XX əsrin başlanğıcında Balkanların bölgə quruluşu kifayət qədər rəngarəng idi: orda, əhəmiyyəti beynəlxalq münasibətlər sistemində dəyişən dövlətlər yanaşı yaşayırdı. Balkanlar qüdrətli dövlətlərin – Böyük Britaniya, Rusiya imperiyası, Fransa, Almaniya və Avstriya-Macarıstanın xarici siyasətdəki maraqlarının fokusunda idi. Bunun nəticəsində Cənub-Şərqi Avropada kiçik ölkələrdən ibarət milli layihələri olan bu dövlətlər arasında rəqabətin təbəqələşməsi gedirdi. Öz növbəsində həmin kiçik ölkələr də biri-birinə qatı düşmən kimi yanaşırdılar.
Cənub-Şərqi Avropanın bölgəsəl strukturu orda yüksək münaqişə potensialının yaranmasına səbəb olurdu.
Tarixçilər və publisistlər hələ də bu mövzu ilə bağlı qızğın mübahisələr edir, ilk baxışda artıq çeynənmiş suallara cavab tapmağa çalışırlar: Balkanların “Avropanın barıt çəlləyinə” çevrilməsinin səbəbi nə idi? Niyə bu bölgədə parlayan qığılcım I Dünya Müharibəsini alovlandırdı?
MÜNAQİŞƏNİN KÖKLƏRİ
1877-1878-ci illərdə baş verən Rus-Türk müharibəsi Balkan bölgəsinin inkişafında yeni mərhələnin başlanğıcı demək idi. 1878-ci ildə imzalanan Berlin traktatına əsasən, üç ölkə – Serbiya, Rumıniya və Monteneqro müstəqillik qazandı, Bolqarıstan isə muxtar knyazlıq statusu aldı və de-yure Osmanlı imperiyasının tərkibində qaldı. Beləliklə də, Balkan siyasi meydançasına yeni bölgə oyunçuları gəldi – xarici siyasət proqramının təməlində orta əsrlərdəki “imperiyaların” dirçəlişi layihəsi dayanan kiçik ölkələr.
Keçmişdə Balkanlarda dominant olmaq uğrunda Bizans imperiyasından tutmuş Bolqar çarlığı, ya da Serbiyaya qədər ən müxtəlif dövlətlər mübarizə aparmışdılar. Lakin bu ölkələr uzun müddət ərzində Osmanlı imperiyasının hökmranlığı altına düşmüşdülər. Müstəqillik əldə edəndən sonra Yunanıstan, Serbiya və Bolqarıstan, vaxtilə onların orta əsrlərdəki “dövlətlərinin” tərkibinə daxil olmuş ərazilərə, xüsusilə də, Makedoniyaya iddia eləməyə başladılar və sonuncu, onların arasında zəhərli nifaq almasına çevrildi.
1878-ci ildə Berlin konqressinin işinin yekunlarına əsasən, Balkanlarda iki polietnik imperiyanın mövcudluğu qeydə alındı: Osmanlı imperiyası və Avstriya-Macarıstan. Vyana və Londonun səyləri nəticəsində Cənub-Şərqi Avropada türklərin hökmranlığı qorundu: Makedoniya və Trakiya Osmanlı imperiyasının tərkibinə qayıtdı.
Otuz ildən də çox müddətdə eyni dindən və eyni qandan olan xalqların azadlığı, Serbiya, Bolqarıstan, Monteneqro və Yunanıstanın xarici siyasətinin alfa və omeqasına çevrilməyə başladı.
Balkanlardakı digər çoxmillətli imperiyanın – Avstriya-Macarıstanın da təsir dairəsi genişlənirdi: o, Bosniya və Hersoqovinanı işğal etmiş, həmçinin öz qoşunlarını Serbiya və Monteneqronun sərhədində yerləşən Yeni Bazar sancağına yeritmişdi. Öz cənubi-slavyan təbəələrinin sıralarını doldurmuş Dunay monarxiyası, cənubi-slavyan Pyemontu roluna iddialı olan Serb knyazlığına (1881-ci ildən Serb krallığı), imperiyanın daxili siyasi stabilliyinə qarşı potensial
təhlükə kimi baxmağa başladı. Ki, bu da Avstriya-Serbiya antaqonizminin yaranmasına səbəb oldu.
