Azlogos
  • Kimlər var
  • Bizi tanı

Biz sivilizasiyaya tüpürmüşük S. Baycan: "Azərbaycanlıların dərdi toydur". Ə. Novruzov: "Allah yarasa yeyənlərin bəlasını versin" Homoseksuallıq və homofobiya. Made in Europa İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Çauşesku: edama aparan yol

Tural Həmid Tural Həmid
20 Dekabr 2019

Nikolae Çauşesku 26 yanvar 1918-ci ildə Olt bölgəsində yerləşən Skorniçesti qəsəbəsində kəndli ailəsində anadan olub. On uşaqlı ailənin üçüncü övladı olan Nikolaenin ailəsi olduqca kasıb idi. Onlar elektriksiz kiçik üç otaqlı evdə yaşayırdılar. Çauşeskunun atası Andrutanın üç hektar əkin sahəsi və bir neçə qoyunu var idi. Kasıb olmasına baxmayaraq ata Çauşesku oğluna ibtidai təhsil verə bildi. On bir yaşında Çauşesku böyük bacısının yaşadığı Buxarestə köçdü. Burada o, fabriklərin birində işləyir və eyni zamanda ayaqqabı ustasının yanında şəyirdlik edirdi. Bu dövrdə Çauşeskunun gəliri çox cüzi idi, bu da onu kiçik oğurluqlarla məşğul olmağa məcbur etmişdi.

Nikolae 15 yaşında Rumıniya Kommunist Partiyasının üzvü Aleksandr Sanduleskunun kiçik ayaqqabı sexində şəyird kimi işə düzəlir. Bu dövrdən etibarən Nikolae kommunistlərə qoşulur. 1933-cü ildə Nikolae Rumıniya Kommunist Gənclər Liqası üzvü olduğu zamanlarda həbs edilir. 1939-cu ildə həbsxanadan çıxdıqdan sonra hərbi paradda gənc bir kommunist Yelena Petresku ilə tanış olur. Nikolaenin həbs edilməsi onların evlənməsinin qarşısını alır. Yelena və Nikolae yalnız 1946-cı ildə evlənirlər. Sonradan Yelena Çauşesku Rumıniyanın siyasi həyatına ciddi təsir göstərəcəkdi. İkinci dünya müharibəsi ərəfəsində bütün Avropada olduğu kimi Rumıniyada da ciddi siyasi böhran vardı. 1940-cı ildə hakimiyyətə gələn faşistlər kommunistləri təqib etməyə başladı. 1940-cı ildə Çauşesku “ictimai asayiş əleyhinə sui-qəsddə” ittiham edilərək yenidən həbs edildi. O bütün İkinci Dünya Müharibəsini həbsxanalarda və konsentrasiya düşərgələrində keçirdi.

23 avqust 1944-cü ildə Rumıniyanın Baş naziri İon Antonesku hakimiyyətdən uzaqlaşdırıldı və həbs edildi. SSRİ ilə hərbi ittifaqa yönəlmiş Rumıniyanın yeni rəhbərliyi kommunistlərə qarşı repressiyaları dayandırır və Rumıniya Kommunist Partiyasının fəaliyyətinə icazə verir. Bu dövrdə Çauşesku həbsdən qaçır. 1947-cı ildə Rumıniya krallığının ləğvindən sonra ölkədə hakimiyyət kommunistlərin əlinə keçir. Beləcə onu ölkə liderinə çevirəcək siyasi karyerası başlayır. Çauşesku 1952-ci ildə Mərkəzi Komitəyə daxil olur, 1954-cü ildə Mərkəzi Komitənin katibi vəzifəsinə qədər yüksəlir. Çauşeskunun 1950-ci illərin ortalarına qədər partiya və dövlət işlərinə əhəmiyyətli dərəcədə təsir imkanları var idi. Faktiki olaraq o, partiyada və dövlətdə ikinci şəxs statusunu daşıyırdı. 19 Mart 1965-ci ildə Rumıniya Kommunist partiyası 1-ci katibi Georgiu Dejin ölümündən sonra Çauşesku ölkə rəhbəri seçilir. İqtidarının ilk illərində Çauşesku həm Rumıniyada, həm də dünyada böyük nüfuza malik idi. Rumıniya iqtisadiyyatının intensiv inkişafı əhalinin rifahında da özünü göstərmiş və Çauşeskuya “Karpat dahisi” ləqəbinin verilməsi ilə nəticələnmişdi. (Barnett, 1992:77). Çauşesku xüsusən Qərbdə və üçüncü dünya ölkələrində böyük nüfuza sahib idi. O dövrün bir çox böyük dövlət xadimi stalinizmə bağlılığına və aşağı intellekt səviyyəsinə baxmayaraq onun beynəlxalq münasibətləri anlayan bir diplomat olduğuna inanırdı. Çauşesku həm kapitalist, həm də yeni üçüncü dünya liderləri arasında Rumıniyanın imicini qaldırmaq üçün əlindən gələni edirdi.

