Azərbaycanda mövcud iqtisadi qurumlar arasında ictimaiyyəti və KİV-ləri daha çox maraqlandıran keçmiş Vergilər nazirliyi (indi xidməti) və Dövlət gömrük komitəsidir. Bir çox insan, misal üçün, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti barədə ümumiyyətlə məlumata malik deyil. Ən yaxşı halda Əmlak Komitəsini yada salmaq mümkündür, onu da ləğv edib, İqtisadiyyat nazirliyinə birləşdirdilər. Nəticədə, cəmiyyətin iqtisadiyyatla bağlı iki tip müzakirə mövzusu var: daim dəyişən Vergi Məcəlləsi (elə görünür ki, müvafiq nazirlik öz qarşısına “bir ilimiz də dəyişikliksiz keçməsin” proqramı qoyub) və gömrükdə ödənişlərin yüksək olması. İqtisadi siyasətin müəyyən edilməsi və iqtisadi islahatların həyata keçirilməsi kimi strateji məsələlər cəmiyyət tərəfindən heç yada da salınmır.
Dövlət Gömrük Komitəsi də son aylarda Vergilər xidmətinin daha məşhur olduğunu görüb, özünə maraq cəlb etməyə çalışdı və bunun nəticəsi kimi bir tərəfdən komitə, digər tərəfdən isə bir neçə iqtisadçı arasında maraqlı müzakirələr yarandı. Əsas mövzu avtomobillər, xüsusən də, hibrid avtomobillərin Azərbaycana gətirilməsi idi. Bu məsələ hələ iyul ayından danışılmaqda idi. İyulun 5-i REAL TV hibrid avtomobillər ilə bağlı bir reportaj hazırlamışdı. O reportajda Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin (İdarənin adını qısaltmaq da olmur, əks halda bizdə DGKGTTÖBİ alınacaq) rəisi Mirqasım Vahabov bir neçə maraqlı fikir səsləndirmişdi:
“Belə təhlillər aparılıb ki, bu maşınların əgər hibrid avtomobillərini rüsumlardan azad etsək, bu digər yanacaq ilə işləyən maşınların rəqabətliliyini pozacaq… Onda həm idxalçıların, digər idxalçıların hüquqları qorunmalıdır, çünki hibrid maşınlar qeyd etdiyim kimi, mühərrikin həcmi eynidirsə və tətbiq olunan aksiz dərəcələri eynidirsə, rüsumlar eynidirsə və eyni zamanda ƏDV də eyni qaydada tətbiq olunursa, onda fərq necə ola bilər ki, digər maşınlar üstünlük veriləcək hibridə, ad olacaq hibrid, amma dövlətin büdcəsindən yayınma kifayət qədər imkan yaranacaq. Mən sizə deyim ki, son 6 ayda ölkə idxalına 285 sayda hibrid avtomobillərinə görə dövlətin büdcəsinə 2 milyon manata qədər gömrük ödənişləri alınmışdır… təkcə hibridli maşınların rüsumlarının aşağı endirilməsi ilə bu avtomobil parkının müasirləşdirilməsini şərtləndirməyəcək, yəni burada qeyd etdiyim kimi, buna sui-istifadə hallarına çox yol verilə bilər və istehlak bazarında, maşınların satışı bazarında rəqabətlilik pozula bilər. Yəni hər hansı bir güzəştlər verilərsə hibridli maşına, halbuki qeyd etdiyim kimi, bu həm akumulyator enerjisi ilə işləyir, eyni zamanda deməli yanacaq ilə işləyir. Ona görə də sırf yanacaq ilə işləyən maşınlar isə, yəni o maşınların idxalı ilə məşğul olan insanlar tamamilə bazarda bu və ya digər formatda bundan sui-istifadəyə yol verməyə çalışacaqlar”.
Vahabov 2 dəqiqə ərzində verdiyi müsahibədə həm hibridlərin texniki quruluşu, həm dövlət büdcəsinin doldurulması, həm də rəqabətliliyinin (!) pozulması kimi məsələlərə toxunmağı bacardı. Amma müsahibənin əsas ideyası ondan ibarət idi ki, hibrid avtomobillərə hər hansı güzəştin verilməsi bazarın digər üzvlərinin hüquqlarının pozulması olacaq. Yeri gəlmişkən, gömrük xidmətinin belə yanaşması təəccüblü idi. Ən azı ona görə ki, gömrük insanların ən çox hüquqlarını pozan qurumlardan biri hesab olunur (xarici invoyslara baxmadan qiymətin özləri tərəfindən müəyyən edilməsi, hər hansı bir kiçik səhvə görə cərimələməsi və s.). Amma maraqlıdır ki, deyəsən digər idxalçıların hüquqları mövzusu çox da böyük dəstək almadı. Düz 4 ay sonra, artıq noyabrın 4-də M. Vahabov Report informasiya portalına verdiyi müsahibədə güzəştlər ilə bağlı o qədər də qəti deyildi:
“Ölkəmizdə minik avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması… kimi məsələlərlə bağlı aidiyyəti qurumlarla birgə müzakirələr aparılmaqdadır… Qeyd olunan minik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələr aidiyyəti mərkəzi icra orqanları ilə birgə müzakirə edilməkdədir”.
Yəni 4 ay ərzində nəsə maraqlı bir proses baş verdi ki, aidiyyatı qurumlar artıq güzəştlərin tətbiq edilməsini müzakirə etmək qərarına gəldi. Düzdür, DGK proqnozlaşdırırdı ki, əgər yarım il ərzində ölkəyə 285 hibrid avtomobil gətirilibsə, ilin sonuna onların sayı 2 dəfə artacaq. Amma 9 ayın nəticəsinə görə, artıq onların sayı 609 təşkil edib. Eyni zamanda ƏDV-si ləğv olunan elektrik avtomobillərinin sayı isə 5-dir. Yəni müəyyən güzəşt verilən avtomobillərin sayı artmır, amma heç bir imtiyazı olmayan və ekoloji cəhətdən nisbətən daha yaxşı olan (misal üçün, ən məşhur hibrid olan Prius 100 km üçün 4,5 litr benzin xərcləyir və onun havaya tullantıları adi avtomobillərdən 2 dəfə azdır) avtomobillərin idxalı artır. İdxalı artmasına və ekologiyaya xeyr verməsinə baxmayaraq gömrük hələ də güzəşt verməyə hazır deyil. Maraqlıdır ki, ekologiya naziri bu yaxınlarda çıxış edərkən qeyd edib ki, “hazırda ölkəmizdə atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi nəqliyyat sektorudur”. Yəni bunu azaltmaq olar, amma gömrüyün fikrincə qazanmaq daha üstündür.
Maraqlıdır ki, DGK əməkdaşlarının fikrincə gömrüyün əsas funksiyası dövlət büdcəsinin doldurulmasıdır. Amma hətta Gömrük məcəlləsində belə bir bənd yoxdur. Belə ki, gömrük məcəlləsinə görə, gömrük xidməti “gömrük qanunvericiliyinin tətbiqinə, habelə gömrük ödənişlərinin tutulmasına görə məsul olan dövlət xidməti”dir, gömrük orqanı isə “gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi”ni təşkil edir. Hər hansı dövlət büdcəsinin gəlirləri barədə burada qeyd edilmir. Əlbəttə ki, onların yığdığı ödənişlər birbaşa dövlət büdcəsinə gedir. Amma burada məqsəd və nəticə anlayışları qarışdırılır. Yəni gömrük işçilərinin məqsədi gömrük xidmətinin yerinə yetirilməsidir. Dövlət büdcəsi gəlirləri isə onların fəaliyyətinin nəticəsidir. Gömrük ümumiyyətlə özü-özlüyündə iqtisadi nəzəriyyənin proteksionizm istiqamətinin praktiki təcəssümüdür. Yəni onun əsas məqsədi daxili bazarı müdafiə etməkdir. Bu zaman büdcə gəlirləri həm arta bilər, həm azala da bilər (vəziyyətdən asılı olaraq). Bu cəhətdən yeri gəlmişkən, iqtisadçı Natiq Cəfərli maraqlı bir fikir irəli sürdü. Onun sözlərinə görə,
“Azərbaycan avtomobil istehsal etmir… avtomobil istehsalı adlandırmaq üçün maşının detallarının ən azı 25%-i ölkəmizdə istehsal olunmalıdı. Bizdə isə yerli olan ancaq maşınların təkərinə vurulan havadı… Paralel olaraq da Azərbaycan hökuməti avtomobillərə yüksək rüsum, aksiz vergisi qoyur, hələ bir ƏDV də alır”.