BÖYÜK DÖVLƏTLƏRİN MARAQLARI
Cənub-Şərqi Avropada siyasi təbəddülatların artmasında böyük dövlətlərin simasında xarici amillər əhəmiyyətli rol oynayıb. Çünki Avropa, Asiya və Afrikanın kəsişməsində yerləşən Balkanlar vacib geostrateji bölgə idi.
Balkan-Qara dəniz bölgəsi Rusiya imperiyası üçün hələ XVIII əsrin sonlarından xarici siyasətin prioritet istiqaməti sayılırdı. Rusiya, bir tərəfdən o dövrün əsas kommunikasiya qovşağına – Konstantinopol və Qara dənizdəki Bosfor və Dardanell boğazlarına nəzarət eləməyə can atırdı, çünki bu, avtomatik olaraq onun isti dənizlərə çıxışını təmin edirdi. Digər tərəfdən isə o, özünü Osmanlı imperiyasının hökmranlığında olan xristiyan xalqlarının himayədarı kimi təqdim edirdi: bu missioner ismarıc Peterburqun xarici siyasətinə xüsusi mistik anlam qatırdı. Yaxın və Orta Şərqdə Rusiyanın prinsipial antaqonisti rolunda Böyük Britaniya çıxış edirdi.
Onun xarici siyasətinin əsas hədəfi Asiyada öz imperiyasının təhlükəsizliyini təmin etmək idi.
Xarici siyasətin bu imperativi, Şərqi Aralıq Dənizi bölgələrindəki kommunikasiyalar üzərində nəzarəti ələ almağı tələb edirdi, Balkanlar isə London üçün vacib olan bu geosiyasi məkana aparan keçid idi. Digər iki böyük dövlət – Fransa və Almaniyanın Balkanlardakı maraqları daha çox iqtisadi xarakter daşıyırdı. Hərçənd, XIX-XX əsrlərin əvvəllərində Berlin, Osmanlı imperiyasındakı siyasi nüfuzunu fəal şəkildə genişləndirirdi. Bununla belə, sözügedən böyük dövlətlərdən heç birinin xarici siyasəti, bu bölgəni özünün “arxa həyəti” hesab eləyən Avstriya-Macarıstanınkı qədər mərkəzləşdirilməmişdi. Avstriya-Macarıstan üçün Balkanlarda hegemon olmaq özünün “qüdrətli dövlət” statusunu möhkəmləndirmək məqsədi güdürdü. Buna görə də, imperiya, bölgədə güclərin necə yer dəyişdiyini – bu, hər şeydən əvvəl yerli oyunçuların – kiçik Balkan ölkələrinin qüvvətlənməsi demək idi – ağrılı qəbul edirdi. Bu səbəbdən də Avstriya-Macarıstanın Balkanlarda yaranan hər böhrana müdaxiləsi bölgədə vəziyyətin daha da gərginləşməsi ilə nəticələnirdi.
Beləcə, Balkanlar faktoru blok siyasətinin təşkilində son dərəcə mühüm detal rolunu oynayırdı. Balkanlar, Avstriya-Macarıstan üçün əhəmiyyətli bölgə olduğundan Almaniya bir müttəfiq kimi, Vyananın cənub-şərq istiqamətində həyata keçirdiyi istənilən aqressiv aksiyanı dəstəkləməyə məcbur idi. Dunay monarxiyasının Balkanlardakı nüfuzunun azalması bölgədə Üçlük ittifaqının mövqelərinin zəifləməsi anlamına gəlirdi. Burda son dərəcə vacib daha bir məqamı da nəzərə almaq lazımdır: böyük dövlətlərin hər biri, sözügedən bölgənin, öz tərəfdaşlarının rəqiblərinin siyasətində hansı yeri tutduğuna diqqət yetirirdi. Həmin dövrdə Avropada böyük dövlətlərin iki antaqonist bloka bölünməsi prosesi gedirdi: 1882-ci ildə təsis edilmiş Üçlük İttifaqı (Almaniya, Avstriya-Macarıstan və İtaliya) və 1891-1907-ci illər arasında imzalanmış bir neçə müqavilə və razılaşmaların nəticəsi olaraq meydana çıxmış Antanta (Fransa, Rusiya və Böyük Britaniya). (1891-1894-cü ildə bağlanmış franko-rus ittifaqı, 1904-cü ildə bağlanmış ingilis-fransız razılaşması və 1907-ci ildə bağlanmış, Əfqanıstan, İran və Tibetdə nüfuz sərhədlərinin müəyyənləşdirilməsi haqqında rus-ingilis razılaşması).
