Məşhur bioloq Robert Martin “Biz bunu necə edirik: insanın reproduktiv davranışının təkamülü və gələcəyi” kitabında təkamül kontekstində insanın reproduktiv davranışlarının səbəblərini izah edir. Kitabın “Seksdən mayalanmaya qədər” başlıqlı fəslini ixtisarla tədqim edirik.
İnsan – xəyanət və sədaqət məngənəsində
Cinsi münasibətlər sistemi və sosial qurum arasında fərqlər insanda da müşahidə olunur. Şübhəsiz ki, insan cəmiyyətində nikahdankənar seksə də rast gəlinir, hərçənd sarı mətbuatda və qeyri-etik statistik məlumatlarda göstərildiyi qədər tez-tez yox.
Bioloq Li Simmonsun 2004-cü ildə daimi cinsi partnyorlar, o cümlədən 400 tələbə arasında apardığı sorğuların nəticələri göstərib ki, hər dörd cütlükdən birində aldatma baş verib. Yəni, dörd haldan üçündə daimi partnyorlar bir-birilərinə sədaqətlərini uzun müddət qoruyublar. Üstəlik, bəzi məlumatlara əsasən, uşaqların yalnız 2%-i daimi partnyora xəyanət nəticəsində doğulur. Alan Dikson da 2009-cu ildə işıq üzü görmüş “Cinsi seçim və insanın cinsəl münasibətlər sisteminin mənşəyi” əsərində (“Sexual Selection and the Origins of Human Mating Systems”) bu qənaəti təsdiqləyir.
Başqa sözlərlə, müqayisəli baxanda insanlar nisbətən nadir hallarda xəyanət edirlər, xəyanət nəticəsində doğulan uşaqların sayı isə ondan da azdır. Bəzi araşdırmalarda bu yolla doğulan uşaqların payının, təqribən, 12%-ə çatdığı göstərilir, ancaq bu, istisna hallarda baş verir. Guya şəhər yoxsulları arasında aparılan və sözügedən mühitdə doğulan uşaqların, ata dedikləri adamdan olmadığını göstərən genetik araşdırmalarla bağlı uydurma hekayələrə qətiyyən inanmaq lazım deyil. Əslində müxtəlif ölkələrdə aparılan araşdırmaların nəticələri göstərir ki, insan, predmetin obyekti qismində araşdırılan quşların əksər növlərindən daha çox monoqamdır.
Nə qədər qəribə olsa da, insanlar bir-birinə zidd olan iki fərziyyəyə inanmağa meyllidirlər: birinci, insan normal sayılacaq dərəcədə monoqamdır; ikinci, kişilər qadınları daha çox aldadırlar, nəinki qadınlar kişiləri.
Mən artıq kişilərin poliqam, qadınlarınsa monoqam olduğu ilə bağlı məşhur düşüncə haqqında danışmışam. Amerikalı jurnalist Henri Luis Menken bir dəfə sarkastik şəkildə demişdi: “Yalnız ərli qadınlar və subay kişilər, həqiqətən, xoşbəxtdirlər”.
Əgər qadınlar, adətən, monoqam, kişilərsə poliqamdılarsa, o zaman sual yaranır: bəs kişilər əlavə partnyorları hardan tapırlar? Bir çox sorğuların nəticələri də bu sualı aktual edir. O sorğular ki, bir kişinin orta hesabla daha çox cinsəl partnyoru olduğunu söyləyir.
Kişilərin cavablarına inansaq, onların orta hesabla, məsələn, on partnyoru, qadınlarınsa – yenə də öz dediklərinə görə – cəmi dörd partnyoru olursa, onda hər kişinin hesabındakı yerdə qalan altı partnyor kimdir? Sualın ən populyar cavablarından biri odur ki, bu tip sorğuların iştirakçılarına anonimlik təminatı verilsə də, kişilər lovğalanmaq üçün öz partnyorlarının sayını artırmağa, qadınlar isə utandıqları üçün partnyorlarının sayını azaltmağa meyllidirlər. Ən sadə riyazi məntiqdən çıxış etsək, bu və ya digər cəmiyyət ümumən monoqamdırsa, o zaman sadəcə iki ehtimal qalır: ya qadınlar da, kişilər də eyni qədər xəyanət edirlər, ya da öz partnyorlarına sadiq olmayan əksər kişilərin seksual tələbatlarını bir yığın partnyoru olan azsaylı qadınlar ödəyirlər.
Bu yaxınlarda aparılan araşdırmalardan birinin göstərdiyi kimi, kişilərin öz partnyorlarının sayını şişirtmələrinin səbəbi fahişələri də saymalarıdır, ancaq çox güman ki, sorğuda iştirak edənlər əlavə seksual təcrübə üçün pul ödədiklərini etiraf eləməyə utanıblar.
