Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Yazıçılıq romantikası

Cavid Ramazanov Cavid Ramazanov
., Kültür
29 Oktyabr 2019
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Cavid ramazanlı (1)
Paylaş

İlk gördüyüm yazıçı yəqin ki, babam olub. Daha doğrusu şair idi, əyalət şairi. Əvvəllər başa düşmürdüm, lap sonradan kitabını açıb vərəqləyəndə isə, şeirləri mənə qan kimi saf və vurucu göründü. Sinədəftər idi, çox sayda şeiri – özününküləri, başqalarınkını əzbərdən bilirdi, güclü yaddaşı vardı və məncə, “təpədən dırnağa şair” deyilən adamlardandı.

Xatırlayıram. 90-cı illərin soyuq, qaranlıq günlərində ucqar bir kənddə lampa işığında babam kitab oxuyub şeir yazardı və bütün ətrafında baş verən hadisələr – ailədaxili münaqişələr, böhranlar, dolanışıq dərdi, məişət problemləri ona heç toxunmazdı, şeirdən zireh geyinmişdi və tamam başqa bir aləmdə yaşayırdı.

Uşaqlıqda gecələr babamla bir yatdığım otaqda daim neft lampası yanardı – çünki qaranlıqdan qorxardı. Bir duruşunu xatırlayıram: gecənin bir aləmi yuxudan ayılıb gözlərimi açanda görərdim ki, başında köhnə və gülməli bir yun papaq, yatağında çömbələrək dodağının ucunda şeir qoşur.

Mən uşaq idim, öz uşaq aləmimdə yaşayırdım, babama xüsusi bir münasibətim yox idi, mənim üçün o, evdə mövcud adamlardan biriydi sadəcə, lakin onu təfəkkürlə dərk edə bilməsəm də, mənə elə gəlir, hisslərimlə fərqli bir insan olduğunu duyurdum, çox sonralar, yetkinləşəndən və o, artıq bu dünyada olmayandan sonra üzərimdəki təsirinin böyük olduğunu başa düşdüm.  

Həmişə istəyərdi ki, onun şeirlərinə qulaq assınlar, dəyər versinlər, şeirlərini həqiqətən dinləyib dəyər verən birini görəndə, sifəti zinət əşyası kimi parıldayar, gözləri işıq saçardı. Şöhrətpərəstiydi, ən böyük arzusu kitabının çap olunması idi. Kitab çıxarmaq arzusu o qədər böyüküydü ki, yerli-yersiz hər yerdə bu arzusunu dilə gətirər, camaatı dəng edər, kitabını çap etdirmədiklərinə görə övladlarını qınayardı. Bu istəyi yalnız ömrünün son günlərində gerçəkləşdi: Milli Elmlər Akademiyası onun şeirlərindən ibarət bir toplu nəşr etdi və bir neçə telekanal evinəcən gəlib haqqında veriliş hazırladı. Bunlar babamın ən xoşbəxt günləriydi.

Xatırlayıram. Həmişə kitab oxuyardı. Ətrafımda heç kim kitab oxumayanda, kitabdan danışmayanda onun cild-cild kitablar –əsasən detektiv olsa da – oxuduğunu görmüşəm.

Evdə babama münasibət çox da yaxşı deyildi. 90-larda ölkədəki ümumi vəziyyət hamının əhval-ruhiyyəsini korlamışdı – hamı acıdil, narazı, əsəbi idi. Kobudluq yoxuydu olmağına, amma babama qarşı ironik bir münasibətin olduğu da sezilirdi: bacarıqsız, pulsuz, şeir yazmaqdan başqa əlindən bir şey gəlməyən bir şairə ənənəvi şəkildə olan bir münasibət, amma babam da fağır adam deyildi, özünü əzdirməzdi, əsəbləşib özündən çıxdığı anlar olardı.

Ailə üzvlərini qınamaq olarmı bilmirəm, babam onlar üçün heç bir gün ağlamamışdı, onların gələcəyi barədə heç düşünməmişdi, övladlarının əllərində heç nə yox idi, sadəcə öz güclərinə çalışıb-çabalayaraq ali təhsil almış və özlərini çətinliklə bir günə çıxarmışdılar.

Babamın ən böyük qorxusu ölmək idi. Yanından yel ötəndə yorğan-döşəyə bürünər, bütün gün ah-vay eləyər, şikayətlənər, mızmızlığı ilə hamını təngə gətirərdi. 1998-ci ildə Fransada keçirilən futbol üzrə Dünya Çempionatının açılışına televizorda baxanda, 10 yaşım vardı, babamın yanında oturmuşdum, birdən dedi ki, bu, mənim baxdığım axırıncı dünya çempionatıdır. Yaddaşımda ilişib qalan xatirələrdən biridir bu. Bunu elə böyük təəssüflə demişdi ki, 10 yaşlı uşağı belə mütəəssir etmişdi. Amma babam bundan sonra daha üç dünya çempionatına baxacaqdı. Bununla belə, tezliklə öləcəyini də hər fürsətdə xatırlatmağa davam edəcəkdi.

Üzünü çox vaxt mən təraş edərdim. Hər dəfə üzünü qırxanda, bir məqamda əlimi tutub saxlayar, gözlərimin içinə baxıb deyərdi: “Baba bir gün olmayacaq. Siz hələ çoz uzun yaşayacaqsız, amma baba tezliklə ölüb gedəcək…”

Babam ölümdən qorxar və şeir yazmağa gömülərdi, yatanda, duranda, kiminləsə görüşəndə, sözü-söhbəti ancaq şeir olardı – indiyədək şeirə bu dərəcədə bağlı çox az adam görmüşəm.

Babam uzun bir ömür yaşayandan sonra, yuxudaykən öldü. Sakit və ağrısız. Amansız Əzrayılın şairə rəhmi gəlmişdi.

***

Mən uşaqlığımda, yeniyetməliyimdə heç zaman ədəbiyyatçı, yazar, şair olmaq xəyalına  qapılmamışam, ağlımın ucundan belə keçməyib bu. Heç vaxt bir ədəbiyyatçı mənim idealım  ola bilməzdi, arzum futbolçu olmaqdı. Ədəbiyyatçı isə babam idi – dodağından şeir düşməyən, havalı, qaranlıqdan uşaq kimi qorxan adam. Heç vaxt onun kimi olmaq, onun etdiyini etmək, onun dünyasına mənsub olmaq istəməzdim, soruşsaydılar, gülərdim. Onun aşıq janrında – qoşma, gəraylı, dodaqdəyməz üslubunda yazdığı ənənəvi şeirlər mənə batmırdı. Uşaqlıqda bütün uşaqların yazdığı kimi sırf əyləncə naminə yazılan bir neçə şeiri saymasaq, ədəbiyyat və ədəbiyyatçılıq məndən çox-çox uzaq idi, amma necəsə oldu, bir də ayılıb gördüm ki, artıq hekayələr kitabım nəşr olunub.

Bəsit bir göstəriş, şöhrət naminə deyildi bu, sadəcə günlərin bir günü dərk etmişdim ki, bədiiyyatı xoşlayıram, ondakı həssaslıq, dərinlik və hekayəçilikdən riqqətə gəlirəm, ədəbiyyat özünüifadə və özünüdərk üçün bir vasitə idi.

Beləcə istər-istəməz babamın yolunu davam etdirmiş oldum…

Amma babamın uğursuz saydığım təcrübəsini gördüyüm üçün də yazıçı libasına bürünməyi, dərviş obrazına girməyi lap əvvəldən özümə qadağan etmişdim. Həyata praqmatik qanunlarla yanaşırdım və özümə söz vermişdim ki, heç vaxt yazıçı romantikasına qapılmayacam!

Bununla belə, ilk kitabım çıxdıqdan sonra çox qəribə bir münasibətlə üzləşdim, istəsəm də, istəməsəm də, bu mənə təsir etdi. Münasibətin adını qoymaqda çətinlik çəkirəm, onu ən yaxşı formada elə baş verən hadisələr göstərə bilər.

İlk kitabım nəşr olunandan sonra “CV”imə kitabım var deyə bir detal artırmışdım. Magistraturanı bitirib ölkəyə qayıtmışdım, iş yerlərinə müraciət edirdim. “CV”im zəngin idi, iş təcrübəm, ixtisasımla bağlı iki ali təhsilim, xarici dil biliklərim var idi. Məni müraciət etdiyim vakansiyalar üzrə müsahibələrə dəvət etməyə başladılar. Amma müsahibələrdə naqolay bir situasiya yaşanırdı.

“CV”imdəki kitabla bağlı detalı görən kimi işəgötürənlər məni əvvəlcə şübhəylə süzür, gözlərində kinayəli parıltı ilə kitab və onu niyə yazdığım barədə soruşur və məmnuniyyətsiz bir şəkildə növbəti suala keçirdilər. Sifət ifadələri və jestləri sanki belə deyirdi: “Sən də həmin o kəmağıl gənc yazarlardansan?”, “Bu iş üçün uyğun adam olduğuna əminsənmi?”, “Bizə gənc yazar-zad lazım deyil, ha!”

Bir dəfə işlə bağlı bir xarici şirkətin yerli nümayəndəliyinə müraciət etmişdim. Bura qəbul olunmağı hədsiz çox istəyirdim, əsas mərhələlərdən keçdim, işə qəbul olunacağıma əminiydim, amma ən son anda qəbul olunmadım (Burada da mənə xəfif kinayə ilə yazdığım kitab barədə soruşmuşdular). Şansımın yüksək olduğu daha bir neçə vakansiyadan, proqramdan da rədd cavabı gələndən sonra, ciddi-ciddi düşünməyə başladım ki, uğursuzluğuma səbəb böyük ehtimalla “CV”imə hekayələr kitabımın olması barədə əlavə etdiyim detaldır. Bədii kitabımın olması mənim qeyri-ciddi insan kimi qəbul olunmağıma səbəb olurdu. Bu detalı “CV”imdən çıxarmaq qərarına gəldim. Çünki o, artıq mənim mövcudluğumu təhdid edirdi. Çıxardım. Və bir müddət sonra yeni işə qəbul olundum.

Bütün bu baş verənlərdən sonra bir daha əmin oldum ki, yazıçılıqla bağlı romantik təsəvvürlərə qapılmamalıyam, mənim yaşadığım cəmiyyətdə yazıçılıq nəsə qeyri-ciddi, kinayə doğuran bir məşğuliyyətdir, bu, reallıqdır, nə qədər çətin olsa da, məncə, bu reallığı yazıya maraq duyan hər kəs qəbul etməlidir. Qəbul etdim. Amma bir şeyi də nəzərə aldım: insan özünü ifadə etmək istəyirsə, ifadə etməyə davam etməlidir, ancaq əvəzində də heç nə gözləməməlidir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör