Xeyli vaxtdır sovet dövründə çəkilmiş İkinci dünya müharibəsindən bəhs edən filmlərə baxıram. Bu filmlərin çoxuna uşaqlıq və yeniyetməlik, qismən də ilkin gənclik dövrlərində baxmışam. Onda hər şey çox sadə və həyacanlı idi. Filmdə qarşı-qarşıya gələn iki insan kütləsi iki yerə bölünürdü. Bizimkilərə və onlara – nemeslərə. Bir az da başı çıxan adamlar üçün faşistlərə. Onları ayırd etmək də asan idi. Fərqli-fərqli paltarlar geyinirdilər. Həm də filmlərdə əsgərlərin hərəkəti elə konkret bölünmüşdü ki, biz bu hərəkətlərdən kimin kim ola biləcəyini müəyyən edirdik. Hətta biri başqa ordunun paltarını geyinəndə də hərəkətlərindən əvvəlcədən şübhələnirdik. Məsələn, biri alman paltarındadırsa və yaxşılıq edirdisə, axırda sovetin adamı çıxırdı. Ya da alman kommunisti. Yəni o tərəfdən bizə işləyən adam. Bunun özü də bir az müəmmalı məsələ idi. Çünki ideologiyalardan xəbərsiz idik. Bilmirdik ki , fərqli-fərqli millətlər eyni ideologiyaya xidmət edə bilər. Uşaqlar bunu qanmırdı. Qana bilməzdi. Böyüklərin də çoxu başa düşmürdü. Hətta çoxu fikirləşirdi ki, həmin adamı pulla alıblar. Bu günə qədər də belə fikirləşənlər var. Nə etməli hər kəs öz baxış bucağından hadisələrə və şəxslərə qiymət verir. Kim necə tanımaq istəyirsə elə də tanıyır…
Yaxud tərsinə. Sovet ordusunda biri əclaflıq etsəydi axırda xain çıxırdı. Hərçənd bu kimi hallar az olurdu. Bu cür filmləri aprel və may aylarında çox verirdilər. Qələbə günü yaxınlaşdıqca bayram ərəfəsində bu filmlər xüsusi məna daşıyırdı. Hər kəsin baxacağı filmlər vardı. Həmçinin uşaqların. İlin başqa vaxtlarında da müharibədən bəhs edən filmlər göstərirdilər. Bu daima işləyən bir mövzu idi. Doğrusu biz də bu filmlərə baxmağı sevirdik. Bir növ havayı, həyacanlı əyləncə idi. Həmişə qalib tərəfin, qalib komandanın azarkeşi olmaq kimin xoşuna gəlməz. Özü də bu qələbələr dürüst, ədalətli, cəsarətli, əzablı yollarla əldə olunur. Düz sovet dağılmağa başlayana kimi bu proses getdi. Mərkəzi hakimiyyət bu mövzüdan əl çəkmirdi. Ona görə də sovetin dağılması başlayana qədər ikinci dünya müharibəsindən bəhs edən filmlər çəkilirdi.
Qərəz bu haqda çox danışmaq olar. Ucundan tutub ucuzluğa gedəcəyik…
İndi isə bu filmlərə tamam başqa gözlə baxıram. Mövzu genişdir. Hardan başlayacağımı, mövzüya hardan girəcəyimi bilmirəm. Orası aydındır ki, bir çox sənət əsərləri zamanın imtahanından keçə bilmir. Gücə sığınıb inzibati yollarla məşhur olan bir əsər sistem çökəndə sürətlə dəbdən düşür. Unudulur. Ən yaxşı halda bir fakt kimi tarixdə qalır. Məsələn, Rəsul Rza kimi bir şair vardı. Fakt kimi yadda qalıb, amma yaradıcılıq uçub gedib işinin dalınca. Zəif yazıb, bu azmış kimi həm də çoxlu goplayıb. Dövrün və quruluşun tələblərini canla-başla yerinə yetirib. Deyiblər get qulaq gətir, gedib baş gətirib. Buna görə ev alıb. Mükafat alıb. Gəzib. Sanatoriyalarda dincəlib. Əsər yazıram deyib səfalı yerlərdə yeyib, içib, vaxt keçirib. Yazdıqları da başdan-başa yalan.
Tərsinə də olur. Bəzən zamanında dəyər verilməyən əsər bir müddət keçdikdən sonra qiymətini alır. Vaxt getdikcə qiyməti qalxır. Burda isə söhbət bir quruluşun çökməsindən sonra yüzlərlə sənət əsərinin çox az müddətdə məhv olmasından, dəyərini itirməsindən gedir. Arxasında dayanmış güc çökən kimi bu sənət əsərləri də kütləvi surətdə məhv oldu. Nə qədər çalışıram faciənin miqyasını təsəvvür edəm, alınmır. Nə qədər sənət adamı özünü ifadə edə bilmədi. Nə qədər psevdosənətçilər üçün meydan açıldı. Konyunktura və pafos geniş vüsət aldı. Psevdosənətçiləri tirajlayıb, məşhurlaşdırıb, medal, vəzifə, mükafatlar verib xalqa sırıdılar. Xalqa dedilər, alın bu sizin sənətiniz, bu da sizin sənətkarlarınız. Gedin bir-birinizi sevin. Psevdosənətçilər vətəndən, xalqdan, zəfərandan, Badamlıdan, çaydan, almadan, nardan, limondan, halvadan, mavi Xəzərdən, dalğalardan, Gilavardan, Xəzridən, Cıdır düzündən, Göyəzəndən mahnılar oxuyub, şeirlər yazıb xalqa yaltaqlandılar. Özü də çox səviyyəsiz şəkildə. Xalq da onların nağıllarına inandı. Yaxud özünü inanırmış kimi göstərdi. Bəlkə də elə bu saxta nağılların göstərdiyi təsirin nəticəsidir ki, bizim adamlar öz ölkələrində nəyi görürlər heyran olurlar. Balaca bir gözətçi qalasının qalıqlarını, daha doğrusu nə vaxtsa maşından boşaldılmış və müxtəlif cür tikintilərdə dəfələrlə istifadə olunmuş təsiri bağışlayan kərpic, daş yığınını görəndə guya tarixə heyran olurlar. Bir təpə görəndə təbiətə heyran olurlar. Harda bir kol-kos yığını gördülərsə oranı məşhur bir yerin təbiəti ilə müqayisə edirlər və təəssüf edirlər ki, buranın yiyəsi yoxdur yoxsa daha yaxşı şərait düzəltmək olardı.
Bir tərəfdən də təbiəti dağıdırlar. Görməmişliyin də bir həddi-hüdüdü olmalıdır. Efirə dəvət olunmuş qonaqlar ölkədən danışılırsa heyran oldum sözü mütləq işlədilməlidir. Yenə hansısa rayona, kəndə gediblər, yenə də vətənimizin təbiətinin gözəlliyinə, sadə insanların səmimiyyətinə heyran olublar. Danışarkən əlləri ilə də nə qədər heyran olduqlarını göstərirlər. Bəzən əllər havada donub qalır. Heyran olmağın dərəcəsini göstərmək üçün yer azlıq edir. Bu kimi vəziyyətlərdə ən yaxşısı heyran olmağın nəticəsində donub qalmaqdır. Ta o vaxta kimi ki, aparıcı studiyaya dəvət olunmuş qonaqları birtəhər ayıldıb studiyaya qaytarır. Studiyanın qonaqları (qonaq şair, manıs, idmançi, bəstəkar, rektor, tarixçi, cərrah, deputat bir sözlə hər cür peşə sahibi ola bilər) sadə adamların səmimiyyətinə o qədər yüksək dərəcədə heyran olublar ki, hətta böyük lütf göstərib onlarla şəkil də çəkdiriblər. Gedib kəndlərdə yaşlı kişiləri, uşaqları, ağbirçək arvadları qucaqlayaraq şəkil çəkdirməyi o qədər böyük təntənəylə camaata təqdim edirlər ki, guya bunlar ucdan tutma Şahzadə Dianadırlar, Roma Papasıdırlar gedib cəngəllikdə yaşayan vəhşi bir tayfanın nümayəndələri ilə, ya da cüzamlı xəstələrlə şəkil çəkdiriblər. Sadə camaatın səmimiyytinə heyran olmağın elə bir dərəcəsi var ki, həmin dərəcəyə çatanda adam özünü istər-istəməz Şahzadə Diana, Roma Papası kimi hiss edir. Nə dərəcədə heyran olduğunu tam göstərmək üçün artıq studiyalar işə yaramır. Ürəklər coşub daşır. Studiyada yer azlıq edir. Necə heyran olduqlarını göstərmək üçün stadionlar, arenalar tələb edirlər. Axı doğrudan da studiyaya uçan xalçada necə gələsən. Necə orda dövr edəsən, zmeykalayasan. Bunu ki tormozsuz maşın sürən avtoşlar da bacarmaz. Heyran oldum sözü psevdosənətçilərin dilində artıq “Heil Hitler” kimi səslənir. Bu da faşizmin azərbaycansayağı formasıdır. «Ə cındır sən niyə bu tarixə, bu xalqa, bu təbiətə, bu qonaqpərvərliyə heyran deyilsən. Harda qalırsan?»
***
Sovet dövründə çəkilmiş ikinci dünya müharibəsindən bəhs edən filmlərdə adamlar elə ölürlər ki, elə bil ölüm səhnəsini deyil, ölümə çəkilmiş reklamı seyr edirsən. Müharibə deyil sanki, özünəməxsus, əcaib əyləncələri olan belə çox qəribə sanatoriyadır. Adamlar istirahətə gəliblər. Gülürlər, zarafatlaşırlar, sevirlər, yaxşılıq edirlər, xilas edirlər, arada bir dostları öləndə kədərlənirlər. Qarşı tərəf isə həm qəddar, həm də gülməlidir. Bu filmlərdə sovet ordusunun müharibənin əvvəllərində necə pərəm-pərəm düşməsindən, sovet əsgərlərinin kütləvi surətdə almanlar tərəfindən əsir alınmasından, ordunun yüksək rütbəli peşəkar zabitlərinin repressiya olunmasından, geriyə qaçanların pulemyotla biçilməsindən, dövlətin başına keçmiş bir yolkəsənin, bir quldurun hikkəsinə görə yüz minlərlə, milyonlarla adamın həyatını itirməsindən demək olar ki, heç nə yoxdur. Çox nadir istisnalar var.
Bir daha sübut olundu ki, hansı quruluş olursa olsun insanların ağzını yumanda axmaq vəziyyət yaranır. Problemlər müzakirə olunmadıqca daha da dərinləşir.
Bəs bu filmləri az-çox ayaqda saxlayan nədir? Bunu filmlərə yazılan şərhlərdən də bilmək, aydınlaşdırmaq olar. Əvvəla bu filmlər hələ də yaşayan böyük bir insan kütləsinin keçmişidir. Keçmişin insan üzərində təsiri çox böyükdür. Biri kinotearda baxıb. Biri atasıyla baxıb. Biri təzə evə köçəndə baxıb. Hansısa filmin musiqisi çox məşhurdur. Bütöv bir aktyor ordusu bu filmlərdə çəkilib. Bu aktyorlar da onların zəmanəsinin aktyorlarıdır. Filmlərə yazılan şərhlər də müxtəlifdir. Biri yazır ki, bizim babalarımız hamısı bir yerdə vətən uğurunda vuruşublar. Başlayır sovet xalqlarının adlarını sadalamağa və şikayətlənir ki, faşizmə qarşı bir yerdə vuruşan bu xalqlar indi bir-birlərini qırırlar. Biri faşistləri söyür. Biri girib hamını söyür. Biri filmin mahnısını xoşladığını yazır. Biri filmdə səhv tutur. Yazır ki, filan ildə bu tank hələ döyüşdə istifadə olunmurdu. Başqası ona cavab verməyə çalışır. Biri ətraflı şərh yazır. Yazır ki, filan-filan adamların müharibə haqqında xatirələrini oxuduqdan sonra bu filmlər mənim üçün klounadaya çevrildi. Başlayır müharibənin faciələrini sadalamağa. Belələri də olur. Faciə isə yerə-göyə sığmır. Can qoymağa yer yoxdur. Suya girirsən tapıb öldürürlər. Yerin altında gizlənirsən tapıb öldürürlər. Dağa qalxırsan soyuqdan ölürsən. Meşəyə girirsən acından ölürsən. Elə silahlar ortaya çıxıb ki, insan heç harada gizlənə bilmir. Hər cür silah buraxıblar ki, insan heç harda gizlənə bilməsin. Alman gəlir kommunistlərə qulluq etdiyinə görə güllələyir. Bolşeviklər gəlir almanlara qulluq etdiyinə görə güllələyir. İnsanın üzərinə nə qədər yük qoyulub. Əgər kommunistsənsə partiya biletini itirsən ən yaxşı halda həbs olunacaqsan. Cibində partiya bileti almanlara əsir düşəndə əksər hallarda həmən güllələyirlər. Almanlara əsir düşmüş əsgərlərin üzünə baxırsan. Onların çoxu doğrudan da nə baş verdiyini anlamır. Özbək, qazax, türkmən, bizimkilər, bu kimi digər irili-xırdalı xalqların nümayəndələri, elə ruslardan da çoxu çaşıb qalıblar. Çölün düzündə, dağlarda, dərələrdə yaşayırdılar. Siyasiləşməmişdilər. Yazıb-oxumaq bilmirdilər. Birdən kommunistlər gəldi. Başqa sistem quruldu. İndi də vətən dardadı, xalq təhlükədədir deyib, əyninə hərbi paltar geyindirib, əlinə silah verib göndəriblər faşistlərin üstünə. İdeologiyalara xidmət edən şairlər, bəstəkarlar, rəssamlar, yazıçılar gecə-gündüz işləyib adamların vətənpərvərlik hisslərini qıcıqlandırırlar. Döyüşdə ölənlər bir tərəfə yüz minlərlə insan çöllərdə, dağlarda, meşələrdə, bataqlıqlarda susuzluqdan, acından, soyuqdan müxtəlif xəstəliklərdən qrırıldılar.
Yüz minlərlə insan… Dildə asan və yüngül səslənir. Lakin dildə asan və yüngül səslənən bu sözdə tonlarla göz yaşı, miqyasa gəlməz iztirablar, ağrılar, acılar var. Bəzən müharibə haqqında danışarkən tez-tez belə bir ifadə işlədilir – müharibədə uşaqlar, qocalar, qadınlar ölür. Şüuru hələ tam formalaşmamış və həyatını yaşamış bir insanın ölümü faciədirsə, şüuru formalaşmış və həyatını tam yaşamamış adamın ölümü niyə faciə olmasın? Bir insanı topun və tankın qabağına verib onu acınacaqlı, gülməli vəziyyətə salmağın mənası nədir? Ona görə ki, beş-altı adam qəhrəmanlıq göstərib medal alacaq? Həyatını yaşamış bir qoca öz ideyasının doğruluğunu sübut edəcək? Bəyəm hamı qəhrəman və cəsarətli olmalıdır? Bəs təbiətən çəkingən olanlar, öldürmək istəməyənlər nə etsinlər? Kişi deyib bir insanı bu qədər yükləmək, onun iradəsini sınağa çəkmək, zəif çıxdıqda isə qorxaq, fərari, vətən xaini deyib ləkələmək nə dərəcədə doğrudur. Bu adam kiminsə oğludur, kiminsə əridir, kiminsə atasıdır, kiminsə dayısıdır, kiminsə əmisidir. Dinc həyatda, sülh və əminamanlıq dövründə normal vətəndaş, normal oğul, normal ata ola biləcək bu adamları gözdən salmağın, alçatmağın, ağlatmağın heç bir xeyri yoxdur. Nə vətənə, nə də insanlığa. Yalnız zərəri var. Çünki hansı vəziyyətdə olursa olsun təhqir olunmaq pisdir və heç vaxt insanın yaddaşından silinmir.
Bəs bizim ölkədə bizim adamların bu kimi hadisələrə, bu kimi mövzulara münasibəti necədir? Təəssüf ki, bizdə adamların hadisələrə və mövzulara münasibəti bir dəfə formalaşır. Daha geriyə baxıb yenidən münasibət bildirməyə ərinirlər. Bizdə çox adam hələ də elə bilir ki, müharibə 1941-ci ildə başlayıb. Beyinlərində gəzdirdikləri informasiyaların çoxu sovet vaxtı beyinlərinə yeridilənlərdir. Söz soruşursan, şüarla cavab verirlər. Bir çoxları isə dərinə getməyə, nəsə oxumağa, öyrənməyə ərindiklərinə görə hadisələrə bir cümləylə qiymət verirlər. Məsələn, “Rusiyanın soyuğu Hitlerin belini qırdı”. Cavab hazırdı. Lap yaşlılar isə qapalı ölkədə yaşadıqlarını hələ də unutmayıblar. Qorxu və propaqanda canlarından çıxmayıb. Sovet vaxtı necə düşünüblərsə indi də elə düşünürlər. Bizim adamların tarixə qəribə bir münasibəti var. Sanki tarixlə də alver etmək istəyirlər. Həm şərqdə ilk demokratik respublika qurmaları ilə fəxr edib həm də “allah Qarbaçovun balasını öldürsün, sovet vaxti gül kimi yaşayırdıq” deyirlər. Hüseyn Cavidin sürgünə göndərilməsinə yas tutub həm də “Stalin kişi adam idi” deyirlər. Faşizm üzərində qələbədə Bakı neftinin oynadığı rolla fəxr edib, həm də Hitler bura gəlsəydi hamımız “Mersedes” sürərdik deyirlər. Əlbəttə zamanında mən də belə səydəşliklər etmişəm. Heç nədən xəbərim yox idi. Lakin alternativ mənbələrlə tanış olduqca bir çox xatirələri oxuduqca, bir çox sənədli filmlərə baxdıqca başa düşdüm ki, kommunizmin cinayətləri faşizmin cinayətlərindən heç də az deyil. Bu gün “Stalin kişi adam idi”, “Hitler kişi adam idi” sözünü adama iki səbəb dedizdirə bilər. Ya adamın heç nədən xəbəri yoxdur. Ya da adamın sadəcə təfəkkürü xəstədir.
Yadımdadır, Almaniya və Azərbaycan futbol komandalarının Bakıdakı görüşü zamanı acınacaqlı vəziyyət yaranmışdı. Bizimkilər küçədə alman azarkeşlərini görəndə əllərini yuxarı qaldırıb “Heil Hitler!” qışqırırdılar. Bəziləri isə “Hitler kaput” qışqırırdı. İndi siz özünüz almanların halını təsəvvür edin. Halbuki bu hərəkətlərdə heç bir qərəz, alçaltmaq əlamətləri yox idi. Adamların bildiyi söz bu sözlər idi. Nəsə demək istəyirdilər. Onlar bilmirdilər ki, belə hərəkətlər etmək olmaz. Almanlar da heç nə başa düşmürdü. Mat qalmışdılar. Yaxşı ki, almanların arasında tanış uşaqlardan birini gördüm. Deyəsən onu tərcüməçi kimi gəzdirirdilər. Yaxınlaşdım. Dedim sən allah onları başa sal ki, burda heç bir qəsdi-qərəz yoxdu. Bildikləri söz budur. Salamlaşmaq istəyirlər. Bu da qonaqpərvərliyin bir növüdür. Bir nəfər ağlı qıcqırmış adam isə ədəb-ərkanla bir almana heyif ki, Hitler bura gəlib çıxmadı, yoxsa alman pivəsi içərdik demişdi. Alman dəli olmuşdu. Bu kimi hallar, bu kimi söhbətlər çox olur. Guya alman pivəsi içmək çox böyük bir problemdir. Mercedesin də ki, heç üzünü görməyiblər. Hamısı məlumatsızlığın nəticəsidir.
Əgər milyonlarla sovet adamı İkinci Dünya Müharibəsi zamanı baş vermiş hadisələrin, faciələrin şahidi olmuşdusa, bəs onlar bu haqda niyə danışmırdılar? Bunun xeyli səbəbləri var. Əvvəla, bu adamların çoxu siyasi cəhətdən tam savadsız idilər. Əyinlərinə forma geyindirib, əllərinə silah verib göndərmişdilər Hitlerin üstünə. Beyinlərini də şüarla doldurmuşdular. Şüar demişkən. Milan Kundera “Ölümsüzlük” əsərində maraqlı bir məqama toxunur. Yazır ki, Rusiyada adamlar savadsız idilər. Bolşeviklər Marksın əsərlərini savadsız xalq başa düşsün deyə, sadələşdirirdilər. Sadələşdirdilər, sadələşdirdilər, sadələşdirdilər, axırda bu əsərlərdən yalnız şüarlar qaldı.
İkinci Dünya Müharibəsinin iştirakçılarının böyük əksəriyyəti savadsız idilər. Bu savadsız kütlə baş verən hadisələrin əsl mahiyyətini başa düşmürdü. Hadisələr onlara mərkəzdən necə təqdim olunurdusa, elə də qəbul edilirdi. Məsələn, mən düz Berlinə qədər gedib çıxmış müharibə veteranı ilə söhbət etmişəm. Adam niyə vuruşduğunu, kimlə vuruşduğunu, iştirak etdiyi müharibədə nələr baş verdiyini hələ də başa düşməmişdi. Hər cümləsində Stalin şəxsiyyətinə heyranlığını bildirirdi. Stalin dövrünün ab-havasının geriyə qayıtmasını arzulayırdı. Bu gün baş verən hadisələrə münasibət bildirəndə mütləq belə cümlə işlədirdi: “Stalin olsaydı, bunların hamısını güllələyərdi”. Ondan soruşdum:
– Stalin öləndə adamlar doğrudan ağlayırdılar?
Bu sual ona elə pis təsir etdi ki, sualı verməyimə peşman oldum. Dedi ki, hə, hamı ağlayırdı.
Stalinin ölümünü adamların necə qarşılamasını Çingiz Aytamatov “Gün var əsrə bərabər” əsərində yaxşı yazıb.
İkinci misal. Deməli, bir proyektdə iştirak edirdim. Biz, müxtəlif ölkələdən olan jurnalistlər repressiya olunmuş xalqların nümayəndələrini tapıb onlarla danışmalı, onlardan müsahibələr almalı idik. Hərəmizi bir tərəfə göndərdilər. Mən də bir dəstə jurnalistlə gəldim Batuma. Burda güc-bəlayla, repressiya olunmuş xalqların hadisələri öz gözləri ilə görmüş nümayəndələrini tapdıq. Onları danışdırdıq.
Danışdıqları dəhşət idi. Sadəcə dəhşət. Düzdür, dövrümüzdə dəhşət sözü tez-tez, yeri gəldi-gəlmədi istifadə olunur, amma inanın ki, bu sözü burda söz xatirinə yox, yerində istifadə etmişəm.
Nələr danışmadılar. Yük vaqonlarında günlərlə yol getmələrindən danışdılar. Onlara yır-yığış etmək üçün cəmi bir saat vaxt verilib. Hara getdiklərini, niyə getdiklərini bilmirlər. Vaqonda arvad-uşaq qarışıb bir-birinə. Vaqonun küncünə bir şal asıblar. Hamı təbii ehtiyacını ora, şalın arxasına ödəyirmiş. Arvad, kişi, uşaq… Nəcis, sidik vaqonun içində ora-bura axırmış. Bunu təsəvvürünüzə gətirməyə çalışın. Sonra onları aparıb atıblar Orta Asiyanın çöllərinə. Qırılan qırılıb, qalan qalıb. Çox şeylər danışdılar. Hamısını yazmağa nə imkan var, nə də həvəs. Söhbətin sonunda bu dəhşətləri görmüş adamlara sual verirdim. O vaxt belə bir söhbət vardı ki, Stalinin bu hadisələrdən xəbəri yox idi. Doğurdan belə idi?
Hamısı bir ağızdan cavab verirdi ki, əlbəttə, Stalinin bu hadisələrdən xəbəri yox idi. O, heç vaxt istəməzdi sovet vətəndaşları əziyyət çəksin. Hətta biri belə bir söz dedi ki, mənim iki (ola bilsin üç. Söhbət çoxdan olub. Səhv edə bilərəm. Vacib deyil, əsas hadisənin mahiyyətidir) qardaşım sürgündə öldü, amma anam ömrünün sonuna qədər Stalinin portretini divardan asdı.
Bir başqası isə lap doqquzluğa vurdu. Dedi ki, əgər Stalin indi sağ olsaydı, mən öz oğlumla bir yerdə onun uğrunda ölümə gedərdim. Bəli, bunu o adam deyirdi ki, xalqı sürgün olunmuşdu. Qohum-əqrəbasının yarısını sürgündə itirmişdi. Stalin repressiyalarının bütün dəhşətlərini öz gözləriylə görmüşdü. Uzun və ağrılı söhbətdir.
İkincisi, müharibədə çoxlu yalanlar olur. Bəzən bu yalanlar hamıya sərf etdiyindən adamlar yığışıb həqiqəti asanlıqla torpağa basdırırlar. Hadisələrin mahiyyətindən xəbərdar olanlar isə susurdular. Total qorxu onların canına elə girmişdi ki, bu qorxudan xilas ola bilmirdilər. İndinin özündə də bu qorxu onların canından çıxmayıb.
İllər əvəvl tarixçilərin iştirak etdiyi bir verilişə baxmışdım. Müxtəlif post-sovet ölkələrindən olan tarixçilər İkinci Dünya Müharibəsindən, bu müharibəyə öz ölkələrində indi, hal-hazırda adamların necə münasibət göstərmələrindən danışırdılar. Baltikyanı respublikaların tarixçiləri dedilər ki, biz bu problemi həll etmişik. Çünki bu problem bizim tarix dərsliklərində həll olunub. Bizim adamlar İkinci Dünya Müharibəsində baş vermiş faciələrdən xəbərdardırlar. Gürcü tarixçiləri də yaxşı danışdılar. Bizimkilərdən heç kim orada yox idi. Yaxşı ki, yox idi. Durub deyəcəkdi ki, Hitler Azərbaycanı tutsaydı, indi hamımız Mersedes sürürdük. Biabır olacaqdıq. Vallah, deyərdi. Bu axmaq sözü ağlı qıcqırmış çox adamdan eşitmişəm.
Məni ən çox təəccübləndirən belorusiyalı tarixçilər oldu. Heç onlardan belə danışıq gözləmirdim. Belorusiyalı tarixçilər çox normal danışdılar. NKVD-nin törətdiyi dəhşətləri, rəqəmlərlə, faktlarla göstərirdilər. Ən biabırçı danışanlar rusiyalı tarixçilər oldu. Rusiyalı tarixçilər Stalinin törətdiyi dəhşətlərə haqq qazandırmaq istəyirdilər və Stalinin törətdiyi faciələri dövrün tələbi, bir zərurət kimi təqdim etməyə çalışırdılar. Doğrudan da indi Rusiyada bu mövzu çox müzakirə olunur. Ruslar hələ də həqiqətin gözünə dik baxmağı bacarmırlar. Tarixi hadisələri olduğu kimi qəbul etməyə gücləri çatmır. Hadisələri arzuladıqları kimi, öz istəklərinə uyğun şərh edirlər. Onlar müharibənin əvvəlində sovet ordusunun biabırçı məğlubiyyətini heç cürə həzm etmək gücündə deyillər. Həqiqətin gözünə dik baxmamaq naminə min cür nağıllar uydururlar. Hələ də tarixə emosional münasibət göstərirlər. Düzdür, istisnalar var. Amma bu istisnalar Rusiya kimi böyük bir ölkə üçün çox azdır. O qədər azdır ki, hətta istisnalar yoxdur da deyə bilərik.
90-cı illərdə vəziyyət bu baxımdan bu günlə müqayisədə daha yaxşı idi. Onda Rusiyada tarixçilər və sənətkarlar keçmişdə baş verənlərə bu günlə müqayisədə daha peşəkarcasına yanaşırdılar. Bəs bu istiqamət niyə itdi? Nəyə görə vəziyyət yaxşılaşmağa doğru getmək əvəzinə daha da pisləşdi və daha da pisləşməkdədir. Ona görə ki, Stalinin törətdiyi cinayətlər, onun hüdudsuz səlahiyyətləri, baş verən hadisələrin mahiyyəti bugünkü Rusiya hakimiyyətinin əməllərinə dolayısı ilə haqq qazandırır. Necə ki, müharibə başlayanda Stalinin otağında Suvorovun və Kutuzovun portretləri peyda olmuşdu. Vəziyyət yüzminlərlə adamı sürgünə göndərən, güllələtdirən Stalini öz çıxışında “bacılar və qardaşlar” ifadəsini işlətməyə məcbur etmişdi.
Bu gün Rusiyada mərkəzi hakimiyyətin sifarişi belədir. Bəli, biz faşizm üzərində qələbə qazanmışıq, yerdə qalan nə varsa unudun getsin. Bu vətən xainlərinin uydurmalarıdır. Adamlar acından Leninqradda bir-birinin ətini yeyəndə Jdanovun kürü və piroq yeməsi də vətən xainlərinin uydurmasıdır. Başda Jukov olmaqla sovet generallarının Almaniyadan bahalı mebelləri, rəsm əsərlərini vaqon-vaqon oğurlaması da vətən xainlərinin uydurmasıdır. Bacardığınız qədər Stalinin obrazını şişirdin. O Stalin ki, rus xalqının genofondunu məhv elədi. Stalin və ətrafının əməlləri bu gün Rusiyada hakimiyyətdə olanların əməllərinin təbii, vacib, zərurətdən doğan əməllər kimi qəbul olunmasına şərait yaradır. O edibsə, biz niyə etməyək? Əsas odur ki, biz düşmən üzərində qələbə qazanmışıq. Yaşasın rus xalqı! Yaşasın Rusiya! Siz gedin faşizm üzərində qazandığımız qələbəylə fəxr edin, biz də ölkəni rahatca çapıb talayaq.
Bu kimi səbəblərdən ruslar İkinci Dünya Müharibəsində baş vermiş hadisələrə obyektiv qiymət vermək şansını itirdilər. Həm də tarixi olduğu kimi qəbul etmək ümumən götürəndə xalqın səviyyəsinin, mədəniyyətinin bir göstəricisidir. Mədəni cəhətdən geri qalmış xalqlar tarixə emosional münasibət göstərirlər. Hadisələrin əsl mahiyyətini görmək istəmirlər. Bu onlar üçün xoş deyil. İndi Rusiyada İkinci Dünya Müharibəsindən bəhs edən elə filmlər çəkilir ki, bu filmlər öz pafosuna, süniliyinə, saxtalığına görə sovet dövründə çəkilmiş filmlərdən heç də geri qalmır.
***
İkinci Dünya Müharibəsindən bəhs edən, Sovet dövründə çəklimiş filmlərin qadın qəhrəmanları haqqında ayrıca danışmaq lazımdır. Bu yazını yazmazdan əvvəl yenə də ərinməyib sovet dövründə çəkilmiş xeyli müharibə filmlərinə baxdım. Necə olub biz bu qədər pafosu, bu qədər saxtakarlığı, bu qədər süniliyi yemişik, qəbul etmişik?! Bu suala nə qədər cavab axtarsam da, heç bir cavab məni qane etmədi. Nə idi bunun səbəbi?
Axı kimsə ağıllı bir adam bu suala ətraflı və tutarlı, inandırıcı bir cavab verməlidir. Ona görə ki, biz qapalı ölkədə yaşamışıq? Bəlkə bozluq və yeknəsəqlik bizi o qədər yorub və əldən salmışdı ki, biz bu saxtakarlığı və pafosu görmürdük?! Tutaq ki, biz uşaq idik. Oturub bu davalı filmlərə baxmaq bizim üçün maraqlı idi. Bəs yekə-yekə kişilər? Onları necə bağışlayaq? Axı yadımdadır, yekə-yekə kişilər də bu saxta və başdan-başa pafosdan ibarət filmlərə maraqla baxırdılar. Bir-birlərinə danışırdılar. Mübahisə edirdilər. Onlara nə olmuşdu? Bu səviyyəsizliyi hara yozasan? Bir tərəfdən də düşünürsən ki, “Əhməd haradadır” kimi səydəş bir filmə əlli il baxan adamlar niyə də müharibədən bəhs edən pafoslu filmlərə maraqla baxmasınlar.
Hər şeydən əvvəl Sovetin çəkdiyi müharibə filmlərində indi məni ən çox qıcıqlandıran, ən çox əsəbləşdirən adamların gülməyidir. Yaralanırlar, gülürlər. Yanlarında mərmi partlayır, gülürlər. Mühasirəyə düşürlər, gülürlər. Acırlar, gülürlər. Yeyirlər, gülürlər. Guya dəhşətdən dəhşətə gəlib gülürlər. Niyə bu qədər gülürlər?! Aşığın sözu qurtaranda nanay-nanay dediyi kimi, elə bil sovet rejissorlarının da sözü qurtaranda adamları güldürürlər. Ümumiyyətlə, filmlərdə adamlar güləndə çox əsəbləşirəm. Nəsə uzağa getməyək. Qayıdaq geriyə.
Sovetin çəkdiyi müharibə filmlərinin qadın qəhramanları kimlər idi? Onlar həm ana, həm bacı, həm tibb bacısi, həm sevgili, həm də döyüşçü idilər. Filmlərdə onlar düşmənə nifrət edirlər, özününküləri hədsiz dərəcədə sevirlər. Amansızdırlar, əxlaqlıdırlar, vətənpərvərdilər, fədakardılar, həm də lazım gələndə mərhəmətli olurlar. Filmlərə istinad edib onların məziyyətləri haqqında çox yazmaq olar. Əslində isə vəziyyət heç də təbii ki, filmlərdə göstərilən kimi deyildi. Vəziyyət tamam başqa cür idi. Acınacaqlı və dəhşətli. Gəlin Sovetin çəkdiyi müharibə filmlərindəki qadın qəhrəmanlara deyil, həqiqətən, müharibə iştirakçılarının xatirələrinə istinad edək.
Nataliya Radulova adlı rusiyalı blogger İkinci Dünya Müharibəsində iştirak etmiş qadınların xatirələrini tirajlamışdı. Gəlin biz də o xatirələrdən bəzilərini öz növbəmizdə tirajlayaq:
“Gecə növbədə idim. Ağır yaralıların palatasına keçdim. Kapitan yaralı halda uzanmışdı… Həkimlər mənə demişdilər ki, vəziyyəti ağırdır, səhərə çıxmaz… Ondan soruşdum: “Necəsən? Sənə necə kömək edim?” Heç vaxt yadımdan çıxmaz… O, birdən gülümsədi, üzü nura boyandı: “Xalatının yaxasını aç, sinəni mənə göstər… Arvadımı nə vaxtdır görmürəm…” Bərk utandım. Ona nəsə mızıldanıb, bayıra qaçdım. Bir saat sonra qayıtdım. Gördüm kapitan ölüb. Üzündə də həmin təbəssüm…”
“Mənim üçün müharibədə ən ağırı kişi tumanı geyinmək idi. Bu dəhşətli idi… İfadə edə bilmirəm… Nəsə belə… Birincisi, çox eybəcər bir şey idi… Sən müharibədəsən, Vətən üçün ölməyə hazırlaşırsan, amma əynində kişi tumanı var. Yəni sən belə gülməli, sarsaq görünürsən… O zaman kişilər uzun tumanlar geyinirdilər. Sətindən tikilmiş gen tumanlar. Yayda da, qışda da. Dörd il… Sovet sərhədini keçdik… İlk polyak kəndindəcə bizi geyindirdilər. Yeni mundirlər və… Və! Və! Qadın tumanları ilə büstqalterlər. Bütün müharibə boyu birinci dəfə… Biz ilk dəfə normal qadın geyimi geyindik… Həm gülürdük, həm də ağlayırdıq…”
“Bütün müharibə boyunca ayaqlarımı itirməkdən qorxdum. Mənim gözəl ayaqlarım var idi. Kişilərə nə vardı ki… Ayaqlarını itirsə nə olacaq… Onsuz da qəhrəmandır. Evlənəcək. Amma qadının ayağını kəssələr, əlil olsa taleyi necə olacaq? Qadın taleyi…”
“Donbassda məni yaraladılar. Həm də düz budumun dibindən – arxadan… Qamış kimi bir qəlpə düz arxama girdi. Görürəm qan axır, ora bezlər qoyuram. Qaçıram, yaralıları sarıyıram. Utandığımdan kimsəyə demirəm. Kimə deyim ki, məni yaralayıblar? Həm də haradan-düz oradan… Bilirsiz, adam 16 yaşında bunu kiməsə deməyə utanırdı. Qaçırdım, yaralıları sarıyırdım. O vaxtadək ki, qanaxmadan huşumu itirdim. Yadımda qalan odur ki, çəkmələrim az qala qanla dolmuşdu…”
“Başımızı yumaq üçün bir qab su tapanda xoşbəxt olurduq. Çox gedirdiksə, yumşaq ot axtarırdıq. Otları qırıb, ayaqlarımızı təmizləyirdik… Ayaqlarımız yamyaşıl olurdu. Axı biz qadın idik, özəlliklərimiz var idi… Ordu bu barədə düşünməmişdi…. Əgər “starşina” orta yaşlı adam idisə, bizi başa düşürdü, “veşmeşok”dan artıq parçaları çıxarıb tullamırdı, cavan idisə, mütləq alıb tullayırdı. Bunun harası artıq idi? Bizə ən azı gündə iki dəfə bez dəyişmək lazım idi. Biz heç nə tapmayanda alt köynəklərimizin qollarını kəsib istifadə edirdik. Köynək də iki dənə idi. Cəmi dörd köynək qolu…”
“Gedirik… İki yüz qız qabaqda, iki yüz kişi arxada. İstidir. Yaydır… gedirik və bizdən sonra qumun üstündə qırmızı izlər qalır… Bizim məlum qadın xəstəliyimiz… Necə edəydik? Gizlədə bilməzdik ki. Əsgərlər arxamızca gəlir və özlərini elə aparırdılar ki, guya heç nə görmürlər. Ayaqlarının altına da baxmırlar. Şalvarlar quruyub qaxac kimi olurdu. Daim ondan qan iyi gəlirdi – yaralandıq, yaralanmadıq, fərq etməz. Axı bizə əlavə heç nə vermirdilər. Bu şeyləri nəzərə almamışdılar. Yadımdadır, gözləyirdik, əsgərlər köynəklərini asan kimi bir neçəsini oğurlayırdıq. Sonralar başa düşmüşdülər. Gülə-gülə starşinaya deyirdilər: “Starşina, bizə paltar ver, qızlar yenə köynəklərimizi götürüb”.
“Bizim tibb bacısı əsir düşmüşdü. Bir gün sonra o əsir götürülən kəndi aldıq. Hər yerdə ölü atlar, motosikllər var idi. Onu da gördük: gözləri çıxarılmışdı, döşləri kəsilmişdi. Onu payaya keçirmişdilər… Şaxta vurmuşdu, o da ağappaq idi… Saçları ağarmışdı… Cəmi 19 yaşı var idi. Onun bel çantasından evdən aldığı məktub, bir də yaşıl rəngdə rezin quş tapdıq. Uşaq oyuncağı…”
“İvanovsk vilayətinə, Kineşmoya gəldik, onun valideynləri ilə tanış olmağa. Mən özümü qəhrəman bilirdim, ağlıma da gəlmirdi ki, cəbhədən gələni belə qarşılayarlar. Axı biz o qədər şey keçmişdik, anaların uşaqlarını, arvadların ərlərini xilas etmişdik. Amma orada… Mən təhqir eşitdim, bu məni çox incitdi. Buna qədər, “bacıcan”dan artıq bir söz eşitməmişdim. Axşam onun valideynləri ilə çay içdik. Gördüm anası onu mətbəxə çağırdı. Oradan anasının səsini eşitdim. Ağlayıb deyirdi: “Sən kiminlə evlənmisən? Bütün cəbhəni gəzən qadınla? Sənin iki bacın var. Düşünmürsən ki, onları kim alacaq?”
“Rəfiqəm, adını deməyəcəm, birdən xətrinə dəyər, feldşer idi. Üç dəfə yaralanmışdı. Müharibə bitəndən sonra Tibb Universitetinə daxil oldu. Doğmalarından heç kimi tapmadı, hamısı ölmüşdü. Çox yoxsulluq çəkdi, gecələr blokları silib-süpürürdü ki, ac qalmasın. Heç kimə deyə bilmirdi ki, müharibə əlilidir, təqaüd və güzəştlərə haqqı var. Çünki bütün sənədlərini cırmışdı. Bir dəfə soruşdum ki, niyə sənədlərini cırdın? Ağladı: “O sənədlərlə kim mənimlə evlənərdi?” “Onda yaxşı eləmisən”-dedim. Hönkürdü: “İndi o sənədlər işimə yarayardı. Ağır xəstəyəm mən”. Təsəvvür edirsiniz? (ağlayır)”
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.