Koronavirus məsələsinin məndə yaratdığı həyəcan (müsbət mənada) bu keşməkeşli günlərin fəlsəfəyə, dinlərə, ideologiyalara, ədəbiyyata, kinematorqafiyaya edəcəyi təsirlər, gətirəcəyi yeniliklərlə bağlıdır. Təsəvvür edin, teokratik ölkələr belə dini məkanları bağlayır, bütün dünya gözünü elm adamlarına dikib, qloballaşır dediyimiz dünyada ölkələr bir-biri ilə sərhədlərini bağlayır, küçələr boş, marketlər və apteklər dolu, karantinə alınmış şəhərlər və hətta ölkə. Mahiyyətinə varanda necə maraqlı dövrdən keçdiyimizin fərqinə varırsan, lap adamın tükləri biz-biz olur. Mümkün deyil ki, bu olanlar yaradıcı insanlarda yeni ideyalara yol açmasın. Özümüzü, dəyərlərimizi, hara getdiyimizi sorğulamaq üçün əla fürsətdir. Avropada intibah dövrünün başlamasına yol açan hadisələrdən biri taun xəstəliyi səbəbindən milyonlarla insanın ölməsindəndən sonra insanların kilsənin gücünü və dini hislərini sorğulaması ilə bağlı idi. İndi də müxtəlif sosial qrupdan olan insanların bir-biri ilə empatiya qura bilməsi üçün yaxşı şans yaranıb. Ölkə başçıları da bu virusa görə karantinə alınır, sadə vətəndaşlar da, zənginlər də, tanınmış ulduzlar da. Bir tərəfdən fiziki sərhədlər bağlanır, digər tərəfdən mənəvi sərhədlərimiz qloballaşır. Millətindən, dinindən, hansı sosial sinifə mənsub olmasından asılı olmayaraq hamının diqqəti eyni məsələyə yönəlib və bu çox gözəl şansdır ki, bir-birimizi fərqləndirdiyimiz həmin anlayışların fövqündə də nələrinsə dayandığını dərk edək.
Yəqin ki, bir müddət sonra bir çox sahəni təsnifləşdirmək üçün “koronadan əvvəlki dövr” və “koronadan sonrakı dövr” ifadələri istifadə ediləcək. Maraqlısı odur ki, bu dəyişikliklər sadəcə elmdə və ya mədəniyyətdə olmayacaq, gündəlik məişətimizdə də hiss edəcəyik. Məsələn, nağd ödənişlərin onsuz da az olduğu Avropada bu tip ödənişlərdən mümkün qədər yayınmaq məsləhət görülür. Bu da öz növbəsində bütün dünyada təmassız ödənişlərin daha tez genişlənməsinə səbəb olacaq. Bütün sahələrdə daha gigiyenik həllərin təklif edilməsi ilə birlikdə yeni istehlakçı vərdişləri qazanmış olacağıq.
Amma onu da qeyd etmək lazımdır ki, korona söhbətləri müsbət həyəcanla birlikdə həm də insanda stress də yaradır. Bu daha çox heç bir əsası olmayan, absurd xəbərlərə insanların rahat inanması ilə bağlıdır. Müasir insanın ən vacib məziyyətlərindən biri saxta xəbərlə doğru xəbəri seçməyi bacarması olmalıdır. Bunun həm də ciddi media qurumlarını izləmək və anlamaq tərəfi var. Seçkiylə bağlı informasiya qaynağı Elza Seyidcahanın instagram paylaşımları olan, koronayla bağlı son xəbərləri whatsappdakı bayağı səs yazılarından alan insanlar bu yorucu günlərdə insanı daha da yorurlar. Belə məqamlarda ölkədə müstəqil və güvənilən media orqanlarının vacibliyini də bir daha xatırlamış oluruq. Bu sahənin profesionallarının məhdud resurslarla işləməsi qeyri-ciddi xəbər qaynaqlarının insanları asanlıqla manipulyasiya etməsinə səbəb olur ki, bunun zərərləri həm hökümətə həm də xalqa toxunur.
Bu günlər konsprologiya nəzəriyyələrinin də “çiçəkləndiyi” dövrdür. Bu nəzəriyyələrin əsas iki istiqaməti seçilir. Birincilərə görə virusun yayılmasının əsas səbəbi, Çinin əhalisini azaltma siyasəti ilə bağlıdır. Hər il minlərlə insanın edam cəzasına məhkum edildiyi Çində üç mindən çox adam virus səbəbiylə ölüb, ancaq konsprologiya həvəskarları hesab edir ki, 1.5 milyarda yaxın əhalisi olan ölkədə üç min insanı öldürmək üçün milyardlarla dollar iqtisadi zərərə uğramaq ağlabatan ideyadır. Digər klassik yanaşma da hər şeyin “Amerikanın oyunu” olması ilə bağlıdır. Hətta rahatlıqla “nətər olur Ameriakda bir nəfəri tutmur bu virus” deyənlər də var. Amma onları ABŞ-da da minlərlə yoluxma halının qeydə alındığına, ölənlərin olduğuna, ABŞ-ın bu məsələdən ən çox maddi ziyan çəkən ölkələrdən biri olduğuna inandırmaq əlavə enerji və səbr tələb edir.
