Heykəltəraşlıq ibtidai cəmiyyətlərdən bu günə qədər insanlar tərəfindən maraq göstərilən bir sahədir. Heykəllər bəzən bizim üçün yanında görüş təyin etdiyimiz obyektə çevrilir, bəzən baxıb zövq aldığımız sənət nümunəsinə, bəzən də dəfələrlə yanından ötüb-keçsək də, diqqət etmədiyimiz bir məfhuma. Bakının da xüsusilə mərkəz hissəsində obrazlı desək addımbaşı heykəllərə rast gəlmək mümkündür. Bunların bəzilərinin çox maraqlı hekayələri var. Şəhərdə gəzmək üçün darıxdığımız bu karantin günlərində sizi maraqlı hekayələri olan həmin heykəllərlə bağlı virtual gəzintiyə dəvət edirəm.
Başlayaq Bakının ən hündür heykəlindən. Söhbət Nəriman Nərimanovun heykəlindən gedir. 1972-ci ildə açılışı olan heykəlin müəllifi Cəlal Qaryağdıdır. Açılışı 1972-ci ildə olsa da, heykəlin eskizinin hazırlanmasına hələ 1959-cu ildə başlanılıb. Eskiz variantı 1966-cı ildə hazır edilən heykəlin qoyulması isə ləngiyib. Müəllifin oğlunun müsahibəsində qeyd etdiyinə görə, bu ləngiməyə səbəb ermənilərin Moskvaya heykəllə bağlı şikayət yazması və Nərimanovun millətçiliyinin qabardılması olub.
Açılışı üçün icazə veriləndən sonra da, heykəlin başı bəladan qurtulmur. Ermənilər bu dəfə də, heykəlin Bakının ən hündür heykəli olacağını əsas gətirir və bunu millətçilik aktı kimi dəyərləndirərək Moskvaya bu barədə məktub yazırlar. Məktubda Nərimanovun heykəlinin Kirovun heykəlindən hündür olduğu, bunun isə millətçilk aktı kimi dəyərləndirildiyi qeyd olunurdu. Beləcə Kreml işə qarışır, ancaq tuncdan tökülən heykəlin hündürlüyünü artıq azaltmaq mümkün olmayacağı üçün, heykəlin kürsü hissəsi kiçildilir. İlkin variantda heykəlin özünün 20, pyedestal hissəsinin hündürlüyünün isə 12 metr olduğu qeyd edilir. Bu dəyişiklikdən heykəl müəllifi də hər zaman şikayətçi olubmuş. Deyilənə görə dostları ona zarafatla “ay Cəlal, get o kişini uzunqulaqdan düşür” deyirmişlər. Heykəltaraşın narazı qaldığı bir məqam da, heykəlin ətrafında ucaldılan binalarla bağlıdır. Müəllif düşünür ki, heykəl binaların arasında öz baxış dairəsini kiçildir. Uzaqdan seyr üçün nəzərdə tutulan abidə demək olar ki, çox dar bir kəsimdən görünə bilir. Ancaq bütün bunlara rəğmən, başı bəlalı heykəl, hündürlüyünün qısaldılmasına baxmayaraq, indinin özündə də Bakının ən hündür heykəlidir.
Yolumuza Nərimanov heykəlindən İstiqlaliyyət küçəsi istiqamətində davam edək. Deyilənə görə, Tolstoy çox sevdiyi “Səfillər” romanı ilə bağlı deyib ki, bütün fransız ədəbiyyatı bir kitabxanaya toplansa və həmin kitabxana yansa, sadəcə Səfillər yanmaqdan qurtulsa, yenə də fransız ədəbiyyatı adına üzülməyə dəyməz. İstiqlaliyyət küçəsinin də Bakının tarixində, Səfillərin fransız ədəbiyyatında tutduğu yerə bənzər yer tutduğunu deyə bilərik. 19-cu əsrin sonlarında Bakının genişlənməsi nəticəsində salınan ilk küçələrdən biri olan İstiqlaliyyət küçəsi ilk dəfə İmperator 1-ci Nikolayın şərəfinə “Nikolayevski” adlandırılıb. Xalq Cümhuriyyətinin hakimiyyəti illərində isə küçənin adı dəyişdirilərək “Parloman” qoyulub. İndinin özündə də bəzi adamların buranı “Kommunist küçəsi” adlandırmasına səbəb isə sovetlər dönəmində küçənin bu cür adlandırılması olub. Nəhayət, müstəqillik dövründə küçə İstiqlaliyyət adını alıb.
Küçə hansı adı daşımasından asılı olmayaraq hər zaman tarixi hadisələrə şahidlik edib. Bu baxımdan İstiqlaliyyət küçəsinə həm də “İlklərin küçəsi” demək olar. Məsələn, Bakıda tikilən ilk çox mərtəbəli bina da burada tikilib. Söhbət hazırda İçərişəhər metro stansiyasının qarşısında yerləşən yeddi mərtəbəli binadan gedir. Binanın özülü Mirzəbəyov soyadlı mülkədar tərəfindən 1911-ci ildə qoyulur. Tikinti işləri 1915-ci ildə yekunlaşır. Mirzəbəyovlar binadan uzun müddət istifadə edə bilmirlər. Belə ki, inqilabların başlamasından narahat olan bəy binanı 1.200.000 manata Musa Nağıyeva satır və pulu Amerika banklarına yatırır. 1918-ci ildə isə Mirzəbəyov Nyu-York şəhərinə mühacirət edir və həyatının sonuna kimi orada yaşayır.
