Təxminən, 1960-cı illərin sonlarından etibarən, ekranlara indi mübaliğəsiz klassika adlandıra biləcəyimiz çox sayda filmlər çıxmağa başladı. İlk növbədə bu siyahıya Lukino Viskontinin, əsas filmi “Tanrıların ölümü” olan “alman trilogiyası” daxildir. Bu trilogiya dərhal müəyyən stereotiplərin təməlini qoydu, hərçənd rejissor özü belə bir şey istəmirdi. Həmin stereotiplər – işğalçıların homoseksuallığı, yüksək cəmiyyətin, ən çox da zadəganlığın bəzi üzvlərinin seksual pozğunluğu ilə bağlı idi.
Daha sonra Bernardo Bertoluççinin, faşizmin psixo-seksopatologiyası mövzusunu daha açıq göstərən “Konformist” filmi, ardınca isə Liliana Kavaninin “Gecə portyesi”, Lina Vertmüllerin “Paskualino “Yeddi gözəl” filmləri kimi ekran əsərləri gəldi. Sözügedən prosesdə Pazolininin “Salo və ya Sodomun 120 günü” və Tinto Brassın ““Kitti” salonu” filmləri keçid məqamları oldu.
Belə bir sual yaranır: “Əsasən, italyan kinematoqrafçıları tərəfindən yaradılan bu stereotiplər gerçəkliklə uzlaşırdımı?”
Əksəriyyəti, təbii ki, yox. Faşizm dövründə bu qədər şəhvət özbaşınalığı yox idi. Ümumiyyətlə, seksual münasibətlər sırf bir məqsədə – siyasətə xidmət etməliydi.
Bu sözlərdən sonra dərhal məşhur “SSRİ-də seks yoxdur!” cümləsi yada düşür. Ya da Corc Oruellin “1984” romanı. Bu romanda sevgiylə evlənmək qəti qadağan edilir, nigah yalnız cəmiyyətin siyasi quruluşunun maraqları əsasında bağlana bilər; imkan daxilində hər şey elə təşkil olunur ki, evli cütlüklər bir-birilərinə nifrət etməsələr də, ən azından, biri-birilərinə qarşı heç bir simpatiya bəsləməsinlər.
O ki qaldı Üçüncü reyxdə evli cütlüklərin qarşılıqlı münasibətlərinə, Oruell qismən haqlıydı. Əlbəttə, ərlə arvadın biri-birindən iyrəndiyini demək olmazdı, bununla belə, həyat yoldaşı seçimi imperiyanın əsas vəzifələrindən birinə çevrilmişdi. Ailənin cəmiyyətin təməli, bir hücrəsi kimi modelləşdirilməsi ən yüksək səviyyədə həyata keçirilirdi. Bundan ötrü bir neçə mərhələdən keçmək lazım gəlirdi. Ən vacib alətlərdən biri vərəsəlik məhkəmələri adlanan müəssisələr idi. Bir alman evlənə bilməkdən ötrü vərəsəlik məhkəməsinə özünün və gələcək həyat yoldaşının nəsil şəcərəsini təqdim etməliydi. Məhkəmə, hər şeydən əvvəl onlarda irsi xəstəliklərin olub-olmadığını araşdıraraq nigahın bağlanmasına icazə verirdi.
Ya da icazə vermirdi və belə bir qərar, evlənmək istəyən cütlük arasında istənilən rəsmi münasibəti imkansız edirdi.
Əcnəbi ilə nigahdan isə, ümumiyyətlə, söz gedə bilməzdi. Əlbəttə, nadir, istisna hallar olurdu, amma bundan ötrü xüsusi müzakirələr aparılırdı.
Maraqlıdır, görəsən, yasaqların pozulduğu hallar olurdumu? Və bunun cəzası nə idi?
Ümumiyyətlə, faşist Almaniyasında qanuna çevrilmiş qadağaların pozulması hər zaman pis nəticələnirdi – ən azı, konsentrasiya düşərgələrində bir neçə illik həbslə. Yəni, əgər məhkəmə nigahı qadağan edibsə, amma pozuntu faktı müəyyənləşdirilibsə – məsələn, birgə yaşamaq, vətəndaş nigahı – cinayət işi açıla və müəyyən cəzalar verilə bilərdi.
Bir nümunə: Nasist partiyasının rəsmi orqanı olan “Xalq nəzarətçisi” qəzeti (“Völkischer Beobachter”) mütəmadi olaraq irqi qanunvericiliklə bağlı icmallar dərc edirdi. Bir gün qəzetin redaksiyasına bir məktub gəlir. Qadın oxucu tərəfindən yazılmış məktubda, müəllif təmiz alman olmadığını, oğlunun alman qızla yaşadığını yazır və soruşurdu: onların evlənmək ehtimalı varmı, bu, mümkündürmü?
