Tat sözünün mənası
Tarixi və mədəni baxımdan çox oxşar cəhətləri olan Orta Asiya, İran və Zaqafqaziyanın qonşu bölgələrində belə “tat” adı müxtəlif mənalarda istifadə edilir. Bu terminin qeyri-müəyyənliyi demək olar ki, bütün tədqiqatçılar tərəfindən vurğulanmışdır.
VIII əsrə aid Orxon Yenisey kitabələrində Orta Asiya əhalisinin bir hissəsi “tat” adlandırılırdı. Danimarkalı linqvist Vilhelm Tomsen bu terminin türklərin fəth etdiyi irandilli əhaliyə aid olduğunu irəli sürdü. Mahmud Kaşğarlı etimolojik lüğətində (XI əsr) tat adının dəqiq bir tərifini verərək bu terminin istifadəsinə dair nümunələr göstərmişdi. Mahmud Kaşğarlı yazırdı ki, bütün türklər irandilli əhalini belə adlandırırlar. Tədqiqatçıların qeyd etdikləri kimi, tat termini burada daha çox təhqir məqsədi ilə işlədilirdi. Bundan əlavə, tat adı eyni zamanda, türkmənlərin tabeçiliyində olan və onlarla birləşən sak qruplarının birindən çıxan türkmənləşmiş tayfalardan birinin adıdır (Semenov, 1992:5). Bundan başqa Kaşğarlı XI əsrdə bu ifadənin uyğurlar və çinlilər haqqında işlədildiyini qeyd edərək tat sözünün bu cür istifadəsini doğru hesab etmirdi (Lyuşkeviç, 1971: 25-26).
İranın orta əsrlər tarixinə dair yazılı mənbələrdə tat termini qeyd edilmir. Ancaq müasir dövrdə bu terminin istifadəsi haqqında çox məlumat var. Rus linqvist İvanovun sözlərinə görə İranda tat sözünə farsları kürdlərdən, türklərdən, ərəblərdən və s. İran xalqlarından ayırmaq üçün istifadə ediləndə müraciət edilir. Qərbi İranda “tat” adı fars olmayan bir ərazidə yaşayan farsların özünü adlandırma formasıdır. Burada tat adı ilə yanaşı “pars” terminindən də istifadə edilir. Əslində “pars” termini dini bir məna daşıyır. Ümumilikdə bu ifadə İran xalqlarının qədim dini olan zərdüştlüyün ardıcıllarını ifadə edir (Semenov, 1992:5). Filoloq Boris Miller isə qeyd edir ki, İran Azərbaycanında “tat” adı Talış dağlarının Ərdəbil istiqaməti aşırımlarında yaşayan qədim İran xalqına deyilir. Bu tatlar daha sonra dillərini itirərək şahsevənlərə qarışaraq türkləşmişdir (Bu xalqın daha sonra yox olan azəri xalqı olduğu hesab edilir). Ətraf ərazidə yaşayan irandilli əhaliyə “tat” deyilməsi ənənəsi Fars ostanındakı qaşqay türkləri tərəfindən də yaşadılır (Lyuşkeviç, 1971: 27). Bəzi tədqiqatçılar tat sözünün tacik sözü ilə eyni mənşəli olması fikrini irəli sürür. Alman dilçi Şeder tat və tacik terminlərinin etnonimik, ərazi və xronoloji əlaqəsini göstərərək hər iki sözü vahid etnonimik xüsusiyyətlərini qeyd edir. Şederə görə “tacik” ifadəsi “tat” və cənub-qərbi türk dilləri üçün xarakterik olan -çik şəkilçisi ilə düzəlilib (Lyuşkeviç, 1971: 28).
Zaqafqaziyada isə VI əsrdə bu bölgəyə gələn farsların nəsillərinə “tat” deyilir. Tat termini Şərqi Qafqazda etnik məna daşıyır. Qafqaz tatlarının nümayəndələrinin onları araşdıran Millerin suallarına verdiyi cavabı belə idi: “Biz tatlarıq, dilimiz isə parsidir“. Bu, müasir dilçilik tədqiqatlarına zidd deyil. İran dillərinin tədqiqatçısı Oranski tat dilinin müstəqil bir dil olmadığını, fars dilinin dialektlərindən biri olduğunu yazır. “Tat” termini Krımda da oxşar məna daşıyır. Burada tatlar, sonradan türk dilinə keçən qıpçaqlar (qotlar, yunanlar, xəzərlər və s.) tərəfindən zəbt edilmiş Krımın yerli sakinlərinin nəsilləri adlandırılırdı. Bu “tat-tatarlar” barədə 17-ci əsrdə türk səyyahı Övliya Çələbinin əsərlərində məlumat verilir (Semenov, 199:5).
Tatların Qafqaza gəlişi
Tatların Azərbaycan ərazisinə yerləşməsi barədə 2 iddia mövcuddur. Bunlardan biri tatların buranın yerli əhalisi (aborigen) olması, digəri isə Sasanilər zamanı köçürülməsidir. Tatların aborigen xalq olması barədə iddialar Qafqaz Albaniyası dönəminə uzanır. Bu iddia Qafqaz Albaniyasının vilayətlərindən biri “Lpink” ərazisində yaşayan lpinlərlə bağlıdır. Lpink vilayətinin konkret əraziləri mübahisə doğurur. Yakobson bu ərazinin Samur çayının mərkəzdən yuxarı hissəsində, Fəridə Məmmədova isə Samur çayının mərkəzi hissəsindən Alazan çayı vadisinə qədər şərqdən qərbə doğru yerləşdiyini bildirirdi. Erməni tarixçiləri Harutyunyan və Hakobyanın fikrincə isə bu ərazi Girdimançay və Ağsu çaylarının yuxarı axarında yerləşirdi. Hakobyan hətta irandilli tatlar yaşayan İsmayıllı bölgəsindəki Lahıc kəndinin adını “lpin” etnonimi əsasında izah etməyi təklif edirdi (Qeybullayev, 1991:71). Bu mənada erməni tarixçilər tatların burda aborigen olduğunu qeyd etməyə çalışırdı.
Digər bir iddia isə Qafqaz Albaniyasının şimal-şərqində yaşayan irandilli maskutlarla bağlıdır. Albanlar maskutların yayılma arealını “Masqutlər ölkəsi” olaraq qeyd edirdi. Bəzi tədqiqatçıların fikrincə, “Masqutlar ölkəsi” Dərbənd və Beşbarmaq dağı arasındakı ərazini əhatə edirdi. Qeybullayev isə “Masqutlar ölkəsi”nin cənub sərhədinin Vəlvələ çayı boyunca keçdiyini qeyd edir. Bu çayın cənubundan Beşbarmağa qədər savarlar (Şaporan (indiki Şabranın qədim adı)), xurslar (Xursan – Şirvana tabe olan kiçik vilayətlərdən biri) və Xızı tatları (Xizan-Xızı regionunun tarixi adı) yaşayırdı (Qeybullayev, 1991:82). “Masqutlar ölkəsi”ndə xristianlıq eramızın ilk əsrlərində yayılmış və bu ərazidə olan Çola şəhəri VI əsrin ortalarına qədər alban kilsəsinin mərkəzi olmuşdu. Buna görə də, bu dövrdə Albaniyanın şimal-şərqində məskunlaşmış tatların əksəriyyəti xristianlığı (xristian tatlarının əcdadları) qəbul etdilər. Abşeron və Dağlıq Şirvan bölgələrində yaşayan tatlar isə atəşpərəst idilər və bu dinlərini ərəb fəthinə qədər qoruya bildilər (Qeybullayev, 1991:86). Abbasqulu ağa Bakıxanov, Məhəmmədhəsən Vəliyev-Baharlının fikrincə, Xəzər dənizinin qərb sahilində, Abşerondan Dərbəndədək məskunlaşan Azərbaycan tatları bura köçürülən qədim İran sakinlərinin qalıqlarıdır (Aşurbəyli, 1983:16). Vladimir Minorski də bu fikirlə razıdır. Minorskiyə görə, tatlar imperiyanın şimal sərhədini qorumaq üçün Sasanilər tərəfindən məskunlaşdırılmış iranlıların nəsilləridir. Sasanilər öz tabeçiliyindəki əhəmiyyətli koloniyalarda tatları əsasən Xəzər bölgəsindəki keçidlərdə məskunlaşdırdılar. Bunu İranın Lahican və Xuzistan vilayətlərinin adlarından götürülmüş bəzi qədim tat yaşayış məntəqələrinin – Lahıc (İsmayıllı rayonu) və Xızı (Abşeron rayonu) adları da təsdiqləyir (Qeybullayev, 1991:227). Lahıclılar arasında atalarının Sasani şahı Xosrov Ənuşirəvan dövründə köçürüldükləri ilə bağlı ənənə hazırda da qalıb (Qeybullayev, 1986:97).
Orta əsrlər dövründə tatlar
Ərəblərin Sasaniləri süquta uğratması ilə 651-ci ildən etibarən Azərbaycanda islamın yayılması prosesi başladı. Ölkədə islamı ilk qəbul edən bölgələrdən biri də Şirvan idi. Ərəb xilafəti Girdiman çayının yuxarı axarı boyunca əraziləri əhatə edən Sasanilərin vassal knyazlıqlarından biri Layzan əmirliyinin daxili müstəqilliyinə toxunulmadı. Minorskinin fikrincə, paytaxtı Lahıc olan kiçik əmirlik Layzan (Lahican) dövləti Gilan vilayətindən gələn tatlar tərəfindən qurulmuşdu. Ərəb tarixçisi Məsudinin yazdıqlarına görə, Layzan vilayəti X əsrin əvvəlində Lahicanşahın əcdadından irs qalmış mülkü idi. Bu dövlətin əmiri 861-ci ildə özünə “Şah” titulu götürdü və dövlətin rəsmi adı “Lahicanşahlıq” olaraq adlandırılmağa başladı. Vladimir Minorskiyə görə, Layzan bölgəsi hazırkı Lahıc, onun ətrafındakı kəndləri (indiki Məlhəm, Qonaqkənd, Zarat kəndləri) əhatə edirdi (Aşurbəyli, 1983:78).
Layzan əmirliyi ilə yanaşı Şirvan regionunda 510-cu ildə Şah Xosrov Ənuşirəvan tərəfindən təyin edilmiş və Sasanilər sülaləsi ilə qohum bölgə hakimi vardı. 510-861-ci illərdə yarımmüstəqil olaraq fəaliyyət göstərən Şirvanşahlar 861-ci ildə ərəb əsilli Heysam ibn Xalidin Şirvanı ələ keçirməsi ilə tam müstəqil oldu. Lahicanşahlığın üçüncü şahı olan Əbu Tahir Yəzid ibn Məhəmməd 917-ci ildə öz əmisi nəvəsi Əli ibn Heysamı məğlub edərək Şirvanı tutdu və “Şirvanşah” titulunu qəbul etdi. Bununla da Şirvanşahlar tatlar yaşayan əraziləri birləşdirdilər.
Bundan başqa ərəb coğrafiyaşünasları IX-XII əsrlərdə Şirvanşahlar dövləti daxilində, indiki Xızı rayonunun ərazisində yerləşən Xizan əmirliyinin mövcudluğunu bildirirlər. Xizan əmirliyinin varlığının bir digər göstəricisi Xızı ətrafında qala divarları qalıntılarının indiyə qədər qalmasıdır. İlk dəfə Xizan (Xızı etnonimi və – an şəkilçisi) əmirliyi barəsində IX əsr ərəb coğrafiyaşünası Bəlazurinin əsərində məlumat verilir. Bu məlumata əsasən xəlifə Osmanın hakimiyyəti dövründə (644-656) ərəb sərkərdəsi Məsləmənin Arranda əhli-Xizan ilə müqavilə bağladığını qeyd edilir. Bu kitabda eyni zamanda Xizanın möhkəm divarları olan bir şəhər olduğu bildirilir. Sonuncu dəfə Xizan barədə XV əsrdə yaşamış səyyah Əbdürrəşid Bakuvinin əsərlərində məlumat verilir (Qeybullayev, 1986:98).
Bu dövrlərdə indiki Azərbaycanda tatların əhalinin çox hissəsini təşkil etməsini ərəb tarixçiləri də qeyd edir. IX-X əsrlərə aid ərəb müəllifləri göstərir ki, Azərbaycanda və Ermənistanda yaşayan əhalinin çox hissəsi fars və az qismi ərəb dilində danışır. X əsr ərəb səyyahı İbn Havqəl yazır: “Azərbaycan və Ermənistan əhalisinin əksəriyyəti fars və ərəb dilində danışır. Maraqlısı odur ki, ərəb dilində danışanlar çox azdır, fars dilini bilən şəxslər isə ərəb dilini bilmirlər.” Bu məlumatı digər ərəb coğrafiyaçısı İstəxri də təsdiqləyir. Digər bir ərəb tarixçisi Müqəddəsi isə belə yazır: “Ermənistanda əhali erməni dilində, Arranda isə əhali “arran” dilində danışır. Arranda danışılan fars dili bizim üçün başadüşüləndir və bu fars dili mənə Xorasan ləhcəsini xatırladır. ” (Aşurbəyli, 1983:53).
