30 ili adlayan Ermənistan-Azərbaycan münaqişəsi yeni mərhələyə daxil olur?
Bu il siyasi-ictimai həyatda çox hadisələr baş verdi, saymaqla bitməz. Xüsusilə Qarabağ problemi kontekstində bu il çox qaynar keçdi desək, yanılmarıq. İl ərzində Azərbaycan və Ermənistan arasında müxtəlif sahələrdə atışmalar, atmacalar, açıq mübahisə və müzakirələrlə yadda qaldı, son olaylardan sonra jurnalistlərin qarşılıqlı səfərləri də çox dərin skeptik şərhlərə, acı istehzaya və hətta hiddətə səbəb oldu. Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya meydan oxuyucu tərzdə Qarabağda muğam dinləməyə etdiyi dəvət isə sırf qadın hikkəsinin rəmzi idi. Çünki məntiqdən kənar bu söhbətdə Anna xanıma sual edilə bilərdi ki, onun Qarabağa hansı aidiyyatı ola bilər, bir halda ki, ərinin baş naziri olduğu ölkə rəsmi olaraq bu bölgəni (özlərinin tanımadıqları halda) “müstəqil” hesab edirdi hər zaman?
Sırf siyasi məcrada isə xüsusi qeyd ediləsi hadisə noyabrın 11-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Yerevanda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ilə görüşdən sonrakı bəyanatı olmuşdu: “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir müqavilə imzalana bilməz” və bu sözlərin Azərbaycanda necə bir reaksiya doğurduğunu xatırlatmağa ehtiyac yoxdur. Yeganə onu qeyd edə bilərik ki, beləcə bizim tərəfə sülh danışıqları aparmaq üçün demək olar ki, heç bir şans saxlanmır, bu artıq müharibə öncəsi gərginliyin son həddidir.
Proseslər bütün keçən yayı müstəsna olaraq gərginləşmədə davam edirdi. Qarşı ölkənin baş naziri Nikol Paşinyanın avqustdakı “Artsax Ermənistana məxsusdur, nöqtə.” kimi tamamilə məsuliyyətsiz və populist bəyanatına cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev Soçidə “Valday” forumunda “Qarabağ – bu Azərbaycandır və nida işarəsi!” kimi cavabı buna dəlalət edirdi.
Kiçik haşiyə. Gərginləşmə siyasətlə yanaşı idman sahəsindən də yan keçmədi. Ölkə çempionu “Qarabağ” klubu oktyabrın əvvəlində Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqda yerli “Düdelanjı” 4:1 hesabı ilə məğlub etdi, lakin oyun zamanı stadionda məyusedici hadisə baş verdi – “Qarabağ” erməni təxribatı ilə üzləşdi. Matçın 30-cu dəqiqəsində, ikinci qol vurulduqdan sonra meydana dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı endirildi, futbolçularımızın etirazı nəticəsində hakim oyunu dayandırmalı oldu və matçda 25 dəqiqəlik fasilə yarandı. Nəticədə Lüksemburqun idman naziri stadionda ölkəsinin hökuməti adından hadisə ilə bağlı futbolçularımızdan üzr istəməli oldu.
Həyatın fərqli sferalarında – siyasət, idman, kültür və s. – baş verən bu hadisələr Qarabağ konfliktinin 30 illik tarixinə rəğmən heç də sönməyib, əksinə daha da alovlanmağa doğru getdiyinə çox bariz nümunədir. Bu acı hadisələrə maksimal geniş rakursdan baxmaq üçün kiçik tarixi ekskurs zəruridir.
Tarixi ekskurs
Bu il bəşəriyyət müstəsna faciəli II Dünya Müharibəsinin başlanmasının 80 illiyini qeyd etdi. Sentyabrın 1-də başlayıb (1939) 2-də (1945) bitən bu müharibə formal olaraq 2-ci adlandırılır, əslində, o, düz 105 il öncə, 1914-cü ilin məşum avqustunda başlamış Böyük Müharibənin 1918-ci ildən sonra yenidən alovlanmış növbəti mərhələsi idi.
Məsələnin dərinliyinə getsək məlum olar ki, əslində onun 1939-cu ilin sentyabrından hesablanması da formallıqdan ibarətdir, çünki Yaponiyanın 1930-cu illərdə tədricən Çinə daxil olub oradakı işğalçı müharibəsinə Sovet İttifaqının kifayət qədər aktiv, Qərbin isə passiv şəkildə qoşulması da Böyük Müharibənin izlərindən hesab etmək olar.
Kiçik haşiyə. Əslində, I Dünya Müharibəsi çox şərti bir termindir, çünki sual oluna bilər, nədən yalnız 1914-cü ildə baş vermiş böyük konflikt Dünya Müharibəsi adlandırılır, ancaq, tutalım, XIX əsrin ortasında baş vermiş və o zamanın bütün aparıcı dövlətlərinin iştirak etdiyi, nəhayətdə 1 milyon insanın məhv olduğu qanlı Krım müharibəsi (1853-1856) belə hesab edilmir? Yaxud daha öncə, XVIII əsrin ən böyük konflikti, yenə də həmin dövrün bütün aparıcı dövlətlərinin iştirakı ilə paralel olaraq bir neçə qitədə (Avropa və Şimali Amerika, Karib dövlətləri hövzəsi və Hindistan, Filippin və s.) baş verən böyük Yeddiillik müharibə (1756-1763) hesab edilmir?
Böyük Müharibənin izləri və təsirləri çağdaş dünyadakı bütün sahələrdə özünü göstərdi, onun səbəbindən hazırda mövcud olan bir çox dövlətlər (əsasən Şərqi Avropa dövlətləri nəzərdə tutulur) məhz 1918-ci ildə yaranmışdır, o cümlədən keçən il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Respublikası.
Eyni zamanda bizim qonşu dövlətlə mövcud olan və nəinki hər iki dövlətin inkişafını tormozlayan, əslində bütün regionu zəhərləyən 30 illik konfliktimizin köklərində tarixi kontekstlər çox vacib və əhəmiyyətli bir yer tutur.
Azərbaycan Dövlətinin yaranması anlamında Qafqaz bölgəsində bizim üçün ən vacib və həlledici hadisələr düz 200 il öncə, XIX əsrdə baş verdi. Böyük regional müharibələrin nəticəsində Rusiya Qafqazlara gəldi, ardıcıl olaraq bu regionda bütün mövcud rəqiblərini üstələyərək Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanması ilə burada əsaslı şəkildə oturuşdu.
Qafqazda yeni konfiqurasiya
Beləliklə XIX əsrin ortalarında bir neçə böyük regional müharibələrin (rus-İran və rus-Osmanlı müharibələri, imam Şamilin başçılığı ilə Qafqaz müharibəsi) sonucu kimi Rusiya Qafqazlarada son olaraq oturuşdu və bundan sonra yerli əhali ilə işləmlər başlandı. Bu işləmlərin bir hissəsi qarşı tərəflə bağlanmış sonuncu, Türkmənçay müqaviləsində qeyd edilmişdi, belə ki, bu sənədin XII maddəsində deyilirdi:
Sitat. “Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır; onlardan Arazın hər iki tərəfindən tərpənməyən əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. […]”
Bu o demək idi ki, bu regionda yaşayan əhali üçün daha komfortlu hesab edilən (yaşadığı ənənəyə, öyrəşdiyi qaydalara, o dövrdə müstəsna əhəmiyyət kəsb edən dinə uyğunluq və s.) tərəfə köçmək yolları açıqdır. Bunun nəticəsində Arazın şimalında yaşayan şiə əhalisinin passionar hissəsi təbii ki, onlara yaxşı nəsə vəd etməyəcək yeni qaydalardan yan keçmək üçün üzü cənuba, eyni zamanda İranda yaşayan erməni əhalinin passionar (yəni siyasi aktiv, işgüzar və s.) hissəsi isə “xristian imperiyasına” köçmək üçün şimala üz tutacaq.
Nəticədə iki imperiya arasında erməni-müsəlman passionar əhalisinin bizim üçün yaxşı heç nə vəd etməyəcək dəyişməsi baş verdi. Paralel olaraq regional müharibələr nəticəsində erməni əhalisinin ümumiyyətlə qonşu dövlətlərdən kütləvi olaraq Cənubi Qafqaza köçürülməsi də həyata keçirilirdi və ermənilərin həmin dövrdən başlayaraq Qafqazda, eyni zamanda Rusiyanın özündə belə müstəsna aktivliyi məhz bu faktorlarla izah edilir.
Kiçik haşiyə. Bölgəyə Rusiya İmperiyasının gəlişi, yeni nizamın oturuşu ilə eyni vacib bir tərs mütənasiblik bizimlə gürcülərə münasibətdə baş verdi. Belə ki, onlar ortodoks (pravoslav) dininə aid olan xalq kimi Rusiya İmperiyası üçün Qafqazda avtomatik xüsusi statusa malik idilər, əslində isə gürcü əyan sinfi ən ali rus təbəqəsinə çoxdan daxil olmuşdu, cəmi 100 il sonra isə faktiki sovet imperiyasının hakim elita sinfini (bu zaman Yenukidze-Svanidze-Çxeidze-Tsereteli-Ordcokonidze-Stalin-Beriya və s. kimi başdakı fiqurlar aysberqin yalnız zirvəsi idi, bunun əsasında gürcülərin SSRİ-nin mərkəzində formalaşmış və dərin kökləri olan siyasi, kültür və s. elitası vardı) müəyyənləşdirib sovetlərin bir növ “çar xalqına” çevriləcəkdi. Biz də şiələr kimi İranda əsrlərlə məhz bu üstünlüyə malik idik, bizim elita oranın hakim sinfini müəyyənləşdirirdi, lakin Rusiyada bu mümkün deyildi.
Qısaca, Rusiyanın bölgəyə gəlişi ilə bu regionda, bütün etnoslar, o cümlədən bizim üçün tamamilə yeni konfiqurasiya yarandı. Bu dəyişikliklər konkret bizlərə nisbətdə istər mənfi, istərsə də müsbət xarakter daşıyırdı. Müsbət dəyişiklik Qafqazlara gəlib oturuşmuş Rus İmperiyasına bizim bir xalq kimi milli identifikasiyamızın peyda olmasının sərf etməsi idi. Burada başlıca məqsəd cənubdakı rəqib imperiyanın və xüsusilə fars dilinin regiondan tamamilə çıxarılması idi ki, regionun rus assimilyasiyasına qədərki ilk dövrdə bunun qarşılığında yerli türk (Azərbaycan) dilinin qalxınışması idi.
Bu barədə istər görkəmli Polşa və ABŞ tarixçisi, Azərbaycanşünas Tadeusz Świętochowski, istərsə də başqa tədqiqatçıların kifayət qədər araşdırmaları mövcuddur. XIX-XX əsrlər boyu bu istiqamətdə baş verən proseslər, Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi kimi titanik fiqurların meydana çıxması, dilimizdə yazılmış ilk pyeslər və dərc edilən qəzetin peyda olması, sekulyar həyatın sütunlarından olan milli teatr və operamızın yaranması, XX əsrin əvvəlində kültür və siyasi həyatımıza gün kimi saçmış böyük bir ziyalılar nəslinin peyda olmasının əsası, çıxış nöqtəsi idi.
Veliçkonun baxışı
Baş verən proseslər şübhəsiz ki, qonşularımıza da təsirsiz ötüşmədi. Gürcülər və ermənilər haqda qısaca qeyd edildi, amma yaxşı olardı ki, bu proseslərə başqa optikadan – Qafqazda dominant çar siyasəti linzasından bir baxış atılsın.
