Azlogos
  • Kimlər var
  • Bizi tanı

İŞİD-in doğuşu Mənasızlıqda məna yaratmaq Azərbaycanın elektromobil perspektivləri Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu "Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycan milli şüurunun paradiqmaları

Fərid Ələkbərli Fərid Ələkbərli
07 İyul 2020

Bir çox xalqlar bu dünyadakı missiyaları, yerləri və rolları ilə bağlı tarixi inkişaf nəticəsində formalaşmış müəyyən təsəvvürlərə malikdirlər. Hələ lap qədimlərdən ümumrusiya özünüdərkinin bünövrəsində pravoslavlıq, böyük rus ideyası, üstəlik “Moskvanın – üçüncü Roma” olduğuna inam dayanıb. Yaponiyada elmi-texniki tərəqiyyə, müasirləşməyə meyllə paralel samuray ənənələrinə sadiqlik də hələ yaşayır. Çinlilərin şüurunda tarixən mədəni-fəlsəfi təlim kimi konfutsilik ön xətdə olub və sərt ierarxik düşüncə, Səmaaltı imperiyanın kainatın mərkəzi olduğuna dair əminliklə uzlaşıb.

Erməninin özünüdərki qriqorian kilsəsinə- Eçmiədzinə və ermənilərin dünyada ən qədim xalq olduğuna, ədalətsiz şəkildə soyqırımına məruz qaldığına əminliyə əsaslanır. Öz növbəsində yəhudilər də unikallıqlarına, dahiliklərinə və tanrı tərəfindən seçilmiş olduqlarına əmindirlər, o cümlədən holokostla bağlı yaddaşı diri saxlayırlar. Farslar özlərini dünyanın ən qədim ari xalqı, Avestanın, Əhəməni və Sasani imperiyalarının yaradıcısı, Persepolisin qurucusu, Şərqdə poeziya və incəsənət sahələrində qanunverici hesab edirlər. Ərəblər əmindirlər ki, onların tarixə ən böyük töhfəsi dünyaya Məhəmməd peyğəmbəri vermələri, dünyanın ən dahi kitabı- Quranın ərəb dilində yazılmasıdır. Türklər respublika elan olunandan bu yana Atatürkün vəsiyyətlərinə əməl edirlər və İslam dininə bütün hörmətlərinə rəğmən, Avropa tipli dünyəvi dövlət qururlar. Nümunələri davam etdirə bilərik.

Bəs azərbaycanlı özünüdərkinin, milli şüurunun özəlliyi nədir? Azərbaycanlılar bu dünyadakı yerlərini necə görürlər?

Azərbaycanlıların milli şüurunun paradiqmasından danışanda dərhal ağıla iki əsas dünyagörüşü konsepsiyası gəlir – “azərbaycanlılıq” və “türkçülük”.

Hazırda rəsmi ideologiyada dominant mövqe azərbaycanlılığa verilib, türkçülük isə ikinci, yarımleqal, ancaq fəxri yer tutur. Türkçülüyün tərəfdarları az deyil, lakin aşağıda haqqında danışacağımız bəzi səbəblərdən, o, Azərbaycanda dominant mövqe tuta bilməyib. O ki qaldı azərbaycanlılığa, onun mahiyyəti son dərəcə sadədir: “Biz- azərbaycanlıyıq, Azərbaycan vətəndaşıyıq. Bizim vahid vətənimiz – Azərbaycan, vahid tariximiz, vahid mədəniyyətimiz, vahid dilimiz- azərbaycan tarixi, mədəniyyəti və dilidir. Biz ələ-ələ verib birlikdə öz müstəqil dövlətimizi qururuq. Biz avropa xalqıyıq və Asiyada qərbin proqressiv ideyalarının bələdçisiyik”.

Lakin bu ümumi prinsiplər, istinad nöqtələri sadəcə fundament, konsepsiyaları formalaşdıran bünövrə daşıdır. Bəs məsələyə daha konkret yanaşsaq, nə görərik? Azərbaycan qonşu ölkələr arasında hansı yeri tutur, bu ölkənin mahiyyəti, “brendi” nədir, müasir dünyada hansı rolu yerinə yetirir?

