Musiqi dinləməkdən asan nə ola bilər? Baş qaşımaq? Hətta onda belə əli-qolu işlətmək lazım gəlir. Musiqi dinləmək üçün isə ilk baxışda heç barmaqlarımızı da qımıldatmağa ehtiyac yoxdur. Amma bir çox məsələlərdə olduğu kimi tərslikdən bunda da mütəxəssislər və elm adamları bizimlə razı deyil. Onların fikrincə musiqi dinləmək əslində göründüyündən qat-qat mürəkkəb proses və məşğuliyyətdir. Bu barədə musiqidən başqa fizika, psixiatriya, neyrologiya və s. elm sahələrinin mütəxəssisləri əsrlər boyu müşahidələr və araşdırmalar aparıb. Musiqini dinləmək və qavramaqla bağlı mühazirə, elmi videoçarx və sənədli filmləri internetdə də tapıb izləmək mümkündür. Adlarını çəkdiklərimin arasında göz gəzdirdiklərimdən və mötəbər musiqi mütəxəssislərinin rast gəldiyim fikirlərindən yadımda qalanları, bundan başqa şəxsən tanıdığım musiqiçi həmkarlarımla mükalimələrdən onların fikirlərini, həmçinin bir qədər də öz kiçik təcrübəmdən gəldiyim nəticələri ümumiləşdirilmiş halda qeyd etmək və paylaşmaq qərarına gəldim.
Əvvəla, ondan başlayaq ki, musiqi dinləmə prosesini mütəxəssislər əsasən iki yerə: passiv və aktiv hallara bölür. Amma bəzi situasiyalar da var ki, onları tam olaraq yuxarıdakı kateqoriyaların heç birinə aid eləmək olmur, beləliklə onları aralıq hal – “yarıaktiv hal” adlandırmaq daha doğru görünür.
Passiv musiqi dinləmə – musiqi səslənərkən bizim ona fokuslanmadığımız, başqa fəaliyyətlə məşğul olduğumuz hallara deyilir. Məsələn, kafedə oturub kimləsə söhbət edərkən, maşın sürərkən, ya da alış-veriş mərkəzindəki dükanlarda gəzişərkən və s. Həmin zaman dilimində diqqətimiz başqa yerdə olduğundan, musiqi bizim üçün fon rolunu oynayır. Beynimiz daha vacib hesab etdiyi informasiyaları qəbul və təhlil etdiyindən musiqi bizim üçün arxa planda olur və onun detallarına fikir vermirik. Musiqiyə bu cür münasibətin kökü çox güman ki, elə musiqinin yarandığı tarixöncəsi dövrlərə qədər gedir. Neolit dövründə uğurlu ovu yeyəndən sonra bunu musiqi və rəqslə qeyd edən mağara sakinlərinin arasında da yəqin ki, fikri musiqidə olmayanlara rast gəlmək mümkün idi; bəlkə də bunu onların çoxuna aid edə bilərik.
Bununla belə, sivilizasiya yaranandan XX əsrə qədər insanların həyatında musiqi çox funksional şəkildə istifadə olunduğundan, onu sırf fon məqsədi ilə istifadə etmək ağlasığmaz böyük lüks sayıla bilərdi. Çünki musiqi yalnız canlı ifa halında mövcud idi; musiqinin səslənməsi üçün mütləq musiqiçilər heyəti cəlb etmək lazım gəlir, bundan isə əksəriyyətin gücü yalnız mühüm günlərdə, şənlik və digər mərasimlərdə yararlanmağa çatırdı. Elə o dövrlərdən başlayaraq yuxarı, elitar kəsim – musiqiçiləri dinləmək və qiymətləndirmək, aşağı siniflər isə əsasən şənliklərdə rəqs etmək, bəzi cəmiyyətlərdə isə həm də yas mərasimlərində ifa üçün dəvət edirdi.
Amma yəqin demək artıqdır ki, musiqiyə qarşı passiv münasibət musiqiçiləri və musiqini qiymətləndirənləri həmişə narahat edib. Bütün dövrlərdə insanların musiqiyə diqqət etməməsindən, o cümlədən əhalinin zövqünün korlanmasından, musiqini qiymətləndirə bilənlərin azlığından şikayətlərə rast gələ bilərik. Bununla belə məsələyə geniş tarixi müstəvidə baxsaq görərik ki, əslində musiqini qiymətləndirə bilənlər də, bilməyənlər də həmişə mövcud olub. Aydındır ki, digər bacarıqlar kimi musiqini anlamaq və qiymətləndirə bilmək də sonradan öyrənilən və təcrübə ilə kamilləşən bacarıqdır.