Təəssüf ki, sadəlövh ana öz məktubu ilə gənclərin nəinki münasibətlərinə, eyni zamanda həyatlarına da zərbə vurur, çünki oğlan da, qız da hərbi düşərgəyə göndərilir.
Bu yerdə “Həyat mənbəyi” (“Lebensborn”) adlı qurumu və demoqrafiya, yəni “düzgün” tipli əhalinin artımı nöqteyi-nəzərindən nasistlərin seksə və ər-arvad münasibətlərinə necə yanaşdıqlarını xatırlamaq lazımdır. Nasist rejiminin bütün digər total rejimlərdən fərqi onda idi ki, Üçüncü reyxin rəhbərliyi demoqrafiya, biologiya mübtəlasıydı. Xüsusilə də, SS reyxsfürer Henrix Himmler bu ideya ilə yatıb-dururdu. Ona görə də, “Lebensborn”un yaranması heç də təsadüf deyildi.
Himmler abortları yasaqlamağa çalışır, hesab edirdi ki, Avropanın ən ali milləti olan almanlar bu yasaq sayəsində hər il yüz minlərlə körpə qazanacaq və bu, perspektivdə ordu sayının on minlərlə artması deməkdir. Bir sözlə, Himmler “Lebensborn”u qadınlar doğsunlar deyə açmışdı. Amma ora da hər kəs düşə bilmirdi. Əvvəlcə irqi kriterilər üzrə ciddi seçimdən keçmək lazım idi.
Yaxşı, tutaq ki, qadın doğdu. Bəs uşağa kim tərbiyə verəcək? Bunu ya ana özü eləyirdi, ya da (nadir hallarda) körpə siyasi nöqteyi-nəzərdən ideal sayılan ailəyə övladlığa verilirdi.
Bir məqamdan sonra “Lebensborn”, “ideal arilər” üçün inkubator səviyyəsinə çatmışdı, lakin, təxminən, 40-cı illərdə, müharibənin sonuna yaxın Himmler, ərləri ilə əlaqəli səbəblərdən uşaq sahibi ola bilməyən “siyasi baxımdan faydalı” qadınların mayalanmasını həyata keçirmək barədə düşünməyə başlamışdı. Amma bu halda da intim münasibət heç bir seksual anlam daşımır, söhbət sırf bioloji faktordan gedirdi. Yəni, həmin qadınlar sadəcə uşaq doğmalıydılar. Bundan ötrü onları, belə deyək, mayalandırmalı olan münasib SS-çilər tapılmalıydı.
Eyni vaxtda imperiyanın səhiyyə nazirliyində də bənzər layihə müzakirə olunurdu, ancaq orda söhbət süni mayalanmadan gedirdi.
Himmler buna son dərəcə qısqanclıqla yanaşır və hesab edirdi ki, həkimlərin işgüzarlığına son qoymaq lazımdır. Ona görə yox ki, bu, pisdir, əxlaqsızlıqdır, yox. Himmler düşünürdü ki, bu məsələ yalnız və yalnız onun funksiyası, onun missiyasıdır və sözügedən seleksiya prosesinə təkcə o nəzarət edə bilər.
Bir müddətdən sonra işğal olunmuş ərazilərdə yerləşən düşərgələrdəki uşaqların da seleksiyası başlanılmışdı. Bu, tamamilə dəqiq məlumatdır, çünki uşaqların oğurlanması və yuxarıda adı çəkilən “Həyat mənbəyi”nə göndərilməsi barədə məlumatlar mövcuddur. Seçilən uşaqlar almanlaşdırılırdılar (bu proses germanizasiya proqramı adlanırdı).
Qərb tədqiqatçıları o uşaqların talelərini xeyli araşdırıblar. Əfsus ki, onların əksəriyyətinin taleyi o qədər də yaxşı olmayıb. Yeri gəlmişkən, “ABBA” qrupunun solistlərindən biri – Anni-Frid Linqstad da “Lebensborn”un “yetirməsidir”.
Belə baxanda, almanlar ari irqini nigahsız yaşayaraq, o cümlədən başqa xalqların, digər irqlərin nümayəndələri ilə münasibətdə olaraq da genişləndirə bilərdilər, amma onlar fərqli yolu seçmişdilər – necə deyərlər, daxili resursları səfərbər etmək qərarına gəlmişdilər. Buna “hər normal alman ailəsində, ən azı, dörd uşaq olmalıdır” şüarını misal göstərmək olar. Bu, partiya tərəfindən elan olunmuş şüar idi, lakin yüksəkrütbəli SS-çilərin əksəriyyəti və partiyanın avtoritetləri ona hər zaman riayət etmirdilər: Gebbels və Bormandan başqa yüksəkrütbəli nasistlərin arasında çoxuşaqlı ailələrə sahib olanları tapmaq çətindir.