Bu bizi təkamülün fundamental sualına gətirib çıxarır: öz bioloji təbiəti etibarilə insan sosial qurumun hansısa konkret formasına və cinsəl münasibətlərin hansısa konkret sisteminə uyğunlaşmağa qadirdimi? Fərqli mədəniyyətlərin müqayisəsi göstərir ki, bir növ olaraq biz hər iki münasibətdə həddindən artıq dəyişkənik. İnsanın digər primatlarla müqayisəsi də bu suala birmənalı cavab vermir.
Amma vəziyyət nə qədər rəngarəng olsa da, əksər müəlliflər bu problemi sadə yolla həll etməyə çalışırlar: onlar “sabit əcdad” qismində şimpanzeni götürürlər və belə nəticəyə gəlirlər ki, başlanğıcda bizim əcdadlarımıza çoxdişili qruplar və promiskuitet (çoxsaylı partnyorlarla qarışıq və məhdudiyyətsiz cinsi əlaqə) xas olub.
Bir qisim müəlliflər bu fərziyyənin tam tərsini önə sürür və əldə olan məlumatların yetərsizliyini, buna görə də, əcdadlarımızın sosial strukturu və cinsəl münasibətlər sistemi barədə birmənalı nəticələr çıxartmağın imkansız olduğunu bildirirlər. Daha bir fikrə görə, ümumiyyətlə, insanın sosial qurumu və cinsəl münasibət sisteminin, bioloji əsasları yoxdur, bunlar insan cəmiyyətində qəbul olunmuş sosial normalarla müəyyənləşdirilir.
Bu fərziyyəyə əsasən, monoqam nikah – sırf sosial konstruksiyadır və heç bir bioloji meyllə əlaqəsi yoxdur.
Lakin bir-birinə zidd olan bu fərziyyələrin heç biri tənqidə dözmür.
Sosial qurumun forması ilə bağlı ən vacib sübutlardan biri kişi və qadın cinsinin bədən ölçüləri arasındakı fərq ola bilər. Primatların bəzi növlərində dişilərlə erkəklər ölçü baxımından, demək olar, fərqlənmirlər (monomorf), digərləri isə nəzərəçarpacaq dərəcədə fərqlənirlər (dimorf). Üstəlik, adətən, erkəklər dişilərdən daha böyük olurlar. Qeyd etmək vacibdir ki, birlikdə (cüt-cüt yaşayan) yaşayan primatlar, adətən, monomorf olur: onlarda dişilərlə erkəklərin ölçü nisbəti azdır və aralarındakı fərq 15%-i keçmir.
Əksinə, hərəmxanalı və çoxdişili qruplar halında yaşayan primatlara, adətən, cinsi dimorfizm xas olur. Hərçənd onun səviyyəsi çox dəyişkəndir. Bəzi hallarda, məsələn, afrikalı mandril meymunlarında erkəklər həcmlərinə görə dişilərdən iki dəfə böyük ola bilər. İnsana isə yüngül cinsi dimorfizm xasdır. Bütün planet üzrə kişilərin ağırlığı orta hesabla qadınlardan yalnız 20% faiz çoxdur. Bununla belə, cinsi dimorfizmin real səviyyəsi bir qədər yüksəkdir, çünki qadınlarda piy ehtiyatına daha çox bədən çəkisi payı düşür, nəinki kişilərdə. Yetişkin yaşlarda bu faiz qadınlarda orta hesabla, təxminən, ümumi həcmin dörddə biri qədərdirsə, kişilərdə, sadəcə 0,1%-dir. Piy ehtiyatı baxımından bütün primatlardan təkcə insanda cinslər arasında bu qədər böyük fərq müşahidə olunur. Üstəlik, qadınlar və kişilər zahirən də bir-birindən xeyli fərqlənirlər. Ki, bu da əsasən, piyin fərqli şəkildə paylanması ilə əlaqəlidir. Bədən ölçüsü və forması arasındakı bu cinsi dimorfizm insanın bioloji təbiətinin cütlər halında yaşamağa uyğunlaşmadığını düşünməyə vadar edir.
İnsest – sosial tabu yoxsa təbii ikrah?
