Öncə sitatlar:
– Kələntər lələş, gözlərin aydın olsun! Dostumuzu qaynar suya salıb yamanca pörşələdilər.
– Peykanlıdandır, havalı Kələntər. Kimsəyə dəyib-dolaşan deyil.
– Kələntər, yanıma gəl!
Dəyərli oxuculardan bu sitatların hər birinin hansı filmdən seçilmiş olduğunu bilməyən yəqin ki tapılmaz. Bilməyənlər üçün xatırladım; birinci cümlə 1962-ci ildə Mirzə İbrahimovun eyniadlı romanının motivləri əsasında çəkilmiş “Böyük dayaq” filmindəndir. Hesabdar Salman iclas zamanı bufetdə yemək yeyən Kələntərə belə deyir.
İkinci sitat Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında 1970-ci ildə çəkilmiş “Yeddi oğul istərəm” filmindəndir. Bunu Cəlal Kələntəri Bəxtyara təqdim edərkən deyir. Filmin lap başlanğıcında…
Üçüncü sitat 1980-ci ildə ekranlaşdırılmış “Yol əhvalatı” filmindəndir. Bu obraz filmdə göstərilməsə də rəhmətlik Siyavuş Aslanın canlandırdığı “JEK müdiri” bu adı iki dəfə səsləndirir: birinci dəfə kabinetinə daxil olmadan əvvəl, ikinci dəfə içəridən, yüksək səslə, acıqlı “otçot”u gətirməsini istəyərkən… Bundan başqa filmin qalan hissəsində nə adı eşidilir nə də kadrlarda üzü görülür. Bu da əslində onun essensiyası, tipik xüsusiyyəti, özəlliyidir. İnkoqnito, “adı çəkilib özü ortada olmayan”lıq…
Başqa bir filmdə isə biz həmin obrazı, yəni şərti “Kələntəri” başqa bir ad altında, daha dəqiqi ləqəblə, el arasındakı tanımıyla, “Qaloş” kimi görürük… (“Qanun naminə” filmi, 1968)
Nədən bu sitatları burada gətirdik, bu barədə bir az sonra…
İndi isə, uzun illər öncə yaddaşımda ilişib qalmış bir hadisəni nəql edim söhbətə körpü salaq…
Xaçın çayı, Vəng və ətrafı. Mental və faktiki fərqlər
1980-ci illərin ortaları olardı, Qarabağda, rəhmətlik atamla öz kəndimizdən bir az aralı, Xaçın çayının bizdən yuxarısındakı erməni kəndinə – Vəngə getmişdik. Həmkəndlimizin bir kisə lobyasını satmaq üçün Vəngə aparmaq lazım idi. Atam məni də özüylə götürdü.
Xaçın öz başlanğıcını Qarabağın dağlıq hissəsindən götürüb, sonralar inzibati ərazi vahidi kimi Dağlıq Qarabağ olaraq rəsmiləşdilirmiş bölgəni tən ortadan keçib Kürə tökülən çayın adıdır. Sonralar qarşısında bənd çəkilib süni dəryaça yaradılmışdı. Bəndin hər iki tərəfində böyük yaşayış məskənləri vardi. Biri də Xaçının adıyla – Xaçındərbənd adlanırdı. İndi evləri bünövrəsinədək sökülüb, xarabazara çevrilib.
“Xaçın” həm də Qarabağ xanlığına daxil olmuş, şərti olaraq “Xəmsə” adlandırılan beş erməni (xristian) məlikliyindən birinin adıdır. Məlikliyin mərkəzi də bizim səfər etdiyimiz həmin bu “Vəng” kəndi olub.
Səfərin ticari tərəfi bir yana, bu yolu bir kərə ən azı “Səbətkeçməz”ədək gedib qayıtmaq nəyə desən dəyərdi. O vaxtlar, yəni…
Yol boyu Xaçının sağı-solu cənnətdir. Baxıb keçmək, dayanıb seyr eləməmək mümkün deyil. Yolüstü bir neçə dəfə maşını saxlayıb Xaçının səsini dinləmək və bu təbii simfoniya fonunda ətrafı seyr eləmək, hər yandan gələn qarışıq təbiət qoxusunu içinə çəkməyin bir özgə ləzzəti var(dı).
“Hava okeanının” dibində, axıntılar, cərəyanlar olmadığı bir yerdə, iki dağın arasına sıxışmış hava sağa-sola, irəliyə-geriyə yırğalandıqca qısa fasilələrlə, tez-tez səmtini dəyişən xəfif meh hər tərəfdən bir cür qoxu gətirir özüylə. Üzünü hansı səmtə çevirsən elə bil burulğanın mərkəzində durmusan, hava sənə doğrü əsir.
Burada əsib, kəsib keçən şiddətli küləklər əsməz. Nəhəng hava okeanı yırğalandıqca şərqdən isti, qərbdənsə dağların soyuğunu daşıyan hava axınları yaranır. Çox nadir hallarda uzun sürən, lakin qısa ömürlü küləklər əsər.
O vaxtlar orada yaşayanlar çox idi, həyat qaynayırdı, gedişli-gəlişli işlək də yolu vardı. Tam ürəkaçan olmasa da çay boyunca yaşayan insanların işinə yarayırdı. İndi gediş-gəlişi kəsilib, ot basmış, “ölmüş” yollar qalıb yerində. Şahmar Əkbərzadə diliylə desək, “İnsan qədəminə tamarzı qalmaq, Yolların bağrına çəkilən dağdır”. Yol gedib-gələnlərin ayaqları altında tapdanmasa ömrü bitər… Tapdanmaq, ayaqlar altında əzilmək yolların canlılığıdır, var olmasının vacib şərtidir…
Bu kənd oradakı Gəncəsər Monastırı ilə məşhurdur. Bura bir növ Qarabağ ermənilərinin (Qafqaz xristianlarının) Eçmiədzini (bəlkə də “Vatikanı”?) rolunu oynayır. Bundan başqa eyniadlı kənd və monastr Kəlbəcər rayonunun “Bağlıpəyə” səmtində də var.
Qeyd: “Vəng” sözü həm ermənicə, həm də Qafqazın xristianlığın monofizit inanc sisteminə inanan yerli xalqının dilində, yəni “Qafqaz Albancasıyca” kilsə, monastr deməkmiş. Buna görə də monastrların olduğu yer(lər)ə “Vəng” adı veriblər. Monastr kompleksinin ətrafı sonradan tədricən yaşayış məskənlərinə çevrilib.
Kənd əsasən yolun sağında, dağın ətəklərinə yayılmaqla tikilib. Arxasını söykədiyi dağın lap şişində isə aşağı yuvarlanmaq üçün bir himə bəndmiş kimi yan-yana boy verən iri qaya parçaları var. Deyildiyinə görə qayaların yerindən oynayıb aşağıya, kəndin üstünə diyirlənməsi ehtimalı olduqca yüksəkdir və bu ehtimala qarşı qayalar bir-birinə zəncirlənib. Kəndin özündən durub baxanda nə dağın təpəsi, nə də orada zəncirlənmiş qayalar görsənmirdi. Ya kəndə çatmamış, ya da keçib bir az qərbə doğru irəlilədikcə iri qaya bloklarını görmək mümkün olurdu.
Vəngin mərkəzi elə yol üstündə, dükanın qarşısındakı böyük olmayan meydan sayılırdı. Yol kəndin kənarından, amma həm də “mərkəzdən” keçirdi. Burada balaca bir yeməkxana və bir neçə “alverçi”si olan kasad bir bazar da vardı. Əsasən buradan hər il iki dəfə arana və dağa köç edən elat camaatının yaylaq və qışlaq ehtiyaclarını qarşılayacaq əllə işlənmiş məmulatlar – təsərrüfat alətləri üçün sap, çoban çomağı, dəri məmulatları, örkən-sicim, tapqır, qayış və sairə satılırdı. Yolun qarşı tərəfində isə kolxoz idarəsi və yanacaqdoldurma məntəqəsi vardı. Kəndin qərb çıxışına doğru baş yoldan bir qol ayrılıb sağa, şımala, üzü yuxarı – Gəncəsər monastrına gedir.
Yol “Kiçik Turşsu”yadək davam edir. Orada haçalanıb iki səmtə istiqamətlənir – sağa Kəlbəcərə, sola Laçına tərəf…

Nə vaxt buradan keçsən həmin dükanın qarşısı və yeməkxananın ətrafı qələbəlik olardı. Bu marşrut üzrə hərəkət edənlər bir qayda olaraq dükanın qarşısında əylənib qısa bir fasilə edər, dükana baş çəkər, “Lyubanın stalovası”nda çaydan-filandan içib yoluna davam edərdi. Bu dükan gedib-gələ biləcəyimiz, bizə əlçatan olan bəlkə də yeganə satış mərkəzi idi ki, mallar, üzərində yazılmış “öz qiymətinə” satılırdı. Məsələn, camaat arasında zarafatla “fəhlə Marlborosu” adlandırılan bir qutu filtirsiz “Prima” papirosu 16 qəpiyə idi və elə o qiymətə də satılırdı. İyirmi qəpik verirdin bir qutu siqaret və dörd qəpik “zdaçi”ni geri verirdilər.
