Müsahibimiz uroloq-androloq, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıldır. Vasif bəylə əksəriyyətin maraqlandığı, amma soruşmağa cəsarət etmədiyi kişi seksuallığı, cinsəl problemlər haqqında danışmışıq.
Vasif bəy, deyəsən, statuslarınızın birində yazmışdınız ki, urologiya çox maraqlı sahədir və xeyli maraqlı məsələləri araşdırır. Bunu oxuyanda nədənsə pasientləri üzdən yox, vaginalarından ayırd eləyən ginekoloqla bağlı lətifə yadıma düşdü. Sizin sahəyə aid də belə lətifələr varmı?
Ümumi cərrahiyyənin bir prinsipi var: cərrahlar xəstəni üzdən yox, gördükləri işdən, əməliyyat kəsiyindən tanıyarlar. Bu, ümumi cərrahiyyə, ümumiyyətlə, həkimlik üçün ümumi bir lətifədir və gerçək payı var. Əslində həkimin yadında qalmaq xəstənin çox xoşuna gəlir, özlərini əhəmiyyətli hiss eləyirlər, amma bu, həkimlik işi üçün əngəl törədir. Bütün xəstələri yadda saxlamaq olmaz. “Mümkün deyil” yox aa! Olmaz, yaxşı əlamət deyil. Çünki biz təəssüratlarla qalırıq, təəssürat bol olanda isə səhv eləmək ehtimalı artır. Urologiya cüt orqanlarla işləyir və səhvən sağ yerinə solu, sol yerinə sağı kəsə bilərsən. Ona görə də, bizdə xəstə otağa girir, onun qeydiyyatı aparılır. Xəstə otaqdan çıxandan sonra həmin qeydiyyat kağızda olur, amma beyində qalmır, xəstəni unutmaq lazımdır. Bu bizim işdə yüksək peşəkarlıq sayılır.
Trierin “Nimfoman” filmində Şarlotta Ginzburqun hiperseksual qəhrəmanı genitaliyalara əsasən kişi xarakterinin morfoloji təsnifatını hazırladığını deyirdi. Sizin sahədə orqanlara görə insanların xarakterini müəyyənləşdirmək mümkündür? Ya da, heç buna cəhd eləmisiniz?
Yox, mən cəhd eləməmişəm, çünki bizim yanımıza gələn insanların konkret problemləri var və o problemləri həll eləməlisən. Biz həmişə ona istiqamətlənirik. Düzdür, biz nəzəriyyə qurmağı, təcrübə keçirib sınaq qoymağı da sevirik. Hər bir insan sevir. Amma həkimlikdə bunu eləyə bilmirik, çünki burda söhbət konkret olaraq insan həyatından, sağlamlığından gedir və sən onu mütləq təsdiqlənmiş metodla həll eləməlisən. Bu mənada biz işimizə iş kimi yanaşırıq. Təbabət də elm olduğu üçü burda da təcrübə, sınaq kimi şeylər, əlbəttə ki, olmalıdır, amma bunları etməyin də bir etik qaydası var. Mütləq bir qrup şəklində eləməlisən, etika komissiyasından icazə almalısan və sair.
Elə böyük miqyasda nəzərdə tutmuram. Özünüz üçün qeyd elədiyiniz göstəricilər…
Bu sualı ilk dəfə indi eşitdim, bəlkə beş-altı saat fikirləşsəm, yadıma nəsə düşər, amma indi yox.
Azərbaycan cəmiyyətində qadın seksuallığının tabu olması məlumdur, hətta aksioma kimidir. Digər tərəfdən qadın seksuallığı eyni zamanda həm ən çox müzakirə olunan, həm də ən çox mənfi reaksiya alan mövzulardan biridir. Əslində isə kişi seksuallığı da tabudur, amma bu mövzuya, demək olar ki, toxunulmur. Sevdanın bununla bağlı bir yazısı da vardı: “Kişi bədəni qıtlığı”. Orda yazır ki, Azərbaycanda ana-bacı kultu, namus-qeyrətin sırf qadına proyeksiya olunması çox güclüdür, ancaq, misal üçün, ədəbiyyatda, kinoda qadın bədəni, qadın seksuallığı qabardılır, kişi bədəni isə yox. Sizcə, bunun səbəbi nədir?
Biz həmişə Azərbaycan cəmiyyətini digərlərindən ayırırıq. Amma mən Azərbaycan cəmiyyətini Qafqaz məntiqi içində incələməyi çoxdan özümə bir qayda kimi qoymuşam. Bəli, biz qafqazlıyıq. Qafqazın bütün xalqları ortaq mədəniyyət və ortaq düşüncə tərzinə malikdir. Mənim fikrimcə, birinci, bunu yadda saxlamaq lazımdır. Əlbəttə ki, Azərbaycan cəmiyyətini unikal eləyən xüsusiyyətlər var, amma biz qafqazlıyıq. Ona görə də bu gün mən öz cəmiyyətimizə aid məsələləri anlamaq istəyəndə İrana, Turana, ya da rusa baxmıram. Gürcüyə, çeçenə baxıram. Ləzgilərin, avarların necə yaşadığına baxıram. İmkan dairəsində balkarlara, osetinlərə, inquşlarla çeçenlərin münasibətlərinə, onların ailə quruluşuna baxıram.