Təbii ki, azərbaycanlıların müəyyən milli şüuru, dünyadakı yeri barədə təsəvvürləri var. O, həm təbii, həm də kortəbii şəkildə formalaşıb və onu “azərbaycanlı universallığı” adlandırmaq olar. O, heçlikdən yaranmayıb.

“Azərbaycanlı universallığı”nın meydana çıxması və inkişafı, birinci, 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasının elan olunmasının, ikinci, 1936-cı ildə azərbaycan türklərinin adının dəyişdirilib azərbaycanlı qoyulmasının birbaşa və qaçılmaz nəticəsidir. Bu iki fakt olmasaydı, azərbaycanlı universallığı fenomeni də olmazdı.

“Azərbaycanlı universallığı” nədir və o, digər xalqların milli ideyalarından, fəlsəfi konsepsiyalarından nə ilə fərqlənir? Onun mahiyyətini obrazlı şəkildə XIV əsrdə yaşamış şair-mistik İmadəddin Nəsiminin bu beyti ilə ifadə etmək olar:

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam!

Gövhəri la məkan mənəm, kövnü məkanə sığmazam!

Ərşlə fər şu kafü nun məndə bulundu cümlə çün,

Kəs sözunü və əbsəm ol, şərhü bəyanə sığmazam!”

Daha konkret desək, azərbaycanlı universallığı kortəbii formalaşmış çevik, sinkretik düynagörüşüdür və özündə müxtəlif xalqların, sivilizasiyaların, mədəniyyətlərin mədəni irsinə meyli birləşdirir.

Müasir Azərbaycan mədəniyyəti fenomenindən danışarkən tez-tez burda Asiya ilə Avropanın, islamla xristianlığın, zərdüştlüklə iudaizmin, ərəb, türk, qafqaz, iran və slavyan dünyalarının kəsişdiyi vurğulanır. Eyni hal burda yaşayan insanların dünyagörüşünə, özünüdərkinə və özlərini necə anladıqlarına da aiddir. Özü də, azərbaycanlıların sinkretik özünüdərkinin bütün komponentləri nisbi tarazlıqdadır. Onlardan biri digərinə çevriləndə bu tarazlıq pozulur və sistem dağılmaq təhlükəsi ilə üzləşir. Məhz, buna görə də, azərbaycanlı milli şüurunun özəyi olaraq hansısa əsas bir etnik, ya da mədəni elementi seçmək cəhdləri, əfsus ki, həmişə müvəffəqiyyətsizliyə uğrayır.

***

Dil və etnik mənsubiyyətdən başlayaq. Azərbaycan dili türk dillərinə aiddir. O, 1936-cı ilə qədər sənədlərdə və Azərbaycanın konstitusiyasında “türk dili” adlanırdı. Təbii ki, etnogenezin özəlliklərindən asılı olmayaraq, türkdilli xalq öz dünyagörüşü paradiqmalarını türklüyə aid hər şeyi üçüncü plana atan, ilk növbədə, məsələn, iran başlanğıcını önə çəkən bir zəmində qura bilməz. Bu halda “ximera” – biri-birini təkzib edən başlanğıcların qeyri-təbii və qeyri-məhsuldar sintezi meydana çıxır. Bunu Azərbaycan Demokratik Respublikasının (1918-1920) yaradıcıları, o cümlədən, nəsil şəcərəsində təkcə türk yox, həm də iran köklərinə malik olan Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə və başqaları da anlayırdılar. Onlar başa düşürdülər ki, azərbaycanlıların damarlarında axan iranlı qanının faizi və onların etnogenezinin xüsusiyyətlərinin məsələyə heç bir dəxli yoxdur. Bütün xalqlar qarışıqdırlar, amma türkdilli ölkədə türklük amilini nəzərə almadan dünyagörüşü sistemləri qurmaq cəhdləri əvvəldən uğursuzluğa məhkumdur.

Təəssüf ki, indi bunu hər kəs anlamır. Bu gün azərbaycan dilini rəsmən “türk dili”, azərbaycanlıları isə 1936-cı ilə qədər ASSR-də deyildiyi kimi “azərbaycan türkləri” adlandırmağa cəhd eləyin, görün nə olur?!