Rumıniyanın iyirmi ildən çox müddətdə dünyada belə bir görkəmli rol oynamasına imkan verən “müstəqillik” konsepsiyasını davam etdirən Çauşesku Georgiu Dejin əsasını qoyduğu SSRİ Kommunist Partiyası ilə məsafəli münasibəti davam etdirdi (Wolchik və Curry, 2010:315).  Rumınların milli hisslərindən istifadə edən və Brejnevin SSRİ-də apardığı siyasəti açıq şəkildə tənqid edən Çauşeskunun beynəlxalq arenada nüfuzu getdikcə artırdı. 1966-cı ildə Çauşesku NATO və Varşava Müqaviləsi Təşkilatının ləğvi ideyasını irəli sürdü. Moskvada belə bir müraciət şok effekti yaratdı. Varşava Müqaviləsi Təşkilatı Moskva üçün “Sosialist düşərgə”nin təhlükəsizliyini qorumaqla bərabər mühüm xarici siyasət təzyiqi idi. Bu açıqlamadan sonra Sovet dövlət rəhbərliyi ilə Çauşesku arasında münasibət nəzərə çarpacaq dərəcədə mürəkkəbləşdi. Rumıniya-SSRİ arasında ziddiyət özünü ən çox Praqa baharında göstərdi.

Aleksandr Dubçek başda olmaqla Çexoslovakiyanın yeni, islahat düşüncəli liderləri keçmiş stalinist inzibati sistem modelindən imtina etdilər və Kommunist partiyasını liberallaşdırmağa başladılar. Bu liberallaşma ən çox Çexoslovakiyanın yaxın qonşuları olan Polşa və Almaniya Demokratik Respublikasını narahat edirdi. Polşa lideri Qomulka və Almaniya Demokratik Respublikasının rəhbəri Ulbrixtin stalinist modeldən imtina etməyə niyyətləri yox idi. Bu 2 dövlət rəsmi olaraq SSRİ-yə müraciət edərək Çexoslovakiyada reformu dayandırmağa çağırır. Bütün bunlar nəticədə Sovet İttifaqının Polşa, Bolqarıstan, Şərqi Almaniya və Macarıstanın hərbi hissələrinin Çexoslovakiyaya daxil olması ilə başa çatdı.

Nikolae Çauşesku bu müdaxilədə iştirak etməkdən qəti şəkildə imtina etdi, bundan əlavə onu kəskin formada qınadı (Tomilina, 2010:292). O dövrdə bir çox Qərb politoloqları Dubçek və Çauşeskunu eyni siyasi xəttin davamçısı görürdülər. Lakin çox keçmədən aydın oldu ki, Çauşesku Çexoslovakiya liderinin liberal kommunist fikirlərini ümumiyyətlə bölüşmür. Bir çoxları Çauşeskunun Rumıniyaya oxşar Sovet müdaxiləsindən qorxduğu üçün belə bir açıqlama yaydığına inanırlar. Qərb dünyası Çauşeskunun bu siyasətini alqışladı. Artıq 1969-cu ildə ABŞ Prezidenti Riçard Nikson Rumıniyaya rəsmi səfər etdi. Bir çox böyük Qərb dövlət xadimləri Çauşeskunun bu mövqeyini qiymətləndirmək qərarına gəldilər. İqtisadi artım tempini sürətləndirmək üçün Rumıniya bir çox Qərb banklarından kredit ala bildi. Tezliklə Çauşesku haqqında bir neçə tərcümeyi-hal kitabı Avropa ölkələrində nəşr olundu. Çauşesku bu kitablarda beynəlxalq siyasət nəhənglərinin ön cərgəsindəki “görkəmli lider” kimi tərif edildi.