Bu məntiqi əlində rəhbər tutan Almaniya Balkanlarda başlayan ciddi beynəlxalq böhranlar zamanı Avstriya-Macarıstanla həmrəy olurdu və onun situasiyaya müttəfiq qismində müdaxiləsi ultimativ xarakter daşıyırdı, məsələn, 1908-1909-cu illərdə baş verən Bosniya böhranında olduğu kimi.
"Bosniya və Herseqovinanı qəsb etmiş (7 oktyabr 1908) Avstriya-Macarıstanla, öz müstəqilliyini (5 oktyabr 1908) elan etmiş Bolqarıstan arasında 1878-ci ildə bağlanmış Berlin traktatının birtərəfli şəkildə pozulması nəticəsində yaranan beynəlxalq-siyasi böhran."
Öz növbəsində, Böyük Britaniya və Fransa, Balkan bölgəsinin Rusiya üçün vacibliyi rakursundan çıxış edirdi. London, Peterburqun Balkan problemlərinin tənzimlənməsi prosesinə daha dərindən qarışmasında maraqlı idi: Bu, ona Rusiyanın diqqətini İrandan yayındırmaq imkanı verirdi. Belə ki, İran məsələsində Rusiya ilə Böyük Britaniya arasında ciddi ziddiyyətlər vardı.
BALKAN MÜHARİBƏLƏRİNİN SƏBƏBLƏRİ
I Balkan müharibəsinə gətirib çıxaran qısamüddətli faktorlar arasından bir neçəsini seçmək mümkündür: Osmanlı imperiyasının sürətlə zəifləməsi və gənc türklərin bu prosesin qarşısını almaq istiqamətində uğursuz cəhdləri; italyan-türk müharibəsi; Serbiya, Bolqarıstan və Yunanıstanın Makedoniya məsələsində konsensusa gəlmək istəmələri və eyni dindən, eyni qandan olan xalqların azad edilməsi məsələsində göstərdikləri qətiyyət.
1911-ci ildə başlayan italyan-türk müharibəsi ocağa yağ tökdü. Diplomatik və hərbi dairələrdə hərbi əməliyyatların Balkan yarımadasına, əsasən, Albaniyaya yayılacağı ehtimalı istisna olunmurdu. Çünki Adriatikin hər iki sahilində üstünlük qazanmağa can atan İtaliya bu osmanlı vilayətinə öz potensial nüfuz dairəsi kimi baxırdı. Başqa sözlə, Türkiyə üçün pat vəziyyəti yaranırdı, müstəqil Balkan dövlətlərinin rəhbərləri isə başa düşürdülər ki, onlar üçün, şərq məsələsinin həllinə və “osmanlı mirasından” öz paylarını almağa imkan verən “fürsətlər pəncərəsi” açılır. O ki qaldı birinci faktora, 1908-ci ilin yayında Konstantinopolda hakimiyyətə gələn gənc türklərin, ölkəni modernləşdirmək və mərkəzdənqaçma tendensiyasını osmanlılaşdırma siyasəti hesabına geri qaytarmaq cəhdləri öz bəhrəsini vermədi.
Dahası, imperiyanın ucqarlarında mütəmadi olaraq yerli xalqların qiyamı baş verirdi – bu, xüsusilə də, Albaniya və Yəmənə aid idi. Belqradda, Sofiyada, Afinada və Çetinyedə imperiyanın bünövrəsinin bərk silkələndiyini görürdülər. Bu isə onların, “Avropanın xəstə insanı”na qarşı mübarizədə uğur qazanmaq şanslarını artırırdı.