Tatların orta əsrlər dövründə digər bir böyük şəhəri Şabran idi. Tarixi Şabran şəhəri Şabran çayının sol sahilində, indiki Şahnəzərli kəndi ərazisində yerləşirdi. Şəhərin əsasının Sasani hökmdarı Xosrov Ənuşirəvan tərəfindən Sasani hökmdarı Şapurun şərəfinə qoyulduğu hesab edilir (Şapuran-Şabaran- Şabran) (Aşurbəyli, 1983:105). Şabran Şirvanşahlar dövləti ərazisinə qatıldıqdan sonra IX-XII əsrlərdə özünün qızıl dövrünü yaşamışdır. Şabranın əhalisi bu dövrlərdə tatlardan ibarət idi. 1254-cü ildə Monqolustandan Qafqaza dönən və Şabranı ziyarət edən flamand rahib Rubruk bu şəhərdə çox sayda yəhudinin olduğunu bildirdi. Görünür ki, flamand rahib yəhudi dedikdə Şabran ərazisində yaşayan tat yəhudilərini (dağ yəhudiləri) nəzərdə tutmuşdu. Bununla belə XIII əsrdə monqolların güclü hücumuna məruz qalan şəhərin yarısı məhv edildi.
Şabran tarixdə bir daha Əmir Teymurun hərbi kampaniyalarının birində xatırlanır. 1395-ci ildə Dəşti Qıpçaqdakı kampaniyadan Şirvana qayıtdıqdan sonra Teymuru müşayiət edən Şeyx İbrahim Şabranda sonuncunun şərəfinə təntənəli bir ziyafət təşkil etmişdi (Aşurbəyli, 1983:156). Şabran, Osmanlı-Səfəvi müharibələri zamanı isə tamamilə dağıdıldı.
Orta əsrlər dövründə tatların yaşadığı ən böyük mədəni, iqtisadi mərkəz Lahıc idi. Lahıc əhalisinin VI əsrdə Sasani şahı Xosrov Ənuşirəvan tərəfindən İranın Gilan vilayətinin Lahican bölgəsindən köçürüldüyü güman edilir. Lahıc öz dövrü ilə müqayisədə çox inkişaf etmişdi. Lahıcın daş döşənmiş küçələri, meydanları, yağıntıların axması üçün şaquli planlaşdırma, kanalizasiya sistemi, dağ mənbələrindən içməli suyun təmin edilməsi ilə fərqlənirdi. Planlaşdırmanın xüsusiyyətləri, memarlıq görünüşü, habelə Lahıcın abadlaşdırılması çox güman ki, Layzan əmirliyinin inzibati və siyasi mərkəzi kimi əhəmiyyəti ilə əlaqəli idi. Lahıc eyni zamanda orta əsrlərdə Şirvan mis sənayesinin bir mərkəzi idi. Burada istehsal olunan qablar və silah İran və ətraf bölgələrin şəhərlərinə ixrac olunurdu (Aşurbəyli, 1983:78). Lahıc Şabranla müqayisədə orta əsrlər dövründə dağıntılara məruz qalmadı və öz mədəniyyətini hələ də qoruyub saxlayır.
Şirvanşahlar dövləti Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan dövlət hesab edilir. Azərbaycan tarixində ən uzun ömürlü dövlət olan Şirvanşahlar həm titul olaraq, həm də varis olaraq özünü Sasanilərin davamçısı hesab edilir. Xüsusən də Kəsranilər sülaləsinin hakimiyyəti zamanı Şirvanşahların fars şahlarının adlarından istifadəsi çoxaldı. Ümumilikdə Şirvanşahlar dövlətində tatlar əhalinin üçdə birini təşkil edirdi (Semenov, 1992:19). Bu nüans Şirvanşahların daxili və xarici siyasətinə təsir etmək üçün vacib amillərdən biri idi. Məhz Şirvanşahlar sayəsində 800 il tatlar öz mədəniyyətlərini və dillərini qoruma imkanı əldə etdilər (Minahan, 2016: 413).
Abşeron və Xızı tatları
Azərbaycanda tatların tarixən məskunlaşdığı ərazilərdən biri də Abşerondur. Hazırda Azərbaycanın paytaxtı olan Bakının Çar Rusiyası dönəminə qədər yaşayan əhalisi tatlardan ibarət idi. Bakı ilə bağlı ilk statistik məlumatlar 1800-cü illərin əvvəllərinə aiddir. Bu statistik məlumatlara əsasən Bakıda yaşayan 8 min əhalinin mütləq əksəriyyəti tatlar idi (Minahan, 2014: 262). Tatlar təkcə Abşeron yox, ümumilikdə Şimal Şərqi Azərbaycanda əhalinin çoxluğunu təşkil edirdi. Bunu görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov öz əsəri “Gülistani İrəm”də belə göstərir: “Şamaxıdan Qubaya qədər bütün şəhərlərdə (Hovz, Lahıc, Qoşunlu, Barmaq, Şeşpərə) Quba uyezdinin Buduq vilayəti və Bakı uyezdində yerləşən 6 tərəkəmə kəndi istisna olmaqla bütün bu regionda yaşayan əhali tat dilində danışır və bu, onların fars mənşəli olmasının sübutudur” (Bakıxanov, 1991:15).
20-ci əsrin əvvəllərində tatların Abşeron regionunda ən böyük kəndləri Maştağa (16 000 nəfərə qədər), Balaxanı (7800 nəfər), Suraxanı (3 min nəfərdən çox), Qala (2703 nəfər) idi. Bundan başqa tatlar əksəriyyəti türklər olan Zirə (2300 nəfər), Hövsan (1653 nəfər) və Türkan kəndində də yaşayırdılar. Abbasqulu ağa Bakıxanov Maşkata (indiki Maştağa) kəndinin adının masqutlardan qaldığını iddia edirdi. Onun fikrincə burda danışılan tat dili digərlərindən çox fərqli idi (Bakıxanov, 1991:15). Kənd 19-cu əsrin sonunda köçən türklər sayəsində digər tat kəndləri ilə müqayisədə çox tez türkləşdi. Bununla belə bu dövrdə tat dilinin danışıq dili olaraq qaldığı ərazilər çox idi. Məsələn, Suraxanıda qadınlar türk (Azərbaycan) dilində zəif bilirdilər. Bakının digər kəndlərində isə tat uşaqlar məktəbə gedərkən türkcə danışmağı öyrənirdi.
Bununla belə bu uşaqların nəzərə çarpacaq qədər vurğu ilə danışması onların hansı kənddən olduğunu göstərirdi. Bakının Mərdəkan kəndi artıq Sovet hökumətinin qurulduğu ərəfələrdə türkləşmişdi. Bununla belə, Mərdəkandakı yaşlı insanlar tat dilini başa düşürdü. Digər türkləşən Bakı kəndi Pirşağıda Sovet hökuməti qurulmamışdan 5 il əvvələ qədər tat dili istifadə edilirdi. Bilgəh və Nardaran kəndlərində isə 1920-ci illərdə tat dilində danışan bir neçə ailə qalmışdı. Tat dili ən çox Suraxanıda isifadə olunurdu. Suraxanı sakinləri adətən öz aralarında tat dilində danışır, cənazə mərasimləri isə tat və türk dilində keçirilirdi.
Suraxanılılar öz ləhcələrini “parsi” adlandırır və digər tat ləhcələrindən daha təmiz olduğunu hesab edirdi. Onların fikrincə, Abşeronun bütün tat kəndlərində bir dialekt üstünlük təşkil edir. Suraxanı adı bir çuxurdan axan bir bulaq anlamını verir. Bu adın Suraxanıdakı yer altından çıxan alovla bağlı olduğu güman edilir. İlk dəfə Suraxanı atəşi barədə ərəb tarixçisi Məsudinin əsərlərində rast gəlinir (Aşurbəyli, 1983:23).
Abşeronda tat dilinin hegemon olduğu bir digər tat kəndi Balaxanıdır. Balaxanılılar dillərini təkcə “parsi” deyil, həm də “tat” adlandırırlar. Balaxanılıların fikrincə, onların danışdığı tat dili Maştağa və Zirədə danışılan tat dilinə yaxındır və Suraxanıda danışılan dialektdən xeyli dərəcədə fərqlənir. Suraxanıda danışılan ləhcə isə Qala və Hövsan kəndində danışılan ləhcəyə yaxındır. Bu kəndlərin tat sakinlərinin Xızıdan bura köçdüyünü nəzərə alsaq Suraxanı ləhcəsi ilə Xızı ləhcəsinin bir olduğu qənaətinə gəlmək mümkündür.
Abşeronun tatları ilə Xızı rayonunun tatları arasındakı əlaqə olduqca böyükdür. Bakının Dağlılar məhəlləsinin adı elə 20-ci əsrin əvvəllərində ora köçən 2000-ə yaxın Xızı tatlarından qalıb. Xızılılar özlərini adlandırdığı “dağlı” identifikasiyasını beləcə Bakıya gətirmiş, bununla da Bakıda yaşayan digər tatlar da özlərini belə adlandırmağa başlamışdır. Suraxanılıların dediklərinə görə, Xızı tatlarının danışığını çox yaxşı başa düşürlər. Bir suraxanılının Xızıda tat dilində məruzəsini də eyni zamanda xızılılar tam olaraq başa düşdüyünü qeyd etdilər. Suraxanı və Balaxanı əhalisi Çar Rusiyası dövründə Qubadan Bakıya adətən şəkər, meyvə, çörək daşıyan dağ yəhudilərinin ləhcəsini fərqli olmasına rəğmən başa düşdüklərini qeyd edirdi. Bununla belə, Balaxanı və Suraxanı tatları regionun ən böyük tat kəndi olan Lahıc tatlarının danışdığı tat dilini ümumiyyətlə başa düşmədiklərini qeyd edirdi. Maraqlıdır ki, eyni regionda yerləşən Şamaxının erməni-tat kəndi olan Mədrəsə kəndində danışılan dil Bakı tatları üçün anlaşılan dil idi (Miller, 1929:5).
Tat dilinin Abşeronda türk dili tərəfindən sıxışdırılması prosesi keçmişdə həm təbii, həm də qeyri-təbii səbəblər üzərindən baş verdi. Çar Rusiyası dövründə Qafqazın ən böyük şəhəri olan Bakıya digər Azərbaycan regionlarından kütləvi axın nəticəsində tat dili türk dili tərəfindən sıxışdırıldı və regionda daha çox işlədilməsi ilə nəticələndi. Lakin bu proses təbii səbəblərdən əlavə, qeyri-təbii səbəblərin təsirinə də məruz qalmışdı. Məsələn, Osmanlıdan gəlmiş, 20-ci əsrin əvvəllərində Balaxanıda dərs deyən Əhməd Kamal tələbələrinə ana dilində yox, türk dilində danışmağı sövq etmişdi. Məhz Əhməd Kamalın fəaliyyəti nəticəsində Nardaran və Buzovna kəndlərində tat dili tezliklə unuduldu və kəndlər tamamilə türkləşdi. Sovet hakimiyyətinin ilk dövründə bütün əhalinin tədris prosesinə cəlb edilməsi ilə türkləşmə prosesi sürətləndi. Beləcə, 20-ci əsrin 30-cu illərində Abşeron tatlarının çox böyük əksəriyyəti özünü türk kimi identifikasiya edirdi.
Abşeron tatları dini xüsusiyyətinə görə şiə müsəlmanlardır. Sovet dövrünün ilk dönəmində Abşeron tatları öz keçmişləri haqqında az şey bildiyini və cəmi bir neçə əsr əvvəl bura yerləşdiklərini iddia edirdi. Onların bildirdiklərinə görə, Abşeron tatları bura Quba, Dərbənd, Xızı (Germiyan kəndi), Şamaxı və Muğan (şahsevənlər) ərazisindən köçüb. Abşeronda yaşayan türklərin isə demək olar ki, hamısı şahsevəndir. Onlar əsasən Hövsan və Türkanda məskunlaşıblar. Bundan başqa tarixi qaynaqlarda İrandan tatların birbaşa Abşeron bölgəsinə köçməsi qeyd olunmur. Şamaxının tat yaşayış məntəqələrinin Abşerondakı yaşayış məntəqələrindən daha qədim olduğu hesab olunur. Bunu regiondakı memarlıq nümunələrindən də görmək mümkündür. Bakı kəndlərində əhalinin gəlişindən sonra ən qədim abidə Suraxanıda Şah Abbasın (17-ci əsrin əvvəlləri) inşa etdiyi bir məscid, Balaxanıda Şah Abbasın adına olan karvansara olmuşdur. Digər tarixi qalalar isə burada fars hakimiyyətindən miras qalmışdır (Miller, 1929:5).
Xızının 20-ci əsrin 20-ci illərində əhalisinin böyük əksəriyyəti tat, az bir qismi isə türk idi. Xızı İcraiyyə Komitəsinin 1926-cı il rəsmi məlumatlarına görə regionun 36 kəndində 13064 tat, 5910 türk əhalinin .yaşadığı qeyd olunub. Xızıda o dövrdə araşdırma aparan linqvist Miller rəsmi məlumatdakı etnik tərkibə şübhə ilə yanaşmışdır. Region sakinlərinin ona verdiyi məlumata görə Xızının ümumilikdə 65 kəndi mövcuddur və bunların demək olar ki, hamısı tat dilində danışır. Mərkəz Xızıda olan əhalinin sayı isə 4000-ə çatırdı. Yuxarıda qeyd edilən kimi, Bakının özündə 2000-ə qədər xızılını bu rəsmi siyahıya əlavə etsək ümumilikdə Xızı tatlarının sayını 15000 nəfər olduğunu qeyd edə bilərik.
Bu dövrdə Xızıda tat dili Bakıda olduğu kimi türkləşməyə məruz qalmamışdı, hətta bəzi Xızı kəndlərində əhali ümumiyyətlə türkcə bilmirdi. Çar Rusiyası vaxtında xızılılar türk dilində yalnız Quran məalını oxuyarkən istifadə edirdi. Xızılılar fars dilini “qardaş dil” adlandırır, bununla belə bu dildə danışıq Sovet hakimiyyətinin ilk dönəmlərində demək olar ki, qalmamışdı. Xızı tatlarının buraya gəlişi barədə əhalidə konkret bir fikir yoxdur. Xızı tatları İrandan bura köçün olduğunu qəbul etsə də əksəriyyət tatlar bu regionun yerlisi olduqlarını düşünür. Xızı tatları da Bakı tatları kimi şiədir (Miller, 1929:6).
Quba-Şabran tatları
1926-cı il siyahıyaalma məlumatlarına əsasən keçmiş Quba uyezdində ümumilikdə 47 tat kəndi var idi. Lakin rəsmi olan bu məlumat Quba İcraiyyə Komitəsinin məlumatları ilə ziddiyyət təşkil edir. Quba İcraiyyə Komitəsinin məlumatlarına görə, keçmiş Quba uyezdində tatlar 4 dairə üzrə məskunlaşıblar. Qonaqkənd nahiyəsində 11, Dəvəçi nahiyəsində 9-u tamamilə tat olmaqla ümumilikdə 14 kənd, Rustov nahiyəsində 42 kənd, Gömürdəhnə nahiyəsində 46 kənd olmaqla ümumilikdə 108 tat kəndi mövcud idi. Bu kəndlərdəki tatların sayı barədə yazılı məlumat olmasa da Quba İcra Komitəsinin sədrinin şifahi hesabatına görə 180.000 əhalisi olan regionun təxminən 17% -i tatlardan ibarət idi. Bu isə regionda yaşayan tatların 30.000-dən bir qədər çox olduğunu göstərir. Bu dövrdə ən çox tat Rustov və Yuxarı Quşçu kəndində yaşayırdı. Abşeron regionu ilə müqayisədə Quba-Şabran bölgəsində türk dili çox az işlədilirdi. Hətta, bu regionun ucqar bölgələrində Sovet hakimiyyəti qurulana qədər Azərbaycan dilini bilən yox dərəcəsində idi. Bunlara nümunə kimi Qubanın Xaltan və Rustov kəndini göstərmək olar. 20-ci əsrin 20-ci illərinə qədər bu kəndlərdə yaşayan qadınlar türk dilini bilmirdi, uşaqlar isə yalnız 15 yaşından sonra Azərbaycan dilini öyrənirdilər. Bundan başqa Abşeronla müqayisədə bu regionda yaşayan tatların çox hissəsi sünni, az hissəsi isə şiə olmuşdur. Siyahıyaalma məlumatlarında dini xüsusiyyət nəzərə alınmadığı üçün sünni kəndlərlə bağlı rəsmi məlumat olmasa da Çar Rusiyası dövründə aparılan araşdırmalar nəticəsində sünni tatların yaşadığı bu kəndlərin olduğunu qeyd edə bilərik: Rustov, Çiçi, Afurca, Talabı, Xanəgah, Şuduh, Növdün, Qonaqkənd, Cimi, Utuq, Lahıc (İsmayıllıdakı Lahıcla qarışdırılmamalıdır), İdrisi, İsnov, Zərqava, Zeyvə, Pirəbədil, Dağ Bilici, Gəndov.
Göründüyü kimi, regionda sünnilər şiələrlə müqayisədə çoxluq təşkil edir. Xüsusən də 3 dairə ərazisində (Rustov, Gömürdəhnə və Qonaqkənd) sünnilər mütləq əksəriyyət təşkil edir. Şiə tatlar isə Dəvəçi nahiyəsində çoxluqda idi. Ümumiyyətlə Quba-Şabran bölgəsindəki etnik bölgü dini bölgü ilə üst-üstə düşmür. Burada sünni (Zöhramı, Yerfi, Aydınkənd, Pirəmsən) və şiə (Şahnəzərli) türk kəndləri də mövcuddur. Tatların yaşadığı ən böyük şiə kəndi Yuxarı Quşçu kəndidir (hazırda bu kənd Dağ Quşçu adlanır və Siyəzən rayonundadır). Regionun bəzi kəndlərində isə etnik bölgü sinfi olaraq təşkil olunmuşdu. Məsələn, regionun əsas xalçaçılıq mərkəzlərindən olan Pirəbədil kəndində (bu kənd Azərbaycan Xalq Komissarları Şurasının sədri Qəzənfər Musabəyovun kəndi olub) bəylər türklər, rəiyyət isə tatlar idi. Quba-Şabran bölgəsində yaşayan tatların əksəriyyəti öz yaşadıqları əraziyə nə zaman gəldikləri barədə məlumata sahib deyil. Bu regionda Abşeronda olduğu kimi İranla tarixi sıx bağ yoxdur. Yalnız Rustovda əhali kəndin İranın mifik qəhrəmanı olan Zal oğlu Rüstəmdən qaldığını iddia edirdi. Maraqlıdır ki, kənddə danışılan tat ləhcəsi İranda başa düşülür. Bundan başqa regionda yaşayan tatların Dağlıq Şirvan tatları və Abşeron tatları ilə münasibəti də fərqlidir. Quba xanlığı dövründə siyasi təzyiqlər nəticəsində Qubanın Lahıc, Nöydün və Tülər kəndlərindəki tatların bir qismi Dağlıq Şirvana köç etdi. Bu kimi miqrasiyalar və region arasındakı əlaqə danışıq dilinə də öz təsirini göstərib. Məsələn, Rustov dairəsində yaşayan tatlar Şabran, Gömürdəhnə və Qonaqkənd ləhcəsi arasında bəzi fərqli sözlərin olmasına baxmayaraq, Xızı və Bakı tatları kimi bir-birilərini yaxşı başa düşürlər. Bundan başqa Quba-Şabran tatları Lahıc və Kilvar kəndi tatları ilə də ünsiyyət qura bilirlər, bununla belə dağ yəhudilərini başa düşmürlər (Miller, 1929:6-7).
Dağlıq Şirvan tatları
Dağlıq Şirvan tatları Ağsu, İsmayıllı, Şamaxı rayonunda yaşayırlar. Bu ərazilər Çar Rusiyası zamanı Şamaxı və Göyçay uyezdinə ayrılmışdı. Regionda yaşayan tatların sayı ilə bağlı ilk dəqiq məlumatı Sovet hakimiyyəti qurulduqdan sonra əldə etmək mümkün olmuşdur. Şamaxı İcraiyyə Komitəsinin məlumatına görə, 8 dairədən ibarət olan regionun 4-ündə ümumiyyətlə tat əhali yoxdur. Digər 4 dairədə isə 14 tat kəndi mövcuddur və onların ümumi sayı 11.820 nəfərə çatır. Beləliklə, tatlar 1920-ci illərdə region əhalisinin təxminən 12%-ni təşkil edirdi. 1926-cı il siyahıyaalma məlumatlarında da regionda 14 tat dilində danışılan kənd qeyd olunur. Bu statistika aparıldıqda regionda olan bir çox tatdilli kənd artıq türkləşmişdi. Bunlara misal olaraq (Namazgah (İsmayıllı), Avaxıl (Şamaxı), Kürdüvan (İsmayıllı), Zərqava (İsmayıllı) kəndlərini göstərmək olar. Son dövrə qədər türkləşən kəndləri də nəzərə alsaq Çar Rusiyası zamanı regionda Lahıc da daxil olmaqla 32 tat kəndi mövcud idi. Bu kəndlərin siyahısı belədir: Lahıc (İsmayıllı), Ülgüc (Ağsu), Zarat (İsmayıllı), Dəmirçi (Şamaxı ), Zarat Xeybəri (Şamaxı), 2 ədəd Zarat kəndi (İsmayıllı və Şamaxı), Dəribabu, Həftəsov (İsmayıllı), Ximran (İsmayıllı), Əhən (İsmayıllı), Buynuz (İsmayıllı), Keyvəndi (İsmayıllı), Qərçə (İsmayıllı), Vaşa (İsmayıllı), Mücü (İsmayıllı), Dahar (İsmayıllı), Zəngi (İsmayıllı), Mücü Həftəran (İsmayıllı), Namazgah (İsmayıllı), Kənəə (İsmayıllı), Müşkəmir (İsmayıllı), Duvaryan (İsmayıllı), Pirəqanım (İsmayıllı), Məlhəm (Şamaxı), Qonaqkənd (Şamaxı), Mədrəsə (Şamaxı), Çandahar (İsmayıllı), Bığır (İsmayıllı), Valasin (İsmayıllı), Qoydan (İsmayıllı).
Fituniyə görə, bu siyahıya İsmayıllının Nanıc və Gəndov kəndini də əlavə etmək lazımdır. Bundan başqa Bığır adında (Bığır və Yuxarı Bığır) və Cülyan adında (Cülyan və Yuxarı Cülyan) kəndlərini də siyahıya əlavə etsək İsmayıllı ərazisinin təxminən yarısından çoxunun tatlar olduğu qənaətinə gələ bilərik. Təkcə hər iki Bığır kəndində 20-ci əsrin əvvəllərində 2000-dən çox tat yaşayırdı. Dağlıq Şirvanda (Şamaxı, Ağsu və İsmayıllı rayonlarında) yerləşən bir sıra tat kəndlərinin sakinləri uzun müddət əvvəl tat dilini itirsələr də, kəndlərin adı tat dilində izah olunur. Məsələn: Sərdahar (İsmayıllı rayonu), Köhnədahar, Həftosiyob, Duvaryan, Xanəgah, Varna, Namazgah, Kövlüc, Bico (Ağsu rayonu), Gülüstan (Şamaxı rayonu), Mərəzə (Qobustan) (Qeybullayev, 1986:98). İsmayıllının Qərsələ kəndi 1900-cü illərdə tat dilində danışsa da 20 il sonra türkcə danışdığı üçün Sovet siyahıyaalınmasında türk kəndi kimi göstərilib. Beləliklə, türkləşmə Abşeronla müqayisədə sürətli olmasa da Dağlıq Şirvan bölgəsində də baş verirdi.
Dağlıq Şirvan tatları barədə danışdıqda xüsusi əhəmiyyət kəsb edən Lahıc kəndini unutmamalıyıq. Bu kənd Çar Rusiyası dövründə də regionun ən böyük kəndi idi. 1886-cı il Qafqaz qubernatorluğu kameral siyahısına əsasən, Lahıcda 702 təsərrüfatla birlikdə ümumi 6915 nəfər yaşayırdı. 1886-1920-ci illər arasında Lahıcın əhalisi müharibə və digər iqtisadi səbəblərdən azalaraq 5000 nəfərə qədər düşdü. Bununla birlikdə, Lahıc Sovet dövründə də misgərlik sənətini saxlayaraq bugünə qədər bu mədəniyyətini qorumağı bacardı. 20-ci illərdən sonra sənayeləşmə səbəbindən Lahıcdan Bakıya axın başladı. Təkcə 1929-cu ildə Bakıda 1000-dən çox lahıclı yaşayırdı. Lahıcdan Bakıya köçənlərin bir qismi isə Bülbülə kəndində məskunlaşmışdı. Dağlıq Şirvan bölgəsində Lahıcdan sonra ən böyük tat kəndi isə Mədrəsə olub. Bu kəndin digər tat kəndlərindən fərqi isə xristian olmasıdır. Bu barədə aşağıda məlumat veriləcək.