Bakıda salınan ilk park olan Filarmoniya bağı da bu ərazidədir. Bağ 1830-cu illərdə, İçərişəhər iki divar əhatəsində olan vaxt salınıb və uzun müddət şəhərin yeganə bağı sayılıb. Bağın yaranma hekayəsi də, çox maraqlıdır. Şəhər hakiminin həyat yoldaşı Bakıda sıxıldığı, gəzməyə yer tapmadığı üçün Bakının komendantı R.R.Xoven Lənkəran və İrandan gələn bütün gəmi sahiblərinin qarşısına gəldikləri yerdən münbit torpaq gətirmələri şərtini qoyub. Bu torpaqların sayəsində əvvəlcə meyvə ağacları yetişir, sonra bəzək kolları. 1859-cu ildə bağda rəqs meydançası düzəldilir. Axşamlar sərin düşəndə orkestr çalırmış. Qara camaatı bura həftədə bir dəfə buraxırlarmış. Varlılar-məmurlar, neftxudalarsa nə vaxt ürəkləri istəsə gələ bilərlərmiş.
Hazırda M.Füzuli adına Əlyazmalar İnstitutunun fəaliyyət göstərdiyi bina isə həm müsəlman aləminin ilk dünyəvi qız məktəbinə, həm də ilk respublikanın parlamentinə ev sahibliyi etməsi ilə fərqlənir. Azərbaycan tarixində ən məşhur hadisələrdən biri hesab edilən Sisianovun öldürülməsinin də buradakı qoşa qala qapılarının qarşısında baş tutduğu qeyd edilir. Bakı xanını Kürəkçay müqaviləsi imzalamağa vadar etmək üçün Bakıya gələn Sisianov xanın əmisi oğlu İbrahim bəy tərəfindən Bakının açarları Sisianova təqdim edildiyi vaxt öldürülmüşdü. Bakıdakı ilk heykəl də elə İstiqlaliyyət küçəsində ucaldılıb. Bakının ilk heykəlindən öncə gəlin İçərişəhər metrosunun arxasındakı qala qapısından içəri daxil olaq və elə orada yerləşən və görünüşcə Bakının ən orijinal heykəllərindən biri olan Əliağa Vahidin heykəli ilə tanış olaq.
Heykəl nisbətən yeni hesab edilə bilər. 1990-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının yanındakı bağda açılışı olan heykəl, 2008-ci ildə İçərişəhərə köçürülüb. Heykəlin görünüşü ilə bağlı heykəltaraş Rahib Həsənov bunları deyib:
“1989-cu ildə memarlar Sənan Salamzadə və Cahangir Məmmədov Vahidin heykəlini hazırlamağı mənə tapşırdılar. Bir neçə gün düşündükdən sonra heykəlin maketini plastilindən düzəltdim. Heykəlin görünüşünə nəzər salanda ayrı-ayrılıqda müxtəlif epizodlar görürük. Burada Vahidin toy məclisi təsvir olunub. O öz toyunda iştirak edir. Başının sol tərəfində qulağı bərabərində muğam üçlüyüdür. Bu, milli musiqiyə, muğam və qəzəlin ayrılmazlığına işarədir. Bir tərəfdə isə Vahidin dəfn mərasimidir. Çadralı qadınlar ağlaşır. Başın arxa hissəsində Vahidin dostları, həmkarları yığışıb şeir deyir, qəzəl oxuyurlar. Əliağa Vahid, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Azər Buzovnalı, Səttar Bəhlulzadə də masanın ətrafındadırlar. Vahid Füzuli vurğunu olduğu üçün məclisin təsvir olunduğu başın alt hissəsindəki obraz buna işarədir. Bütün insanlar – dahilər də, adilər də torpaqdan yaranıb və torpağa da qayıdacaq. Heykəldə Vahidin başı kök atıb inkişaf edir, bir ağac kimi böyüyür. Dünya dağılır, dəyişir, zəlzələlər olur, amma yer, torpaq əbədi olaraq qalır. Bu ağaclar da onun üzərində inkişaf edib böyüyür. Bax budur Vahidin sirri. Bir qəzəlxan şairin həyat fəlsəfəsi “.
Ancaq onu da qeyd etmək lazımdır kİ, heykəlin görünüşünün bu cür olması birmənalı qarşılanmayıb. Müəllif müsahibəsində qeyd edir ki, bir neçə gün sonra iki şəxs heykəllə tanış olmaq üçün onun emalatxanasına gəlir. Bunlardan biri dönəmin Tikinti Materialları Naziri Arif Mansurov olub və o, heykələ mənfi yanaşaraq “ə, bu nə biabırçılıqdır?! Vahidin başında turp əkib e bu. Ayıb deyil, bu boyda şairin heykəlini bu hala salıb. Mənim xoşuma gəlmədi” reaksiyasını verib. Ancaq maraqlıdır ki, ikinci şəxs heykəli çox bəyəndiyini və dünyanın heç yerində belə əsər görmədiyini və heykəlin mütləq bu formada qoyulmalı olduğunu bildirib. Sizcə ikinci şəxs kim olsa yaxşıdır? Allahşükür Paşazadə! Bütün Qafqazın Şeyxi emalatxananı tərk edərkən müəllifə təsbeh hədiyyə etməyi də unutmayıb.
Ancaq Arif Mansurovun heykəllə bağlı tərəddüdləri hələ də davam edirmiş. Buna görə də, nazir müəllifə heykələ baxması üçün daha bir nəfər gətirəcəyini və həmin şəxsin heykəli bəyənəcəyi təqdirdə işə davam ediləcəyini, bəyənmədiyi təqdirdə isə onun gözünün qarşısında sındıracağını bildirir. Heykəltəraş bu hadisəylə bağlı nəql edir ki:
“Bir də gördüm Arif Mansurov, başında aerodrom papaqlı kök bir kişi, onların da yanında əliavtomatlı üç nəfər emalatxanaya girdilər. Bu kök kişi heykəlin ətrafında fırlanmağa başladı. Fırlana-fırlana bir mənə, bir də Arifə baxırdı. Arif bir saata bir qutu “BT”-ni çəkib qurtardı. Əsəbdən əlləri əsirdi. Birdən bu kök kişi qışqırdı ki, Arif, bunu hardan tapmısan? Dedim, vəssalam, bunlar məni vuracaq. Dünyanın da pis vaxtı. Arif qayıtdı ki, nə olub? Dedi, bu bizim adamdı ki… Bax e, gör nəşəni necə işləyib. Sən demə bu narkobaron imiş. Vallah, mən də nəşə filan işləməmişdim, heykəlin altını ağac formasında hazırlamışdım. Həmin narkobaron da elə bilib nəşədir. Bu, həlledici məqam oldu və heykəlin yolu açıldı. Heykəli Leninqrada, UNESCO-nun nəzdindəki zavoda apardıq. Dedilər növbə çoxdur, iki ildən sonra gələrsiniz. Bakıdan zəng edib tapşırdılar ki, heykəl yubileyə kimi hazır olmalıdır. Heykəli bürüncdən tökdülər. Ustalar deyirdi Leninin heykəlini tökməkdən yorulmuşduq, bu heykəl bizə ləzzət verdi.”