Stefan Sveyq yazırdı ki, “sadəcə aydınlığı və qaranlığı, müharibəni və sülhü, yüksəlişi və böhranı görən şəxs həyatı həqiqətən yaşamış sayılır”. Bu dəfə elə alındı ki, azərbaycanlılar bu günlərdə həm qaranlığı, həm də böhranı yaşayası oldular. 10 mart səhərinə oyandıqda, dünya birjalarında neftin qiymətinin düşməsi ilə birlikdə dörd ildən sonra yenə eyni qorxular və ajiotaj yaranmış, bank filialları əllərindəki manatı dollara çevirməyə tələsən insanlarla dolub daşmışdı. Aydın olan həm də dört ildə çox bir şeylərin dəyişmədiyi idi. Yenə də ixracın 90 faizini təşkil edən neft-qaz və neft məhsulları, yenə də büdcədə dominant olan neft gəlirləri və yenə də gecikən sakitləşdirici addımlar. Ölkədə banklardan kənarda olan nağd pul kütləsinin həcmi 9.2 milyard manat, manatla olan depozitlər isə 8.8 milyarda bərabər idi. Bu iki vəsaitin birlikdə dollarla ifadəsi 10.6 milyarda yaxındır. 10 martdan etibarən dört gün ərzində Mərkəzi Bank kommersiya banklarına 964.2 milyon dollar satdı və bu o deməkdir ki, təkcə həmin vəsait hesabına dörd gün ərzində banklardakı və banklardan kənarda olan bütün manat kütləsinin təxminən 10 faizi dollara çevrilmiş oldu.
Neft qiymətlərindəki budəfəki təlatümlərin bir fərqi də ondan ibarətdir ki, artıq böhran təkcə neft sənayesi ilə əlaqədar deyil, koronavirus səbəbi ilə, bir çox digər sənaye sahələrində də geriləmə müşahidə olunur. Məsələnin digər maraqlı tərəfi də, virusla bağlı ən çox problemlərin yaşandığı, ən çox yoluxma hallarının qeydə alındığı ilk üç ölkənin hər birinin Azərbaycanın əsas xarici ticarət partnyorlarından hesab edilməsi ilə bağlıdır. İtaliya uzun müddətdir ki, Azərbaycanın ixrac statistikasında birinci yeri tutur. 2019-cu ildə Azərbaycanın ixracının 28.72%-i bu ölkəyə həyata keçirilib. Yəni, ötən il xarici ticarət vasitəsi ilə qazandığımız hər 100 manatın 28 manat 72 qəpiyini İtaliyadan qazanmışıq. İran və Çinlə birlikdə bu rəqəm 33 faizə yaxındır, yəni ümumi ixracın üçdə biri. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan digər üç qonşumuz Türkiyə, Gürcüstan və Rusiya iqtisadiyyatları da problem yaşamaqdadır. Türkiyədə və Gürcüstanda bu turizm gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasıyla bağlıdırsa, Rusiyada Azərbaycanda olduğu kimi neft gəlirlərinin azalması səbəbindən baş verir və hər üç ölkənin valyutasın son bir neçə gün ərzində dollar qarşısında ucuzlaşıb. 2019-cu ildə idxalımızın 30, ixracımızın 21 (qeyri-neft ixracımızın 60) fazinin bu 3 ölkənin payına düşməsi Azərbaycan iqtisadiyyatı üçün əlavə risklər yaradır.
İstər koronavirusun dünyaya təsirinə, istər də neft qiymətlərinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirinə avstriyalı iqtisatçı Yosef Şumpeterin “yaradıcı çöküş” (Creative destruction) nəzəriyyəsinin perspektivindən baxsaq, əslində gələcək üçün pozitiv çağırışlar da görə bilərik. Ancaq, bunun üçün, işləri axarına buraxmaq yox, məqsədyönlü fəaliyyət lazımdır. Nəzəriyyənin mahiyyəti bundan ibarətdir ki, yanlış investisiya qərarları ucbatından bütün vəsaitinizi itirə bilərsiniz, səhv qərarlar ucbatından müflis ola bilərsiniz, ancaq, bunlar son nəticədə daha güclü iqtisadiyyatın və zəngin cəmiyyətin yaranmasına səbəb olmuş olur, çünki, məhsuldarlığı az, rəqabətqabiliyyəti aşağı olanlar bazarı tərk edir və daha innovativ, güclü olanlara yol açılır.
Həm virus, həm də neft qiymətləri bütün dünyada dövlətlərin qurduğu səhiyyə sistemini, ölkənin elmi potensialını, hökümətlərin fövqəladə vəziyyətlərə, böhranlara qarşı hazırlığını yoxlamaq üçün yaxşı şans yaradıb. Digər tərəfdən cəmiyyətlər yetişkin davranma və qərarlar alma, panika vəziyyətinə düşmə, manipulyasiya olunma, iqtisadiyyatlar qurulan sistemin effektivliyi, dayanıqlılığı ilə bağlı sınaqdan çıxmalıdırlar. Əgər yaşanan təlatümlər həmin zəif halqaların sıradan çıxıb dəyişməsinə yol açacaqsa bu təlatümlərdən faydalana da bilərik.