İnsanlarda cinsəl əlaqələr sistemini müzakirə edərkən insest mövzusuna diqqət yetirməmək mümkün deyil. Adətən, insest – yaxın qohumlar arasında cinsi əlaqələr kimi təsbit edilir. Hərçənd “Nature” jurnalında bir kitaba yazılmış resenziyada ona daha yığcam tərif verilmişdi: nəsil artırmaq üçün çox da uzağa getməmək. Burda ən əsas məqam odur ki, inbridinq səbəbilə (ing: inbreeding – in “içində” və breeding “becərmə” sözlərindən yaranıb, homoqamiyanın bir formasıdır, orqanizmlərin (heyvanlar və ya bitkilər) bir populyasiyası daxilində yaxın qohum formaların calaşdırılması) yaxın qohumlar arasında baş verən cinsi əlaqələr faciəvi nəticələrə gətirib çıxara bilər. Bütün insan cəmiyyətlərində insestə bu və ya digər şəkildə tabu mövcuddur, lakin müxtəlif cəmiyyətlərdə bu qadağalar qohumluğun müxtəlif dərəcələrinə aid edilir. Valideynlər və övladları, qardaşlar və bacılar arasında əlaqə, adətən, hər yerdə qadağandır, ancaq bəzi mədəniyyətlərdə əmi-dayı ilə qardaşı-bacısı qızı, xüsusən də, əmi-dayıuşaqları arasında əlaqə məqbul hesab olunur.
Məsələn, Qədim Yunanıstanda və Qədim Romada əmi-dayı uşaqları arasında nikaha münasibət fərqli idi. Afinada və Spartada belə nikahlar problem deyildi, amma Romada qəti şəkildə yasaqlanmışdı. Protestant olan Çarlz Darvin dayısı qızı Emma Vecvudla evlənmişdi. Katoliklərdə isə belə nikah üçün xüsusi icazə almaq tələb olunurdu. Sonralar Darvin şübhələnirdi ki, həyat yoldaşı ilə qohumluğu övladlarının sağlamlığına mənfi təsir etmiş ola bilər.
Öz növbəsində, Ziqmund Freyd və Klod Levi-Stross kimi dahi mütəfəkkirlər insest tabusunun sırf mədəni xarakter daşıdığı və yalnız insanlara xas olduğu ilə bağlı mifi dəstəkləyirdilər. Onlar başqa heyvanların cinsi münasibətlərdə seçici davranmadığını düşünürdülər. İnsanların unikallığı isə ondadır ki, cəmiyyətin qoyduğu tabuların faydalarından istifadə edirlər.
Bütün hallarda başqa heyvanların qarışıq əlaqələr yaşadıqları ilə bağlı təsəvvürlər kökündən yanlışdır. İnbridinq bir çox genetik pozuntuların, əsasən də zərərlilərin meydanaçıxma tezliyini artırır. İnbridinq olmayanda isə onlara nadir hallarda rast gəlinir. Buna görə də, təbii seçmənin yaxın qohumlar arasında cütləşməni məhdudlaşdıran mexanizmlərə şərait yaratdığını düşünməyə tam əsasımız var. Belə mexanizmlər, həqiqətən, mövcuddur. Məməlilər, dünyaya gəldikləri yerlərdən köçdüklərinə görə inbridinqdən qaça bilirlər. Yalnız bir cinsin fərdləri yer dəyişəndə bu mexanizm daha yaxşı işləyir, əks halda yaxın qohumların əvvəl-axır yenə də yanaşı olmaq ehtimalı var. Məməlilərdə, bir qayda olaraq, erkəklər yer dəyişir, dişilər isə eyni yerdə qalırlar. Erkəklərin nəsil artımında və inkişafında dişilərdən daha az rol oynadığını, yüksək hərəkətliliklə fərqləndiklərini nəzərə alanda bu normaldır.