Lahıcın yuxarıda da bildirildiyi kimi İranın Lahican ərazisindən köçən tatlar tərəfindən əsası qoyulub. Əhalinin şiə olması da bununla əlaqələndirilir. Lahican şəhəri İranda Şah İsmayıla qədər az sayıda şiə olan regionlardan biri idi. Lahıc tatları hazırda məşğul olduqları əsas sahə olan mis sənətkarlıqlarını köçdükləri zaman özləri ilə bura gətirməmişdi. Lahıc tatları bu sənəti Həmədan şəhərinin sakinlərindən öyrənmişdilər. Bundan başqa Lahıc əhalisinin İranla bağını göstərən məqam mifik İran hökmdarı Keyxosrova inamla bağlı xalq adət ənənələridir. Lahıclılar öz dillərini tat dili adlandırır və tat dialektləri arasında Lahıc dilinin ən düzgün danışıq dili olduğunu hesab edirlər. Lahıclılar Azərbaycanda yaşayan digər tatlardan fərqi öz dillərinə və mədəniyyətinə ögey münasibət göstərmirlər. Bu dil hazırda da Lahıcda geniş şəkildə istifadə olunur. 20-ci əsrin əvvəllərində Lahıcda türk dilini bilməyən çox sayıda insan var idi. Xüsusən qadınlar və uşaqlar Sovet hökuməti qurulduğu ərəfədə türk dilində danışa bilmirdilər (Miller, 1929:8). Bununla belə, 20-ci əsrin əvvəlində Lahıcda fars dili də ədəbi dil kimi əvvəllər olduğu kimi işlənmirdi. Lahıc dili ətraf ərazidə yaşayan tatlar tərəfindən yaxşı başa düşülür. Yalnız Məlhəm kəndindəki tatlar sözləri uzatdığına görə lahıclılar onları nisbətən çətin anlayır.
Məlhəm kəndi ləhcəsindən başqa məşhur şair Xaqani Şirvaninin vətəni kimi tanınır. Kənddə hələ Çar Rusiyası zamanında Xaqani Şirvaninin bu ərazidən olması barədə əfsanə dolaşırdı. Bu həqiqət olsa məşhur şairin də tat olduğu ortaya çıxa bilər. Regionun 20-ci əsrin əvvəllərində Lahıcdan sonra ən böyük kəndi olan Mədrəsə kəndindəki tat dialektini lahıclılar başa düşmürdü və ona “fars dili” deyirdi. Lahıclılılar Abşeron ləhcələrini (məsələn, Balaxanı) isə yaxşı başa düşsələr də Quba və Xızı ləhcələrini çətin anlayırlar. Lahıclılar inanır ki, bütün digər tat qrupları (abşeronlular, qubalılar, xızılılar və hətta Quba yəhudiləri) onları yaxşı başa düşür. Bu səbəbdən tat dilinin ədəbi dili kimi bu dili görürlər. Regionun dini xüsusiyyətlərinə baxsaq burada həm şiə, həm sünni, həm xristian, həm də yəhudi tatların yaşadığını görürük. Yəhudi tatlar Mücü və Mücü Həftəran, xristian tatlar isə Mədrəsə kəndində yaşayırdı. Regionda yaşayan tatların çox hissəsi şiə olsa da, sünni tat kəndləri də mövcuddur (Məlhəm, Ximran və s.) (Miller, 1929:9).
Digər regionlarda yaşayan tatlar
Azərbaycan tatları yuxarıda göstərilən ərazilərdən başqa keçmişdə Azərbaycanın Gəncə və Cavad qəzalarında da məskunlamışdılar. “Qafqaz təqvimi”nin 1856-cı il məlumatına görə Cavad qəzasının 12 kəndində də müsəlman tatların yaşaması bilinirdi. 1926-cı ilin siyahıyaalma materiallarına görə Gəncə qəzasında 2077 nəfər yaşayırdı. Bu tatlar sonrakı siyahıyaalmalar zamanı mənşələrini bir növ gizlədərək, özlərini Azərbaycan türklərinin adlandırıldığı “tatarlar” kimi qələmə vermişlər. Kür boyunca yaşayan bu tatların Sovet dövründə müəyyənləşməsi mümkün olmamışdır. Bu ərazidə yaşayan tatlar XVIII əsrdə Şirvandan köçmüşdü. Bu fakt rus dilçi Fituninin 1917-ci il məlumatına əsaslanır. Fituni isə Şirvan və Salyan qəzaları qovşağında İrandan köçmüş 15 tat məskəninin olmasını xatırladır. Bu kəndlərin Qırxçıraqdan başlayıb, Kür boyunca Zərdab və Əlvəndə qədər uzandığı qeyd olunur. Bu tatlar əkinçilik, maldarlıq və balıq ovu ilə məşğul olurdu (Miller, 1929:9).
Dağ yəhudiləri (Yəhudi tatları)
Qafqaz tatları və yaxud dağ yəhudiləri Azərbaycanda və Dağıstanın bəzi yerlərində yaşayan kiçik xalqdır. Yəhudi tatlar vaxtilə yığcam şəkildə Quba rayonunun Qırmızı Qəsəbə adlanan yaşayış məntəqəsində, İsmayıllı rayonunun Mücü və Mücü Həftəran kəndində, Vartaşen (indiki Oğuz) şəhərində yaşayıblar. Hazırda isə tat yəhudiləri əsasən Qırmızı Qəsəbədə, çox az sayıda isə Qusar, Xaçmaz, Şamaxı, Oğuz və başqa rayonlarda yaşamaqdadırlar (Əliyev, 2006:19).
Dağ yəhudilərinin adı linqvistik olaraq tat kimi identifikasiya edilsə də, onlar özlərini “chuur” və ya “chiur” (qonşular arasında cühud) adlandırırlar. Cühud ifadəsi ümumiyyətlə müsəlman Şərqində yəhudilərin təyin edilməsi üçün istifadə olunur və “yəhudi” ifadəsinin təhrif edilmiş bir halıdır. “Cuhuur” etnonimində “r” hərfinin meydana çıxması, Xəzər bölgəsindəki bütün İran dilləri, o cümlədən yəhudilərin istifadə etdiyi fars dilinin ləhcəsi üçün rotasizm xüsusiyyətinin bir nəticəsidir (Semenov, 1992:3). Dağ yəhudilərininin dili tat dilinin xüsusi bir ləhcəsidir. Bu dil tədqiqatçılar tərəfindən müstəqil bir dil kimi deyil, tat dilinin xüsusi bir jarqonu kimi qəbul edilir. Sadəcə dağ yəhudilərinin dilində müsəlman tatlarla müqayisədə ibrani mənşəli sözlər çoxdur və bu səbəbdən danışıq zamanı bu, bəzi çətinliklər törədir.
19-cu əsrin əvvəllərində dağ yəhudilərinin məskunlaşma ərazisi, cənubdakı Quba şəhərindən şimalda Xasavyurtadək Xəzər dənizinə baxan dağ və dağətəyi bölgələri əhatə edirdi. Dağ yəhudilərinin kiçik bir qrupu da Şamaxı şəhərində və onun ətraf kəndlərində yaşayırdı. Coğrafi baxımdan dağ yəhudiləri dörd əsas qrupa bölünə bilər: Şirvan və Quba (hər ikisi Azərbaycanda), Cənubi Dağıstan və Qaytaq (hər ikisi Dağıstanda).
1) Şirvan qrupu – keçmiş Şamaxı xanlığının yaşayış məntəqələrində yaşayan dağ yəhudilərini əhatə edir. Bu qrupu əhatə edən dağ yəhudiləri artıq yox olublar.
2) Quba qrupu – keçmiş Quba xanlığı ərazisində yaşayan dağ yəhudilərini əhatə edir. Bu qrupa daxil olan dağ yəhudiləri hələ də Qubada yaşayır.
3) Cənubi Dağıstan qrupu – əsasən keçmiş Dərbənd xanlığının kəndlərində yaşayan dağ yəhudilərini əhatə edir: Abasava, Calğan, Mitəhi, Bilgədi, Ximeydi, Muğri, Rukel, Rubas, Nüğdi və s (qeyd edim ki, bu kəndlərin demək olar ki, hamısı hazırda türkləşiblər).
4) Qaytaq qrupu – keçmiş Qaytaq usmisi ərazisində yaşayan dağ yəhudilərini əhatə edir. Bu yəhudilər adətən Məcəlis kəndində yaşayırdı. Şirvan yəhudiləri kimi bu yəhudilər də hazırda mövcud deyil (Semenov, 1992:8-9).
Yəhudilərin ən çox yaşadığı şəhərlər Quba (6280 nəfər) və Dərbənd (1670 nəfər) idi. Lakin Sovet hakimiyyəti qurulması ərəfəsində müharibələr və iqtisadi vəziyyətin pisləşməsi 1920-ci illərdə çox sayıda yəhudinin (3500 nəfər) Qubadan Bakıya köçməsi ilə nəticələndi. İsmayıllı rayonundakı Mücü və Mücü Həftəran kəndlərinin yəhudi sakinləri məhz bu müharibələr səbəbi ilə Azərbaycanı tərk etdi və çoxu Krıma yerləşdi, beləcə kəndlər tamamilə boşaldı. Bu kəndlər Qusar, Mozdok, Gilan və Qaytaq vilayətlərindən gələn yəhudilər tərəfindən qurulmuşdu. Yəhudi tatların yaşadığı ən böyük kəndlərdən biri də Vartaşen idi (İndiki Oğuz). 1920-ci illərdə Vartaşendə 232 evdə 1000 nəfərə yaxın yəhudi tatı yaşayırdı. 1926-cı il siyahıyaalmasına görə, Azərbaycanda 10270 dağ yəhudisi yaşayırdı ki, bu da SSRİ-də yaşayan ümumi dağ yəhudilərinin 40%-ni təşkil edirdi.
1920-ci illərdə dağ yəhudilərinin Bakıya köçü başlasa da xüsusən də mədəni sahədə çalışan yəhudi tatlar Dərbəndə üz tuturdu. Bu səbəblə Dərbənd tatları savad baxımından nəinki Qubanı, eyni zamanda Bakını da geri qoyurdu. Buna görə də tatların ilk qəzeti (Zəhmətkeş) də burda çap edilmişdi. Bununla belə yəhudi tatların ilk dərs vəsaiti 1921-ci ildə Bakıda hazırlandı. Bundan başqa ilk dəfə olaraq Azərbaycanda – Qubada türk-yəhudi, rus-yəhudi, Vartaşendə rus-yəhudi məktəbi açılmışdı. Yəhudi tatların digər tatlardan fərqi öz dilində əlifbası olmasında idi. Bu səbəbdən linqvistik olaraq tatlarla eyni xalq olsalar da psixoloji və mədəni olaraq özlərini tat hesab etmirdilər. Yəhudi tatların dili 2 dialektə ayrılır: şimal (Şimaliq Qafqaz) və cənub (Quba-Dərbənd). Mücü, Mücü-Həftəran və Vartaşen kəndlərinin ləhcəsi də Quba yəhudiləri ilə eyni idi. Bu dövrdə demək olar ki, bütün yəhudi tatları türk dilini yaxşı bilirdi. Vartaşendə yaşayan tatlar isə öz dili və türk dili ilə yanaşı, erməni və udincə də danışa bilirdi.
Azərbaycanda dağ yəhudilərinin kompakt formada yaşadığı yeganə ərazi Quba rayonunda yerləşən Qırmızı Qəsəbədir. Bu kəndin əsasının 1731-ci ildə qoyulduğu güman edilir. Bu dövrdə siyasi təzyiq səbəbindən indiki əraziyə (Kulqat) köçən dağ yəhudiləri buraya kompakt formada yerləşir. Kəndin ilkin adı olan Kulqat indi də Qırmızı Qəsəbəni təşkil edən kvartallardan birinin adını daşıyır. Ərazi 7 məhəllədən ibarətdir: Kulqat, Qusar, Qarçoq, Giləki, Ağacani, Çapkəni və Mizrahi. Bütün bu kvartallar əslində bu əraziyə köçən yəhudi tatların gəldiyi ərazini və soyunu göstərir. Qəsəbədə ən qədim kvartal Kulqatdır. Kulqat yəhudiləri özlərinin dediklərinə görə onlara qarşı siyasi təzyiq edən Kulqat xanının təzyiqi ilə bu əraziyə köçüblər. Qusar kvartalında yaşayan yəhudilər bura 1779-cu ildə Qusardan, Qarçoq kvartalında yaşayan yəhudilər bura Dərbənddən, Giləki kvartalında yaşayanlar Gilandan, Ağacani kvartalında yaşayanlar İranın Saqqız ərazisindən, Çapkəni kvartalında yaşayanlar Dağıstanın Axtı vilayətindən, Mizrahi kvartalında yaşayanlar isə Qubanın yaxınlığından bu əraziyə gəlmişdi (Miller, 1929:16).
Erməni tatları (xristian tatlar)
Tatların dini mənsubiyyətindən danışarkən qeyd etmək lazımdır ki, bu xalqın islamı qəbul etməsi orta əsrlərdən etibarən başlamışdır. Keçmişdə tatlar bu bölgənin əksər xalqları kimi xristian idi. Xristian tatların demək olar ki, hamısı Erməni Qriqoryan kilsəsinə mənsub idi. Bu, regionda olan çoxlu sayıda erməni qəbiristanlığının olması ilə izah edilir. Bundan başqa hələ Çar Rusiyası dövründə bəzi müsəlman tatlar özlərinin vaxtilə Erməni Qriqoryan kilsəsinə mənsub olduğunu qəbul edirdi. Rus linqvist Fituniyə görə, Göyçay uyezdində yaşayan müsəlman tatlar özlərini keçmiş ermənilər hesab edirdi. Fituni bu kəndlərdən nümunə kimi Həftosiyob (indiki Həftəsov) kəndini nümunə çəkirdi (Miller, 1929:11). 20-ci əsrin 20-cillərində Həftosiyob kəndinin sakinləri islamı Şirvanşahlar dövründə, konkret desək 14-15-ci əsrlərdə qəbul etdiklərini bildirirdi. Dağlıq Şirvandan başqa Quba mahalında da keçmiş erməni xristianlığının izləri çoxdur. Bu kəndlərin demək olar ki, hər birində erməni qəbiristanlıqlarının qalıqları görünür. Azərbaycan tatlarının xristian keçmişinə dair ən böyük dəlil Kilvar və Mədrəsə kəndinin varlığı olmuşdur. Bu kəndlərdən birincisi Quba şəhərindən 25 kilometr cənubda, ikincisi Şamaxı yaxınlığında yerləşir (Semenov, 1992:7). Bundan başqa 1918-ci ilə qədər Qubada Xaçmaz adında xristian tatlar yaşayan kənd mövcud idi. Bu kəndin yerləşdiyi yer haqqında rus linqvist Fituni belə məlumat verir: Bu kənd dağətəyi ərazidə Qubadan cənub-şərqə 8 saatlıq piyada yolluq ərazidə yerləşir. 1916-cı il məlumatlarına görə, Xaçmaz kəndinin tatları erməni dilini çox zəif bilirdilər. Bu kənd 1918-ci ildə regionda baş verən etnik qarşıdurmalar nəticəsində əhalisi ilə birlikdə məhv edildi.
Xristian tatların izlərini təkcə Şabran-Quba, Dağlıq Şirvan regionunda deyil, eyni zamanda Abşeron yarımadasında da görmək mümkündür. Məsələn, Abşeronda, Türkan və Qala kəndləri arasında Qaysidun adında erməni tat şəhəri mövcud idi. Bundan başqa Buzovnada bir erməni kilsəsinin xarabalıqları indi də qalır. Maraq doğuran başqa bir nümunə isə 20-ci əsrdə Balaxanı tatlarının Sabunçu ərazisinə Ərməndi (tat dilində “erməni kəndi” deməkdir) deməsidir. Çox güman ki, Şamaxının Mədrəsə kəndində yaşayan erməni tatları Sabunçudan bura köç etmişdi. Buna səbəb Balaxanıda danışılan tat ləhcəsi ilə Mədrəsə ləhcəsinin çox oxşar olmasıdır.
20-ci əsrin 20-ci illərində Xızı əhalisinin də islamı qəbul etmədən erməni inancına malik olduqları barədə rəvayət danışılırdı. Dağlıq Şirvanda Mədrəsə kəndi ilə yanaşı hazırda Ağsuda yerləşən Hinqar kəndində də erməni tatları yaşayırdı. Lakin bu kənd hələ Çar Rusiyası dövründə türkləşmişdi. Bundan başqa Zarat Baba dərəsi (Şamaxı) kəndində tərk edilmiş xristian qəbiristanlığının olmasının erməni tatları ilə əlaqəli olduğu düşünülür. Bundan əlavə, Şamaxının yaxınlığında bir neçə ermənidilli kənd (Kərkəng, Dərə Kərkəng, Kələxana, Meysəri, Saqiyan) mövcud idi. Bu kəndlərin isə tatlarla əlaqəsi olmadığı və sırf etnik erməni kəndləri olduğu hesab edilir (Miller, 1929:11).
Eyni mənzərəni Şabran-Quba regionunda görmək mümkündür. Sovet dövründə Qubanın Baş Talabı kəndində erməni kilsəsi mövcud idi. Həm Yuxarı Talabı, həm də Aşağı Talabı kəndinin erməni tatları tərəfindən əsası qoyulmuşdu. Bu kəndlərin sakinləri 1796-cı ildə Şimali Qafqaza geri çəkilən rus qoşunları ilə birlikdə kəndi tərk etmişdilər. Kənddə qalan az sayıda tat isə islamı qəbul etdi. Sovet dövründə Kilvar kəndinin xristian tatları hələ də Talabı kəndinin sakinləri ilə qohum olduğunu bildirirdi. İslamı qəbul edən xristian tat kəndlərindən biri də hazırda Qubada yerləşən Zərqava kəndidir. Bu kəndin sakinləri Sovet dövründə vaxtilə xristian olduqlarını qəbul edirdilər. Keçmiş erməni tatlarından biri də Şabranda yerləşən Zeyvə kəndi olub. Bu kənddə hələ də yerli əhalinin Pirənazar dediyi (tarixi adı isə Pir Qəzər) olan erməni-tat müqəddəsin piri var. Lakin Zeyvəlilər Talabı və Zərqava kəndləri ilə müqayisədə atalarının xristian olduğunu qəbul etmirlər.
Erməni tatların yaşadığı bir digər ərazi isə Xaçmaz idi. Xaçmazın Qaracəlli kəndində hələ Sovet dövründən indiki Budyonnovsk şəhərinə köçüb gedən tat ailələri var idi. Qaracalılar 1920-ci illərdə artıq tat dilini itirib türkləşdilər.
Kilvar kəndi
Kilvar kəndi Şabran rayonunda yerləşən erməni-tat kəndi idi. XIX əsrin sonunda aparılan statistik araşdırmalara görə, Kilvar kəndində 483 nəfər xristian tat yaşayırdı. 1897-ci il Çar Rusiyası siyahıyaalınmasında isə bu rəqəm 591 nəfərə yüksəlmişdi (Əliyev, 2006:22). Bu kənddə Sovet hakimiyyəti qurulduğu dönəmdə 140 ailə yaşayırdı. Kəndin əhalisinin böyük əksəriyyəti tat olsa da bura müxtəlif ərazilərindən gələn 32 erməni ailəsi də yerləşmişdi. Bu 32 ailə Şamaxının Kərkənc, Kələxana və Mədrəsə, İrəvan və Qarabağdan gələn ermənilərin nəsilləri idi. Kəndə digər bölgələrdən gələn ermənilər kənddə əsas danışılan dil tat dili olduğu üçün tezliklə bu dili öyrəndi. Bununla belə kənddə qadınların azlığı səbəbi ilə kilvarlılar 30-cu illərdən etibarən dini əlaqəyə görə digər regionlardan olan ermənilərlə evlənməyə başladı. Bununla belə kəndin əsas dili kimi tat dili qaldı. Kilvarlılar təkcə evdə yox, eyni zamanda bayırda da bir-biriləri ilə tat dilində ünsiyyət qururdu. Buna baxmayaraq əhalinin 90 faizi eyni zamanda erməni dilini də bilirdi və bu dildə yalnız bura qonaq gələn ermənilərlə danışırdı. Kənddə Sovet dövründə rus və erməni bölmələri olan məktəb mövcud idi. Kəndin keşişi isə adətən etnik erməni olurdu. 1912-ci ildə tat dilini bilməyən bir erməni keşiş kənd sakinlərinə daha anlaşıqlı olduğu üçün xütbələrini türk dilində çatdırmışdı. Kilvarlıların danışdığı tat ləhcəsi ilə Mədrəsə kəndinin tat ləhcəsi bir-birinə çox oxşayır. Həm kilvarlılar, həm də Mədrəsə kəndi tatları öz danışdıqları dilin ən “saf” olduğuna inanırlar. Bu kəndlərin ləhcəsində digər müsəlman tat kəndlərində olduğu kimi türk sözləri yox idi. Bununla belə kilvarlılar tat dilindən sonra ən çox Azərbaycan dilini işlədirdilər (Miller, 1929:12-13).
Mədrəsə kəndi
Mədrəsə kəndi Şamaxı rayonunda yerləşən tat kəndi idi. Bu kənd həm Çar Rusiyası, həm də Sovet dövründə ölkədəki ən böyük erməni-tat kəndi olmuşdur. XIX əsrin sonuna aid statistik materiallardan aydın olur ki, Mədrəsə kəndində 2774 nəfər əhali yaşamışdır. 1897-ci il siyahıyaalınmasından sonra Mədrəsədə əhalinin sayı 3494 nəfərə qədər yüksəlmişdi (Əliyev, 2006:22). Mədrəsə kəndində Kilvarla müqayisədə erməniləşmə daha güclü idi. Artıq 30-cu illərdə bu kənddə tat dili danışıq dili kimi az işlədilirdi və yalnız yaşlı adamlar arasında ünsiyyət vasitəsi kimi qalırdı. O dövrdə kənddə yaşayan bir tatın dediyinə görə, Mədrəsə əhalisi yalnız tat dilini bilməyən ermənilərin yanında olduqları zaman başa düşülməməsi üçün bu dili işlədirdi. 1926-cı il siyahıyaalınmasına görə Mədrəsə əhalisi öz dilini “farsca” göstərsə də milli mənsubiyyətlərini erməni olaraq göstərmişdi. Bu kənddə erməniləşmənin nə qədər güclü getdiyinin göstəricisi olmuşdur (Miller, 1929:13).
Tatlarla bağlı statistik materiallar
Tatların sayı haqqında ilk materiallar XIX əsrin ikinci yarısında nəşr olunmuşdur. Alman etnoqraf Nikolay Zeydlits 1859 və 1864-cü il materiallarına əsaslanaraq, 1870-ci ildə tatların sayını müəyyənləşdirməyə çalışmışdır. 1873-cü ildə kameral siyahılara görə tatların sayı Bakı quberniyasında 74040 nəfər, Yelizavetpol quberniyasında isə 3123 nəfər olmuşdur. Beləliklə, bu dövrdə Azərbaycanda yaşayan tatların ümumi sayı 77163 nəfərə çatırdı. 1884-85-ci illərdə aparılan tədqiqatlar nəticəsində Bakı quberniyasında 84126 nəfər, Yelizavetpol quberniyasında isə 4726 nəfər olmaqla cəmi 88852 nəfər tatın yaşadığı qeydə alınmışdı. 1892-1893-cü illərdə Zaqafqaziya əhalisi haqqında verilən məlumatlarda Bakı qəzasında 44 929, Quba qəzasında 58 621, Göyçay qəzasında 14 555, Yelizavetpol quberniyasın Zəngəzur qəzasında 1585, Qazax qəzasında 1384 nəfər, Dağıstan vilayətində 3609 nəfər tat qeydə alınmışdır ki, bu da ümumi götürüldükdə 124 683 nəfər təşkil edir.
1897-ci il siyahıyaalınmasından sonra təkcə Bakı quberniyasında 102913 nəfər müsəlman tatın yaşadığı qeydə alınmışdır. Yəhudi tatların sayı haqqında ilk məlumat İvan Çernıyın əsərlərində qeyd edilir. Çernıy Qafqazda 2780 dağ yəhudisi ailəsinin (ümumi sayı təqribən 13 900 nəfər) yaşadığını qeydə almışdı. Əslən dağ yəhudisi olan İlya Anisimov 1886-cı ildə apardığı müşahidələr nəticəsində dağ yəhudilərinin sayının 26 000 nəfər olduğunu göstərmiş və qeyd etmişdir ki, bunlardan 13 500 nəfəri Dağıstan vilayətində yaşayırlar (Əliyev, 2006:21).
Alman etnoqraf Boris Millerin 1928-ci ildə apardığı araşdırmaya görə, Azərbaycanda ümumi 100 min nəfərə qədər tat yaşayırdı. Halbuki 1901-ci ildə tatların sayı 135 min nəfər, 1897-ci il siyahıyaalınmasına görə isə 120 min nəfərə çatırdı. Bu, tatlar arasında, xüsusən də, 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində davam edən intensiv türkləşmənin nəticəsi idi. Tatların gündəlik həyatında Azərbaycan dili tədricən tat üçün doğma olan fars dilini əvəz etdi. Sovet dövründə bənzər bir proses Özbəkistanda da davam edirdi. Burada da özbək dili tədricən tacik dilini sıradan çıxartdı. Tatlar arasında bu proses o qədər güclü getdi ki, artıq 50-ci illərdə gənclərin praktiki olaraq əksəriyyəti tat dilini bilmirdi. 1926-cı ildə aparılan ilk Sovet siyahıyaalmasında tatların bir qismi özlərini türk (o zaman azərbaycanlıların adı idi) kimi göstərmişdi. Eyni şey, Dağıstanın Dərbənd rayonunda yerləşən tatlar arasında da baş verdi (Semenov, 1992:6).
