Azərbaycan hökuməti bəzən maraqlı mövzuların gündəmə gəlməsinə şərait yaradır. Məsələn, bu yaxınlara qədər bir çox adam işsiz kimi qeydiyyatdan keçməyə tələsmirdi, amma son günlər gəncdən tutmuş qocaya kimi hamı e-sosial.az saytına işsizlik üzrə birdəfəlik müavinəti almaq üçün müraciət edib. Məhz bu məqamda ölkəmizdə mövcud olan Məşğulluq haqqında qanun birdən-birə aktual məsələlərdən birinə çevrilir.
İş orasındadır ki, “Məşğulluq haqqında” qanun 2001-ci ildən bəri Azərbaycanda mövcuddur (2018-ci ilə kimi bir çox dəyişikliklər edilib və nəticədə 2018-ci ildə yeni qanun qəbul olunub). Bir çox hallarda əmək bazarı və ya işsizlərin sayı barədə KİV-də müzakirələr gedəndə bu qanuna heç kim istinad etmirdi, indi isə sözügedən qanun birdəfəlik yardımın verilməsində əsas kimi çıxış edir. Yəni bir çoxlarının vacib hesab etmədiyi qanun indi faktiki olaraq ailələrin dolanışığını müəyyən edir.
Hökumətin yanaşması da maraqlıdır. Belə ki, böhran zamanı hökumət adətən insanlara sosial yardım həyata keçirir. Sosial yardım həyata keçirilərkən bir çox digər məsələləri nəzərə almaq lazımdır, yardım isə formal olaraq daha böyük əhali qrupunu əhatə etməlidir. Hökumət pul ilə bölüşmək istəmədiyinə görə qanunlar arasında ən neytral olan məşğulluq haqqında qanunu rəhbər tutur. Qanun isə məşğul və işsizlərin statusunu müəyyən edir. Bəllidir ki, müvafiq qanuna görə yalnız işsiz şəxslərə kömək etmək olar. Bəs işsiz kimdir? Müvafiq qanuna görə, işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs. Bundan başqa bu vətəndaş həmçinin sahibkar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan, ailə kəndli təsərrüfatının üzvü, Silahlı Qüvvələrdə xidmət edən və tələbə olmamalıdır. Yəni qanun, bir çox məhdudiyyətlərə malik maraqlı qanundur.
Bununla bərabər şəffaflıq və səmərəlilik prinsipini nəzərə alaraq (yəni bir ailə büdcədən bir neçə dəfə kömək ala bilməsin deyə), birdəfəlik yardımı alan qruplardan bir çoxlarını siyahıdan çıxardıblar. Bura ünvanlı sosial yardım, pensiya, müxtəlif müavinətlər (əlillik və s.), təqaüd və hətta subsidiya alanlar aiddir. Nəticə etibarilə, hökumətin fikrincə sadalanan qruplara aid olmayan şəxslərin sayı 184 210 nəfər təşkil edəcək. Daha doğrusu 184 min ailənin hər iki üzvü işsiz olacaq (ayrıca olaraq qeyd olunub ki, əgər ər və ya arvaddan biri işləyirsə, digəri kömək ala bilməz). Başqa sözlə müvafiq köməyin əhatə dairəsi təxmini 300 min insandır (nəzərə alsaq ki, müraciət edə biləcək ailələrdə iki nəfər işsiz olmalıdır və eyni zamanda müraciət edənlərin sırf ailəlilər olmadığını nəzərə almaqla müvafiq rəqəmi əldə etmək olar). Bundan başqa müvafiq qurumlarda artıq 90,8 min şəxs işsiz kimi qeydiyyatdan keçmişdir. Beləliklə, yalnız rəsmi rəqəmlərə görə ölkə üzrə 390,8 min işsiz var. Maraqlıdır ki, Dövlət Statistika komitəsinin rəqəmlərinə görə ölkədə 251,6 min işsiz var. Göründüyü kimi hətta hökumət öz hesablamalarında rəsmi rəqəmlərə istinad etmir ya da hesab edir ki, hər bir ailədə yalnız bir nəfər çalışmalıdır. Sonuncu bir az diskriminativ olduğundan gəlin hesab edək ki, Əmək və Əhalinin Sosial müdaifə nazirliyi DSK-nin rəqəmlərini qəbul etmir.