"İmperiya ərazisində yaşayan xalqların dini, etnik mənsubiyyətindən asılı olmayaraq, vahid osmanlı “cəmiyyəti”nin yaradılması. Qeyri-türk xalqları assimilyasiya və osmanlılaşdırma arasında bərabərlik işarəsi qoyurdular."
Türkiyəni Balkan yarımadasından – Makedoniya və Trakiyadan birdəfəlik sıxışdırıb çıxartmaqdan ötrü kifayət qədər maddi və siyasi resurslarının olmadığını çox yaxşı anlayan bölgənin kiçik dövlətləri öz aralarındakı, Makedoniyada etnoterritorial sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı ziddiyyətləri müvəqqəti dondurmaq və xarici siyasətdəki hədəflərini reallaşdırmaq məqsədilə hərbi-siyasi ittifaq metodundan istifadə etmək qərarına gəldilər. Belqrad, Sofiya və Afinanın, Makedoniya məsələsində kompromisə gəlmələri faktı bölgə diplomatiyası üçün irəliyə doğru atılmış böyük bir addım oldu.
Serbiya, Bolqarıstan və Yunanıstan hökumətləri üçün Makedoniya ərazisinin bölüşdürülməsi ağrılı mövzu idi. Zira bu ölkələrin hər biri elə hesab edirdi ki, sözügedən torpaqlar bir vaxtlar onun orta əsrlərdəki dövlətinin tərkib hissəsi olub. Türkiyənin bu əyalətində məskunlaşmış əhalinin milli tərkibini müəyyənləşdirmək həddindən artıq çətin idi: yerli xristiyanların özlərini Balkanlardakı bu və ya digər provaslav kilsəyə aid etməsi – yunan, serb, bolqar – onların milli kimliyini formalaşdırırdı. Nəticədə Sofiya və Belqrad Osmanlıdan qalan Makedoniyada nüfuz dairələrinin bölünməsi ilə bağlı razılığa gələ bildilər: Serbiya, Rodop dağları və Strum çayından şərqdəki ərazilərin Bolqarıstana aid olduğunu qəbul etdi, Bolqarıstan isə Şar-Planin dağlarından şimalda və qərbdə yerləşən torpaqların Serbiyaya məxsus olduğunu. Şar-Planin, Rodop və Ohrid gölü arasında yerləşən gələcək ərazi – “mübahisəli zona” – ilə bağlı problemin həlli rus çarının öhdəsinə buraxıldı.
1912-ci ilin mayında serb-bolqar hərbi konvensiyası bağlandı. Eyni ayda Bolqarıstan və Yunanıstan arasında müttəfiqlik haqqında müqavilə imzalandı. Maraqlıdır ki, həm yunan, həm də bolqar diplomatları Makedoniya əraziləri ilə bağlı məsələnin həllini müharibədən sonrakı dövrə saxladılar.
BİRİNCİ BALKAN MÜHARİBƏSİ
Müharibənin başlamasının ilkin və birbaşa səbəbi 1912-ci ilin avqustunda Makedoniyanın Berane və Koçane dağlarında başlayan və yerli xristiyan əhalinin osmanlı administrasiyası tərəfindən təqibi ilə nəticələnən iğtişaşlar idi. Böyük dövlətlərin Portuya təsir gücünə sahib olmaması və Türkiyənin Balkanlardakı bu əyalətində vəziyyəti normallaşdırmaqdan ötrü effektiv plan hazırlaya bilməməsi yerli ölkələri, Makedoniyanın gələcəyini müstəqil şəkildə həll etməyə və Avropa diplomatiyasını baş tutmuş fakt qarşısında qoymağa sövq edirdi. 1912-ci il oktyabrın 8-də Monteneqro Türkiyəyə müharibə elan elədi.
On gündən sonra Serbiya və Bolqarıstan müharibəyə girdi, sonra isə Yunanıstan da onlara qoşuldu.