Tatların sayı barədə sonrakı Ümumittifaq siyahıyaalınmalarında nisbətən bəsit məlumat vardır. 1926-cı ildə keçirilmiş Ümumittifaq sayımı nəticəsində Azərbaycan SSR ərazisində 61 578 nəfər müsəlman tat, 8469 nəfər isə dağ yəhudisi qeydə alınmışdır (Əliyev, 2006:22). Bu tatların 11 755 nəfəri fars dilini ana dili kimi göstərmişdi. Tatlar arasında bu qədər ani azalma həm təbii assimilyasiyanın, həm də dövlət siyasətinin nəticəsi idi. Xüsusən də 30-cu illərdən etibarən etnik azlıqların vahid bir azərbaycanlı olaraq birləşdirilməsi siyasəti ilə tatlar rəsmi siyahılardan çıxarılmış və “azərbaycanlı” adlandırılmışdı. Bu səbəblə 1937 və 1939-cu ildəki sıyahıyaalmada tatlar yoxdur. Bu haqq onlara yalnız 1959-cu ildə verilir. 1959-cu il siyahıyaalmasına görə isə Azərbaycanda 11 483 tat yaşayırdı (Tolstov, 1962:181). 1970-ci il siyahıyaalınmasında 17 109 nəfər olan tatların sayı 1989-cu ildə 30 669 nəfərə qalxmışdı (Masanov, 2001:531).
Tatların dil haqqı
Yuxarıda da qeyd edildiyi kimi müsəlman tatların Sovet hakimiyyəti qurulana qədər yazılı əlifbası yox idi, tatlar adətən yazı dili kimi ərəb qrafikalı türk dilindən istifadə edirdilər. Yəhudi tatlar ivrit əlifbasından, erməni tatlar isə erməni əlifbasından istifadə edirdi. 20-ci illərdə Sovetlərdə dillə bağlı müxtəlif formada siyasət tətbiq edilirdi. 1920-ci illərdə Qafqazdakı bütün xalqların dillərini latın əlifbasına çevirmək barədə kampaniya başladılır. Əlifbanın dəyişdirilməsinin tərəfdarlarının əsas məqsədi Qafqaz xalqlarını dini köklərindən qoparmaq istəyi idi. Müsəlmanlar arasında ərəb əvəzinə latın əlifbasının tətbiqi onları inqilabdan əvvəl formalaşmış feodal xüsusiyyətlərdən arındırmaq və dini təmayülü azaltmaq niyyəti daşıyırdı. Dağ yəhudilərinin ivrit əlifbasını latın əlifbası ilə əvəz etmək üçün oxşar tədbirlər görüldü. Bu kimi tədbirlər əslində yəhudi tatlarla müsəlman tatları birləşdirmək və onlarda vahid xalq ideologiyasi yaratmaq məqsədi daşıyırdı. Tat dilinin latınlaşdırılmasının ən böyük dəstəkçisi Səməd ağa Ağamalıoğlu idi (Aqarunov, 1995:123-127). Eyni münasibət xristian tatlara isə göstərilmədi, sayca az olduğu üçün bu siyasət onlara tətbiq edilmədi. Bunun nəticəsində ermənilər kimi identifikasiya edilən xristian tatlar bu xalqın içərisində əridi. 1925-ci ildə Azərbaycanda tədris, çap və inzibati fəaliyyətlə bağlı işlərin latın əlifbasına keçirilməsi ilə əlaqədar respublika orqanlarının rəsmi qərarı qəbul edildi. Bu yeniliklər yəhudi tat Sovet mədəniyyətinin nümayəndələri tərəfindən də dəstəkləndi. 1926-cı ilin mayında Nalçikdə keçirilən Şimali Qafqaz Konqresində qərara alındı: Dağ yəhudilərini Avropa mədəniyyətinə yaxınlaşdırmaq və ucuz dərsliklərin nəşri yolu ilə tat məktəblərinin daim öz dillərində tədris olunmasını təmin etmək, ivrit əlifbasını latın əlifbası ilə əvəz edilməsini faydalı və təxirəsalınmaz hesab etmək.
1927-ci il yanvarın 17-19-da Bakıda Elmlər Akademiyasının tat bölməsinin iclası keçirildi və bu iclasda ivrit əlifbasını latın əlifbası ilə əvəz etmək haqqında bir komissiyanın təyin edilməsi qərara alındı. Ancaq bu təklifə qarşı çıxanlar var idi. Tat dilinin latınlaşdırılmasına qarşı çıxanlar öz fikirlərini 1927-ci ilin sentyabrında Moskvada tat məsələsi ilə bağlı keçirilən konfransda səsləndirdi. Konfransın gündəliyində iki məsələ var idi. Əvvəlcə konfrans iştirakçıları tat dialektlərindən hansının ədəbi dil kimi tanınacağı barədə qərar verməli idilər. Konfransda iştirak edənlərin bir qismi Dərbənd ləhcəsini təklif etdi. Bu konfransda iştirak edən şəxslərdən biri də dilçi və filoloq Naftali Zvi Anisimov idi. Anisimov ədəbi dil kimi həm Dərbənd, həm də cənub ləhcələrinin (Quba və Bakı) istifadə edilməsi təklifini verdi. Lakin onun təklifi qəbul edilmədi və Dərbənd ləhcəsi tat ədəbi dili kimi təsdiq edildi.
Konfrans iştirakçılarının həll etməli olduğu ikinci sual tat yəhudilərinin yazısının latınlaşdırılması məsələsi idi. Əksər tat filoloqlar latınlaşmanın güclü tərəfdarı idilər, ancaq filoloq Naftali Anisimov ivrit əlifbasını qorumağın lazım olduğuna inanaraq buna qarşı çıxdı. Müzakirə nəticəsində ivrit hərfləri qorunub saxlanıldı. Bu qərar bir çox tat mədəniyyət xadimləri tərəfindən narazılıqla qarşılandı. 1928-ci ildə Bakıda tat əlifbasını müzakirə etmək üçün xüsusi “Yazı Şurası” quruldu. Bu şurada Quba, Vartaşen və Bakı tat icmasının nümayəndələri iştirak edirdi. Sonda qəbul edilmiş qərara görə ivrit şrifti qaldı, lakin hər səsin simvola uyğun olması üçün əlifbaya bir neçə simvol əlavə edildi. Əlifba, beləliklə, otuz hərfə qədər artdı. Eyni zamanda rəsmi protokola ivrit şriftinin müvəqqəti qaldığı və gələcəkdə latın qrafikası ilə əvəz ediləcəyi bildirildi. Bu məsələnin tezləşdirilməsi üçün Azərbaycan SSR hökuməti 1926-cı ildə “Əlifba Komitəsi” qurdu. Latınlaşma tərəfdarı olan yazıçı Zakoy Xudaynatov Qroznıda “Tat-yəhudi yazısının latınlaşdırılması üçün təşəbbüs komitəsi” təşkil etdi və onun sədri oldu. 25 aprel 1929-cu ildə Bakıda Şimali Qafqaz və Azərbaycan dağ yəhudilərinin xahişi ilə ivrit şriftinin latın ilə əvəz edilməsi müzakirə edildi. Bu görüşdə Bakı, Vartaşen, Quba, Dərbənd, Maxaçqala, Qroznı, Kızlyar, Nalçik və digər yerlərdən mədəniyyət xadimləri və müəllimlər iştirak edirdilər (Dimşits,1999:368).
Latınlaşdırma əleyhdarlarının başında Anisimov dururdu, lakin əksəriyyət ona qarşı çıxdı və latınlaşdırma ilə bağlı yekun qərar verildi. Görüş iştirakçılarına latın əlifbasının tat dili versiyası üçün iki variant təklif edildi. Bunlardan birincisi Xudaynatov, ikincisi isə professor Boris Miller və Yakov Birarov tərəfindən hazırlandı. Tat dilinin latınlaşması ilə bu dildə nəşrlərin sayı xeyli artdı.
5 sentyabr 1928-ci ildə Bakıda “Kommunist Gəncləri Günü” və həmin ilin 7 noyabrında “Oktyabr” adlı tat qəzeti nəşr edildi. Lakin hər iki qəzet cəmi 1 dəfə nəşr olunduqdan sonra yayımı dayandı. 1934-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəz komitəsi və Bakı Mərkəzi Komitəsinin orqanı olan tat dilində “Kommunist” adlı həftəlik bir qəzet nəşr edilməyə başladı. Qəzetin redaktorları Yakov Aqarunov və İsrail Davidov idi (Dimşits,1999:388).
Azərbaycan Elmlər Akademiyası tat dilinin öyrənilməsi üçün xüsusi bir komissiya yaratdı, çox sayda material toplandı. 10 000 sözdən ibarət tat ləhcələrinin lüğəti hazırlandı, ancaq nəşr olunmadı. Sovet dövründə tat dili ilə bağlı müzakirələrdə əsasən yəhudi tatların iştirakı təsadüfi deyildi. Sovet dövlətinin vahid tat xalqı yaratmaq istəyi müsəlman tatlar arasında istənilən dəstəyi görmədi.
Əslən dağ yəhudisi olan şair, tat əlifbasının yaradıcılarından biri Yakov Aqarunov bunu belə xatırlayır: “Məşhur azərbaycanlı dramaturq, müsəlman tat Cəfər Cabbarlı bütün əsas əsərlərini Azərbaycan dilində yazsa da tat dilində şeirlərin də müəllifi idi. Onunla tatca söhbət edərkən tat əlifbası məsələsində fikrini soruşdum. O isə gülümsəyərək “bu işə başlamağa ehtiyac yoxdur, çünki perspektivi yoxdur” demişdi (Aqarunov, 1995:131-132).
Digər məşhur tat şair Mikayıl Müşfiq də əsərlərinin çox böyük əksəriyyətini türk dilində yazmışdı. Buna baxmayaraq Mikayıl Müşfiq türkcə şeirlərində tat dilində sözlərdən geniş istifadə edib: “tana «sırğa», hənd «koma», xırsız «evsiz-eşiksiz», halə «bəylik yatağının üstünə salınan bəzəkli örtük» və s (Hüseynova, 2013:41).
1930-cu illərin ortalarından etibarən SSRİ-də milli azlıqları ruslaşdırma siyasəti başladı. Ruslaşdırma siyasətinin birinci xüsusiyyəti latınlaşmanın ləğvi və kiril qrafikasına keçid idi. Beləcə, Azərbaycanda 1 yanvar 1940-cı ildən latın qrafikasından kiril əlifbasına keçid haqqında xüsusi qanun qəbul edildi. Bu qanun latınlaşmadakı kimi çoxsaylı müzakirələr olmadan və tez tətbiq olundu. Kirilləşmə ilə bağlı elm adamları iştirak etsə də bu dəfə partiya orqanları hər şeyi öz üzərinə götürdü və bu hadisənin sırf siyasi qərar olduğu heç kəsdə şübhə yaratmadı. Bundan başqa 1930-cu illərdə Azərbaycanda etnik azlıqlara qarşı rəsmi olaraq sıxışdırma siyasəti başlanır. Bu sıxışdırma siyasəti konstitusiyada da öz əksini tapmışdı. 1927-ci ilin martında qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur: Azərbaycan Respublikası vətəndaşlarına məhkəmələrdə, dövlət idarələrində və ictimai həyatda ana dilindən sərbəst istifadə etmək hüququ təmin edilir. Milli azlıqlara məktəblərdə ana dilində dərs vermək hüququ təmin olunur (Dimşits,1999:370-371).
1937-ci il Azərbaycan konstitusiyasında ikinci bənd çıxarılır və yalnız “Azərbaycan Respublikası vətəndaşlarının məktəblərdə ana dilini öyrənmək hüququ vardır” ifadəsi saxlanılır. Dağıstanda isə işlər fərqli idi. 1927-ci ildən fərqli olaraq, 1937-ci il konstitusiyasında tat dili artıq respublikanın on rəsmi dilindən biri kimi qeyd edildi və 1970-ci ildə qəbul edilmiş konstitusiyada bu status qorunub saxlanıldı. Hazırda Dağıstanda 455 nəfər tat yaşasa da, ölkənin 13 rəsmi dilindən biri də tat dilidir. 1935-1937-ci illərdə 80 nömrəsi çap edilən tat dilində “Kommunist” qəzeti 1938-ci ilin əvvəlində yayımı dayandırıldı (Dimşits,1999:368). Beləcə 1938-ci ildən etibarən tat dilində qəzet, dərs vəsaiti, elmi kitabların nəşri dayandırıldı və bu siyasət SSRİ dağılana qədər dəyişməz qaldı.
1958-ci il ekspedisiyasına əsasən tat kəndləri
Sovet hakimiyyəti dövründə tatların təbii və qeyri-təbii formada assimilyasiyası 20-ci əsrin əvvəllərindəki etnik vəziyyətlə müqayisədə fərqli bir görüntü ortaya çıxardı. Bu səbəblə 1958-ci ildə Azərbaycanda tat yaşayan kəndlərə ekspedisiya təşkil edildi. Bu ekspedisiya nəticəsində bu dövrdə Azərbaycanda tat yaşayan kəndlər aşağıdakı kimi idi:
Xızı rayonu: Qəriblik kəndi (Şabran), Qızılqazma, Xarko (Şabran), Çuxurəzami (Şabran), Güləh (Şabran), Ərziküş (Siyəzən), Künövşə (Siyəzən), Köhnə Quşçu (Siyəzən), Nəsirli (Şabran), Mustafaxanlı (Şabran), Dağ Quşçu (Siyəzən), Əlməkolu (Siyəzən), Bahal (Siyəzən), Vərdah, Bəyəhmədyurd, Köynəqışlaq, Yarımca, Qərəh (Siyəzən), Giləzi, Dizəvər, Xızı, Xələc, Fındığan, Tıxlı, Təkəli, Ağdərə, Tüdar, Qasımkənd, Əmbizlər, Çarmamazor, Gimçi, Gilənəva.
