Kişilərdə aqressiya və “kişi klimaksı” nədir?
Bu məqalədə kişi hormonu olan testosteron haqqındakı miflərdən və gerçəklərdən danışacağıq. Dorğudanmı, bu hormonun bolluğu kişini fərasətli eləyir və testosteron iynələrini həddindən çox istifadə etmək olmaz? Yox! Amma “kişi klimaksı” və kişi orqanizmində qadın hormonlarının mövcudluğu – həqiqətdir, çünki…
***
Testosteron öz adını kişi cinsiyyət orqanlarından götürüb.
Testosteronun sintezi – dəqiq qurulmuş bir sistemdir: təxminən, hər iki saatdan bir (gecə və sübh vaxtı isə daha tez-tez) endokrin sistemin mərkəzi requlyatoru olan hipotalamus aşağı həlqənin işini tənzimləyən hormon ifraz edir. Hipofiz bu komandaya öz hormonlarını, o cümlədən lyuteotropin hormonunu ifraz etməklə reaksiya verir. Sonuncu hormon, testosteron hasil edən xaya hüceyrələrinin (Leydiq hüceyrələri) aktivliyinə təsir edir. Testosteron az olanda hipotalamus bunu “görür” və hormonun istehsalını artırmaq əmri verir; testosteron çox olanda isə hipotalamus prosesi yavaşladır.
Sağlam kişinin orqanizmində gündə orta hesabla 7 mq testosteron sintezləşir. O, xayalarda toplanmadan dərhal qana keçir və xüsusi seks-peptid zülalına yapışaraq bütün orqanizmə yayılır.
Daha sonra testosteron öz aktiv formasına – dihidrotestosterona çevrilir və müxtəlif cinsi orqanların, əzələlərin, dəri vəzilərinin, həmçinin ürək-damar və sinir sistemlərinin işini yönləndirməyə başlayır.
Testosteron, gələcək kişinin orqanizmində hamiləliyin lap ilk günlərindən istehsal olunmağa başlayır və yeddinci-on birinci həftələrdə artıq uyğun cinsi orqanları formalaşdırır. Testosteron az olanda oğlan qadın genitaliyası (interseks), ya da həddindən artıq balaca cinsi orqan – mikropenislə doğulur.
Cinsi yetişmə dövründə testosteron cinsi orqanların, bığların, saqqalın və bədəndəki tüklərin böyüməsini təmin edir. O, libidonu oyadır və spermatozoidlərin emalına, əzələlərin böyüməsinə və sümüklərin bərkiməsinə start verir.
“TESTOSTERON” STEREOTİPLƏRİ: GÜCLÜ, CƏSUR, AQRESSİV
Testosteron haqqındakı miflər, ilk növbədə, onun, kişinin psixikasına təsiri ilə bağlıdır. Onlardan bir neçəsini gözdən keçirək.
Testosterondan danışanda, adətən, təsəvvürlərdə əzələli, çənəsi irəli çıxmış, idman zalında ağır ştanqa ilə əyilib-qalxan və sevdiyi qadını qucağında gəzdirən kişi canlanır.
Düzdür, testosteron əzələlərin inkişafına və dözümlülüyünə cavabdehdir. Ancaq kişidə açıq diqqət çəkən əzələ kütləsinin yoxluğu qətiyyən onun cinsi kişi hormonunun aşağı səviyyədə olması demək deyil – sadəcə, o insan idmanla məşğul olmur.
Testosteronun aqressiya ilə əlaqəli olduğu barədə mifi də alimlər çoxdan dağıdıblar. Sadəcə, biz öz təbiəti etibarilə kişilərin daha qətiyyətli, oğlan uşaqlarının isə daha şuluq olduqları fikrinə alışmışıq. Amma bu, daha çox cəmiyyətin bizə sırıdığı rol modelləridir, testosterona heç bir dəxli yoxdur.
İnsan cəmiyyətində hormonları qaydasında olan kifayət qədər xeyirxah, şəfqətli, qətiyyətsiz kişi və sağlam endokrin sisteminə sahib kobud, aqressiv qadın var.
KİŞİLƏR TESTOSTERON SAYƏSİNDƏ QADINLARDAN DAHA UĞURLUDURLAR
Testosteron inadkarlıq, məqsədyönlülük, stressə yüksək dözümlülük, sağlam iddialılıqla assosiasiya olunur.