Hitlerin özünün isə ümumiyyətlə uşağı yox idi. Maraqlıdır, niyə? Bununla bağlı bir neçə versiya mövcuddur. Ən məşhur versiya Hitlerin homoseksual olmasıdır. “Bəs onun partnyoru kim idi?” sualına cavab olaraq Rudolf Hessdən tutmuş Ernst Remə qədər bir çox isim sadalanır. Daha bir versiyaya görə, Hitler seksual münasibətlərdən qətiyyən həzz almırmış. İş ondadır ki, fürer hər dəfə kütlə qarşısında çıxış eləyəndən sonra 2-3 kiloqram arıqlayırmış. Mütəxəssislərin fikrincə, bu, həzz hormonları – endorfinlərin böyük miqdarda ifrazı ilə bağlı ola bilərdi. Yəni belə çıxır ki, Hitler hansısa fəaliyyət zamanı (məsələn, natiqlik) təkcə özü həzz almağı yox, kütləni də cuşa gətirməyi öyrənibmiş. Üstəlik, fürer dəfələrlə bu naqolay suala cavab verərkən Almaniya ilə nişanlı olduğunu və özünü ölkəsinə həsr etdiyinə görə heç bir qadınla evlənə bilməyəcəyini deyib. Endorfinləri və s. nəzərə alsaq, onun sözlərində yalan yox idi.
Başqa bir versiyaya görə isə, Hitlerin səhhəti ona uşaq sahibi olmağa imkan vermirdi. Çünki o, I Dünya Müharibəsi zamanı qaz hücumuna məruz qalmış, nəticədə müəyyən bir müddət gözləri və dili tutulubmuş və ola bilər ki, kişilik bacarıqlarını da itiribmiş.
Hitlerin seksual həyatına dair bir örnək isə hücumçu dəstələrin komandiri Ernst Remlə bağlı məşhur qalmaqaldır.
1930-cu illərin başlanğıcında, nasistlər hakimiyyətə gəlməzdən əvvəl sosial-demokrat meylli qəzetlərdən birində Remin sevgilisinə yazdığı məktublar dərc olunur və çox böyük bir qalmaqal yaranır, milli sosialistlər də, hava hücumçuları da hamının ağzına saqqız olur. Lakin bu hadisədə Hitlerin adı heç bir şəkildə hallanmırdı. Əgər belə bir məlumat olsaydı, sosial-demokratların ondan istifadə etməyəcəklərini düşünmək sadəlövhlük olardı. Odur ki, fürerin homoseksuallığı ilə bağlı versiya kifayət qədər şübhəlidir.
Yeri gəlmişkən, Üçüncü reyxdə homoseksuallıq nəinki inkar edilirdi, həm də təqib olunurdu. Əgər 1934-cü ilə – yəni “uzun xəncərlər gecəsi” adıyla tanınan partiya təmizliyinə qədər hücumçu dəstələrin yüksəkrütbəliləri arasında homoseksuallığa göz yumulurdusa, 1934-cü ildə – “qəhvəyi köynəklilər”in ikinci inqilab etmək cəhdindən sonra homoseksuallıq partiya sıralarını təmizləməkdən ötrü istifadə olunan son dərəcə əlverişli bəhanəyə çevrilmişdi. Hətta ictimai rəyi buna hazırlamaq üçün onların intim həyatının, məhz, bu tərəfi gün işığına çıxardılmışdı.
Haqqında danışdığımız mövzunun daha bir tərəfi də alman əsgərlərinin işğal olunmuş ərazilərdəki davranışlarıdır. İstənilən hərbi fəaliyyətin təcavüzlərlə müşayiət olunduğu məlum faktdır. Amma yenə də: niyə işğal olunmuş ərazilərdəki qadınların ari olmaması nasistləri dayandırmırdı? Halbuki müəyyən zamana qədər belorus, ukraynalı, rus, polyak qadınlarla nəinki evlənmək, ümumiyyətlə, istənilən münasibət cinayət sayılırdı. Ancaq, təqribən, 1942-43-cü illərdə bu, elə geniş miqyas almışdı ki, vermaxtın rəhbərliyi sadəcə özünü görməməzliyə vurmağa başlamışdı, əks halda əsgərlərin əksəriyyətini cəzalandırmaq lazım gələrdi, Şərq cəbhəsində mövcud olan şərtlərdə isə almanların vəziyyəti onsuz da yaxşı deyildi.
