Qurbanlıq qoyunun «gey çıxması» və ya eynicinsli ailələr uşaq tərbiyə edə bilərmi?
Homofil fərdlərə qarşı olan insanların ən çox səsləndirdiyi fikirlərdən biri odur ki, eynicinsli cütlüklərin bəslədiyi uşaqlar psixoloji cəhətdən qüsurlu böyüyəcəklər. Çoxu elə belə də deyir, «mən belə adamlara qarşı deyiləm, qoy yaşasınlar (lütfə bax…), amma onların saxladığı uşaq da özləri kimi olacaq».
Bu doğrudanmı belədir? Həqiqətənmi homofil valideynlərin tərbiyə etdiyi uşaqlar nəticədə gey olurlar? Bu cür ailədə böyümək nəticəsində uşaqda başqa psixoloji problemlər inkişaf edə bilərmi?
Bu məsələni izah etmək üçün istəyirəm bir az uzaqdan başlayım. Uzaqdan deyəndə ki, təbiətdən.
İlk öncə onu qeyd edim ki, hal-hazırda bütün proqressiv dünyada qəbul olunmuş Darvin bioloji modelinə görə istənilən populyasiyaya aid fərdlərin yaşamının əsas bioloji məqsədi genlərini yaymaqdır, başqa sözlə öz irsi materialını gələcək nəslə ötürməkdir. İlk baxışdan belə düşünmək olar ki, homofob kütlənin bu baxımdan arqumentləri əsaslıdır. Axı homofil cütlüklər nəsilvermə funksiyasından məhrumdurlar. O zaman onların mövcudluğu, yalnız sosial-etik baxımdan deyil, həmçinin bioloji baxımdan da əsassızdır. Amma məsələ ilk baxışda göründüyündən daha qəlizdir.
Vəhşi təbiətdə homoseksual münasibətlər yalnız insana xas xüsusiyyət deyil. Başlayaq lap primitivindən, həşəratlardan.
Meyvə milçəyi (Drosophila melanogaster) həyatının ilk 30 dəqiqəsində cins fərqi qoymadan yaxınlığındakı bütün milçəklərlə cinsi əlaqəyə girir. Sonra o yavaş-yavaş yetkin dişi milçəklərin feramonlarının iyini seçməyə başlayır və daha çox onlara meyl edir.
Illinois universitetinin professoru David Featherstone deyir ki, ilk baxışdan bu davranışlar mənasız görünsə də, burada məntiq var. Milçəklər çox az yaşayır. Bundan başqa onların təbii düşmənləri də çoxdur. Ona görə də onlara buraxılmış az zaman kəsiyində yalnız konkret yetkin dişi iylərinə fokuslanmaqla, onlar ümumiyyətlə genetik materialını yaymadan bu dünyadan köçə bilərlər. Ona görə də ilk dönəmdəki qarışıq münasibətlərin öz bioloji məntiqi vardır.
Və ya götürək un böcəyini (Tribolium və ya Tenebrio). Bu həşəratların erkəkləri üçün eynicinsli seks adi haldır. Milçəklərdə olduğu kimi un böcəklərinin də kiçik ölçüləri onları bir çox heyvan və quşlar üçün asan şikara çevirir. Ona görə də dişi axtarışına çıxmaqdansa, erkək fərdlər bir-biri ilə əylənməyə üstünlük verirlər. Bu zaman onlar ifraz etdikləri spermanı bir-birinə ötürürlər və sonradan artıq dişi fərdlə cinsi əlaqə baş tutarsa, yalnız öz toxumunu deyil, həm də daha əvvəl əlaqədə olduğu erkəyinkini də ötürmüş olurlar ki, bu da bioloji tapşırığın yerinə yetirilməsi deməkdir.
Qeyd etməliyik ki, həm milçək həm də un böcəyi misalında məqsəd bir şəkildə genetik materialını dişi fərdə ötürmək olduğundan davamlı və iradi homoseksual davranışlara aid edilə bilməz.