Moskvaya qarşı çıxan Çauşeskunun cəsarətli “dissidentizmi” onun Rumıniyada başlatdığı zorakı metodları ikinci plana salmışdı. Çauşeskunun Moskvadan “müstəqilliyi” getdikcə özünü daha çox göstərməyə başladı. Rumıniya 1978-ci ilin dekabrında Sovet qoşunlarının Əfqanıstana girməsini rəsmi olaraq dəstəkləməyən tək sosialist respublika oldu. Rumıniya Əfqanıstanla bağlı BMT-dəki səsvermədə bitərəf qaldı (Nelson, 1988:205). Çauşesku bundan başqa 1984-cü ildə Los-Anceles Olimpiya Oyunlarını boykot etməyən tək Varşava Paktı ölkəsi idi. Təəccüblü deyil ki, Sovet mətbuatı da Rumıniya lideri barədə demək olar ki, heç nə yazmırdı. “İzvestiya” və “Pravda” qəzetlərində hər gün sosialist ölkələrində “sosialist quruluşunun uğurları” barədə silsilə yazılar yazılsa da Rumıniya ilə bağlı heç bir məlumat verilmirdi.

Çauseskunun 1971-ci ilin iyun ayında Çin, Şimali Koreya və Vyetnama səfəri onun fikirlərində böyük dəyişikliklər yaratdı. Mao Tsedunun Çində başlatdığı “mədəni inqilab” onda böyük təəssürat yaratmışdı. Çauşeskuya ən çox təsir edən səfər isə Pxenyan səfəri olmuşdu. Çauşesku səfərdən geri döndükdən sonra sosializmi özünəməxsus şəkildə quran Kim İr Senə heyranlığını gizlədə bilmirdi. 1967-ci ilin İsrail-Ərəb ittifaqı müharibəsindən sonra Rumıniya digər sosialist ölkələrdən fərqli olaraq İsrail ilə diplomatik əlaqələrini kəsmədi. Çauşeskunun ölkədə yaşayan yəhudilərdən yararlanmaq niyyəti var idi. Rumıniyanı tərk etmək istəyən yəhudilər üçün çox sərt qaydalar qoyulmuşdu. Belə ki, bəzi məlumatlara görə 1978-ci ildə bir vizanın qiyməti 2 ilə 50 min ABŞ dolları arasında, bəzən isə hətta 250 minə çatırdı (Shevelev, 1999:128). Çauşesku bundan başqa İsrail və Fələstin arasındakı münaqişədə vasitəçi rolunda çıxış etməyə çalışırdı. Onun ən böyük arzularından biri Nobel Sülh Mükafatı laureatı olmaq idi.

Bununla belə 1970-ci illərin sonunda Çauşeskunun Qərbdə nüfuzu getdikcə zəifləməyə başladı. Çin və Şimali Koreya səfərindən qayıtdıqdan sonra ölkədə aparılan inzibati dəyişikliklər, aşırı şəxsiyyətə pərəstiş kultunun yaradılması, rasional izah edilməyən hərəkətlər (Xalq Sarayının tikilməsi, Buxarestin tarixi mərkəzindəki bir neçə binanın dağıdılması) rumın liderin imicinə xeyli zərbə vurdu. Rumıniyada insan hüquqlarının pozulması, müxaliflərin təqib olunması barədə xaricə məlumatlar yayılmağa başladı. Artıq ölkədə iqtisadi yüksəliş də yerini iqtisadi tənəzzülə vermişdi. 1973-cü il “İqtisadi böhran”ı digər sosialist respublikalara nəzərən kapitalist dövlətlərlə daha sıx münasibətləri olan Rumıniyada özünü daha ciddi formada göstərdi.  Ölkədə neftin tükənməsi enerji böhranı yaratdı. SSRİ Rumıniyanı ucuz neftlə təmin etmək imkanında olsa da Çauşeskunun anti-Sovet siyasətinə görə bundan imtina etdi. 70-ci illərdə Rumıniya Qərb banklarından aldığı krediti iqtisadi tənəzzül səbəbi ilə ödəyə bilmədi. Nəticədə 80-ci illərin ortalarında Rumıniyanın xarici borcu 20 milyard dollardan çox oldu. Çauşeskunun bu borcu tam ödəmək üçün yaratdığı sərt iqtisadiyyat rejimi ölkədəki sosial vəziyyəti xeyli ağırlaşdırdı. Bu dövrdə Rumıniyada işıqlar küçələrdə və evlərdə təxminən saat 10 radələrində söndürülürdü. Televiziya gündəlik sadəcə 2-3 saat işləyirdi. Mənzildə 15 vatt gücündə yalnız bir işıq lampasının istifadəsinə icazə verilirdi, isti su praktiki olaraq yox idi. Bundan başqa qənaət səbəbi ilə soyuduculardan və tozsorandan istifadə edilməsinə izn verilmirdi (Ference, 1994:330). Çauşesku mərkəzləşdirilmiş bir iqtisadiyyatın faydalarına və sərt dövlət planlaşdırmasına inanırdı, lakin o vaxta qədər komandası ona ölkə ilə bağlı tamamilə yalnış məlumatlar verirdi. Ən qısa müddətdə borcu ödəmək üçün hərtərəfli ixraca istiqamətlənən Rumıniyada ərzaq defisiti yarandı. “Newsweek” müxbirinin “Boş mağaza rəflərini nə vaxt dolduracaqsınız?” sualına Çauşesku təəccüblə cavab verdi: “Boş rəflərimiz yoxdur. Əksinə, mağazalarımızda çoxlu sayda mal var. ABŞ-dan idxal etdiyimiz bir çox məhsul da daxil olmaqla istənilən mağazaya gedib bir şey ala bilərsiniz.”