Məməlilərdə, o cümlədən primatlarda erkəklər nəsilartırmaya nəzərəçarpacaq dərəcədə böyük töhfə verirlər və adətən, öz ailəvi qruplarını tərk etmirlər. Bu davranış əksər gecə primatlarına və bir çox meymunlara, o cümlədən makakalara, anubislərə və qverezlərə də xasdır. Uzunillik cinsəl araşdırmalar göstərir ki, bəzi meymunlarda, o cümlədən şimpanzelərdə, qırmızı kolobuslarda və koatlarda əks sistem işləyir: erkəklər olduqları yerdə qalır, dişilər isə yer dəyişirlər. Hələlik bu istisnaya qaneedici izah tapılmayıb, amma bütün hallarda bu meymunlarda qrupların sosial özəyini dişilər yox, məhz erkəklər formalaşdırır. Yekun nəticə (inbridinqə yol verməmək) eyni qalır. Cütlər halında yaşayan primatlarda vəziyyət fərqlidir. Onlarda yetişkin yaşa doğru doğulduqları məkanı həm erkəklər, həm də dişilər tərk etməlidilər. Nəticədə bir qrupu tərk edən qohum fərdlər, təsadüfən, başqa qrupda yenə birlikdə ola bilərlər. Yer dəyişən qardaş-bacılar bir-birindən uzaq dayanmağa çalışanda, ya da bir cinsin nümayəndələri, məsələn, erkəklər uzaq məsafələrə yerdəyişməyə proqramlaşdırılanda belə hallardan qaçmaq mümkündür. Çox güman ki, təbiətdə hər iki mexanizm işləyir…
Maraqlıdır ki, insan cəmiyyətləri üçün fərqli situasiya xarakterikdir: qadınlar ərə gedəndə valideyn evini tərk edirlər, kişilərsə evlənəndə evdə qalırlar. Hətta belə bir fikir var ki, qadınların yerdəyişməsi – insana xas mədəni universallıqlardan biridir. Bu, açıq-aşkar mübaliğədir, amma detallı genetik analizlərin nəticələri təkamül prosesində evdə qalmaq tendensiyasının insan növünün kişilərində özünü daha çox büruzə verdiyini təsdiqləyir. Bu qənaət iki səbəbdən son dərəcə əhəmiyyətlidir. Birinci, qadınların yerdəyişməsi inbridinqi məhdudlaşdırmalıdır. İkinci, digər primatlarla bağlı mövcud bilgiləri nəzərə alsaq, qadınların yerdəyişməsi tendensiyasının bioloji baxımdan monoqamiyaya meylli növə xas olması ehtimalı aşağıdır.
İnbridinqə yol verməmək sadəcə insana xas deyil. Lakin insestə sərt tabu qoymaq – müxtəlif cəmiyyətlərdə fərqli şəkildə olsa da – həqiqətən, insanın unikal özəlliklərindən biridir. Bu bizim nəyimizə lazımdır? Şübhə yoxdur ki, əcdadlarımız yaxın qohumlar arasında seksə mane olan təbii mexanizmlərə malik idilər. Bəs bu mexanizmlərin insan təkamülünün erkən mərhələlərində yoxa çıxdığını və insest tabuları ilə əvəzləndiyini iddia edən fərziyyələr həqiqətəuyğundurmu?
Əslində, belə tabular inbridinqi məhdudlaşdıran təbii mexanizmləri əvəz etmir, onu tamamlayır. Məsələn, əcdadlarımızın yerdəyişmə üsuluyla inbridinqdən qaçmaq imkanları az olubsa, onların, yaxın qohumlar arasında cinsi əlaqələrə mane olan əlavə əngəllərə ehtiyacı yarana bilərdi. Belə əngəllərdən biri, birlikdə böyüyən kişilərlə qadınların bir-birini cinsi partnyor qismində cəzb etməməsinə gətirib çıxaran effekt ola bilərdi. Əldə olan məlumatlara görə, insanlara kibutsa adlanan bu effekt- eyni ailədə böyüyən əks cinsin nümayəndlərini qarşılıqlı seksual rəddetmə xasdır.
İnbridinqə yol verməmək üçün əlavə sosial mexanizmlərə bir də ona görə ehtiyac yarana bilərdi ki, insanda sosial qurum və cinsi əlaqələr digər primatlarda olduğundan daha dəyişkən olmuşdu. Bu məqamda artıq cinsəl əlaqələr sisteminin insan üçün səciyyəvi olan bioloji əsaslarını nəzərdən keçirməyə davam edə bilərik.
Spermatozoid rəqabəti və xayaların ölçüsü
Cinsəl əlaqələr sistemini müzakirə edərkən müxtəlif partnyorların spermatozoidləri arasında rəqabət imkanını da yadda saxlamaq lazımdır. Bu mənada, bir yetişkin erkəkdən ibarət olan primat qrupları (cütlər və hərəmlər) bir neçə yetişkin erkəyin daxil olduğu qruplardan prinsipial şəkildə fərqlənir. Təkerkəkli qruplarda erkəklə dişilər uğrunda heç kim rəqabət aparmır. Çoxerkəkli qruplara isə, adətən, erkəklər və onların spermatozoidləri arasında birbaşa rəqabətə rəvac verən promiskuitetin bu və ya digər dərəcəsi xasdır. Burda bir haşiyə çıxmaq vacibdir: əgər təkerkəkli qruplarda dişilər qrupa aid olmayan erkəklərlə “qeyri-qanuni” cütləşirlərsə, o zaman erkəklər arasında istər-istəməz müəyyən bir rəqabət yaranacaq.