Eynicinsli münasibətlər yapon əntərləri üçün də yad bir davranış deyil. Bu meymunların bəzi populyasiyalarında ayrı-ayrı dişi fərdlər ətrafda erkəklər olsa da öz həmcinsləri ilə seksual münasibətlərə girməkdən çəkinmirlər. 20 il ərizində bu meymunların davranışlarını izləmiş Lethbridge universitetinin psixologiya professoru Paul Vasey bildirir ki, belə yaxınlıq zamanı meymunlar bir-birinin gözünün içinə baxırlar ki, bu davranış da cinsi əlaqəyə xasdır. Belə dişi cütlüklər həftələrlə bir yerdə yaşaya və yüz dəfələrlə cinsi sayıla biləcək yaxınlıqda ola bilərlər. Bu zaman onlar bir-birinin qayğısına qalır, qidalarını bölüşür, düşmənlərdən birgə qorunurlar. Lakin belə dişi əntərləri daha çox biseksual adlandırmaq düzgündür, çünki onlar qarşı cinsdən olan meymunlarla da cinsi əlaqədən çəkinmirlər. Bəzən isə homoseksual cütləşmələrə elə erkəkləri həvəsləndirmək üçün gedirlər.
Uzunmüddətli, dayanıqlı homoseksual cütlük yaradan heyvanlara misal olaraq Hawaii adalarında yuva salan Laysan albatroslarını misal göstərmək olar.
Bu nəhəng dəniz quşları adətən monoqam cütlüklər formalaşdırırlar. Dişi quşlar yumurta qoyur, erkəklər isə yem tədarüklərinə kömək edir. Onlar yumurtadan çıxan cücələrini birlikdə bəsləyirlər və ömür boyu birgə yaşayırlar.
Amma Oahu adasında yaşayan Laysan albatroslarının dişilərinin 31%-i erkək fərdlərlə deyil, öz dişi həmcinsləri ilə və ya dişi və erkək olmaqla üçlü ailələr qururlar. Özü də bu ailələrin erkək nümayəndələri eyni zamanda digər dişilərlə də cütləşə bilir.
Minnesota universitetinin təkamül bioloqu və davranış ekoloqu Marlene Zuk deyir ki, buna səbəb adı çəkilən populyasiyada erkək fərdlərin sayca azlıq təşkil etməsidir. Bundan başqa eynicinsli cütlüklər yaradan albatroslar kürt yatmaq üçün populyasiyalarının ən yaraşıqlı, güclü və sağlam erkəklərini seçirlər. Təbii ki, məhdud şərtlər daxilində belə erkəklərin sayı daha da azdır. Ona görə də onlar qrupda bir çox dişilər arasında populyardırlar. Bu cür davranış genetik kasadlıq şəraitində daha keyfiyyətli nəsilverməni təmin edir. Zuk bildirir ki, dişi-dişi cütlüklər dişi-erkək cütlüklər qədər effektiv olmasalar da yenə də yeni nəsli bəsləmədə tək ana fərdlərdən xeyli uğurludurlar.
Laysan albatrosları monoqam, davamlı eynicinsli cütlüklər qursalar da, onları da tam anlamda homoseksual hesab etmək çətindir, çünki onlar bu davranışı erkək qıtlığı şəraitində nümayiş etdirirlər. Müşahidələr göstərir ki, kifayət sayda erkək quşları olan qruplarda belə eynicinsli cütlüklərin sayı xeyli azdır.
Gəlin heyvanlar aləmində bizə ən yaxın olanlara – Bonobolara nəzər salaq. Bu insanabənzər meymunların həyatında seks ümumiyyətlə çox mühüm rol oynayır. Bu meymunları müşahidə etsəniz, görərsiniz ki, onlar hər anlaşılmaz vəziyyətdə bir-biri ilə cinsi əlaqəyə girirlər. Cinsi əlaqə nədir, lap əməlli başlı koituslaşırlar. Primatoloqların fikrincə bonobo sürülərində konfliktlərin nadir baş verməsinin səbəbi də məhz belə seksual rahatlıqdır. “Yəni bonobolar savaşma, s…kiş” formulunu əldə şüar edərək, hətta konflikt vəziyyətlərdə də bir-birinə cinsi orqanlarını göstərməklə, onları bir-birinə sürtməklə kifayətlənirlər. Bu meymunlar elə çox sekslə məşğul olurlar ki, buna bəzən “bonobo salamlaşması” da deyirlər.
