2018-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyində cəmiyyətdə tarixə maraq birə-beş artdı. Bu hadisəni əvvəlcədən proqnozlaşdıraraq, nəşriyyatlar bir çox kitabları dərc etdilər, tarixçilər yeni tədqiqatlar ilə çıxış etdilər və hətta bəzi hadisələrə dair filmlər ekranlara buraxıldı. Sıravi insanlar belə sosial şəbəkələrdə 100 il əvvəl baş vermiş hadisələri hətta bugünki hadisələrdən daha çox müzakirə edirdilər. Başqa tərəfdən məlum oldu ki, bizim tarix elmi (sıravi tədqiqatçılardan başlamış Tarix institutuna kimi) cəmiyyətin tələbatına uyğun ciddi bir məhsulla çıxış edə bilmədi. İnsanları maraqlandıran bir çox məsələlər və suallar cavabsız qaldı. Sualların böyük hissəsi o dövrün reallıqları ilə bağlıdır: insanlar necə yaşayırdılar, hansı şəraitdə Cümhuriyyət ideyası yarandı, cəmiyyətdə nələr müzakirə olunurdu, gündəlik problemlər nə idi, nəyə görə mart hadisələrindən sonra da müsəlman və ermənilər eyni parlamentdə otururdular və ölkənin ictimai həyatında birlikdə iştirak edirdilər və s. Bu suallara cavab tapmaq üçün, tarixçilər və tədqiqatçılar əsas nəzərlərini o dövrün siravi insanının həyatına yönəltməli idilər, amma təəsüflər olsun ki, indiyə kimi, “Xoyski bunu niyə etdi”, “Rəsulzadənin qəhrəmanlığı” kimi mövzular tarixçiləri daha çox maraqlandırır. Yaxşı, əgər 100 il baş vermiş hadisələr ilə bağlı belə vəziyyət yaşanırsa, bəs ondan əvvəlki dövr necə tədqiq olunub? Ümumiyyətlə o dövrlər barədə bizdə hər hansı təsəvvür varmı?
Bir çox hallarda biz orta əsrləri standart “klişelər” vasitəsilə qəbul edirik. Misal üçün, aralarında 600 il fərq olmasına baxmayaraq, Nəsimi və Babək haqqında filmlərdə şərait demək olar ki, eynidir. Hətta Babək filmində istifadə olunan Ramana qalasını, filmdən əvvəl tipik Kastiliya qəsrləri formasında “bərpa” etdilər. Nə Ramana qalası qəsr idi, nə də indi orada mövcud olan görüntüyə malik idi. Amma bunu hamı normal qarşıladı. Ya da orta əsr Bakısının yollarını hamı qəmbər daşlı təsəvvür edir və İçərişəhərdə bu daşlarla yolların salınmasına “tarixi rekonstruksiya” adı qoyublar. Heç kim də nəzərə almır ki, Bakıya ən yaxın çaylar Ceyrankeçməz ya da Sumqayıtçay, son minillikdə normal çay kimi heç fəaliyyət göstərmirlər (98%-i yağış suyundan asılıdır) və bu qəmbər daşlar Bakıya haradan və necə gətirilməli idi? Bəzən isə müasir ideya və fikirləri orta əsrlərdə yaşayan şair və filosofların adlarına çıxarırlar (gah Nizaminin “Xəmsə”sində iqtisadi fikirlər tapılır, gah Nəsrəddin Tusinin əsərlərində Amerika). Belə numünələr həddindən artıq çoxdur.
Zənnimcə, belə vəziyyətin səbəbi cəmiyyətin tarixə yanaşma tərzidir. Bir çox hallarda (hətta mövcud tarix elmi tərəfindən) tarix hər hansı ictimai fiqurun fəaliyyəti və ya da müharibənin təsviri ilə məhdudlaşır. Belə demək olarsa, yalnız ibtidai icma təsərrüfat dövrünü tədqiq edərkən insanların və cəmiyyətin yaşayış tərzinə böyük önəm verilir (fikrimcə, əgər o zaman yaşayan tayfa başçılarının adları bilinsəydi, tarix yenə də onların adları ilə bağlı olacaq idi). Qalan tarix isə elə bil ki, müharibə və vacib insanlardan ibarətdir (düzdür, son 50 ildə yaşananlar da insanları maraqlandırır – amma bu, daha çox hələ yaddaşlardakı təzəliyinə görədir). Müharibələr təsvir edilərkən nə onların iqtisadi və ya sosial səbəbləri, nə də bu ictimai fiqurların fəaliyyət göstərdiyi dövrə haqqında danışılmır. Düzdür, deyilə bilər ki, elmi kitab və məqalələrdə bu təsvirlər çoxdur, amma siravi cəmiyyət üzvünün elmi məqalələr ilə işi yoxdur – o daha çox elmi-populyar, ya da xəbər saytlarında yer alan məlumatlarla tanış olur. Nə birində, nə də başqasında fərqli dövrlərin sıravi insanları, məişət təsvir edilmir.
2019-cu il Nəsimi ili elan edilib. Bəs Nəsiminin dövründə, indi Azərbaycanın iqtisadi və fərziyyələrə görə hürufilik ideyalarının mərkəzi olan (təriqətin əsasını qoyan Nəimi Bakıda tutulmuşdu) Bakı necə və nə ilə yaşayırdı? Nəyə görə, məhz burada hürufilik inkişaf etməyə başladı? Bunu ciddi olaraq tədqiq edən ya olmayıb, ya da məsələyə səthi toxunub. Amma bizi daha çox maraqlandıran, Bakının o dövrdə olan həyatıdır. Azərbaycanın digər şəhərləri (Gəncə, Şamaxı və s.) barədə bir qədər ətraflı məlumata malik olmağımıza baxmayaraq, Bakı həyatı barədə biz çox az məlumatlıyıq. Müəyyən qədər, o dövr barədə memarlıq əsasında nəsə demək olar. Belə ki, indiki zamanda adət etdyimiz məscid memarlığı məhz XIV-XV əsrlərdə Bakıda yaranmışdı. Amma bu bir qədər başqa sahədir. Biz isə XIV-XV əsrlərdə mövcud olan iqtisadi münasibətləri tədqiq etmək istərdik.
Bunu etmək üçün, bizim bir neçə yolumuz var və onlardan biri də yazılı mənbələrə üz tutmaqdır. Uzun müddət Bakı sadəcə Şirvanın (indiki Şirvan şəhəri yox, məhz Şirvan bölgəsinin) sıravi şəhərlərindən biri idi. Amma bəzən bu şəhərə maraq artırdı. Misal üçün, 12-ci əsrin sonunda, Şamaxıda zəlzələdən sonra, I Axsitan paytaxtı buraya köçürtdü. O burada bir sıra dəyişikliklər etdi və Xaqani Şirvaninin I Axsitana yazdığı tərifnaməsindən, biz öyrənirik ki:
Bakı duasını unutmaz bir an
Olub sayəsində Bəstam, Xavəran
Rey ilə Xəzranı, Zirəgəranı,
Bakı istər etsin şahın qurbanı.
Bu sətirlərdən biz başa düşürük ki, I Axsitan Bakını Dərbənd ilə bərabər Xəzər dənizinin vacib limanına (yəni Rəydən, Zirəgərandan da vacib limana) və eyni zamanda dini mərkəzlərindən (Bəstam ilə müqayisə) birinə çevirdi. I Axsitandan sonra isə paytaxt Bakıdan Şamaxıya qayıtdı və o dövrün tarixi, yalnız arxeoloji mənbələr əsasında yazılıb. Ona görə Bakının bu dövrdə nə ilə yaşadığına dair suallara cavab tapmaq çətindir. Yazılı mənbələr olsa da, onlar çox qısa məlumat verirlər (ümumi olaraq neft və dənizdən çıxan od barədə). Amma məhz Nəsiminin anadan olmasından bir qədər əvvəlki və sonraki dövrlər barədə məlumatlarımız var. Nəsimidən sonraki dövr, Bakının paytaxta çevrilməsi dövrüdür. Maraqlıdır ki, 1417-ci ildə Nəsimi edam olunmuşdu və elə həmin il, Şirvanşah I Xəlilullah hakimiyyətə gəldi və paytaxtı Bakıya köçürdü. Ondan əvvəlki dövrdə isə, Bakıda müəyyən sabitlik müşahidə olunurdu. Ona görə, Nəsimi dövrünün Bakısını başa düşmək üçün, ondan əvvəlki dövrə baxmalı olacağıq.
İlk əvvəl qeyd edək ki, o zamanlar məlumat indikindən az olsa da, yenə də var idi. Buna görə, bir sıra alimlər bəzi sahələr üzrə məlumatları toplamağa və cəmləməyə cəhd edirdilər. Onlar, əsasən indi “Ensiklopediya” adlandırdığımız toplular tərtib edirdilər. Belə alimlər arasında 13-cü əsrdə yaşamış Zəkəriyyə Əl-Qəzvini vacib yer tutur. O, 1275-1276-ci illərdə “Asar əl-bilad və əxbar əl-ibad” (“Ölkələrdəki abidələr və allah bəndələri haqqında xəbərlər”) adlı əsərini tərtib etmişdi. Orada o maksimum olaraq, o dövrdə məlum olan bütün şəhər və məntəqələr barədə məlumat verməyə çalışmışdı. Məntəqələr arasında Bakı da qeyd olunurdu.
Bakının iqtisadiyyatını təsvir edərkən, o xəbər verir ki, Bakıda iki neft mədəni mövcuddur. Biri qara, başqası isə ağ neft verir. Hərəsinin illik icarə haqqı 1000 dirhəm (Ərəb xilafətində istifadə olunan gümüş pul vahidi. Bu dövrdə 1 dirhəm 1,5 qram gümüşə bərabər idi. Əgər indiki qiymətlər ilə müqayisə etsək, o zaman 1000 dirhəm 483 dollar təşkil edəcək. Amma nəzərə almaq lazımdır ki, bu “qiymət inqilab”ından əvvəlki dövr idi, və gümüş o zaman qat-qat baha idi) təşkil edir. Bu neft 24 saat ərzində çıxarılır. Əlavə olaraq qeyd edilir ki, burada insanlar kənd təsərrüfatından ciddi qazanc əldə edə bilmirlər, ona görə daha çox ov ilə məşğuldular (əsərdə ceyran ətinin bişirilmə üsulu təsvir olunur).
Əl-Qəzvinin əsərində o dövrdə mövcud olmuş bir çox yaşayış məntəqəsindən danışılır. Nəticədə əsər çox irihəcmli alınmışdı və köçürülməsi çətin idi. Bunu nəzərə alaraq, məlumatları daha geniş auditoriyaya çatdırmaq istəyən, müxtəlif bölgələrdə yaşayan alimlər əsərin qısaldılmış variantlarını hazırladılar. Azərbaycanda fəaliyyət göstərmiş belə alimlərdən biri də səyyah və geoqraf Əbdürrəşid Saleh ibn-Nuri Əl-Bakuvi idi. O “Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri” əsərini yazdı. Bizim dövrümüzə hər iki əsər çatdığından, biz onları müqayisə edə bilirik. Müqayisədən məlum olur ki, Bakını ətsvir edərkən, Ə. Bakuvi bu hissəni əhəmiyyətli dərəcədə genişləndirib və öz əlavələrini edib. Etdiyi əlavələrdə isə atasından qalmış xatirələrə əsaslanıb (Bakuvi olmasına baxmayaraq, o Bakıda anadan olmayıb).
Misal üçün, neft sahəsini təsvir edərkən, o əlavə məlumatlar verib. Onun məlumatına görə, adət etdiyimiz qara neft gündəlik olaraq 200 dəvə yükü həcmində çıxarılır (əgər orta əsr İranda istifadə olunan ölçünü nəzərə alsaq – 1 dəvə yükü 243,75 kq-, o zaman bu 48750 kq edir). Başqa sözlə orta illik neft hasilatı 17793 ton təşkil edirdi (müqayisə üçün, 1813-cü ildə illik neft hasilatı 3-4 min ton təşkil edirdi). Bu o dövr üçün, bir qədər böyük həcmdir. Amma 13-cü əsrdə bu ərazilərdən keçən Marko Polo da qeyd edir ki, yüzlərlə gəmini doldurmağa kifayət edəcək neft mövcuddur. Bu neft, əsasən ixrac olunurdu. Maraqlıdır ki, neftin çıxarılmasında istifadə olunan bütün texnika yerli idi. Misal üçün, neftin yığılmasında və daşınmasında istifadə olunan kisələr, Bakı yaxınlığındakı adalarda yaşayan suitlərin dərisindən hazırlanırdı. Neft o dövrdə əsasən ya müalicə məqsədilə, ya da çıraqların yandırılması üçün istifadə olunurdu. Bakıdakı çıraqlara isə, əsasən suitlərin piyini qoyurdular.
Bakını təsvir edərkən, Bakuvi qeyd edir ki, neft mədənlərinin yaxınlığında sarı torpaq var və o şam kimi yanır. Bu torpaqdan şəhərdə istilik üçün istifadə olunur. Eyni zamanda xəbər verir ki, Suraxanı sakinləri şəhərə əhəng daşıyır, daha bir kənd isə duz hasilatı ilə məşğuldur. Duz da ixrac olunan məhsullar arasında idi. Bakuvi daxili turizmə dair də məlumatlar verir. Onun sözlərinə görə, Bakı əhalisi yaylarda ya dəniz kənarına, ya da şəhərdən uzaq məsafədə yerləşən bağlara üz tuturlar və burada əncir, üzüm və nar becərirlər.
Beləliklə, maraqlıdır ki, 700 il, bir neçə texnoloji inqilabın keçməsinə, əhalinin 3-4 min dəfə artmasına baxmayaraq, Bakı hələ də neft ixracı hesabına yaşayır. Yeganə fərq ondadır ki, o zaman bütün texnika və texnologiyalar yerli idi, indiki dövrdə isə bu sahələr Azərbaycana aid deyil.