Xatırlayanlar bilir ki, keçən əsrin 90-cı illərin otralarında Vasili Veliçko’nun (1860-1904) “Qafqaz” (“Кавказ: Русское дело и междуплеменные вопросы”, 1904) əsəri (orada ermənilərə çox ağır ittihamlar irəli sürüldüyünə görə) Azərbaycanda necə populyar idi. Əslində qatı şovinist olan Veliçkonu əsla elmi mənbə hesab etmək olmaq, lakin özümüzə, yəni tək azərbaycanlılara yox, bütün qafqazlılara məhz imperiya siyasəti optikasından baxmaq üçün onun bəzi müşahidələrini maraqlı hesab etmək olar.
Veliçko həmin əsərində gürcüləri və azərbaycanlıları (адербейджанские татары) imperiya prizmasından çox yüksək qiymətləndirir.
Sitat. “Gürcülər təbbəə sözünü əminliklə səsləndirməyi sevirlər.. Bu Qafqazın simvolik dilində Hökmdara sədaqət, itaət göstərmək, lakin Qafqaz hakim dairələrinə tabe olmamaq deməkdir… Azərbaycanlılar isə “hüdudsuz, qüdrətli, patriarxal-ədalətli hakimiyyətin kor-koranə tərəfdarları”dılar. Və buna görə də, dövlətçilik və hüdudsuz monarxiya ideyasına kortəbii və orqanik şəkildə şərik çıxırlar.”
Aydın görünür ki, müəllif üçün bizim müsbət olmağımızın başlıca səbəbi nədir. Faktiki olaraq Veliçko “Qafqaz” əsərində erməniləri “siyasi xalq” adlandırır, gürcüləri və bizi isə qeyri-siyasi. Bir daha qeyd edək ki, bu yalnız sırf onun şəxsi baxışı deyildi, mənsub olduğu rus şovinist dairələrin ümumiləşdirilib ifadə edilmiş nəzəri idi.
“Siyasi” və “qeyri-siyasi” xalq təsnifatı
Maraqlıdır, görən Qafqazdakı başlıca toplumları (gürcülər, ermənilər və biz) bu tip – “siyasi” və “qeyri-siyasi” kimi kateqorizasiya edərkən Veliçko konkret nəyi nəzərdə tuturdu və bu təsnifatlandırmanın nə kimi əsası vardı?
Şübhəsiz ki, Veliçkonun bu fikiri heç də əsassız deyildi və başlıca anlamı bu toplumların faktiki olaraq tarixin müxtəlif ictimai-siyasi mərhələlərində yaşaması idi. Belə ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində ermənilər burjuaziyası formalaşmış və kapitalist münasibətlərə daxil olmuş bir cəmiyyət idisə, bizimlə gürcülərin başlıca hissəsi əsasən feodal münasibətlərdə qalırdı. Qafqazda bu dövrdə ermənilər qədər sənaye-bank sektorunu ələ keçirəcək, texniki sferada, mühəndis işlərində, memarlıq (buna əmin olmaq üçün Tiflis və Bakının memari irsinə azacıq diqqət etmək kifayətdir) və səhiyyədə, qısası həyatın bir çox önəmli sahələrində dominantlıq edə biləcək başqa etnos yox idi. XX əsrin əvvəlində Qafqazda ermənilərin əlində maliyyə, təşkilati və başqa anlamlarda çox böyük üstünlüklər cəmləşmişdi və bizimlə müqayisədə bu, xüsusilə gözə çarpırdı.
Kiçik haşiyə: Ən sadəsini etsək – həmin dövrdə təhsil alan erməni və müsəlman uşaqların, məktəbli və tələbələrin sayını qarşılaşdıraq, dəhşətli bir mənzərə alınar. Eyni zamanda onları tərbiyə edən anaların cəmiyyətdəki sosial-ictimai vəziyyəti, bu toplumlarda qadınların yeri və rolu da nəzərə alınmalıdır. Dini faktordan isə ümumiyyətlə danışmırıq, o barədə klassiklərimiz hər şeyi kifayət qədər aydın və qabarıq ifadə ediblər.
Bakıda neft sənayesi fonunda formalaşmış kiçik neftxuda təbəqəsini saymasaq, bizim elita “bəylərlə plov yemir ki, bığı yağa batar” kimi adamlardan, “pambıq bəyləri”nin təşkil etdiyi əyan təbəqəsindən ibarət idi. Gürcülərin vəziyyəti də təxmini buna bənzər idi – xançal taxıb, şərab içib Tiflisdə goburnatnan oturub-duran, özündən razı knyazlar. Bunlardan kənar az qala bütün əhali bizdə də, gürcülərdə də başlıca olaraq aqrarlardan ibarət idi. Yeri gəlmiş həmin dövrdə gürcülər Tiflisdə milli azlıq təşkil edir, başqa etnoslar, xüsusilə ermənilər və müsəlmanlar (azərbaycanlılar, kürdlər və s.) şəhərdə əsas söz sahibi idilər, necə ki, həmin dövrdə Bakıda bizim heç bir mütləq çoxluğumuz yox idi.
Kiçik haşiyə: Bu haqda dəfələrlə yazmışam, Bakı şəhəri dünya sənaye inqilabının nəticəsində baş verən qalxınışından sonra, yəni XIX ərin ikinci yarısındakı və sonra XX əsr boyunca (hətta sovet dövründə nominal olaraq bizim paytaxt olsa da) faktiki bizə məxsus olmayıb, onun bizimkiləşməsini isə yalnız XX əsrin sonunda baş vermiş hadisələrdən sonrakı dövrə aid fakt kimi konstatasiya etmək olar. Bu məsələnin kökündə bir neçə dərin səbəb yatırdı, onlar haqda burada geniş söhbət açılıb.
Əlbəttə, hər iki toplumda (gürcü və müsəlman) kiçik istisnalar mövcud idi, bu dövrdə hər iki cəmiyyətin gələcəyində vacib rol oynayacaq parlaq ziyalılar təbəqəsi yetişmişdi, lakin bunlar həlledici deyildi, əyanlar xaric, hər iki toplumun əsas strukturunu başlıca olaraq aqrar təbəqə təşkil edirdi, şəhər münasibətləri isə yenicə yetişməkdə idi, ermənilərdən fərqli olaraq milli burjuaziyadan isə hələlik söhbət gedə bilməzdi, bir daha, əgər istisnaları saymasaq.