Balkan dövlətlərinin Türkiyəyə qarşı müharibədə zəfər qazanması əsl beynəlxalq sensasiyaya çevrildi: bolqarlar hərbi əməliyyatların Trakiya səhnəsində qalib gəldilər, Adrianopolu mühasirəyə aldılar və Konstantinopoldan 20 mil məsafədə yerləşən Çatalca cəbhə xəttində dayandılar; serblər Kosovanı və Albaniyanın şimal və mərkəz hissələrini tutub Adriatik sahillərinə çıxdılar. Yunan qoşunları Salonikiyə daxil oldu, yunan donanması isə Egey dənizində uğurlu əməliyyatlar həyata keçirdi.
BÖYÜK DÖVLƏTLƏRİN REAKSİYASI
Müttəfiqlərin qələbələrinin təsiri altına düşən britaniya, fransız və alman diplomatları Balkanlarda yeni güc mərkəzinin meydana çıxdığını və onların xarici siyasət kalkulyasiyalarında get-gedə daha böyük əhəmiyyət kəsb etdiyini bildirirdilər. Məsələn, II Vilhelm Balkan ittifaqında “yeddinci qüdrətli dövləti” görür, onun, Üçlük ittifaqına birləşməsinə və Dördlük İttifaqının yaranmasına çalışırdı. Hərçənd, Almaniya hələ də özünü Osmanlı imperiyasının ən loyal dostu kimi göstərməyə davam edirdi.
Bölgədəki güclərin yeni nisbətini dəyərləndirən Britaniya baş naziri Herbert Askvit isə bəyan eləmişdi ki, “müttəfiqləri, onlara həddindən artıq baha başa gəlmiş qələbələrin bəhrəsindən məhrum etmək olmaz”.
Fransız mətbuatı Balkan ittifaqının ünvanına yazılan difiramblarla dolu idi. Lakin Rusiya və Avstriya-Macarıstan imperiyaları – necə deyərlər, maraqlı dövlətlər – Balkanlarda baş verən hadisələrə fərqli bucaqdan baxırdılar. Onlar üçün bölgədə gedən dəyişikliklər xarici siyasətdə əsl meydanoxuma idi.
I BALKAN MÜHARİBƏSİNİN NƏTİCƏLƏRİ
I Balkan müharibəsi həddindən artıq mürəkkəb iki beynəlxalq problemi gündəmə gətirdi. Birinci: Osmanlı imperiyasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik; çünki türk ordusunun Balkanlardakı hərbi məğlubiyyətləri Konstantinopolun və sultanın Asiya əyalətlərinin taleyi ilə birbaşa bağlı idi. İkinci problem: Balkan oyunçularının hərbi-siyasi “yaradıcılığının” sərhədləri və bunun nəticələrinin böyük dövlətlər, ilk növbədə Avstriya-Macarıstan tərəfindən qəbulu.
Bundan sonra hadisələr hansı ssenari əsasında inkişaf edəcəkdi? Bolqarıstan Konstantinopolda yerini möhkəmlədə biləcəkdimi? Osmanlı imperiyasında, xüsusən də, onun Asiya əyalətlərində iğtişaşlar başlayacaqdımı? Bu məğlubiyyət və paytaxtın itirilməsi Osmanlı imperiyasının süqutunun başlaması prosesinə təkan verəcəkdimi? Heç kim bu suallara əminliklə cavab verə bilmirdi. Məsələn, Britaniya səfirliyinin Konstantinopoldakı draqomanı (sözçüsü) Uilyam Fitsmoris öz məktublarını “bolqar Konstantinopolundakı Britaniya səfirliyindən” cümləsi ilə bitirirdi. Təbii ki, bu, bədbin zarafat idi, lakin hadisələrin bu şəkildə inkişafını da heç kim istisna eləmirdi.