Bundan əlavə, Ağırca, Qaraulxanə (indiki adı ilə Qaraulüstü, Quba), Güneyqışlaq, Qəriban, Xirək, Qarabulaq (Şorabad), Dəllər, Gərmiyan, Upa, Bilyasan, Çarqışlaq, Qululu kəndləri də 1950-ci illərə qədər tat idi.
Siyəzən rayonu: Sədan, Sağolcan, Zarat, Dərə Zarat.
Dəvəçi rayonu: Gəndov, Ləcəci, Kilvar (erməni-tat kəndi), Zeyvə, Düz Bilici Dağ Bilici, Qələgah, Nohurlar, Zağlı, Uqah, Çaraq, Kyünçal, Qırasəng, Pirəbədil.
Qonaqkənd rayonu: Xaltan (Quba), Utuq, Muçu, Rəngdar, Nütəh, Cimi, Xaşı, Atuc,Yekdar, Gömürdəhnə, Güləzi, Xırt, Kunxırt, Afurca, Fırıq, Puçuq, Axmaqlar, Zıxır.
Quba rayonu: Rustov, Qam-Qam, Püstəqasım, Bad, Xanəgah, Sirtəng, Talabı, Talabıqışlaq, Xaruşa, Dərə-Çiçi, Sırt Çiçi, Səbətlər, Şuduq, Növdün, Zərqava (Qrünberq, 1963:5).
1958-ci ilə olan məlumata görə Qonaqkənd, Afruca, Xızı, Rustov, Gəndov kimi kəndlərdə əhali tat dilindən daha çox Azərbaycan dilində danışırdı. Bu kəndlərdə tat dili ilə daha çox evdə ünsiyyət qurulurdu. Bu ekspedisiyada xüsusən gənclərin tat dilini bilmədiyi ya da çox zəif bildiyi müşahidə edilmişdi. 1958-ci ildə Afruca kəndinin əhalisinin təxminən yarısı gündəlik həyatda Azərbaycan dilindən daha çox istifadə edirdi, kəndin küçələrində aparılan müşahidə onu göstərdi ki, tat dilini bilənlər də ictimai həyatda Azərbaycan dilində danışmağa daha çox üstünlük verir. Aparılan ekspedisiyada Dəvəçinin Pirəbədil kəndinin artıq Azərbaycan dilində danışdığı müşahidə edilmişdir. Bu kənddə sadəcə yaşlı adamlar bu dili bilirdi. Eyni vəziyyət Qonaqkənd rayonunun mərkəzi Qonaqkənddə də müşahidə olunmuşdur. Burda da tat dili ancaq yaşlı insanlar arasında ünsiyyət vasitəsi kimi qalmışdı (Qrünberq, 1963:6).
Tat dilində toponimlər və mənaları
Tatların tarixi olaraq yaşadığı bir çox bölgələrdə yaşayış məskənlərinin adı tat (fars) dilində izah edilir. Bu toponimləri aşağıdakı formada qruplaşdırmaq mümkündür.
Şabran
Gəndov kəndi – yerli əhali arasında Gəndob kimi tələffüz edilir. Hidronim tat dilindəki gənd (pis iyli, pis qoxulu) və ov/ab (su) sözlərindən düzəlib, “pis iyli su” deməkdir (Əliyeva, 2007: 282, c.1). Qeyd edim ki, eyni adlı kənd İsmayıllı rayonunda da mövcuddur.
Uqah kəndi – yerli əhali Ogah kimi tələffüz edir. Oykonim tat dilindəki o (su) və gah (yer, məkan) sözlərindən düzəlib, “suyu bol olan yer” mənasını verir (Əliyeva, 2007: 253, c.2).
Ləcədi kəndi – kəndin adı tat dilində cəcə (uçurum) və di (kənd) sözlərindən düzəlib, “dərə kəndi” anlamını verir (Əliyeva, 2007: 83, c.2).
Qələgah kəndi – yerli dildə Qalagə adlandırılır. Tat dilində “qala yeri, qala olan yer” mənasını verir (Əliyeva, 2007: 11, c.2).
Leyti kəndi – kəndin adı tat dilində ley (düzənlik) və di (kənd) sözlərindən düzəlib, “düzənlikdə yerləşən kənd” anlamını verir (Əliyeva, 2007: 83, c.2).
Hişkədərə – oykonim tat dilindəki xişk/xişg (quru), -ə (bitişdirici sait) və dərə (çay dərəsi) komponentlərindən düzəlib, “quru dərə” mənasındadır (Əliyeva, 2007: 327, c.1).
Quba
Afurca kəndi – tat mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünün qismən təhrif olunmuş formasıdır. Toponim a (ab) “su”, fur/for “aşağı” və ca (castən) “sıçramaq” sözlərindən düzəlib, “su aşağı sıçrayan (tökülən) yer, şəlalə” deməkdir (Əliyeva, 2007: 14, c.1).
Aspərəsti kəndi – kənd əhalisi Asparəsti deyir. Oykonim tat dilindəki əs (at) və parusta (uçmuş, düşmüş) sözlərindən düzəlib, “atın uçduğu, düşdüyü yer” mənasındadır (Əliyeva, 2007: 68, c.1).
Bərqov kəndi – yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim “suyun bəndə salındığı yer və ya bəndə salınmış çay” mənasını verir (Əliyeva, 2007: 128, c.1).
Birinci Nügədi kəndi – Nügədi (tat dilində “yeni kənd, təzə kənd”) anlamını verir (Əliyeva, 2007: 140, c.1).
Çarxaçı kəndi – kənd adını Gilgilçayın sağ qolu olan Çarxaçu çayından alıb. Hidronim tat dilində carx (su üzərində qurulmuş dəzgah) və cu (tat dilində “ağac”) sözlərindən düzəlib “üzərində ağacişləmə dəzgahı qurulmuş çay” mənasındadır (Əliyeva, 2007: 185, c.1).
Çiçi kəndi – adını ərazidəki eyniadlı çaydan almışdır. Toponim tat dilindəki çu (ağac) və Azərbaycan dilindəki -çi (peşə-sənət bildirən şəkilçi) komponentlərindən düzəlib, “odunçu, ağac məmulatı hazırlayan” mənasındadır (Əliyeva, 2007: 194, c.1).
Dalaqo kəndi – oykonim dala (Azərb. dilindəki “tala” sözünün tat dilində tələffüz forması) komponentindən və məkan bildirən qo şəkilçisindən düzəlib, “talalıq, tala yeri” mənasındadır (Əliyeva, 2007: 208, c.1).
Digah kəndi – oykonim tat dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, “kənd, kənd yeri” mənasındadır. Qeyd edim ki, eyni adlı kənd Lənkəranda və Abşeronda da mövcuddur (Əliyeva, 2007: 233, c.1).
Güləzi kəndi – kəndin adı tat dilində gül (gil) və zi (“yer”, “sahil”, “kənar”) sözlərindən düzəlib (-ə birləşdirici saitdir), “gilli yer” mənasındadır (Əliyeva, 2007: 302, c.1). Xızı rayonundakı Giləzi kəndi də eyni anlamı daşıyır.
Gürdəh kəndi – oykonim Girdəxarı adının təhrif olunmuş formasıdır. Kəndin adı tat dilində girdə (yumru, dairəvi) və xari (yer, torpaq, sahə) sözlərindən düzəlib, “yumru yer” deməkdir (Əliyeva, 2007: 307-308, c.1).
Xaruşa kəndi – oykonim tat dilindəki xar (düzən yer, güneyin ətəyi) və üşə (meşə) sözlərindən düzəlib, “düzənlikdə meşə” və ya “meşənin düzən yeri” mənalarındadır. Kənd üç tərəfdən meşə ilə əhatə olunmuşdur (Əliyeva, 2007: 342, c.1).
Kələbağ kəndi – oykonim tat dilində kələ (“böyük”) və bağ sözlərindən düzəlib, “böyük bağ, iri bağ” deməkdir (Əliyeva, 2007: 389, c.1).
Kələnov kəndi – oykonim kələ (tat dilində “kələ”,”kələhə” sözündən olmaqla, “böyük”, “əsas”,”çox”) və nov (“su mənbəyi,su olan yer”,”nohur”,”gölməçə”) sözlərindən düzəlib, “böyük nohur, böyük gölməçə, çox su yığılan yer” mənasındadır (Əliyeva, 2007: 389, c.1).
Kunxırt kəndi – oykonim tat dilindəki kun (aşağısı, ətəyi) və Xırt (kənd adı) komponentlərindən düzəlib, “Xırt kəndinin aşağısı, ətəyi” mənasındadır (Əliyeva, 2007: 416, c.1).
Qam-qam kəndi – oykonimi tat dilində qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarətdir və “kiçik çay dərəsində məskən” kimi izah edilir (Əliyeva, 2007: 14, c.2).
Qəçreş kəndi – kəndin adı fars dilindəki kaç (fıstıq) və ras (tala, dağ ətəyi, çəmən) sözlərinin birləşməsindən əmələ gəlib, “fıstıqlı dağ ətəyi” mənasını verir (Əliyeva, 2007: 49, c.2).
Növdün – oykonim tat dilindəki noy/növ (yeni, təzə) və din/dın (düşərgə, dayanacaq) sözlərindən düzəlib, “yeni düşərgə”, “yeni dayanacaq yeri, kənd” mənasındadır (Əliyeva, 2007: 138, c.2).
Nütəh kəndi – kəndin adı tat dilindəki nü (təzə, yeni) və deh (kənd) sözlərindən düzəlib, “yeni, təzə kənd” mənasındadır (Əliyeva, 2007: 140, c.2).
Rəngdar kəndi – əsl adı Rənginədahardır. Oykonim tat dilindəki “rənginə” (rəngli) və “dahar” (qaya) sözlərindən düzəlib, “rəngli qaya” mənasındadır. Kənd eyniadlı qayanın yaxınlığında salındığından həmin qayamn adını daşıyır (Əliyeva, 2007: 165, c.2).
Rustov kəndi – yerli tələffüz forması “Rusta” olan kəndin anlamı tat dilində “kənd, bazarı olan mahal mərkəzi”anlamını verir (Əliyeva, 2007: 166, c.2).
Talabı kəndi – oykonim tat dilindəki təlab (çəmən, bağ, bağça) sözündən və mənsub, bildirən -ı şəkilçisindən ibarət olub, “çəmənlik, bağçalıq” mənasını verir (Əliyeva, 2007: 229, c.2).
Təngəaltı kəndi – oykonim tat dilindəki təngə (dar dərə) və altı (“aşağı” mənasında olub, mövqe bildirir) sözlərinin birləşməsindən düzəlib, “dar keçidin, yaxud dar dərənin altı” deməkdir (Əliyeva, 2007: 239, c.2).
Zərqava – oykonim tat dilindəki zər (san) və ov (su) sözlərindən düzəlib, “sarı su” mənasındadır. Eyni adlı kənd Ağsuda da mövcuddur və Qubadakı kimi tatlardan ibarət olmuşdu (Əliyeva, 2007: 297, c.2).
İsmayıllı
Bilistan kəndi – toponim tat dilindəki bil (bataqlıq, çökəklik) və -stan (yer, məkan) komponentlərinin birləşməsi kimi “çökəklik yer” mənasında izah edilir (Əliyeva, 2007: 136, c.1).
Burovdal kəndi – oykonim tat dilində burov (yüksəklik) dal/dul (dərə) sözlərindən düzəlib, “dağın dərəsi” deməkdir (Əliyeva, 2007: 159, c.1).
Çəndahar kəndi – oykonim tat dilindəki çan (dağ tirəsi) və dahar (alçaq dağ) komponentlərindən düzəlib, “alçaq dağ tirəsi” mənasındadır (Əliyeva, 2007: 184, c.1).
Çərmədil kəndi – oykonim tat dilində çərmə (duman zolağı) və din/dın (dağ, düşərgə) sözlərindən düzəlib, “üstü dumanla örtülmüş alçaq dağ” deməkdir (Əliyeva, 2007: 136, c.1).
Duvaryan kəndi – toponim tat dilindəki duvar (yoxuş, yamac) və an (burada “yer” deməkdir) sözlərindən ibarət olub, “yoxuşlu yer”, “maili yer” mənasını verir (Əliyeva, 2007: 136, c.1).
Həftəsov kəndi – kəndin tarixi adı Həftəsiyabdır. Oykonim həft (yeddi), -ə (bitişdirici sait), siyab (qara su) komponentlərindən düzəlib, “yeddi qara su mənbəyi, bulağı” mənasını verir (Əliyeva, 2007: 241, c.1).
Ximran kəndi – yerli əhali kəndi Ximrun adlandırır. Ximrun tat dilində “çökəklik, uçqun” deməkdir (Əliyeva, 2007: 354, c.1).
Keyvəndi kəndi – kənd keçmişdə Dağıstanın Keyvən kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı Keyvən (kənd adı) və di (tat dilində “kənd”) mənasında izah edilir (Əliyeva, 2007: 387, c.1).
Kələzeyvə kəndi – oykonim tat dilindəki kələ (“böyük, baş”) və Zeyvə (“hücrə” deməkdir) komponentlərindən düzəlib, “böyük hücrə” mənasındadır (Əliyeva, 2007: 392, c.1).
Kənəə kəndi – toponim tat dilindəki kənə (mədən, yataq) və gah (məkan) sözlərindən ibarət olub, “mədən olan yer” mənasını verir (Əliyeva, 2007: 392, c.1).
Kürdüvan kəndi – oykonim kürd (etn.) və -van (məkan bildirən şəkilçi) komponentlərindən düzəlib, “kürdlər olan yer” mənasındadır. Kürdüvanın əsasını kürdlər qursa da zamanla bu kürdlər tatlaşmış, 20-ci əsrin əvvəllərində isə bu tatlar türkləşmişdir (Əliyeva, 2007: 423, c.1).
Qalagah kəndi – oykonim qala və tat dilində məkan, yer bildirən “gə” sözlərindən ibarət olub “qala olan yer, qala yeri” mənalarını ifadə edir. Eyni adlı kənd Şabran rayonunda da mövcuddur (Əliyeva, 2007: 11, c.2).
Qərsələ kəndi – toponim tat dilindəki qərs (əkin, əkin yeri) sözündən və – lə şəkilçisindən ibarət olub “kiçik əkin yeri” mənasını verir (Əliyeva, 2007: 52, c.2).
Qoydan kəndi – tat dilinə məxsus kuyidan sözünün təhrif olunmuş formasıdır. Oykonim tat dilində kuyid (dağlı) sözündən və cəmlik bildirən – an şəkilçisindən ibarət olub “dağlılar” mənasını verir (Əliyeva, 2007: 68, c.2).
Mingə kəndi – kəndin adı tat dilində orta, mərkəz, aralıq mənasını verir (Əliyeva, 2007: 109, c.2).
Müdrisə kəndi – oykonim Müdri (çay adı) və tat dilindəki sə (üst, yuxarı, baş) sözlərindən düzəlib “Müdri çayının yuxarısındakı kənd” mənasını verir. Eyni adlı çayın adını daşıyan Müdri kəndinin mənası isə tat dilində “dairəvi çay” anlamını daşıyır (Əliyeva, 2007: 124, c.2).
Ruşan kəndi – kəndin adı tat dilində “dağ keçidi” mənasındadır (Əliyeva, 2007: 167, c.2).
Sərdahar kəndi – bu coğrafi ad tat dilində sər (baş) və dahar (qaya) sözlərindən düzəlib, “qaya başı” anlamını verir (Əliyeva, 2007: 186, c.2).
Sərsurə kəndi – oykonim tat dilində sər (baş) və surə (mənbə, bulaq) sözlərindən düzəlib “bulaq üstü” mənasını verir (Əliyeva, 2007: 187, c.2).
Varna kəndi – oykonim tat dilində var (külək) və – nə inkar şəkilçisindən düzəlib “küləksiz” mənasını verir (Əliyeva, 2007: 262, c.2).
Vaşa kəndi – kəndin adı tat dilindəki veşə sözündən götürülüb “meşə” deməkdir (Əliyeva, 2007: 262-263, c.2).
Zərnava kəndi – oykonim tat dilindəki zər (sarı) və nova (gölməçə,bulaq) sözlərindən ibarət olub, “sarı bulaq” anlamını verir (Əliyeva, 2007: 297, c.2).
Ağsu
Bico kəndi – kəndin adı tat dilindəki buc (qoxulu) və ov (su) sözlərindən düzəlib, “iyli su” mənasındadır (Əliyeva, 2007: 132, c.1).
Kövlüc kəndi – kəndin adı fars mənşəli kevil/kühül (süni mağara) sözündən və tat dilindəki -üç (bir şeyin bolluğunu bildirir) şəkilçisindən ibarətdir. Bu ərazidə olan çoxlu mağaralarla izah edilir (Əliyeva, 2007: 194, c.1).
Kalva kəndi – oykonim kələ (tat. “böyük”) və va (ova/oba sözlərinin ixtisar olunmuş forması) komponentlərindən düzəlib, “böyük oba” mənasındadır (Əliyeva, 2007: 379, c.1) (c.1. s. 379)
Nüydü kəndi- oykonim tat dilindəki nüy (yeni, təzə) və di (kənd) sözlərindən ibarət olub “ yeni kənd” mənasını verir (Əliyeva, 2007: 140, c.2).
Xızı
Dizəvar – toponim tat dilində dizə (“qala”) və var (yer, məskən) sözlərindən ibarət olub, “qala kənd” mənasındadır (Əliyeva, 2007: 236, c.1).
Tüdar – oykonim tat dilindəki tu/dü (iki) və dar/dahar (qaya) mənasını verir (Əliyeva, 2007: 247, c.2).
Siyəzən
Günəvşa kəndi – oykonim tat dilindəki kun (dib, alt) və üşə (meşə) sözlərindən düzəlib, “meşənin ətəyi, dibi” mənasındadır (Əliyeva, 2007: 306, c.1).
Ərziküş kəndi – oykonim tat dilində ərz (yer, məkan) və küş (yaxın) komponentlərindən ibarət olub, “yaxın yer” mənasındadır (Əliyeva, 2007: 236, c.1).
Sədan kəndi – oykonim tat dilindəki siya (qara) və və dan sözlərindən düzəlib “qara bulaq” anlamını verir (Əliyeva, 2007: 183, c.2).
Siyəzən şəhəri – şəhərin adı tat dilində siyah (qara) və zən (düzənlik) sözlərindən ibarət olub “qara düzənlik mənasını verir.(Əliyeva, 2007: 192, c.2).
Bakı
Balaxanı – kəndin adı tat dilində bala (uca, yüksək, yuxarıda olan), xam/xane (ev, otaq) sözlərindən düzəlib (Əliyeva, 2007: 108, c.1).
Bülbülə – kəndin adı tat dilində Pilpilə (neftli qazın köpüklənib çıxdığı yer, palçıq vulkanı) sözünün təhrif forması hesab olunur (Əliyeva, 2007: 161, c.1).
Buzovna – qəsəbənin adı tat dilində “buz”,”pus”,”ov” və “na” komponentlərindən ibarət olub, “suya girən burun və ya çıxıntıdakı” yer mənasını daşıyır (Qeybullayev, 1986:98-99)
Bilgəh – toponim tat dilindəki bil (bataqlıq, sucaq yer) və gah (yer) sözlərindən ibarət olub, “bataqlıq, qamışlıq, gölməçə” deməkdir (Əliyeva, 2007: 135, c.1).
Badamdar – oykonim tat dilində badam (yarğan, çapılmış yer) və dar (keçid, qapı, ətək, dib) komponentlərindən ibarət olub, “yarğandakı keçid, yarğanın dibi” mənasındadır (Əliyeva, 2007: 100, c.1).
Dübəndi – oykonim tat dilindəki dü (iki) və bəndi (sədd, bağlanmış yer, qarşısı alınmış yer) komponentlərindən düzəlib, “iki sədd” deməkdir (Əliyeva, 2007: 242, c.1).
Görədil – ərazinin adı tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən ibarət olub, “qala təpəsi” mənasındadır (Əliyeva, 2007: 289, c.1).
Kürdəxanı – Oykonim girdə (dəyirmi) və fars mənşəli xanə (ev, bina) sözlərindən ibarət olub, “girdə evlər” mənasını bildirir (Əliyeva, 2007: 421, c.1).
Ramana – oykonim tat dilində rama (xalq qoşunu, qeyri-nizami qoşun) sözündən –na şəkilçisindən ibarət olub “qoşun yeri” mənasını verir (Əliyeva, 2007: 164, c.2).
Suraxanı – ərazinin adı ərəbcə sur (divar) və tat dilində xanə (ev,otaq) sözlərindən düzəlib “ətrafına divar şəkilmiş yaşayış yeri” mənasını verir. Ərazinin tat dilində başqa mənası isə “isti bulaq”dır (Əliyeva, 2007: 199, c.2).
Şüvəlan – oykonim tat dilində şiv (eniş) və – lan (məkan bildirən şəkilçi) komponentlərindən düzəlib “enişli yer” mənasını verir (Əliyeva, 2007: 226, c.2).
Novxanı – oykonim tat dilində nou (yeni) və xanə (ev) sözlərindən ibarət olub “yeni evlər” deməkdir (Əliyeva, 2007: 137, c.2).
Zabrat – oykonim tat dilində zab (bulaq) və rat/ rad (fəvvarə) sözlərindən düzəlib ərazidəki neft fontanlarını ifadə edir (Əliyeva, 2007: 289, c.2).
Zuğulba – ərazi tat dilində zi və ya zu (kənar, sahil) və ərəb dilindəki qülbə (daldalanacaq, sığınacaq yer) sözlərindən ibarət olub “sahildə gözətçi məntəqəsi” mənasını verir (Əliyeva, 2007: 301, c.2).
Müasir dövrdə tatlar
Hazırda Azərbaycanda aparılan siyasət 1930-cu ilərin ortalarında aparılan siyasətə bənzəyir. Ölkə müstəqil olduqdan sonra ölkədə yaşayan etnik azlıqların haqqı tanındı və rəsmi siyahıyaalınmada göstərildi. Bu siyasət dil məsələsi ilə yanaşı media və qəzet nəşrində yaradılan imkanlarla özünü göstərirdi. Lakin yaradılan bu şərait xüsusi ilə 2000-ci illərin sonundan etibarən zəiflədildi. 2009-cu ildən etibarən statistikada etnik azlıqların sayı göstərilmir. 2009-cu il siyahıyaalınmasına görə ölkədə 25 200 tat yaşayır. Bu statistikaya regional formada baxılsa Qubada 13 880, Xaçmazda 9108, Şabranda 1766 tatın yaşadığını görmək mümkündür. Maraqlıdır ki, bu statistikaya əsasən 2009-cu ildə Xızıda 5, Şamaxıda 6 nəfər tat yaşayıb. Əsrin əvvəllərində İsmayıllının yarısından çoxusunu təşkil edən tatlar bu statistikaya görə hazırda bu rayonda yoxdur (Statistikada tatların ümumiyyətlə olmadığı regionlardan biri də Bakıdır.)
Hazırda Azərbaycan məktəblərində tat dilində təhsil (ibtidai) mövcuddur. Tatlardan xüsusilə dağ yəhudilərinin həm mədəni, həm də dil məsələsində haqları hökumət tərəfindən qorunur ki, bunu da daha çox İsrail amilinə bağlamaq lazımdır. 1990-lara qədər ölkədə yaşayan Kilvar və Mədrəsənin xristian tatları isə Qarabağ münaqişəsi ərəfəsində siyasi təqibə məruz qaldıqları üçün ölkəni tərk etdilər. Hazırda tat dili yox olma təhlükəsinə məruz qaldığı üçün “Qırmızı kitab”a salınıb. Dövlət tərəfindən bir tədbir görülməyəcəyi təqdirdə tat dili yaxın zamanda tarixə çevrilə bilər.
İstifadə edilən ədəbiyyat
Rusca ədəbiyyat
Семенов Игорь (1992), Кавказские таты и горские евреи: некоторые сведения о них и проблемы происхождения
Люшкевич Ф. Д (1971), Термин «тат» как этноним в средней Азии, Иране и Закавказье, Советская этнография. №3 (май – июнь)
Гейбуллаев, Гиясаддин (1991), К этногенезу азербайджанцев, Том 1.
Гейбуллаев, Гиясаддин (1986), Топонимия Азербайджана.
Ашурбейли, Сара (1983), Государство Ширваншахов
Бакиханов, Аббас-Кули-Ага (1991), Гюлистан-и Ирам
Миллер, Борис (1929), Таты и их расселение и говоры: (материалы и вопросы).
Грюнберг, Александр, (1963), Язык североазербайджанских татов
Толстов С.П., (1962), Народы мира: Этнографические очерки, Народы Кавказа, Том 2
Масанов, Нурболат (2001), История Казахстана: народы и культуры
Дымшиц, Вениамин (1999), Горские евреи: история, этнография, культура
Агарунов, Яков (1995), Большая судьба маленького народа: воспоминания
Azərbaycan və ingilis dilində ədəbiyyat
Hüseynova, Gülsüm (2013), Tat dilinin leksikası: Azərbaycan tatlarının dilinin materialları əsasında
Əliyev, Məhəmməd (2006), Azərbaycan tatları.
Əliyeva, Rübabə (redaktor) (2007), Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild.
Əliyeva, Rübabə (redaktor) (2007), Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild.
Minahan, James B (2014) Ethnic Groups of North, East, and Central Asia: An Encyclopedia
Minahan, James B (2016), Encyclopedia of Stateless Nations Ethnic and National Groups around the World.
Oxunmalı daha nələr var