Əsrin əvvəllərində alimlər güman edirdilər ki, Y xromosomlarının mövcudluğu beynin bir yarımkürəsinin digərindən üstün olmasına şərait yaradır. Elə buna görə də, kişilər dəqiq elmləri daha rahat mənimsəyirlər, onlarda görmə-məkan qabiliyyətləri və məntiq daha yaxşı inkişaf edib.
Bu gün insan beyninin lateral asimmetriyası nəzəriyyəsi dəfələrlə təkzib olunub: qadınlar informasiyanı kişilər qədər yaxşı qavraya, onlar qədər qətiyyətli davrana və lazım gələndə risk eləyə bilirlər.
Əgər kişi cinsinə mənsub olmaq karyera pillələrində irəliləməyə, öz biznesini yaratmağa və çox pul qazanmağa imkan verirsə, bunun səbəbi testosteron yox, cəmiyyətdə mövcud olan gender stereotipləridir. Eyni zamanda kişi cinsinə mənsub insanlarda motivasiya problemi də, məsələn, beyində dofamin və serotonin mübadiləsinin pozulması, yaxud nevrotik və depressiv pozuntularla izah oluna bilər ki, bunların da kişiliklə, ümumiyyətlə, cinsiyyətlə heç bir əlaqəsi yoxdur. Ədalət naminə qeyd eləyək ki, qadınlarda depressiyaya kişilərdən daha çox rast gəlinir, amma zənnimizcə, bu, daha çox diaqnostikanın nüansları ilə bağlıdır: kişilər psixoloq, psixoterapevt yanına qadınlardan daha az gedirlər.
KİŞİ SEKS MÜHƏRRİYİ KİMİ
Həqiqətən də, testosteron cinsi meylə cavabdehdir, ancaq orqanizmdə bu hormonun mövcudluğu kişinin daim seksə hazır olduğu, gecə-gündüz kimisə yatağa salmağı arzuladığı demək deyil.
Testosteron daima sintezləşir, lakin bu, daha çox gecə və səhər baş verir. Bunun əsas göstəricisi – səhər ereksiyası və yüksək libidodur. Hormonun miqdarının az olduğu qalan vaxtlarda kişi daha vacib şeylər haqqında fikirləşə bilər.
Bəli, kişilərdə, qadınlardakından daha güclü qıcıqlandırıcılar var, hədəfə çatmaq ideyasına aludəçilik seksi uzun müddətə ikinci plana keçirməyə qadirdir. Xroniki stress və depressiya isə testosteronun yüksək səviyyədə olmasına rəğmən, hormonun oyandırıcı fəaliyyətini, ümumiyyətlə, sıfıra endirə, hətta erektil disfunksiya ilə nəticələnə bilər.
TESTOSTERON HEÇ VAXT ÇOX OLMUR
Hər şey qədərində yaxşıdır. Testosteron səviyyəsinin normadan çox olması kişini, alnında uğur möhürü olan əzələli yaraşıqlıya çevirmir, əksinə, ona xeyli problem yaradır, özü də səbəbindən asılı olmayaraq.
Testosteronun əsas miqdarı orqanizmdə əlaqəli vəziyyətdə mövcuddur. Hormon, seks zülalı ilə bağlanaraq qeyri-aktiv və təhlükəsiz olur. Problemlər, sərbəst testosteronun və dihidrotestosteronun miqdarı artanda yaranır. Bu, xəstəliklər (hipofiz şişləri, böyrəküstü vəzi və xaya xəstəlikləri, genetik problemlər), daha tez əzələ kütləsi yığmaq, güc və dözümlülüyü artırmaq məqsədilə preparatların qəbulu, yaxud hormonların birləşməsi üçün gərəkli olan zülalın çatışmazlığı (qaraciyər xəstəlikləri zamanı rast gəlinir) nəticəsində yüksək testosteron istehsalı zamanı baş verir.
Həddindən çox testosteron kişini hər an partlamağa və acığını ətrafdakılardan çıxarmağa hazır olan əsəbi insana çevirir.
Əhval dəyişkənliyi – eyforiyadan depressiyaya qədər, yuxunun pozulması, riskə, alkoqoldan, narkotik maddələrdən istifadəyə meyl sağlamlıq və həyat üçün təhlükə yaradır. Daim sekslə məşğul olmaq istəyi qarışıq cinsi əlaqələrə aparıb çıxarır.
Testosteron saç tökülməsinə, dəridə sızanaq və qara nöqtələrin yaranmasına səbəb olur, arterial təzyiqin artmasına, infarkt, insult və tromboz da daxil olmaqla ürək-damar xəstəliklərinə təkan verir.
Testosteron fəlakətini “müşahidə edən” hipotalamus hipofizin işini yavaşladır. Öz testosteronlarının sintezi ilə birlikdə spermatozoidlərin yaranması prosesi də pozulur (hətta dayanır).
Bu, idman zallarında böyük qələbələr qazanmaqdan ötrü hormon iynələrinin köməyilə özünə testosteron əlavə eləmək fikrinə düşən kişilərin düşünməsi üçün yaxşı səbəbdir.
Əgər hormonlar bilmədiyiniz səbəblərdən çoxdursa, həkimə gedin və müalicə alın.
KİŞİLƏRLƏ QADINLARIN QURULUŞU EYNİ DEYİL
Kişilərdə – testosteron var, qadınlarda estrogenlər: hormonlar bizi bir-birimizdən fərqləndirirlər, ancaq bu fərq o qədər böyükdürmü?
Müasir gender endokrinologiyası öz yanaşmasını dəyişib: bu gün alimlər əmindirlər ki, testosteron və estrogenlər – hər iki cinsə aid hormonlardır.
KİŞİLƏRƏ DƏ QADIN HORMONLARI LAZIMDIR
Seksual istək və fiziki formanın qorunması üçün qadınların testosterona ehtiyacı var, kişilər üçünsə estrogenlər vacibdir, özü də qadınlara vacib olduğu qədər.
Hər gün kişi orqanizmində 100 mkq-yə yaxın estrogen sintez olunur, onların 20%-i xayalarda, 80%-i isə digər toxumalarda testosterondan əmələ gəlir. Estrogensiz testosteron öz xüsusiyyətlərini maksimum dərəcədə göstərə bilmir.
Estrogenlər koqnitiv funksiyalara, dərketmə proseslərinə, yaddaş və yaradıcı düşüncəyə cavabdehdir – bunlarsız həyatın heç bir sahəsində uğur qazanmaq mümkün deyil. Estrogenlər sayəsində kişilər ağrıya daha asan dözürlər. Alimlər müəyyənləşdiriblər ki, estrogenlər ağrı həddini azaldır və onların defisiti xroniki ağrıların yaranmasına səbəb ola bilər.
Hətta kişi libidosu belə təkcə testosterondan yox, həm də estrogenlərdən asılıdır və ikincilərin səviyyəsinin həm düşməsi, həm də qalxması azalması erektil disfunksiyayla nəticələnə bilər.
Estrogenlərin çatışmazlığı kişilərdə piylənməyə, qaraciyərdə piy distrofiyasına, sümüklərdə mineral sıxlığına (osteoporoz) və sonsuzluğa gətirib çıxarır.
KİŞİLƏRDƏ DƏ MENSTRUASİYAQABAĞI SİNDROM VAR
Çoxları elə fikirləşir ki, kişi, cinsi orqanı olduğuna görə, təbiətən emosional baxımdan stabil və etibarlıdır. Əslində isə, kişilər də ağlayırlar və qadınlardakı menstruasiyaqabağı sindroma (MQS) bənzəyən dövri depressiv pozuntularla bilavasitə tanışdırlar. Hətta Qərbdə manstruation deyilən bir termin də var.
“Kişilərdə gərgin günlərin mövcudluğu” ilə bağlı hipoteza 1960-cı ildə meydana çıxıb. Həmin vaxt alimlər, milyonlarla kişinin vaxtaşırı olaraq əsəbi, hirsli və əzgin olmasının səbəblərini araşdırmağa başlamışdılar.
Bəziləri bu psixoemosional dəyişikliyi spermatozoidlərin əmələ gəlməsi və yetişməsi prosesi ilə əlaqələndirir və iddia edirdilər ki, testosteron səviyyəsindəki eniş-qalxışlar ucbatından güclü cinsin bəzi nümayəndələri hər 72-74 gündən bir qadın zəifliyi göstərə bilərlər. Digərləri isə testosteron sintezinin dəyişməsilə ay sikli arasında əlaqə tapırdılar. Üçüncü qisim, ilin fəsilləri dəyişərkən orqanizmin hormonal doyumluluğunda dəyişiklik baş verdiyini söyləyirdi.
2003-cü ildə Bratislavadakı Komenius Universiteti və Molekulyar Biotibb İnversitetinin professoru Peter Celec kişi “MQS”ilə bağlı bir necə araşdırmasının nəticələrini dərc etdi. Onlardan birində alim, psixoemosional statusun dəyişməsinə və aqressiyanın yaranmasına testosteron səviyyəsinin düşməsinin səbəb olduğunu təsdiqləmiş və kişi hormonal siklinin 20-30 gün davam etdiyini müəyyənləşdirmişdi.
2005-ci ildə amerikalı alim, psixologiya, tibb və fəlsəfə professoru Jed Diamond-un “Əsəbi kişi cinsi sindromu: depressiya və aqressiyanın 4 əsas səbəbini anlamaq və aradan qaldırmaq” adlı kitabı işıq üzü görür. Çoxillik araşdırmalar və müşahidələr müəllifə, heyvanlar üzərində aparılan təcrübələrlə müqayisələr aparmaq imkanı vermişdi və o, belə bir nəticəyə gəlmişdi ki, testosteron çatışmazlığı kişilərdə vaxtaşırı deyingənliyin meydana çıxmasına səbəb ola bilər.
“Əsəbi kişi sindromu”na emosional zəiflik, ağlağanlıq, əsəbilik, yaddaş və diqqət konsentrasiyasının korlanması, narahatlıq, libidonun azalması, səbəbsiz yorğunluq və depressiyaya meyl kimi əlamətlər daxildir.
Bu sindrom daha çox yaşla bağlı səbəblərdən inkişaf edir, ancaq hərdən daha erkən də ola bilir.
Testosteron səviyyəsinin qəflətən azalmasına xəstəliklər, androgen müalicənin dayandırılması, stress, alkoqoldan hədsiz istifadə, qida rasionunda yağların defisiti və karbohidratların profisiti, bəzi dərmanların qəbulu və digər amillər səbəb ola bilər.
Biz kişilərdə gərgin günlərlə bağlı daha yeni araşdırmalar da axtardıq. Yəqin ki, bu mövzu ilə bağlı işlər aparılır, amma qadınlarda olduğu kimi kişilərdə də hormonal siklin mövcudluğunu isbat edən aydın dəlillər tapmadıq.
KİŞİLƏR DƏ KLİMAKS OLUR
Bax, həqiqətən, isbat olunan bir şey varsa, o da kişilərdə klimaksın olmasıdır: bu, qadın menopauzasının analoqu olan andropauzadır. Hərçənd qadınlardan fərqli olaraq, kişilərdə cinsi hüceyrələrin yetişməsi prosesi kəsilmir. Spermatozoidlər ömrün sonuna qədər yaranmağa davam edir və nəzəri olaraq, hətta həddindən artıq qoca kişi də ata ola bilər. Andropauzada testosteronun sintezi azalır və cinsi funksiya sönür. Kişi orqanizmində testosteronun səviyyəsi tədricən düşür. Bu proses, təxminən, 30 yaşdan başlayır və ildə 1-2% olmaqla davam edir. 50 yaşda hormonun miqdarı, təxminən, 25-30% azalır ki, bu da orqanizmin işinə əhəmiyyətli dərəcədə təsir edir. Məhz, buna görə də, 50 yaş kişilər üçün təhlükəli yaş hesab olunur.
Kişilərdə klimaksın səbəbləri nədir? Eynilə qadınlarda olduğu kimi kişilərdə də yaşla bağlı dəyişikliklər beynin və endokrin sistemin tənzimlənməsi mərkəzinin – hipotalamusun funksiyalarına təsir edir. O, daha ləng işləməyə başlayır, xayalara daha az siqnal göndərir. Öz növbəsində xayalar da daha az testosteron ifraz edir.
Bundan əlavə, ateroskleroz və onu müşaiyət edən qan dövranının pozulması xayaların “qocalmasına” gətirib çıxarır: testosteronun sintezinə cavabdeh olan Leydiq hüceyrələrinin bir qismi ölür, qalanlar isə orqanizmi hormonla tam təmin edə bilmir.
Kişi klimaksının simptomları qadın menopauzasının əlamətlərini xatırladır:
- Əhval-ruhiyyə tez-tez dəyişir, əsəbilik, narahatlıq yaranır, yaddaş korlanır, qəzəb və aqressiya partlayışları, ağlağanlıq çoxalır.
- “Qabarmalar” – qəflətən üzdə və bədənin yuxarı hissəsində istilik hiss etmək, tərləmək, ürəkbulanması, başgicəllənməsi – meydana çıxır. Hərdən fiziki yüklənmədən asılı olmayaraq ürəyin ritmi sürətlənir, arterial təzyiqin artıb-azalması, başgicəllənməsi halları və ürəkgetməsinə bənzər vəziyyətlər meydana çıxır.
- Fiziki gərginliyə və stress hallarına dözümlülük azalır, sinədə göynəyən ağrılar – stenokardiyanın xəbərçiləri – yaranır.
- Libido aşağı düşür – seksə maraq azalır, hərdən də birdəfəlik yoxa çıxır.
- Spontan səhər ereksiyası itir, tədricən, erektil disfunksiya inkişaf edir.
- Dəri solğunlaşır: o, sallanır və qırışlarla örtülür. Saçlar sürətlə tökülür. Əzələ kütləsi azalmağa başlayır və məşqlər, get-gedə daha az fayda verir.
- Kökəlmə başlayır, xüsusən də, qarın bölgəsində artıq çəki əmələ gəlir.
- Kişi hormonal yenidənqurmaları 2-4 il (hərdən daha çox) davam edir. Daha sonra vəziyyət sabitləşir: orqanizm minimal həcmdə hormonlarla keçinməyə alışır.
- Klimaksı ləngidib kişinin gəncliyini uzatmaq mümkündürmü? Mümkündür! Qadın klimaksında olduğu kimi kişilərdə də çıxış yolu – testosteron preparatları ilə əvəzləyici hormonal müalicə almaqdır. Bu müalicəni həkim-androloq təyin edir.
HORMONAL PROBLEMLƏRİN FİZİKİ ƏLAMƏTLƏRİ
Sızanaqlar və qara nöqtələrin əmələ gəlməsi testosteronun dəriyə təsirinin artması ilə əlaqəlidir.
Bunun nəticəsində piy vəzilərinin aktivliyi yüksəlir. Dəri hüceyrələri sürətlə bölünməyə başlayır və ölür. Dəri, dəri piyinin ifrazına mane olan qalın qabıq qatı ilə örtülür. Dəri vəziləri tutulur – qara nöqtələr, daha sonra işə infeksiya da qarışanda sızanaqlar yaranır.
Əgər dəriyəqulluq prosedurları qara nöqtələri aradan qaldırmağa kömək eləmirsə, dermatoloqa gedin: o, dərinin androgenlərə qarşı həssaslığını azaldan müalicə, o cümlədən preparatlar təyin edəcək.
Yeniyetmə yaşda qara nöqtələrin və sızanaqların əmələ gəlməsi, məhz, həmin dövrdə testosteronun aktiv sintezi ilə bağlıdır. Əksər hallarda hormonal statusun tam sabitləşməsi ilə bu problem öz-özünə həll olunur. Lakin sızanaqlar ardıcıl çıxmağa davam edirsə, irin yuvasına çevrilib özündən sonra çapıqlar və kələ-kötürlük qoyursa, yaxşı olar ki, dərhal həkimə müraciət edəsiniz.
ANDROGEN DAZLAŞMA
Statistikaya görə, yetişkin kişilərin, demək olar ki, 90%-i androgen alopesiya (dazlaşma) ilə üzləşir. Belə hesab olunur ki, 30 yaşa qədər kişilərin 20%-də dazlaşmanın əlamətlərinə rast gəlmək mümkündür. 50 yaşa qədər kişi əhalisinin yarısında başın ortasında saçlar hiss olunacaq dərəcədə seyrəlir və dazlaşma əmələ gəlir.
Androgen alopesiyanın səbəbi – qanda sərbəst testosteronun səviyyəsinin yüksəlməsi və kişi cinsi hormonlarının fəaliyyətinə qarşı saç follikullarının həssaslığının artmasıdır. Üstəlik, sonuncu amil irsən ötürülür, ona görə də, əgər atada dazlaşma olubsa, oğulda da saçların itirilməsi ehtimalı yüksəkdir.
Gənc yaşda başda saçların tökülməsi – həkimə müraciət edib androgen profili yoxlamaq üçün ciddi səbəbdir. Yeri gəlmişkən, əgər çənə, qoltuqlatı və qasıqdakı tüklər seyrəlirsə, bu, testosteron səviyyəsinin düşməsinə işarədir.
EREKSİYA İLƏ BAĞLI PROBLEMLƏR
Testosteron səviyyəşinin aşağı olması – erektil disfunksiyanın tez-tez rast gəlinən səbəblərindən biridir. Testosteron libidoya və cinsi orqanın qanla dolmasına cavabdehdir. Hormonun səviyyəsinin, tədricən, düşməsi isə seksual marağın itməsi, spontan səhər ereksiyalarının yoxa çıxması və seks zamanı penisin kifayət qədər bərkiməməsi ilə nəticələnir. Əgər belə şeylər hiss edirsinizsə, deməli, androloq-uroloqa müraciət etmək və testosteronu yoxlamaq vaxtıdır.
DÖŞ, QARIN VƏ BUDLAR BÖYÜYÜR
Piy toxuması nəhəng endokrin orqandır və qadın cinsi hormonları orda sintezləşir. Piy nə qədər çoxdursa, estrogenlər bir o qədər çox yaranır. Öz növbəsində onlar da süd vəzilərinin böyüməsinə səbəb olur və kişi bədənini femininləşdirir.
Testosteronun təsirinin azalması qarın bölgəsində və mədə boşluğundakı daxili orqanlar ətrafında (visseral piylənmə) nəzərəçarpacaq dərəcədə piy yığılmasına gətirib çıxarır, bu hal metabolik sindromla müşayiət olunur. Əgər kişinin beli 94 sm-dən böyükdürsə, böyük ehtimalla onda visseral piylənmə var və yaxın gələcəkdə ikinci tip şəkər diabeti, ateroskleroz, ya da özüylə insult və infarktlar gətirəcək hipertonik xəstəlik inkişaf edəcək.
Kişilərdə belin yoxluğu, qızların həsəd aparacağı döşlərin və kök budların olması – testosteron və estrogenlərin yoxlanılması məqsədilə qan analizi vermək üçün ciddi səbəbdir.
HORMONLARIN QAYDASINDA OLDUĞUNU NECƏ BİLMƏLİ?
Əgər özünüzdə hormonal fonun pozulduğundan şübhələnirsinizsə, təbii ki, ilk növbədə həkim-androloqa müraciət etmək lazımdır. O, bütün möcvud simptomları dəyərləndirəcək və gərəkli analizləri təyin edəcək.
Ancaq siz müayinədən həkimsiz keçmək istəyirsinizsə, aşağıdakı təlimata əməl eləməlisiniz.
Analizə hazırlaşın.
Kişi cinsi orqanları ilə bağlı qan analizini səhər, acqarına vermək lazımdır. Sonuncu qida qəbulu ilə qanvermə arasında, ən azı, 8 saat (12 saat olsa, daha yaxşı olar) keçməlidir. Hətta qəhvə, çay və meyvə şirəsi də içmək olmaz. Yalnız az miqdarda su içə bilərsiniz.
Analizdən bir gün əvvəl məşqləri dayandırın və hər cür fiziki yüklənməni məhdudlaşdırın. Müayinə – axşam divanda uzanıb tənbəllik etmək üçün əla bəhanədır.
Sonuncu siqareti qanverməyə bir saat qalmış çəkmək olar. Sonuncu alkoqol qəbulu ilə analiz saatı arasında bir sutka fərq olmalıdır.
Laboratoriyaya 15 dəqiqə tez gəlin ki, sakitləşmək, dincəlmək üçün vaxtınız olsun.
Hansı analizləri vermək lazımdır?
Cinsi hormonların qaydasında olub-olmadığını yoxlamaqdan ötrü aşağıdakı analizləri verməlisiniz:
Sərbəst testosteron – bu, orqanizmə təsir edən hormonun bioloji aktiv formasıdır;
Follikulu stimullaşdıran hormon (FSH) – o, spermatozoidlərin yaranmasına nəzarət edir və testosteronun qana keçməsini stimullaşdırır;
Lyüteotropin hormonu (LQ) – testosteronu sintezləşdirən Leydiq hüceyrələrinin aktivliyinə cavabdehdir;
Dihidrotestosteron (DHT) – testosteronun ən aktiv metabolitidir. Adətən, androgen alopesiya və qara nöqtələrin yaranmasını onunla əlaqələndirirlər;
Estrogenlər (estradiol, estron);
Birləşdirici-seks zülalı.
Qəbul olunmuş normalardan fərqlənən cavablar aldınız? Tələsik nəticə çıxartmağa, donub qalmağa, xüsusən də, müstəqil şəkildə hansısa dərmanlar axtarmağa gərək yoxdur, həkimə müraciət etmək lazımdır. Müasir endrokrinologiya sizə yardım edə bilər.
Knife Media