Buradakı dükanda bizim üçün tədavüldə olmayan 1,2,3 qəpiklər işlək idi. Bu da bizimkilər kimi yuvarlaq rəqəmlərlə alış-verişə adətkərdə olmuşlar üçün fövqəladə və olduqca məzəli idi. Bəzən də, sırf bu “xırdaçılıq” olayını öz gözləriylə görmək istəyənlər məxsusi olaraq buradan yolu düşdükdə ayaq saxlayıb dükana baş çəkər, bir 20 qəpiklik uzadıb, “mənə bir “Prima” ver” deyib özünü hadisənin sonrakı axınına buraxardı. Bu hal “Vəng dükanı”nın brendinə çevrilmişdi – “hər şey öz qiymətinə satılır”.
O qəpiklər bizdə gündəlik alış-verişdə istifadə olunmazdı. Aldınsa əlində qalacaq. Kimə verəcəkdin o qəpikləri, kim idi bizdə onların üzünə baxan? Təsəvvür edək, Ağdam bazarına gəlib bir şey alasan və hesabı 5-dən aşağı qəpiklərlə ödəyəsən… O qəpikləri alıb adamın başına çırpardılar, o adamı dəli hesab edib ələ salardılar. Mübaliğəsiz-filansız…
Bunca məlum səbəbdən də, belənçiynə macəradan doymuş bizimkilər, bir dəyəri olmayan, harasa atılacaq o qəpikləri almaq əvəzinə qalığı natural dəyərlə əvəzləməyi uyğun görərdilər – məsələn, pulun qalığı yerinə kibrit almaq. Alan da razı qalırdı, satan da…
Kələntərin gəlişi
Gəlib çatdıq ermənilərin adını “Vanklu” kimi tələffüz etdikləri Vəngə, onun yolüstündəki mərkəzinə. Maşını kənarda saxlayıb, yük yerini və içindəki kisənin ağzını açıb gəlişimizin məqsədini bəlli etdikdən sonra müştəriyə müntəzir olduq.
Ətrafda bir xeyli adam vardı. Toplaşıb söhbət edirdilər.
Dükanın qarşısında yığışanlardan bir neçəsi bizi görüb yaxınlaşdılar, ağızucu, salam verməyə bənzər nəsə mızıldanıb maşının yük yerinə nəzər saldılar. Biri əlini uzadıb paxladan bir xısma götürüb o birisinə göstərdi. O da başını yelləyib “gördüm” və ya “yaxşıdır” kimi anlaşılan bir razılıq etdi. Başqa heç nə demədi. Ovcundakı paxlaları kisəyə töküb qayıdıb getdilər gəldikləri adamların yanına.
Bayaqdan idarənin darvazası önündə dayanıb bizə tərəf baxan bir qrup da bunların gəlişindən elə bil canlanıb bizə yaxınlaşdılar. Bunlar da gəlib baxıb, heç nə demədən çəkilib getdilər. Sonra bufetdən bir orta yaşlı, yeridikcə ağır bədənini sağa-sola ləngərlədən kök bir qadın çıxıb bizə yavıqlaşdı. Əvvəl başdan-ayağa bizi süzüb, salamsız-kəlamsız yaxınlaşdı maşının yük yerinə. Bu da paxla dənələrini xismalayıb sovururmuş kimi bir neçə dəfə barmaqlarının arasından kisəyə “ələyib” əlini yaxasındakı döşlüyə silə-silə qayıdıb üz tutdu çıxıb gəldiyi yerə. İçəri daxil olub biz gələndə açıq olan qapını da arxasınca bağladı.
Qəfil hardansa orta yaşlı bir erməni yanında arvadı, önlərində də bir yüklü eşşək peyda oldu. Meşədən gəlir demək, yükü odundur… Uzaqdan görüb və yəqin əvvəlcədən razılığa gəliblərmiş kimi, bizə yaxınlaşdıqda bir-birlərinə heç nə demədən ayrıldılar, kişi eşşəyin arxasınca getdi, qadın yolüstü tələsik yaxınlaşdı ki, görsün burada niyə dayanmışıq, satdığımız nədir? Yaxınlaşıb kisədə nə var baxdı, bir neçəsini götürüb barmaqladı, qurdlamayıb ki, deşiyi yoxdur ki.., yoxlayıb qaytarıb yerinə tökdü. Tələsik də bizdən uzaqlaşıb götürüldü ərinin və onun yüklü eşşəyinin arxasınca.
Sonra kəndin ara küçələrindən daha bir neçə şəxs bizi görüb yaxınlaşdılar. Gəldilər, baxdılar, qayıdıb getdilər… Heç nə soruşmadan…
Aydındır ki, biz bu neməti buraya satmaq üçün gətirmişik. Bunu soruşmadan da anlamaq olar ki, bu maşının yük yeri açıqdırsa demək ki, orada nümayiş etdirilən nəsə var və bu “nəsə” sərgi üçün deyil, satmaq üçündür. Onun nəliyini bilmək üçün gərək boynunu uzadıb başını maşının yük yerinə soxasan. Buna görə də oradakıların yaxınlaşıb dinməz-söyləməz, sorğusuz-sualsız maşınımızın yük yerinə boylanmalarını təbii qarşıladıq.
Bizi təəccübləndirən başqa şey idi: bəlkə oradakı heç satmaq üçün deyil və biz burada nəsə satmaq üçün yox, tamam başqa məqsədlə, məsələn, kisənin içərisindəkini – bəlkə canlıdır, “nəfəs aldırmaq”, onu havaya vermək üçün durmuşuq. Keçib yuxarı kəndlərə gedənik, səfərin soluğunu burada alırıq… Elə hər gəlib yük yerini açıb dayanana nəsə satan, yük yerindəkini də satılan saymaq olmaz. Yaxınlaşıb ilk öncə bir soruşub dəqiqləşdirmək lazım deyilmi? Soruşmaq üçün də kommunikasiya vacibdir. İnsanlıq bunun üçün salamlaşmaq kimi adi, standart bir həll tapıb, elə ondan başlamaq olar(dı)…
Biz də bilirik ki, onlar burada nədən dayandığımızı bilirlər və bu üzdən də onlardan maşının yük yerindəkinin hansı məqsədlə buraya gətirildiyi barədə sual gözləmirik. Satılan nədirsə bunun bir dəyərinin olması yəqindir və bunu bilmək də alıcı üçün ən başlıca olanıdır. İnsan satılan bir şey gördükdə ilk olaraq onun qiyməti barədə düşünər, dəyərinin miqdarını, ölçüsünü təsəvvür etməyə çalışar. Nəsnəyə xəyali bir qəlib, ölçü təyin edər və öz meyarı ilə təklif olunan arasında müqayisə apara bilmək üçün, əmtəənin dəyər əmsalı barədə sual edər. Bizi təəccübləndirən də bu idi; qiymət, dəyər kimsəni maraqlandırmadı, bu barədə sual edən olmadı.
Gəlişimizdən təxminən yarım saat keçmişdi. Ətrafda toplaşanlar hiss etdirmədən, bir gözləri üstümüzdə xısın-xısın öz söhbətlərində idilər. Hər yanda bir sakitlik hökm sürürdü. Sükutu təkcə Xaçının uzaqdan eşidilən şırıltısı, bir də hərdənbir kəndin müxtəlif yerlərindən səmaya bülən olan toyuq-cücə qaqqıltısı, it və eşşək səsləri pozurdu.
Bu “mübhəm sükut” deyəsən qohumumuzun səbrini zorladı;
– Ay qağa, bunlar gəldilər, baxdılar, getdilər. Heç soruşan olmadı, ə bunu bura niyə gətirmisiniz, neçəyə verirsiniz…
Narazılığı səsindən hiss olunurdu.
Atam ətrafa göz gəzdirib öz-özünə cavab verirmiş kimi, ancaq bizim eşidəcəyimiz səslə dedi:
– Onu gözləriyirlər dəə…
– Kimi?
– Kələntərlərini.
– O kimdir ki?
– Gələr görərik…
Bu söhbətin üzərindən təxminən beş dəqiqə keçmiş onsuz da sakit olan ortama qəfil bir məzar sükutu çökdü. Sanki hərbi birliyə “diqqət” komandası verild. Hər kəs söhbətini dayandırıb nəzərlərini kəndin qərb çıxışına sarı yönəltdi. Bu bizim də diqqətimizdən yayınmadı. Biz də ortama uyub qeyri-ixtiyari “diqqət” komandası almış kimi “fərəqət” durduq. Elə bil bir anlıq kənddəki şüursuz canlılar da “verilməmiş komanda”nı duydular; itlər hürməyə, eşşəklər anqırmağa, toyuq-cücə qaqqıldaşmağa ara verdi. Yaranmış sakitlikdə Xaçının səsi bir az da aydın eşidilməyə başladı…
Əgər bu mənzərəni səhnələşdirsəydik və onu musiqiylə müşayət etsətdik bu gərgin ortamı musiqi diliylə belə təsvir etmək olardı; orkestrin bütün zərb alətləri durmadan, davamlı olaraq çalır, violençel və kontrabaslar simləri sürtələyir, əsəbləri yay kmi bir az da gərib seyrçini psixoloji olaraq bu dəqiqə nəsə baş verəcəyinə hazırlayır…
Filmlərdə bənzər səhnələrdə verilən fon musiqsini bir anlıq təsəvvür edin…
…Və birdən bütün orkestr dayanır, sinc vurlulur, təbilçi əlindəki toxmaqla iri təbilə güclü bir zərbə endirir: “baaamp…”
Monastr tərəfdən bir adam çıxıb asta, ləng addımlarla düz bizə sarı istiqamət götürdü.