Bu fonda ermənilər çox aşkar fərqlənir və təbii ki, siyasi aktivliyi ilə seçilirdi, milli identifikasiya məsələsində də onların kilsəsi (bir xalq = bir din, yəni başqa heç bir yerə uzantısı olmayan, yalnız ermənilərə məxsus olan qriqoryanlıq məzhəbi) müstəsna rol oynayırdı, təbii ki, rus şovinisti Veliçko və onun mənsub olduğu təbəqəni bunlar qıcıqlandırmaya bilməzdi.
Kiçik haşiyə: Qeyd etmək gərəkdir ki, ermənilərin fəaliyyəti heç də Rusiya və Qafqazla məhdudlaşmırdı, Osmanlıda da bu toplum istər hakimiyyət daxilində ali məqamlarda, istərsə də ona müxaliflikdə xeyli aktiv mövqelərə sahib idi. Ən dərin məyusluğu yəqin ki, dünya güclərinin 1878-dəki Berlin konqresindən sonra keçirən ermənilər siyasi partiya və terroru özündə birləşdirən dünyanın ilk qurumlarını yaratdılar, bunlardan ən məşhurları “Hnçaq” (1887) və məşum “Daşnaksutyun” (1890) idi. Sonuncu Balkan müharibəsində Osmalının qəfil çöküşü və general Skobelevin ordusunun İstanbula faktiki daxil olmasından sonra imperiyanın xristian toplumlarında müstəqilliyə böyük ümidləri yaranmışdı. Lakin imperiyanın qərbində yerləşən Serbiya və Bolqarıstan (qismən) buna nail olub müstəqil dövlət statusu alsalar da, ermənilərin bu arzularının üzərindən böyük bir xətt çəkildi, onlar bu müharibədən demək olar ki, heç bir nəticə hasil edə bilmədilər və açıq terrora əl atmağı qərarlaşdırdılar. Bu da istər onların özü, istərsə də başqaları üçün çox faciəli nəticələrə gətirib çıxardı.
Tarixin dolanbacları
Yuxarıda bəhs edildiyi kimi XX əsrin əvvəllərində Qafqazda ermənilər baş verə biləcək hadisələrə ən hazırlıqlı etnos kimi regionun başlıca şəhərlərini – Tiflis və Bakının maliyyə resurslarını nəzarətdə saxlayır, siyasi və hərbi anlamda da kifayət qədər yaxşı təşkilanması ilə seçilirdilər.
Lakin tarixin qəribə dolambacları olur, Birinci Dünya müharibəsi zamanı bir çox müstəsna gözlənilməz hadisələr baş verdi. Qafqazda, əslində heç bir etnosun gözləmədiyi müstəqillik əldə olunarsa, qeyd etdiyimiz kimi buna ən hazırlıqlı olanı ermənilər belə son nəticədə Tiflisin gürcülərin, Bakının isə bizim paytaxtımız olmasına, tarixin belə bir hədiyyəsinə hazır deyildilər. Heç kim hazır deyildi.
Bu regionda həqiqətən də gözlənilməz olan müstəqillik aktlarının 1918-ci ilin mayının sonunda ard-arda imzalanması başqa bir gözlənilməz hadisə ilə bağlı idi – Rusiyadakı qəfil inqilab və imperiyanın çöküşü, almanlar üçün Şərq cəbəhəsinin Brest-Litovsk sülhü ilə bağlanması. Gürcülər 1918-ci ilin 26 mayında müstəqillik elan etməzdən əvvəl çox dərin tərəddüd hissi keçirmişdilər, özünü cəmi bir ay öncə müstəqil konfederasiya elan etmiş Transqafqaz Seymində erməni və müsəlman fraksiyaları təkidlə onları bu addımı atmamağa çağırırdı, lakin Qafqazın Cənubunu və Qara Dənizin şərq sahillərini bütünlüklə Osmanlıya vermək istəməyən almanların iradəsi və dəstəyi ilə bu addım atıldı, nəticədə iki gün sonra öncə ermənilər, ardınca isə biz müstəqil dövlətimizi elan etdik.
Kiçik haşiyə: 101 il əvvəl həqiqətən də böyük bir mövcüzə baş verdi. Qurucu Atalarımız müstəqil dövlətimizi bəyan etdi, ardınca isə onların dəmir iradəsi və tarixin hökmü ilə Qafqaz İslam Ordusu Bakı kimi bir şəhəri bizim ölkənin paytaxtına çevirdi. Əgər o zaman bu baş verməsəydi, sonradan Bakı artıq heç bir halda Azərbaycanın tərkibinə daxil edilməyəcəkdi – buna dəlalət edən bir çox sübutlar var. 100 il əvvəl baş vermiş bu tarix bizim xalq olaraq müstəsna uğurlarımızdan biridir, buna görə Qurucu Atalarımıza və Qafqaz İslam Ordusuna borcluyuq.
Sovet dövrü
Bu qısa icmalımızda böyük tarixi epizodları əhatə etməliyik, odur ki, birbaşa sovet dövrünün qısa təhlilinə keçirik. Bu dövrdə nə baş verdi və Qadqazda hansı konfiqurasiya mövcud idi?
Sovet dövrünün Azərbaycanı heç nəyə baxmayaraq, əvvəlki münaqişədən qalib kimi çıxmış görünürdü. Mərkəzi hakimiyyətin mövqeyinə rəğmən Bakı 1920-ci ilin aprel işğalından sonra nə Rusiyaya birləşdirildi, nə də xüsusi statuslu şəhər elan edildi, bizim paytaxtımız elan edildi; ermənilərin bütün səylərinə baxmayaraq Naxçıvan və Qarabağ bölgələri bizim tərkibimizdə qaldı; eyni zamanda Car-Balakən zonasının azad camaatı da səsvermə ilə Gürcüstanı yox, Azərbaycanı seçdi. Bütün bunlar əsla by default, yəni avtomatik deyildi, belə baş verməyə də bilərdi və bunlar bizim uğurlarımızdır. Lakin bu pozitiv notlara baxmayaraq zaman bizim xeyrimizə işləmirdi.
Məsələ burasındadır ki, regionda rəqabətə məhkum edildiyimiz ermənilər sovetlərin bəlkə də yeganə “beynəlxalq” xalqı idi və bütün bu dövr ərzində beləcə qaldı. Qafqazdakı köklü xalqlardan gürcülərin və bizim elitalarımız üçün cazibə mərkəzləri Tiflis və Bakı idisə, ermənilərin elitasının İrəvanda toplaşdığını iddia etmək mümkün deyil, çünki erməni elitası Paris, Marsel, Los-Angeles (və bütövlükdə Kaliforniya), Fələstin, Livan və Suriya, hətta İsfahan və Təbrizdə idi. Sovet dövründə Ermənistana dəfələrlə xaricdən böyük axınla ermənilərin gəlməsi də müstəsna hallardan biri idi və başqa heç bir sovet respublikasında müşahidə edilməmişdi.
Kiçik haşiyə: Əgər bizim üçün sovetin “dəmir qapıları” daima kip qapanmışdısa, ermənilərin xaricdəki həmvətənləri ilə canlı əlaqələri heç bir zaman kəsilməmişdi, SSRİ xaricində istər “Daşnaksutyun”, istər ASALA, istərsə digər erməni terror təşkilatları fəaliyyətlərini müxtəlif formatlarda davam etdirməkdə idi. Sadə dildə ifadə etsək, biz sovetin fağır bəndəsi olaraq qalmaqda ikən, ermənilərin dünya çapında təşkilatlanması və önəmli mövqelərə sahib çıxması prosesi getməkdə idi.
Sovetlərin kip qapalı totalitar cəmiyyətində yaşadığımız və SSRİ sərhədlərindən kənarda dünyaya uzantımızın olmadığı bu 70 ildə ermənlərin ölkə xaricində və dünya çapında istər siyasət, istər maliyyə, istər mədəni, istərsə də terror fəaliyyəti gəlişməkdə idi. Ümumiləşdirib ifadə etsək bütün bu dövrdə erməni terror təşkilatları Berlin, Paris, Vyana, Cenevrə, Madrid, Beyrut, İstanbul, Ankara, hətta Moskvada (1977-ci ilin qışında metroda törədilmiş partlayışlar), az qala bütün yaxın Şərq və Qərbi Avropada qızğın fəaliyyətdə, Fələstin Azadlıq təşkilatının düşərgələrində terror məşqlərində ikən biz pambıq yarışlarında keçici bayraq almağımızda idik. Belə bir konfiqurasiya əlbəttə ki, bizə yaxşı heç nə vəd etmirdi və gözlənilən qarşıdurmada üstün tərəf olmağımız möcüzə sayılmalıydı.
1988-dən başlayan faciə
Bu minvalla faciəmizin astanasına – 1988-ci ilin məşum fevralına yaxınlaşdıq. Qarşı tərəf bizdən fərqli olaraq bu qarşıdurmaya hər mənada hazır idi: dünya çapında “soyqırım” kampaniyaları, “əzabkeş” xalq obrazı, SSRİ çapında ən ali məqamlarda təmsilçilik, Azərbaycanla müqayisədə isə dərindən işlənmiş ideoloji (kilsə bunun başında dururdu) hazırlıq və müstəsna təmərküzləşmiş təşkilatlanma.
Kiçik haşiyə: Ermənistanda 1988-ci ildə baş vermiş zəlzələ SSRİ-də heç bir zaman mövcud olmamış fors-major situasiyası yaratdı – ölkənin sərhədləri xaricdən gələn təyyarələr üçün açıldı və heç bir yoxlanış olmadan hava gəmiləri birbaşa (hələ ki) sovet respublikasına istiqamət aldı. İndi yəqin artıq kimsə üçün sirr deyil ki, Qarabağda Monte Melkonyan kimi dünya çaplı terrorçu; Livan və Suriyanın təlim düşərgələrində formalaşmış, dişinə kimi silahlanmış quldur “Arabo” dəstəsi (yəni “ərəblər”, 1992-nin 29 iyununda tərəfimizdən Əsgəran ətrafındakı döyüşlərdə imha edilmiş, 200-ə yaxın terrorçudan ibarət xüsusi batalyon) haradan və necə peyda olmuşdu?
Həmin təlatümlü dövrdə Kremldə başlarını itirmiş imperiya mənsubları da məşum rollarını məharətlə oynadılar, “demokrat” Aleksandr Yakovlev Yerevana səfər edib onları “hökmən” Qarabağı almağa ruhlandırır, mərkəzin onların tərəfində olub “yenidənqurma” meyllərini dəstəkləyəcəyini vəd edir, mühafizəkarların simvolu olan yoldaş Yeqor Liqaçov isə Bakıya gəlib “heç bir vəchlə” Qarabağı ermənilərə verməməyimizin lazım gəldiyini, partiya və hökumətin bizim tərəfimizdə olub “ölkəni parçalamağa imkan verməyəcəyini” bildirirdi.
Sitat: “Atan kazaklardır!” – xatirinizdədir yəqin, klassikimizin bu ölməz pyesindən sitat? (Cəfər Cabbarlı, “1905-ci ildə”)
Faciələr onlara əsla hazır olmayan cəmiyyətimizin astanasında idi: açıq-aşkar zərərgörən, şiddətə məruz qalan tərəf olduğumuz halda əla təşkilatlanmış rəqibimiz işğal edəcəyi topraqların ideoloji əsasını hər mənada gözəl hazırlamışdı, bütün dünya və SSRİ rəhbərliyinin önəmli hissəsi, Yeltsin və onun ətrafındakı “demokratlar” – hamısı müstəsna olaraq ermənilərə rəğbət bəsləyir, çoxları açıq, bəziləri gizli dəstək göstərirdi.
Kiçik haşiyə: Maraqlıdır ki, ermənilərin dünya çapında terror fəaliyyəti ilə məşğul olmasına rəğmən, hər zaman onlara dərin rəğbət duyulub. Hətta yuxarıda qeyd etdiyimiz, 1977-ci ilin 8 yanvarında Moskva metrosunda törədilmiş terror aktından (hansı ki, SSRİ üçün müstəsna hadisə idi) sonra sovetlərdəki dissidentlər belə ittiham edilmiş terrorçuların tərəfinə çıxmış, onların “mənəvi üstünlükdə” olduğunu demişdilər, bunların başında sovet dissidentlərinin taclanmamış kralı Andrey Saxarov dururdu.
Başqa bir maraqlı fakt isə Fransada terror fəaliyyəti ittihamı ilə 1985-ci ildə həbs edilən məşhur terrorçu, yuxarıda adını çəkdiyimiz Monte Melkonyanın qəribə və anlaşılmaz təbəddülatla, məhz konfliktin yarandığı ərəfələrdə, 1989-cu ildə qəflətən həbsdən azad buraxılması və tezliklə Qarabağda peyda olmasıdır. Bu məsələlərin arxasında duran gücü təsəvvür etmək lazımdır. Eynən onun kimi Parisin Orli hava limanında partlayış törədib günahsız insanların qanına bais olmuş terrorçu Varijan Karapetyan da 2001-ci ildə azad buraxılıb rahatca Ermənistana köçür və indi də orada yaşamağındadır. Əlbəttə ki, 1995-ci ilin prezident seçkilərində erməni Eduard Balladyurun (o zaman baş nazir idi!) az qala prezident seçiləcəyi bir ölkədə başqa necə ola bilərdi ki? Bəzi faktları sadalamağımızda zərurət bizim sadəcə kiminlə üz-üzə durduğumuzu anlamağımız üçün gərəkdir.
Azərbaycansa həmin təlatümlü dövrdə daxili çəkişmələrlə məşğul idi. Ölkədə hətta silahlı qüvvələrin yaranması zərurəti mübahisələndirilirdi. 1991-ci ilin yazında bu qarşıdurmada ilk dəfə qismən əldə etdiyimiz kiçicik üstünlük də müstəsna siyasi korafəhimlik bahasına qazanılmışdı: o zaman Şaumyan rayonunda Çaykənd, Buzluq və Manaşid kəndlərinin alınması, pasport qeydiyyatı nəzarəti operasiyasının uğuru Ayaz Mütəllibovun o zaman Kreml rəhbərliyinin “konservativ” hərbi-sənaye blokunu təmsil edən qüvvələrinə (müdafiə naziri Yazov, KGB Kryuçkov və s.) yaxınlaşması sayəsində olmuşdu. Ermənilərsə o zaman həm Qorbaçovun, həm də “demokrat” Yeltsinin ətrafında sıx birləşmişdilər. Belə bir situasiyada bir qədər səbatlı siyasətçi ölkəsi naminə daha ehtiyatlı olmalı, ən azından özünü mərkəzdə keçən bu qarşıdurmada tərəf kimi göstərməməli idi.
Mütəllibov isə bu dönəmdə, xüsusən məşum ГКЧП hadisələri zamanı çox böyük, tarixi anlamda bağışlanmaz səhvlər buraxıb, ölkə xaricində, İranda səfərdə olarkən onları dəstəklədi, nəticədə Yeltsinin şəxsi nifrətini qazandı, onun ətrafındakı ermənilərin cəhdləri ilə Azərbaycan “opalaya” düşdü, məhz həmin dövrdən Rusiya kimi bir dövlət bu qarşıdurmada faktiki (bizə qarşı) tərəf oldu.
Yaxın tariximizi burada qələmə almağa xüsusi bir ehtiyac yoxdur, faciələrimiz hamıya bəllidir, 1992-nin yay kampaniyası və 1993-ün dekabrında başlanmış Horadiz əməliyyatının müstəsna uğurlarına rəğmən, müharibə 1994-cü ilin mayında bizim üçün çox ağır şərtlərdə dayandırıldı.
Atəşkəs dövrü
Tərəflər arasında hazırlıq anlamında nə qədər böyük fərqlər olsa da, ermənilər, 1988-ci ildə “Miatsum” hərəkatını başlatdıqları zaman, 1994-cü ildə yaranacaq status-quo vəziyyətini pis təsəvvür edirdi, onların daxilində dərin tərəddüd hissi vardı və qəflətən baş vermiş belə bir uğura (Qarabağdan başqa 7 rayonun da işğalı) özləri də inanmırdılar. Robert Koçaryanın yazdığı kimi, hələ 1993-cü ilin aprelində Kəlbəcər alınan zaman, Ermənistanın o dövrdə prezidenti Levon Ter-Petrosyan onunla əlaqə yaradıb qəti surətdə oradan qoşunları çıxarmasını tələb etmiş və bu addımların onlara böyük bəlalar gətirəcəyini söyləmişdi. Lakin Koçaryan onun dediklərinə məhəl qoymamış və Ermənistandakı başqa qüvvələrin – açıqca daşnakların – mövqelərinə arxalanaraq cinayətkar əməllərini davam etdirmişdi. Daşnakları o zaman nəinki Ter-Petrosyan, heç BMT-nin qərarları da maraqlandırmırdı.
Kiçik haşiyə: Ter-Petrosyan yaranmış vəziyyətin Ermənistan üçün faciə olacağını 1998-ci ildə bəyan etdi, alınmış torpaqların geri qaytarılması zərurətilə. Lakin bu onun gözlədiyi nəticəni vermədi, sonda prezident istefaya getməli oldu. Vəzifəyə yeni gəlmiş qüvvələr 1999-un oktyabrında, İstanbul sammiti öncəsi, şübhəsiz ki, Kremlin də əlinin olduğu terror aktını – erməni parlamentində faktiki edam – təşkil etdilər, başında Unanyan qardaşları olan quldur dəstəsi baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfəri güllələdi.
Bütün bunların nəticəsində qonşu ölkədə təəssüf ki, daşnakların mövqeyi qalib gəldi. Bütövlükdə Levon Ter-Petrosyan və nisbətən mülayim-liberallar uduzdu. Onların məğlubiyyətini atəşkəsdən sonra uzun illər bizim heç bir revanş şansımızın olmaması da şərtləndirdi. 1994-cü ildən bəri əsrin dörddə biri qədərki bir zamanda cəzasız qalmağın lüksunu yaşamış daşnaklar tədricən əhalidə də haqq olduqları fikrini yarada bildilər. Bu haqda Robert Koçaryan öz xatirələrində açıq-aşkar yazır ki, “tarix bizim mövqeyimizi təsdiqlədi”.
Bu hər iki tərəf üçün böyük bir faciə idi, çünki daşnakların qalib gəlmiş mövqeyi sülhə heç bir şans tanımırdı. Daşnakların mövqeyinin indiki Ermənistan əhalisi üçün dominantlıq təşkil etdiyini nəzərə alsaq, bu faktiki müharibə deməkdir. Baş verənlərin ən pisi odur ki, qonşu ölkədə özünə möhkəmcə yer etmiş bu dominant fikri artıq uzaqlaşdırmaq mümkünsüz görünür. İndi demokrat Paşinyan da özünü daşnak kimi aparır, qatı millətçi ritorika ilə danışır.
Geosiyasi təbəddülatlar
Bütün baş verən acı məğlubiyyətlərə, xaotik 90-larda gedən mürəkkəb proseslərə rəğmən Azərbaycan yenə də regionun istər iqtisadi, istər logistik, istərsə də geosiyasi anlamda ən vacib ölkəsi olaraq qalmaqdadır. Ölkənin potensialı və geosiyasi yeri dünya gücləri üçün o qədər vacib və əhəmiyyətlidir ki, ən fəlakətli dövrdə belə düşmənin arzuladığı kimi Azərbaycanın tamamilə dağılması və məhvi baş vermədi. 1993-cü ilin yayında baş vermiş dərin hərbi-siyasi böhran – ordunun demoralizasiyası, cəbhənin demək olar ki, dağılması – zamanı belə buna nail ola bilmədilər.
Kiçik haşiyə: 1993-ün dəhşətli yayı indiyə kimi xatirimdə dərin bir travma, çapıq kimi qalmaqdadır. Məşum Gəncə qiyamından sonra iyulun əvvəlində cəmi bir il öncə azad edilmiş Ağdərə şəhəri yenidən işğal edildi. O dövrdə DİN-in daxili qoşunlarında xidmət edən sinif yoldaşım Arif Mehdiyev həmin tərkibdə cəbhəyə göndərilmişdi, avqustun sonlarında geri dönəndə görüşümüz zamanı, kiçik bir polis bölüyü ilə Bərdə yolunu müdafiə etdiklərini, Bərdə kimi Azərbaycanın vacib bir məntəqəsini nədən bu qədər kiçik bir qüvvənin ümidinə buraxıldığını anlamadığını bildirmişdi. Lakin buna rəğmən qarşılarında olan çoxsaylı, hərbi texnika ilə təhciz edilmiş erməni bölükləri hücuma keçməmişdilər. “Əgər Bərdəyə nəsə olsaydı, belimiz qırılardı” – Arif o zaman deyirdi.
Hazırda baş verən bütün dəyişikliklərə rəğmən Ermənistan regionda bir növ “geosiyasi küp” içindədir. Azərbaycan və Türkiyə tərəfindən blokadada olan bu ölkənin Gürcüstan istiqamətində də dəmir yolu Abxaziyanın (Gürcüstanın dəmir yolları Azərbaycan istisna, yalnız bu istiqamətdə ölkə xaricinə çıxır, Bakı-Qars dəmir yolu isə yeni açıldı və Ermənistan üçün işlək deyil) işğalı səbəbilə bağlı qalmaqdadır. Mövcud vəziyyətdə bu ölkənin çıxışı yalnız dünyada marginal dövlət hesab edilən İrana bağlıdır. Bu da yaxşı bir şey vəd etmir. İran-Ermənistan dəmir yolunun çəkilməsi söhbətləri isə yalnız fərziyyədir və reallaşmayacaq.
Siyasi anlamda da vəziyyət ermənilərin arzu etdiyi kimi getmədi, belə ki, onlar münaqişədə əldə etdikləri de facto üstünlüklərin atəşkəsdən keçən əsrin dörddə biri qədər zamanda de jure olmasına nail ola bilmədilər. Qarabağın elan edilmiş “müstəqilliyini” heç bir ölkə (o cümlədən Ermənistan) tanımadı və tanımayacaq.
Kiçik haşiyə: Buna 2008-ci ilin əvvəlində Kosovonun müstəqillik elan etməsindən dərhal sonra, cəmi üç gün ərzində az qala bütün dünya tərəfindən tanınması ilə qəti əmin oldum. O zaman erməni mətbuatını və onların bu hadisəyə reaksiyalarını diqqətlə izləyirdim. Həmin dövrdə təqribən 20 ildir Qarabağda “müstəqillik” elan etmiş separatçıların keçirdikləri sarsıntı, məyusluq, hətta dünyadan inciklik, dünya birliyinə “ikili standartlar” ittihamları ilə müşayiət olunurdu. Maraqlıdır ki, Kosovonun tanınmasından sonra 2008-in yayında Rusiya “5 günlük müharibə” səbəbindən və eyni zamanda sırf Qərbə cavab kimi Abxaziya və Cənubi Osetiya separatçılarının müstəqilliyini tanıdı. Hər iki halda Qarabağın tanınması haqda söhbət belə getmirdi.