Yenidən İstiqlaliyyət küçəsinə qayıdıb üzüaşağı yolumuza davam etsək, yaxınlıqdakı Axundov bağında yerləşən Mirzə Fətəli Axundovun heykəli ilə də tanış ola bilərik. Axundovun heykəli şəhərin yaşlı heykəllərindən biridir. Heykəl 1934-cü ildə yəhudi heykəltəraş Pinxos Sabsay tərəfindən hazırlanıb. Yerləşdiyi bağ kiçik olduğundan ona uyğun da düzəldilib, ancaq mənə elə gəlir ki, Axundov Azərbaycan dramaturgiyasının banisi olduğu üçün, onun heykəli Akademik Milli Dram Teatrının qarşısında yerləşsə daha mənalı və əzəmətli olardı. Heykəlin tarixi ilə bağlı araşdırmada qeyd edilənlərdən məlum olur ki, Axundovun özü kimi, heykəli də, qaragüruhçuluqdan və cahillərdən əziyyət çəkib. Yazılanlara görə, 2-ci Dünya Müharibəsi ərəfəsində bir qrup Bakı “qədeşi” Axundovun heykəlinin arxasının onların kəndi istiqamətinə düşdüyünü iddia edərək, heykəlin baş hissəsini müxtəlif alətlərlə ayıraraq üzünü öz kəndləri tərəfə çeviriblər. 1977-ci ildə isə başqa bir gənc heykəli uçurtmağa cəhd edib. Əməlinə görə istintaqa cəlb edilən həmin şəxs bu əməli etməsinə səbəb olaraq, Axundovun əlifba islahatı layihəsi hazırlamaqla xalqa xəyanət etməsini göstərib.
İstiqlaliyyət küçəsinə qayıdaraq biraz daha aşağı istiqamətdə hərəkət etsək, məşhur İsmailiyyə binasından sonra qarşımıza Mirzə Ələkbər Sabirin heykəli çıxır. Bu heykəlin özəlliyi Bakı şəhərində qoyulan ilk heykəl olmasıdır. 1922-ci ildə salınan və indi Sabir bağı adlandırılan gözəl bağa yaraşıq verən heykəlin ilk forması belə olmayıb. İlk variantında Sabir ayaqüstə təsvir olunub. Ancaq 1958-ci ildə heykəl indiki ilə əvəzlənib. Heykəlin müəllifi Cəlal Qaryağdıdır. Heykəltəraş əsəri Sabirin məşhur “Bənzərəm bir qocaman dağa ki, dəryada durar” kəlamının təsiri ilə yaratdığını deyir.
Sabir bağlı ilə üzbəüz ərazidə isə Nizami Gəncəvinin heykəli yerləşir. Əlində bükülü perqament tutaraq öz adını daşıyan Ədəbiyyat Muzeyinə baxan Nizami heykəli 1949-cu ildə açılıb. Tunc heykəlin hündürlüyü 6,2 metr, çəkisi isə 7 tondur. Postamentlə birlikdə isə abidənin hündürlüyü 15 metrə çatır. Bu heykəllə bağlı Həmid Herisçinin “Gecə kanalı” kitabında (bəli kitabında. Tv-dəki eyniadlı veriliş bağlandıqdan sonra qəzetdə davam etdirilən layihə kitab şəklində də çap olunub) maraqlı məlumatlara rast gəlmişdim. Müəllif qeyd edir ki, “1806-cı ildə Cavad xan, 1828-ci ildə Qacar şahzadəsi Abbas Mirzə ruslara qarşı apardığı döyüş zamanı öz hərbi qərargahını Nizaminin Gəncədəki qəbri üzərində qurublar. Daha sonra, 1806-cı ildə Gəncəni alıb Nizaminin qəbrini dağıdan rus generalı Sisianovun aqibətinin də elə İstiqlaliyyət küçəsindəki Qoşa Qala qapısı yaxınlığında necə sonlandığı tarix kitablarımızdan bizə məlumdur. Həmin vaxt başı kəsilən Sisianovun bədəni qalaya yaxın bir ərazidə basdırılıb. Sonradan orda bir bağ salınıb, üzərinə Sisianovun abidəsini də ucaldıblar. Adını da qoyublar «Sisyanovskiy skver». Həmin yerin hazırkı adı Nizami bağıdır. Düz ortasında isə Nizaminin heykəli ucalır. Qalib gəldiyi döyüşdən sonra Nizaminin məzarını dağıdan Sisianovun məzarının yerində salınan Nizami bağı və heykəli…”
Kitabda Nizami Gəncəviylə bağlı digər maraqlı iddia da mövcuddur:
“Nizami Gəncəvinin kəlləsi 1938-ci ildə Moskvaya məşhur antropoloq M.Gerasimova göndərilib ki, o, şairin simasını bərpa etsin. Böyük Teymurləngin, şair Rudəkinin, rus sərkərdəsi Yaroslav Mudrının kəllə sümükləri əsasında elmi araşdırmalar aparan, onların ilkin görünüşünü bərpa edən Gerasimov deyilənə görə, Nizaminin kəlləsini də tədqiq etməliymiş. Şairin kəllə sümüyü Bakı-Moskva qatarı ilə gizli bir şəkildə, qiymətli bir əmanət kimi Moskvaya göndərilməyinə göndərilir, Gerasimova da çatdırılır. Ancaq tezliklə baş verən Böyük Vətən Müharibəsi araşdırmaları sona çatdırmağa imkan vermir. Nəticədə dünya ictimaiyyəti Nizaminin simasını indiyəcən görməyib. Bu, işin hələ yarısıdır. Sən demə, Nizaminin kəllə sümüyü Moskvadan Bakıya qaytarılmayıb. Qalıb hardasa oralarda, elmi laboratoriyaların tozlu taxçalarında. Bəli, Azərbaycan ədəbiyyatşünasları bu söhbətləri edəndə bərk ehtiyatlanır, başlarından ikiəlli yapışıb öz kəllələrini də itirəcəklərindən qorxurdular. Belə söhbətlərdən birinin şahidi də mən olmuşam“, “…Bu işi öyrənmək üçün biz Tarix və Etnoqrafiya İnstitutuna yollandıq. Mülahizəmizi onlara bildirəndə alimlərin sifətində bir çaşqınlıq hiss etdik. Kimsə yavaşcana məsləhət verdi ki, sənədləri arxivdə axtara bilərsiniz. Ora da getdik. Amma arxivin özündə bir arxeoloji qazıntı aparmaq gərək idi. Bir sözlə, faktı nə təsdiq, nə də inkar edən bir sənəd tapılmadı. Məsələ dirəndi kor dalana.”