Başqa tərəfdən bu rəqəmlər reallığı əks etdirirmi? Keçən ilin noyabrında hökumət nəzdində fəaliyyət göstərən Sosial Tədqiqatlar Mərkəzi əmək bazarına dair maraqlı sorğu keçirmişdi. Müraciət olunan 1557 respondentdən 211 nəfəri işsiz, 340 isə “evdar qadın” olduğunu qeyd etmişdi. Başqa sözlə respondentlərin 13,5%-nin işsiz, 21,8%-nin isə əmək bazarından kənar olması göstərilmişdir. Maraqlıdır ki, ikinci göstəriciyə dair rəsmi statistika da vəziyyəti təsdiqləyir. Məsələ ondan ibarətdir ki, əmək bazarına dair “əhalinin iştirakçılıq səviyyəsi” adlı bir göstərici mövcuddur. Bu göstərici əmək bazarında iştirak edənlərin əhali arasında əmək qabiliyyətli yaşda olanlara nisbəti kimi ölçülür. Əgər insan müəyyən dövr ərzində işsizdirsə, və müvafiq dövr ərzində heç bir iş tapmayıbsa, o artıq “həvəsdən düşmüş”lər qrupuna aid edilir. Bu qrup isə artıq əmək bazarının iştirakçısı hesab olunmur. Azərbaycanda isə rəsmi məlumata görə, əməkqabiliyyətli əhalinin 19,1% və ya 1,2 milyon insan əmək bazarında iştirak etmir. Sorğuya görə isə müvafiq göstərici 21,8%-dir. Çox da ciddi fərq deyil. Ona görə sorğunun nəticələrini müəyyən qədər reallıq ilə müqayisə edə bilərik.
Beləliklə, sorğuya görə əmək bazarının ən azı 17,3% işsizdir. Bəs DSK nə deyir? O deyir ki, yalnız 4,8% işsiz var. Sosial siyasət üçün vacib olmayan birinci göstərici üzrə hər iki qurum təxmini eyni rəqəmi verir, amma sosial siyasətin əsasını təşkil edən göstəriciyə görə fərq 3 dəfədir. Yeri gəlmişkən, STM tərəfindən keçirilmiş digər sorğularda rəqəmlər çox da dəyişmir:
Sosial Sorğu -1 (3308 iştirakçı, o cümlədən 353 işsiz (10,6%), keçirilmə müddəti 01.03.2018-01.06.2018),
Sosial Sorğu -2 (2208 iştirakçı, o cümlədən 172 işsiz (7,7%), keçirilmə müddəti 01.10.2018-01.01.2019),
Sosial Sorğu -3 (1884 iştirakçı, o cümlədən 164 işsiz 8,7%), keçirilmə müddəti 01.03.2019-01.06.2019).
Həmçinin nəzərə almaq lazımdır ki, müvafiq sorğular “evdar” olanları nəzərə almırdı. Yəni faiz nisbətində real göstərici bir qədər yüksək olmalıdır. Yəni beləliklə, STM-ə görə əhali arasında işsizlik təxmini ən azı 10% təşkil edir. Bəs rəsmi rəqəmlər nəyə görə əlavə 5-10%-i görmür?