Bütün bunlar əsla o demək deyil ki, Ermənistanın beynəlxalq aləmə çıxışını mümkün qədər məhdudlaşdırıb, blokadada saxlayaraq onun ətrafında qeyri-stabillik kəməri yaratmaqla biz “erməniləri ağuşumuzda boğacağıq”. Qeyd etdiyimiz kimi Ermənistan çox ciddi rəqibdir, tərəfimizdən blokada edildiyi 25 il ərzində də yaşaya biləcəyini sübut edib, 2018-ci il “məxməri inqilabından” sonra isə “demokratik dövlət” olmağın “mənəvi üstünlüyü”nə malik olub. Bizim iqtidarın təcili islahatlara, yenilənməyə baş vurmasının önəmli impulslarından biri də məhz bu faktor ola bilər.
Bu anlamda hamıya tamamilə aydın olmalıdır ki, Ermənistanda keçən il baş tutan “məxməri inqilab”dan sonra qonşu dövlət işğal faktına demokratiya donu geyindirir və bu məsələnin qarşısını almağın yeganə yolu doğrudan da həqiqi islahatlar, plüralistik vətəndaş cəmiyyəti, “siyasi müzakirə yeri olan” parlament və effektiv hökumət olmaqdan keçir.
“Əhalinin sülhə hazırlanması”
Bu ilin lap əvvəlində sensasion bir məlumat yayıldı. ATƏT-in Minsk qrupu əsrin dörddə biri qədərki zamanda mövcudiyyətinin mübaliğəsiz olaraq ən təəccüblü və qəfil bəyanatını verdi:
Sitat: “Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılması zəruriliyi barədə razılığa gəliblər.”
Xatirimdədir, o zaman yazmışdım ki, “Maraqlıdır, görəsən “erməni” kəlməsinin bizdə, “türk” sözünün isə onlarda çox dərin bir söyüş olduğu cəmiyyətlərdə, “əhalinin sülhə hazırlanması” prosesi necə gedəcək və özündə nələri ehtiva edəcək? 30 ildə yığılmış və kultivasiya edilmiş nifrəti necə yenmək olar, bu ümumiyyətlə mümkündürmü?”
“Əhalinin sülhə hazırlanması” az qala bütün il boyu davam etdi, lakin hansısa konkret bir formaya gəlmədi. İlin sonuna yaxın bu mövzu ölkəyə erməni jurnalistlərinin gəlişi səbəbindən sosial şəbəkələrdə aktivləşdi, yenidən müzakirələr başlandı, müharibədən başqa bir yol olmadığı haqda fikirlər özünə yer aldı. Yazının əvvəlində qeyd etdiyimiz kimi, qarşıdurma bütün paralellərdə və ictimai sahələrdə özünə yer alıb.
Əlbəttə ki, şükür, indi daha 1989-cu il deyil, Azərbaycan ordusu tamam başqa bir səviyyəyə gəlib, ən azından 2016-nın aprel döyüşləri zamanı bu öz əksini tapdı, 22 illik atəşkəsdən sonra başlanan hücumda zəruri uğurlara imza ata bilməsək də, hər halda bu məğlubiyyət də deyildi. Lakin o müharibə cəmi 3 gün çəkdi, sonra məcburi səbəbdən dayandırmalı olduq, ölkə başçısı da etiraf etdi ki, bu qonşu dövlətin prezidentinin xahişi ilə edilib.
Maraqlıdır ki, həmin bu “əhalinin sülhə hazırlanması” ilində aprel döyüşlərinə həsr edilmiş “Gate to Heaven” adlı erməni filmi ekrana çıxıb və bu reklam çarxından məlum olur ki, separatçılar təbliğatın növbəti mərhələsinə keçirlər.
100 illik müharibə
Yazını bu qədər bədbin sonluqla bitirmək istəməzdim. Lakin başlığı belə olan yazı başqa cür bitə də bilməzdi. Görünür bunu bizə tarix diktə edir ki, erkən orta əsrlərdə Fransa ilə İngiltərə arasında fasilələrlə baş verən 100 illik müharibəni təkrarlayaq. Çünki regiondakı hərbi-siyasi reallıqlar elə bir dalana dirənib ki, hazırda buradan hanısıa real bir çıxış yolu görünmür. 30 ili artıq başa vurulmuş qarşıdurmada tərəflərin mövqeyi getdikcə daha da kəskinləşib. Bu illər ərzində dəfələrlə edilmiş cəhdlərə rəğmən nə vətəndaş sülhpərvər təşəbbüsləri, nə müxtəlif sülh platformaları, nə də dövlət tərəfindən edilmiş sülh cəhdləri real faydalara gətirib çıxarıb. 10 il əvvəl Türkiyənin cəhd etdiyi “futbol diplomatiyası” və Zürich protokolları da tamamilə nəticəsiz qaldı. İndiki prizmadan bütün bunlar artıq sadəcə müstəsna sadəlöhvlük kimi görünməkdədir, çünki hər iki tərəfdə qatı millətçi mövqe qalib oldu.
Yaranmış şərtlərdə Azərbaycan uzunmüddətli qarşıdurmaya hazır olmalı, ölkənin resurslarını – bunların içində ən vacibi insani resursdur – mümkün qədər rasional səfərbər etməlidir. Ölkəmiz regionda müstəsna ehtiyatlı hərəkət etməli, geosiyasi dəyişiklikləri böyük optikadan izləməlidir. Azərbaycan müttəfiqləri ilə daima gərgin kontaktda olmalı, daxili siyasətdə real dəyişikliklər edərək ölkənin imicini tamamilə dəyişməlidir – mövcud reallıq bunu bizə diktə edir. İqtisadi sferada diversifikasiya aparılması, real liberallaşmaya nail olunması, idarəetməyə yeni gənc və intellektual kadrların gətirilməsi zəruridir.
“100 illik müharibə” ifadəsi əfsuslar olsun alleqoriya deyil, unutmaq olmaz ki, çox ciddi bir rəqiblə ölümcül qarşıdurmadayıq və növbəti illər bizim üçün müstəsna sınaq illəri olacaq.