Problemi qismən də olsa, səyyar ümumxanalar vasitəsilə həll etməyə çalışırdılar. Lakin burda da ikili standart yaranmışdı. Bir tərəfdən, Almaniyada fahişəlik yasaqlanmışdı, Hitlerin adı çoxlarında dövlətin əxlaqi cəhətdən yenilənməsi, Berlin, Hamburq küçələrinin fahişələrdən, homoseksuallardan vəs. təmizlənməsi ilə assosiasiya olunurdu. Və müəyyən məqama qədər bu, həqiqətən, beləydi. Digər tərəfdən isə, birinci, elit ümumxanalar – məsələn, məşhur “Kitti salonu” – fəaliyyət göstərirdi, özü də düz Heydrixin idarəsinin (İmperiya Təhlükəsizliyi Baş İdarəsi – RSHA) altında. RSHA-nın rəisi də oranı ziyarət etməkdən çəkinmirdi, sadəcə öncə bütün mikrofonların (salonun otaqlarına saysız-hesabsız aparatlar doldurulmuşdu) söndürülüb-söndürülmədiyini yoxlayırdı.
Təbii ki, müharibə zamanı fahişəlik problemi kəskin aktuallaşmışdı. Amma alman komandanlığı bu məsələni də ciddi nəzarət altına almışdı – səyyar ümumxanaların ziyarəti üçün talonlar, həmçinin ziyarət zamanı kontraseptiv vasitələrdən istifadə qaydalarının ətraflı şəkildə təsvir olunduğu beşə yaxın rəsmi təlimat hazırlanmışdı (almanlar hətta bu məsələdə də punktuallıqlarını qoruyurdular).
O ki qaldı ümumxanaların xidməti personalına, ilk vaxtlar ora təkcə alman qadınları qəbul edirdilər, lakin sonralar işğal olunmuş ərazilərin sakinləri də qəbul olunmağa başlanmışdı (Rommelin Afrika korpusu istisna idi, onlar üçün yalnız italyan qadınları seçilirdi). Bir qədər böyük şəhərlərdə isə stasionar ümumxanalar fəaliyyət göstərirdi.
Məlumatlara görə, işğal zamanı Fransada ümumxanaların, restoranların, kazino, kinoteatr və teatrların sayı nəinki azalmamış, hətta 1,5 dəfə çoxalmışdı (hərçənd fransızlar bu faktı etiraf etmirlər).
İşğal olunmuş ərazilər azad ediləndən sonra alman əsgərləri və zabitləri ilə özəl münasibətlər qurmuş minlərlə qadın öz həmvətənləri tərəfindən alçaldıcı, qəddar şəkildə cəzalandırılmışdı: onları tutub başlarını qırxır, alınlarına svastika çəkirdilər. Yeri gəlmişkən, bu təhqiramiz təcrübə Pol Verxuvenin “Qara kitab” filmində çox gözəl təsvir olunub.
İndi qarşı tərəfə – sovet əsgərlərinin alman qadınları ilə münasibətlərinə də nəzər salaq. Sovet ordusunda səyyar ümumxanalar yox idi. Hərçənd, niyə gizlədək, əksər zabitlərin cəbhə sevgililəri olurdu. Həmçinin təcavüz halları da mövcud idi. Bu məsələ ilə bağlı sovet ordusunun xeyrinə yalnız bir şey demək olar: sözügedən hallar baş verəndə kifayət qədər ağır cəzalar tətbiq edilirdi. Məsələn, 1945-ci ilin nəticələrinə əsasən, qarət, təcavüz və s. hallara görə 5 min adam tribunala verilmiş, onların bir qismi güllələnmişdi.
Amerikalılarda işğal olunmuş ərazilərdə cəmi üç belə hal qeydə alınmışdı. Bununla belə, statistikaya görə, (ölkəyə qayıdan amerikalılar arasında alman qadınlarla əlaqədə olub-olmadıqları ilə bağlı sorğu aparılırdı), respondentlərin, faktiki olaraq, üçdə ikisi almanlarla münasibəti olmuşdu.
Aparılan sosial siyasət, təbliğat-təşviqat nəticəsində 1935-37-ci illər arasında reyxdə müşahidə olunan demoqrafik partlayış 1939-cu ilə qədər stabilləşməyə, sonra isə tənəzzülə uğramağa başlayır.
Buna görə də, 1943-cü ildən etibarən, Himmler, almanlarla kollaborasionizmlə məşğul olan hər kəsi, yavaş-yavaş ari xalqları sırasına aid eləyirdi. Bunda təəccüblü heç nə yoxdur, çünki amansız, qanlı müharibə şərtlərində nasistlər itkilərinin yerini doldurmaqdan ötrü mümkün olan hər şeyi eləməyə çalışırdılar.
Andrey Vasilçenko
Эхо Москвы