XX əsrdə səsyazma texnologiyalarının, eləcə də radioyla televiziyanın inkişafı və yayılması musiqini tədricən hamı üçün əlçatan etdi; artıq musiqini hər yerdə – özü də illər keçdikcə, auditoriyalar böyüdükcə get-gedə daha da ucalan səslə dinləmək mümkün oldu, beləliklə istər-istəməz insanlar əvvəlki minilliklərlə müqayisədə daha tez-tez musiqini passiv dinləməli oldular.
Bu prosesin musiqi tarixinə təsiri ilə bağlı mühüm bir hadisəni xatırlamaq yerinə düşər. Səsyazma texnologiyalarının yeni yayıldığı və hələ lüks sayıldığı, passiv musiqi dinləyicilərinin sayının isə hələ ki, çox da nəzərə çarpmadan artdığı 1910-cu illərdə fransız bəstəkarı, həm fikirləri, həm də musiqisi ilə dünya musiqisində böyük dəyişikliklərə səbəb olmuş Erik Satie (Erik Sati, 1866-1925) məhz passiv dinləyicilərə ünvanlanmış musiqi yazmaq qərarına gəldi. Satie iddia edirdi ki, musiqini dinləməyənlər üçün də xüsusi musiqi yazmaq lazımdır. Onun fikrincə, musique d’ameublement (avadanlıq musiqisi) adlandırdığı musiqi bir avadanlıq kimi məkanın interyerinin tərkib hissəsinə çevrilməli; salonlar, banklar, alış-veriş mərkəzləri və digər müəssisələr, eləcə də yığıncaq və tədbirlər özünməxsus musiqiyə malik olmalıdır.
O, bu ideyasını dəfələrlə nümayiş də elətdirmişdi; deyilənlərə görə hətta Paris salonlarının birində ifaçılar Satie’nin yazdığı “avadanlıq musiqisi”ni çalmağa başlarkən salondakıların bir-birlərilə söhbəti kəsib musiqiyə diqqət etmələri müəllifi özündən çıxarmış, insanlara yaxınlaşaraq “Musiqiyə fikir verməyin. Davam edin.” deyibmiş. O dövrdə Satie’nin bu ideyası əsasən ekstravaqantlıq kimi qiymətləndirilsə və bir müddət sonra unudulsa da, tarixin gedişatı göstərdi ki, buna, sivilizasiyanın gələcəyi barədə bəstəkarın öncəgörməsi kimi də baxmaq olar.
Bu ideyaya növbəti həyat qazandıran şəxs isə XX əsr amerikan bəstəkarı John Cage (Con Keyc, 1912-1992) sayılır. 1950-ci illərdə Parisdə Satie’nin bir dostu vasitəsi ilə tanış olduğu bu fikirlər və notlar Cage’in musiqiyə baxışı ilə üst-üstə düşdüyündən, o, bu ideyaları təbliğ etməyə başlayır. İndi isə, bildiyimiz kimi, bizi hər yerdə izləyən ambient music (mühit musiqisi) artıq oturuşmuş bir janr sayılır; hətta bir çox mötəbər musiqi müsabiqələrində bu janr üçün ayrıca mükafat kateqoriyası da var. Yəqin ki, bizim bu gün getdiyimiz, olduğumuz hər yerdə musiqi ilə necə “təmin olunduğumuzu” görsəydi, Satie kinayə ilə gülümsəyərdi.
Mövzumuza qayıtsaq, passiv musiqi dinləmə prosesi barədə deyilənləri mühüm bir məsələyə vurğu vurmaqla yekunlaşdırmaq olar. Musiqini passiv dinləmək nə dinləyicinin musiqiyə hörmətsizliyi, nə də səslənən musiqinin keyfiyyətinin aşağı olması demək deyil. Çünki xüsusilə də son yüzillikdə insan demək olar hər gün istər-istəməz ətrafda səslənən musiqiyə qulaq asmalı olur və bu artıq onun iradəsi xaricindədir.
Kafedəki insan əslində ora kiminləsə söhbət etmək niyyəti ilə gəldiyindən və bu onun üçün daha vacib olduğundan onu musiqiyə hörmətsizlikdə qınaya bilmərik. Eləcə də, fon kimi onun xidmətində duran musiqi ola bilər ki, musiqi sənətinin incisi olsun, amma kafedəki playlisti tərtib edən adamın zövqünə və qərarına görə orada səslənsin. Ümumiyyətlə, bildiyimiz kimi kafe və bənzər ictimai iaşə məkanlarında fon musiqisi əsasən insanların bir-birlərinin söhbətini eşitməmələri üçün istifadə olunur. Eyni zamanda, şübhəsiz, musiqi fon kimi səslənəndə belə səsləndiyi məkanda olanların əhval-ruhiyyəsinə istər-istəməz emosional təsir edir.