Elə o andaca aydın oldu ki, bayaqdan gözlənən kimdirsə bu gələn həmin şəxsdir.
Uzaqdan bir qaraltı kimi görünən şəxs yaxınlaşdıqca daha aydın sezimləməyə başladı. Bu yaşı yetmişin üzərində, beli azca bükülmüş, əlindəki dayaq ağaçına söykənərək bizə sarı addımlayan bir qoca idi.
Əynində qolları geri çirməli, ətəkləri dizinədək sallanan uzun qara pencək, balaqları qatlanıb kobud ipdən hörülmüş corablarının içərisinə soxulmuş kirli boz şalvarlı, bir qulağı anten kimi yuxarı dikəlmiş qaragül papaqlı qoca, nimdaş bir erməni yaxınlaşıb 10-15 addım aralıda dayanıb bizi tək-tək gözdən keçirməyə başladı.
Qabığı soyulub, ütülmüş əl ağacına söykənib əlini gözünün üstünə qoyub tamaşa eləyirdi. Kənardakılar da bir anda ətrafımıza toplandılar. Az öncə içəri girib qapını arxasınca bağlayan kök arvad da qapını açıb başını bayıra çıxartdı.
Bu nimdaş adam bir xeyli bizə baxandan sonra yəqin anladı ki, biz nəsə satmağa gətirmişik, satılacaq da hər nədirsə maşının açıq yük yerindədir.
Başını bir dəfə aşağı endirib bizə “salam” işarə edib maşına yaxınlaşdı.
Əyilib baxdı, arıq, damarları çıxmış barmaqlarını kisənin içinə daldırdı. Ovcunu paxlayla doldurub yuxarı qaldırdı. İri, parlaq paxla dənələri meynə çubuğuna bənzər nazik, uzun barmaqlar arasından axıb kisənin içinə töküldü. Ovcunun içində qalan son dənələrə də sanki gün işığına tuturmuş kimi azca yana əyilib baxandan sonra başını qaldırıb hər kəsin eşidəcəyi səslə dedi; “haştad qapik”.
Bunu dedi, mala qiymət kəsdi və çevrilib həmin asta addımlarla, əl ağacına söykənə-söykənə üz qoydu gəldiyi tərəfə…
Qısası, gəldi, baxdı kilosunu səksən qəpikdən təyin etdi və çıxıb getdi…
Bu onun qoyduğu qiymətdir. Qərar onun qərarıdır və müzakirə edilməz… Əslində qiymət qohumun ürəyindən idi deyə, buna heç etiraz da etmədi.
Deməli bunlar bayaqdan ona görə özlərini qəribə aparırlarmış ki, bu gələn yad adamalarla, yəni bizlə, necə davranacaqlarına, hansı şəkildə münasibət quracaqlarına qərar verə bilməyiblər, buna görə də qərarverənin gəlməyini gözləyirmişlər. Bu gələn də həmin o gözlədikləri qərar sahibi, bu kəndin Kələntəri imiş.
Çəkdilər, üç kilo birinə, beş kilo digərinə…, bölüşdürdülər, kisəni boşaldıb, haqq-hesabı da çəkib dağılışdılar evlərinə.
Kimdir “Kələntər”?
O vaxtlar uşaq idim, belə şeyləri ağlım kəsməzdi. Belə bir hadisə oldu, geriyə qayıdan baş da yolda bir az o gələn qəribə qocadan danışıldı, kim idi bu nimdaş erməni, gəldi malımıza qiymət qoydu, məzənnə təyin elədi.., danışıldı vəssalam…
Kolxozda elə bir ştat, rəsmi məqam, dövlət orqanı-filan da yoxdur. Kənddə ola biləcək məqam sahiblərindən kolxoz-sovxozun və ya yerli sovetin sədri, “uçastkovi”, zavmaq və s. deyildi…
O zaman bəs kim idi bu hamının fövqündə olan o qərar verən? Kimdir bu kəsdiyi sorğulanmayan “ali şəxs”?
İllər sonra xatırladım o hadisəni. Eşitdiyim o ad yenidən diqqətimi çəkdi. “Kələntər” o qoca erməninin adıdır, zənn etmişdim. Sən demə bu ad yox, onların cəmiyyətində hər kəsin şəksiz qəbul etdiyi, toplumun rəyinə təsir edə, onu yönləndirə biləcək hökmə sahib, bəlli bir davranışı, həyat tərzi ilə seçilən şəxslərin daşıdığı qeyri-rəsmi statusun adı imiş…
Kimdir bu Kələntər(lər)?
Və ya bir başqa səslənişlə, Qələndər(lər)… Sözün mənşəyi, anlamın kökəni haradan başlayır? Burada tarixi ekskursa zərurət var.
Məlamətilik. Məlamətilik (Melamiyya, Melametiyye) əsası IX əsrdə Xorasanda Həmdun Kəssar tərəfindən qoyulmuş, asketik mistisizmin Nişapur təlimi əsasında formalaşmış mistik-asketik sufi cərəyanının, dərviş ordeninin adıdır. Cərəyan haqqında açıq mənbələrdən əldə etdiyimiz bilgiyə görə, bu təlimin əsasında “məlamət” adlandırılan, insanın öz günahkar mahiyyətinə görə özünü təqsirli bilməsi, özünüməzəmmət, özünütənbeh ideyası durur. Bu cərəyana məxsus olanlar yaradana daha səmimi inandıqlarını, onun mərhəmətinə ümid etdiklərini önə çəkirdilər, buna görə də inancın göstəri üçün uydurulmuş hesab etdikləri zahiri ayinlərini rədd edərdilər. Onlar toplumda hər kəs tərəfindən standart kimi qəbul edilən zahiri əxlaqi normaları qəbul etmir, bəzən bilincli olaraq qəbul edilmiş prinsiplərlə qüsurlu sayılan davranışlar sərgiləyir, bir sözlə “axmaqlıq” edirdilər. (Metafora mənbələrdən alıntıdır).
Məlamətilər gündəlik yaşamında və təcrübələrindən əldə etdikləri uğurlar və qarşılaşdırları uğursuzluqlardan danışmağı sevməz, sirr saxlamağı bacarardılar. Qəbahətlilik, qüsurluluq və özünəcavabdehlik duyğusu mistikin zahiri əlamətlərə biganəliyini göstərə bilməsi üçün istifadə etdiyi əxlaqi davranışdır.
Bu cərəyan bölgəyə Orta Asiyadan türk axınlarının başlaması, ideyanın yayıldığı coğrafiyada, xüsusən də Xorasanda Qəznəvilər dövlətinin qurulmasıyla sıxışdırılmağa başlayır və xəlvətə çəkilir. Orden özü və ideyaları uzun müddət tarix səhnəsindən fəraqət edir. Bu çəkilmə taa bölgəyə daha bir gücün – Monqol yürüşlərinin başlamasıyla yenidən tarix səhnəsinə qayıdır, amma və təbii ki, başqa adla; Qələndərilik adı və tanımıyla…
Qələndərilik. Kələntərilik, Kalenderilik ya da Kalender’îyye (Qalandar’iyyah, farsça: قلندریه) 13-cü əsrdə meydana gəlmiş (qayıtmış) sufi təriqətidir. Təriqətin banisi monqol yürüşləri zamanı Səvadan Dəməşqə gəlmiş fars əsilli Cəmaləddin Məhəmməd Yunus əs-Səvacidir. Yoxsulluğu, səfilliyi, şəriət qanunlarına münasibətdə biganəliyi təbliğ edən bu sufi təriqətinin mənsubları dinin vacib buyurduğu ibadətlərdən, dini ayinlərdən yayınmış və heç vaxt işləməmişlər. Onlar şəxsi mülkiyyəti, ehtiyacdan artıq maddi nemətlər toplamağı və bir əldə cəmləşdirməyi rədd edirdilər. Maddi bağlılığı təcrübi olaraq minimuma endirir, qənaətcil həyat tərzini üstün tutur və özlərini böyük ölçüdə toplumdan təcrid edirdilər. Burada onlar antik Yunanın Diogen “Tsinizm”iylə bənzərdirlər.