Peterburqda bolqarların Konstantinopola sahib olmaq ehtimalına kəskin mənfi rekasiya verdilər. Zəifləmiş Türkiyənin Konstantinopol üzərindəki hökmranlığı Rusiya üçün “çətin ki, əlverişli olsun” kimi dəyərləndirilirdi. Buna görə də, şəhər üzərində bolqar nəzarətinin qurulmasına qətiyyətli şəkildə mane olmaq lazım idi. Bundan əlavə, Bolqarıstan dövlətinə çar Ferdinand Koburq-Qotski başçılıq edirdi. O, “yelləncək siyasəti”nə meyli ilə məşhur idi. Böyük dövlətlər arasındakı ziddiyyətlərdən yararlanan çar, ambisiyalı və bir az da xəyanətkar insan kimi tanınırdı. Koburq-Qotskinin, Avstriyanın rəhbər ailəsi ilə münasibətləri yaxşıydı. Və onun, öz xarici siyasətində kəskin dönüş edib Üçlük ittifaqının dövlətləri ilə əməkdaşlığa başlaması ehtimalı çox yüksək idi.
Böyük Britaniya bolqarların Konstantinopola daxil olması faktı ilə barışmağa hazır idi. Ancaq burda başqa bir problem vardı: Əgər Avropada, Balkanlarda Osmanlı imperiyası dağılsa, onun Asiyadakı torpaqlarının taleyi necə olacaq? Britaniyalı nüfuzlu diplomat, dövlət katibinin xarici işlər üzrə müavini Artur Nikolsonun dediyinə görə, böyük dövlətlərin, Balkanların xırda didişmələri ucbatından yox, Asiyadakı osmanlı mirasının qırıntıları ucbatından qitələrarası müharibəyə cəlb olunmaq ehtimalı vardı. Belə ki, Fransa Suriya və Livanı istəyirdi, Böyük Britaniyanın Ərəbistan yarımadası və Mesopotamiyada, Rusiyanın Zaqafqaziyada maraqları vardı; alman biznesi isə “asiyalı” Türkiyədə nəhəng maliyyə layihələri həyata keçirirdi.
Amma Konstantinopol bolqarların hücumlarına təslim olmadı və Türkiyə paytaxtı ilə sultanın Asiyadakı torpaqlarına kimin sahib olacağı məsələsinin həlli təxirə düşdü. Avropa, dünya xəritəsindəki ən vacib strateji mərkəz ucbatından yox, Serbiyanın əldə etmək istədiyi, lakin Avstriya-Macarıstanın ciddi müqaviməti ilə qarşılaşdığı alban torpaqları ucbatından qitələrarası müharibə təhlükəsi ilə üz-üzə qaldı.
DÜNYA LAYİHƏSİ
Vyana, sözügedən bölgədə güclərin yeni nisbətinə, Dunay monarxiyasının mövcudluğuna qarşı təhlükə kimi baxırdı.
Serb krallığının Adriatik dənizində limana sahib olması (ki, Avstriya-Macarıstanın hakim dairələri, məhz, bundan ehtiyat edirdi) onu qüdrətli şimal qonşusundan asılılıqdan xilas edəcəkdi. Ki, bu da Balkanlarda Avstriya-Macarıstanın nüfuzunun zəifləməsinə, son nəticədə isə – cənubi slavyan əyalətlərinin monarxiyadan qopmasına, Serbiya və Monteneqro ilə birlikdə vahid cənubi slavyan dövlətində birləşməsinə səbəb olacaqdı. Avstriya-Macarıstanın cənubi slavyan əyalətlərində, əsasən, Xorvatiya, Dalmasiya, Bosniya və Herseqovinada – serblərə simpatiya artırdı. Sarayevonun küçələrində sərb əhalisi şahzadə Marko haqqında nəğmələr oxuyur, imperiyanın cənubi slavyan təbəələrinin əksəriyyəti gizli yolla sərhədi keçib könüllü kimi serb ordusuna yazılırdı.
Bu atmosferdə Dunay monarxiyasının hakim dairələrində hökm sürən təşviş əhval-ruhiyyəsi, onların, 1912-ci ilin noyabrında Adriatikdəki serb limanı ilə bağlı yaranmış böhranın güc vasitəsilə həllinə meylindən xəbər verirdi. Belqradın Adriatik sahillərinə iddiasından imtina etməsi Avstriya-Macarıstanın hərbi müdaxiləsinin qarşısını aldı.