Ancaq bütün bu rəqəmlər yalan idi. Ölkədə faktiki statistika gizlədilirdi. Beləliklə, 1985-ci ildən etibarən Rumıniya Ümumdünya Səhiyyə Təşkilatına səhiyyə sahəsindəki vəziyyətə dair statistik məlumatlar təqdim etməyi dayandırdı. Rəsmi məlumatlara görə, 1989-cu ildə ümumi taxıl istehsalı 60 milyon tonu ötmüşdü, əslində isə ölkədə cəmi 16 milyon ton taxıl var idi. Bununla belə 1989-cu ilin əvvəlində Rumıniya 21 milyard dollarlıq xarici borcun tamamını ödəyə bildi (Medvedev, 2010:177). Ancaq bütün bunlar sıravi vətəndaşın həyatında heç bir şeyi dəyişdirmədi. İqtisadiyyatın tənəzzülü davam edirdi.

Hakimiyyətinin son illərində Çauşesku sivil dünyadakı imicindən xəbərdar olsa da heç bir islahat aparmaq istəmirdi. 1985-ci ildə Qorbaçovun SSRİ-də başlatdığı “perestroyka”nı rəsmi formada qınayan Çauşesku Şərqi Avropa ölkələrində baş verən dəyişiklikləri qəbul etmədi. 1989-cu ildə Sovet gənclər heyətinin nümayəndələri Çauşeskuya “Rumıniya niyə yenidənqurma yoluna daxil olmur” sualını verir. Çauşesku buna belə bir cavab verir: “Yenidənqurma Rumıniyada uzun müddətdir ki davam edir, sadəcə burada biz başqa bir termindən – “Nikolae Çaaşesku dövrü”ndən istifadə edirik və bu yenidənqurmanın başlanğıc nöqtəsi Rumıniya Kommunist Partiyasının IX Konqresidir.”

1989-cu ilin noyabrında Buxarestdə Rumıniya Kommunist Partiyasının on dördüncü qurultayı keçirildi. Bu qurultay eyni zamanda Rumıniya Kommunist Partiyasının tarixində sonuncu olur. Bu vaxt Almaniyada Berlin Divarı çökmüş, Sovet İttifaqında isə siyasi islahatlar genişlənmişdi. Beynəlxalq mühitdə böyük dəyişikliklər baş versə də Rumıniyada Kommunist Partiyası hələ ki iqtidarda idi. Çauşesku Rumıniyada “sosialist quruluşunun yeni uğurları” barədə etdiyi məruzədə sosializm və kapitalizm arasındakı əlaqələrin de-ideologizasiyasından danışır, bir sıra sosialist ölkələrdə başlayan “kapitalizmin bərpası” ilə bağlı narahatlığını ifadə edirdi.

