Təqribən, 2,6-2,5 milyon il davam edən dördüncü mərhələ 4,5 milyard ildi mövcud olan Yerin qlobal tarixi fonunda həddindən artıq qısa görünür. Bu mərhələni antropogen də adlandırırlar, çünki, məhz, onun başlaması ilə məməlilər arasında yeni növ – insan və ya antropoloqların latınca adlandırdıqları kimi desək, Homo meydana çıxıb. Antropogen dövrü bütün müasir bəşəriyyət üçün bu gün də davam edir.
Mənimsənilməsi çətin olan ümumdünya bəşər tarixini bır sıra elmlər araşdırır, ancaq bu istiqamətdə ən vacib rol iki predmetə – tarixə və arxeologiyaya məxsusdur. Qeyd edim ki, bu “qohum” elmlərin duetində belə, alınan mənzərə son dərəcə qəribə, hətta hardasa gerçəklikdən uzaq təsiri bağışlayır: Ümumdünya tarixinin əsas rəsminin proporsional örtüyündə həlledici pay – 99,9% (!)- arxeologiyanın nəzarəti altındadır. Bu elmin paradiqmasının genişlənməsi Köhnə və Yeni Dünyanın gözyetməz ənginliklərində və uzun zaman kəsiyində bizə inanılmaz rəngarəng mədəniyyətlər bəxş edir.
Bəşəriyyətin Afrikadakı beşiyi
Son zamanlar, demək olar ki, bütün elm icması, ən erkən, primitiv, ilk populyasiya addımlarını atan insan fərdlərinin Afrika qitəsində meydana çıxdıqları fikri ilə razılaşırlar. Əslində bütün bəşəriyyətin əsl beşiyini də orda görürük. Belə ki, insandan əvvəlki hominid – avstralopiteklərin təkamül prosesinin ilk izləri, məhz, orda üzə çıxıb. O vaxtlar zahiri görkəminə görə Homo, hominid fəsiləsindən olan digər qonşularından -şimpanzelərdən, qorillalardan və oranqutanlardan xeyli fərqlənirdi. Lakin bu qırılma prosesində ən əhəmiyyətli şeyi gözardı etmək mümkün deyildi: Digərlərindən fərqli olaraq, Homo alətlər düzəldə bilirdi. O alətlər sadə və qaba görünməsinə baxmayaraq, artıq iki tərəfdən məqsədyönlü şəkildə yonulmuş, kənarları işlənməkdən itilənmiş daş parçaları idi. Ki, digər hominidlərin əlləri belə şey düzəltməyə uyğun deyildi. Amma gəlin, özümüzə belə bir sual verək: o uzaq zamanlarda Homoların kardinal transformasiyasına səbəb olan, ya da ən azından, buna təkan verə biləcək nə isə baş vermişdimi? Bütün hallarda bu metamorfozalar Yer kürəsinin taleyində həlledici rol oynamışdı.
Və fərz edilən o nə isə ya yeni həyatın cücərməyə başlamasından əvvələ təsadüf etməliydi, ya da onunla paralel baş verməliydi. Bu baxmdan, diqqətimizi hər şeydən əvvəl Aralıq dənizinin tarixi və taleyi cəlb edir. Nisbətən yaxın zamanlarda “Təbiət”in müəllifləri K.N.Nesis və A.V.Byalko bu tip hadisələrə müraciət ediblər. Onların məqalələrindən ibarət toplu “Aralıq dənizi necə qurudu və ondan sonra nələr baş verdi” adı altında dərc olunub. Sözü müəlliflərə verək.
“Çoxdan məlumdur ki, Yer planeti tarixinin son mərhələlərində baş verən ən dramatik hadisələrdən biri – təxminən, 6 milyon il əvvəl, miosen dövrünün sonlarında Aralıq dənizinin təcrid olunması və tamamilə qurumasıdır.
Bundan əvvəl Aralıq dənizi əvvəlcə Hind, sonra isə Atlantik okeanından ayrılmağa başlayıb… (…) Həmin dövrdə Cəballütariq boğazı hələ mövcud deyildi. Aralıq dənizi dibində iki kilometr qalınlığında duz toplanmış şoranlığa çevrilmişdi. (…) Bir qədər sonra Cəbəllütariq boğazı açılır və keçmiş dənizə şəlalə axmağa başlayır. Bu, planetimizin tarixindəki ən nəhəng şəlalə idi: 800 metr hündürlüyündə və su axını Niaqaradan yüzlərlə dəfə çox!
Son dərəcə sürətlə – geoloji zaman miqyasında bir anda – Aralıq göl-dənizi, dəniz suyu ilə dolur və Atlantik okeanın körfəzinə çevrilir. Həmin an geoloji tarixdə miosen dövrünün sonu və pliosen dövrünün başlanğıcı kimi qeyd olunur”.
Maraqlıdır ki, yuxarı miosen dövründə Aralıq dənizinin tamamilə quruması ilə bağlı fikri hələ 60-cı illərdə rus alimi, Asuan bəndinin inşaatında baş geoloq işləyən İ.S.Çumakov demişdi. Həmin vaxt Nilin məcrasında eninə kəşfiyyat qazıntıları aparılırdı və orda bir neçə milyon il əvvəl Nil çayının 800 metr dərinliyi olan kanyonla axdığını göstərən çöküntülər tapılmışdı. Ki, bu da Nili Şimali Amerikadakı məşhur Qrand-Kanyonla yaxınlaşdırırdı. Dənizin quruması ilə bağlı ideya, məhz, belə yaranmışdı.