Emory universitetinin professoru Frans de Waal bildirir ki, əntərlədə olduğu kimi, bonobolar da sekslə yalnız nəsil artırmaq üçün, konfliktləri həll etmək üçün deyil, həm də prosesdən həzz almaq üçün məşğul olurlar. Bu zaman onlar yalnız qarşı cinslə deyil, öz cinslərindən olan fərdlərlə də yaxınlıqdan imtina etmirlər. Bonobolar seksi bir üst mərhələyə çıxarıblar. Onlar bu akt vasitəsi ilə sürünün möhkəmliyinin əsasını təşkil edən sağlam münasibətlər qururlar. Belə ki, sürünün cavan fərdləri daha yaşlı, dominant meymunlarla cinsi əlaqə vasitəsilə ierarxiya pillələrində irəliləyirlər. Özü də bonoboların seksual davranışları yalnız bilavasitə sekslə kifayətlənmir. Onlar öpüşmə, qucaqlaşma, yalaşma kimi mürəkkəb hərəkətlərdən də bol-bol istifadə edirlər.
İnanmayacaqsınız, amma filmlərdən tanıdığınız klassik Gəmiburnu delfinləri və ya afalinlər (Tursiops) də bir-biri ilə eynicinsli münasibətlərə girirlər. Və bunu insanlarda olduğu kimi məhz həzz almaq üçün edirlər.
Amma bu yerədək adları çəkilən növlərdə homoseksual münasibətlər tam anlamında klassik homoseksuallığa misal ola bilməz. Çünki bu misallarda həmin heyvanlar nəsil artırmaq üçün qarşı cinslə əlaqəyə girirlər. Daha əvvəl də dediyimiz kimi bu daha çox biseksuallığa yaxındır.
Amma heyvanlar aləmində klassik, sabit və istisnasız olaraq homoseksual münasibətlər quran heyvanların ən bariz nümunəsi, müsəlmanların ən halal heyvan hesab etdikləri qoyunlardır. Tədqiqatlar göstərir ki, qoyun populyasiyalarının 8%-i şərtsiz homoseksual fərdlərdir. Yəni sürüdə 100 qoyundan 8-i dəqiq homoseksualdır. Onlar heç bir halda dişi fərdlərə maraq göstərmirlər və bütün ömürləri boyu yalnız homoseksual davranışlar nümayiş etdirirlər.
Stanford universitetinin professoru, nevroloq Simon LeVay 1991-ci ildə belə qoyunların beyinlərini tədqiq edərək aşkar edib ki, onların cinsi hormonların ifrazını idarə edən hipotalamus hissəsi heteroseksual qoyunlardakından kiçikdir.
Bəs elə isə bu cür fərdlər niyə ortaya çıxır? Hər populyasiya üçün 8% təsadüf və ya anomaliya üçün çox böyük rəqəmdir. Bəs harada qaldı əsas bioloji prinsip – genlərin gələcək nəslə ötürülməsi? Axı belə gey qoyunlar heç bir halda dişilərlə cinsi əlaqəyə girmirlər və deməli genlərini də ötürməmiş kiminsə qapısında qurban kəsilmiş olurlar.
Burda başqa məsələ var. LeVay aşkar edib ki, qoyunlarda homoseksuallığa cavabdeh genlər eyni zamanda dişi fərdlərdə cinsi aktivliyi və balavermə məhsuldarlığını da stimulə edir. Beləliklə gey qoyunların bacıları sürünün digər dişilərindən daha çox bala verirlər. Bu isə o deməkdir ki, gey qoyunların da genləri bir şəkildə gələcək nəslə ötürülür. Bəs gey qoyunların bu sistemdə rolu nədən ibarətdir? LeVay deyir ki, onlar yeni nəslin bəslənməsində iştirak edirlər. Müşahidələr göstərir ki, gey qoyunların çox olduğu sürüdə yeni doğulmuş quzuların sağqalma faizi daha yüksəkdir.
Odur ki, növbəti dəfə qurbanlıq qoyunu qibləyə tərəf uzatdıqda düşünün. Bəlkə də bu qoyunun həyatı heç də dininizə uyğun keçməyib?
Heyvan homoseksuallığı mövzusuyla maraqlananlar üçün Bruce Bagemihl-in 1999-cu ildə işıq üzü görmüş “Bioloji zənginlik: Heyvan homoseksuallığı və təbii müxtəliflik” (“Biological Exuberance: Animal Homosexuality and Natural Diversity”) kitabını məsləhət görərdim. Bu kitabda heyvanlar arasında qeydə alınmış çox sayda homoseksual münasibətlərdən misallar var.