İlk baxışda məntiqli görünən, millətin etnik simasını qaytarmağı hədəfləyən bu qərar əhalinin müəyyən təbəqələri tərəfindən sinkretik milli-mədəni tarazlığın pozulması və qeyri-türk etnik qrupların hüquqlarına qəsd kimi dəyərləndiriləcək.

Bu zərərsiz “türk” sözünü dilə gətirən kimi çox sayda insan dərhal səndən inciyir, azərbaycan millətinin tərkibinə qarışmış kiçik xalqlar ehtiyatlanmağa başlayırlar. Onlar “azərbaycanlı” sözü ilə barışıblar, amma özlərini “türk” hesab etmirlər və etmək də istəmirlər. Nədənsə “türk” sözündə guya onları – qeyri-türkləri ikinci növ vətəndaşlara çevirə biləcək qorxunc “pantürkizm” kabusunu görürlər. Türkçülərin əleyhdarları, adətən, birinciləri azərbaycan millətinin polietnik vahidliyini parçalamaq cəhdində ittiham edirlər. Türkçülərin ünvanına səslənən, kifayət qədər geniş yayılmış və tez-tez ədalətsiz olan başqa bir ittiham isə – “siz türklərə yaltaqlanırsınız, Türkiyəyə işləyirsiniz!”dir.

Cəmiyyətdə etnik türk şüurunun güclənməsinə xidmət edən istənilən təzahürlərdən qorxan bəzi rusdilli intellegentlər də türkçülərdən inciyirlər. Çünki əgər türk millətçiləri güclənsələr, onlar köklərindən qoparılmış kosmopolitləri milli mədəniyyətin qucağına qayıtmağa, doğma dillərini öyrənməyə məcbur edə bilərlər!

Türk köklərinə qayıdış – cəmiyyətdə təbliğ olunan kosmopolitizmə birbaşa təhlükədir. Onlarda dünyəvi paniranizmə münasibət daha dözümlüdür və səbəbi də aydındır. Türkçülərdən fərqli olaraq, yerli dünyəvi panirançılar kosmopolitləri doğma dillərini pis bilməkdə ittiham etmirlər, təkcə Azərbaycanda qədim iran mədəniyyətinin əzəmətindən, cürbəcür mistikadan, zərdüştlükdən və ezoterikadan danışırlar. İş ondadır ki, rusdilli mühitdə təbliğ olunan abstrakt iranpərəstlik, qədim zərdüşti İranın bir parçası qismində islamaqədərki Azərbaycana heyranlıq özü-özlüyündə kosmopolit dünyagörüşüdür – o, nə köklərə qayıdışı, nə də nəinki azərbaycan, heç fars dilinin də öyrənilməsini nəzərdə tutmur. Bundan əlavə, rusdilli elitanın bir hissəsinin nöqteyi-nəzərindən, “azərbaycansayağı paniranizm” daha qlamur, daha zərif və ezoterikdir. Qeyd etmək lazımdır ki, estetika həvəskarı olan rusdilli panirançıların heyranlıq obyekti müasir cəhalətpərəst şiə İranı yox, qədim müsəlmanlığa qədərki Persiya – Kirin, Daranın və digər əhəmənilərin, sasanilərin, zərdüştilərin vətənidir.

Bunda bir çox azərbaycanlıların təkcə türk yox, iranlı köklərə malik olması da rol oynayır. Onlardan bəziləri hər-vəchlə iran mədəniyyətinin, ədəbiyyatının, həmçinin Azərbaycan tarixində iran (“ari”, “hind-iran”, “zərdüşti”) komponentinin rolunu təbliğ edirlər. Hərçənd, hər yerdə “iran” sözünü “azərbaycan” sözü ilə əvəzləyirlər. Amma irançılığı, ariliyi və zərdüştlüyü həddindən artıq qabartmaq da cəmiyyətin geniş təbəqələri tərəfindən birmənalı qarşılanmır. Yenə də, bu zaman sinkretik azərbaycanlı düşüncəsində harmoniya və tarazlıq kəskin pozulur. Çünki o, təkcə iranlı yox, həm də türk və qafqaz köklərinə, dini mühitdə isə – zərdüştlüyə düşmən olan islama söykənir. Bu halda artıq türkçülər də borclu qalmırlar. Onlar bütün qədim İran heyranlarını, midiyalılara, parfiyalılara, atropatlara, zərdüştlərə, əbədi odlara, iran şahənşahlarına və mazandaran pələnginə sitayiş edən hər kəsi “panirançı” və “türkfob” adlandırırlar.