Qeyri-adi görkmləriylə seçilən qələndərilər saçlarını, qaşlarını və kipriklərini qırxıb (adı iki kəlməyə bölsək “kəl” (keçəl, tüksüz) və “əntər” (folklorumuzda bədii təsvir vasitəsi olaraq çirkinlik, eybəcərlik anlamında işlənən ifadə) anlayışları da bu mənada diqqətəlayiqdir), qısa xirqə geyinər, başlarına da iri, tüklü papaq qoyarmışlar. Təriqət mənsubları ancaq öz xanəgahlarında yaşayar, səfil ömür sürərmişlər. Qələndərilərin dünyagörüşünə hind inanc sistemi və buddizmin təsiri şübhəsizdir. Həmçinin müsəlman coğrafiyasının Suriyadan Mərakeşə, Hindistanadək böyük ərazidə yayılmış qələndərilik özündən sonra gələn, zahidliyə meyl edən bir çox dini-fəlsəfi-mistik dünyagörüşlərinə təsir edib, onların ideya əsasını təşkil edib. Monqolların gəlişiylə qələndərilər dəstələr halında Anadoluya pənah gətirirlər. Burada təriqətin doğurduğu ən önəmli nəticə sonralar “Bektaşilik” kimi heterodoks (ana axından yayınmış) xalq təsəvvüfünün ən populyar doktrininin doğuşuna zəmin hazırlamasıdır.
Qələndərilik (Kələntərilik, Kalenderilik, Kalantarlıq, karandallıq) sözünün etimologiyası
Sözün mənşəyi barədə müxtəlif fikrlər, hipotezlər mövcuddur. Onlardan bir neçəsini burada verib, anlamın nə qədər geniş və müxtəlif çalarlı olduğunu göstərməyə çalışacağıq.
“Kalan” fars dilindən tərcümədə “yaşlı“, “böyük“ həmçinin də, “qarmaqarışıq saçlı yöndəmsiz adam” anlamına gəlir.
Feodal Iranında bu ad tayfa böyüklərinə və şəhər inzibatçısına aid edilirdi. Səfəvilər dönəmində İsfahan şəhərinin kələntəri şah tərəfindən yerli bilginlər və şəhər tacirləri arasından təyin olunurdu. Onların funksiyasına şəhərin məhəllə böyüklərini (darğa) və gildiyalara (sexlər, emalatxanalar) rəhbərlik edəcək şəxsləri təyin etmək, onlar arasındakı konfliktləri həll və vergiləri təyin etmək daxil idi. Həmçinin də onlar əhalinin şikayətlərinə baxıb, onları yerli adminstrasiya qarşısında qaldırır, bir növ sadə sənət adamları və tacirlərin maraqlarının müdafiəçisi rolunda çıxış edirdilər. (“Tadhkirat-al-muluk. A manual of Safavid adminstration” Səfəvi adminstrasiyasının əl kitabı. Vladimr Mironskinin şərh və tərcüməsiylə, 1943).
Sözün yunancadakı “χαλπωρ” – “çağırmaq”, “dəvət etmək” felindən alındığı hipotezi də mövcuddur.
Qeyd: Roma dönəmində “kalender” – ayın birinə olan (birindən hesablanan) faiz listəsi, borc siyahısı və kilsənin təyin etdiyi anım və bayram günlərinin siyahısı (bizim bildiyimiz təqvim, el arasında bəzən elə “qələndər” kimi də tələffüz olunan “kelandar” anlayışı) kimi başa düşülürdü.
Bu anlayışın Qədim Romadakı kimi borcla, faizlə əlaqəsi təlimin daşıyıcılarının zamanla hakim zümrənin maliyyə danışmanı, məsləhətçisi rolunda çıxış etməsi və bu zaman adlarının faizli borc hesablaşmaları, maliyyə çəkişmələriylə asossiya olunması kəlmənin tarix öncəsi ilkin mənasına qayıtması da olduqca maraqlıdır.
Bəs necə oldu, təməl prinsipi “məlamət” olan, maddi nemətlərdən çəkingən, nəfsinə qalib gəlməklə qənaətcil yaşam tərzinə üstünlük verən dərvişlər sonralar çevrilib ağanın, şahın, sultanın maliyyə işlərinə baxan, borc, faiz məsələlərindən məsul, qeyri-rəsmi geniş səlahiyyətlərə sahib şəxslərə çevrildilər?
Təbii ki, bu birdən-birə yox, uzun zaman içərisində, təriqətin ideyasının doğuluşundan keçən dövr ərzində həmin coğrafiyada baş verən siyasi-hərbi dəyişikliklər zəminində baş verdi. Orta Asiyayadan Kiçik Asiyaya, Orta Doğuyadək geniş ərazidə bir-birini əvəzləyən adı, əraziləri ilə birlikdə hakim sülalələri də dəyişən dövlətlərin bir-birlərini əvəzləməsi ordenin ideoloji yapısına təsir etməyə bilməzdi. Zamanla dərvişlər öz ideoloji postulatlarına yenidən baxmağa və onda dəyişikliklər etməyə, şərtlərlə uyğunlaşmağa məcbur olmuş, beləliklə də ilkin ideyadan sapmışdılar. İdeyanın böyük ölçüdə içi boşaldılmış, onun əsas postulatlarıyla birlikdə davamçılarının həyat və fəaliyyət tərzi də dəyişikliyə məruz qalıb, bir növ rekonstruksiyalar edilmişdi.
“Kələntər” (Qələndər) kəlməsinin şəxs adına çevilməsi çox sonralar baş verəcək və bizim kültürümüzdə də bu addan istifadə olunacaq. Hələliksə bu məşğuliyyətin (artıq dəyişilmiş şəkli) hansı təbəddülatdan keçib bizim bildiyimiz, haqqında danışdığımız hala, formaya düşməsini izləyək.
Məkansız-xəlvət təriqət üzvləri
13-cü əsrdə monqolların yürüşündən sonra əlçatmaz qalalarda yerləşən baş xanəgahları ortadan qaldırılıb təqib olunan təriqət üzvləvi (növbəti dəfə) xəlvətə çəkilməyə məcbur oldular. Şəhər həyatından uzaqlaşıb, siyasi otoritenin əlinin çatmadığı, mərkəzi hakimiyyətin inzibatü üsullarla təqibləri davam etdirə bilməyəcəyi ünyetməz yerlərə – dağlıq coğrafiyalara çəkildilər (“kuhi-məkan” olmaq – kuh dağ, məkan – yer), gəzərgi yaşam tərzinə keçib el-el dolaşır, bilinməyən yerdə peyda olur, olduqları yerlərdə çox da nəzərə çarpmadan, yaşamaq üçün vəsait və azuqə əldə etməyə çalışır, növbəti səfərə hazırlıq görür, həmin yeri mümkün qədər tez də tərk edirdilər. Nə vaxt harada olacaqları bilinməzdi. Çevik yerdəyişməyə uyğunlaşmış, məkansız, (“laməkanlıq” yaradana xas özəllik, ilahi məziyyət kimi o zamankı təsəvvüfdə geniş yayılmış anlayış idi. İdeala can atan özünü ona bənzətmək, onun məziyyətlərini özündə tərbiyə etmək istər) laübali, sərgərdan adam, normativ əxlaq dəyərlərə əməl etməyən, sosium üçün xariqüladə, bir az gizəmli, mistik, əcaib görkəm və davranış tərzinə sahib amoral bir sosial sinif…
Lakin “məkansız” olmaq havada yaşamaq deyil.
Qələndəri dərvişlər uzun müddət bir yerdə qalmadan, oturaqlaşıb bir yerə, orada olan sosiomühitə məxsus olmadan hər yanı gəzirdilər. Fərqli kulturalarla, adət-ənənələrlə tanış olurdular, yerəl mifləri öyrənirdilər, toplumsal əxlaqa yaxından bələd olurdular. Zamanla o miflərin çoxunu elə özləri yaradıb, yayırdılar.
Onlar yalnız yaşadığı ərazini və yerəl kültürü bilən oturaq insanlardan fərqli olaraq, ətraf coğrafiyanı, gediş-gəliş yollarını və onların məsafə, zaman miqyaslarını da yaxşı bilirdilər. İlətişim yollarını, xəbərləşmə metodlarını (əslində) özləri qurublarmış kimi, bilirdilər. Məntəqələrarası məsafələr, kəsə və gizli yollar onların əzbərində olurdu. Beləliklə də onlar arasında bir xəbərləşmə şəbəkəsi, bir-birini tanıyan və verdiyi xəbərə, rəyə etibar edilən insanların arasında oluşan, geniş ərazini əhatə edən indiki dillə desək “sosial şəbəkə” formalaşmağa başladı.