Lakin Vyana beş aydan sonra – 1913-cü ilin aprelində digər cənubi slavyan dövləti – Monteneqro, öz ərazilərini genişləndərimək istəyəndə də eyni kompromissiz mövqe sərgilədi. Monteneqro kralı Nikolayın alban qalası Skutarinin (Şkoder) mühasirəsini dayandırmaq istəməməsi, az qala, Avstriya-Macarıstanın vəziyyətə müdaxiləsinə və münaqişənin Balkan yarımadasından kənara sıçramasına təkan verəcəkdi. Skutari böhranını diplomatik yolla həll etmək mümkün oldu. Böyük dövlətlərin təzyiqi altında Monteneqro kralı geri çəkilməyə məcbur qaldı.
Balkan dövlətlərinin hərbi uğurları nəticəsində keçmiş bölgə strukturu dağıldığına görə, yenisinin hazırlanması və beynəlxalq hüquqi status qazanmasına ehtiyac yaranmışdı. Bu məqsədlə 1912-ci ilin dekabrında Londonda iki forum işə başladı: birinci – böyük dövlətlərin səfirlərinin toplantısı, ikinci – Balkan dövlətləri və Türkiyənin konfransı. Sistem yaratmaq xarakteri daşıyan qərarların qəbulu böyük dövlətlərin səlahiyyətlərinə daxil idi. Balkan ittifaqı və Osmanlı imperiyasının təmsilçiləri isə daha lokal xarakterli məsələləri müzakirə edirdilər. Müasirləri, böyük dövlətlərin səfirlərinin toplantısına, məqsədi qitədə sülhün qorunması olan “Avropa konsertinin” reanimasiyası kimi yanaşırdılar.
1913-cü il mayın 30-da Londonda bir tərəfdən Bolqarıstan, Serbiya, Yunanıstan və Monteneqro, digər tərəfdən Türkiyə arasında sülh müqaviləsinin imzalanması ilə I Balkan müharibəsi yekunlaşdı. Böyük dövlətlər Osmanlı imperiyasının Balkan məkanından çıxarılması barədə sanksiya verdilər – Türkiyənin nəzarətində yalnız Şərqi Trakiyanın Enos-Midiya xətti boyunca uzanan kiçik bir sahəsi qaldı.
II BALKAN MÜHARİBƏSİ
Ancaq Türkiyə hakimiyyətinin Balkanlardan uzaqlaşdırılması bölgədə vəziyyətin bir anda stabilləşəcəyi demək deyildi. Başqa xalqların məskunlaşdığı ərazilərin yerli dövlətlərin tərkibinə qatılması, həmçinin onların 1912-1913-cü il kampaniyalarının nəticələrini təkrar nəzərdən keçirmək istəyi və bu səbəbdən də millətçiliyin təbliğinin artması Balkanları potensial münaqişələr mənbəyinə çevirdi.
Bölgədə bir neçə gərginlik ocağı yaranmışdı: bolqar-serb və bolqar-yunan antaqonizminin gücləndiyi Makedoniya, Bolqarıstan və Rumıniya arasında toqquşma nöqtəsi olan Cənubi Dobroca. Bunlarla yanaşı, Adrianopolu qaytarmağa çalışan Türkiyənin revanşını da unutmaq olmaz. Bu amillərin qarşılıqlı əlaqəsi II Balkan (və ya müttəfiqlər arası) müharibəyə çevrildi. Nəticədə Bolqarıstan serb-monteneqro-yunan koalisiyası, onlara qoşulan Rumıniya və Türkiyə qarşısında sarsıdıcı məğlubiyyətə uğradı. 1913-cü il avqustun 10-da bağlanan Buxarest sülh müqaviləsinə əsasən, Bolqarıstan, Makedoniyada sahib olduğu bütün əraziləri (onun tərkibində yalnız Şərqi Makedoniya qalırdı), Adrianopolu və Cənubi Dobroceni itirdi. Makedoniya, faktiki olaraq, Yunanıstanla Serbiya arasında bölünmüş vəziyyətə düşdü – Egey Makedoniyası və Vardar Makedoniyası. Lakin Bolqarıstan Egey dənizindəki kiçik bir zolağı və Dədəağac limanını da özündə saxlamışdı. Bolqar tarixində II Balkan müharibəsini tez-tez “birinci milli fəlakət” adlandırırlar.
II Balkan müharibəsi nəticəsində Cənub-Şərqi Avropada polisentrik bölgəsəl struktur formalaşdı. Bolqarıstanın bölgədə lider olmaq cəhdlərinə son qoyuldu.
Bölgənin stabilliyi bir çox hallarda qalib koalisiyaya daxil olan dövlətlərin – Serbiya, Rumıniya, Yunanıstan və bir qədər də bütün münaqişələrdə iştirak eləyən Monteneqronun qarşılıqlı münasibətlərindən asılı idi. Bolqar revanşizmi Belqrad, Buxarest və Afinanın qarşılıqlı əlaqələrini möhkəmləndirən qüvvə oldu. Onların razılaşmalı fəaliyyətləri, əsasən, iki Balkan müharibəsinin yekunu kimi, bölgədə yaranmış sərhədlərin dəyişməzliyinə təminat verirdi.
Balkan siyasi həyatının ən mühüm amillərindən biri də yeni yaranmış və 1912-ci ilin dekabrında müstəqilliyini elan etmiş Alban knyazlığı oldu. Knyazlıq müstəqilliyini elan edən kimi qonşuları ilə ciddi territorial ziddiyətləri yarandı: Kosovoya görə Serbiya ilə, Şimali Epirə görə Yunanıstanla. Həmin dövrdə Albaniya məhdud suverenitetə malik dövlət idi, zira böyük dövlətlər onun maliyyə, dövlətçilik və inzibati institutlarını formalaşdırmaqla bağlı məsuliyyəti öz üzərlərinə götürmüşdülər.
Avstriya-Macarıstan özünü Alban knyazlığının əsas himayədarı bəyan elədi, çünki imperiya üçün bölgədə Serbiya krallığına təzyiq düyməsinə sahib olmaq vacib idi.
DÜNYA MÜHARİBƏSİNİN ASTANASINDA
Ümumavropa miqyasında Balkan müharibələri böyük dövlətlər arasında silahlanma uğrunda yeni yarışmanı aktuallaşdırdı və beynəlxalq münasibətlərin remilitarizasiyasına təkan verdi. Belə ki, 1913-cü ilin iyulunda alman reyxstaqı ordunun gücünü artırmağı nəzərdə tutan hərbi qanunu səsverməyə çıxartdı və büdcəyə əlavə olunan hərbi xərclərlə bağlı yeni maddəni təsdiqlədi. Fransadan buna cavab reaksiyası gəldi: Respublikanın Milli Məclisi, qoşunların sayını artırmağa imkan verən üçillik hərbi xidmət barədə qanun layihəsini təsdiqlədi. 1914-cü ilin iyununda Rus Duması, ordu və donanmanın yenidən qurulması ilə bağlı “Böyük proqram”ı dəstəklədi. Bu hərb “qızdırmasına” səbəb olan alman rəhbərliyi Balkan müharibələrinin nəticələrinin – öz ərazilərini, demək olar ki, iki dəfə genişləndirmiş Serbiya krallığının bölgədəki mövqeyinin möhkəmlənməsi və Avstriya-Macarıstanın nüfuzunun azalması, o cümlədən Belqradla Buxarestin bundan sonra da hərbi-siyasi istiqamətdə əməkdaşlıq perspektivi – ağır təsiri altında idi.
Yaranmış vəziyyətdə zaman Üçlük ittifaqının əleyhinə işləyirdi, Avstriya-macar ershersoqu Frans Ferdinandın 1914-cü iyulunda Sarayevoda qətlə yetirilməsi isə, onlara neqativ tendensiyanı qırmaq imkanı verirdi. Hər halda Vyana və Berlində belə düşünürdülər. Amma hadisələrin sonrakı inkişafının göstərdiyi kimi, bu hesablama Avropa sivilizasiyası üçün faciəvi oldu.
Olqa Aqanson
Moskva Dövlət Universitetinin baş elmi işçisi, tarix elmləri namizədi
postnauka.ru / fotolar: wikipedia.org
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.