Nizami Gəncəvinin heykəlinin qarşısında yerləşən Ədəbiyyat Müzeyinin binasına gözəllik qatan üzərində işləmələrlə yanaşı həm də, heykəllərdir. Muzeyin yerləşdiyi bina 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilib. 1856-1868-ci illərdə elə karvansara kimi də fəaliyyət göstərib. Lakin sonradan tikiliyə əl gəzdirilir və müəyyən əlavələr edilir və bina “Metropol” oteli kimi fəaliyyət göstərməyə balayır. Metropol oteli o zamanlar Bakının ən məşhur məkanlarından hesab olunurmuş. Bina tarixi hadisələrin nəinki şahidi hətta iştirakçısı olub. 1918-ci ildə “Mart Qırğınları” zamanı ermənilər bu binanın üzərində pulemyotlar qoyaraq ətrafdakı bir çox insanı qətlə yetirib. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi dönəmdə Nazirlər Kabineti də bu binada yerləşib. Sovetlər dönəmində Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibəti ilə binada Nizami muzeyinin yaradılması qərara alınır. 1943-cü ildə binanın fasadı və interyeri milli üslubda işlənərək eyvanında Füzuli (heykəltaraş: F.Əbdürrəhmanov), Vaqif (C.Qaryağdı), M.F.Axundov (heykəltaraş: P.Sabsay), Natavan (heykəltaraş: E.Tripolskaya), C.Məmmədquluzadə (heykəltaraş: N.Zaxarov), C.Cabbarlının (heykəltaraş: E.Klyatskin) heykəlləri ucaldılır.
Binanın eyvanında heykəli olan şəxslərdən Natəvan xüsusiylə diqqət çəkir. Çünki, Bakıda qadınlara qoyulan heykəllərin sayı çox olmasa da, onun şəhərin mərkəzində bir-birinə yaxın yerləşən üç heykəli var. Ədəbiyyat Müzeyinin eyvanıyla yanaşı, şairənin əsas heykəli həmin binaya çox yaxın yerləşən keçmiş Azərbaycan kinoteatrının qarşısında yerləşir. Həmin heykəlin açılışı 1961-ci ildə olub. Bir neçə mərkəzi küçənin kəsişməsində yerləşən heykəlin ətrafında sonradan əlavə tikililər meydana çıxmadığından indi də, cəlbedici mövqeyə malikdir.
Natəvanın mərkəzdəki üçüncü heykəlinin isə maraqlı və acınacaqlı hekayəsi var. Bu heykəl İstiqlaliyyət küçəsinin digər ucunda, hal-hazırda Milli İncəsənət Muzeyi kimi fəaliyyət göstərən binanın həyətində yerləşir. “De Burun sarayı” olaraq da tanınan bina Azərbaycanda yüksək vəzifələr tutmuş bir çox şəxsin yaşadığı ünvan olaraq da diqqət çəkir. Cümhuriyyət dönəmində Bakı şəhərinə gələn General Tomsonun başçılığı altındakı ingilis qoşunları bu binada yerləşibmiş. Daha sonra Azərbaycanda Sovetlər qurulandan və Nəriman Nərimanov Xalq Komissarları Şurasına Sədr seçiləndən sonra ailəsi ilə bu sarayda yaşamağa başlayıb. 1933-cü ildən sonra isə sarayın növbəti sakinləri Mircəfər Bağırov və onun ailəsi olur. Natəvanın bu binada yerləşən heykəli binanın daxilində eskponat kimi sərgilənmir, muzeyin arxa həyətində, gözdən uzaq bir yerdə yerləşir. Özü də Üzeyir Hacıbəyov və Bül-bül ilə yanaşı. İşğal olunan rayonların işğal ildönümlərində nümayiş etdirilən güllələnmiş heykəlləri tez-tez görürük. Şuşadan Bakıya məcburi köç etmiş və müharibədə güllə yaraları da almış bu abidələrin Bakıya gəlib çıxması da çox maraqlıdır. Bu büstlər Şuşadan çıxarılaraq Bakıya gətirilməyib. Tomas de Vaal Qarabağla bağlı kitabında büstlərlə bağlı qeyd edir ki:
“Şəhərə girən ermənilər intiqam almaq üçün Şuşada anadan olan üç azərbaycanlı musiqiçinin və şairin tunc büstlərini söküb satdılar. Bu heykəllər yalnız möcüzə nəticəsində itirilməmişdi – bu dəfə onları Tiflisdə metal qırıntıları alveri ilə məşğul olan bir şəxs xilas etmişdi. Mən bu üç bürünc büstü pis vəziyyətdə – güllə izləri içində Bakıdakı Qırmızı Xaç komitəsinin həyətində görmüşəm: əlində kitab tutan başı örtülü şairə Natəvanın baş barmağı yox idi, ikibortlu pencək geyinmiş bəstəkar Hacıbəyovun büstü güllələrlə deşilmişdi və eynəyi sındırılmışdı, məşhur müğənni Bülbülün büstünün tunc alnı qabarmışdı. Əgər bir neçə cəsur erməni səy göstərməsəydi, itkilər daha böyük olardı. Erməni rəssamı Mher Qabrielyan mənə 1992-ci il mayın 9-da səhər öz doğma şəhərinə qayıdanda vandal və talançıların şəhəri necə dağıtdıqlarından danışdı. Mher və onun bir neçə dostu XIX əsrə aid şəhər məscidlərindən birinin önündə dayanıb, onu BTR-dən güllələməyə hazırlaşan cavanlardan qorumuşlar. Onlar şəhər muzeyində barrikada düzəldib, xalça, qazan və rəsmlərin oğurlanmasının qarşısını almaq üçün bir neçə gün orada gecələyiblər. Əsasən azərbaycanlıların yaşadığı Şuşada erməni azlığının nümayəndəsi olan Mherin çoxlu azərbaycanlı dostları var idi. O inandırırdı ki, Şuşanın məhvi azərbaycanlıları kədərləndirdiyi kimi, onu da kədərləndirmişdir. “Bilirəm ki, bu, onlar üçün böyük dərddir, bizim üçün də bu, belədir. Şəxsən mən özümü bu şəhərdə qalib hesab etmirəm. Ona görə ki, şəhər indi ölüdür.”