Ümumiyyətlə bir çox təkamül bioloqları və davranış psixoloqlarının fikrincə homoseksuallığın bioloji məqsədi məhz fərdlərinin sayı çox olan populyasiyalarının yeni nəslinin bəslənməsinə yardımdır. Yəni bioloji baxımdan gey fərdlər elə bala bəsləmək üçün mövcuddur. Təsadüfi deyil ki, qoyunlarda müşahidə olunan bu xüsusiyyət onların vəhşi təbiətdə yaşayan ən yaxın qohumları olan dağ qoyunlarında müşahidə olunmur. Çünki onların populyasiyalarında fərdlərin sayı, insan tərəfindən əhliləşdirilmiş qoyun sürülərindəki qədər çox deyil.
Bu məntiqlə baxsaq insan populyasiyalarında da daha çox gey fərdlər, əhali sayı daha intensiv artan bölgələrdə müşahidə olunmalıdır. Belə bölgələr isə əsasən şərq ölkələridir. Amma statistikaya baxsaq tamamilə əks rəqəmləri görərik. Bunun səbəbi cəmiyyətdə olan tabular və inkişaf səviyyəsindəki fərqdir. Qərb ölkələrində fərqli seksual orientasiya fərdlərinin hüquqları qorunduğundan onlara gizlənmək üçün səbəb daha azdır. Şərq ölkələrində isə belə etiraflar çox vaxt hətta fərdin öldürülməsi ilə nəticələnə bilər.
İndi isə gəlin ən əvvəldə qoyduğumuz suala qayıdaq. Eynicinsli ailələrdə böyüyən uşaqlar qarşıcinsli ailələrdə doğulub bəslənən uşaqlardan geri qalırmı? Belə ailələrdə böyüyən uşaqlarda fərqli seksual orientasiya meylləri daha çox olurmu?
Bu vaxta qədər bu istiqamətdə müxtəlif zamanlarda və müxtəlif tədqiqat mərkəzləri tərəfindən 79 elmi araşdırma aparılıb. Onlardan 75-nin nəticəsinə görə gey və lezbi valideynlər tərəfindən tərbiyə olunan uşaqlar, ənənəvi ailələrdə böyüyən uşaqlardan nə koqnitiv, nə emosional, nə intellektual nə də başqa xüsusiyyətlərinə görə fərqlənmirlər. Yalnız 4 tədqiqatın nəticələrinə görə eynicinsli ailələrdə böyüyən uşaqların akademik uğurları ənənəvi ailələrin uşaqlarınkından bir az aşağıdır. Tədqiqatların heç biri eynicinsli ailələrdə böyüyən uşaqların arasında gey və lezbian fərdlərin ənənəvi ailələrdəkindən hər hansı şəkildə fərqləndiyini təsdiqləməyib. Yəni eynicinsli ailələrdə böyümüş uşaqlar arasında homoseksualların say nisbəti elə ənənəvi ailələrdə böyümüş uşaqlarla eynidir.
Bir də nəzərə almaq lazımdır ki, eynicinsli ailələr tərəfindən tərbiyə olunan uşaqlar bir sıra hallarda öz bioloji valideynləri tərəfindən bu və ya digər səbəbdən atılmış və ya uşağa doğru qulluq göstərilməmə nəticəsində ailəsindən alınmış uşaqlardır. Yəni bu uşaqların arasında müxtəlif səviyyəli travmalar yaşamış fərdlər olur.
Bununla belə tədqiqatlar göstərir ki, eynicinsli ailələrdə böyüyən uşaqlar adətən gələcəkdə cəmiyyətin normal inkişafetmiş nümayəndələrinə çevrilirlər.
Məntiq və müşahidələr həm də onu göstərir ki, eynicinsli ailələrdə şiddətə meyl, uşaq üzərində dominasiya, ənənəvi ailələrdə olduğundan daha azdır. Bu isə uşağın daha xoşbəxt və özünəinamlı böyüməsinə gətirib çıxarır.
Heyvanlar misalından da gördüyümüz kimi guman ki, populyasiya daxilində gey fərdlərin olmasının bioloji məntiqi elə gələcək nəslin bəslənməsinə yardım göstərməkdir.
Odur ki, gey ailələrdə böyüyən uşaqların hər hansı şəkildə ənənəvi ailələrdə böyüyən uşaqlardan fərqli olması düşüncəsi əsası olmayan stereotipdən başqa bir şey deyil. Çalışın, stereotiplərinizin əsirinə çevrilməyin.
Hacı Hacıyev
https://www.youtube.com/watch?v=y6osB7mh0Xg&feature=youtu.be