Ermənilərə baxmırsınız? İnquş, osetin – çox uzağa getdiniz, qonşularımızı demədiniz.
Ermənilərlə məsələ bir az fərqlidir. Bu mənim şəxsi fikrimdir. Onlarda anadolu mədəniyyəti hakimdir. Anadolu mədəniyyəti isə bizə aid deyil. Məsələn, Anadoluda bizə yaxın xalq lazlardır. Hətta Anadolunun kürdləri belə, bizə daha yaxındılar. Yadınızdadırsa, Paşinyan Şuşada yallı rəqsi oyanmışdı. Mən onun oynadığı yallını görən kimi dedim ki, onlar bu coğrafiyaya yaddılar. Hətta bu barədə yazmışdım. Qafqazın hər yerində yallı oynayanda əl-ələ tutarlar, qolboyun yallı oynamaq Anadoluya xas xüsusiyyətdir. Düzdür, bu fikrə etiraz eləyənlər də oldu. Onlara dedim ki, öz yerlərinizə baxın, siz bu yallını ancaq Ağdabanda, maksimum Amasiyaya qədər görə bilərsiniz. Amasiyadan şimala doğru belə yallı görməyiniz mümkün deyil. Hamı əl-ələ tutuşaraq yallı gedir. Məsələn, biz zor-xoş ərəblərlə birlikdə yaşamışıq, monqollarla yaşamışıq, min illərlə farslar, yəni perslərlə yaşamışıq, amma farslaşmamışıq, ərəbləşməmişik, qafqazlılığımızı qorumuşuq. Odur ki, Qafqaz eyvanından baxanda ermənilərdə bir yadlıq görürəm, ona görə, onların adını çəkmədim.
Qayıdaq sualınıza. Qafqaz patriarxal bir yerdir. Təbii ki, dünyada yeganə patriarxal yer deyil, başqa partiarxal cəmiyyətlər də var, hətta cəmiyyətlərin əksəriyyəti patriarxaldır. Əvvəllər mən patriarxallığın səbəblərini sosiologiya, humanitar elmlərlə izah eləməyə çalışırdım. Çünki mən Qafqazdakı patriarxallığı sevirəm, bunu özümünkü kimi görməyə çalışıram, amma eyni zamanda onun dəyişməli olduğuna da birmənalı şəkildə inanıram və bunun üzərində də çalışıram. Əslində patriarxallığın səbəbi bizim cəmiyyət quruluşundan qaynaqlanır. Biz primatıq və mənşəcə Afrika cəngəlliklərində ortaya çıxıb inkşaf eləmiş primatlardan gəlirik. Ən qədim primatlar tropik meşələrdə yaşayırdılar. Orda yemək ilboyu boldur, yəni yemək axtarmağa, yetişdirməyə, ov eləməyə ehtiyac yoxdur. İlk primatlar, maksimum həşərat ovlayırdılar, ya da ağacda bitən meyvəni dərib yeyirdilər. Təhlükə də yoxdur, çünki sən ağacda yaşayırsan. Cəngəlliklərə şir girməz. Bircə göydəki qartaldan qorxursan, ancaq ağaclar bir-birinə o qədər yaxındır ki, onlar da sənə bir şey eləyə bilmir.
Yəni ilk primatlar, əslində, cənnətdə yaşayıblar. Qidası bol olan, təhlükəsiz yerdə yaşayan primat cəmiyyətlərində matriarxat hakimdir. Buna ingiliscə “female bonding” deyilir, yəni ailə qadın xətti ilə böyüyür. “Female bonding”də uşaqlar doğulur, erkək övladları ailədən qovulur, çünki erkəklərə ehtiyac yoxdur, onu kənardan dəvət eləyirlər. Zamanla primatların məkanı, yaşam şərtləri dəyişir və onlar təhlükə ilə üzləşdiyi zaman ilk dəfə patriarxallıq meydana gəlir. Məsələn, ilkin meymunlara – ki, onlar bu gün də yaşayırlar – baxsanız, dişi ilə erkək arasında elə böyük fərq görməzsiniz. Boyları da bir-birinə yaxındır, üzdən də bir-birinə bənzəyirlər. Biz bunu “seksual dimorfizm” adlandırırıq (canlı növlərində erkək və dişilər arasında fərqlilik – red). İlk meymunlarda seksual dimorfizm ya yoxdur, ya da çox zəifdir. Təhlükə meydana çıxanda seksual dimorfizm yaranır: erkəklər daha çox böyüməyə başlayırlar. Çünki erkəyin əsas hormonu testosterondur, o da əzələ kütləsini artırır. Əgər qida azdırsa və onun uğrunda vuruşmaq lazımdırsa, təhlükə də çox böyükdürsə, primatlarda patriarxallıq daha da güclənir. Bu, məsələn, şimpanzelərdə və bonobolarda özünü göstərir. Onlar da öz dişilərini qovurlar və icmalarına kənardan dişi gətirirlər. Bu artıq tipik “male bonding”dir- yəni proses kişi xəttiylə davam eləyir. Burda erkəklərdən ibarət qruplar olur və onlar hərəmxana saxlayırlar. Yəni üç-dörd əmiuşağı, qardaşlar və sairdən ibarət qrupun yeddi-səkkiz dişisi olur.
Biz hələ meymunlardan danışırıq, hə?
Hə. Amma insanlar, yəni ilk homo cinsi savannada inkişaf eləyib. Orda təhlükə çoxdur, qida üçün də vuruşmaq lazımdır. Savannanın daha bir xüsusiyyəti var. Əgər sən övladına qulluq etməsən, onu itirəcəksən. İnsanı digər meymunlardan ayıran ən böyük fərq budur: erkək fərd öz övladının inkişafında iştirak etməlidir. Mən bunu özümdən demirəm. Bu, artıq biologiyada, xüsusilə də gender biologiyasında qəbul olunmuş bir nəzəriyyədir. Biz insanlar da şimpanzelər kimiydik. İki-üç qardaş birləşib beş-altı qadına vaxt xərcləməkdənsə, bir kişi bir qadına qulluq eləməyə çalışır ki, uşağı yaşasın. Bu, insan cəmiyyətinin, əslində, anadangəlmə patriarxal olduğunu göstərir. Sivilizasiya inkişaf etdikcə, qida çatımlığı artıq hər kəs üçün bərabərləşəndə, təhlükə məsələsi də qanunlar və mədəniyyətlərlə tənzimlənəndə insan avtomatik olaraq ilkin genetik kodlarına, ilk meymunlara qayıdır, cəmiyyət matriarxallaşır. Likin matriarxallaşmış cəmiyyət, bir balaca təhlükə ilə üzləşsə, qida problemi yaransa, cəmiyyət yenə avtomatik patriarxal olacaq. Yəni məsələnin bioloji kökləri bundan ibarətdir.
Mənim də qafqaz patriarxallığını sevməyim o demək deyil ki, onu olduğu kimi qorumaq lazımdır. Ümumiyyətlə, mədəni memlər bütlər deyil. Onlar mütləq dəyişdirilə bilər və bunda cəmiyyət üçün təhlükəli heç nə yoxdur. Qafqaz patriarxallığı da mütləq insan haqları konvensiyasına uyğunlaşdırılmalıdır. Sadəcə Qafqaz həmişə təhlükəli olub, burda qida üçün vuruşmaq lazımdır. Sizə bir nümunə göstərim. Bir dəfə Kazbek dağına dırmaşmağa gedirdik, Qudauridən keçəndə bir gürcü ailəsi gördüm. Kişi qabaqda kərənti ilə ot biçirdi, həyat yoldaşı da başını bağlayıb, onun arxasında ot yığırdı. Öz-özümə dedim ki, buna bax e, qadın da kişiylə birlikdə işləyir. O vaxt nədənsə ərəblər beynimdən çıxmırdı. Düşündüm ki, bəs ərəblərdə qadınlar niyə işləmirlər? Orda qadının görəcəyi iş nədən ibarətdir? Maksimum keçi sağmaq, dərini cilalamaq. Bunların hamısını evin içində də eləyə bilər. Əgər qafqazlı öz qadınına ərəb kimi davransa, ac qalacaq. Bu, mümkün deyil. Qafqazda qadın mütləq evin iqtisadiyyatında iştirak eləyəcək. Sən qoyun otarmağa getmisənsə, ləklərdəki göyərtini qadın yığıb satacaq. Odur ki, “mən bu qadını heç kimə göstərməyim, çadraya bürüyüm” kimi söhbətlər Qafqazda keçməyəcək. Amma ərəblərdə bu, mümkün idi.
“Çoğrafiya taledir” ifadəsi yadıma düşdü.
Bəli, bəli. Coğrafiya insanın taleyini, mədəniyyətini müəyyənləşdirir. Əslində insanlıq tarixində dolaşan belə mədəni memlər – bu da Riçard Dokinzin sözüdür –çoxdur. Hər kəs öz coğrafiyasına uyğun memləri toplayır. Optimal olarsa, memlər orda yaşayır, inkişaf eləyir. Amma o memlərdə səhv olarsa, optimal olmazsa, zatən başqa mədəniyyətlər tərəfindən silinib gedəcək. Mən də Azərbaycan cəmiyyətini həmişə Qafqaz paradiqması içərisində görməyə alışmışam.
Və bu paradiqmada kişi seksuallığı niyə tabudur?
Bəli, əslində Qafqazda kişi seksuallığı, kişi bədəni tabusu daha böyükdür, çünki kişi atadır, qoruyucudur. Ancaq bunun iqtisadi səbəbi də var – motivasiya. Bir araşdırmanın nətiləcələrini deyim. Demək, bir qrup kişiyə müxtəlif səhnələr göstərirlər – tək qadın, iki qadın, tam cinsi əlaqə və sair. Sonra onların motivasiyasını ölçürlər. Məlum olur ki, qadın bədəni görəndə – hansı səhnə olur-olsun, fərqi yoxdur –kişilərin motivasiya dərəcəsi dəhşət qalxır. Sonra qadınlardan ibarət qrupa müxtəlif səhnələr göstərilir. Onlara qadın da, kişi də, lesbiyan əlaqə də göstərəndə cinsəl istəkləri artır. Kişilərdə isə bu, yalnız qadın bədəni görəndə baş verir. İki nəticəni cəmləşdirəndə məlum olur ki, əgər sən nəyisə satmaq istəyirsənsə – istər yazı olsun, istər film, istər musiqi, istər hansısa əşya – orda mütləq qadın obrazı olmalıdır və o, mütləq bir az seksual göstərilməlidir. Bu işin iqtisadiyyatı budur.
Bayaqkı sualın davamı olaraq… Kişi seksuallığı tabu olduğu üçün kişilərin problemləri, şikayətləri də müzakirə olunmur, belə mövzuları dilə gətirməkdən çəkinirlər. Yəqin ki, onların da kifayət qədər problemləri var. Kişiləri ən çox nə narahat eləyir?
Cinsi orqanın ölçüsü. Mənim bloqumdakı statistikanı görməlisiniz. Mən çoxdandır, bu mövzular haqqında yazıram, çünki xeyli suallar alıram və izah eləməyə çalışıram. Mənim şəxsi fikrim hələ elm demək olmadığına görə də, mövzunu mütləq araşdırıram. Elə hallar olub ki, araşdırmalarımın nəticələri şəxsi fikrimə zidd çıxıb. Onda fikrimi özümə saxlamışam və elmdə olan konsepsiyanı ortaya qoymuşam. Deməli, bloqda ən çox oxunan yazılardan biri qadınların ən çox nələrdən həzz aldıqları haqqında idi.
Maraqlı göstəricidir.
Bloqun o vaxtkı vəziyyətinə görə, oxunma sayı həddindən çox idi. Hətta öz-özümə dedim ki, bəs camaat bu barədə danışmağı ayıb bilirdi, nə oldu? Axtarış motorları, fb-dən gələnlər aydındır, amma vatsapdan nə qədər giriş vardı?! Bu, o deməkdir ki, məqaləni vatsapda bir-birilərinə göndəriblər, kimlərsə linki ordan açıb oxuyub.
Ən çox oxunan digər məqaləmsə cinsi orqanın ölçüləri haqqında idi. İş ondadır ki, mənim yanıma cinsi orqanın ölçüsündən şikayətçi olan insanlar gəlir. Əksəriyyəti tələbələrdir, pulları azdır. Bir də görürsən, 19 yaşında bir oğlan qalxıb rayondan basa-basa gəlib bura. Kim bilir, o pulu kimdən alıb?! Gəlib hələ burda qəbul pulu da ödəyir, sonra utana-utana, kəsilə-kəsilə qarşımda oturur, mən də ona müəyyən sözlər deyirəm, baxır ki, boş yerə gəlmiş kimi oldu. Mən də düşündüm ki, qoy bir video çəkim, camaata hər şeyi izah eləyim, onlar da baxsınlar, dinləsinlər, nəyin niyə olduğunu anlasınlar, bir də qalxıb o boyda zəhmət və xərc çəkməsinlər. Bunu həm video kimi çəkdim, həm də öz bloqumda yazı şəklində yerləşdirdim. Yutubda da ən çox baxılan videomdur, artıq 3 milyonu keçib. Amma bilirsiniz, ən maraqlısı nədir? Müraciətlər dəfələrlə artdı. Halbuki mən onlar azalsın, camaat boşuna xərc çəkməsin, vaxt itirməsin deyə hazırlamışdım onları. Bu sualı iki il əvvəl mənə versəydiniz, deyəcəkdim ki, nə danışırsınız, ən maraqlı mövzu qadınların cinsəl həyatıdır və sair. Artıq fikrim dəyişib. Bəli, oğlanların, kişilərin ən böyük dərdi cinsi orqanlarının ölçüsüdür. Bu da başadüşüləndir, çünki…
Vasif bəy, çox üzr istəyirəm, sözünüzü kəsməli olacam. Sadəcə statistika qismində: bölgələrdən, yoxsa şəhərdən müraciət daha çoxdur? Bir də yaş həddini bilmək istəyərdim.
5- 45 yaş arası. Valideynlər beş yaşlı uşaqlarını gətirirlər. Məsələn, bu yaxınlarda 12 yaşlı oğlanı müayinə etmişəm, əmisi gətirmişdi. Ailələr buna fikir verir.
Beş yaşlı uşağın penisi zatən balaca olmalı deyil? O yaşda gələcəkdə necə olacağını bilmək mümkündür?
Mən də bunu deyirəm də. Amma insanlar razılaşmırlar, deyirlər ki, mənim uşağımınkı balacadır. Və ən çox da analar gətirirlər. Həftədə, heç olmazsa, iki on yaşından balaca uşaq qəbul eləyirəm, orqanlarının balaca olduğunu düşünüb yanıma gətirirlər. Bu, faktdır. Məncə, kişilərin ən böyük dərdi budur. Və bu, sadəcə avamlıq məsələsi deyil. Hər halda mən belə baxmıram. Biz hamımız, birinci, genetikamızdan gələn emosiyalarla, ikinci, ailəmizdən öyrəndiyimiz emosiyalarla, üçüncü, cəmiyyətimizdən öyrəndiyimiz emosiyalarla qərar veririk. Mən bu məsələni araşdırmağa başlayanda gördüm ki, eyni mövzuyla bağlı dünyanın hər yerində məqalələr yazılır, yəni eyni problem dünyanın hər yerində mövcuddur. Bu gün kişi cinsiyyət orqanının ölçüsünün persentil əyrisi – yəni normativ ölçüsü var. Bu, nə deməkdir? Məsələn, barmaq ölçülərinin persentil əyrisi yoxdur. Maksimum, barmağın qalınlığına baxırsan. O da niyə? Çünki, məsələn, üzük düzəldib satırlar, yəni bunun iqtisadi əhəmiyyəti var. Göz rənginin persentil əyrisi yoxdur. İnsan boyu üçün, çəkisi üçün var. Və artıq cinsi orqanın həm qalınlığının, həm uzunluğunun persentil əyrisi var. Bu, o deməkdir ki, sözügedən məsələ son dərəcə populyardır və dünyada xeyli insan bu işlə məşğul olub, xeyli insanın cinsi orqanı ölçülüb. Persentil əyrisini çıxartmaq üçün on minlərlə ölçü götürməlisən, dörd yüz-beş yüz ölçü ilə persentil əyrisi təyin olunmaz. Üstəlik bu məsələni özünə yerli-dibli dərd eləməyən insanları ölçməlisən.
Bu gün cinsi orqanın ölçüsünün persentil əyrisinin mövcudluğu o deməkdir ki, dünyada ən populyar mövzulardan biri budur. Ona görə də mən öz insanıma, “buna bax e, işləri-gücləri yoxdur, gör, nə ilə məşğul olurlar?” deyə bilmərəm. Hərçənd deyirəm. Adətən, yanıma gələn ailələrə deyirəm ki, gedin, uşağın dərsiylə, təhsiliylə məşğul olun, belə şeylərə fikir verməyin, çünki bu mənim işimdir, mən həll eləyəcəyəm. Penis ölçüsünün kiçikliyi problemi həqiqətən var, amma çox azdır. On min insandan üç-dördündə, bəzən də min insandan üç-dördündə olduğu deyilir. Penisi kiçik saxlayan bəzi səbəblər, xəstəliklər var. Amma ümumi götürəndə, təbabətdə penisin ölçüsü ilə bacarıq, uğur arasında əlaqə tapmayıblar.
Yanınıza gələnlərdən bunu niyə istədiklərini soruşursunuz? Məsələn, uşaqlarını gətirən valideynlərdən.
Əvvəllər soruşurdum.
Necə izah eləyirlər?
Heç nə. Başqasında niyə elədir?!
Söz düşmüşkən, ölçünün əhəmiyyəti məsələsi mifdir, yoxsa doğrudur?
Ölçünün əhəmiyyəti mifdir. Və bir maraqlı nüans da deyim: ölçüsü tam normal, hətta ortalamanın bir az üstündə olan insanlar daha çox şikayət eləyirlər. Bu, çox qəribə bir şeydir. Ukraynada penisin uzunluğunu və qalınlığını ölçən xüsusi xətkeş almışdım. Bəzən onu yanıma gələnlərə verirəm, deyirəm, ölç. Normalda bunu mən eləməliyəm, amma özlərinə həvalə eləyirəm. Görsün ki, mən heç nəyə qarışmıram. Baxır ki, orda “yevrostandart” yazılır. Çoxunun ölçüsü elədir, axı?! Deyirəm, qardaş, sən kimdən artıqsan, niyə səninki daha uzun olmalıdır? Ya da çox istifadə elədiyim başqa bir müqayisə var. Deyirəm, qardaş, sən Şvartsneqqersən? Niyə onun kimi əzələlərin yoxdur? Deyir, yox. Deyirəm, tamam, Şvartsneqqer deyilsənsə, bu, o demək deyil ki, ondan pis oğlansan, sən həyata belə bax. Penis ölçüsünün kompleksə çevrilməsinə, əsasən, üç şey səbəb olur: ya ailədə gördükləri – yəni ailədə ölçünü müqayisə eləyirlər, ya dostlarında gördükləri. Amma bunun problem həddində artmasının altında yatan ən əsas səbəb pornolardır. Pornoya baxırlar, ordakı ölçüləri görürlər, sonra da depressiyaya düşürlər ki, niyə ordakı mənimkindən böyükdür?! Şvartsneqqerə necə reakiya verirsinizsə, buna da elə reaksiya verməlisiniz. Onlar aktyordular və bu da kinodur.
Dediniz ki, təbabət penisin ölçüsü ilə bacarıq, uğur arasında əlaqə tapmayıb və seksual həzdə ölçünün əhəmiyyəti mifdir. O zaman bu, texnika məsələsidir, yoxsa fitri istedaddır?
Texnika məsələsidir.
Yəni penisi uzatmaq yerinə seksual maariflənmək lazımdır.