Monqolların bölgəyə gəlişi və onların böyük bir ərazidə yaratdıqları imperiyanın o dövr üçün misli görünməmiş sürətli xəbərləşmə, bilginin uzaq məsafəyə daha tez ötürülməsi ideoloji axınlar üçün də yeni imkanlar açırdı. İpək yolu boyunca yaradılmış çapar məntəqələri həm imperiyanın ucqarlarında baş verənlərdən uzaq mərkəzdə tez xəbər alınmasını, həm də karvan yollarının təhlükəsizliyini təmin edirdi. Bu da öz növbəsində həm ticarətin canlanmasına, həm də karvan yollarının keçdiyi və təhükəsiz bölgələrə aid olan ərazilərdə müxtəlif dini-ideoloji axınların rahat yerdəyişməsinə şərait yaradırdı. İndiki mənada sərhədlərin olmadığı, geniş bir yaşam arealının bir siyasi mərkəzə tabe olması və imperiyanın monolit bir inzibati vahidə çevrilməsi indiki dövrün “qloballaşma” zərurətinin ilkin orta çağdakı təməli sayıla bilər.
Təsəvvür edin; əyin-başı nimdaş, ilk baxışdanca yurdsuz-yuvasız olduğu şübhə doğurmayan, kimsəyə toxunmayan və bu üzdən də kimsənin toxunmadığı, komunikasiyadan qaçan xəstəhal, laübali halıyla birisi əyləşib bir küncdə gündəlik ruzi üçün yaradana və gedib-gələnlərə yalvarır. Kimin ağlına gələr ki, bu diqqətçəkməyən şəxs oturduğu bu ətrafı, orada baş verənlər barədə hamıdan daha artıq bilgili, mükəmməl müşahidə qabiliyyəti olan, hər şey barəsində hamıdan öncə və daha müfəssəl məlumatlı şəxsdir?
Bütün bilgilər onların qulağından-beynindən-dilindən və süzgəcindən keçib mənzilinə ulaşırdı. Zamanla xəbərdaşıyan (“Teymurun xəbərgir dərvişləri…”. “Nəsimi” filmindən), bir yerin mənzərəsini, sosiokültürəl yapısını, əhalinin nə düşündüyünü, nəyə inandığı və ya necə inandığını, bir sözlə istəyənə istənilən yerin kamil tablosunu cızan, rəsmini çəkən bir bilgin, səyyah…
Obrazın incəsənətdə inikası
“Nəsimi” filmində Əmir Teymurla dərviş arasındakı dialoq bunun aydın nümunəsidir. Əmir Şirvan camaatının nə düşündüyünü, Hürufilərin sirrinin nədə olduğunu, necə yaşadıqlarını dərvişdən öyrənir və sonda da “sənə özün ağırlığında qızıl verib tapşırdım ki, Nəimini tutub təhvil ver” deyir.
Bu dialoqdan bəlli olur ki, dərvişlər nəinki siyasi-hərbi güclərin informantı rolunu oynayırdılar, həm də hökm icraçısı, cəzaverici rolunu da üstlənirdilər. Daha bir örnək də Əmir Teymurun Şirvanşaha olan uiltumatumunu ona dərviş vasitəsiylə çatdırmasıdır: “Şaha çatdırın, Əmir Teymur Şirvana hərblə gəlir!”
Hürufilər əski dərviş ordeninin sosiallaşmış, intitusionallaşmış, əski məlaməti ənənələri dışına çıxaraq oturaqlaşmış yeni təzahürü şəkli idi və bu səbəbdən də əksi ənələrə sadiq dərvişlərlə yeni siyasi qüvvə kimi meydana çıxmış hürifilik arasındakı qarşıdurma əslində sinifdaxili mübarizə idi. Aralarındakı fərqləri dərviş hökmdara hürufiləri təsvir edərkən ifadə edir: yaxşı yeyib-içirlər, sağlam bədəndə deyirlər sağlam ruh olar. Amma evləmək istəmirlər, hərbin sonuna kimi…
Bu özəllikləri qələndəri dərvişlərini hakim zümrə üçün cəlbedici edirdi və zaman axını ilə bu iki zümrə – hakim sinif və Qələndəri dərvişlər idarəetməni birlikdə həyata keçirməyə başladılar. Xüsusən də maliyyə, ticari işlərdə zadəgan sinfinin o zamankı müsəlman şərqində yayğın olan sosial-dini əxlaqa görə birbaşa məşğuliyyətinin mümkün olmadığı işlərdə qələndərilərin xidmətlərindən yararlanırdılar. Yalnız hərtərəfli əlaqələrə sahib qələndərilərə bəlli olan marketinq sirrləri onları əvəzedilməz, əhəmiyyətli edirdi.
İslam əxlaqı faizli borc işini qadağan edir. Heç bir hakim, hökmdar şəriətin kəskin qadağasını gözardı edib bu fəaliyyətlə açıq-aşkar məşğul ola, ruhani sinfin əleyhində istfadə edə biləcəyi əsası onların əlinə verə bilməzdi. Ancaq gəlir gətirən bu işdən imtina da məqsədəuyğun deyil. Demək bu işi elə birinə tapşırmaq lazımdr ki, bu fəaliyyətlə məşğul olmaq üçün şəxsin həm yetərli bacarığı, gərəkən bilgisi, əlaqələri olsun, həm də şəxsin toplumsal əxlaqla hesablaşmaq kimi bir qayğısı olmasın, fəaliyyəti onu inancının hansısa vacib şərti gözardı etməsi kimi tənə altında qalmaq qorxsundan özünə daxili senzura tətbiq etməsin, çəkingənlik diskomfortu yaşamadan “qeyri-şəri fəaliyyət”lə məşğul olsun, onun üçün bir saqıncası olmasın.
Əbdürrəhimbər Haqverdiyevin “Diş ağrısı” hekayəsində xəsis varlı tacir Hacı Rüstəm ticarətə yeni qədəm qoyan gənclərə belə nəsihəti edir: “…Deyirlər şərab alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxarıblar ki, şərab alış-verişini öz əllərində saxlasınlar…”.
Günümüz İranında da alkoqol istehsalı və ticarəti əsasən orada yaşayan erməni azlığının fəaliyyət və gəlir mənbəyinə çevrilməsini şərtləndirib. Bir fəaliyyətlə ki, müsəlman məşğul ola bilməz, buna onun inancı gərəyincə bir daxili senzurası var, bunu işi şəri yasağı olmayanlara tapşırırdılar. Bu da qələndərilərin fəaliyyət dairəsini tədricən genişləndirir, bəzən rəsmi səlahiyyətləri içərən, bəzənsə sadəcə məsləhətçi rolunda qeyri-rəsmi rütbəyə, mənsəbə sahib olmalarıyla nəticələnirdi. Qələndərilik (bundan sonra Kələntərlik) yuxarıda sadalanan səbələrdən daha çox qeyri-müsəlmanların fəaliyyətinə çevrilirdilər.
Daha bir səbəb də kələntərlərlə əhali arasında heç bir ruhi-emossianal bağların olmaması, verilən əmrləri artıqlamasıyla, daha amansızca icra etmələri idi. Onların adı qəddarığın, amansızlığın, fitnəkarlığın, hiylənin sinoniminə çevrilmişdi. Kimsə taleyinin bu “namidəyər” amansızlara tapşırılmaması üçün özünü oda-közə vurub məsuliyyətini dəqiq və artıqlamasıyla ödəməyə hazır idi. Yetər ki, yaxası onların əlinə keçməsin.
Onlar tədricən şəhər inzibatçılarına, darğalara, ticarət gildiyalarının hakim sinif üçün ən güvənilir təmsilçilərinə çevirirdi. “Danabaş kəndinin əhvalatları” hekayəsində Xudayar bəylə Karapet ağa arasındakı kiçik bir dialoqu xatırlayaq.
– Mən Danabaş kəndinin katdası Xudayar bəyəm.
– Mən də ikinci gild kupets Karapet ağayam.
Yəni, bəy olmursan, kim olursan ol, adın, titulun məni qorxutmağa yetməz, mən biriləri üçün səndən daha gərəkliyəm, axram daha sağlam yerə dayalıdır…
“Böyük dayaq”ın Kələntəri
Bu film Azərbaycan kino sənətinin nadir incilərindən biridir. Onun əhəmiyyətli edən amillər sırasında filmin yaradıcı heyətində mədəniyyətimizin tanınmış simalarının – böyük bəstəkarımız Fikrət Əmirov, rejissor Həbib İsmayılov, aktyorlar Ələskər Ələkbərov, Məhəmmədrza Şeyxzamanlı kimi sənətkarların rol almasıyla yanaşı həm də onun postsalin dövründə – 1962-ci ildə çəkilmiş, Stalin epoxasının çatışmazlıqarına işıq tutan, o dövrün siyasi-əxlaqi problemlərinə həsr olunmuş bir sənət əsəri olmasıdır. Filmin ssenari müəllifi Mirzə İbrahimovdur, onun eyni adlı romanının motvləri əsasında çəkilib və xatırlayırsınızsa bu sözlərlə başlayır; Ölkənin həyatında yeni dövr açan 1953-cü ildən sonra da Rüstəm kişi böyük bir təsərrüfata rəhbərlik etməkdəydi.