Musiqi və dinləyici arasında interaktivliyin ən yüksək – aktiv halı barədə söhbətə keçməzdən əvvəl qısaca “yarıaktiv hal” barədə də danışmaq lazımdır. Bu halın bariz nümunələrindən biri rəqsdir. Ən qədim insan fəaliyyətlərindən biri olan rəqsin tarixi deyilənlərə görə dilin yaranmasından da öncəyə gedib çıxır. Ehtimal var ki, insanlar bir-birilə ünsiyyəti sözlərdən qabaq rəqsə bənzər hərəkətlərlə qururmuş. Ümumiyyətlə, təcrübələr göstərir ki, təkcə insan deyil, bir çox digər canlılar da dayanmadan təkrarlanan ritmik motivin hipnozuna, sehrinə düşür. Bu baxımdan insanın rəqs instinktlərinin kökü inanılmaz xronoloji dərinliklərdədir. Rəqs zamanı insan bir dinləyici kimi musiqinin detallarına varmağa ehtiyac hiss etmir. Onun əsas gözləntisi musiqinin nəbzinin və ya ritmik motivin stabil davam etməsidir. Beləliklə, rəqsi musiqinin “ayaqla dinlənilməsi” prosesi də adlandırmaq olar. Bu arada, musiqi dinlərkən ayaq pəncələrimizi (bəzən qeyri-ixtiyari) tərpətməyimiz də hansısa mənada rəqs elementi sayıla bilər. Şübhəsiz, bütün digər insan fəaliyyətlərində olduğu kimi, rəqsin də yüksək sənət nümunələri, o cümlədən həm rəqs, həm də musiqi sənətinin ən yüksək etalonlarına cavab verən baletlər mövcuddur.
Nəhayət, keçək musiqi dinləmənin ən “elit” növü – aktiv dinləmə halına. Musiqini aktiv dinləmə prosesi bizim musiqidə baş verən “hadisələri” maksimal konsentrasiya ilə izləməyimizə deyilir. Yəni həmin vaxt gördüyümüz yeganə iş – musiqiyə qulaq asmaqdan ibarətdir; biz həmin vaxt maşın sürmürük, söhbət etmirik, oxumuruq, yazmırıq, internet şəbəkələrində gəzişmirik və s. Hətta xəyallara da dalmırıq. Aktiv dinləmə zamanı musiqini biz sanki bir ədəbi əsərmiş kimi “oxuyur”, sanki bir filmmiş kimi “izləyirik”. Beynimiz musiqini anbaan “skan” və “təhlil” edərək “nəticələrə gəlir”. Məhz ədəbi əsər və filmdəki kimi, musiqidəki “hadisələr” də tədricən açılır, aydın olur. Burda da gözlənilməzliklərə, paradokslara təəccüblənir, nəyisə inandırıcı qəbul edir, nəyəsə inanmır, baş verən hansısa “hadisəyə” həyəcanlanır və beləcə, dinləyici təcrübəmiz artdıqca musiqidə yaxşını pisdən get-gedə daha yaxşı ayırd edə bilirik.
Amma ədəbiyyat, rəsm, film və digər incəsənət növlərindən fərqli olaraq bütün bu proseslər gözlə görünməyən, material olaraq hiss edilməyən müstəvidə, yəni təxəyyüldə baş verdiyindən bir çox fikir adamları musiqini incəsənətin ən yüksək növü, beynin musiqini dərk edərək təsəvvüründə canlandırmasından alınan həzzi isə estetik həzzlərin ən yüksəyi adlandırıb.
Hər kəs musiqinin aktiv dinləyicisi ola bilərmi? Demək olar ki, hər kəs. Bunun üçün tələb olunan birinci növbəli bacarıq – adi musiqi duyumuna malik olmaq, yəni səslənən notları bir-birindən ayırd edə və lazım olarsa həmin notları oxuya bilməkdir. Bu bacarıq isə demək olar insanların əksəriyyətində var; olmayanların sayı isə yəqin ki, rəngləri ayıra bilməyən daltoniklərin sayı qədər olar.