Müəllif həmçinin yazır ki, ermənilər də Qarabağdakı Kazançetsots kilsəsinin tunc zənglərini Ukraynada bazarda tapıblar. Bu zəngi görən zabit onu üç milyon rubla alaraq Ermənistana göndərib. Müharibənin belə üzləri də var.
Növbəti gəzintimizə Nizami metro stansiyasının qarşısından başlayacağıq. İlk tanış olacağımız abidə yaxınlıqda yerləşən Zivər bəy Əhmədbəyovun heykəlidir. Ətrafdakı binalardan bəziləri də elə Zivər bəyin işləri olduğu üçün, heykəlin yerinin düzgün seçildiyini qeyd etmək olar. Heykəl Bakının gənc heykəllərindən biri sayılır. 2011-ci ildə açılışı olub. Abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.
Dünyanın bir çox şəhərlərində tarixi binaların memarlarının adları, şəhərin adı ilə birgə çəkilir. Bakı bu məsələdə nisbətən istisna hesab oluna bilər, çünki Bakıdakı məşhur binaların memarlarının geniş ictimaiyyət tərəfindən tanındığını deyə bilmərik. Bakıda əksər məşhur binaların tikilməyə başladığı 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində şəhərdə çox sayda əcnəbi memar toplaşmışdı. Zivər bəy Əhmədbəyovu fərqləndirən bir cəhət də, fəaliyyət göstərdiyi dövrdə Bakıdakı azsaylı azərbaycanlı memarlardan biri olmasıdır. Həmin dövrdəki əcnəbi memarlardan xüsusilə polşalı memarları vurğulamaq lazımdır. Ən azından ona görə ki, şəhərin çiçiklənmə dövrü hesab edilən 1892-1914-cü illərdə, 22 il ərzində şəhərin Baş Memarı vəzifəsini dörd polyak memar həyata keçirib. Onların arasında Yuzef Qoslavski xüsusi diqqət çəkir.
Həmin dönəmdə xarici memarlara üstünlük verilməsinin bir səbəbi də, Bakı milyonçularının bir-birinin bəhsinə daha gözəl binalar tikdirmək üçün xaricdən məşhur memarlar dəvət etməsi idi. Bu dəbdəbə vurğunluğu tək memarlarla bağlı olmayıb. Manaf Süleymanov özünün məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında qeyd edir ki, “Bakı bələdiyyə idarəsi Rusiyada ən dövlətli bələdiyyə idarəsi idi. Qafqaz canişini oturan Tiflis şəhərinin bələdiyyə rəisi ildə 4.000 manat maaş aldığı halda, Bakı milyonçuları lovğalıqla Kursk şəhərindən ildə 20.000 manat maaşla Rayevi bələdiyyə rəisliyinə dəvət etmişdilər. Halbuki Rusiya imperiyasının nazirləri ildə 15.000 manat maaş alırdılar. Bakı milyonçularının bu avam «Səxavəti» dəfələrlə qəzet felyetonlarında lağa qoyulmuşdu.”
1873 -ci ildə Şamaxıda doğulan Zivər bəy ilk ali təhsilli Azərbaycan memarı hesab olunur. O, ali təhsilini 1902-ci ildə Peterburqda İnşaat Mühəndisləri İnstitutunda alıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra, 1918-ci ildə Bakı şəhərinin ilk azərbaycanlı Baş Memarı olub. Zivər bəyin fəaliyyəti ilə bağlı diqqət çəkən bir məqam da odur ki, öz əsərlərində qərb memarlığından izlər daşıyan memar, həmçinin dini abidələrin bərpası və tikilməsi ilə də məşğul olub. Bu mənada onun əsərlərində həm şərq, həm də qərb memarlığından izlər görmək mümkündür. Əslən Şamaxıdan olan memar zəlzələdən sonra dağılan məşhur Şamaxı Cümə Məscidinin bərpasında iştirak edib. Bu məscid hazırda Azərbaycanda ən qədim məscid hesab olunur (743-cü ildə tikilib). Zivər bəyin memarı olduğu ən məşhur dini tikili isə Təzəpir məscididir. Həmin məscidi tikdirən xeyriyyəçi Nabat xanım Aşurbəyova tikinti işləri başlamamışdan öncə Zivər bəyi öz vəsaiti hesabına Məkkə, Mədinə, İstanbul və şərqin digər məşhur şəhərlərinə göndərib ki, memar oradakı abidələrlə tanış olsun.
Bakının digər məşhur məscidlərindən biri Əjdər bəy Məscidi də Zivər bəyin layihəsi əsasında hazırlanıb. Bu məscidin də tikintisi bir xeyriyyəçinin adı ilə bağlıdır. Elə məscidin adını daşıyan Əjdər bəy Aşurbəyovun. Ümumiyyətlə Azərbaycandakı əksər məşhur məscidlər xeyriyyəçilər tərəfindən tikilib. Bu məsələylə bağlı Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabında çox maraqlı bir məqam var. Kitabda nəql edilir ki, bir gün Qarabağ xanının qızı Gövhər ağa Həmidə xanımın atası Əhməd bəy Cavanşiri yanına çağırır. Gövhər ağa həmin dönəmdə çox yaşlı imiş, övladları da olmadığı üçün sərvətini xeyriyyəçiliyə sərf edirmiş. Gövhər ağa Əhməd bəydən soruşur ki, səncə mən nə iş görə bilərəm ki, həm camaat bundan xeyir görsün, həm də mənim adım uzun müddət yaşasın. Əhməd bəy də, Gövhər ağaya azərbaycanlı gəncləri öz vəsaiti hesabına Rusiyaya, Avropaya oxumağa göndərməyi məsləhət görüb. O fikrini belə əsaslandırıb ki, həmin insanlar elm sahibi olub geri döndükdə vətənləri üçün böyük işlər görəcəklər və onları oxudan insanın adını hər zaman əziz tutacaqlar. Ancaq Gövhər ağa bu təklifə ucadan gülür və deyir ki, ay Əhməd, özün gedib oxuyub urus oldun, indi istəyirsən məni də urus edəsən? Əvəzində Gövhər ağa şəhərdə iki məscid tikdirir. Aşağı və yuxarı Gövhər ağa Məscidləri. Həmin Gövhər ağa Məscidi ki, indinin özündə də Şuşa və Qarabağla bağlı kadrlarda istifadə edilən əsas simvollardan biridir. Görəsən Gövhər ağa Əhməd bəyin məsləhətinə qulaq asmış olsaydı öz şəhəri üçün daha çox iş görmüş olmazdımı?
Növbəti heykəllə tanış olmaq üçün bir o qədər də yol getməyəcəyik. Yaxınlıqdakı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında yerləşən “Azad Qadın Heykəli”ni Bakıdakı ən orijinal heykəllərdən biri hesab etmək olar, çünki əksər heykəllərdən fərqli olaraq bu abidə hansısa konkret şəxsə yox, bir ideyaya ithafən ucaldılıb. 1960-cı ildə ucaldılan heykəlin müəllifi Fuad Əbdürrəhmanov, memarı Mikayıl Hüseynovdur. Əfsuslar olsun ki, sözün əsil mənasında simvol olan belə gözəl bir heykəl ətrafda tikilən göydələnlərin arasında itib batıb. Heykəllə bağlı diqqət çəkən daha bir məqam odur ki, radikal dindarların bir çox məsələlərdə tez-tez bayağı səfsətələr dilə gətirmələrinə baxmayaraq, çadrasını atan qadına qoyulan heykəllə bağlı hələ də ciddi bir qalmaqalın yaşandığını demək olmaz.
Bəzi mütəxəssislər hesab edir ki, heykəl Cəfər Cabbarlının məşhur qəhramanı Sevilin prototipidir. Bu fikir daha çox heykəlin ifadə etdiyi mənalarla Sevil obrazının bir-birini tamamlaması ilə izah edilir. Bu baxımdan Sevili yaxından tanımaqda fayda var. Çünki Sevil obrazının ortaya çıxmasının da maraqlı hekayəsi var. 1929-cu ildə Cəfər Cabbarlının ssenari müəllifi və rejissoru olduğu Sevil filmi üçün qadın aktrisa tapmaqda çətinlik çəkir, buna görə də, küçə-küçə gəzərək bu obraza uyğun xanım axtarır və tapır da. Bununla da, Azərbaycanın ilk qadın kino aktrisası İzzət Orucova aktrisa fəaliyyətinə başlamış olur. Amma bu yazıldığı qədər də rahat baş tutmur. Bu məsələylə bağlı kinoşünas Aydın Kazımzadənin dediklərinə nəzər salaq:
“Doğrudur, o dövrdə qızlarımız, qadınlarımız kinoya gəlmirdilər. Bunun da səbəbləri hamıya məlumdur. Ona görə də, «Sevil» filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarırdı. Günlərin bir günündə o «Təyyarə» kinoteatrında bir qızla rastlaşır. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görür. Düşür bu tanımadığı qızın arxasınca, harada yaşadığını müəyyənləşdirir. İsmayıl Hidayətzadəni götürüb gedir onlara. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar. Amma İzzət aktrisa deyildi, axı. Ürəyindən olsa da, özü də çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi…Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alır. Cəfər Cabbarlı hər an, hər dəqiqə İzzətin yanındaydı. Xoşbəxtlikdən, bu filmin bütün çəkilişi Cəfərin iştirakı ilə olub. Elə epizodlar var idi ki, İzzət xanım bu barədə həm xatirələrində yazıb, həm də mənə də danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cabbarlı çadranı başından açıb özü Balaşın sifətinə çırpırmış.”
Film gözlənildiyi kimi uğurlu alınıb. Deyilənə görə, film harada göstərilirmişsə nümayişdən sonra oturacaqların söykənəcəklərində qara yaylıqlar və çadralar atılıb qalırmış. Filmin uğurundan ürəklənən C. Cabbarlı «Almaz» əsərinin ssenarisini yazmağa başlayır, əlbəttə, baş rolda yenə İzzət xanım olmaqla. Ancaq bu filmi sona çatdırmağa Cəfər Cabbarlının ömrü yetmir. Ancaq Almaz filmi sona çatdırılır və C. Cabbarlının vəfatının birinci il dönümündə nümayiş olunur. Bu film İzzət Orucovanın da səhnədə son işi olub. Bundan sonra İzzət xanım tamamilə başqa sahəyə yönəlir və o sahədə ilkə imza ataraq, uğur qazanır. Neft-kimya sahəsində fəaliyyətə başlayan İzzət Orucova həm də ilk azərbaycanlı qadın neft mühəndisi olmağı bacarır. Hətta Akademik adına qədər yüksəlir və bir çox elmi uğurlara imza atır.
Azad qadın heykəlinin daha bir maraqlı məqam ona şeir yazılmasıdır. Yəqin ki, bu heykəl bütün dünyada haqqında şeir yazılan nadir heykəllərdən biridir. Söhbət Ramiz Rövşənin “Azad qadın heykəli” şeirindən gedir.
Şıxəli Qurbanov küçəsi ilə Füzuli meydanı istiqamətində hərəkət etsək növbəti tanış olacağımız heykəli görə bilərik. Burada elə meydanın da adının verildiyi Məhəmməd Füzulinin heykəli yerləşir. 12 metr hündürlüyü olan heykəlin iki müəllifi var – Tokay Məmmədov və Ömər Eldarov. Onu da qeyd edək ki, bu, Füzulinin Bakıdakı yeganə heykəli deyil. İlk Füzuli heykəlini hazırlayan Fuad Əbdürrəhmanov olub. Ancaq o, bu işində çətinlikə qarşılaşıb, çünki həmin dönəmə qədər Füzulinin obrazı yaradılmamışdı. Yəni, Füzulinin xarici görünüşünün necə olduğu bilinmirdi və onu yaratmaq Fuad Əbdürrəhmanovun üzərinə düşürdü. Bəzi iddialara görə, “bir gecə yuxudan qəflətən ayılan rəssam hər zaman yaxınlıqdakı masanın üzərində saxladığı plastilinlə bir obraz hazırlayır. Sən demə, həmin vaxt yuxuda bir pirani qoca ona yaxınlaşaraq deyir: “Axtardığın insan mənəm”. Məhz bundan sonra heykəltəraş əsl Füzuli heykəlini hazırlaya bilir. Hazırda həmin heykəl Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin fasadında ucalan altı heykəldən birincisidir.”
Füzuli heykəlindən Qış bulvarı istiqamətinə doğru hərəkət etdikdə, Bakı Musiqi Akademiyasının qarşısında yerləşən Üzeyir Hacıbəyovun heykəli ilə tanış ola bilərik. Heykəlin qarşısında yerləşdiyi binanın da Üzeyir bəyin adını daşıdığını nəzərə alsaq, heykəlin qoyulduğu ərazini uğurlu hesab etmək olar. Maraqlıdır ki, görünüşcə bir o qədər oxşamasa da, bu bina 1939-cu ildə inşa olunanda ilk dönəmlər kilsə olaraq fəaliyyət göstərib. Daha sonra musiqi təhsili ocağı kimi fəaliyyətinə davam edib. 2-ci Dünya Müharibəsi dönəmində isə bir çox binalar kimi hərbi hosbitala çevrilib. Müharibədən sonra isə Konservatoriyanın binası olmağa davam edib.
Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də Azərbaycan SSR-in himninin müəllifi olan, mədəniyyətimizdəki bir çox ilklərin banisi sayılan (hətta bu ilklər arasında musiqi ilə əlaqədar olanlarla yanaşı Azərbaycan dilində ilk riyaziyyat dərsliyinin müəllifi olması da var) Üzeyir bəyin heykəli burada 1960-cı ildə qoyulub. Heykəltəraşı T. Məmmədov, arxitektoru isə Q. Muxtarovdur. 2,9 m hündürlükdə olan monument tuncdan tökülüb və 3,1 m hündürlükdə olan qranit pyedestalda qoyulub. Bu heykəllə bağlı Seymur Baycanın “18,6 sm” əsərində maraqlı bir səhnə var. Kitabın “Qar” adlanan bölümündə iki gün yarıac gəzən şair Üzeyir bəyin heykəli qarşısında dostu ilə qarşılaşır. Dostu isə ona qonorar aldığını bildirir və şairi yeməyə dəvət edir. Şair “əsl kişinin dirisi də çörək verir, heykəli də” deyərək heykələ yaxınlaşır və Üzeyir bəyin doğum tarixini qardan təmizləyir, ölüm tarixi isə qarın altında qalır.
Növbəti heykəllə tanış olmaq üçün Cəfər Cabbarlı meydanına doğru hərəkət edək. Burada artıq haqqında bir az danışdığımız Cəfər Cabbarlının heykəli yerləşir. Heykəl yəqin ki, Bakıda qarşısında ən çox görüş təyin edilən məkanlardan biridir. 1982-ci ildə açılışı olan heykəlin müəllifi Mirəli Mirqasımov, arxitektoru isə Yusif Axundov olub. Cəfər Cabbarlı heykəlinin maraqlı tərəfi odur ki, bu heykəl 22 ildən artıq müddətə hazırlanıb. 1959-cu ildə Cəfər Cabbarlının heykəlinin hazırlanması üçün keçirilən müsabiqədə M.Mirqasımov qalib gəlir. Heykəlin açılışı isə 1982-ci ilə təsadüf edir. Heykəlin bu qədər gec hazırlanmasına texniki probemlərlə yanaşı heykətəraşın əsər üzərində çox diqqətlə işləməsi də səbəb olub. Belə ki, Mirəli Mirqasımov qeyd edir ki, “Mən Cəfəri gülünc edə bilmərəm. Mən 10 il tez, 10 il gec ölə bilərəm. Heykəl isə xalqındır. Ona baxıb xalqın tarixini, mədəniyyətini yaşadırlar”. Qeyd etmək lazımdır ki, heykəltəraşın bu heykəllə bağlı problemləri lap əvvəldən başlayıb. 1959-cu ildə C.Cabbarlının heykəlinin hazırlanması üçün keçirilən müsabiqədə M.Mirqasımov qalib gəlsə də, onun bu məsələdə həddindən artıq əleyhdarları var imiş. Deyilənə görə həmin şəxslər, fiziki baxımdan zəif və bəzi məhdudiyyətləri olan bu sənətkara yenilgini qəbul edə bilmirmişlər (heykəltəraşın qulaqları eşitmirmiş və ürəyi də xəstə imiş). Elə heykəlin özü də müəllifin səhhətinə ciddi təsir edib. Belə ki, heykəlin hazırlanması mərhələsində müəllif düz iki dəfə infarkt keçirib, özü də sırf heykəllə bağlı səbəblərə görə.
İlk infarkt müəllif Mərkəzi Komitədəki bir məmurla heykəlin hündürlüyü ilə bağlı mühabisə edərkən baş verib. Mərkəzi Komitədə məmurlardan biri ona deyəndə ki, heykəl 5 metr olmalıdır, Mirəli Mirqasımov belə cavab verib: “Sizin çox böyük vəzifəniz var, amma sənətkar kimi mən necə lazım bilirəmsə, elə də olacaq”. Heykəltaraşın əleyhdarları heykəlin yeri məsələsində də problem çıxarıb. Onlar təkidlə heykəlin indiki yerində yox, Nizami Kinoteatrının arxasındakı kiçik parkda qoyulmasını tələb edib. Müəllif isə, bağın çox kiçik olduğunu və 5.5 metrlik heykəlin ora üçün uyğun olmadığını bildirərək bu fikrə etiraz edib.
Müəllif ikinci infarktı isə Ukraynanın daş karxanasında yonulan heykəlin 280 ton deyil, 140 ton olduğunu görərkən keçirib. Araşdırmaçılar həmin qranitlə bağlı maraqlı və yarıəfsanəvi məqamlar olduğunu bildirərək qeyd edir ki, postamentin qranitdən hazırlanmasına icazə versə də, bədxah insanlar tərəfindən məktub səhv yerə yollanılıb və ayrı karxanada ayrı rəngdə hazırlanıb. Bunun üçün mərhumun ailəsi Ukraynaya gedib və çətinliklə də olsa məsələni yoluna qoya bilib. Əsər böyük zəhmət hesabına Bakıya gətirilib. Hətta qeyd edilir ki, heykəli çəkmək üçün yeddi tankdan istifadə olunub…
Yeri gəlmişkən, Azərbaycanda eşitmə məhdudiyyətli olan başqa bir heykəltəraş tərəfindən ərsəyə gətirilən digər bir maraqlı heykəl də var. Bu heykəl bəhs etdiyimiz digər heykəllərdən fərqli olaraq Bakıda deyil, Şəmkirdə, İstiqlal parkında yerləşir. Həmin heykəldə royal arxasında əyləşmiş bəstəkar Üzeyir Hacıbəyov və onun yanında dayanan Əhməd Cavad təsvir edilib. Heykəllərin müəllifi heykəltəraş Azad Əliyevdir. Heykəltəraşla bağlı maraqlı bir məqam da, müəllifi olduğu Bethovenin büstünün Mərkəzi Amerika, Salvadorun paytaxtı San-Salvadorda ucaldılmasıdır.
Qayıdaq yenidən Bakıya. Cəfər Cabbarlı meydanından Azadlıq prospektinə doğru, yuxarı istiqamətdə hərəkət etdikdə, Bakıdakı başqa bir maraqlı heykəllə qarşılaşarıq. Söhbət məşhur mühəndis və ixtiraçı Nikola Teslanın heykəlindən gedir. Bütün dünyada insanların işini asanlaşdıran ixtiralara imza atan Teslanın Bakıdakı heykəlini maraqlı edən həm də heykəlin arxasında özünün ən məşhur ixtiralarından biri olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ pannodur. 3.3 metrlik tunc heykəlin müəllifi Ömər Eldarovdur.
Azərbaycanda əcnəbi elm, sənət adamlarının heykəlləri də az deyil. Bu baxımdan fərqlənən məkanlardan biri Milli Kitabxana binasıdır. Ədəbiyyat muzeyindən fərqli olaraq burada heykəllərin sayı çox olsa da, heykəllərin aşağısında kimə məxsus olduğu yazılmaması və daha yüksəkdə yerləşməsi onların bəzilərini tanımamağımıza səbəb olur. Onu da qeyd edim ki, 1961-ci ildən qapılarını oxucuların üzünə açan kitabxanada heç də bütün heykəllər o vaxt qoyulmayıb. Kitabxananın Rəşid Behbudov küçəsinə baxan hissəsindəki heykəllər müstəqillik illərində əlavə olunub. Binanın ön tərəfində Nizami Gəncəvi, Şota Rustaveli, Puşkin, Məhsəti Gəncəvi, Mendeleyev, Həsən bəy Zərdabi, Maksim Qorki, Üzeyir Hacıbəyli və Səməd Vurğunun heykəlləri yerləşir. Burada ən çox diqqət çəkənlərdən biri Puşkindir, çünki Puşkin bağındakı heykəli ilə birlikdə onun Bakıda iki abidəsi olmuş olur. Şota Rustaveli demişkən onu da qeyd etmək olar ki, Bakıda Gürcüstan-Azərbaycan dostluğuna həsr edilmiş o qədər də məşhur olmayan bir abidə daha var. “Azad olunmuş enerji” kompozisiyası adlanan və güc, enerji rəmzi olan at heykəlini gürcü heykəltəraşı Georgi Caparidze ilə Azərbaycan memarı Qasımzadə hazırlayıb. Abidənin açılışı ilə bağlı nitqdə abidənin həmin dönəmdə Gürcüstanın prezidenti olmuş Eduard Şevardnadzenin Azərbaycan xalqına hədiyyəsi olduğu qeyd edilir. Kitabxananın yan tərəfində olan və sonradan əlavə edilən heykəllər isə bunlardır: Bülbül, Niyazi, Rəsul Rza, Mirzə Ələkbər Sabir, Əcəmi Naxçıvani və Sultan Məhəmməd.
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.