“Aralıq dənizinin quruması və sonra yenidən intibahı Yer iqliminin tarixi və Dünya dənizinin hidrologiyasında böyük rol oynayıb. (…) Dəniz quruduğu zaman iqlim quraqlıq olur, meşələri çöllər əvəz eləyirdi, sonra da əks proses baş verirdi. Afrikada meşələrin azalması insanın əcdadının ağaclardan düşüb ayaqla gəzməyə keçməyinə təkan verə bilərdi. Sonralar avstroleptiklərin və insanın başlanğıcı olan qol da, məhz, həmin vaxt ayrılıb.”
Bu hissənin yekunu olaraq əlavə edim ki, Aralıq dənizində baş verən nəhəng kollapslarla ən qədim insan növlərinin əlaqəsini isbat etmək çətindir: birbaşa faktlar və materiallar hələlik çox azdır və məməlilərin yeni növünün ilk addımları indi son dərəcə etibarsız görünür. Amma, yəqin ki, parçalardan ibarət bu təsirli mənzərənin yanından ötüb keçmək doğru olmazdı, çünki Afrika materikinin bütün nəhəng şimal bölgəsi bir çox hallarda Aralıq dənizinin nəhəng hövzəsindən asılıdır.
Afrika arxantropları
Avstralopitek-hominidlərin evolyusiya prosesi arxantropların yaranmasına gətirib çıxardı. Bu ən qədim insan növlərinə paleoantropologiyada Homo habilis, H.erectus və H.ergaster adları verilib. Ki, latıncadan tərcümədə “dik yeriyən” və “bacarıqlı” (alət düzəltməyi bacaran) insan deməkdir. Onların emal olunmuş daş çınqıllarla müşayiət olunan skeletlərinin ən erkən fraqmentləri Cənubi və Şərqi Afrikada tapılıb. Çox güman ki, hominidin Homoya təkamülündə, məhz, bu bölgənin geoloji faktoru böyük rol oynayıb. Yəqin ki, Afrikanın qoruq bölgələrindən olan Olduvay dərəsini (Tanzaniyanın şimalında) insanın əcdadları ilə bağlı ən məşhur yerlərdən biri hesab etmək olar. Sözügedən dərə, bəşər tarixinin ilkin mərhələsi üçün son dərəcə vacib sayılır, daşın emalı ilə bağlı ilk mədəniyyətə də oldovan adı verilib. Ola bilsin ki, daş dövrü və ya paleolitin ən qədim mənbələri, məhz, burda cəmlənib. Hətta, demək olar ki, paleoantropoloqlar təkcə Afrika beşiyinə aid materiallar əsasında ikiayaqlıların müxtəlif növlərində – avstralopitek- hominidlərdən tutmuş habilislə H. erectusa və müasir H. Sapiensə qədər – beyin həcminin dəyişməsi ilə bağlı əlaqəni göstərə biliblər. Bioloji göstəricilər və mədəniyyətlərin sosial nailiyyətlərinin xarakteri arasındakı bu korrelyasiya bəşəriyyətin inkişafındakı proqresi anlamaq üçün həddindən artıq mühüm göstəricidir. Planetimizdə bəşər mədəniyyətlərinin – Homo mədəniyyətlərinin (HOMM) tarixi arxantropların, məhz, bu növləri ilə yaranmağa başlayır.
HOMM-un əsas komponentləri
Sözügedən tipin mədəniyyəti ifadəsi altında səciyyəvi biososial fenomeni nəzərdə tuturuq. Ki, onun da daxili strukturunu dörd son dərəcə mühüm komponent müəyyənləşdirir. Onlardan ikisi- bioloji və sosial komponentlər endoqamdır. İlk baxışda bu iki komponentin öz arasında uzlaşması çətin görünür, çünki burda iki həddindən artıq təzadlı dünya – heyvanlar və insanlar aləmi əcaib şəkildə bir-birilə qovuşub. Lakin reallıqda onların sıx və əslində əbədi sarsılmaz simbiozu şübhə doğurmur.
Bioloji endoqam komponent. HOMM-un daşıyıcısı rolunu bioloji formalaşmanı təmsil edən kifayət qədər konkret antropoloji qrup və ya dəstə -məsələn, tayfa, ya da klan – oynayır. Belə populyasiya, onu əhatə edən digər qrupların fonunda bioloji, o cümlədən genetik əlamətlərinin kiçik, yaxud böyük xüsusiyyətləri ilə fərqlənə bilər. Adətən, belə əlamətləri üzə çıxarmaqdan ötrü tədqiqatçılar, territorial və xronoloji baxımdan yaxın antropoloji qrupları müqayisə etməyə üstünlük verirlər. Hərçənd bu cür məkan-zaman yaxınlığı qətiyyən əhəmiyyət kəsb etmir: min kilometrlərlə məsafələrə yayılmış miqrasiyalardan danışarkən diqqətəlayiq paralelləri son dərəcə uzaq, fərqli zamanlarda mövcud olmuş qruplar arasında da tapmaq mümkündür. Hər bir fenomenin bioloji fundamentini, məhz, bu cür rəngarəng əlamətlər kompleksi təşkil edir.