Bu arada, “doğma” və “yad” janrların dinləmə prosesinə təsirini də qeyd etmək lazımdır. Məsələ burasındadır ki, biz, tanıdığımız mədəniyyətə aid musiqi janrları ilə təbii səbəblərdən daha tez empatiya qura bilirik. Bu da bur növ dil bilgisi kimidir: yaxşı bildiyimiz dili tez anlayır; yaxın və qonşu dillərdə nələrisə başa düşür, nələrisə yox; yad dilləri anlamağımız üçün isə azdan-çoxdan tanış olmağımız, öyrəşməyimiz və öyrənməyimiz lazım gəlir. Eyni zamanda alətlərin tembri (səsrəngi) də burada mühüm rol oynayır: tanış musiqi alətlərində səslənən musiqi bizə daha çox aydın olur, nəinki yad alətlərdə.
Yuxarıda aktiv musiqi dinləmə barədə işlətdiyim elit ifadəsini dırnaq içində versəm də, bunu “dırnaqsız” da o cür saymağımız üçün çeşidli əsaslar var. Əvvəla, fon musiqisi altında başqa işlə məşğul olmaq, ya da rəqs etməkdən fərqli olaraq aktiv dinləmə zamanı insan musiqiylə daha yüksək sayıla biləcək təmas qurur. Bundan başqa, bayaq da qeyd etdiyim kimi, musiqi özü-özlüyündə abstrakt bir incəsənət növü olduğuna görə təxəyyül müstəvisində həzz yaşatdığından, incəsənət növlərinin ən yüksəyi sayılıb. Nəhayət, üçüncü və ən banal səbəb – musiqini aktiv dinləyənlərin tarixən elitar kəsimə mənsub olmasıdır.
Məsələ burasındadır ki, tarixən ümumiyyətlə incəsənət elitar kəsimin məşğuliyyəti olub. Qərbdə də, şərqdə də ən yaxşı təhsili – içində incəsənət də olmaqla – aristokratlar ala bilib. Məhz bu təhsilin sayəsində müxtəlif elm və sənət sahələrilə bağlı dərin biliyə malik olmaları onların bu sahələrdə nəyin önəmli və qiymətli olduğu, nəyin olmadığı barədə təsəvvürlərini inkişaf etdirib; Michelangelo, Rembrandt, Kəmaləddin Behzad, Mozart, Beethoven, Cabbar Qaryağdıoğlu – onlar hamısı dövrün və coğrafiyanın aristokrasiyasının seçimi olub. Bütün bunlardan başqa, musiqini aktiv dinləmək insandan həm də boş vaxt tələb etdiyindən, tarixən günəşin doğuşundan batışına qədər başları zəhmət çəkməyə qarışan aşağı kəsimlər belə bir lüksə malik olmayıb. Elə indinin özündə də, sadə zəhmətkeşlərin çoxu üçün musiqi hər şeydən əvvəl ya rəqs, ya da bəsit musiqi ideyalarından ibarət mahnılar deməkdir. Beləliklə, ən başda qeyd etdiyim kimi, həmişə, bütün cəmiyyətlərdə həm musiqiyə intellektual estetik həzz kimi baxanlar, həm də musiqinin yalnız instinktiv emosional təsiri ilə kifayətlənənlər mövcud olub.
Musiqini qiymətləndirərkən aktiv dinləyicilərin kriteriyaları çox olsa da, bunları iki əsas hissəyə ayırmaq olar: musiqinin özü və ifası. Bütün janrlarda bu kriteriyalarla qiymətləndirilə bilən musiqi nümunələri mövcuddur; amma aydınlıq üçün iki janrdan: klassik və jazz janrlarından misallar çəkmək olar. Klassik musiqi demək olar bütünlükdə “bəstəkar musiqisi”ndən ibarət olduğundan orada başlıca qiymətləndirmə kriteriyaları musiqini yaradan komponentlər: melodiya, harmoniya, forma və s. ilə bağlıdır. (Deyilənlərə görə məşhur rus-amerikan bəstəkarı İqor Stravinski sərhəd kontrollarının birində ondan peşəsini soruşan məmura “musiqi mühəndisi” cavabını verib.) Şübhəsiz klassik musiqinin necə ifa olunması da çox böyük şərtdir, xüsusilə də nəzərə alsaq ki, yeni tanış olduğumuz janrlarla sonralar nə qədər “dost” ola biləcəyimiz yaxşı ifalardan çox asılıdır. Jazz musiqisində isə, şübhəsiz, musiqinin melodiyası, harmoniyası, forması və s. komponentləri vacib olsa da, hər halda janrın tələblərindən ən mühümü bədahətən improvizə etmək olduğundan, jazz dinləyiciləri musiqidə əsasən ifaçılıq xüsusiyyətlərinə diqqət edir.