Yəni onun sözlərinə görə, ən azı bu sahədə daxili bazarın olmamasına görə, gömrük heç bir daxili bazarı müdafiə etmir. Bu statusun səbəbi DGK-nin bu günlərdə verdiyi maraqlı bəyanat olub. Məlumata görə:
“Gömrük orqanları tərəfindən aparılan müşahidələr nəticəsində müəyyən olunub ki, son dövrlərdə Azərbaycan Respublikasında yaşayan, xarici vətəndaşlığı və ya ikili vətəndaşlığı olan şəxslər tərəfindən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin həmin ölkələrdən alınmaqla ölkə ərazisinə müvəqqəti gətirilməsi halları kütləvi xarakter alıb. Qanunvericiliklə müəyyən olunmuş 90 gün ölkə ərazisində qalma müddəti başa çatdıqdan sonra müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələri onları gətirən şəxslər tərəfindən ölkə ərazisindən geri aparılır və qısa zaman ərzində yenidən 90 gün müddətinə ölkə ərazisinə müvəqqəti olaraq gətirilir”.
Gömrük xidmətinin fikrincə bu hallar qanundan sui-istifadədir. Bu çox maraqlı yanaşmadır. Çünki əgər qanun müvafiq əməliyyata icazə verirsə, bundan niyə siravi vətəndaş istifadə etməməlidir? Yəni insanlar nəyəsə görə Gürcüstanda maşın əlbə edib, orada qeydiyyata salıb Azərbaycanda işlətməyə Neftçala Avtomobil Zavodunun buraxdığı Xəzər avtomobillərin alınmasına nisbətdə daha böyük üstünlük verirlər. Nəticədə dövlət özü almağa məcburdur. Rəsmi rəqəmlərə görə ilin əvvəlindən satılmış 1760 yerli avtomobildən ən azı 609-u dövlət qurumlarına satılmışdı.
Gömrük xidməti eyni zamanda dövlət idarəetməsinin tərkibi olduğuna görə iki məqsəd qarşısında qoymalıdır: ölkə ekologiyasının yaxşılaşdırılması və yerli avtomobillərin satışının artması. Amma nəyəsə görə, onlar hibrid avtomobillər ilə, ümumiyyətlə əhalinin maraqları ilə mübarizə etmək yolunu seçiblər. Başqa sözlə faktiki olaraq DGK dövlət qurumu funksiyası yox, hansısa kommersiya şirkəti funksiyası daşımağa başlayıb və bazara öz şərtlərini diktə etmək niyyətindədir. Nəticədə həm Azərbaycan vətəndaşlarının xərcləri artır, həm də ekologiyamız pozulur…
İstifadə olunmuş mənbələr
Hibrid avtomobillərlə bağlı açıqlama. REAL TV. 05.07.2019. URL: https://www.youtube.com/watch?v=JsO2fCA4jUk
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı. URL: https://customs.gov.az/az/faydali/xeberler/3936_/
Mirqasım Vahabov: “Avropadan Azərbaycana ucuz dizel avtomobillərin idxalı artmaqdadır”. URL: https://report.az/biznes/mirqasim-vahabov-avropadan-azerbaycana-ucuz-dizel-avtomobillerinin/
Natiq Cəfərlinin 25.11.2019-cu il statusu. URL: https://www.facebook.com/natig.jafarli/posts/10218723737338241
“Hybrid” avtomobillərin gömrük rüsumundan azad edilməsi məqsədə uyğun deyil. URL: http://marja.az/news/50393
Vəli Əliyevin 27.11.2019-cu il statusu: https://www.facebook.com/veli.aliyev.37/posts/2843929958965107