Ancaq gəlin, hələlik ondan çıxış edək ki, təkerkəkli qruplarda erkəklər arasında birbaşa rəqabət o qədər də əhəmiyyətli rol oynamır. Böyük erkəklərin onlarla eyni qrupdakı dişilərlə cütləşmək uğrunda bir-birinə mane olmağa çalışdığı çoxerkəkli qruplarda isə belə rəqabət geniş yayılıb, hətta gərgin ola bilir. Çoxerkəkli qruplarda yetişkin erkəklər, tez-tez rəqibləri ilə münaqişə zəminində yaranan və möhkəmlənən, kifayət qədər stabil dominantlıq iyerarxiyasına malikdirlər. Hesab olunur ki, daha yüksək pillədə dayanan erkəklərin dişilərlə cütləşmək imkanları daha çoxdur. Bununla belə, çoxerkəkli qruplarda bir yumurtalıq sikli müddətində eyni dişi ilə iki və daha artıq erkək cütləşə bilər.
Bu, bizi spermatozoidlərin rəqabəti məsələsinə gətirib çıxarır və insanın hansısa cinsəl əlaqələr sisteminə mümkün bioloji uyğunluğu ilə bağlı müzakirələr üçün yeni yollar açır. Bu müzakirələrin məntiqi son dərəcə sadədir. Aktiv işləyən toxumluq (xayalar) – çox qiymətli orqandır və təxminən, beynin eyni ölçüdəki sahəsi qədər enerji sərf eləyir. (Tanış bir feminist xayaları həqarətlə “kişi beyni” adlandırır. Bu fikir o qədər də yeni deyil: Leonardo da Vinçinin “Cinsi akt” adlı məşhur rəsmində kişinin beynini birbaşa onun penisi ilə birləşdirən xəyali bir kanal təsvir olunub).
Xayalara çoxlu enerji lazım olduğuna görə, təbii seçmə onların ölçülərini öz funksiyalarını uğurlu şəkildə həyata keçirməyə imkan verən həddə qədər kiçildir. Çoxerkəkli qruplarda təbii seçmə spermatozoidlərin gücləndirilmiş hasilatına şərait yaratmalı və erkəyin dişini mayalandırma şansını artırmalıdır, buna görə də, çox güman ki, belə qrupların erkəklərində xayalar xeyli böyük olacaq. Təkerkəkli qruplarda erkəyin spermatozoidləri nadir hallarda başqa erkəklərin spermatozoidləri ilə rəqabət aparmağa məcbur qalır və deməli, onların xayaları balaca olmalıdır. Bu qənaətləri fərqli növləri müqayisə edərək yoxlamaq mümkündür, hərçənd burda xayaların mütləq ölçülərini yox, bədən ölçüləri ilə müqayisədə nisbi ölçülərini nəzərə almaq vacibdir. Çox güman ki, daha nəhəng növlərin erkəklərinin toxumluqları da daha böyük olacaq.
Zooloqlar Alan Dikson və Aleksander Harkort primatlarda və digər məməlilərdə toxumluqların ölçülərini daha geniş araşdırıblar. Onların əldə etdikləri nəticələr xayaların ölçüləri ilə cütləşmənin növü arasında əlaqəni təsdiqləyir.
Məsələn, çoxerkəkli qruplarla yaşayan makaka, pavian, şimpanze kimi primatlarda toxumluqların ölçüləri onların bədən ölçülərinə nisbətən böyükdür, təkerkəkli qruplarda yaşayan erkəklərdə isə, adətən, nisbətən kiçikdir. Üstəlik sonuncu hal təkcə cüt-cüt yaşayan növlərə – məsələn, tüklü lemurlar, uzunquyruq meymunlar, üçzolaqlı durukullar (və ya gecə meymunları) və hibbonlara yox, həm də hərəmxana yaradan növlərə- məsələn, bir çox nazik bədənli meymunlara və qorillalara da aiddir.
İnsan xayaları nisbətən kiçik olur. Xüsusilə, şimpanzenin toxumluqlarından xeyli balacadır, baxmayaraq ki, bizim bədən ölçülərimiz şimpanzedən daha böyükdür. Kişi xayası ölçüsünə görə qozla, şimpanzenin toxumluğu isə böyük toyuq yumurtası ilə müqayisə oluna bilər. İnsan xayalarının kiçik ölçülülüyü, şimpanze kimi insanın da təbiətən promiskuitetə meylli olduğu barədə fərziyyəyə açıq-aşkar ziddir. Təkcə ölçülərini nəzərə alsaq, insan yumurtalıqları, deyəsən, hər qadında bir cinsi partnyor sisteminə daha uyğundur. Təbii ki, yumurtalıqların ölçüsü, təkamül keçmiş insanın cütlük, hərəmlər, yaxud oranqutanlar kimi dağınıq qruplarda yaşamağa uyğun olub-olmadığı barədə fikir söyləməyə imkan vermir.