Başqa sözlə desək, klassik musiqini dinlərkən biz bitkin bir ədəbi əsəri oxumuş oluruqsa, jazz ifaçısını dinləyəndə sanki konkret şəxslə həmsöhbət oluruq. Birinci halda biz adətən əsəri, ikinci halda isə həmsöhbətimizin nə qədər maraqlı olub-olmadığını qiymətləndiririk.
Nəhayət, aktiv musiqi dinləmənin “ritual”ı barədə də bir-iki kəlmə yerinə düşər. Hesab olunur ki, bunun ən ideal halı yaxşı ifaçı və ya musiqi kollektivini yaxşı akustikası olan zalda dinləməkdir. Yəqin hamıya aydındı ki, bu lüks hər gün ələ düşən deyil. Amma həm ümimiyyətlə elektrotexnikanın, həm də informasiya-kommunikasiya texnologiyalarının inkişafı, bütün digər lükslər kimi artıq bunu da çoxları üçün əlçatan edib. Yuxarıda sayılan şərtləri demək olar ki, artıq evdə də yaratmaq mümkündür. Bunun üçün isə, keyfiyyətli səs sistemi və ya qulaqlıq kifayət edir. Yerdə qalır – əgər səs sistemi ilə dinləyiriksə – ətrafda səssizliyin təmin olunması və diqqətimizi cəmləmək. Bunu da mütləq qeyd etməliyəm ki, musiqini qiymətləndirməyi bacaran insanların çoxu musiqini gözüyumulu dinləməyə üstünlük verdiklərini deyir. Onların fikrincə göz vasitəsilə beynin qəbul etdiyi istənilən informasiya musiqinin dərkinə və onunla maksimal bağlantı qurmağa mane ola bilər.
Sonda, yəqin ki, hamını maraqlandıra biləcək bir sual: musiqini təxəyyüldə necə canlandırmaq olar? Hər kəsin təxəyyülü özünəməxsus olduğundan, bunun dəqiq cavabı yoxdur. Aydındır ki, professional musiqiçilər üçün bu suala cavab vermək nisbətən asandır: onlar ən azından səslənən notların alətdə yerləşdiyi məqamları (muğam sözünün də kökü buradandı), bəziləri isə (bəxtlərinə yaxşı solfecio müəllimi düşənlər) həm də notda yazılışını bildiyindən bunu nə cürsə vizual təsəvvür edə və bir-birlərinə ötürə bilir.
Amma paradoksal hal buradadır ki, bəlkə də bu biliklər professionalların təxəyyülünü hansısa mənada müəyyən çərçivələrə sığışdırdığından, qeyri-musiqiçilərin fantaziyası musiqini daha özünəməxsus və gözlənilməz şəkillərdə təsəvvür edir. Qeyri-musiqiçilərlə söhbətlərimdən belə məlum olub ki, musiqi dinlərkən onların bəzisinin təxəyyülündə musiqi ya bir abidə kimi “tikilir” , ya bir rəsm kimi “çəkilir”, ya da xalça kimi “toxunur”; bəziləri onu film kimi “izləyir”, bəzilərinin təxəyyülündə tanış olmadığı fiqurlar canlanır və s.
Ümumiyyətlə musiqinin vizuallaşdırmaq və materiallaşdırmaq üçün həmişə cəhdlər edilib və aydındır ki, bunların hamısı çox subyektiv olub. Bu gün bu işlə məşğul olanların arasında ən nəzərəçarpanlardan biri amerikan bəstəkar və proqramist Stephen Malinowski sayılır. O, kompüter qrafikası ilə (klassik) musiqini “göstərir” və bunu özünün Youtube kanalında paylaşır. Amma o, buna bir professional musiqiçi kimi – “not məntiqi” ilə yanaşdığından, bu işləri musiqinin təxəyyüldə canlandırılması adlandıra bilmərik. O, sadəcə ustalıq və zövqlə notları vizuallaşdırır, musiqidəki plastları rəng fərqləriylə təqdim edir; amma hər halda, Youtube kanalındakı videolara yazılan şərhlərdən belə məlum olur ki, vizuallaşdırmanın bu cür “nota sadiq” variantı belə qeyri-musiqiçilərin musiqini təsəvvür etmələrinə inanılmaz kömək olur. Yazını, onun kanalından hamının yaxşı tanıdığı bir musiqi parçasının vizuallaşdırılmış halını təqdim etməklə bitirirəm.
Daha nələri oxumaq olar
Vəziyyətə uyğunlaşmaq haqqında
Hörmətli Mirmehdi bəy yazır: “Hələ də rus sözlərini gündəlik dilimizdən silib ata bilmirik. Gündəlik danışıq dilimizə fikir versək, istifadə etdiyimiz...
Mətni gör