyüb, daha sonra isə bıçaqla çoxsaylı zərbələr endirərək qətlə yetirib. O, ifadəsində arvadını qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edib və bu addımı atmasının səbəbini gördüyü yuxu ilə əlaqələndirib“. Yuxuda arvadının başqa bir kişi ilə münasibətinin olduğunu görən ər məsələyə freydist (sürrealizm həm də Freydin psixoanaliz nəzəriyyəsinə əsaslanırdı) yanaşıb: “Əgər bunu yuxuda görmüşəmsə, deməli, onların arasında doğrudan nəsə var”.
Yaxud valideynlərinin təkidi ilə ailə qurmaq istəməyən qız intihar edir və onun dəfn mərasimi “Vağzalı” sədaları altında keçirilir.
Başqa bir xəbərdə isə deyilirdi ki, mərkəzi küçələrdən birində Həsən Həsənovun gəzdirdiyi it Elçin Çobanovun arvadına hürdüyündən o, it sahibini bıçaqlayıb.
Müxtəlif cərəyanlar dövrün tələbindən, ictimai-siyasi ehkamlara etirazdan törənirdi. Sürrealizm də I Dünya Müharibəsindən sonra yaranmış ümidsizlik, insan varlığının anlamsızlığını gücləndirən fikirlər dalğasında ortaya çıxmışdı. Sürrealistlər ağıl, məntiq və mövcud gerçəklikdən imtina edərək yeni bir gerçəklik yaradırdılar. Onlar əsərlərində insanın altşüurundakı arzulardan, irassionalizm, ironiya, fantasmaqoriya kimi fənd və ifadə formalarından, yuxu və qarabasmalarından yararlanır, xaosu metod kimi seçərək görünən gerçəkliyə qarşı qoyurdular.
Bu konsepsiyanı Azərbaycan reallığına proyeksiya etsək mənzərə təxminən belə alınar: ölkədəki ümidsizlik, qeyri-müəyyənlik, ruhi sarsıntılar fərdi reallıq hissindən uzaqlaşdırır, nəticədə toplumun müxtəlif səbəblərdən sıxılmış enerjisi sürreal hadisələrlə sublimasiya olunur. Sürrealistlər kimi vətəndaşlar da məntiqi yanaşmaya ikinci dərəcəli baxır, mühüm problemlərin çözümündə ağılın rolunu minimuma endirirlər.
Kim bilir, bəlkə də Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin alimlərin koronavirus haqda şeir yazması təşəbbüsü onun özünün möcvud dünyamızda səbəb-məntiq əlaqəsini tapa bilməməsindən, elmə şüurdankənar arzular dünyası kimi baxmasından qaynaqlanır.
Arvadını yuxudakı xəyanətinə görə öldürən kişi bəlkə ruhi sarsıntılarından dolayı yuxu ilə reallıq arasında sərhədi çoxdan itiribmiş.
Polisin vətəndaşı alçaltması bəs deyilmiş kimi, üstəlik, baş verənləri şövqlə çəkməsi, qızlarının şəxsi həyatını öz arzularına uyğun qurmaq istəyən valideynlərin onun ölüsünü “Vağzalı” ilə dəfn etmələri, bəlkə onların “gerçəkliyin fövqündə dayanan” təhtəhlşüuri dünyalarının, qarışıq düşüncələrinin, qorxularının ifadəsidir.
Sürrealistlər incəsənətin klassik formasına, ənənəvi diskursa qarşı idilər, onlara görə, sürrealizm insan ruhunun azad özünüifadə formasıdır. Bəlkə cəmiyyətimizdə qeyri müəyyənlikdən, küncə sıxışdırılmaqdan cana doymuş insanlar absurd, nəzarətsiz davranışları ilə azadlıq əldə etmək istəyirlər?!
Qısası, azərbaycanlılar sürreal həyatı gerçəkdə yaşayır. Qərbdə sürrealizm bədii əsərlərdə əksini tapırdısa, bizdə sürrealizm həyat tərzidir.