 

1 - 5
- +
Romanian Revolution in pictures, 1989 (1)
Romanian Revolution in pictures, 1989 (2)
Romanian Revolution in pictures, 1989 (4)
Romanian Revolution in pictures, 1989 (10)
Romanian Revolution in pictures, 1989 (5)

Çauşesku hakimiyyətinin sonunu gətirəcək proses ölkənin 3-cü böyük şəhəri olan Timişoarada başladı. Ölkə rəhbərliyində olan heç kəs yerli narazılığın bu qədər tez və gözlənilmədən kütləvi üsyana çevriləcəyini xəyal belə edə bilməzdi. Timişoara şəhərində macar etnik azlığın haqlarını müdafiə edən keşiş Laslo Tekesin həbsi bölgədə yaşayan macarların narazılığına səbəb oldu (Shevelev, 1999:148). Bir qrup sakin Tekeşin evinin qarşısına toplaşaraq canlı halqa yaratdılar. Çauşesku bölgədəki macarlara qarşı milliyətçi ifadələr işlədərək, ölkədə rumın millətçilərinin dövlət mənafeyi uğrunda birləşəcəyini gözləyirdi. Ancaq bu ifadələr əks effekt verdi. Timişoara şəhərindəki rumınlar da macarlar kimi küçələrdə barrikadalar qurmağa başladı. Rumıniya Təhlükəsizlik Orqanı “Sekuritate” vəziyyətin nəzarətdən çıxdığını görüb hökumətə Timişoaraya qoşun göndərilməsi barədə müraciət etdi. Zirehli texnikanın şəhərə daxil olması vəziyyəti daha da gərginləşdirdi. 100 minə yaxın kütlənin Rumıniya Kommunist partiyasının yerli idarəetmə binasına girmək istəməsi ordunun kütləyə atəş açması ilə nəticələndi. Rumıniya mediası bu mövzuda səssiz qaldı. Dövlət televiziyasında sadəcə Çauşeskunun İrana rəsmi səfəri barədə məlumatlar verilirdi. Ancaq xarici mətbuat, xüsusən də Macarıstan mətbuatı Timişoaradakı hadisələr haqqında silsilə yazılar yazırdı. Qərb mətbuatı Timişoaradakı qarşıdurmalarda 60 minə yaxın insanın öldürüldüyünü bildirirdi (Carey, 2004:101). Daha sonra bu məlumatın yalan olduğu ortaya çıxacaqdı. Timişoarada bu hadisələr baş verərkən Buxarestdə hər şey sakit idi. Media dövlətin ciddi nəzarətində olduğu üçün Timişoarada nəyin baş verdiyini az sayda rumın bilirdi. Konspirasiya nəzəriyyəsi tərəfdarı olan Çauşesku bu iğtişaşların Sovet İttifaqının və Qərbin Rumıniyada sosializmi məhv etmə planının bir parçası olduğuna inanırdı. Siyasi Büro iclası ərəfəsində Çauşesku Çin, Şimali Koreya və Kuba istisna olmaqla, xaricdən, o cümlədən sosialist ölkələrindən heç bir turist qəbul edilməməsini əmr etdi.

Dekabrın 18 və 19-da Çauşesku İranda rəsmi səfərdə idi. Ancaq Timişoaradakı hadisələr səbəbi ilə dekabrın 20-si səfəri dayandıraraq Buxarestə döndü. Çauşesku eyni gündə radio və televiziya ilə xalqa müraciət etdi. O, Timişoaradakı kütlənin hərəkətlərini Rumıniyanın müstəqilliyini və suverenliyini məhv etmək məqsədi ilə müxtəlif xarici ölkələrin imperialist dairələrinin və casus xidmətlərinin dəstəyi ilə təşkil edildiyini söylədi. Tezliklə Rumıniya televiziyası ölkənin müxtəlif müəssisələrinin əmək kollektivlərinin yığıncaqları haqqında bir neçə reportaj nümayiş etdirdi.

 

1 - 5
- +
Romanian Revolution in pictures, 1989 (8)
Romanian Revolution in pictures, 1989 (11)
Romanian Revolution in pictures, 1989 (12)
Romanian Revolution in pictures, 1989 (19)
Romanian Revolution in pictures, 1989 (15)

Çauşesku dekabrın 21-də Buxarestdə öz tərəfdarlarına müraciət üçün mitinq təşkil etdi. Çauşesku və həyat yoldaşının portretləri ilə Saray meydanı qarşısına minlərlə nümayişçi gəldi. Günorta saatlarında Çauşesku çıxışına Mərkəzi Komitə binasının eyvanından başladı. Çauşeskunun çıxışı rutin axışı ilə davam edirdi və hansısa problemin olacağı gözlənilmirdi. Birdən kütlənin içində partlayış baş verdi, bu nümayişçilər arasında çaxnaşmaya səbəb oldu. Daha sonra kiminsə pirotexniki partlayıcı partlatdığı məlum oldu. Çauşesku kütləni ələ almaq üçün müraciətlər etsə də bu heç bir fayda vermədi. Bir neçə dəqiqə ərzində yayım kəsildi və yenidən televiziya yayımı başlayanda meydandakı vəziyyət tamamilə fərqli idi. Hər yerdən “Rədd olsun diktatura”, “ Rədd olsun kommunizm” qışqırıqları eşidilirdi. İnsanlar sosialist şüarları ayaqları altına atır, diktatorun və xanımının portretlərini cırmağa başlayırdı. Çauşesku hadisələrə eyvandan tamaşa edir, nə baş verdiyini anlamağa çalışırdı.