Beləliklə, “azərbaycanlı unversallığı”nın mahiyyəti ondan ibarətdir ki, onun çərçivəsində hansısa etnomədəni komponenti əsas özəllik qismində ayırmaq mümkün deyil. Bu paradiqma çərçivəsində “azərbaycanlılığ”ın tərkib hissəsi olan komponentlərdən heç birinə açıq üstünlük verilmir – nə türkçülüyə, nə irançılığa, nə də qafqazpərəstliyə. Zira hesab olunur ki, bu, azərbaycanlıların sinkretik dünyagörüşünün bütövlüyünü dağıda və nəticədə milləti parçalaya bilər.

Odur ki, tarixi mövzularla bağlı mübahisələr yarananda iti bucaqları ehtiyatla keçmək, vəziyyət münaqişə xarakteri alarsa, söhbəti başqa məcraya yönləndirmək lazım gəlir.

Azərbaycanın qədim sakinlərinin qafqaz tayfaları, o cümlədən qafqaz albanları (utilər, qarqarlar, leqlər, çavdeylər, lpinlər və s) olması da bu məsələdə vacib rol oynayır. Buna görə də, ərazi-dövləti və etnik irsiliyi qorumaq məqsədilə əksər azərbaycanlılar özlərini təkcə türklərin, skiflərin, irandilli midiyalıların yox, həm də, əsasən, qafqaz albanlarının xələfləri hesab edirlər.

Bu mənada, azərbaycanlılar mənşə, qan və gen etibarilə tez-tez həm müasir qafqaz xalqları (gürcülər, ləzgilər, udinlər, qafqaz-alban qanı daşıyan qarabağ ermənilərinin bir hissəsi və s), həm də nəslikəsilmiş qədim xalqlarla (mannalılar, urartulular, kutilər və s) yaxın sayılırlar.

Azərbaycanlı unversallığı mədəni-məişət sferasında da özünü büruzə verir. Azərbaycan toylarında həm türk melodiyası “tərəkəmə”ni, həm çılğın qafqaz ləzginkasını, həm Tatlısəs və Tarkanın simasında türk estradasını, həm də kədərli fars melodiyalarını, Elton Conun mahnılarını və Rozenbaumun romanslarını eşitmək mümkündür. Toyun sonunda da bəylə gəlin “bəyaz rəqs” – argenita tanqosu oynaya bilərlər.

O ki qaldı dinə, burda da qismən sinkretizm taxta oturub, hərçənd daha az səviyyədə. Hər şeydən əvvəl Azərbaycan dünyəvi ölkədir. Burda dindar müsəlmanlar azdır, dini fanatiklər isə ondan da azdır. “Etnik müsəlmanlar” olan azərbaycanlıların bir çoxu yenə də özlərini zərdüştlərin (Azərbaycan – Odlar Yurdu!), xristianların (azərbaycanlılar – xristian Qafqaz Albaniyasının varisləri), hətta yəhudilərin (Azərbaycanda yaşayan xəzərlər iudaizm dininə sitayiş edirdilər) mənəvi varisləri hesab edirlər.

Lakin mədəniyyətdə sinkretizm və kosmopolitizm özünü təkcə məişət səviyyəsində büruzə vermir. Bənzər situasiyanı qlobal sivilizasiya seçimi ilə bağlı da görürük. Azərbaycan, bir tərəfdən Avropa ölkəsi, Avropa şurasının üzvü, “Avrovijn-2011” mahnı müsabiqəsinin qalibidir, amma digər tərəfdən İslam ölkələri Liqasının üzvüdür, hətta 2009-cu ildə Bakı təntənəli şəkildə “islam dünyasının mədəni paytaxtı” elan olunmuşdu.