Qeyd: 1953-cü ildə SSRİ həyatında baş vermiş ən əhəmiyyətli hadisə Stalinin ölümüdür və bu da imperiyanın sosial-siyasi həyatında doğrudan da yeni bir dövr açmışdı. Ardınca gələn və sovet tarixi üçün müstəsna bir əhəmiyyət kəsb edən Kommunist Partiyasının XX qurultayı (1956) və onun nəticəsi kimi “Xruşov erası” daha çox idarəetmənin liberallaşması, stalinizm dövrünə xas sərtliyin arxaikləşməsi, ölkənin təsərrüfat həyatının təkcə yuxarıdan gələn əmrlərin sözsüz icra edilməsi ilə deyil həm də aşağıdan səslənən fikrlər, təşəbbüslərlə nizama salınmağa başladığı dövr idi. Bu o zaman sovet iqtisadi-siyasi sistemi üçün həyati bir əhəmiyyət kəsb edən dəyişiklik idi.
Filmin qəhrəmanı, bu iki dövr arasındakı dəyişikliyə uyğunlaşa bilməyən, öyrəşdiyi, xarakterinə hopmuş əski dövrlərin sərtliyini yadırğamaqda çətinlik çəkən, bir az özündən razı, sözdinləməyən, amma ürəyi təmiz, “dilinə haram tikə vurmamış, başqasına da yedirtməmiş” kolxoz sədri Rüstəm kişidir. O əsasən yeni dövrün tələblərini anlayan gənclərdən təşkil olunmuş partiya təşkilat komitəsinin irad və təkliflərini dinləmək istəmir, camaatın iradəsini saymazyanalıqla qarşılayır, bununla da özüylə camaat arasında keçilməz sədd çəkir, bu da onun uğursuzluqlarının əsas səbəbin çevrilir.
Ondan fərqli olaraq, “Yeni həyat” kolxozuna təhkim edilmiş Kələntər çevikdir, yeni dövrün siyasi-iqtisadi fəlsəfəsini yaxşı anlayır. O kolxozda demokratiyanın pozulmasından dəm vurur. Çünki siyasi konyunkturanı bilir, yeni dövrün idaretmə siyasətindən xəbərdardır, yuxarıların nəzərində birini gözdən salmaq üçün hansı ittiham elementlərindən yararlanmaq lazım gəldiyini yaxşı anlayır. Kələntər əlqələr qura, kolxozda baş verənlərdən öz əlaqələri vasitəsiylə öncədən xəbər tuta bilir, kimin nə istəkdə olduğunu, hansı mənsəblərə can atdığını dəqiq bilir, tərəflərin maraqlarını başa düşür və əldə etiyi informasiyalarla müxtəlif kombinasiyalar qurub illərin idarəetmə təcrübəsinə sahib Rüstəm kişini öz avanturasına çəkə bilir.
O öz yaxın adamı hesabdar Salmanı boşalmış sədr müavini postuna gətirmək, bir sonrakı addımda isə onu sədr etmək istəyir. Ancaq işi elə qurur ki, Salmanın namizədliyini o deyil, Rüstəm kişi özü Kələntərdən xahiş edir. Baş verənlərin əslindən bixəbər Rüstəm kişi oyuna gəldiyinin əsla fərqində deyil. O Salmana “qorxdum Kələntər sənin müavinliyinə razi olmasın, amma etiraz etmədi”, deyib təəccübünü də bildirir. Əslində isə hər şey Kələntərin istədiyi plan üzrə gedir. Digər bir şəxsi, hesabdarın köməkçisi, katib Yarməmmədin isə gözü hesabdar stolundadır. O da Salmanın müavin olmasıyla hesabdar yerinin boşalmasında maraqlıdır və bu məqsədlə Salmanın sədr müavini vəzifəsinə təyinat almasında maraqlıdır, bu işdə onunla əlbirdir.
Digər bir şəxs – suçu Lal Hüseyn isə ferma müdirliyinə göz dikib. Həmin vəzifədə isə çoban Kərəm var. Bütün bunlardan xəbərdar olan Kələntər qarmaşıq gedişlər, baş açılması qəliz kombinasiyalar qura bilir. Anonim məktublar, yeyintilər barədə “yuxarılara vurulan zəhmətkeş teleqramları” əsasında təşkil olunmuş yoxlama və saxtalaşdırılmış nəticələrlə ferma müdiri işindən azad edilir və sədrin qəzəbinə gəlmiş çoban “tarlanın ortasında başına gün döyməsi” üçün pambıq yığmağa göndərilir.
Bu gedişlər kolxozçuların narazılığını artırır, bu narazıçılıq rayon rəhbərliyi səviyyəsində də duyulur və sədr Rüstəmin reputasiyasini zədələyir, onun kompetensiyasını sübhə altına alır, əsərdə deyildiyi kimi “Rüstəmin halvası çoxdan çalınıb” rəyi formalaşdırır. Kolxozda baş verən bu bütün qarmaşanın, başgicəlləndirən fitnəkarlığın arxasında isə Kələntərin əlinin olduğu heç kimin ağlına gəlmir.
Nəhayət, sədrin köməyinə katib vəzifəsinə təyin olunmuş cəbhə yoldaşı, sadiq dostu çatır. Ciddi araşdırmalar sonucu kələfin ucu tapılır, bu qurama oyunun arxasındakı əsl simanın Kələntər olduğu üzə çıxır. Kələntər hər şeyi doğru hesablayıb, bir şeydən başqa; daha əvvəlki dövr deyil, bir şikayət məktubuyla kiminsə “xalq düşməni” kimi güllə altına göndərildiyi zamanlar geridə qalıb. İndi hər şey əsaslı şəkildə araşdırılır. Katibin ifşa olunmuş Kələntərlə bağlı təklifi ibrətamizdir; göndər pambıq yığsın. (Çoban Kərəmə rəva görülən aqibət). Rüstəm kişinin katibin təklifinə reaksiyası isə subliminal mesaj daşıyır; heç bu əllərin sahibi də pambıq yığa bilər?! Bəlkə göndərəm “selpo”da nöyütdən-zaddan satsın…
“Yeddi oğul istərəm”in Kələntəri
Film 1970-ci ildə S.Vurğunun “Komsomol poeması”nın motivləri əsasında çəkilib və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının əllinci ildönümünə həsr edilib. Dahi yapon rejissoru Akiro Kurosavanın dünya kinosunda kulta çevrilmiş “7 samuray” (1954) filminin bizim kinoda bir növ inikası olan bu filmin ssenari müəllifi Yusif Səmədoğlu, rejissoru Tofiq Tağızadə, bəstəkarı Xəyyam Mirzəzadədir.
Filmdə “Kələntər” obrazını İsmayıl Osmanlı canlandırıb və bu obraz filmin ən yaddaqalan obrazlarından biridir.
Filmin lap əvvəlində Peykanlıya gələn komsomol dəstəsinin qarşısına Kələntər çıxır (çıxarılır). O, Çalpapaq Kərəmin edam edilərək asılmış adamının havada yellənən cəsədinə baxıb gülür və film boyu bir neçə dəfə təkrarlanan, onun dilindən zərbul-məsəl kimi ifadə edilən məşhur ifadəsini deyir: “Badi-badi giriftar, Hamam hamam içində, Xəlbir saman içində, Dəvə dəlləkliyi eylər, Köhnə hamam içində”. Bu deyim yerinə, məqamına görə hər dəfə fərqli mimik və intonasiyalarla deklomasiya edilir; ilk başda gülərək, sonra tənəli baxışlarla qarşısındakını süzərək və ya rişxən edirmişcəsinə və s.
Qeyd: Tamı “Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik(yi) eylər köhnə hamam içində. Hamamçının tası yox, baltaçının baltası, burdan bir tazı keçdi, onun da xaltası yox. Qarışqa şıllaq atdı, dəvənin budu batdı. Milçək mindik kür keçdik, yabaynan dovğa içdik” kimi olan bu deyim bir nağıl düzgüsüdür. Bu həm də filmin ilk sözləri, ifadə olunan ilk mətnidir. Film bu sözlərlə başlayır. Nağıllarda olduğu kimi… Bu üzdən buna diqqət ayırmamaq mümkün deyil.