Axşam saatlarında Saray meydanına tanklar gətirildi, gecə isə nümayişçilərlə ordu arasında silahlı qarşıdurma başlandı. Ancaq qoşunların müdaxiləsinə baxmayaraq asayişi bərpa etmək mümkün olmadı. Dekabrın 22-də günortadan sonra Çauşesku həyat yoldaşı Yelena ilə birlikdə helikopter ilə qaçmağa çalışdı. Çox keçmədən nümayişçilərin bir dəstəsi binaya girdi. Bu hadisələr baş verərkən Müdafiə naziri Vasile Milya öz ofisində intihar etdi. Onun ölümünün Çauşesku tərəfindən təşkil edildiyini hesab edən ordu rəhbərliyi üsyançıların tərəfinə keçdi (Carey, 2004:101).

Buxarestdən qaçdıqdan sonra Çauşesku cütlüyü Tirqovişte şəhərinə çatdı. 22 dekabr axşamı yol maşını ilə şəhərdən çıxmağa çalışan cütlüyü hərbçilər saxladı. Hərbçilər Çauşesku cütlüyünü nümayişçilərdən qorumaq üçün yerli qarnizonda saxlayacaqlarını bildirdilər. Nikola və Yelena cütlüyünün sadəcə 3 günlük ömürlərinin qaldığını nə özləri, nə də hərbçilər bilmirdi. Dekabrın 25-də Çauseskuların yerləşdiyi hərbi hissənin ərazisinə iki helikopter enir. Gələnlər general Viktor Stankulesku, general Vircil Mequryanu və yeni qurulan hökumətin rəhbəri Voykan Voykulesku Çauşesku cütlüyünə məhkəmə qurmaq niyyətində idilər. Onları bir qrup hüquqşünas və hərbçi müşayiət edirdi. Bu vaxt hərbi prokurorluq təcili olaraq Çauşesku cütlüyü üçün cinayət işi hazırladı. Faktiki olaraq Ali komandan olan Çauşeskunun edam ediləcəyi təqdirdə bu edam prosesinin kimlər tərəfindən ediləcəyi Viktor Stankuleskunu düşündürürdü. Əsgərlərə dönərək “edam cəzası veriləcəyi təqdirdə onları vura bilərsinizmi” deyə soruşdu. Əsgərlər razılıq verdi.

Qərar, hələ məhkəmə prosesi başlanmadan öncə bilinirdi. Müvəqqəti hökumət rəhbəri Voykulesku hakimlərə göstəriş vermişdi: Çauşesku cütlüyü “xüsusi təhlükəli cinayətkar” sayılmalı və onlara “iyrənc cinayətkarlara layiq olan” hörmətsizliklə davranılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslərə siz yerinə sən ilə müraciət edilirdi. Prokuror ittihamın birində Çauşeskunu əclaf adlandırmışdı (Shevelev, 1999:144). Çauşesku cütlüyü müxtəlif cinayətlərdə ittiham olunurdu: Timişoarada hərbçilərin xalqa atəş açmasına əmr verməsi, öz mülkiyyətində yüzlərlə qanunsuz evin olması, Rumıniya sərvətlərinin xarici banklarda saxlanılması, dövlət pulu ilə qızı Zoya Çauşeskuya villa alması (bu iddia içində hətta qızının saxladığı itin zəncirinin qızıldan olması barədə də ittiham vardı). Daha sonra bu ittihamların heç birinin doğru olmadığı üzə çıxacaqdı.

