Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərlə bağlı bir çox normativ sənədlərin qəbulu nəzərdə tutulur. Onlardan ən vacibi vergi ödəyicilərinin böyük maraqla gözlədiyi sahibkarlıq subyektlərinin meyarları ilə bağlıdır. Artıq növbəti ildən sahibkarlıq subyektlərinin 4 kateqoriya üzrə təsnifatı gözlənilir ki, bu da beynəlxalq təcrübəyə uyğundur.
Musavat.com xəbər verir ki, mks.az saytı sahibkarlıq subyektlərinin meyarları ilə bağlı hazırlanmış qərar layihəsini əldə edib.
Qərar layihəsinə görə, yeni ildən Azərbaycanda sahibkarlar mikro, kiçik, orta və iri olmaqla 4 qrupda təsnifləşdiriləcək. İşçilərinin orta siyahı sayı 1-10, illik gəliri 200 min manatadək olan sahibkarla mikrosahibkarlıq subyekti hesab olunacaqlar. Belə sahibkarlıq subyektləri üçün Vergi Məcəlləsində ciddi güzəştlər nəzərdə tutulub.
İşçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 m in manatdan 3 milyon manatadək olan sahibkarlar kiçik sahibkarlıq subyekti hesab ediləcəklər.
İşçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3-30 milyon manat olanlar orta, işçi sayı 251-dən, illik gəliri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkarlıq subyektləri hesab olunacaqlar.