DSK-ya görə iqtisadi fəaliyyət növləri arasında ən çox məşğulluq kənd təsərrüfatındadır. Maraqlıdır ki, kənd təsərrüfatında muzdlu iş ilə (yəni əməkhaqqı alan) yalnız 53,6 min insan məşğuldur. Rəsmi rəqəmlərə görə isə bu sahədə 1769,3 min işçi var. Başqa sözlə 1715,7 min insan öz təsərrüfatlarında fəaliyyət göstərir. Fermerlərin sayına dair dəqiq rəqəmlərin olmadığı dövrdə bizə sadəcə bu göstəriciyə inanmaq qalırdı. Son islahatlar nəticəsində subsidiya əldə etmək üçün hər bir fermer və kənd təsərrüfatı subyekti Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməlidir. Əgər təsərrüfatları hesablamasaq, sistemdə 474 520 fermer qeydiyyatdan keçib. Orta olaraq hər bir fermerin 3 hektar torpağı var. Fikrimcə çox da böyük olmayan ərazilərdə 3 nəfərdən çox insan çalışmaz. Əgər müvafiq rəqəmi 3-ə vursaq bu 1423 min edir. Hətta nəzərə almaq lazımdır ki, biz bu rəqəmləri maksimum olaraq qəbul etmişik (reallıq tam başqadır). Hətta belə olan halda 292,7 min nəfər kənarda qalır. Ola bilər ki, onlar pay torpaq sahibləridir. Amma orta hesabla 3 hektardan 3 nəfərin qazanması müşkül məsələdir.
Kənd təsərrüfatından başqa sahələrdə də statistik problemlər mövcuddur. Misal üçün, indiki vəziyyətdə ən çox zərər dəymiş sahələrdən biri ictimai iaşədir (restoran, kafe, dönərxana və s.). Rəsmi olaraq 2018-ci ilin sonuna Azərbaycanda 19,4 min iaşə obyekti var idi. Təxmin edə bilərik ki, 2020-ci ilin əvvəlinə müvafiq obyektlərin sayı 20 mindir (ondan çox da ola bilər).
Eyni zamanda rəsmi statistikaya görə 2020-ci ilin əvvəlinə iaşə sektorunda 19 184 işçi çalışırdı. Bəllidir ki, 20 min obyektdə 19 min işçi ola bilməz. Başqa sözlə statistikada nəsə problem var. Məsələ ondadır ki, bizim Vergi Məcəlləmizə görə ofisiantlar, musiqiçilər sadələşdirilmiş vergi sistemi üzrə çalışa bilərlər (musiqiçini müəyyən qədər başa düşmək olar, amma ofisiant nə vaxtdan ayrıca xidmət göstərir?). Onlar da iaşə obyektlərinin faktiki personalıdır. Başqa sözlə kifayət qədər insan işçi kimi yox, xidmət müqaviləsi üzrə çalışır. Bundan başqa qeydiyyatsız çalışanlar da çoxdur (bunu müəyyən etmək üçün çox da uzağa getmək lazım deyil). Yaxşı bəs sayı necə müəyyən edək?
Deməli adətən restoran və kafelərdə 15 yerə bir ofisiant hesablanır. Ölkə üzrə iaşə obyektlərində 825 min yer var. Bu da ən azı 55 min ofisiant (barista və s.) deməkdir. Bundan başqa hər bir iaşə obyektində kifayət qədər başqa personal da mövcuddur (aşbaz, xadimə, kassir və s.). Onların sayı nə qədərdir? Misal üçün, tanıdığım kiçik dönərxanada ən azı 7 nəfər çalışır. Bəzi restoranlarda 100-dən çox işçi çalışır (Azərbaycandaki McDonaldsda orta olaraq 1 restorana 70 işçi düşür). Hətta ən azı orta olaraq bir iaşə obyektində 7 nəfərin çalışdığını götürsək, bu, 140 min işçi deməkdir. Başqa sözlə təxmini hesablamalara görə, bu aylar ərzində bir sahə üzrə problemlər ilə 140 min işçi qarşılacaq. Onların 20 mini maaş və daha 60 mini başqa cür kömək almalıdır. Qalan 60 min isə heç bir yerdə rəsmən çalışmayan şəxslərdir.
Yəni çox da dərinə getmədən yalnız təxmini hesablamalara görə Azərbaycanda işsizlərin sayı ən azı 544,3 min təşkil edir. Bu da 10,4% deməkdir. Başqa sözlə böhran cəmiyyətdə maraqlı diskussiyalar və rəqəmlər açır. Amma diskussiyaların sonunda yalnız 190 manatlıq birdəfəlik müavinət durur.
Kifayətdirmi?