Dekabrın 26-dan 27-nə keçən gecə Rumıniya televiziyası Çauşesku cütlüyünün məhkəmə prosesini canlı yayımlayırdı. Televiziya ekranlarında sadəcə təqsirləndirilən şəxslər görünürdü. Hərbi tribunalın tərkibində kimlərin olması sonadək müəmmalı qaldı. Bir qədər sonra məhkəmə sədrinin Jiku Popa olduğu məlum olmuşdu. Məhkəmə prosesi başladıqdan sonra Çauşesku yalnız ölkənin Konstitusiyasını tanıdığını və bu məhkəmənin qanunsuz olduğunu bildirir. Prokuror buna belə cavab verir: “Səni ölkə Konstitusiyasına uyğun olaraq mühakimə edirik. İndi bizə dərs deməyin vaxtı deyil. Nə etməli olduğumuzu mükəmməl bilirik və qanunlarla tanışıq.” İttiham aktını oxuyan prokuror təqsirləndirilən şəxslərin edam cəzasını istədi.

 

1 - 5
- +
Romanian Revolution in pictures, 1989 (9)
Romanian Revolution in pictures, 1989 (16)
Romanian Revolution in pictures, 1989 (17)
Romanian Revolution in pictures, 1989 (14)
Romanian Revolution in pictures, 1989 (7)

Çauşesku isə buna belə bir cavab verir: “Mən yalnız Rumıniya parlamenti qarşısında cavab verəcəm, sizin etdiyiniz ittihamların heç birini tanımıram. Siz hərbi çevriliş etmisiniz. Xalqın qarşısında cavab verəcəyiniz gün mütləq gələcək.” Dindirmə zamanı Çauşesku Timişoarada baş verənlər haqqında danışmaq istəyəndə prokuror buna imkan vermədi. Məhkəmə prosesini izləyən Sovet jurnalisti Nikolay Morozov bu barədə belə yazırdı: “Biz məhkəmə zamanı Çauşeskuda tam özünütəsdiq, sarsılmaz xarakter, ölümə qarşı dik duruş görürdük.”

Çauşesku cütlüyünün müdafiəçisi Buxarestin ən yaxşı beş hüquqşünasından biri olan Niku Teodoresku idi. İşlə tanış olmaq və müttəhimlərlə ilkin söhbət aparmaq üçün vaxtı qalmamışdı. Məhkəmə zamanı hakimlər müdafiə tərəfinin şahidlərindən heç birini çağırmadı. Ən təəccüblüsü isə Çauşeskunun vəkilinin məhkəmənin sonunda müttəhimləri ittiham etməsi idi, yəni bir növ prokuror kimi çıxış etmişdi (Novopashin, 1991:216). Məhkəmə prosesi qısa sürdü.

Hökm çıxarıldıqdan sonra məhkumlar həyətə aparıldı. Nikolae Çauşesku bunun son olduğunu başa düşərək birdən-birə “İnternasional” oxumağa başladı və sonra alçaq bir səslə “Xainlərə ölüm” söylədi. Bu anda əsgərlər atəş açdı. Vücuduna 30 güllə dəyən Çauşesku yerindəcə öldü, yerə yıxılan Yelena isə bir neçə saniyədən sonra can verdi. Bütün bunlar dekabrın 25-də saat 14:50-də baş verdi (Shevelev, 1999:149).

Çauşesku cütlüyünün tələsik məhkəmə ilə edam edilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Məhkəmədə hakimlik edən Jiku Popa bir müddət sonra intihar etdi. 1994-cü ildə məhkəmənin təşkilatçısı General Stankulesku və Voykan Voykulesku “Bu necə oldu” adlı bir kitab nəşr etdilər. Bu kitabda Voykulesku Çauşesku cütlüyünün güllələnməsinin cinayət olduğunu qəbul etdi və bütün məsuliyyəti öz üzərinə götürdü. 1999-cu ildə Rumıniyada aparılan məhkəmədə Timişoarada xalqa atəş açma əmrinin Çauşeskunu edam etdirən general Viktor Stankuleskunun verməsi üzə çıxır (Laughland, 2008:191). Stankulesku Çauşeskunun sağ qalacağı təqdirdə cinayətin üstünün açılacağını anlayır, tez-tələsik məhkəmə ilə edamına nail olur.