Diksonun göstərdiyi kimi, sadəcə yumurtalıqların müqayisəli ölçüləri yox, eləcə də insanın cinsi orqanlarının bəzi başqa parametrləri də bizim bir cinsi partnyorla əlaqə sisteminə daha çox adaptə olduğumuzdan xəbər verir. Promiskuitetli, spermatozoidlərin rəqabət apardığı qruplarda yaşayan primatlarda toxumdaşıyıcı kanal daha qısadır və daha güclü əzələlərlə təchiz olunub. Kişilərdə isə sözügedən kanal kifayət qədər uzundur və əzələləri normal inkişaf edib. İri toxumluqları olan primatlarda toxum kisəciklərinin də ölçüləri böyük olur və bu, çoxlu toxum mayesi hasil etmək qabiliyyətindən xəbər verir. İnsanda isə toxum kisəcikləri orta ölçüdədir və toxum mayesinin ümumi həcminin 3/2-i qədər maye hasil edir, qalan bir hissəni isə prostat vəzisi verir.
Eyni qənaətləri insanda və digər primatlarda qadın cinsi orqanları arasındakı fərqlər də təsdiqləyir. Məsələn, çoxerkəkli qruplarda yaşayan növlərdə uşaqlıq yolu nisbətən uzundur, odur ki, spermatozoid yumurtahüceyrəni mayalandırmaq üçün böyük məsafə qət etməli olur. Təkerkəkli qruplarda yaşayan növlərdə isə uşaqlıq yolu xeyli qısadır. Yeri gəlmişkən, qadına da nisbətən qısa uşaqlıq yolu xasdır.
Bütün bu bilgilər onu göstərir ki, həm kişi, həm də qadın cinsi orqanları qadınların bir partnyorla əlaqəsinə uyğunlaşdırılıb və spermatozoidlərin aktiv rəqabəti üçün nəzərdə tutulmayıb.
Lakin yumurtalıqların (toxumluqlar) ölçülərinə və cinsi orqanların digər parametrlərinə, xüsusən də toxum kisəciklərinin, toxumdaşıyıcı kanalların və uşaqlıq yolunun ölçülərinə əsaslanan qənaətləri yekun hesab etmək olmaz. Bu qənaətlər, hər növdə cinsi orqanların parametrlərinin genlər tərəfindən müəyyənləşdirildiyi və hansısa çərçivədə daimi olduğu əsas götürülərək əldə edilib. Amma əvvəlki fəsildə də qeyd olunduğu kimi, mövsümi çoxalma yaşayan primatlarda, adətən, toxumluqların ölçüləri il ərzində əhəmiyyətli dərəcədə dəyişir, odur ki, onların mövsümi dəyişkənliklərini də diqqətə almaq lazımdır.
Digər tərəfdən xayaların ölçüləri və digər parametrlərin dəyişkənliyi mövsümi dinamikayla bağlı olmaya, yerli şərtlərə uyğunlaşmaq üçün baş verə bilər. Xüsusilə də, insan populyasiyalarında xayaların ölçüləri arasındakı fərqlər buna işarə edir. İddialara görə, avropalılar, xüsusən də skandinavlarla müqayisədə asiyalıların xayaları, adətən, balaca olur. Hərçənd bu fərqin genetik olub-olmadığı, ya ona başqa faktorların – qidalanma ilə bağlı olan sosial faktorlar və sair – təsir edib-etmədiyi məlum deyil.
Alan Diksonla Mett Anderson yuxarıda haqqında danışdığımız mühitin təsiri ilə bağlı problemə son dərəcə nəfis həll tapıblar. Onlar təkcə xayaların ümumi ölçülərini yox (bu ölçülər yerli şərtlərin təsirilə dəyişə bilər), spermatozoidləri də araşdırıblar.
Bildiyimiz kimi, hər spermatozoid üç əsas hissədən ibarətdir: başlıq – onda hüceyrə nüvəsi yerləşir; gövdə – orda mitoxondriya saxlanılır; quyruqcuq – spermatozoid onun köməyilə üzür.
Mərkəz hissədə – gövdədə yerləşən mitoxondriya quyruğu enerji ilə təchiz edir, bu enerji quyruğunun qıvrılmasına, spermatozoidin isə hədəfə üzməsinə imkan verir.
Diksonla Anderson qərara gəlirlər ki, bir-biri ilə rəqabət aparan spermatozoidlərdə yanacaq bakı rolunu oynayan gövdə daha böyük olmalıdır. Bunu yoxlamaq üçün onlar primatların müxtəlif növlərində spermatozoidlərin parametrlərini ölçürlər. Cinsiyyət orqanlarının parametrlərindən fərqli olaraq, spermatozoidlərin parametrlərini müqayisə etmək asandır: spermatozoidlərin maraqlı özəlliklərindən biri ondan ibarətdir ki, onların ölçüləri bədənin ölçülərindən asılı deyil. Deməli, müxtəlif növlərin spermatozoidlərini nisbi yox, mütləq göstəricilər üzrə müqayisə etmək mümkündür (gəlin, bunu yadda saxlayaq). Nəticədə alimlər spermatozoidlərin gövdə ölçülərinin sosial qurumla əlaqəli olduğunu isbatlamağı bacarıblar. Çoxerkəkli qruplarda yaşayan makaka, anubis və şimpanze kimi primatlarda spermatozoidlərin gövdəsi, həqiqətən, təkerkəkli qruplarda yaşayan primatlardakından böyükdür.
İnsan spermatozoidlərinin gövdəsi xeyli balacadır: onun ölçüləri təkerkəkli qruplarda yaşayan primatlara xas dəyişkənlik diapazonuna yerləşir və çoxerkəkli qruplarda yaşayan primatlarındakından əhəmiyyətli dərəcədə balacadır.
Beləliklə, spermatozoidlərin gövdəsinin ölçülməsi sayəsində əldə olunan nəticələr xayaların (toxumluqların) ölçülərinin müqayisəli analizinin nəticələrinə uyğun gəlir. Amma bu nəticələr arasında əhəmiyyətli ziddiyyətlər də var. Məsələn, siçanabənzər boz lemurların toxumluqları kifayət qədər böyükdür, təxminən, çoxerkəkli qruplarla yaşayan primatlarınkı boydadır. Spermatozoidlərin gövdəsi isə kifayət qədər balacadır və təkerkəkli qruplarla yaşayan primatlar üçün səciyyəvi olan diapazona yerləşir. Öz növbəsində, qorillaların toxumluqları hətta təkerkərli qruplarla yaşayan digər növlərlə müqayisədə belə, son dərəcə balacadır. Digər tərəfdən, boz lemurlarda spermatozoidlərin gövdəsi hərəmxanalar yaradan primatlar arasında ən böyüklərindən biridir. Aydındır ki, toxumluqların və spermatozoidlərin gövdəsinin ölçüləri müəyyən qədər dəyişə bilər. Bununla belə, insanla bağlı məlumatlar birmənalıdır: kişilərin xayaları nisbətən böyükdür, spermatozoidlərinin gövdəsi isə çox balacadır – primatlar arasında bilinən ən balaca gövdələrdən biridir.
Bizim əlimizdə insan xayalarının, spermatozoidlərin açıq rəqabətdə olduğu hallara uyğunlaşdığı ilə bağlı heç bir məlumat yoxdur. Baxmayaraq ki, ətraf mühitin şərtləri də toxumluqların (xayaların) ölçülərinə təsir edə bilir, amma onlar spermatozoidlərin ölçülərinə təsir etmir. İnsanda spermatozoidlərin ölçüsü kifayət qədər sabitdir və çox güman ki, yalnız genlər tərəfindən müəyyənləşdirilir.
Beləliklə, spermatozoidlərin gövdəsi bizə ən etibarlı dəlillərdən birini verir və onun əsasında təkamülün insanı cinsəl əlaqənin hansı sisteminə uyğunlaşdırdığını təxmin etmək olar.
Sperma tıxacı
İnsanın spermatozoidlərin rəqabətinə uyğunsuzluğunu isbatlayan digər bilgilər, qadın cinsi yollarında gedən proseslərlə əlaqəlidir. Bəzi primatlarda və digər məməlilərdə cütləşmədən sonra dişinin uşaqlıq yolunda tıxac yaranır. Bunun ən parlaq nümunələrindən biri benqal makakalarında müşahidə olunur. İnsanabənzər meymunlar arasında sərt tıxac yalnız şimpanzelərdə yaranır. Oranqutanlarda eyakulyasiyadan sonra spermanın cüzi qatılaşması müşahidə olunur, ancaq əsl tıxaclar yaranmır. Tıxaclarla bağlı ən həqiqətəuyğun izahlardan biri ondan ibarətdir ki, onlar dişinin başqa erkək tərəfindən təkrar mayalandırılmasına mane olur.
Stiv Cons “Y: kişilərin mənşəyi” (Y: The Descent of Men) adlı kitabında bunu obrazlı şəkildə “rəqabətli tıxama” adlandırır. İnsanın sperması eyakulyasiyadan sonra dərhal qatı məhlula çevrilsə də, sonra 15 dəqiqə ərzində durulaşır və tıxaclar yaratmır.
