Söz və ifadə azadlığı kimi anlayışların hələ təzə-təzə ağızdan-ağıza yayıldığı vaxtlar idi. Onda qəfil hər şeyə qarşı çıxan və “bu mənim şəxsi fikirlərimdir, hörmətlə yanaşmalısınız” deyən insanların çoxaldığını gördük. Yaşadığımız toplumun tezliklə daha aydın olacağına inam yarandı. O inam hələ də var. Yuxarıda qeyd elədiyim vəziyyət hələ də olduğu kimidir.
Hər şey kimi bütün bu müsbət hadisələrin də bir “amma”sı oldu. Fərqli fikir sərgiləyən insanların qarşısına çıxıb onları ölümlə hədələyən insanlar fikirlərinə hörmətlə yanaşılmasını, hətta, heç bir halda qarşı çıxılmamasını tələb etdilər. Dedilər, biz dediksə, hörmət qoyulmalıdır. Bu qədər.
Anlayışlar yayıldı, inkişaf olmadı.
Sonra biz tənqidin geniş yayıldığını gördük, amma qəbul edən tapılmadı. Xüsusən sənət adamları onları tənqid edənləri hədələməklə məşğul oldu. Burada siyasi tənqiddən heç söz açmağa dəymir, çünki ona qarşı dözümsüzlük artıq pik həddə çatıb.
Bir də tənqidi məntiqsiz hala gətirən kütlə formalaşdı.
2018-ci il Azərbaycanda feminizm ili kimi qeyd olundu. Məncə də elə idi. Eyni zamanda şiddət görmüş qadınların ictimai qınağı və ya müdafiəsi ili kimi də qeyd etmək olardı. Yəni həmişəki kimi cəmiyyətdə şiddətin tərəfdarları və şiddətin qarşısında duranlardan ibarət iki cəbhə yaranmışdı. Şiddət tərəfdarlarının səsi şiddətin qarşısında duranlardan daha çox, daha aydın eşidilirdi. Elə indi də üstünlük təşkil edirlər. Bu nəticəni haradan və necə çıxarmaq olar? Əlbəttə ki, yenə tənqidin necə formalaşmasından.
Çox eşitdiyimiz bir ifadə var: kişi kimi… “Kişi kimi” ifadəsini iyirmi altı ildir, yəni doğulduğum gündən eşidirəm. İndi bu ifadə kütlə arasında qadın hüquqlarının qorunması ilə yanaşı səslənir. Yəni öz hüquqlarını qorumaq istəyən qadınlar onları aşağılayan kişilərin qarşısına çıxıb deyirlər ki, “kişi kimi” qadınlar var, qadınları o qədər də aşağı bilməyin. Bir sözlə, qadın hüquqlarının tapdanmasına qarşı “kişi kimi” ifadəsi ilə müdafiəyə qalxırlar.
Adətən sosial şəbəkələrdə və ya telekanallarda belə sual qoyulur: “Qadını döymək olarmı?” Bu sual bəzən köşə yazılarının da başlığı olur. Əvvəla, bu sualın bir yazının başlığına çıxarılması mənə görə qəbul olunmazdı. İkinci bir məsələ də ondan ibarətdir ki, köşə yazılarında, telekanallarda və sosial şəbəkələrdə söz açılanda bu suala həqiqətən cavabı axtarılır. Enişli-yoxuşlu yol gedilir, axırda düzgün, dəqiq bir nəticə əldə edilmir.
Əksərən nəticə belə olur: Qadını döymək olmaz, qadını döyməyin, amma… Nöqtələrin yerində artıq nə olmağının bir mənası yoxdur, çünki bu elə bir mövzudur “amma” deyib şiddət göstərən tərəfə haqq qazandırmaq mümkün deyil.
Bu da tənqiddir, amma yerində olmayan tənqid.
Bu yaxınlarda mən özümə sual verdim: Bu mövzuların ən ibtidai formaları müzakirə olunduğu günlərdə bundan yüz il qabaq qadınlara seçki hüququ verməklə öyünən bir dövlətin qadınları özlərində o hüququ tapıbmı? Hazırda Azərbaycanda seçkidən danışmaq o qədər də məntiqli deyil, amma bu gün azad seçki keçirilərsə, qadınların neçə faizi iştirak etmək hüququnu özündə tapar? Neçə faizi kişi hökmü olmadan özündə tapdığı hüququ öz seçimi ilə həyata keçirər və ümumiyyətlə, neçə faizi seçkidən xəbərdardır?
Bura qədər hər şey aydındır.
Bundan sonra geriyə bir neçə cümlə qalır.
Bütün hallarda tənqidin geniş yayılması müsbətdir, gəl, bütün formalarda müsbət deyil. Qadın hüquqlarının bərqarar olunmasında başlıca amil bütün insanların bərabərhüququqlu olmasına inanmaq, bilmək ya da birbaşa bunun belə olduğunu sorğusuz-sualsız qəbul etməkdir. Bu belə olmasa kim olmağından aslı olmayaraq döyülmüş və ya hüquqları tapdanmış bir qadını müdafiə etməyə qalxanda ya “kişi kimi” ifadəsini işlədib məntiqsiz addım atacaq, ya da “qadını döymək olarmı?” sualını verib min sözü bir yerə yığsa da, heç bir nəticə əldə edilməyəcək. Hətta, şiddət tərəfdarı olacaq.