f1ef6316a7cb616ee87d08d22cb07017Azərbaycanın milli qəhrəmanları ilə bağlı da maraqlı vəziyyət müşahidə olunur. İntellengensiya arasında tez-tez belə mübahisələr yaranır – məsələn, əfqan türkü Nadir şah Afşarı Azərbaycanın milli qəhrəmanı hesab eləmək olarmı? Nadir şahın da mənsub olduğu afşarlar sülaləsi azərbaycanlıların etnogenezində az rol oynamayıb, afşarların dili isə azərbaycan dili ilə eynidir. Yaxud əfsanəvi hun sərkərdəsi Atillanı ümumtürk, o cümlədən azərbaycan qəhrəmanı saya bilərikmi? Yoxsa onun Azərbaycana dəxli dolayı xarakter daşıyır? Azərbaycanlılar milli qəhrəmanları qismində xürrəmi-zərdüşti Babəkin də, igid türk cəngavəri Koroğlunun da, massaget hökmdarı Tomrisin də, qafqaz albanı, xristian Cavanşirin də, əfqan türkü Nadir şahın da adını qürurla çəkər, daha qızğın türkpərəstlər isə – hətta monqol türkü Çingiz xanın və onun xələfləri Hülaki xanla Teymurləngin də adlarını əlavə edərlər.

Sibirdə yerləşən türk Orxon-Yenisey yazıları və onun yazıldığı runi əlifbası haqlı olaraq azərbaycanlıların mədəni irsi sayılır, çünki azərbaycanlılar – türkdilli xalqdır. Bizim ədəbi klassiklərimiz Şərqin bütün mədəni bölgələrinə səpələniblər: bura ömrü boyu Bağdadda yaşamış, amma türk dilində yazmış Füzuli də daxildir, ömrü boyu Azərbaycanda yaşayıb farsca yazmış Nizami də. Bura min il əvvəl yazıb-yaratmış ərəbdilli filosof Bəhmənyar əl-Azərbaycani də daxildir, müasir rusdilli yazıçı Rüstəm İbrahimbəyov da. Bura orta əsrlərdə yaşamış, əfsus ki, əsərləri günümüzə yalnız erməni dilində çatmış qafqaz albanları Moisey Kalankatuklu da, Moisey Dasxuranlı da, Dəvdək də, Mxitar Qoş və Kirakos Qanzaklı (Gəncəli) da daxildir. Nəhayət, bura XVII əsrdə yaşamış, doğma azərbaycan dilində yazıb-yaratmış gözəl türk aşıq-şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi də daxildir.

“Azərbaycanlı universallığı”nin formalaşma səbəbi – azərbaycan millətinin etnik baxımdan müxtəlif cinsli, bir-birilə qətiyyən yaxın olmayan elementlərdən – türk, qafqaz və iran – yaranmasıdır. Sirr deyil ki, millətin formalaşmasında azərbaycanlılara danışdıqları dili verən azərbaycan türkləri ilə yanaşı (oğuzlar və səlcuqlar), onun tərkibinə tədricən qarışan yerli qeyri-türk xalqları – Azərbaycanda yaşayan kürdlər, tatlar, talışlar, ləzgilərin bir hissəsi və müxtəlif dağlı xalqlar da iştirak ediblər. Keçmişdə onların hər birinin öz dili, öz adət-ənənələri və öz mentallığı olub. İndi isə hər şey qarışıb. Lakin homogen qarışığın formalaşması üçün bir neçə onillik kifayət deyil – bundan ötrü yüzilliklərə ehtiyac var. Bu gün məlum olan homogen etnosların hamısı, məhz, bu müddətə formalaşıb – məsələn, fransızlar, təxminən, 1200 il əvvəl qall, german və roman elementlərinin qarışmasının nəticəsidir. Yəni, heterogen qall-alman-roman qarışığının “fransız milləti” adlı homogen tərkibə çevrilməsi üçün fransızların kifayət qədər vaxtı olub.

Türk milləti etnik baxımdan azərbaycanlılardan daha müxtəlif cinslidir – onun tərkibinə assimilyasiya olunmuş lazlar, yunanlar, slavyanlar, ermənilər, ərəblər və digərləri daxildir. Amma türkləri birləşdirən və bir-birinə pərçimləyən şey türk millətçiliyinin etnik konsepsiyasıdır. Yəni, onların ideologiyasının təməlində etnik ideya yatır. Həmin ideyaya əsasən, Türkiyə vətəndaşları sadəcə Anadolu yarımadasının, Balkanların, Rumelinin sakinləri deyillər, etnik türkdülər.