 

1 - 3
- +
Romanian Revolution in pictures, 1989 (3)
Romanian Revolution in pictures, 1989 (13)
Romanian Revolution in pictures, 1989 (18)

Bundan başqa Rumıniya inqilabında ölənlərin sayının Qərb mənbələrində deyildiyi kimi 80 min yox (https://apnews.com/d8bea5620ba5534ab167eedca373c283), min nəfər civarında olduğu bəlli olur. Çauşeskunun edamında iştirak edən əsgərlərdən biri Dorian Çirlan prosesin siyasi qətl kimi sifariş edildiyini etiraf edir. Stankulesku 15 il müddətinə həbs edilir. Stankulesku həbsdə olduğu müddətdə Çauşeskuya qarşı çevrilişdə SSRİ-nin də iştirak etdiyini bildirir. Bu iddianın bugünə kimi doğruluğu təsbit edilməyib. Rumıniya inqilabı barədə 2019-cu ildə aparılan məhkəmə prosesi maraqlı digər faktları ortaya çıxarıb. Çauşesku sonrası müvəqqəti hökümət rəhbəri olan Voykan Voykulesku və 2000-2004-cü ildə Rumıniya prezidenti olan İon İliesku məhkəmə qarşısına çıxarılıb. Bəlli olub ki, dekabr inqilabında həlak olan rumınların əksəriyyəti Çauşesku devrildikdən sonra həyatlarını itirib (https://apnews.com/9f074810ac0e4f258e3c44b46017cf23). 

Buna səbəb təhlükəsizlik qüvələri ilə nümayişçilərin bir-birini “Sekuritate” üzvləri hesab etməsi olub. İliesku qəsdən yalan xəbər yaymaqda və yüzlərlə insanın ölümündə ittiham edilir.

Bugünlərdə Rumıniya inqilabı 30-ilik yubileyini qeyd edəcək. Bu illər ərzində Rumıniyanın iqtisadi olaraq zəifləməsi insanların Çauşesku dönəminə fərqli formada baxmasına səbəb olub. Son sorğuya görə, bir çox rumınlar Çauşesku devrildikdən sonra kommunist dönəm üçün darıxdıqlarını bildiriblər. INSCOP Araşdırma sorğusu nəticələrinə görə, respondentlərin 44.4 faizi kommunizm şəraitində daha yaxşı yaşadığını, 15.6 faizi eyni vəziyyətdə qaldıqlarını, 33 faizi isə o dövrün daha pis olduğunu ifadə edib. Çauşesku barədə sorğuda isə respondentlərin 47,5 faizi Rumıniyanın yaxın keçmişində nisbətən müsbət rol oynadığını, 46,9 faizi isə onun rolunun olduqca mənfi olduğunu söyləyir. Bu sorğu 1055 iştirakçının seçimi əsasında keçirilmişdi. Bu, rumınların kommunist nostaljisi barədə aparılan ilk sorğu deyil. Rumıniya Qiymətləndirmə və Strategiya İnstitutu tərəfindən 2010-cu ildə keçirilən sorğu da oxşar nəticələr verir. 1460 respondentdən 54 faizi kommunizm dövründə daha yaxşı həyat səviyyələrinin olduğunu, 16 faizi isə daha pis olduğunu iddia edirdi.

Bundan başqa respondentlərin 49 faizi Çauşeskunun yaxşı bir lider olduğunu, 30 faizi nə yaxşı, nə də pis, 15 faizi isə pis olduğunu söyləyib (https://www.opendemocracy.net/en/can-europe-make-it/communist-nostalgia-in-romania/).

Bəzi Rumıniya tarixçiləri bu nəticələri mövcud siyasi elitanın Rumıniyanın daxili və beynəlxalq inkişafını təmin edə və həyat səviyyəsini yaxşılaşdıra bilməməsinə narazılıq ifadəsi kimi şərh edirlər.

 

İstifadə edilən ədəbiyyat

Thomas P. M. Barnett, (1992), Romanian and East German Policies in the Third World

Sharon L. Wolchik, Jane Leftwich Curry, (2010), Central and East European Politics: From Communism to Democracy

Н. Г. Томилина, (2010), Пражская весна” и международный кризис 1968 года: документы

Daniel N. Nelson, (1988), Romanian Politics in the Ceauşescu Era

В. Шевелев, (1999), Диктаторы и боги- Чаушеску, Пиночет, Мао Цзэдун, Пол Пот

Gregory C. Ference, (1994), Chronology of Twentieth Century Eastern European History

Медведев Рой, (2010), Советский Союз. Последние годы жизни. Конец советской империи

Henry F. Carey,(2004), Romania Since 1989: Politics, Economics, and Society

Юрий Степанович Новопашин, (1991), Восточная Европа на историческом переломе: очерки революционных преобразований 1989-1990 гг

John Laughland, (2008), A history of political trials: from Charles I to Saddam Hussein

Paylaş42TweetGöndərPaylaşGöndər
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel