İranda insan haqlarının vəziyyəti həm iranlı fəallar, həm də beynəlxalq insan haqları təşkilatları, QHT-lər tərəfindən tənqid olunur. BMT Baş Assambleyası və BMT-nin İnsan Haqları Komissiyası hər il açıqladığı hesabatlarda İranda davam edən çoxsaylı insan haqları pozuntularını qeyd edir. İran hökuməti, siyasi məhbuslara işgəncə vermə, zorlama, müxalifləri və digər mülki insanları döymə və öldürmə kimi əməllərdə günahlandırılır. Digər bir narahatlıq doğuran məqam isə İranın edamların sayına görə dünya liderlərindən biri olmasıdır (Hood və Hoyle, 2015: 75). Bu amil ölkədəki etnik azlıqların hansı şərtlər çərçivəsində yaşadığını bariz nümayiş etdirir.
Hazırda İİR-də rəsmi 2 siyasi (mühafizəkarlar və islahatçılar) fraksiya fəaliyyət göstərir. İslam Respublikasının mühafizəkar və islahatçı qanadları etnik azlıqlara münasibətdə də fərqli düşüncə və siyasətə malikdirlər. Əsasən ənənəvi ruhanilərdən, İnqilab keşikçilərindən və onlarla müttəfiq fars elitasından dəstək alan mühafizəkarlar qeyri-şiə və qeyri-fars etnik azlıqları birləşdirən farslaşmış şiə teokratiyasına üstünlük verir. Digər tərəfdən, islahatçılar isə ənənəvi elitadan kənarda siyasi gücləri genişləndirərək İranın etnik azlıqlarını birləşdirmək siyasətini təklif edir. İslahatçıların lideri Məhəmməd Hatəminin 1997-ci ildə prezident seçilməsi xüsusən qadınlar və etnik azlıqların dəstəyi ilə mümkün olmuşdu. Hatəmi prezident olduqdan sonra etnik azlıqların yerli nümayəndələrinə səs vermək hüququnu verən seçki reformunu həyata keçirmişdi. Ancaq bütün bu müsbət amillər ultra-mühafizəkar Mahmud Əhmədinejadın prezidentliyi (2005-2013) dövründə ərəblərə, kürdlərə və bəluclara qarşı geniş yayılmış kütləvi həbslərin və etnik azlıq fəallarının edamları ilə yox oldu.
Təsadüfi deyil ki, azərbaycanlıların ən böyük kütləvi aksiyası məhz Mahmud Əhmədinejadın prezidentliyi dövründə olmuşdu.
Siyasi təmsilçilik
1991-ci ildə Azərbaycanın müstəqillik qazanması Cənubi Azərbaycanda da siyasi aktivləşmə yaratdı. Bu dövrdə İran azərbaycanlıları tərəfindən müxtəlif qanuni və qeyri-qanuni partiyalar quruldu. Bu mərhələdə yaradılan əsas təşkilat 90-cı illərin əvvəllərində qurulan Güney Azərbaycan Fədailəri Təşkilatı oldu. Təbrizdə fəaliyyət göstərən Birləşmiş Müstəqil Azərbaycan Cəbhəsi 1993-cü ilə qədər gizli fəaliyyətini davam etdirirdi.
Birləşmiş Müstəqil Azərbaycan Cəbhəsinin nizamnaməsindən aydın olur ki, təşkilat 1979-cu ildə İran İslam İnqilabı dönəmində təsis edilmişdi. Cəbhənin ən fəal üzvləri əvvəlcə Müsəlman Xalq Partiyası tərəfində vuruşmuşdu. Ancaq partiya rəhbərliyi istədiyi milli haqları ala bilmədiyi üçün mövqeyini dəyişir və Cənubi Azərbaycanın yalnız İrandan ayrıldıqdan sonra hüquqlarını əldə edəcəyi qənaətinə gəlir (Shaffer, 2002: 200). Cəbhənin əsas məqsədi Cənubi Azərbaycanda müstəqil, azad, demokratik, hüquqi dövləti yaratmaq və iki müstəqil Azərbaycanı qanun çərçivəsində birləşdirmək idi. Cəbhənin fəaliyyəti 18 fevral 1997-ci ildə nəşr olunmağa başlayan “Carçı” qəzetində öz əksini tapmışdı.
Digər təşkilat isə Cənubi azərbaycanlı fəallar tərəfindən yaradılan Azərbaycan Demokratik Partiyası idi. Bu partiya Birləşmiş Müstəqil Azərbaycan Cəbhəsi ilə müqayisədə İranın ərazi bütövlüyünü və müstəqilliyini tanıyır, Azərbaycanın İranın daxilində muxtar respublika olmasını müdafiə edirdi. Bundan başqa Azərbaycan Demokratik Partiyası Azərbaycan Parlamentinin yaradılmasının, Azərbaycan dilinin Azərbaycanda dövlət dili elan edilməsinin və fars dilinin etnik dil kimi işlədilməsinin tərəfdarı idi.

Bu dövrdə qurulan başqa bir təşkilat Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) idi. Bu qurum 1995-ci ildə professor Mahmudəli Çöhrəqanlı və Təbriz Universitetindəki həmkarları tərəfindən qurulmuşdu (Yunusov, 2007: 68). GAMOH çağdaşlığa söykənən 100-ə yaxın elmi-ədəbi, milli-mədəni qurumu birləşdirən demokratik, ictimai-siyasi hərəkat idi.
GAMOH-un mərkəzi Cənubi Azərbaycanda yerləşirdi. Daha sonra İranın digər bölgələrində gizli olaraq təşkilatlanan hərəkatın dəstəkçiləri getdikçə artmağa başladı.
GAMOH proqramında Cənubi Azərbaycanın beynəlxalq hüquq və prinsiplər əsasında öz müqəddəratını təyinetmə hüququnu bərpa etməyə çalışdığını bildirirdi. Bu təşkilatın Cənubi Azərbaycanın gələcəyi ilə bağlı iki mövqeyi var idi: İlk olaraq İranda federasiya və yaxud millət konfederasiyası yaratmağa çalışmaq, bunun həyata keçirilməyəcəyi təqdirdə isə müstəqil dövlət qurmaq.
1995-ci ilin yazında keçirilən parlament seçkiləri zamanı milli mədəniyyətə və dilə qarşı siyasi və ideoloji tələblər açıq şəkildə ortaya çıxdı. Seçkilərdə Təbrizdən namizədliyini irəli sürən Mahmudəli Çöhrəqanlı seçki öncəsi platformasında türk dilinə status verilməsinə və Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsinə səy göstərəcəyini açıqladı (Cornell, 2015: 323). Azərbaycanlı namizədlər tərəfindən milli haqlar probleminin səsləndirilməsi həm İran, həm də Azərbaycan milli hərəkatı üçün mühüm bir hadisə idi. Lakin onun bu fəaliyyəti ilk öncə seçkilərdən uzaqlaşdırılması, 1999-cu ildə isə həbs edilməsi ilə nəticələndi. Həbsdə aclıq aksiyası keçirdikdən sonra 2000-ci ildə azad edilən Çöhrəqanlı 2002-ci ildə İranı tərk etdi, hazırda ABŞ-da yaşayır. Buna baxmayaraq GAMOH İranda hazırda da fəaliyyət göstərir. Təşkilat 2003-cü ildə Güney Azərbaycanda ana dili üçün “Güney Azərbaycanın Səsi” radiostansiyasını qurmuşdu. Lakin İran Təhlükəsizlik qüvvələri radiostansiyaya basqın edərək onun fəaliyyətini dayandırdı (Howard, 2004: 207).
Qeyri-qanuni təşkilatlarla yanaşı, ölkədə qanuni seçki yolu ilə parlamentdə təmsil olunan azərbaycanlı deputatlar da var. Buna misal olaraq 1993-cü ildə İran Parlamentinin üzvləri tərəfindən təsis edilmiş “Azərbaycan deputatlarının fraksiyası”nı göstərmək mümkündür (Shaffer, 2002: 180). Fraksiya proqramına Azərbaycan Respublikası ilə əlaqələrin inkişafı və Azərbaycan əyalətləri ilə bağlı məsələlər daxil edilmişdir. Fraksiya üzvləri Parlamentdə seçildikləri torpaqların problemləri ilə yanaşı bütün azərbaycanlıların problemləri barədə də fikirlərini bildirirdi. 1993-cü ilin iyulunda Mərənddən seçilən millət vəkili azərbaycanlı olmayan şəxslərin Azərbaycan əyalətlərinə vali olaraq göndərilməsinə etirazı ilə bağlı çıxışı İranda bir müddət gündəm olmuşdu. Azərbaycanlı millət vəkilləri həmçinin İran hökumətinin Ermənistanla əlaqələri kəsməsini və Qarabağ müharibəsində apardığı bitərəf siyasətin dəyişdirilməsinin vacibliyi barədə bəyannamə imzaladılar. Kəlbəcərin işğalından sonra 6 aprel 1993-cü ildə Təbrizdən olan millət vəkili Məhəmmədəli Nəcəfzadə parlamentdəki çıxışında bütün azərbaycanlı millət vəkilləri adından ermənilərin hərəkətlərini pisləmiş və Tehranı Qarabağ məsələsində Azərbaycanı müdafiə etməyə çağıran sərəncam oxumuşdu (Hacıyeva, 2017: 111-112).
Ana dilində təhsil
İranda Rza şah Pəhləvi tərəfindən həyata keçirilən 1921-ci il çevrilişindən sonra “Bir millət, bir dil” siyasəti tətbiq olundu və ölkədə istər rəsmi, istərsə də ictimai həyatda türk dilindən istifadə qadağan edildi. 1979-cu il inqilabına qədər zorakı üsullarla etnik azlıqlarla mübarizə aparan Şah hökuməti 1979-cu ildə süqut etdi. Hakimiyyətə gələn islamçılar Şahın tətbiq etdiyi bütün bu qadağaları ləğv etdi. İlk öncə islamçılar bütün etnik və dini azlıqlara azadlıq verəcəklərini bildirsələr də zamanla Şah dövründən fərqi olmayan məhdudlaşdırma siyasətinə keçildi. Bununla belə, 1979-cu ildə vəd edilən dil haqqı İran Konstitusiyasında öz yerini almışdı.
İran İslam Respublikasının Konstitusiyası fars dilini rəsmi dövlət dili olaraq tanısa da konstitusiyada mətbuatda, kütləvi informasiya vasitələrində etnik dillərdən istifadəyə, fars dili ilə yanaşı məktəblərdə etnik dillərdə ədəbiyyatın tədrisinə icazə verildiyi qeyd edilir. (İran İslam respublikasının konstitusiyası, 15-ci maddə. (Mirvahedi, 2019:10)). Bundan başqa İran hökuməti 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən və içərisində dil haqlarının da göstərildiyi “Uşaq hüquqları Konvensiyası”nı 1991-ci ildə imzaladı. Bu konvensiya 1994-cü ildə İslam Məşvərət Məclisi, İslam hüquq məcəlləsinə və İran İslam Respublikasının Konstitusiyasına zidd olmadığı üçün təsdiq edilmişdi.
Beləliklə, deyə bilərik ki, İranın hüquqi məcəlləsinə uyğunluq baxımından, dövlətin etnik azlıqların uşaqlarına ana dilini öyrətmək öhdəliyinə aid olan maddələrin icrası qanunidir. Buna baxmayaraq, İran hökuməti nəinki azərbaycanlı uşaqlara ana dilini öyrətmək öhdəliyini yerinə yetirmir, həm də müxtəlif yollarla bu hüquqdan istifadə edilməsinə mane olur. Azərbaycanlı uşaqların ana dilini öyrənməkdən məhrum olması regionda savadsızlığın artmasına və yadlaşma hissinə səbəb olur. Bu səbəblə İran Azərbaycanlılarının İnsan Hüquqları Assosiasiyası (AHRAZ) Birləşmiş Millətlər Təşkilatı Uşaq Hüquqları Komitəsinə müraciət edərək İran hökumətini bu reformları həyata keçirməyə çağırır:
- Azərbaycan türkcəsinin ana dili olduğu əyalətlərdə məktəblərdə Azərbaycan türkcəsi və ədəbiyyatı fənninin tədrisi.
- Qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin Azərbaycan türkcəsini sərbəst şəkildə öyrədə bilmələri üçün şərait yaradılması.
- Ana dilində təhsil almaq hüququnu tələb etdiklərinə görə həbs olunan azərbaycanlı fəalların azad edilməsi.
- İranda Azərbaycan dilini qorumaq və bu dildə uşaqlar üçün tədris kitabları çap etmək üçün “Türk dili institutu”nun yaradılması.
- Azərbaycan türkcəsində uşaqlar və yeniyetmələr üçün televiziya verilişlərinin yayımlanması.
- Sözügedən bölgələrin hökumət müəssisələrində müsbət ayrıseçkiliyin tətbiq edilməsi, Azərbaycan türkcəsində kitabların nəşrinə subsidiyalar verilməsi.
- Türk adlarının ictimai yerlərdə istifadəsinə qoyulan qadağanın aradan qaldırılması.
- Uşaqlara türk adlarının verilməsinə qoyulan qadağanın aradan qaldırılması.
- Türklərin tarixi heysiyyatına toxunan mövzuları aradan qaldırmaq üçün mövcud məktəb dərsliklərinə yenidən baxılması (Radmehr və Azari, 2015: 4).
Dil məsələsi ilə bağlı protestlər
1990-cı illərdən etibarən bəzi azərbaycanlıların öz kimliyini fərqləndirmək istəyi, Azərbaycan türkcəsini öyrənməyə diqqətin artırılması ilə bağlı nümayişləri polislə qarşıdurmalara səbəb olur. 1999-cu ildən bəri Təbriz və digər şəhərlərdən olan azərbaycanlı fəallar 21 fevral “Beynəlxalq Ana Dili” gününü küçə nümayişləri ilə qeyd edirlər. Bu nümayişlərdə xüsusi aktiv olan fəallar polis tərəfindən həbs olunur və “separatizm”də ittiham edilərək uzun müddətə azadlıqdan məhrum edilir. Bu məsələdə İran hökuməti yaş ayırımı da etmir. Məsələn, 2006-cı ildə Şərqi Azərbaycanın əyalətinin paytaxtı Təbrizdə baş tutan nümayişlərdə İran polisi tərəfindən tutulan 15 nəfər arasında 14 yaşlı gənc yeniyetmə (Məhəmməd Rza Əvəzpur) və onun 16 yaşlı qardaşı Mürtəza da var idi. Məhəmməd Rza Əvəzpur 2 sutka həbsxanada ayağından asılı vəziyyətdə saxlanılmışdı.
Dil məsələsi ilə bağlı etirazçılarından biri də Zəncan şəhərindən olan jurnalist Səid Mətinpur idi. Mətinpur, İranda hakimiyyət tərəfindən insan hüquqlarının pozulmasına qarşı etiraz edən yazıları ilə tanınır və İrandakı azərbaycanlıların siyasi, mədəni və dil hüquqlarını müdafiə edir. Bu fəaliyyətinə görə o, 2007-ci ildə həbs edildi və vəkilinin iştirak etmədiyi qapalı məhkəmədə mühakimə olundu. 2008-ci ilin iyununda məhkəmənin qərarı ilə “əcnəbilərlə əlaqəyə girməklə İslam respublikasına qarşı təbliğat”da günahlandırılaraq 8 il müddətinə azadlıqdan məhrum edildi.
İran hökuməti təkcə nümayişlərə yox, eyni zamanda türk dilində yığıncaqların təşkil olunmasına da müdaxilə edir və sərt cəzalar tətbiq edir. Misal üçün, 2009-cu ilin mayında Təbrizin “El gölü” parkında “Türk dilində təhsil’ yığıncağında iştirak etdiyinə görə İran məhkəməsi Əlirza Fərşi və həyat yoldaşı Sima Didarı altı ay müddətinə azadlıqdan məhrum etdi (International Federation for Human Rights, 2015:15).
2010-cu ilin may ayında Bəzz qalasına yürüş edən Ayət Məhəmməd Cəfəri “ictimai asayişi pozduğuna görə” İran məhkəməsi tərəfindən 91 gün həbs cəzasına məhkum edilmişdi. Bəzz qalasına yürüşlə bağlı həbs edilən fəallardan biri də Abbas Lisani idi. 2004-cü ildə azərbaycanlı milli fəal Abbas Lisani və vəkili Saleh Kamrani Bəzz qalasına yürüşlər təşkil etmək və Türk təqvimi yaratmaqda günahlandırılırdı.
Məhkəmədə çıxışını türkcə edəcəyini bildirən Lisani tərcüməçi istədi. Prokuror buna etiraz etdi və fars dilini bildiklərini iddia etdi. Abbas Lisani məhkəmədəki hər bir insanın öz dilində danışmaq hüququnun olduğunu və bunun İran konstitusiyasında təsbit edildiyini ifadə edərək türkcə danışacağını bildirdi. Beləliklə, hakim müdafiə tərəfinin türk dilində danışmasına icazə verdi. Bu, Cənubi Azərbaycanda Milli Hökümətin süqutundan sonra ilk türk dilində məhkəmə prosesi idi və ana dili uğrunda mübarizədə əhəmiyyətli bir addım hesab edilə bilər (Hacıyeva, 2017: 134).
Dil məsələsi ilə bağlı 2010-cu ilin may ayında baş verən etirazlarda isə polis tərəfindən 31 azərbaycanlı fəal həbs edildi. Dil ilə bağlı etirazlar bəzən təhsil müəssisəsinin boykot edilməsinə gətirib çıxarırdı. Misal üçün, 2010-cu ildən etibarən tədris ilinin əvvəlində (23 sentyabr) bir çox azərbaycanlı məktəblərdə Azərbaycan türkcəsində təhsil almaq hüquqları olmadığı üçün dərsləri boykot etmişdi. Etirazların hədəfi təkcə məktəblər və universitetlər deyildi. Azərbaycanlı fəallar yerli radiostansiya və telekanallarda türk dilində proqramların olduqca az olmasını da sərt formada tənqid edirdilər. 2010-cu ilin aprelində bu cür tənqidlərə cavab olaraq, Zəncan vilayət radio və televiziyasının rəhbəri belə bir müraciət ünvanlamışdı: “Bizim yerli dildə uşaq, yeniyetmələr və gənclər üçün proqramlar yayımlamağa qanuni səlahiyyətimiz yoxdur. Bunu etməyimiz üçün Tehran həmin proqramların türkcə yayımlanmasına icazə verməlidir. Onların göstərişlərinə əsasən verilişlərin 50%-i fars dilində olmalıdır.” (International Federation for Human Rights, 2015:15)
İran İslam Respublikası tarixində ilk dəfə olaraq prezident Həsən Ruhani 2017-ci il prezident seçkilərində ölkədə yaşayan etnik azlıqların ana dilində təhsil almaları tələbini qəbul etdi və prezident seçiləcəyi təqdirdə ana dilində təhsil almaq hüququnun tətbiq olunacağına söz verdi. Ancaq prezident seçildikdən sonra prezidentin etnik azlıqlarla iş üzrə xüsusi müavini Azərbaycan türklərinin ana dilini öyrənməkdə maraqlı olmadığını iddia etdi. Bununla bərabər ilk dəfə prezident Həsən Ruhaninin dönəmində, konkret desək 2016-cı ildə İranın Təbriz Universitetində “Türk dili və ədəbiyyatı” bölümündə Azərbaycan dilinin tədris olunmasına başlandı. 2019-cu ildə isə ilk dəfə məktəblərdə Azərbaycan dilinin tədris olunması ilə bağlı plan hazırlandı. Hazırda Azərbaycan dili İranın Şərqi Azərbaycan vilayətində pilot layihə kimi tətbiq olunur və gələcəkdə bu planın hansı ərazilərə tətbiq ediləcəyini müəyyənləşdirmək qeyri mümkündür.
İqtisadi ayrıseçkilik
İrandakı mövcud teokratik sistem digər sahələrdə olduğu kimi iqtisadi sahədə də Azərbaycan türklərinə fərqli münasibət göstərir. İslam İnqilabından sonra farsların yaşadığı bölgələrlə müqayisədə azərbaycanlıların kompakt yaşadığı ərazilərə diqqət getdikcə azalmağa başladı. Mövcud unitar sistemə görə Azərbaycan bölgələrinin iqtisadi inkişafı üçün maliyyə dövlət büdcəsindən ayrılmalıdır. Bu investisiyaların müxtəlif yollarla məhdudlaşması ilə Azərbaycan əyalətləri sənaye istehsalında inqilabdan əvvəl ilə müqayisədə 2-dən 17-ci yerə qədər düşdü (Hacıyeva, 2017: 91). Bu bölgələrin iqtisadiyyatının iqtisadi qanunlarla deyil, siyasi ölçülərlə tənzimlənməsi yerli azərbaycanlıların iş dalınca mərkəzə doğru axınına səbəb oldu. Xüsusilə, kənd təsərrüfatı sahəsində ayrıseçkilik, kəndlilərə iqtisadi dəstəyin olmaması və digər səbəblər infrastrukturun dağılmasına və kəndlərin boşalmasına səbəb olmuşdur.
1997-ci ilin rəsmi statistikasına əsasən Azərbaycan əyalətlərində yüzlərlə yaşayış məntəqəsinin tamamilə və ya qismən boşalması faktı qeydə alınmışdı. Azərbaycanlıların ən çox köçdüyü şəhər isə paytaxt Tehran idi. Tehrana təkcə Şərqi Azərbaycan əyalətindən 1965-ci ildə 101 min nəfər köçmüşdü. 1986-cı ildə isə bu rəqəm 224 minə çatdı (Shaffer, 2002: 64). 1992-ci ildə Ərdəbil ostanının yaradılmasından sonra bu ərazidən də kütləvi köç başladı. 1992-2005-ci illər arasında rəsmi statistikaya əsasən bu regiondan İranın digər şəhərlərinə köçən insanların sayı ümumilikdə 155 minə çatırdı. İranın rəsmi statistikasına görə, ölkə daxilində ən çox əhalisi köç edən əyalət Şərqi Azərbaycan ostanı idi. Mütləq çoxluğu azərbaycanlılardan ibarət olan Ərdəbil ostanı bu siyahıda üçüncü, Zəncan isə beşinci yeri tuturdu. Bu köç dalğası nəticəsində paytaxt Tehranın 1/4 hissəsi və paytaxta yaxın Kərəc şəhərinin demək olar ki, yarısı azərbaycanlılardan ibarət oldu. Bütün bu demoqrafik dəyişikliklər iqtisadi ayrıseçkiliyin yaratdığı bir nəticə idi (Hacıyeva, 2017: 92).
Regional ayrıseçkilik
1991-ci ildə Azərbaycan Respublikasının qurulmasının İran Azərbaycanında yaratdığı təsir çox güclü idi. İran güclü bir Azərbaycan respublikasının yaranmasının öz azərbaycanlı əhalisində siyasi aktivlik yarada biləcəyindən qorxurdu. 1990-cı illərin əvvəllərində İran hökuməti Şərqi Azərbaycan vilayətindən Ərdəbil və ətraf məntəqələri ayırmaq planı üzərində işləyirdi. 1992-ci ildə İran hökuməti Şərqi Azərbaycan vilayətini bölərək Ərdəbil bölgəsində yeni bir vilayət yaratmaq qərarına gəldi. Bu yeni vilayət üçün Savalan, Səhənd və Ərdəbil adları təklif edilirdi (Rakel, 2008: 164).
Bir çox azərbaycanlı, hətta İranın hakim elitasına mənsub olan güclü nüfuzlu şəxslər bölgə üzərindən Azərbaycanın adının ləğv edilməsinə etiraz etdilər. Bununla belə plan məclisdən keçdi və mərkəzi Ərdəbil olan, ümumilikdə 9 şəhər, 21 rayon və 2221 yaşayış məntəqəsindən ibarət Ərdəbil ostanı yaradıldı. Ərdəbil ostanının yaradılması İranın regionda etnik dalğalanmanın və siyasi aktivliyin zəiflədilməsi məqsədi ilə edilmişdi. Bu proses İran mərkəzi hökumətinin İran azərbaycanlılarında milli şüurun formalaşmasına reaksiyası olaraq ortaya çıxdı. Beləliklə, İran türklərin bölgə vahidlərini bölməklə və digər xalqların yaşadığı vilayətlərə birləşdirməklə regionda milli özünüdərkin qarşısını almağı düşünürdü (Hacıyeva, 2017: 90).
İranda regional ayrıseçkiliyi yaradan əsas səbəblərdən biri də ölkənin unitar respublika olmasıdır. 2009 və 2014-cü illər arasında İran Azərbaycanında aparılan sorğularda İranın federallaşması və Azərbaycan muxtariyyətinin yaradılmasına münasibətin mütləq çoxluq tərəfindən müsbət qarşılandığı aşkarlanmışdır. Bu kimi fikirlər İranın hakim elitasında da müzakirə olunurdu. 1979-cu ildə İranda baş verən inqilab sonrasında Ayətulla Xomeyninin dini hakimiyyəti birləşdirmə siyasəti olaraq formalaşdırdığı “Vilayəti-fəqih” nəzəriyyəsi (bu nəzəriyyə eyni zamanda İranın unitarlığına əsaslanırdı) ölkənin federativ idarə edilməsi tərəfdarı və dini idarəçiliyi rədd edən Ayətulla Məhəmməd Kazım Şəriətmədari tərəfindən tənqid olunmuşdu. İranın eks prezidentlərindən Məhəmməd Hatəmi də İranın federativ dövlət olmasını dəstəklədiyi bilinir.
Bununla belə bunu ilk dəfə rəsmi olaraq prezident seçkilərində açıqlayan şəxs İranda konservativ fikirləriylə tanınan Möhsün Rezayi oldu. 2013-cü ilin may və iyun aylarında İran prezident seçkisi kampaniyası zamanı mühafizəkar namizəd Möhsün Rezayi seçiləcəyi təqdirdə ayrı-ayrı əyalətlərə əsaslanan iqtisadi federallaşmanı həyata keçirəcəyini bildirdi. Rezayi, bir il əvvəl “İqtisadi federalizm” kitabında tanıtdığı bu ideyanın məqsədinin əyalətlər arasında iqtisadi balansı qorumaq olduğunu bildirir. İqtisadi məsələlərə üstünlük verilməsinə baxmayaraq, federallaşma ideyası əsasən muxtar ərazilərin yaradılması üçün bir fürsət kimi görən millətçi fəallar tərəfindən maraqla qarşılandı. Seçki kampaniyasında Rezayinin dediklərinə ətraf ərazilərdən, xüsusən də azərbaycanlılardan, kürdlərdən və bəluclardan xüsusi diqqət var idi. Bununla belə Rezayi fikirlərini ümumi kütlələrə çatdıra bilmədi. Hər şey prezident seçkilərində ilk dövrədə Həsən Ruhaninin asanlıqla qalib gəlməsiylə dəyişdi. Rezayi səslərinin çoxunu etnik azlıqların yaşadığı bölgələrdən, xüsusən də ölkənin qərbindəki ərəb, kürd və lur bölgələrindən, eyni zamanda İran Azərbaycanından aldı. Bu nəticəyə görə, Rezayiyə verilən səslərin onun federalizmlə bağlı fikirləri ilə əlaqədar olduğunu güman etmək mümkündür (Souleimanov və Kraus, 2017: 23).
Karikatura skandalı
İrandakı karikatura skandalı uşaq jurnalı “Kudek”-in 12 may 2006-cı il tarixli nömrəsində dərc edilmiş bir karikaturadan sonra başladı. Karikaturada tarakan ilə fars dilində danışmağa çalışan bir uşağın dialoqu təsvir edilir. Uşağın farsca sualını tarakan başa düşmür və Azərbaycan dilində “Nə?” (“Nəmənə?”) sualını verir.
Karikaturanın yayımlanması ilə İranın şimalında, xüsusilə Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sulduz, Qoşaçay, Marağa və Zəncan şəhərlərində kütləvi nümayişlər başladı. Təbrizdə xüsusilə böyük bir etiraz aksiyası keçirildi. Azərbaycanlıların çoxluq olduğu Təbriz və Ərdəbil, Urmiya və Zəncan kimi böyük şəhərlərdə azərbaycanlı tələbələrin təşəbbüsü ilə keçirilən etiraz aksiyası sürətlə digər ərazilərə də yayıldı.
Maraqlıdır ki, etiraz aksiyalarının istiqaməti tezliklə mübahisəli karikaturadan çox ictimai-siyasi məsələlərə yönəlməyə başlamışdı. Milli qəzəb partlayışı o qədər güclü oldu ki, İranın azərbaycandilli bölgələrində əksər farslar, xüsusən hökumət rəsmiləri bu bölgələri tərk edib qaçmağa başlamışdı. Nümayişçilərin “Şovinizmə ölüm”, “Yaşasın Azərbaycan” və “Azərbaycan oyaqdır, öz dilini qoruyacaqdır” şüarları həm etnik problemləri, həm də ümumi əhval-ruhiyyəni əks etdirirdi. İranın Daxili işlər nazirinin müavini Əli Əsgər Əhmədi Təbrizdəki nümayişlərin karikaturaya qarşı bir etirazdan daha çox başqa istiqamətə yönəldiyini etiraf etdi. Böhranı aradan qaldırmaq və insanların qəzəbini yatırtmaq üçün hökumət qurumları jurnalın baş redaktoru Mehrdad Qasımfarı və karikaturaçı Mana Neyestanini həbs etdi, jurnalın isə fəaliyyəti dayandırıldı (Yanow, Peregrine Schwartz-Shea, 2015: 362).
Nümayişçilər bununla kifayətlənmək istəmədi. Onlar Mədəniyyət naziri, habelə prezident Mahmud Əhmədinejadın üzr istəməsini tələb edirdi. Mədəniyyət naziri çox gec üzr istədi, ancaq prezident Əhmədinejadın üzr istəmək niyyəti yox idi. Bunun yerinə Əhmədinejad iğtişaşların xarici dairələrin təsiri ilə yayıldığını dedi, hər şeyi İranın nüvə siyasətinə görə Qərbin təzyiqləri ilə əlaqələndirdi. İranın ali dini lideri Ayətullah Xameneyi də bir neçə gün sonra iğtişaşların milli birliyə xələl gətirməyə çalışan İran düşmənlərinin işi olduğunu iddia etdi (Gheissari, 2009:310).
Bəzi İran siyasətçiləri Azərbaycan respublikasını iğtişaşları qəsdən qızışdırmaqda ittiham etdilər. İran hakimiyyəti nümayişlərin təşəbbüskarlarından birinin Mahmudəli Çöhrəqanlı olduğunu elan etdi. Həqiqətən də, Təbrizdə və İranın şimalındakı digər şəhərlərdə keçirilən mitinqlərdə nümayişçilər onun adını qışqırırdılar. Ancaq şahidlər və nümayiş iştirakçıları xaricdən edilən hər hansı bir müdaxiləni qəti şəkildə rədd edir və hər şeyi qəzəblənmiş bir dəstənin kortəbii reaksiyasına və türk etnik azlığına qarşı uzun müddət davam edən etnik ayrıseçkiliyə bağlayırdı. Bir ara nümayişçilər Urmiyada televiziya və Sulduzda bələdiyyə binasına nəzarəti ələ keçirdilər. Bu vaxt, etnik azərbaycanlılardan ibarət yerli polis (pasdaran) və milis (bəsic) bölmələrinin əksəriyyəti nümayişçilərin tərəfinə keçdi. Bu, 1979-cu il inqilabından sonra İranda görünməmiş bir hadisə idi.
Vəziyyətin nəzarətdən çıxmağa başladığını başa düşən İran hakimiyyəti etiraz nümayişlərini yatırmaq üçün qoşunları və digər güc strukturlarını səfərbər etdi. İran təhlükəsizlik qüvvələri Təbriz, Urmiya, Ərdəbil, Marağa və Zəncan kimi İranın şimal-qərbində küçələrə çıxan on minlərlə azərbaycanlının müqavimətini qırmaq üçün əraziyə xüsusi təyinatlı ordu göndərdi. May ayının sonuna yaxın qarşıdurmalarda 40 nəfər azərbaycanlı öldürüldü. İranın Qərbi Azərbaycan əyalətindəki Sulduz şəhərində çox sayda nümayişçi həbs olundu. Yaralıların sayı minlərlə idi, həbs olunanların sayı isə 11 min nəfərə çatırdı. Bir ay sonra İran hakimiyyəti yalnız 4 nəfərin öldürülməsi və 330 azərbaycanlının həbs edilməsi faktını rəsmi olaraq qəbul etdi (Yunusov, 2007: 77)
Televiziya skandalı
2015-ci ildə İran televiziyasında daha bir qalmaqal yaşandı. 6 Noyabr 2015-ci ildə İranın dövlət televiziya kanalında (İRİB TV-2) yayımlanan “Fitileh” adlı uşaq verilişində aktyorların Azərbaycan dilində danışdığı hekayə canlandırıldı. Uzaq səfərdən gələn azərbaycanlı ata və uşağı oteldə yerləşirlər. Oteldə azərbaycanlı uşaq dişini fırçalamaq istərkən diş fırçasını tualet fırçası ilə səhv salır. Proqramda belə bir cümlə işlədildi: “Azərbaycanlı uşaqlar diş fırçasını tualet fırçası ilə qarışdırdıqları üçün çox pis qoxurlar.”
Verilişin yayımlanması İranın azərbaycanlılar yaşayan bölgələrində güclü etiraz dalğası yaratdı. Noyabrın 9-da minlərlə etnik azərbaycanlı televiziya proqramına etiraz etmək üçün küçələrə axışdı. Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkin və eyni zamanda Tehranda nümayişlər başladı (Litvak, 2017: 237). Küçələrə çıxan etirazçılar “Azərbaycanlılara qarşı irqçiliyi dayandırın”, “Biz türkük”, “İrqçiliyə ölüm”, “Yaşasın Azərbaycan” şüarlarıyla hökumət binalarının qarşısına toplaşdı. Polis və təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdilər. Yüzlərlə insan polis tərəfindən tutuldu, çox sayda insan yaralandı. Noyabrın 10-da Qərbi Azərbaycanın Urmiya şəhərində baş verən qarşıdurmalar zamanı nümayişçilərdən biri Əli Əkbər Murtaza oğlu polis tərəfindən öldürüldü.
Noyabrın 9-da İran Dövlət Televiziya Kanalının (İRİB) baş direktoru Məhəmməd Sarafraz və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Davud Neməti proqramın yaratdığı “təsadüfi pozuntu” üçün azərbaycanlılardan rəsmi olaraq üzr istədi.
Urmiya gölü protestləri
Urmiya gölü İranın Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında yerləşən duzlu göldür. Gölün ətrafında yerləşən yaşayış məntəqələrinin əksəriyyətini azərbaycanlılar təşkil edir. 1980-ci illərin sonundan etibarən göldə başlayan qurumanın yaratdığı fəlakəti də ən çox azərbaycanlılar hiss etdi. 1998-ci ildə ölkədə baş verən quraqlıq, qonşu şəhər və kənd sakinlərinin gölə tökülən çayların suyundan həddindən artıq çox istifadə etməsi, həmçinin gölü bəsləyən çaylar üzərində bəndlərin inşası ilə Urmiya gölünün 60%-dən çoxunun quruması ilə nəticələndi. Gölün quruması ətrafda yaşayan insanların çoxunun sağlamlığında fəsadlar törətdiyi və kənd təsərrüfatına ciddi ziyan verdiyi üçün regionda yaşayan insanların kütləvi köçünə səbəb oldu. Tez-tez duz fırtınalarının baş verməsi və digər problemlər səbəbi ilə 2014-cü ilə qədər ərazidəki 50 kənd tamamilə boşaldı. Ümumilikdə gölün quruması və su ilə bağlı problemlər 6,5 milyon əhalisi olan bölgəni yaşam üçün tamamilə yarasız vəziyyətə gətirə bilərdi (Warren, 2016:344).
Urmiya gölünün qurumasını yerli əhali rəsmi Tehranın bu bölgəyə maraq göstərməməsinə və daha çox gölə axan çayların üzərində qurulan bənd və tikilən körpülərlə maraqlanmasına bağlayırdı. 2010-2012-ci illərdə ekoloji problemin ağırlaşması ilə regionda etirazlar başladı. 2011-ci ilin avqustunda İran parlamentinin Urmiya gölünün yenidən bərpası üçün təcili xilasetmə planını qəbul etməməsi regionda kütləvi etirazlara səbəb oldu. Nümayişçilərin tələbləri əvvəlcə siyasi mahiyyət daşımırdı və sadəcə gölün qurumasına verilən reaksiyadan ibarət idi. Lakin polisin nümayişçilərə qarşı zor tətbiq etməsi və həbslər etirazların mahiyyətini dəyişdirdi və xalqda millətçi reaksiya doğurdu. Bir sonrakı nümayişlərdə etirazçılar “Urmu gölü səslənir: susuzam haray, haray!” və “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir!” şüarlarıyla küçələrə axışdı. Təbrizin Traktorsazi futbol klubunun azarkeşləri nümayişçilərin mövqeyini ifadə etmək üçün geniş yayılmış və populyar şüarlardan biri olan “Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!” şüarı ilə Urmiya gölü ilə bağlı millətçi etiraz dalğalarına qoşuldu (Khalili, 2016:172).
Etiraz aksiyalarının səngiməməsi hökumətin problemlə bağlı konkret addım atmasına gətirib çıxardı. 2012-ci ildə İran növbəti 5 il ərzində Urmiya gölünün bərpası üçün yarım milyard dollarlıq layihənin qəbul edildiyini açıqladı. Bu vəsait əsasən su sistemi ilə bağlı idarəçiliyin yaxşılaşdırılmasına, əkinçilik üçün sudan istifadənin azaldılmasına və ətraf mühitin ümumi bərpasına xərclənməli idi. Layihəyə eyni zamanda BMT-nin İnkişaf Proqramı da öz dəstəyini bildirdi. 2013-cü ildə prezident Ruhani gölün və ətraf ərazilərin xilas edilməsi planını xalqa açıqladı. Hazırda Urmiya gölünün tam olaraq qurumasının qarşısı alınıb. Bununla bərabər gölün əvvəlki vəziyyətə gətirilməsi üçün illər lazımdır. Bu səbəbdən Urmiya gölü Azərbaycan millətçiliyinin ən əlamətdar təzahürü kimi gələcəkdə də regionda yaşayan azərbaycanlıların İran hökuməti ilə münasibətlərində vacib bir məsələ olaraq əhəmiyyətini saxlayacaq (Souleimanov və Kraus, 2017: 47)
Futbolun milli məsələdə rolu
İran azərbaycanlılarının siyasi mübarizəsində mühüm rollardan birini Təbrizin “Traktorsazi” klubu oynayır. 1970-ci ildə əsası qoyulan “Traktorsazi” futbol klubu, xüsusən də 2000-ci illərdən etibarən Təbrizdə başlayan milli özünüdərkin simvoluna çevrilmiş və İrandakı etnik azərbaycanlıların kütləvi dəstəyini qazanmışdır. Klubun Təbrizdəki hər bir oyununu stadionda orta hesabla 60.000 azarkeş izləyir. İranın hər bölgəsində Traktorsazinin matçlarını izləyən azarkeşlər 90.000 nəfər tutumu olan Tehrandakı Azadi Stadionunu belə doldurur. Traktorun böyük populyarlığı səbəbi ilə klubun oyunları Təbrizin regional Səhənd televiziyası və Azərbaycan Respublikasında fəaliyyət göstərən Günaz televiziyası vasitəsi ilə yayımlanır (Souleimanov və Kraus, 2017: 26).
Bu klubun azarkeşləri Traktorsazi futbol komandasının ev oyunlarında Azərbaycan bayraqlarını dalğalandırır və ölkədə milli məsələləri qabardan bir çox şüarlardan istifadə edirlər. Bu şüarlar arasında milli xüsusiyyətlərə vurğu edən “Haray, Haray mən türkəm”, “Azərbaycan bizimdi, Əfqanıstan sizindi” və Azərbaycan separatçılığını açıq şəkildə dəstəkləyən və irqçiliyi ehtiva edən “Cənubi Azərbaycan İran deyil”, “Təbriz, Bakı, Ankara, biz hara, farslar hara” şüarlarını da görmək mümkündür ( Khalili, 2016:172).
Bu kimi irqçi şüarlar xüsusən Traktorsazinin Persepolis və Esteglal klublarıyla matçlarda istifadə edilir. Xüsusən Persepolis klubunun millətçi azarkeşləri tərəfindən Traktorsazi azarkeşlərinin etnik xüsusiyyətini qabardan təhqiramiz ifadələrin işlədilməsi azarkeşlər arasında güclü qarşıdurmalar yaradır. Bu ifadələrdən ən məşhuru Pəhləvi rejimi zamanı millətçilərin istifadə etdiyi “Torke xar” ifadəsidir. Fars dilindən tərcümədə bu ifadə “türk eşşəyi” mənasını verir (Mabon, 2015: 158). Rəqibin bu təhqirinə adətən Traktorsazi azarkeşləri “Fars dili, it dili” irqçi şüarıyla cavab verir. Tehrandakı Traktorsazi-Persepolis matçları adətən qalmaqallarla yekunlaşır.
Bu qarşıdurmalardan ən böyüyü 2010-cu ildə baş vermişdi. 27 iyul 2010-cu ildə Tehranda baş tutan Persepolis-Traktorsazi matçında qarşılıqlı irqçi şüarların səsləndirildiyi matçdan sonra Traktorsazi futbol klubunun azərbaycanlı azarkeşləri ilə İran polisi və etnik fars azarkeşləri arasında şiddətli qarşıdurmalar yaşandı. Toqquşmalarda onlarla azarkeş yaralandı, həbs edilənlərin də demək olar ki, hamısı Traktor azarkeşləri olmuşdu. Traktorsazi oyunları zamanı Azərbaycan millətçiliyinin kəskin formada artmasından narahat olan hakimiyyət, stadiona gələn azərbaycanlı tərəfdarların sayını məhdudlaşdırmağa başladı (Souleimanov, 2011:81). Bununla belə bu gün də klubun Təbrizdəki matçları böyük azarkeş dəstəyi ilə keçirilir. Kütləvi toplaşmaq hüququndan məhrum edilən İran azərbaycanlıları sadəcə bu formada öz dərdlərini dünyaya çatdıra bilir.
Nəticə
Gərginliyə baxmayaraq, hazırda İranda azərbaycanlılar siyasi, hərbi, intellektual, eləcə də dini iyerarxiya da daxil olmaqla bütün sahələrdə təmsil olunurlar. Bundan başqa İranın hazırki dini lideri Əli Xameneyi də yarı azərbaycanlıdır. Bu mənada bu ölkədə azərbaycanlıların vəziyyəti sünni olduqları üçün aşkar ayrıseçkiliyə məruz qalan bəluclarla müqayisədə yaxşıdır. Məhz bu şiə birliyi sayəsində bir çox azərbaycanlı uğurla fars cəmiyyəti içərisində özünə yer tapıb. İran hökuməti bu kimi xüsusiyyətlərə görə azərbaycanlılara qarşı ayrıseçkilik iddialarını qəbul etmir və hökumətin son 40 ildə apardığı siyasətin müxtəlif etnik qrupların iştirak etdiyi İslam dininə söykənən bir siyasət olduğunu iddia edir. İran hökumətinin rəsmi mövqeyinə əsasən ölkənin siyasəti fars çoxluq da daxil olmaqla hər hansı bir xüsusi etnik mənsubiyyəti özündə əks etdirmir, rəsmi dil olan fars dili isə İranın ənənəvi mərkəzləşdirilmiş modelinin qorunmasının davamı kimi istifadə olunur. Bununla belə hazırda bu ölkədə hökumətin azərbaycanlı, kürd və bəluclarla bağlı ciddi problemləri qalmaqdadır. İranda hakimiyyətin milli məsələlərlə bağlı hansı formada (yumşaq və ya sərt) tədbirlər görəcəyini isə zaman göstərəcək.
İstifadə edilən ədəbiyyat
İngilis dilində qaynaqlar
YANOW, Dvora ve SCHWARTZ-SHEA, Peregrine (2015) Interpretation and Method: Empirical Research Methods and the Interpretive Turn
HOWARD, Roger(2004), Iran in Crisis?: Nuclear Ambitions and the American Response
HOOD, Roger və HOYLE, Carolyn (2015), The Death Penalty: A Worldwide Perspective
MABON, Simon (2015), Saudi Arabia and Iran: Power and Rivalry in the Middle East
LITVAK, Meir (2017),Constructing Nationalism in Iran: From the Qajars to the Islamic Republic
SHAFFER, Brenda,(2002) Borders and Brethren: Iran and the Challenge of Azerbaijani Identity, Massachuetts:MIT Press.
RAKEL, Eva (2008), Power, Islam, and Political Elite in Iran:A Study on the Iranian Political Elite from Khomeini to Ahmadinejad, Londra:Brill
CORNELL, Svante E.(2015), Azerbaijan Since Independence, Londra:Routledge.
GHEİSSARİ, Ali (2009), Contemporary Iran: Economy, Society, Politics
RADMEHR, Duman S. və AZARİ, Azra (2015), Deprivation from Learning Mother Tongue and Its Effects on Azerbaijani Turk Children in Iran
International Federation for Human Rights, (2015), The Hidden Side of Iran: Discrimination Against Ethnic and Religious Minorities
MİRVAHEDİ, Seyed Hadi (2019), The Sociolinguistics of Iran’s Languages at Home and Abroad: The Case of Persian, Azerbaijani, and Kurdish, s. 10
SOULEİMANOV, Emil və KRAUS, Josef (2017), Iran’s Azerbaijan Question in Evolution: Identity, Society, and Regional Security.
KHALİLİ, Mostafa (2016), A comparative study of ethnic identity among Azerbaijani speakers in the Islamic Republic of Iran and the Republic of Azerbaijan, Ritsumeikan Journal of Asia Pacific Studies Volume 34.
WARREN, John K. (2016), Evaporites: A Geological Compendium
SOULEIMANOV, Emil (2011) The Evolution of Azerbaijani Identity and the Prospects of Secessionism in Iranian Azerbaijan.
Rus və Azərbaycan dilində qaynaqlar
ЮНУСОВ, Ариф (2007), Азербайджан в начале XXI века: конфликты и потенциальные угрозы.
HACIYEVA, Yeganə, (2017), İran İslam inqilabından sonra cənubi azərbaycanlıların ana dili uğrunda mübarizəsi: 1979-2005-ci illər
Elektron qaynaqlar
Civil protests erupt in Iranian Azerbaijan,
(https://eadaily.com/en/news/2015/11/10/civil-protests-erupt-in-iranian-azerbaijan), 10 Noyabr, 2015.
Iran fears uprising in Tabriz (Our afterword).
(http://azeridaily.com/analytics/13026), 17 noyabr, 2015
«Mən türkəm» şüarını yazan məktəbli yenidən həbs olundu.
(https://www.azadliq.org/a/452521.html ), 19 iyun, 2008
Some schools in Iran starts teaching Azerbaijani language.
(https://apa.az/en/asia-news/teaching-of-azerbaijani-language-started-in-some-schools-in-iran-293309 ), 23 sentyabr, 2019
Oxunmalı daha nələr var
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.