Bu bilgilər də bioloji təbiəti etibarilə insanın müxtəlif kişilərin spermatozoidlərinin bir yumurtahüceyrəni mayalandırmaq uğurunda rəqabətə uyğunlaşdırılmadığına işarə edir.
Genlərin sekventləşdirilməsi (biopolimerlərin sekventləşdirilməsi – latınca “sequentum” sözündən götürülüb, ardıcıllıq deməkdir, DNT və RNT-nin aminturşulu və nukleotid ardıcıllığının müəyyənləşdirilməsi) nəticəsində nisbətən böyük toxumluqları olan primatların – benqal makakaları və şimpanzelər – uşaqlıq yolunda tıxaclar yaratmaq üçün xüsusi mexanizmlərə sahib olduqları barədə təsəvvürlər artıq ciddi təsdiqini tapıb. Primatların eyakulyatının tərkibində olan və toxumluq kisəcikləri tərəfindən hasil edilən əsas zülallar – semenogelinin iki fərqli növü – spermanın qatılaşmasında bilavasitə iştirak edir.
Genetiklər Maykl Censen-Siman və Ven-Syun Li semenogelinin həm insanabənzər meymunlarda, həm də insanlarda olan iki geninin evolyusiyasını tədqiq ediblər və müəyyənləşdiriblər ki, bizim genlərimiz təxmini əcdadlıq halı ilə müqayisədə çox az dəyişib. Amma adi şimpanzelərdə bu iki gendən biri, demək olar, iki dəfə uzanıb. Əksinə, qorillalarda semenogelinin hər iki geni degenerasiya əlamətləri göstərir.
Bu kəşflər bizi şimpanzelər üçün səciyyəvi olan promiskuitetin sonradan yarandığını, qorillaların, şimpanzelərin və insanın ortaq əcdadına xas olmadığını düşünməyə vadar edir. Bu fərziyyəni aşağıdakı fakt da təsdiqləyir: cırtdan şimpanzelərdə semenogelin geninin uzunluğu adi şimpanzelərdən fərqli olaraq, o qədər də ciddi dəyişməyib.
Semenogelinin ikinci geninin evolyusiya sürətinə həsr olunmuş sonrakı araşdırmaların nəticələri ona işarə edir ki, təkerkəkli qruplarla yaşayan primatlarla müqayisədə çoxerkəkli qruplarla yaşayan primatlarda bu gen daha sürətlə təkamül edib. Digər araşdırmalar isə göstərib ki, ümumilikdə, primatların spermalarındakı zülallara güclü müsbət seçmə təsir edib.
Belə ki, 2005-ci ilə aid bir araşdırmada insanda və şimpanzedə belə züllaların minlərlə geni müqayisə edilmiş və göstərilmişdi ki, təkcə semenogelinin həmin iki geni yox, başqa yeddi gen də müsbət seçimin əlamətlərini büruzə verir. Sözügedən araşdırmada insan və şimpanzedəki həmin doqquz gen digər on iki primatın – aralarında həm köhnə, həm də yeni dünyanın meymunları vardı – uyğun genləri ilə müqayisə olunurdu. Müsbət seçmənin açıq əlamətləri benqal makakalarında və pavianlarda təsbit edilib. Dişiləri, adətən, bir erkəklə cütləşən qorillalar və hibbonlarda isə genlərin degenerasiyasını göstərən yeni dəlillər tapılıb.
Beləliklə, bir çox əlamətlər (xayaların ölçülərindən tutmuş spermatozoidlərin və spermanın tərkibini təyin edən genlərin parametrlərinə qədər) onu sübut edir ki, təkamül insanı spermatozoidlərin fəal rəqabətinə uyğunlaşdırmayıb. Sadalanan bütün məlumatları nəzərə alsaq, deyəsən, insan növü öz bioloji təbiəti etibarilə hər qadının yalnız bir kişi ilə əlaqədə olduğu qruplarla yaşamağa uyğunlaşdırılıb. Hərçənd, təkamülün hansısa mərhələsində kişi fərdlər arasında eyni qadının mayalandırılması uğrunda müəyyən rəqabətin mümkünlüyünə dair bəzi faktlar məlumdur.
Robert Martin
Təkamül biologiyası üzrə mütəxəssis, zoologiya doktoru. Oxford, Yale və Çikaqo Universitetləri, London Kolleci və Sürix Antropologiya İnstitutunda işləmişdir. 300-dən çox elmi məqalənin müəllifidir.
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.