Bəli. Məsələn, mən bu problemlə yanıma gələnlərdən hansı dilləri bildiklərini soruşuram. Bu, nəyə lazımdır? Otururam, aypədi, ya da kompyuteri açıram, tanışlıq, cinsi münasibətlərlə bağlı xeyli, özü də pulsuz kitablar olduğunu göstərirəm. Deyirəm, ay qardaş, mən bu kitabların çoxunu oxumuşam. Səncə, bunları oxuyanla oxumayan eyni ola bilər? Pulsuzdur, gir, sən də oxu. Demirəm ki, get, filan yerdə axtar. O insanların çoxu psixoloji cəhətdən nevrotik olduqları üçün onlara elə söz deyə bilməzsən, effekti az olacaq. Ona görə də bir az səhnələşdirilimiş formada interneti açıram, yerini göstərirəm. Əlbəttə, rus və ingiliscə bilməyən insanlar üçün çox çətindir, çünki azərbaycan dilində bu mövzular, demək olar, işlənməyib. Mən müəyyən məsələləri bacardığım qədərilə, bir az da öz üzümü və öz abrımı gözləyərək yazıram. Amma bu, yalnız mənimlə olan iş deyil. Üstəlik, mənim məhsuldarlığım da hər şeyə cavab verə biləcək qədər yüksək deyil. Kimlərsə bu işə qoşulmalıdır və bu məsələləri yazmalıdır. Türkcə də belə kitablar azdır, amma var. Sadəcə türkcə gərək axtarasan, tapasan, pul ödəyəsən, amma rus və ingilis dillərində internetdən pulsuz tapmaq mümkündür. Bəli, onları oxumaq, o kitablardakı müəyyən fəndləri, yanaşmaları öyrənmək insanın texnikasını, bacarığını xeyli yüksəldir. Hətta keyfiyyətli seksual aktı öyrədən xüsusi kurslar da var və bəzilərinin videoları açıqdır. Yəni öyrənmək istəsələr, internetdə hər şey var. Seksual əlaqəni, cinsi münasibətin keyfiyyətini yaxşılaşdırmaq, yeni texnikaları öyrənmək üçün yutubda rusların çox yaxşı videokursları var. Açın, baxın, öyrənin də! Mütləq nəsə öyrənəcəksiniz. İnsanlara demək istədiyim budur.
Həsən Quliyevin “Arxetipik azərilər” kitabından bir fikir yadıma düşdü: “Azərabaycanlılar özlərini elə aparırlar ki, guya ümumiyyətlə, sekslə məşğul olmurlar, ümumiyyətlə, onlar üçün seks deyilən şey mövcud deyil. Olmayan bir şeyi də təhlil eləmək, araşdırmaq çox çətindir”. Doğrudan, elədir.
Həqiqətən elədir.
Bizim cəmiyyətimizdə ailə münasibətləri alınmayanda, uşaq olmayanda tərəflərdən yalnız qadının günahlandırılması uzun illər problem kimi mövcud olub. Yenə də belə tendensiya var?
Çox azalıb. Mən ilk illəri xatırlayıram. 1992-2003-cü illərdə Türkiyədə yaşamışam, orda oxumuşam. 2003-cü ildən bəri Azərbaycandayam və bu tendensiyanın xeyli azaldığını görürəm. Ancaq mən başqa şey söyləyəcəyəm. Bax, biz “azərbaycanlı, azərbaycanlı” deyirik, guya lağ eləyirik. Amma bilirsiniz, mənim gördüyüm bu 17 ildə Azərbaycanda cəmiyyət nə qədər dəyişib? Xəstələrimiz dəyişib. İndi insanlar daha məsuliyyətli, daha səliqəli olublar. Yəni, əslində, insanlar ağıllı adamların dediklərini eşidirlər. Ona görə də, maarifləndirmək lazımdır. İndi bəziləri deyəcək ki, yaxşı, maarifləndirək, amma onları sevərək, xətirlərinə dəymədən maarifləndirək. Yox, bəzən xətirlərinə də dəyəcəksən. Bu gün bu cəmiyyətdən çıxmış bir insanın, bir azərbaycanlının bu cəmiyyəti məzəmmət eləməsində heç bir problem görmürəm. İstəyir məzəmmətlə, istəyir mehribanlıqla, istəyir başını sığallayaraq bu maarifləndirməni etmək vacibdir.
Sualınıza qayıdıram. Bu gün ailə münasibətlərinin alınmamasında qızların günahlandırılması xeyli azalıb. Hətta son iki ildə hansısa ailədə bu tendensiyanı gördüyümü xatırlamıram. Əvvəllər kişilər, ümumiyyətlə, həkimə gəlmirdilər. İndi, əsasən, onlar gəlirlər. Əvvəllər mənim qarşımda bir neçə qadın otururdu. Biri o birini göstərib deyirdi ki, bunların uşağı olmur. Soruşurdum ki, bəs oğlan hanı? Deyirdilər ki, nə oğlan, oğlan öküz kimidir. “-Nə olsun öküzdür, gəlsin, bir analiz versin. –Nə danışırsan?” Amma indi təkcə oğlan gəlir. Yanında, maksimum, bir əmisi oğlu, dostu ola bilər. Bu dəfə də qadın yoxdur. Deyirəm, bəs qadın hardadır? Deyir, ona ehtiyac var ki? Deyirəm, bəs necə, mən bəzi sualları qadına verməliyəm. Yəni məsələ ailə ilə bağlıdırsa, hər iki tərəf iştirak etməlidir. Bilmirəm, başqa yerlərdə necədir. Yəqin ki, başqa yerlərdə də dəyişikliklər var, çünki bu gün bu problemlə bağlı məlumatlar çoxalıb. Odur ki, usanmadan danışmaq, yazmaq lazımdır. Düzdür, bəzən gələn reaksiyalardan bezirəm. Amma üç-dörd gün dincələndən sonra təzədən yeni həvəslə girişirəm işə.
Vasif bəy, son vaxtlar yayılan tendensiyalardan biri də sünnətlə bağlıdır. Uşaqlarına sünnət etdirənlərin sayı azalıb və göstərilən səbəblərdən biri də sünnətin seksual həzzi azaltmasıdır.
Bununla bağlı bəzi məqalələr var, amma onların çoxundan şovinizm qoxusu gəlir. Hər elmi məqalə mütləq reallığı əks etdirmir, elmi məqaləni düzgün oxumaq lazımdır. Elmdə mütləqə yaxın qəbul olunan prinsiplər var, amma onları ortaya çıxartmağın müəyyən bir forması mövcuddur. Sünnətin cinsi həzzi azaltdığı fikrini dəstəkləyən məqalələr də var. Amma baxırsan ki, o qədər də inandırıcı sübutlar və dəlillər ortaya qoymurlar. Xeyr, mən sünnət kəmiyyətində azalma hiss eləmirəm. Bunu əminliklə deyirəm, çünki özüm də belə əməliyyatlar eləyirəm. Amma başqa bir tendensiya görmüşəm: bəzi insanlar sünnətdən imtina eləyirlər, ancaq bu, zərərli olduğuna görə deyil. Bu gün dünya elminin, təbabətin sünnətə yanaşması belədir: normal cəmiyyətlərdə sünnətin insana heç bir faydası yoxdur, hətta ümumi götürəndə, cərrahi əməliyyat qismində fəsad yaratmaq ehtimalı olduğuna görə zərərli bir şeydir.
Bu, mülahizədir, yoxsa faktdır?
İsbat olunmuş faktdır. Amma bir şey də var. Dünyanın hər yeri eyni deyil. Məsələn, Afrikanın bəzi yerləri üçün sünnət şərt kimi qoyulur. Onu da deyim ki, sünnət olunmağın təkamül baxımından insanlara böyük faydaları olub. Sünnət cinsi yolla keçən müəyyən infeksiyalardan qoruya bilir, sünnət olunmuş insan cinsi yolla keçən xəstəliklərə, HİV-ə daha az yoluxur və onları daha az yayır. İndi normal cəmiyyətlərdə prezervativlər, antibiotiklər, gigiyena var. Belə şərtlərdə oturub hesablayanda deyirsən ki, bəli, sünnət zərərlidir, məsələn, filankəsin penisini sünnət zamanı zədələdilər. Ancaq gigiyena, qorunma qaydalarının oturuşmadığı cəmiyyətlərdə cinsi infeksiyalardan, HİV-dən qorunmaq üçün sünnət elmi cəhətdən şərt kimi qoyulur.
Ələkbər “Təcavüz fantaziyası” məqalənizə gələn şərhlərdən birinə cavab olaraq “azərbaycanlılarda ana-bacı, qeyrət-namus kultu çox güclüdür, amma nədənsə seksdən, fantaziyalardan və bu tip mövzulardan danışanda dərhal öz ana-bacıları gözləri önündə canlanır, sonra da başlayırlar insanı əxlaqsızlığın təbliğində suçlamağa” yazmışdı. Niyə biz bir tərəfdən ana-bacı-qız-gəlini müqəddəsləşdiririk, digər tərəfdən isə cinsəl mövzuda bir şey eşidən kimi dərhal gözümüz önündə həmin müqəddəslər canlanır və havalanırıq?
Yanılmıramsa, buna benevolent seksizm deyilir. Bir var müsbət seksizm- yəni ana-bacı başımızın tacıdır, qorumaq lazımdır və s. Bir də var mənfi seksizm – məsələn, “qadınların ağlı kəm olur” demək kimi. Seksizm müəyyən miqdarda bütün cəmiyyətlərdə var. Mən o məqaləni yazmaq üçün yeddi-səkkiz məqalə oxumuşam və onların əsasında ortaya bir fikir qoymuşam. Bir də, özlərini elə aparırlar, elə bil biz bu cəmiyyətdə yaşamırıq, ya da bu cəmiyyətdə sosial şəbəkələr və telefon yoxdur. Orda söhbət “sexual koncent” – yəni seksual razılıqdan gedir. Seksual konsentin daha güclü və daha zəif olduğu cəmiyyətlər var. Bir yerdə seksual konsentin güclü olması o demək deyil ki, orda əxlaqsızlıq baş alıb gedir. Bu, o deməkdir ki, bir qızdan xoşun gəlirsə, bunu ona rahat deyə bilərsən. Amma elə cəmiyyətlər, elə sosial qruplar var ki, orda qızla bu barədə danışa bilməzsən, ya da problem yarana bilər. Ki, biz onları görürük, ətrafımızda elə insanlar var.
Mən onlarla söhbət eləyəndə həkim olduğum üçün mənə elə ağlasığmaz şeylər danışırlar ki?! Seksual baxımdan özünü azad hiss eləyən qadınların elə xəyallar qurduqlarını görməmişəm. Bunları həkim olduğum üçün, o məqalələri oxuduğum üçün demirəm. Mən bunu illərlə Azərbaycanda yaşayıb burdakı insanlarla qurduğum ünsiyyətlər nəticəsində anlamışam. Sakit, başıaşağı ev qızıdır deyə, onun seksual fantaziyası yoxdur? Nə danışırsınız? Əsl fantaziya elə ondadır. Digər tərəfdən seksual fantaziyası olmaq pis şey deyil, axı?! Qadının geyiminə, oturuşuna-duruşuna qarışırsan, üstəlik beyninin içindəkilərə də nəzarət eləmək istəyirsən? Daha nə oldu? Əvvəllər şortikin uzunluğuna baxırdıq, indi də onun beyninin içinə girəcəyik? Çox qəribə düşüncələr var.
Bəzi insanların çox güclü seksual enerjisi olur. Biz buna xarizma deyirik. Məsələn, Malena obrazı. Kişilərdən kimi deyim? Heç kim yadıma düşmür.
Bred Pitt.
Yox, heç dəxli yoxdur.
Corc Kluni, Şon Konneri… Ya da Ceremi Ayrons…
Ceremi Ayronsu demək olar.
Məsələn, Şon Konneri mənim kumirim idi, bəzi məsələlərdə – duruş, müəyyən jestlər – özümü ona bənzətməyə çalışırdım. Onu dəfələrlə izləyirdim, güzgünün qarşısında hərəkətlərini təkrarlayırdım və əzbərləyirdim. Bəzi davranışları – sözü demək şəkli, müəyyən pauzaları isə Ceremi Ayronsdan öyrənmişəm. Hələ ingilis dilini çox yaxşı bilmədiyim vaxtlarda oturub Ceremi Ayronsa baxırdım. İndi mən ingiliscə danışanda bəzən britaniya ləhcəsini hardan öyrəndiyimi soruşurlar, deyə bilmirəm ki, uzun illər o aktyorları izləmişəm və sözləri tam başa düşməyəndə intonasiyanı əzbərləyirdim, yəni onları yamsılayıram. Bunlar, modellərdir. İnsan zatən modellərlə düşünür və modellərlə davranır.
Sualıma qayıdım. Seksual enerji- xarizma anadangəlmə olur, yoxsa bunu özündə formalaşdırmaq mümkündür?
Bəli, mümkündür. Seksual xarizmaya, seksual həyata və ya hekayəyə sahibliyi birdəfəlik yox eləyən müəyyən genetik səbəblər – yəni aseksuallıq var. İnsan heteroseksual, homoseksual, biseksual, bir də aseksual ola bilir. Yəni sekslə yerli-dibli maraqlanmır. Bunun ən böyük səbəbi genetikdir. Əgər genetik səbəb varsa, bir az çətindir. Digər hər kəs seksual həyatını öz oriyentasiyasına uyğun şəkildə inkişaf etdirə və çox maraqlı hekayə qura bilər. Amma üstündə çalışmasa, hekayəsi maraqsız da ola bilər.
Və seksual olmaq üçün yeganə çarə kimi penisini böyütmək fikrinə düşər.
Əslində penisi böyütmək mümkündür, amma çox zərərli əməliyyatdır. Mən özüm iki dəfə belə əməliyyat eləmişəm. Penisi böyütmək üçün bəzi hiylələrə baş vururuq. İndi detallarını açıqlamayacağam, ancaq nəticədə penisi həqiqətən iki santimetr uzada, bir-iki santimetr də qalınlaşdıra bilirik. Amma bunun müəyyən fəsadları var. Birinci, əməliyyatdan sonra penis sallanır, yəni sərtləşir, amma dik dura bilmir. İkincisi, penisin başında uyuşma və hissiyatsızlıq yaranır. Yəni əslində adama canlı orqan yerinə bir dəyənək düzəltmiş olursan. Bir insanda penisin ölçüsü müəyyən səbəblərdən həqiqətən kiçikdirsə, yəni doğulanda bəxti gətirməyib və penisi qısa qalıbsa, təbii ki, penisini iki santimetr uzadanda onu çox xoşbəxt eləyirsən. Nə olsun ki, o penis artıq dəyənək kimi işləyir, amma o insana xoşbəxtlik gətirir də! Ancaq penisinin ölçüsü normal olan adamın “iki santimetr böyüdəcəyəm” deyə dəyənək düzəltmək… O insan özünü əvvəlkindən daha pis hiss eləyəcək. Ona görə də, penis ölçüsü altı santimetrdən uzundursa, bu əməliyyat edilmir. Hərçənd bəzi cərrahlar bunu etməyə çalışıblar, amma nəticələri çox faciəvi olub. Məsələn, həbsxanalarda bir prosedur var, müəyyən əlçatan maddələri penis dərisinin altına vurmaqla penisi çox qalınlaşdırmaq və böyütmək mümkündür. Detallara varmayacağam, oxuyub tətbiq eləyərlər, ancaq mən elə adamlar çox görmüşəm, həbsxanalarda bunu çox eləyirlər. Çünki orda dominantlıq qurmaq ehtiyacı daha çoxdur. Və onların axırı çox pis qutarır. Biz elə çox adamın penisini kəsmək məcburiyyətində qalmışıq. İlk bir neçə il həqiqətən çox qəşəng olur, amma sonra çox ciddi problemlər başlayır və penisi kəsməklə nəticələnir. Yəni o şəkildə penisi böyütməyə çalışanlar axırda penissiz qalacaqlar.
Mənim suallarım bitdi. Maraqlı söhbətə görə təşəkkürlər.
Söhbətləşdi: Aygün Aslanlı