Orta əsrlərdə azərbaycan türklərinin qızılbaşlar etnosu vardı, öz gücünə və qüdrətinə görə osmanlılarla uğurla rəqabət aparırdı. 1936-cı ildə azərbaycan türklərinin adı dəyişdirilib azərbaycanlılar qoyulanda, daha sonra da qafqazlılar və iranlılarla eyni qazanda əridiləndə, qızılbaşlar etnosu, tədricən, etnikliyini itirdi və Azərbaycan SSR-nin ərazisindən yoxa çıxdı. Stalin dövründə biz, faktiki olaraq, azərbaycan türklərinin etnosidi (mədəni soyqırımı) ilə üzə-üzə qalmışdıq. Onları fizikidən daha çox, etnik və mədəni baxımdan məhv edirdilər. Türk zadəganlığının – bəylərin və xanların bir-bir öldürülməsi də buna kömək etdi, bundan sonra sadə camaatı Stalin-Beriya metodları ilə sındırmaq və assimilyasiya etmək o qədər də çətin iş deyildi. O zamanlar Azərbaycan SSR-nin əhalisi sayca çox deyildi. Xalqı cahil, dilsiz-ağızsız sürüyə çevirməkdən ötrü türk elitasının cəmi bir neçə min ən cəsur, dürüst nümayəndələrini yox eləmək kifayət idi. Ki, bu da uğurla həyata keçirilmişdi. 1920-ci illərdə başlayan türk hərbi-feodal aristokratiyasının məhvi prosesi köhnə azərbaycan filmlərində – “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Dəli Kür” – parlaq şəkildə göstərilib (hərçənd sovet təbliğat-təşviqatı nöqteyi-nəzərindən).

Nəticədə, Azərbaycan SSR-də azərbaycan türkləri etnos kimi daha mövcud olmadılar, onların deetnikləşdirilmiş qalıqları isə yeni formalaşmağa başlayan polietnik azərbaycan millətinin tərkibinə qarışdı. Bu yaxşıdırmı? Çətin sualdır.

***

Hər şeydən əvvəl unutmaq olmaz ki, deetnikləşdirmə həmişə marginallaşmağa aparıb çıxarır. Buna görə də, bəzi deetnikləşdirilmiş insanlar tərəfindən törədilən nalayiq əməllərə təəccüblənmək lazım deyil – çünki onlar köklərini itiriblər, kökləri ilə birlikdə yaxşı və pisin nə olduğunu da unudublar.

Etnik köklərindən məhrum olmuş cəmiyyətin əsas problemi budur. Korrupsiya da, əqidəsizlik də, vətənpərvərliyin zəif inkişafı da, şəxsiyyətin dövlətə və cəmiyyətə yadlaşması da burdan qaynaqlanır. Çünki köhnəni itirəndə dərhal yeni nəsə əldə etmirsən. Bir neçə müxtəlif cinsli komponentin birləşməsi dərhal və həmişə yeni mahiyyətin meydana çıxması ilə nəticələnmir. Keçmişin artıq itirildiyi, yeninin isə hələ əldə olunmadığı bir zaman kəsiyi mövcuddur.

Yaxşı, bəs biz türkçülükdən azərbaycanlılığa keçərkən nələri itirdik və nələri qazandıq?

1936-cı ildə türkçülük ideologiyasından imtina edərək azərbaycanlılığa doğru yönələndə biz türk etnik şüurunu itirdik, əvəzində isə ümummilli çoxsimalılıq və universallıq qazandıq. Buna görə də, etnik baxımdan homogen qırğızlardan, ya da latışlardan fərqli olaraq, azərbaycanlıların mentalitet özəlliklərində, dəyərlərində və davranışlarında böyük ziddiyyətlərə, uyğunsuzluqlara rast gəlinir. Onların hamısını eyni ölçüyə salmaq, mentaliteti və dəyərləri universallaşdırmaq, vahid etnik psixologiya, instinktiv etnik doğmalıq və birlik hissi, həmçinin vahid mənəviyyat, ortaq etik-əxlaqi qaydalar, ümummilli davranış modelləri formalaşdırmaq üçün artıq çox gecdir. Bu, ona görə çətindir ki, cəmi 100-200 il əvvəl aktiv inkişaf edən etnogenez prosesləri müasir postindustrial dünyada dalana dirənib. Bunun səbəbi isə ən yeni informasiya texnologiyaları və internet dünyasında şəxsiyyətin parçalanmasıdır. Hazırda sıravi insanın üzərinə bütün dünyadan nəhəng informasiya axını gəlir. Əvvəllər – televiziya, radio, xüsusən də, internet kəşf olunana qədər insanlar, əsasən, yaxınlıqlarında – qonşu kəndlərdə və şəhərlərdə yaşayanlarla ünsiyyət saxlayırdılar. Ona görə də, millətin ayrı-ayrı hissələri bir-birinə meyllənirdilər və xırda icmalar, tədricən, vahid bir şeydə birləşirdilər. Nəticədə, etnosun daxilində dillər və adətlərin unifikasiyası (vahid formaya salınması) baş verir, xırda qəbilələrdən və xalqlardan böyük millətlər yaranırdı.