Sosial endoqam komponent istənilən HOMM-un strukturunu təyin edir. O özünü Homonun konkret populyasiyasında – məişətin təkcə maddi yox, həm də mənəvi formalarına hədəflənmiş yaradıcılıqda daha aydın büruzə verir. Buna görə də, “mədəniyyət” anlayışı ən vacib əlamət qismində mütləq şəkildə onun mövcudluğunu və ya məişət modelini nəzərdə tutur. Eyni zamanda qeyd etmək lazımdır ki, hər bir mədəniyyətin xüsusiyyətlərini və özünəməxsusluğunu üzə çıxarmağı qarşıya məqsəd qoyanda, əksər hallarda sosial komponentin xassələri bioloji əlamətlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə daha əhəmiyyətli və daha ifadəli olur. Hərçənd fərqlər, adətən, yalnız böyük rəsmdə, çox sayda fərqli mədəniyyətlərin müqayisəsi zamanı üzə çıxır.
Digər iki komponent artıq zahiri və ya ekzoqamdır. Heç bir mədəniyyət zamandan və məkandan kənarda mövcud deyil. Odur ki, ekzoqam komponentlər mütləq diqqət çəkir: onlar hər bir HOMM-un əsas strukturlarına bu və ya digər şəkildə təsir edir.
Geoekoloji ekzoqam komponent, sözsüz ki, həm HOMM-un strukturunun təməl elementlərinə, həm də onun bütün görkəminə son dərəcə güclü təsiri olan komponentlərə aiddir. Hər bir mədəniyyətin ixtiyarında – məskunlaşdığı bölgədə, bir qayda olaraq, onun fiziki mövcudluğunun əsas təminatçısı rolunu oynayan müəyyən bir quru parçası (müxtəlif su mənbələrinə malik olan) olur. Mədəniyyət üçün belə bir ərazinin əhəmiyyəti, birinci, onun geoloji quruluşunun özünəməxsusluğu və yeraltının geoloji-mineroloji tərkibi, ikinci, canlı təbiətin xarakteri – bitki və heyvan aləmi – ilə müəyyənləşdirilir. Mədəniyyət üçün əlçatar olan, həyatı təmin edən metodlar, onların daşıyıcılarının, sahib olduqları torpaqların sərvətlərini reallaşdırmaq imkanlarını təyin edir.
Bu komponentin rəqib mədəniyyətlərə hədsiz təsirinin isbata ehtiyacı yoxdur. Məhz, buna görə də, məqalənin əvvəli Aralıq dənizi bölgəsindəki kollapslarla bağlı dəyişikliklərə, antropogenezin erkən evolyusiyasında gedən proseslərə həsr olunub. Belə ki, hətta ən qədim pleystosen buz dövründə də Avrasiyanın şimalındakı – nəhəng buz qabığının yaxınlığında – arxantropların sağqalma üsulları Ekvatorial Afrikanın populyasiyası üçün səciyyəvi olan üsullardan kəskin fərqlənirdi. Ya da, məsələn, xalqların böyük köçləri tez-tez onların alışdıqları geoekoloji landşaftların kardinal şəkildə dəyişməsi ilə nəticələnirdi və bu da miqrasiya edən mədəniyyətlərin ilkin məişət modellərində kəskin dəyişikliklərin baş verməsinə gətirib çıxarırdı. Nəhayət, insanın onu əhatə edən təbiətə fəal təsiri faciəvi antropogen fəlakətlərlə nəticələnə bilərdi – və bu, nadir hal deyildi. Öz növbəsində, sonuncu hal, həmin fəlakətlərin ortasında qalan konkret mədəniyyətlərin xarakterində və varlığında öz əksini tapırdı. Hərçənd, bütün bunlar öz təsirini Ümumdünya tarixinin çox sonrakı dövrlərində – industrial və postindustrial- maksimal, ancaq kədərli şəkildə göstərməyə başladı. Bütün planetin təbiətinə və iqliminə olan antropogen təsirlər sürətlə artırdı. Ki, bu da BMT çərçivəsində artıq qlobal xarakter almış belə problemlərə xüsusi diqqət ayrılmasını tələb edən bir sıra, sözün əsl mənasında həyəcan təbili çalan sənədlərin qəbul olunmasına təkan verdi.
Dördüncü xronoloji ekzoqam komponent əvvəlkilərdən – iki endoqam və ekzoqam komponent – son dərəcə fərqlənir. Çünki o, maddi xarakter daşımır və virtuallığın bəzi əlamətlərinə malikdir. Bu komponent HOMM-un strukturlarında kifayət qədər müstəqildir, çünki insan üçün tamamilə əlçatmaz olan səmavi-kosmik təzahürlərlə əlaqəlidir. Ona görə ki, zamanın istənilən hesablanma üsulu həmişə səmavi ritmlərə istinad etməli və tamamilə ondan asılı olmalıdır. Məsələn, bəşəriyyəti əhatə edən geoekoloji mühitdə baş verən və planetlərin hərəkətindən asılı olan kardinal dəyşikliklərin ritmləri kosmosla əlaqəlidir. Bununla belə, bütün icmalar öz rəngarəng təqvim sxemlərini qururdular. Təbii ki, ən primitivindən başlayaraq onların hamısı formaca tamamilə fərqli olurdu. İnsanlar vaxtın hesabını həmişə ya geridə qalan günlərin, ya da, məsələn, keçən mövsümlərin – qış, yay, qış-yay – sayı ilə aparırdılar. Sonuncu, mahiyyətcə, illərin hesablanması deməkdir. Bunsuz, mədəniyyət üçün əlamətdar olan hansısa bir halı, hadisənin, ya da şəxsiyyətin- zaman uzaqlığını, yaxud, bu və ya digər sosiumun ulu əcdadının əfsanəvi qədimliyini təyin etmək mümkün deyil.
İlk baxışda xronoloji komponentin HOMM strukturlarının təməl detallarına təsiri, məsələn, geoekoloji komponentin təsirləri qədər aydın, düzxətli deyil. Lakin onun təsiri mədəniyyətin mənəvi sərhədlərində öz əksini tapa bilər, hətta bugünə qədər tapır. Müasir elm, planetimizin 4,5 milyard il qədim, bəşəriyyətin isə 2,5 milyon yaşı olduğunu deyir.
2,5 milyon il ərzində planetimizdə baş verən nəhəng dəyişikliklər insan mədəniyyətlərinin simasında və xarakterində öz əksini tapıb. Təəssüf ki, bu uzun tarixin ən erkən mənbələri bizə çox hallarda HOMM-un, insanların qədim antropoloji növləri və nəsilləri ilə bağlı aydın olmayan əlamətlərini verir. Bununla belə, yenə də ötəri baxanda hesab eləmək olar ki, bəşər övladının ən qədim nümayəndələrinin mədəniyyətlərinin, insanın xeyli sonrakı növlərinin – müasir insana qədər- mədəniyyətləri ilə detallı müqayisəsi o qədər mümkün və tutarlı deyil. Lakin bu ehtimalı lazımi qədər əsaslandırılmış hesab etmək olmaz. Bunu bütün HOMM-ların – hətta ilkin formalar daxil olmaqla ən müxtəlif zamanlara aid olanların da – təməl strukturlarının elementləri arasındakı aşkar bənzərlikləri göstərməklə isbatlamağa çalışaq. Çünki son nəticədə biz öz mənşəyimizi və “hamımızın ordan çıxdığını” unutmamalıyıq.
Naməlum Avrasiya və iki erkən miqrasiya dalğası
Habilis, H. ergaster və H. erectus3-ün ən aktiv qrupları, məhz, Afrikadakı beşiyindən şimala və cənuba, Avrasiyanın gözyetməz torpaqlarına doğru hərəkət eləyib. Paleolitlə bağlı sahənin aparıcı alimlərindən biri, akademik A.P.Derevyanko yazır: “Adətən, araşdırmaçılar erkən paleolit dövründə Afrikadan çıxan iki qlobal miqrasiya dalğasını fərqləndirirlər, ancaq onları müxtəlif xronoloji intervallara aid edirlər”. Araşdırmaçının fərziyyələrinə görə, “Afrikadan Avrasiyaya birinci qlobal miqrasiya dalğası 2-1,5 milyon il əvvəl başlamışdı. Homo ergaster – Homo erectus öz “yuvasını” tərk eləyir və onun sərhədlərindən kənara doğru irəliləyir. Ki, bununla da Böyük Köçün və deməli, planetin insanlarla məskunlaşması kimi fövqəladə dərəcədə əhəmiyyətli hadisənin başlanğıcını qoyur.”
Bu hadisənin “fövqəladə əhəmiyyətli” kateqoriyasına aid edilməsi ilə razılaşmamaq mümkün deyil. Bəşər tarixində bir neçə böyük köç olub və onların hamısı əvvəlki dövrlərdəki HOMM-un böyük rəsmində kəskin – üstəlik hər zaman nəhəng ərazilərdə -qırılmalara gətirib çıxarıb. Bu da, bir qayda olaraq, vahid materikin çərçivəsində baş verən nəhəng miqrasiya axınlarında öz əksini tapırdı. Belə axınlar qitələrin sərhədlərini aşanda bütün Yer üzündə mədəniyyətlərin qlobal mənzərəsi kəskin dəyişikliklərə məruz qalırdı.
Hər halda, afrikalı “qonaqların” Avrasiyada peyda olmasının ən erkən sübutları Yaxın Şərqdə üzə çıxarılan, təxminən, 1,4-0,9 milyon il əvvələ aid arxeoloji və antropoloji tapıntılar olub. Afrikalı miqrantlar Avropanın cənub bölgələrinə – Qafqaz, Balkanlar, İberiya yarımadası – daha gec daxil olublar: əsasən, 0,6-0,4 milyon il əvvəl. Bunu bizə insanın əcdadlarının şimala ikinci böyük miqrasiya dalğasının tarixi göstərir. Uzaq Şərqdə də “pekinli” adlandırılan insan və ya sinantrop, təxminən, eyni vaxtda peyda olub, hərçənd bəzi tapıntıları daha erkən mərhələlərə də aid etmək mümkündür.
Pioner-miqrantları Avrasiyanın şimalında tamamilə fərqli – həm geoekoloji, həm də iqlim baxımından – bir dünya gözləyirdi. Onun sonsuz genişliklərində təkcə yeni məkanlara alışmaq yox, həm də o vaxta qədər görünməmiş və ikiayaqlıların müdaxiləsinə qarşı bacardığı qədər müqavimət göstərən heyvanlar aləmi ilə mübarizə aparmaq lazım idi. Dağ silsilələrinin və vadilərin ucqarları nəhəng buzluqlarla örtülü idi. Buz dağları isə afrikalı Homonun daxil olduğu dünyanı tərk etdiyi landşaftlardan kəskin fərqləndirirdi. Hərçənd zaman-zaman buzlaşma istiləşmə ilə əvəz olunur, buzlar müvəqqəti geri çəkilirdi, ancaq sonra hər şey yenidən təkrarlanırdı.
Ekvatorial Afrikadan olan köçkünlərin gözlənilməz və sərt yenilikləri qəbulu, onlara uyğunlaşması bizi heyrətləndirməyə bilməz. Dərhal ağıla filkimilər fəsiləsinin ən parlaq nümayəndələrindən biri – şimali-avrasiyalı mamontun hekayəsi gəlir, hərçənd, cənublu “qohumlarından” fərqli olaraq, o, sıx və uzun tüklərlə örtülüdür. Çoxillik və minlərlə kilometrlik miqrasiyanın tarixi bizi istər-istəməz Afrika landşaftına qətiyyən bənzəməyən yerdə məskunlaşmış bu nəhəng heyvanlarla Şimali Avrasiyanın soyuq iqliminə uyğunlaşmağı bacarmış insan arasında paralellər aparmağa meylləndirir. Yeri gəlmişkən, bir məqamı qeyd edim: Əksər tədqiqatçılar güman edirlər ki, şimal mamontlarının nəslinin kəsilməsində, məhz, paleolit ovçuları son dərəcə vacib rol oynayıblar. Bəlkə, həqiqətən, belə olub?..
Neandertalların sirləri
Özündə ilk iki böyük miqrasiyanın yükünü daşıyan arxantropları neandertallar, ya da paleoantropologiya elminin adlandırdığı kimi desək, Homo neanderthalensis əvəz elədi. Erektusun bioloji evolyusiyası ilə əlaqələndirilən sözügedən növ, Şərqi və Cənubi Afrikada – sələflərinin məskunlaşdığı bölgələrdə də peyda oldu. İnsanın bu növü öz adını 1856-cı ildə Düsseldorf yaxınlığındakı Neandertal vadisində yerləşən Feldhover mağarasında tapılmış ilk və əlamətdar eksponatdan götürüb. Həmin eksponat, o vaxta qədər paleoantropoloqlara məlum olmayan Homonun yeni növünün öyrənilməsi prosesinə təkan verib.
Neandertallar, məşhur mustyer mədəniyyətinin daşıyıcıları çıxdılar. Arxeoloqlar onların, çaxmaq daşlarının emalı üsullarında aşkar texnoloji innovasiyalar göstərdiklərini, daş silahların əvvəllər məlum olmayan formalarına sahib olduqlarını qeyd edirdilər.
Sözügedən bioloji evolyusiyanın ilk əlamətləri, təxminən, 400-350 min il əvvəllərə aid edilir, amma bu tarixləri də yekun nəticə hesab etmək hələlik tezdir. Antropoloji əlamətlərdə baş verən ciddi dəyişikliklər yalnız Avrasiyanın qərb hissəsində, əsasən, Avropada öz əksini tapıb. Lakin orda çox-çox sonralar – təqribən, 150-120 min əvvəl meydana çıxıb. Qitənin şərq hissəsində – Altaylardan şərqə doğru – hələ də bilavasitə neandertallara aid olan qalıqlar tapılmayıb. Çox güman ki, neandertalların Avropada peyda olmasını üçüncü böyük miqrasiya dalğası hesab etmək olar. Hazırda bəşəriyyətin mənşəyini araşdıran elmdə monosentrizm tamamilə dominant olmadığına görə, avropalı neandertalların afrikalı mənşəyi, demək olar ki, müzakirəsiz qəbul edilir. Lakin onların taleyi, Homo sapiens adlandırılan müasir insanla antropoloji anlamda bağlılığı barədə qızğın müzakirələr davam edir.
Əgər neandertalların afrikalı mənşəyi haqqında yekun nəticəni qəbul etsək, onların Avropada peyda olması paleolitlə bağlı terminlər və məfhumlar arasında ən məşhuru olacaq. Hərçənd, Avropa universitetləri mühitində alçaldıcı “neandertal” ləqəbi natamam bir şey anlamında istifadə olunur. Yəqin ki, məhz, bu baxımdan neandertallar haqqında kifayət qədər nüfuzlu insanlar tərəfindən verilmiş bir neçə təzadlı dəyərləndirmələr xeyli maraqlı ola bilər. İlk sözü məşhur ingilis yazıçısı, çox sayda elmi-fantastik əsərlərin müəllifi Herbert Wellsə və akademik Derevyankoya verək. Britaniyalı klassik öz fikirlərini 1920-21-ci illərdə, Derevyanko isə yaxınlarda – 2012-ci ildə dərc etdirib.
Wells “Sivilizasiya tarixi haqqında oçerklər” kitabının səkkizinci fəslini belə başlayır: “Neandertalların əslində necə göründükləri barədə bizə heç nə məlum deyil. Güman ki, onlar yeni insanlara (sapienslər) həddindən artıq eybəcər təsir bağışlayıblar; yəqin, elə bu səbəbdən qarışma (cinsi) baş verməyib. Hədsiz tüklülük, meymun boynu, uzuntüklü sallaq qaşlar və dar alın, əyilmiş uzunqollu fiquranın iyrənc təsir bağışlaması normal idi. Güman ki, (onlar) əhliləşdirilməsi mümkün olmayan vəhşi xarakterə sahib olublar.”
“Tüklü, qorxunc, maskaya bənzər böyük sifət, geniş qaşüstü, alın deyilən şeydən əsər-əlamət yox, əlində böyük bir daş sıxıb, başını insan kimi düz tutmaq əvəzinə babuin kimi qabağa uzadaraq hərəkət edir… Yəqin ki, qarşılaşdıqları vaxt o bizim əcdadlarımızı çox qorxudub”, – Wells 1921-ci ildə nəşr olunmuş “The Grisly Folk” (“Qorxunc xalq”) adlı digər “antineandertal” əsərində yazırdı.
Gəlin, hələlik neandertalların bioloji-antropoloji xarakteristikasını davam etdirək. Bu növ bir çox cizgiləri ilə sapiensə yaxınlaşmışdı. Onun kəllə qutusunun həcmi, demək olar ki, müasir insanınkı ilə eyni idi. Bəzi paleoantropoloqlar iddia edirlər ki, insan orqanizminin strukturundakı bu açar orqanın orta çəkisi neandertallarda sapiensin kəllə qutusunun çəkisindən çox ola bilər (cüzi). Bu yerdə cavabsız qalan bir sual yaranır: bəs niyə bu “beyin üstünlüyü” bizdən uzaqlarda qalmış tarixi reallıqda özünü müsbət istiqamətdə büruzə verməyib? Sapienslərin sələflərinin digər o qədər də vacib olmayan zahiri cizgiləri daha böyük vücuddan xəbər verir.
İndi isə neandertalların zahiri görünüşlərini rahat buraxaq və mənəvi nailiyyətlərinə diqqət yetirək. Burda ön plana açıq şəkildə tayfadaşlarının məqsədyönlü basdırılmasından xəbər verən nekropollar çıxır. Bu fakt son dərəcə əhəmiyyətlidir: o, bizə neandertalların, insanların ölümdən sonra düşə biləcəkləri başqa bir dünya haqqında tutqun düşüncələrə malik olduğunu göstərir. Arxeoloqlar, neandertalların dövrünə qədər bu təcrübənin izləri ilə rastlaşmamışdılar. Dəfn məqsədilə düşünülmüş şəkildə hazırlanmış çuxurlar, məhz, həmin dövrdə tapılmışdı.
Şübhəsiz ki, Sima de los Huesos mağarasını arxeologiya baxımından sözügedən dövrə aid ən əhəmiyyətli tapıntı hesab etmək olar. İspaniyanın şimalında yerləşən bu mağaranın adı ispanca “Sümüklü uçurum” deməkdir. Özünəməxsus formaya malik olan mağaranın dibində mağara ayısının sümükləri ilə yanaşı çox sayda – 5 mindən yuxarı – insan sümüklərinin qırıqları tapılmışdı. Onlar həm neandertala, həm də onun sələfi olan H. Heidelbergensis-ə (haydelberq insanı) məxsusdur. Tədqiq olunmuş qalıqların, ən azı, 28 individə aid olduğu müəyyənləşdirilmişdi. Torium-uran analizinin nəticələrinə əsasən, onların 530 min, hətta bəlkə 600 min il yaşı vardı. “Sümüklü uçurum”da 1976-cı ildən bu günə qədər fasiləsiz və detallı qazıntılar aparılır.
Neandertal antropoloji fəsiləsinin bütün digər sirləri artıq müasir görünüşlü insanların – H. Sapiens-in planetimizin qərb hissəsində peyda olması ilə bağlı meydana çıxan kəskin suallarla əlaqəli olacaq. İş ondadır ki, mütəxəssislərin böyük əksəriyyəti neandertalları sapienslərin ilkin qolu saymağa meylli deyillər.
Hətta çoxları belə hesab edir ki, bu iki növ cinsi baxımdan o qədər də uyğun deyildi və onların övladları bəzi patoloji cəhətləriylə fərqlənirdilər. Burdan elə nəticə çıxa bilər ki, bəşəriyyətin evolyusiyası prosesində neandertallar ölü qol olublar. Odur ki, bu istiqamətdə meydana çıxan bütün açar suallar Homonun sonrakı qollarına yönəldilib.
Homo sapiens-in kökləri hardadır?
Təbii ki, Afrikada və Avrasiyaya da ordan keçiblər. Sözügedən məsələ ilə məşğul olan tədqiqatçıların – arxeoloq və paleoantropoloqların böyük əksəriyyəti yuxarıdakı suala belə, ya da təxminən, buna bənzər cavab verirlər. “Afrika tərəfdarlarının” çoxluğu bizi təəccübləndirməməlidir: bu, Homonun mənşəyi, onun əsas növləri ilə bağlı afrika monosentrizmi nəzəriyyəsinə tamamilə uyğun gəlir. Üstəlik, sanki genetiklər də bu fikri dəstəkləyirlər.
Derevyankonun fikrincə, monosentrizm, sapiensin planetimizdə avtoxton populyasiyanın, hibridizasiyanın, həmçinin assimilyasiyanın dəyişməsi vasitəsilə yayıldığını iddia edir. Nüvə DNT-si və mtDNT (mitohondrial DNT), afrikalıların genetik baxımdan müxtəlifliyini isbatlayır. Genetik araşdırmalara və onların müasir insanın mənşəyi ilə bağlı məsələnin həllinə verdikləri töhfələrə hörmətimə rəğmən, eyni tədqiqatçılar tərəfindən əldə olunmuş fərqli nəticələrə diqqət yetirmək lazımdır. (Eyni ildə eyni müəlliflərin əks nəticələr göstərən məqalələri çıxa bilir). Təəssüf ki, genetiklər də, antropoloqlar da tez-tez arxeologiyanın məlumatlarına laqeyd qalırlar.
Derevyanko yalnız bir şeylə razılaşır: reallıqda monosentrizmin tərəfdarları sadəcə sayca üstündürlər. Akademik isə özünü qızğın polisentristlərin sırasında görür. O, diqqətini inkişafın dörd əsas qoluna yönəldir. Alimin fikrincə, Yer üzündə sapiensin yayılması və hökmranlığının təməlində onlar dayanır. Sözügedən qolların hamısı Homo erectus sensu latoya, yəni bu növün geniş mənasında homo erektusa uzanır. Bu, o deməkdir ki, sapienslərin formalaşmasının əsas prosesləri Homo erectusun bazasında və paralel olaraq Şərq yarımkürəsinin dörd böyük bölgəsində baş verib: ilkin olaraq, təbii ki, Avropada, sonra Cənubi Avropa, Şərqi və Cənub-şərqi Asiyada və nəhayət, Şimali və Mərkəzi Asiyada.
Ancaq belə görünür ki, 80-20 t.i.ə. intervalında Afrikadan, Şərqi və Cənub-şərqi Asiyanın avtoxton əhalisinin assimilyasiyasına səbəb olacaq güclü miqrasiya axını baş verməyib. Çin-malaziya bölgəsində həm industriyanın, həm də insanın anatomik tipinin təkamülü erektoid formalar əsasında baş verirdi. Bu hal, həmin ərazidə formalaşan müasir insanı Homo sapiens orientalensis alt növünə aid etmək imkanı verir.
Bu müzakirə çərçivəsində polisentrizmin lehinə başqa nə əlavə etmək olar? Hər şeydən əvvəl açıq-aşkar fərqləndirilə bilən üç insan irqinin mövcudluğu faktını: yəni, neqroidlər (qaradərililər), monqoloidlər (sarıdərililər) və nəhayət, ağdərililər və ya ingilisdilli elmi ədəbiyyatın adlandırdığı kimi desək, qafqazoidlər. Onların anatomik fərqləri hətta diletant müşahidəçilər üçün də kifayət qədər aşkardır. Onların vahid genetik mənşəyə, sürətli, üstəlik, çoxyönlü evolyusiyaya malik olduqlarını təsəvvür etmək həddindən artıq çətindir.
Planetin qlobal mənimsənilməsi
Başlanğıcı XVI-XVII əsrlərə təsadüf edən populyasiyanın sonuncu böyük köçünə qədər olan ən mühüm miqrasiyalar, nəhəng Avro-Afrika materikinin sərhədlərini aşmağı bacaranlar sayılır. Xalqların bu axını daha iki qitənin torpaqlarını əhatə edirdi – Avstraliyanın və şimaldan cənuba doğru uzanan nəhəng Amerikanın. Qitələrarası miqrasiyaların hamısını istisnasız olaraq Homo sapiens həyata keçirmişdi. Yer üzünün şimal yarımkürəsinin nəhəng buz qatı ilə örtülü olması (miqrasiyalar pleystosen, yəni buz dövrünün finalına düşürdü) artıq baş tutmuş miqrasiyaların uğurunda böyük rol oynayırdı. Doğrudur, bu fikir həddindən artıq paradoksal səslənir – nəhəng buz qatları və insanların naməlum, ayaq dəyməmiş qitələrə köçünün uğuru?.. Lakin reallıqda həqiqətən belə idi: sonsuz buzlaqlar Dünya ökeanının suyunu, sözün hərfi mənasında, sümürürdü və okeanın səviyyəsi 100-150 metr aşağı düşmüşdü. Materik sahillərinin dibi üzə çıxır, qitələrin sahəsi genişlənirdi. Bu da köç edən populyasiyanın sahil torpaqları ilə irəliləməsinə imkan yaradırdı. Buzlar əriməyə başlayanda okeanın səviyyəsi qalxdı və bir vaxtlar açıq olan yollar yenidən bağlandı. Ancaq bu, artıq holosen erasında baş verdi.
Bu böyük köçü biz beşinci hesab edəcəyik. Beşinci böyük miqrasiya özünü bir-birilə əlaqəsi olmayan iki əhəmiyyətli dalğada büruzə verir. Onlardan biri, Asiyanın cənub-şərqi ucqarlarından irəliləyərək bir-birilə bağlı iki yarımadadan – nəhəng Hindçin və uzunsov Malakka yarımadalarından keçirdi. Daha sonra isə az qala, tamamilə qurumuş Malakka boğazı, yanaşı düzülmüş Sumatra, Yava, Yeni Qvineya adalar həlqəsi ilə davam edirdi. Sonuncu, Avstraliyanın şimalında yerləşən York burnu, nisbətən kiçik, bir-birinə yaxın məsafədə sıralanmış adalarla örtülü Torres boğazı ilə birləşirdi. Belə görünür ki, miqrantların ən vacib marşrutları, məhz, burdan keçirdi.
Avstraliya marşrutunun şimal hissəsi insanlar tərəfindən, sözügedən köçlərdən xeyli əvvəl mənimsənilmişdi. Holland həkimi Eugène Dubois 1890-1891-ci illərdə, məhz, Yava adasında qazıntılar zamanı tapdığı arxantropa məxsus kəllə və bud sümüyü parçalarının antropoloji əhəmiyyətini də, xarakterini kifayət qədər dəqiq qiymətləndirmişdi. Adada tapılan sümük qalıqları zamanla bütün dünyada tanındı, lakin “yava pitekantropu” adı ilə. Dubois qalıqlara o dövrdə qəbul olunmuş elmi tərzdə Pithecantropus erectus və ya dik yeriyən meymun-insan adını vermişdi.
Avstraliyada ilk asiyalı insanların nə vaxt peyda olduqları ilə bağlı son dərəcə ziddiyyətli fikirlər mövcuddur. Lakin hazırda kifayət qədər geniş xronoloji intervala – 60-40 min il əvvəllərə uyğun gələn arxeoloji materiallar ən erkən və əksəriyyət tərəfindən qəbul olunmuş sayılır.
Dünya tarixi üçün daha böyük əhəmiyyət kəsb edən ikinci miqrasiya dalğası özünü Asiyanın şimal-şərq ucqarında Homo qruplarının aktivləşməsi ilə büruzə verir. Təxminən, 20-15 min il əvvəl ilk paleolit köçkünlər okean sularından azad olmuş Berinqiya sahilləri ilə Çukotkadan Alyaskaya doğru irəlilədilər. Asiyalı miqrantların şərqə uzanan yolu və hərəkət şərtləri ilə Homonun, Avstraliyanın cənub çöllərinə axını arasında həddindən artıq ciddi kontrast vardı. Birincilərin yolu buz qatları ilə örtülmüş narahat məkanların səltənəti idi. Köçkünləri sərt tundra, ya da ondan o qədər də fərqlənməyən meşə- tundra əhatə edirdi və onlar qətiyyən tanımadıqları yerlərlə irəliləyirdilər.
Çox maraqlıdır ki, arxeoloqlar Çukotkanın özündə – köçkünlər üçün başlanğıc olan yerdə – hələ də sözügedən miqrasiya dalğaları ilə bağlı hansısa ciddi materiallar tapa bilməyiblər. Çox güman ki, bu məlumat yetərsizliyinin səbəbi sadəcə lazımi qədər araşdırma aparılmaması deyil. Qədim insanların əsas hərəkət marşrutları sahillərdən keçirdi (yəni hazırda dənizin dibində qalmış yerlərdən), yaşayış üçün uyğun olmayan bölgələr isə zəif mənimsənilmişdi.
Köçkünlərin ilk addımları Beringiya və Alyaskaya toxunmuşdu. Lakin çox sürətlə, az qala, Amerikanın cənub ucqarlarında da insanın izləri peyda oldu. Məsələn, Çilinin cənubunda yerləşən paleolit Monte Verde dayanacağının radiokarbon analizləri onun, təqribən, 15 min əvvəl mövcud olduğunu göstərib. Bundan əlavə, qitənin şimal və cənub hissələrindəki paleolit abidələrin radiokarbon analizlərinin ümumi mənzərəsi də dörd minilliyə – 16-cı minillikdən 12-ci minilliyə qədər – uyğun gəlir. Bu zaman ərzində köçkünlər təkcə Sakit okeanın sahilləri boyu 20 minə yaxın son dərəcə ağır marşrutu mənimsəməyə nail olmuşdular. Halbuki hələ mərkəzi bölgələr, o cümlədən Atlantika yaxınlığındakı geniş ərazilər qalırdı. Miqrantlar irəliləməyə Çukotka-Beringiya-Alyaska qütb bölgəsindən başlamış, yolun ortasında tropiklərə daxil olmuş, marşrutun sonunda isə onları yenidən Antarktidadan o qədər də uzaq olmayan Odlu Torpağın soyuq mənzərələri əhatə etmişdi.
Beləliklə, avstralopitekdən müasir insana qədər uzanan sürətli bioloji evolyusiya haqqında hekayənin sonuna yaxınlaşdıq. H. habilis, H. erectus və H. ergaster-dən H. sapiens-ə qədər antropoloji “pionerlərin” bütün ilkin qrupları Şərqi və Cənubi Afrikanın genişliklərində yaranmış, ordan da ardıcıl dörd dalğa ilə şimala, Avrasiyaya doğru yola çıxmışdılar. Miqrantların beşinci dalğası – onlar avrasiyalı sapient qruplardan ibarət idilər – birinci Avstraliyaya daxil olmuş, daha sonra isə Amerikanı da mənimsəmişdi. Məhz, o vaxtdan başlayaraq Homo növünün primatları həddindən artıq heyrətamiz bir sürətlə bütün Yer planetində ikiayaqlıların hökmranlığını təmin etdilər.
Prof. Yevgeni Nikolayeviç Çernıx
Tarix elmləri doktoru,
Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun təbii-elmi metodlar laboratoriyasının müdiri
elementy.ru
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.