“Düzgü” şifahi xalq yaradıcılğı janrlarından biridir və əsasən hərəkətlərin, obrazların təkrar edildiyi və müstəqil məna ifadə etməyən, süjeti olmayan mətnlərdir. Nağıllar əsasən bu düzgü ilə başlayar və bir növ nağılın başlamasına zəmin hazırlayar, dinləyicinin diqqətini nağıla cəlb etməyə xidmət edər. Amma bu nağıl söylərkən deyildikdə müstəqil məna kəsb etməz, ayrılıqda götürüldükdə isə mətndəki bəzi söz və ifadələr məqamına görə məna ifadə edə, mesaj daşıyıcısı ola bilər. Elə bu filmdəki kimi…
Mətndəki “dəvə dələkliyi eylər” səhvən “dəvə dəlləklik eylər” kimi deyilir, başa düşülür. Düzgülərin ümumi bir mənası, süjeti olmasa da içəriyindəki bəzi ifadələr ayrılıqda məna daşıya bilər. “Dəvə dəlləkliyi eylər” ifadəsi də (əvvəllər adlı-sanlı, şan-şöhrətli olan) birisinin (tənəzzülə uğrayıb) mənasız, əslində olmayan bir işlə, peşəylə – köhnə hamam içində dəvə qırxmaq, dəvə dəlləkliyi ilə, – məşğul olmasına işarədir. Kələntər bu şablonu bir dəfə də özünü təqdim edərkən işlədir;
– Amma, mən əvvəllər…, hamam-hamam içində, xəlbir saman içində…
Mətndəki “xəlbir saman içində” ifadəsi də bir nəsnənin köhnəlib sıradan çıxması və təyinatı üzrə olmayan məqsədlə istifadə olunmasını ifadə edir. Məlumdur ki, xəlbir daha çox üyüdülməmiş, iri dənli taxıl məhsullarını ələmək, arımaq üçün istifadə olunan ələkdən daha iri gözlü, geniş dəlikli təsərrüfat və məişət alətidir. Burada işarə olunan odur ki, xəlbir o qədər köhnəlib sıradan çıxıb, dəlikləri sökülüb o dərəcədə böyüyüb ki, onunla daha taxıl ələmək mümkün deyil, saman ələməyə yarar. Əslində isə saman taxıldan geriyə qalan, sünbülün gövdəsidir və o ələnməz. Burada məqsəd diqqəti xəlbirin nimdaşlığına, köhnəlib sıradan çıxdığına yönəltməkdir.
Dəstəni qarşılayan Kələntərlə komsomolçular arasındakı dialoq maraqlıdır. Onun qorxmadan, gələnləri saymazyana, hətta ələ salırmışcasına edam olunmuşa işarə edərək düzgü deməsi baş komsomolu hövsələdən çıxarır.
– Çərənləmə a kişi! De görüm kimsən, buralarda nə gəzirsən?
– Kim olduğumu neynirsən ağrın alım? Heç özüm bilirəm ki, mən kiməm…
Onun bu cür əhvalını pozmadan, saymazyana cavabı, hövsələsi onsuz da dar olan peyğəmbər nəvəsini – Mir(!)paşanı çilədən çıxarır. Tüfəngini boynundan sıyırıb çıxararaq deyir;
– Bu saat yadına salaram kim olduğunu…
Burada Kələntər qorxmaqdan daha çox özünü qorxmuş kimi göstərərk qayanın arxasında gizlənməyə çalışaraq ilk məlamət nümunəsi göstərir.
– Öldürmə!
Məlamət, təhdidə qarşı heç bir müqavimət göstərmədən sadəcə təhdid ünsürünün vicdanına təsir etmə, ürəyini yumşaltmağa cəhd etmə, törətməyə qalxdığı əməlin günah olacağını xatırlatmaqla əməlindən imtinaya yönəlik psixoloji reaksiya, bir növ müqavimətdir. Təhdid ünsürü atacağı addımın heç bir hüquqi məsuliyyət yaratmayacağını, bu əməlinə görə hansisa qanuni cavabdehlik daşımayacağını bilir və onun bu addımdan bir tək mənəvi-psixoloji məsuliyyət hissi, günahkarlılıq duyğusu – vicdanı yayındıra bilər. Və o hədəf olaraq qarşısındakının vicdanını seçir; “öldürmə məni, allaha acıq gedər”.
Burada işə onun tanıyan gənc komsomol – Cəlal qarışır və Kələntəri heç kimə dəyib dolaşmayan, zərərsiz biri kimi təqdim edir. Bundan sonra gələnlərlə qarşılayan arasındakı münasibətlər normal məcraya dönür, dəstə başçısı Kələntərdən kənddə olub-bitənlər barədə informasiya almağa çalışır, Çalpapaq Kərəmin yerini soruşur. Bu səhnə Kələntər(lər)in tarixi-sosial mahiyyətinə işarədir – onlar informasiya daşıyıcısı-çatdırıcısıdır. Bu barədə yuxarıda danışmışdıq…
İşin ironik tərəfi isə Kələntəri “heç kəsə dəyib-dolaşan deyil” kimi təqdim edən Cəlalın ölümünün məhz onun əliylə olmasıdır.
Bundan sonra komsomolçuların hər addımı Kələntər tərəfindən izlənir. Kələntər xüsusilə Cəlalı gözdən qoymur, hər addımda qarşısına çıxır, onunla dialoq qurmağa can atır. Calala “sən olmasaydın başçınız məni öldürəcəkdi, ver əllərini öpüm” deyib özünü ona minnətli göstərib söhbətə çəkir, ona nostaljiq duyğyu fonunda keçmiş günləri xatırladıb ürəyinə yol tapmağa, etibarını qazanmağa çalışır. “İstəyirsən gedim xanıma (Humaya) xəbər verim” təklifiylə şəxsi sferasına daxil olmaq istəyir.
Hər şey, kəndlilərin yaz aratına çıxıb bəyin torpaqlarını şumlaması, komsomolçuların kənddə bəyi ələ salan tamaşa göstərəcəkləri, bəyin qızı Humayın Şəkər bəyin oğluyla (Cəlalla) görüşməsi.., hər şey “Qan çanağı”na sığınmış bəyə çatdırılır. Kələntər bir növ kənddə bəyin görən gözü, eşidən qulağıdır… Həm də iş görən, məkrli planlar quran əlidir. Ancaq gənc komsomolçuların bütün bundan xəbəri yoxdur. Təbii ki, hazırlanan qəsdlərdən də…
Bəyin sağ əli, gizir onu birbaşa döyüşdən çəkinməyə, “Qan çanağı”nı tərk etməməyə çağırır və bəyi buna inandıra bilir. Ancaq bir şərtlə; bəyin iradəsinin ziddinə onun qızıyla görüşmüş, yazılmamış mental qanunlara görə namusuna toxunmuş, Peykanlı qəbristanlığında Gəray bəyi təhqir etmiş Şəkər bəyin oğlu cəzalandırılsın. Gizir bu barədə bəyi arxayın edən vəd verir: – onu cavan qanına qəltan eləmək mənim boynuma bəy. Arxayın ola bilərsən…
İşə salınmış “Cəlalı cavan qanına qəltan etmək” planı təbii ki, Kələntərə tapşırılır. O öz işini biləndir, bu kimi hiylələrin mahir ustasıdır. “Heç kəsə dəyib dolaşmayan” Kələntər qurduğu avantüraya Calalı inandıra bilir və gənc sevdalını düşməninin hüzuruna “Qan çanağı”na qalxmağa sövq edir. Burada isə təkcə bu filmin deyil, eləcə də kinomatoqrafiyamızın (bəlkə də dünya kinosunun) ən təsirli edam səhnəsi canlandırılır.
Hökm verən, edamın icrasını qurbanı ölüm ayağına göndərənin özünə həvalə edir. Kələntərin cəlladlıq vəzifəsini zövqlə icra edəcəyindən əmindir, onu bu zövqdən məhrum etmək istəmir.
Edam xüsusi teatrallıqla, simvolikalarla – Şəkər bəyin Cəlalın beşiyinin başında çaldırdığı “ağa-bəy havasının” – “Yanıq Kərəmi” sədaları altında, həm də qəddarlıqla, ölüm anı işgəncəylə uzadılaraq icra edilir.
Qurbana beşiyində dinlədiyi musiqini edam səhbasında, ölüm ayağında dinlətmək ona son xatırlatmadır. Hər halda bəy oğludur, edam da statusuna layiq olmalıdır. Bu həm də güzəştdir. (Bəlkə də) ölümü rahat qarşılaya bilsin deyə…
Kələntər obrazının bütün mahiyyəti bu səhnədə qabarıq göstərilib. İsmayıl Osmanlı onu möhtəşəm yaradıb.
O əvvəl tüfəngi edam olunanın sinəsinə yönəldir, ancaq işini bir güllə ilə bitirmək istəmir; icra etdiyi işdən zövq alırmışcasına gülümsəyib dizini nişan alır, tətiyi çəkir. Saz susur. Aşıq bu dəhşətli mənzərədən məmnun deyil. Ağrıdan qıvrılan Calal düşməni qarşısında dik dayanmaq, ölümü ləyaqətlə qarşılamaq üçün ayağa qalxır. İkinci güllə digər dizinə sıxılır. Aşıq yenə də pərdədən əl götürür. “Kərəmin yanğısı”nı tərənnim edən havanı bu fəci mənzərənin bərabərində səsləndirmək, havanı “qana bulaşdırmaq” istəmir.
Edam anında heç kim cəlladına “öldürmə” deyə yalvarmaz. Cəllad əmr alıb, onun işi öldürmək, can almaqdır. Ölüm ayağındakı insanın əzablarını duymamaq, bəlkə son anda sirr sayılan bir bilgi verər deyə, bunu eşitməmək üçün adətən cəlladlar dilsizlərdən seçilərdi. Kələntərinsə qulağı eşidir. Calalın son yalvarışı “öldürmə” deyil, əksinə ölümü tezləşdirsib əzablarına bir gülləylə son qoysun deyədir. Heç bir nifrət, qəzəb ifadə etmədən, sanki bir içim su istəyirmiş kimi:
– O bircə qağanın qəbrinə and verirəm, Kələntər dayı, ürəyimi nişan al, ağrıdır axı…
İş Kələntərin insafına qaldısa, çətin…
Deyəsən proses edam hökmünü verən şəxsin özünün də ürəyini sıxır, bu dəhşətli mənzərənin davam etməsini insafına, bəlkə də qüruruna sığışdırmır. Calalın yalvarıb Kələntərdən dilədiyi güllə bəyin silahından ürəyinə tüşlanır.
Kələntərin sonu da digər filmlərdə olduğu kimi tragikomik sonuclanır. Bu filmdə onun sonu silahdan istifadə etməyi yeni öyrənən Qəqəninin düz alnının ortasına sıxdığı sərrast atışla, sevə-sevə söylədiyi düzgünü sona çatdırmağa macal tapmadan gəlir.
Kələntər “Qaloş” kimi…
“Qanun naminə” filmi yazıçı Süleyman Rəhimovun “Mehman” romanı əsasında çəkilib. Əsərdəki hadisələr 30-cu illərdə, Azərbaycandakı rayonlardan birində baş verir. Filmdə “Qaloş” obrazını Rza Təhmasib canlanırıb.
Rayona prokuror təyin olunmuş Mehman burada qəribə hadisələrlə üzləşir. Rayonda istintaq orqanlarının hüquq pozuntularına yol veridyini, qanunsuz həbslər həyata keçirdiklərini, yeyintilərin olduğunu, bir qrup şəxslərin özləri üçün imtiyazlar əldə etdiyini aşkarlayır. Cinayətkarlar azadlıqda, iş başındadır, əvəzində isə heç bir günahi olmayan namuslu şəxslər şərlənərək həbsə atılır. Bir-biriylə cinayət əlaqəsində olan bir qrup şəxs rayonu çapıb talayır, etiraz edənlər şərlənir, bununla mübarizə aparmalı olan vəzifəli çəxslər rüşvətlə ələ alınır, qorxudulur, susmağa məcbur edilir.
Prokuror saxta ittihamla həbs edilmiş kolxoz sədri Salamatovu həbsdən azad edir, cinayət işini yenidən ibtidai istintaqa qaytarır. Eləcə də digər istintaq hərəkətlərində də qanun pozuntusu aşkar edir və bu işləri də nəzarətə götürür. Burada o rayon rəhbərliyi, onunla qohumluq əlaqələri olan və əhatəsidəki digər şəxslərin müqavimətiylə üzləşir. İlk başda ona rüşvət verərək ləkələmək və bununla da gözükölgəli etməyə cəhd edilir. Bu mümkün olmadıqda hədə qorxu ilə rayondan getməyə məcbur edilir. Nəhayət onunla şəxsi münasibətlər yaradıb, ailə münasibətləri zəminində yumşaltmaq, sözəbaxan etmək yollarına baş vurulur. Prokuror ehtiyatlıdır, ona qarşı məkrli bir planın olduğundan xəbərdardır, edilən bütün “dostluq” təkliflərini geri çevirir, obyektiv istintaq aparmasına mane olacaq şəxsi münasibətlədən çəkinir…
Amma onun da zəif nöqtəsi tapılır… Bu işdə cinayətkarlara onun gənc həyat yoldaşı, merkantil, bər-bəzək düşkünü xanımı “yardım” edir. Mehmanın “görünür evimin içinə nəzarət edə bilmirəm” əndişəsi özünü doğruldur. Amma nəzarətdən qaçırdığı, evində baş verənlərdən, həyat yoldaşının zəif tərəflərindən xəbər tutan, heç ağlına gəlməyən başqa birisi də var – yaşadığ evdə xidmətçi funksiyasını yerinə yetirən Qaloş. O xidmətçi sifətiylə yaxşı maskalana bilib, özünü zərərsiz, işi-peşəsi odun kəsmək, bazarlıq etmək, həyət-bacanı səliqəyə salmaq olan yaşlı biri kimi təqdim edə və ailənin ən yaxınında qərar tuta bilib. O evin bacasından ailə söhbətlərini dinləyib Züleyxanın ərindən qızıl saat istədiyini öyrənir və anbardar qardaşı oğlundan öz gənc xanımına aldığı qiymətli saatı alıb prokurorun qaynanasına hədiyyə qismində verir. Məqsəd hədiyyə ilə ələ alınmış varidat düşkünü xanım-qaynana tandemiylə prokurorun qərarlarına təsir etmək, alınmasa verilən rüşvətlə onu şantaj edib qorxutmaqdır. Bu hiylə baş tutur, qızıl saat prokurorun xanımının sinəsinədək gəlib çıxır.
Hadisələrin sonrakı axınında rayonda baş verən olayların – təhdid, hədə, rüşvət təklifi, hətta anbardar Məmmədxanın öz arvadını boğub öldürməsi hadisəsinin sifarişçisinin də prokurorun burnunun dininədək yol tapmış, “zərərsiz” yaşlı Qaloşun dayandığı aşkar olur. Hadisələrin gözlənilməz gedişi hər kəsin heyrətinə səbəb olur. Qaloş ifşa olduqdan sonra izi itirmək üçün öz qardaşı oğlunu öldürüb, banditlərə qoşulmaq üçün aradan çıxır. Ancaq o məqsədinə nail ola bilmir, tutulub istintaqa təhvil verilir. Filmin sonunda Mehman banditlərin əlinə keçir və ondan həbs olunmuş Qaloşun azad edilməsi tələb olunur. Bu nüans ələ keçən “kələntər”in banditlər üçün əhəmiyyətli şəxs olduğunu göstərir.
“Yol əhvalatı”nın Kələntəri
Bu film düz 40 il bundan öncə, 1980-ci ildə çəkilib. Filmin baş qəhamanı işbaz, alverçi, maddi qazanc əldə etmək üçün hər cür yalana əl atmağa qadır “jek” müdiri Qurbandır. O işbirliyi etdiyi yaxın qohumlarına “soyğunçu”, “tüfeyli”, “vicdasız alverçi” adı versə də əslində bütün mənfi xüsusiyyətlər onun şəxsində cəmləşib. O qızını səmimi məhəbbətlə sevən Mustafanın yük maşınından istifadə etmək üçün ona yalandan “hə” deyir, öz çirkin oyununa özünün dediyi kimi “gözünün ağı-qarası” olan qızını belə alət etməkdən çəkinmir.
Bu işbaz “jek” müdirinin hesab-kitabını tutan Kələntərdir. Filmdə bu obraz canlandırılmayıb, reallıqda olduğu kimi filmdə də Kələntərin adı çəkilir, özü isə gözə dəymir, inkognito oynanılır…
Filmin sonunda Kələntərin “müdiri” komik sonluqla ifşa olunur. Gülünc duruma düşüb ifşa olunmaq Kələntərlərin sonunu xarakterizə edən ümumi məziyyətdir, onlara xas sonluqdur…
https://www.youtube.com/watch?v=7coSfSx4iEw&feature=youtu.be
Son nəticə
Yazıda Kələntərliyi xarakterizə etmək, bu fenomenin tarixi arxa planına baxış sərgiləmək, filmlərimizdə canlandırılmış bu adda obrazların ümumi cəhətlərini vermək, onlar arasındakı bənzərliklərə nəzər salmaq istədik. Nəzərə alırıq ki, bu tarixi fenomen kültürümüzdə ad olaraq da istifadə olunur. Azərbaycan kinosunda, incəsənətində bu ad və ya soyadda, onun müxtəlif variantlarını daşıyan şəxslər də var. Məqsəd bu ada və onun daşıyan şəxslərin kimliyini xarakterizə etmək, adın daşıdığı tarixi mahiyyəti ayrı-ayrı şəxslərə şamil etmək deyil, bu fenomenin şəxs adına, kimliyi identifikasiya edən anlayışa çevrilənədək hansı tarixi yol keçdiyinə, hansı şəkildə dəyişikliyə uğradığına işıq salmaq, bunun sadəcə kimlik daşıyıcısı bir ad olaraq deyil, funksional mahiyyət olaraq da bu günümüzdə mövcud olduğunu diqqətə çadırmaq idi.
İş elə gətirib ki, xalqımızın taleyyüklü məsələsi, böyük bir kəsimin aqibətiylə bağlı illərdir gözlənilən və gecikən siyasi qərarın da bu anlayışın soyadlaşmış şəkliylə bir bağlılığı var. Rusiya üst siyasətində qərar tutmuş və yayğın olan təsəvvürə görə çözümü gecikən Qarabağ düyününün əsas menaəsi və ya təklif olunan “həll variantı”ndan birinin müəllifi, rus dövlət adamı, diplomat, Rusiya xarici siyasətində müstəsna əhəmiyyət kəsb edən bir person olaraq, eyni zamanda erməniçiliyin əsas dayağını təşkil etdiyi deyilən və bu səbəbdən də əksər azərbaycanlıların adını “sevgiylə” yad etdikləri şəxsin adı da bu fenomenə bağlıdır; onun gizli soyadı Kələntəryandır…
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.