İndi isə mədəniyyətin unifikasiyası qloballaşma məcrasında baş verir, yəni, televiziyanın, internetin, sürət qatarlarının və təyyarələrin köməyilə milli sərhədləri aşmış ayrı-ayrı fərdlər var ki, artıq öz millətləri daxilində unifikasiya olmurlar, birbaşa ümumdünya kütləvi mədəniyyətin məcrasına qarışırlar. Odur ki, bu şərtlərdə Azərbaycan kimi az-çox inkişaf etmiş ölkələrdə etnogenez prosesinin davam edəcəyinə ümid yeri qalmır. Əskinə, qeyri-sabit etnik strukturlar qloballaşmanın təzyiqi altında yuyulub dağılırlar.

Hazırda Azərbaycanda eyni sinkretik cəmiyyət mövcudluğu davam edir və onun tərkib hissələrindən heç biri – nə türkçülük, nə panirançılıq, nə qafqazpərəstlik əsas rol oynamır.

Yuxarıda da qeyd olunduğu kimi, nəzəri baxımdan, türk dilində danışan cəmiyyət daxilində təkcə türkçülük daşıyıcı model rolunu yerinə yetirməyə qadir idi. Bu, aydındır. Onda sual olunur: 1936-cı ildə türkçülükdən imtina etmək bizə lazım idi? Bu imtina qaçılmaz idi və Siyasi zərurətdən doğmuşdu? Çətin sualdır.

Belə bir fikir var ki, biz azərbaycanlılığın xeyrinə türkçülükdən imtina etməsəydik, bu ərazidə çox sayda qeyri-türk xalqların yaşadığını nəzərə alsaq, azərbaycan dövlətçiliyinin bütövlüyünü qorumaq çətin olardı.

Müxtəlif hesablamalara görə, 30-40 milyon türkün yaşadığı İranda vəziyyət tamamilə fərqlidir. Cənubda (İran Azərbaycanında) – Şərqi Azərbaycan, Zəncan, Ərdəbil əyalətlərində əhalinin böyük əksəriyyəti (95%-dən çox) etnik azərbaycan türklərindən ibarətdir. Üstəlik, ordakı azərbaycan türkləri XVI əsrdə Səfəvi türk imperiyasını qurmuş şah İsmayılın silahdaşlarının – cəngavər qızılbaşların birbaşa xələfləridir. İranın Qərbi Azərbaycan ostanında kürdlər də yaşayırlar, ancaq onlar türklərə qarışmırlar və aralarında kəskin sərhədlər var. Hərçənd, məsələn, Təbrizin sıravi sakinlərində milli azərbaycan dövlətçiliyi düşüncəsi zəif olsa da, etnik türkçülük hissi Azərbaycan respublikasından yaşayan azərbaycanlılardan daha güclüdür. Bizdən fərqli olaraq, təbrizlilər hələ də özlərini “türk” adlandırırlar. Baxmayaraq ki, İran Azərbaycanındakı türklərin öz milli dövlətləri yoxdur, onların dili İranda rəsmi dil deyil və İranda türklərə qarşı assimilyasiya siyasəti həyata keçirilir, onların qanları “danışır”.

Azərbaycan Respublikasında türkçülük faktorunun daha zəif və daha dayanıqsız olmağının səbəbi odur ki, Şimali Azərbaycan həmişə əhalisinin etnik cəhətdən daha rəngarəng olması ilə Cənubdan fərqlənib. Bu, Şirvan və Aran türklərinə hər zaman problemlər yaradıb. Çünki onlar hər tərəfdən bütün mümkün qafqazdilli dağlı xalqlarla – yoxa çıxmış Qafqaz Albaniyasının qalıqları, o cümlədən iran qrupuna daxil olan etnoslar – tatlar, kürdlər, talışlar və s – əhatə olunublar. Odur ki, “azərbaycanlılıq” ideologiyası, məhz, Şimali Azərbaycan ərazisində – elə yerdə ki, orda türk etnik şüuru daha zəif idi, türkçülüyün düşmənləri isə həmişə şimali azərbaycan cəmiyyətinin çoxsaylı qeyri-türk tərkibinə istinad edə bilərdilər – formalaşıb və xam zəmin tapıb.

Yalnız Şimali Azərbaycanın daha türk olan qızılbaş Cənubi Azərbaycana inteqrasiyası millət daxilində qeyri-türk elementləri zəiflədə, türk ruhunun, ənənəsinin və mentallığının dirçəlməsinə vəsilə ola, yəni, Şimali Azərbaycanda, demək olar ki, yoxa çıxmış türk qızılbaş etnosunu dirildə bilərdi.  

Ancaq mövcud reallıqdan çıxış etsək, bu gün azərbaycanlı universallığı – azərbaycan xalqı kimi mürəkkəb və çoxkomponentli törəmənin möhkəmliyini və sabitliyini təmin edən yeganə mümkün miksdir. Kimsə bu universallığı bəyənə, kimsə bəyənməyə bilər. Kimsə deyə bilər ki, çoxsimalılıq – elə simasızlıq kimi bir şeydir. Ya da əksinə, kimsə deyər ki, rəngarənglik öz çanağına qapanıb qalmış xalqlar qarşısında bizim üstünlüyümüz və sərvətimizdir. Lakin həqiqət ondan ibarətdir ki, bu gün Azərbaycanda sinkretik universallığın başqa alternativləri yoxdur. Başqa heç bir konsepsiya, ya da doktrina burda calaq tutmur. Azərbaycan cəmiyyəti özü onu insitinktiv şəkildə kənarlaşdırır. Azərbaycanı dəfələrlə daha dar və dəqiq cızılmış çərçivələrə salmağa cəhd ediblər və nəticəni görürük. Məsələn, türkçülük universallığa alternativ ola bilər, azərbaycanlı fenomeninə etnik canlılıq qatardı. Amma etnik baxımdan heterogen əhali və kosmopolit elita ondan imtina elədi.

Azərbaycan fenomenini konkretləşdirmək, dəqiq təsbit vermək, hansısa paradiqmaya daxil etmək cəhdlərinin hamısı uğursuzluqla bitib. Nəticədə elə həmin azərbaycanlı universallığı dominant qalıb. Belə görünür ki, bu, artıq bizim seçimimiz olmaqdan çıxıb və taleyimizə çevrilib. Yeri gəlmişkən, azərbaycanlı universallığı fenomeni Qərbin qloballaşma layihəsinə tamamilə uyğun gəlir. Bu, Azərbaycanı qismən də olsa, Avropa ölkələri ilə yaxınlaşdırır. Əlverişli şərtlərdə o, həmin ölkələrlə tədricən yaxınlaşa və inteqrasiya edə bilər.

Fərid Ələkbərli

Tarix elmləri doktoru

 

Oxunmalı daha nələr var

Isis lead illo

İŞİD-in doğuşu

27 Yanvar 2021
waiting-for-the-barbarians

Mənasızlıqda məna yaratmaq

27 Yanvar 2021
Zariadka-i-zariadnie-stancii-electromobili

Azərbaycanın elektromobil perspektivləri

27 Yanvar 2021
3992d16e67a7

Qonaqlar hamısı gəldi, məclisimiz düzəldi?

26 Yanvar 2021
MyCollages (1)

Topçubaşovun Aqaronyanla söhbətində bir qətlin anonsu

26 Yanvar 2021
Bildschirmfoto 2021-01-25 um 23.08.01

Hər kəs üçün dizayn

26 Yanvar 2021

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Paylaş68TweetGöndərPaylaşGöndər
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel