nağıl-felyeton
Proloq
Belə bir mənzərəni doğrudan ya yalnız yuxuda görmək olardı. Dəhlizdə, onun kabinetinin qapısı ağzında nizamlı əsgər kimi sıraya düzülüb durmuş bir bölük gənc yazıçının məzlum və məsum çöhrəsinə baxan hər bir abırlı qələm sahibi belə bir mənzərənin şahidi olmağına yalnız sevinə bilərdi. Çünki bu adamlar təkcə gənc yazıçı deyildilər, dünənəcən, bu günəcən, lap elə bu dəqiqəyə, bu saniyəyəcən onun düşmənləriydilər. Nəhayət, səhvlərini anlayıb, günahlarını boyunlarına alıb, ondan üzr istəməyə gəlmişdilər. Ya havanın tutqun olduğuna, ya işığın söndüyünə görə dəhliz alaqaranlıq idi. Ancaq o, kabinetinin qapısı ağzında tövbə növbəsinə duranların hər birinin sifətini aydınca görə bilirdi: köhnə düşmənlərinin də, təzə düşmənlərinin də. Növbəyə duranların arasında – biri o dünyadan, o biri Norveçdən gəlmiş – bir kişi və bir qadın xeylağı da vardı. Bu qədər düşmənin içində bircə O Əclaf gözə dəymirdi.
– Tələsməyin, hamınıza şərait yaradılacaq. Tövbə qapısı hamının üzünə açıqdır. – bu sözləri AYB-nin birinci katibi Fikrət Qoca başını Şərif Ağayarın çiyninə söykəyib için-için ağlayan Ayxan Ayvazın saçlarına sığal çəkə-çəkə dedi. – adam səhv eləyər də, bala. Səhvə görə adam ağlamaz ki… Girərsən, iki kəlmə mərifətli söz deyərsən, keçər günahından. Qorxma, ora birinci sən girəcəksən.
– Mən hara girəcəyəm? – Ayxan Ayvaz qorxa-qorxa xəbər aldı və bu dəfə bir ağlamaq başladı ki, yazıq Həmid Herisçinin də gözləri doldu.
Fikrət Qoca sədrin kabinetinin qapısını ehmalca aralayıb, xəlvətcə içəriyə boylandı.
– Yatır, – dedi. – İmkan verin bir saat dincini alsın. Otuz bir ildən çoxdur ki, nə gecəsi, nə gündüzü var. Bu adam kimin üçün çalışır? Özü üçün çalışmır axı. Bu adamın 31 ildə cəmi 29 kitabı çıxıb. Amma adam var ki, həftədə iki dəfə öz yeni kitabının təqdimatını keçirir, sonra da utanmaz-utanmaz gəlib bizdən 300 manat təqaüd istəyir. Vermirik, gedib orda-burda ağzına gələni yazır. Bu nadanlar, bisavadlar, gözlərinə qara eynək taxan bu bədheybət korafəhmlər heç görmək də istəmirlər ki, biz burda həftənin bir gününü də özümüzə işləmirik, bizim yeganə məqsədimiz xalq üçün, millət üçün böyük ədəbiyyat yaratmaqdır. Çünki böyük ədəbiyyatı olmayan xalq döyüş meydanında qəhrəmanlıq göstərib, vətənin laləli, nanəli, süsənli, sünbüllü torpaqlarını düşmən tapdağından azad edə bilməz. Ölülərin nə təqsiri var ki, … – müdrik və məzmunlu görünməyin atəşin həvəskarı olan xalq şairi indicə ağlına gələn növbəti aforizmini millətə yenicə sırımaq istəyirdi ki, gözləri birdən-birə Tövbə qapısının ağzında boynunu büküb durmuş Elçin Səlcuğa sataşdı və bundan xeyli təəccüblənmiş birinci katib bir addım geri çəkilib, sonra mətin addımlarla dəhlizin lap o başında durmuş Elnur Astanbəyliyə tərəf yürüş etdi. Bir zamanlar qudurub həddini aşan “Azadlıq” qəzetinin çoxdan bekar qalmış davakar əməkdaşının alnından puçur-puçur xəcalət təri axırdı. Fikrət Qoca Günel Mövludun “importnıy” yaylığının ucu ilə Elnur Astanbəylinin alnının tərini sildi. Və dünyanın ən böyük yuxu möcüzəsi də elə bu anda baş verdi. Haradansa insan xorultusuna bənzəyən xatalı bir səs gəldi. Hamı qulağını şəkləyib, səs gələn tərəfə baxdı və gördü ki, AYB-nin əfsanəvi düşməni Seymur Baycan Tövbə qapısının lap ağzındaca, başını Nərmin Kamalın dizinin üstünə qoyub, xorul-xorul div yuxusu yatır.
– Tövbə qapısı hamının üzünə açıqdır! – bu sözləri F. Qoca bu dəfə xüsusi avazla dedi. Ətrafa göz gəzdirib, AYB-nin köhnə və təzə düşmənlərinin – O Əclafdan savayı – hamısının burada cəm olduğunu bir daha yəqin elədi. – Gəncliyi bizə düşmən eləyən qoca düşmən. Az qalıb, vaxt gələr öz çirkin əməllərini sən də başa düşərsən. Bir gün sən də gəlib bu Tövbə qapısının qabağında böyununu büküb dayanarsan. Nankor! Satqın! İstedadsız cızmaqaraçı! Vətən xaini! Zori Balayanın doğma xalaoğlusu! Sənin o “Boş yuxular”ın erməni dığası Emmanuel Makronyanın başına dəysin.
Bu atəşin sözləri deyəndə sevimli şairimizin ala gözləri qan çanağına dönmüşdü. Törətdiyi əməllərin xəcalətindən qulağının dibinəcən qızarmış gənclik dostu Vaqif Nəsibi görəndə hirsi bir qədər soyudu. Və elə o Vaqif Nəsibin heyrətdən bərələ qalmış göy gözlərinə baxa-baxa AYB-nin birinci katibi bizim bu əttökən nağılımızın süjet xəttini, müvəqqəti olaraq tərk elədi.
1
O son vaxtlar əcaib-qəraib yuxular görürdü. Ancaq belə bir pozitiv vaqiə çoxdandı ki, onun yuxusuna girməmişdi. Özü də belə bir tarixi məqamda: AYB-nin növbəti qurultayına cəmi-cümlətanı bir il qalırdı.
Bu yuxuda onu hər şeydən çox qane eləyən – uzun və üzücü illərdən sonra – nəhayət səhvini başa düşüb ondan üzr istəməyə gələnlərin tərbiyəsi, mədəni səviyyəsi, insani nəcibliyi idi. Belə yerdə Allahın adilliyinə heç kafir də şübhə eləməzdi. Gör günəş hardan çıxmışdı ki, Şahvələd Çobanoğlu kimi çuğulun, islahedilməzin birisi çağdaş Azərbaycan ziyalısının ən bariz xüsusiyyətlərini indi onun qarşısında cani-dildən təcəssüm etdirirdi.
– Özünüz bilirsiniz ki, “Azadlıq” dağıdıcı müxalifətin qəzetidir.
– Xeyir, mən bu fikirdə deyiləm.
– Mən öz fikrimi deyirəm. Kənar müşahidəçi kimi yox, bir vaxt bu işin içində olan adam kimi. Mən belə bir qəti qərara gəlmişəm ki, o qəzet çoxdan bağlanmalıydı. Bəlkə heç əvvəldən açılmamalıydı. Çünki orda söz azadlığı pərdəsi arxasında gizlənib, ölkənin ən dəyərli ziyalılarına ləkə yaxanlar var.
O, əsas məsələnin üstünə gəlmək, günahlarını nəhayət dərk eləyib, səhvini başa düşən keçmiş unikal mərdiməzarın bir vaxt yazıb “Azadlıq” qəzetində dərc etdirdiyi məqaləyə indiki münasibətini bilmək istəyirdi. Həmin məqaləyə görə o, düz bir həftə nə normal yuxu yata bilmişdi, nə əməlli çay içib, çörək yeyə bilmişdi.
– “İBLİSİ ANARDAN QORUYUN” – o vaxtdan illər keçsə də, indi o, həmin məqalənin adını səsi titrəyə-titrəyə dedi – mənim haqqımda çox şər-böhtan yazılıb, amma… – boğazı quruduğundan cümləni axıracan deyə bilmədi.
– O məqaləni mən yazmamışam.
– Bəs kim yazıb?
– “Dostunuz” Seymur Baycan yazmışdı. Tiflisdən mənə göndərdi. Yalvardı ki, məqalədə onun imzası olmasın. Çünki qorxurdu sizdən. Elə bilirdi ki, əgər bu yazı da onun imzası ilə dərc edilsə, onu Tiflisin heç bir bazarına buraxmazlar. Mənim də yazığım gəldi ona. Məqaləni öz adımla dərc elətdirdim. Əslində o yazının adı “Anarı İblisdən qoruyun” olmalıydı. Xaliq Bahadır mane oldu. Xaliq O Əclafın adamıdır, özünüz bilirsiniz. Çoxdanın dostudurlar. “For Sizon” otelinin restoranında günorta yeməyini həmişə bir yerdə yeyirlər.
O, “For Sizon” otelinin adını birinci dəfə eşidirdi. O Əclafın Xaliq Bahadırla dostluğu barədə də elə bir səhih məlumata malik deyildi. Ancaq adını dilinə gətirmək istəmədiyi o qoca düşmənin Seymur Baycanla eyni əqidənin adamı olduğuna daha heç bir şək-şübhə ola bilməzdi. Qəribədir, axı Seymur Baycanı lap bu son vaxtlarda o, deyəsən, hardasa görmüşdü. Bu görüşün yuxudamı, yoxsa gerçək həyatda baş verdiyini yadına sala bilmədi. Fikrət Qocanın Günel Mövludun yaylığının ətəyi ilə, Elnur Astanbəylinin alnının tərini silib, sonra O Əclafın barəsində möhtəşəm nitq söylədiyi hansısa alaqaranlıq bir məkan onun gözləri qarşısında birdən canlanıb, birdən də yoxa çıxdı.
– Səhv etmirəmsə, sən bir vaxtlar Yazıçılar İttifaqının üzvü olmusan.
– Yox, ustad, bəlkə siz nasir-dramaturq Rza Şahvələdi nəzərdə tutursunuz? Mən heç vaxt Yazıçılar İttifaqının üzvü olmamışam.
– Rza Şahvələdin yaşadığı dövr sovet dönəmi idi. Yazıçılar İttifaqının üzvü olmağa o vaxt hər bir qələm sahibi məcbur idi. Danmıram, şəxsən mən özüm də o mənfur təşkilata məcburən üzv omluşdum. İndi ki sovet dönəmi deyil. Niyə gəlib ərizənizi vermirsiniz. Adını yazar qoyub, ata-anasını tanımayan bir qrup nəcabətsiz gedib orda-burda şayiə buraxır ki, guya biz yazıçılara iqtidar-müxalifət ölçüləriylə yanaşırıq. Onları siyasi əqidələrinə görə iki düşmən cəbhəyə ayırıb, çağdaş gənc yazıçılarımızı süni surətdə qarşı-qarşıya qoyuruq. Bu, ağ yalandır axı. Tutalım, sən Şahvələd Çobanoğlu YAP-a rəğbət bəsləmirsən, buna görə biz sənin yazdığın ərizəni qəbul etməyə bilərikmi? Məsləhət görürəm ki, elə bu gün ərizəni yazıb, qəbul komissiyasına təhvil verəsən.
Bu yerdə Şahvələd Çobanoğlunun hardansa ağlına yerləşdi ki, bu məsələdə bir az yuxarıdan getmək onu AYB sədrinin gözündən salmaz.
– Ərizə yazmaq mənim üçün çətin deyil, – dedi – ancaq bir məsələni nəzər-diqqətinizə çatdırmağı özümə mənəvi borc bilirəm – “Xalq yazıçısı” adının kimə və kimlərə verilməsini. Bəzi yaddilli yazıçıların bu ada layiq görülməsi ədəbi ictimaiyyətdə çaşqınlıq yaradır. Məsələn, Dillər Universitetinin rəhbərliyi bu fikirdədir ki, öz ana dilində üç cümlə ədəbi mətn yaza bilməyənlərin bu adı daşımağa haqqı yoxdur.
– O universitetdə oturanlar dünyadan xəbərsizdir. Sən də təsir altına düşüb, yanlış mülahizələr yürüdürsən. Görünür, bəzi köhnə fikirlərindən hələ də əl çəkməmisən.
– Mən hər şeyimdən əl çəkmişəm. Bir qırıq qələmim vardı, onu da Aqil Abbasa bağışlamışam.
– Düz eləmisən. Bəs o Xaliq Bahadır öz qırıq qələmini niyə heç kəsə vermək istəmir?
– İstəyir, vallah istəyir, aparıb Siyavuş müəllimə vermək istəyir. Ancaq bir ildir qəbuluna düşə bilmir.
– Mən Siyavuş müəllimə deyərəm, onu qəbul eləyər. Başqa sözün varsa, de, utanma.
– Elnur Astanbəylini bir işə düzəldə bilərsiniz? – Şahvələd Çobanoğlu az qala ağlaya-ağlaya dedi – yazıq bir ildir ki, işsizdir. Evdə uşaqları çörəksiz qalıb.
– Hökmən düzəldərəm, qoy bir az səbr eləsin. Qəşəm Nəcəfzadə oğlu Kəramətin əlindən xirtdəyə yığılıb. İstəyir intihar eləsin. Bu barədə sosial şəbəkələrdə xeyli xəbər yayıb. Təhsilli, tərbiyəli, yetkin adamdır. Sözündən çıxmaz yəqin. Elnur da, göz dəyməsin, çox istedadlı şairdir. İntihar baş tutandan sonra gələr, Qəşəm müəllimin yerində oturar. Başqa bir xahişin yoxdu ki?
– Var, ustad! – Şahvələd Çobanoğlu elə bir coşqun şövq ilə səsləndi ki, elə bil Qəşəm Nəcəfzadə sosial şəbəkələrdə verdiyi vədə indicə əməl eləmişdi. – Eşitdim qurultayda istefa verməyə hazırlaşırsınız. Belə şey eləməyin, sizdən xahiş edirəm. Sizsiz Yazıçılar Birliyi heç kəsə lazım deyil. Siz olmasaz, AYB-nin 2000 üzvünün heç biri bu təşkilatda bir gün də qalmaz. Hamısı cumub gedib “Məhsul” stadionuna yığışar.
– Bu haqda fikirləşərəm. – AYB sədri qapı səmtə baxa-baxa, uzun, arıq barmaqlarıyla gicgahlarını bərk-bərk ovxaladı. O, bütün zehniyyat imkanlarını səfərbər edib, Seymur Baycanı haçan və harda gördüyünü yadına salmağa çalışırdı. Bunu, nəhayət, yadına salıb, həm sevindi, həm də qəfildən cuşa gəldi.
– AYB ədəbiyyatımızın baş qərargahıdır! – dedi. – Əsl sənət ocağıdır. Mənəviyyat yuvasıdır. Və (Allah şeytana lənət eləsin!) elə bu vaxt həmin o alaqaranlıq məkandan qulağına əvvəl adam xorultusuna bənzəyən bədheybət bir səs gəldi və bu səsin dalınca, kimsə – ehtiraslı qadın səsilə ucadan bəyan elədi: AYB ƏDƏBİYYATIN QƏBİRİSTANLIĞIDIR”
2
Və, sən demə, yuxunun bu sayaq qəribə əməlləri də varmış: o, birdən gözlərini açıb, Şahvələd Çobanoğlunun indicə oturduğu yerdə xanım Nərmin Kamalın kəmali-səliqə ilə əyləşdiyini gördü.
– Sizi AYB-də görməyimə çox şadam.
– Çox sağ olun. Mən də sizi görməkdən böyük məmnunluq duyuram.
– Qəlbinizə dəymək istəməzdim. Amma heç cür inana bilmirəm ki, belə bir haqsız fikir sizin dilinizdən çıxmış olsun. “AYB və qəbiristanlıq” məsələsini deyirəm. Bunu Günel Mövlud desəydi, bəlkə də inanmaq olardı. Ancaq sizin kimi intellektual qələm sahibinin bizi bu dərəcədə aşağılamağı şəxsən mənə reallıqdan uzaq görünür. İnanmaq istərdim ki, o sözləri siz deməmisiniz.
– Deməyinə mən demişəm. – İntellektual xanım şair mərd-mərdana etiraf etdi – ancaq burda incə bir məsələ var. Məsələ burasındadır ki, sizin “Göz muncuğu” əsərinizi oxuyandan sonra mənim həyata münasibətim tamam dəyişmişdi. Əsər mənə o qədər təsir eləmişdi ki, bu dünyada gözə görünən hər şey mənim nəzərimdə qəbiristanlığa bənzəyirdi. Hətta AYB kimi qaynar yaradıcılıq ocağı da… Hələ Kürdəxanı təcridxanasını demirəm.
Nərmin Kamalın səmimi etirafı onun son dərəcə xoşuna gəldi.
– Kürdəxanıdakı vəziyyətə görə mən də narahatam, – dedi – ancaq mən öz şəxsi təcrübəmdən bilirəm ki, yazıçı siyasətə qarışmasa yaxşıdır. Bəziləri məşhurlaşmaq xatirinə, ağına-bozuna baxmadan, ağlına gələni danışır. O gün bir üzdəniraq millət təəssübkeşi mühüm bir mədəni tədbirdə bar-bar bağırırdı ki, yalan bu ölkəni sel kimi yuyub aparar. Belələri öz axmaqlığı ucbatından gedib dürtülür təcridxanalara. Biz yaradıcılıq təşkilatıyıq, bizə nə dəxli var ki, sel haranı yuyub aparır. Belə məsələlərlə Fövqəladə Hallar Nazirliyi məşğul olur. Cəmiyyətin əsas bəlası sel deyil, sürüşmə-filan deyil, bekarçılıqdır. Ancaq biz bu məsələnin də real həlli üçün lazımi tədbirlər görmüşük. Şabrandakı obyektlərimiz işə düşəndən sonra bu ölkədə bir nəfər də bekar yazıçı qalmayacaq. Hətta çörəyi dizinin üstündə olan o darqursaq Kəramət Böyükçölə də orda yaxşı vəzifə verəcəyəm. Amma sizə elə indidən vəzifə təklif eləmək istəyirəm. Birinci mərtəbədəki restoranımız bu günlərdə yenidən fəaliyyətə başlayacaq. Fikrim var ki, oranın administratoru vəzifəsinə sizin namizədliyinizi irəli sürüm. Olduqca “salidni” vəzifədir. Maaşı öz yerində, yaxşı gəliri də olacaq. Hələlik sənədlərinizi hazırlayın, üzvlük məsələsini təcili həll eləyək. AYB-yə üzv olmaq istəyən bu saat həddən çoxdur. Bax, o Rasim Qaracanın sənədlərini üç dəfə geri qaytarmışıq. Özünü dahi sayan istedadsız ədəbi manyakları biz heç vaxt üzvlüyə götürmürük. Ancaq sizə söz verirəm ki, AYB-nin 2001-ci fəxri üzvü olacaqsınız. – O, bir qədər fikrə gedib, qəfildən mövzunu dəyişdi – Seymur Baycana münasibətiniz necədir?
– Əvvəl çox yaxşıydı, indi çox pisdir. Çünki o da O Əclafa satıldı. İndi hər ikisi sizə qarşı eyni cəbhədən atəş açır.
– Fərq etməz. İstərdim keçmiş dostunuza çatdırasınız ki, Tövbə qapısı onun da üzünə həmişə açıqdır. Amma bir şərtlə ki, bura içib gəlməsin. Oturub, xor-xor xoruldayıb, bizim birinci katibin faydalı fəallığına mane olmasın.
Əgər birinci mərtəbədəki restoranda bişən 4-5 ləziz xörəyin qoxusu eyni anda burnuna dəyməsəydi, bu yerdə Nərmin Kamalı hökmən gülmək tutacaqdı. Gülməyinin qarşısını almaq üçün o, özünə yaraşmayan əda ilə üz-gözünü turşutmağa məcbur oldu.
O isə söhbətini hələ bitirməmişdi:
– Bir də, xahiş edirəm, tanıdığınız, tanımadığınız, sağçı, solçu bütün yazarlara bildirəsiniz ki, biz burda yalnız və yalnız ədəbiyyata vicdanla xidmət etmək üçün oturmuşuq. Bizim bundan başqa heç bir məqsədimiz yoxdur. Özümü və böyük şairimiz Fikrət Qocanı bir tərəfə qoyuram. Rəşad Məcid və Çingiz Abdullayev kimi parlaq ədəbi simaların əlbir çalışdığı bir təşkilatın bundan başqa nə məqsədi ola bilər?
– Ola bilməz! Əsla ola bilməz! – bu sözləri Nərmin xanım sonsuz səmimiyyətlə dedi və elə həmin andaca onun iri qonur gözləri, qan rəngli, qanqırmızı yaşla doldu.
Buna el dilində “QAN AĞLAMAQ” deyilir.
3
İnsanın yuxuda gördüyü vaqiələrin də, yəqin ki, yalan-doğru bir məntiqi olmalıdır. Bu mənada, Nərmin Kamaldan sonra məhz xanım Günel Mövludun sədrin kabinetinə təşrif gətirməyi məntiqi cəhətdən tamamilə inandırıcı hesab edilməlidir.
Günel Mövlud qapıdan içəri girəndə onun importnu yaylığının ətəklərində Elnur Astanbəylinin alnının xəcalət təri hələ qurumamışdı. Buna baxmayaraq, şən idi, nikbin idi. Cazibəli qonur gözlərinin içində yaşamaq həvəsi və həyat eşqi alışıb yanırdı.
Bu həmin Günel Mövlud idi ki, O Əclafa rəğbəti və AYB-yə nifrətilə ölkənin bütün yazıçılarından seçilirdi, O Əclafın təsiri altına düşüb, cürbəcür düşük bənzətmələrlə AYB-ni ələ salırdı: “suyu qurumuş dəyirman”, “ərəbi ölmüş dəvə”, “ətsiz bozbaş”, “düyüsüz plov”, “mayasız qatıq” … – bu idarənin adına söz qalmamışdı ki, deməsin.
Ancaq gəlmişdi. Norveçdən buracan bir aləm yol döyüb, səhvini düzəltmək, günahlarını yumaq üçün Tövbə qapısını açıb, sevinə-sevinə içəri girmişdi. Bu yerdə köhnə dəyirmana təzə su axıtmağın nə mənası vardı.
– Xoş gəlmisiniz, Günel xanım, sizi burda görmək üçün neçə illərdən bəri gözüm yollarda qalmışdı.
– Sağ olun, minnətiniz üçün diqqətdaram. – elə beləcə də dedi. Canalan gözlərini şəhvətlə süzdürə-süzdürə dedi.
Erotik şeirlər yazan bu qız üzlü gənc xanımın zarafatcıllığı, hazırcavablığı barədə bir vaxt Rəşad Məcid ona çox əhvalatlar danışmışdı. Deməli, bu xanımla ünsiyyətdə rəsmiyyətə ehtiyac yox idi.
– Norveçin ərəbi ölmüş dəvələri necədir? – dedi. Gülmək istədi, gülə bilmədi. Çünki AYB-nin qayğıları onu gülmək vərdişindən ömürlük məhrum eləmişdi.
– Norveçin dəvələri yalnız zooparklarda olur. Ancaq bayquşa, şanapipiyə, ağacdələnə, çöl pişiyinə və meşə çaqqalına orada həmişə rast gəlmək mümkündür.
O, “çaqqal” sözündən diksinən kimi oldu. Çünki AYB-ni “ətsiz bozbaşa, düyüsüz plova” bənzədən bu insafsız xanımdan nə desən gözləmək olardı. Söhbətin gedişatını ədəbi məcraya yönəltmək lazım idi.
– Mən sizin bütün günahlarınızı hələ siz bura gəlməmişdən bağışlamışam. Ancaq sizin O Əclafın yaradıcılığına xüsusi məftunluğunuzun səbəbi mənə hələ də məlum deyil.
– O məftunluq gözdən pərdə asmaq üçündür. – Günel Mövlud Nizami Gəncəvinin, sədrin kabinetini bəzəyən, xalça üzərində işlənmiş portretinə ötəri nəzər salıb, dərindən köks ötürdü. – Mən hələ qız vaxtlarımdan yalnız sizin yaradıcılığınızın vurğunu olmuşam. Bir əsərinizi oxuyub oğul doğmuşam, digər əsərinizi oxuyandan sonra qızım dünyaya gəlib. Əsərlərinizin hamısını bəyənirəm. Ancaq bir əsərinizdən daha çox xoşum gəlir. O əsərinizdə Gülyanaq dəniz kənarında dayanıb, göydəki ulduzları seyr edə-edə Şəhriyar del Geraninin üç şeirini dalbadal əzbər deyir.
– Mənim belə bir əsərim yoxdur.
– Yoxdur, yazarsız. Gülyanağı Gülbala ilə sevişdirmək sizin əlinizdə nədir ki.
Onun fağır-fağır gülümsəməkdən savayı özgə əlacı qalmadı. Rəşad Məcidin bu çuğul şairənin haqqında dediklərini bir daha yada salıb, söhbəti ciddi məcraya yönəltməyə yenidən ehtiyac duydu.
– Nörveçdə günləriniz necə keçir? Mühacir həyatı sizi bezdirmir ki?
– Bezdirir, hərdən lap intihar həddinə gəlib çıxıram.
– Bəs o Mirzə Sakit intihar barədə niyə düşünmür? Özləri şöhrət dalınca ölkəni qoyub qaçır. Sonra gedib orda bar-bar bağırırlar ki, əgər AYB olmasaydı, biz gedib yad ölkədə mühacir həyatı yaşamazdıq. Bizi itələyib, süni surətdə YAP-ın böyrünə dürtüşdürürlər. Vahid Qazi də, Əli Əkbər də, elə o saqqalı ağarmış Seymur Baycan da belə sərsəm bəyanatlarla dünya ictimaiyyətini çaşdırır.
– Seymur Baycan siyasi mühacir deyil. O adam sasivi, xinkali, xaçapuri, Saperavi, Kindzmarauli müxalifətidir. Ancaq Qənimət Zahidi və Sevinc Osmanqızını ölkənin əli qələm tutan zümrəsinin mühacir cınahına aid etmək olar. Qardaşı Mirzə Sakitin dediyinə görə, Qənimət bəy AYB üzvü olmaq üçün artıq ərizəsini yazıb.
– AYB-nin üzvü olmaq hamının arzusudur. Bizim gözəl-göyçək Günel xanımın da bu arzuya düşəcəyi gün, zənnimcə, çox da uzaqda deyil. Norveçdə çox qalacaqsız?
– Özümdən asılı olsaydı, orda heç bir gün də qalmazdım.
– Bəs kimdən asılıdır? Məndən asılı nə varsa, can-başla həll etməyə hazıram. Əbülfəz Qarayevin razılığın almışam. Bu günlərdə AYB-nin nəzdində mahnı və rəqs ansamblı fəaliyyətə başlayacaq. Əgər razılıq versəniz, sizi ansamblın bədii rəhbəri vəzifəsinə təyin edə bilərəm.
Belə bir çal-çağırlı vəzifədə işləməyi çoxdan arzulayan Günel Mövludun sevincdən gözləri yaşardı:
– Bu, lap əla olar! Ərim Norveçdə uşaqları böyüdər, mən də burda öz havamızda rəqs edərəm.
“Uşaq” sözünü eşidəndə onun işıqlı çöhrəsinə sanki hardansa bir qara kölgə düşdü və qəflətən köməkçisini yanına çağırıb, titrək səslə soruşdu:
– O uşağı ovuda bildiz, yoxsa hələ də ağlayır?
– Ağlamır. Şərif Ağayarla xısınlaşıb, indicə sürüşüb aradan çıxdılar. Gedib öz kulislərində Allah bilir bizdən nə yazacaqlar.
– Qoy yazsınlar. Yazmadıqları nə qalıb ki… Vaqif Nəsib hələ oturub orda?
– Hə, burdadır. Fikrət müəllimin kabinetində oturub, bir-birinə gənclik xatirələrini danışırlar.
– Xub. Sən get, işində ol, – dedi. Dərindən köks ötürüb, hətta bir qədər ağlamsındı da. – İnanın, Günel xanım, hərdən özüm də çaşıb qalıram. Mən burda, bilmirəm, kimdən ötrü can qoyuram. Bax, o Vaqif Nəsibə min dəfə yaxşılıq eləmişəm. O uşağın da, öz balam kimi, həmişə qayğısına qalmışam. Hamıya bir dəfə təqaüd veririk, ona iki dəfə prezident təqaüdü vermişik. Qaldı ki, Şərif Ağayar, biz ona qaçqın olduğuna görə rəhm elədik. Əl boyda ərizəsini yazan kimi təcili AYB üzvlüyünə götürdük. Ancaq heç kəs bilmədi ki, bu adama kim fətva verdi, hansı əclaf onu yoldan çıxartdı. Bir gün gəlib burda yekə-yekə bəyan elədi ki, bəs mən daha AYB üzvü olmaq istəmirəm. Sonra da gedib min yerdə yazdı ki, AYB üfunət saçır. Üfunət o yerdə olar ki, orda su olmasın, sabun olmasın. Mən “sabun” sözünü əlbəttə, O Əclafın tərbiyəsiz anlamında demirəm. Yüz dəfə yaxşılıq elədiyim adamlar mənə min dəfə pislik eləyir, təsəvvür edirsinizmi, Günel xanım.
“Günel xanım” sözünü bu dəfə elə həzin, elə titrək səslə dedi ki, Günel Mövludun ürəyi nanə yarpağı kimi, əsim-əsim əsdi. O ikicə sözün təsirindən gözləri yaşarmış kövrək ürəkli xanım yaylığını başından açıb, dizinin üstünə qoydu. Boyasız qara saçlarını incə barmaqları ilə darayıb sahmana saldı. Əlini qoynuna uzadıb döşlərinin arasından çıxardığı bir vərəq kağızı fəxr ilə onun qabağına qoydu.
– Mən ərizəmi gətirmişəm, – dedi və əvvəl Nizaminin xalça üzərində işlənmiş portiretinə göz vurub, sonra xatakar gözlərini onun üzünə zillədi.
O sevindi. Çox sevindi. Əvvəla, ona sevindi ki, keçmişdə erotik şeirlər yazan, indi Norveçin ucuz kafelərində ətsiz bozbaş yeyib, sonra gedib zooparkda ərəbi ölmüş dəvələrə ailəliklə tamaşa eləyən bu nazlı-qəmzəli dissident xanım indi onun hüzuruna öz ərizəsi ilə gəlmişdi və əgər gəlmişdisə, deməli, əvvəlki əqidəsindən dönmüşdü. (Əqidəsini vaxtında dəyişməyi bacarmayanlar onun nəzərində dünyadan bixəbər, aciz və ağılsız adamlar idi). İkincisi, bu xanımın düz yola qayıtmağı AYB-nin 31 illik fəaliyyətinin üstündən xətt çəkmək üçün həmişə pusquda duran O Əclafa tutarlı zərbə olacaqdı. Üçüncüsü, belə fürsət hər gün ələ düşən fürsət deyildi. Ölkənin informasiya məkanını lərzəyə gətirəcək bu xəbərin bütün qəzet və saytlarda qırmızı hərflərlə yazılacaq başlıqları AYB-nin öz növbəti qurultayına daha inamla getməyi üçün əlavə stimul olacaqdı:
“Etiraf insanı ucaldar – Günel Mövlud səhvini boynuna aldı”
“Əlvida, yad məmləkət, salam, doğma Azərbaycan”
“Mühacir yazarlarımız AYB-yə axışır”
“Haqq öz yerini tutdu – Anara xor baxanlar zəlil oldu”
Bundan sonra qoy Aqşin Yenisey Zamin Hacı ilə səs-səsə verib aləmə car çəksinlər ki, AYB-nin YAP-dan heç bir fərqi yoxdur.
– İki min AYB üzvünün, rəfiqəniz Nərmin Kamalın və şəxsən öz adımdan sizi təbrik edirəm! – Ucadan, inamla, coşğun həvəslə dedi. – Növbəti qurultayımıza da bir şey qalmayıb. Orda sizin də məruzənizi nəzərdə tutmuşuq. Mövzunuz da çox maraqlı mövzudur: “Milli ədəbiyyatımızda keçi mövzusunun tərənnümü”. Akademik İsa Həbibbəyli də bu mövzunun qurultayın gündəliyinə salınmasının tərəfdarıdır. O özü bu sahənin təcrübəli mütəxəssisidir. “Qədim Şərur mahalında keçilərin həyat tərzi” adlı olduqca sanballı elmi monoqrafiyanın müəllifidir. Bu böyük alimin məhsuldar yaradıcılığı barədə yəqin ki, siz də eşitmiş olarsınız.
– Eşitmişəm. Deyirlər, bu mütəfəkkir akademik bir vaxt Şərur mahalında çox keçilərin anasını mələdib. – Günel Mövlud Nizaminin portretinə bu dəfə daha hiyləgərcəsinə göz vurdu.
“Bu ləçər niyə mənə göz vurur?” – O, bunu ürəyində fikirləşdi. Aşkardasa keçinin şərəfinə həvəslə şeir dedi:
Keçi deyər, adım Əbdülkərimdir.
Qavala çəkilən mənim dərimdir.
Qayalar oylağım, dağlar məskənim.
Süfrələr bəzəyər pendirim mənim.
Bu yerdə Günel Mövlud aldı, görək nə dedi:
Keçi payızda deyər:
And içirəm Məkkəyə,
Bir də gəlmərəm təkəyə.
Yaz gələr, keçi mələr:
Neynirəm andı-mandı,
Quyruğumun dibi yandı.
Bir müddət nə o dindi, nə o danışdı. Hərəsi öz aləminə qapılıb, dərin düşüncələrə qərq oldu. Sonra Günel Mövludun ağlına nə yerləşdisə, az əvvəl döşlərinin arasından çıxarıb stolun üstünə qoyduğu ərizəsini götürüb, üç dəfə marçamarç öpdü. “Ah, keçi, gözəl keçi!” – ürəyində həzin səslə dedi. Və məhz bu anda, bu məqamda qulağına məktəb zənginin səsi gəldi. Özünün günəşli-gündüzlü, toyuqlu-cücəli, qoyunlu-keçili məktəb illəri yadına düşdü.
“Ala bula boz keçi, ay qoşabuynuz keçi…” Bu şeir Nörveçin məktəb dərsliklərində, şübhəsiz ki, yox idi. Bu şeiri Norveç məktəblərində onun balalarına heç kəs əzbərlətməyəcəkdi. Belə isə o Norveçdə mühacir həyatı yaşamağın nə mənası vardı? Donuzu keçisindən çox olan bir ölkədə Məhəmməd ümməti necə xoşbəxt ola bilərdi!?
Günel Mövlud yaylığını başının üzərində bayraq kimi yelləyib:
– AYB-yə canım qurban! – dedi. Ancaq Nizaminin portretinə göz vurmağa bu dəfə macal tapmadı.
Çünki onun oturduğu yerdə indi Həmid Herisçi xan kimi əyləşib, qəzəbli gözlərini həmin portiretə zilləmişdi.
4
Atamın ərizəsini gətirmişəm! – Gözlərini Nizami Gəncəvidən ayırmadan amiranə səslə dedi:
– Hansı atanızın?
– Mənim həmişə bir atam olub: Qafar Kəndli. Mən şairəm, nasirəm, filosofam, Stalinə, Brejnevə, ata deyən simasız quldurlardan deyiləm.
“Bu zırrama, deyəsən, mənim gül kimi ovqatıma soğan doğramağa gəlib”. O, ürəyində fikirləşdi.
– Axı Qafar müəllim, mən bilən, o dünyadadır. O ərizəni yəqin ki, başqası yazıb.
– Başqası niyə, özüm yazmışam. O diktə eləyib, mən yazmışam. Niyə mənə tərs-tərs baxırsınız? Ölülərin dirilərlə daim ünsiyyətdə olduğunu bəlkə birinci dəfə eşidirsiniz?
– Sən, yəqin ki, ruhları nəzərdə tutrsan.
– Ruhlar bizdən diridir. Metafizik reallıq maddi-əşyavi reallıqdan daha çox enerjiyə malikdir. Ancaq bunu duyub dərk etmək hər qanmaza nəsib olmur. Bu aləm başqa aləmdir. Bu aləmin sehrli qapısını açmaq istəyənin səmavi pasportu olmalıdır. Neptun, Yupiter, sonu görünməyən Qara boşluq…
Həmid Herisçinin bu klinik sərsəmləməsinə onun ürəkdən gülməyi gəlirdi. Ancaq qorxusundan gülə bilmədi. Özü üçün yəqin elədi ki, kommunist Qafar Kəndlinin bu metafizik törəməsi ilə ciddi söhbət eləməyin heç bir mənası yoxdur.
– Elədir, tamamilə doğrudur, – dedi.
– O səmavi pasportun maddi-əşyavi mövcudluğu daha heç kəsdə şübhə doğurmur. O pasportun bir nüsxəsini dostum Yusif Səmədoğlu mərhum ustadımız İsa Muğannanın yazı masasının üstündə öz gözləri ilə görmüşdü.
– Yalandı, elə şey ola bilməz! – Həmid bəy bar-bar bağırdı. – O pasportdan cəmi bir dənə olub. O da bizdə – atam Qafar Kəndlidə!
– Aydındır. Buna inanmağa heç bir əsas yoxdur. Ancaq rəhmətlik Qafar müəllimin o ərizəni nə məqsədlə yazdığını bilmək mənim üçün çox maraqlı olardı.
Həmid Herisçi əlini qoltuğuna uzadıb, pencəyinin döş cibindən bir sapsarı vərəq çıxardı və o vərəqdə yazılanı, təcrübəli mollasayağı, ahəng və avazla, gözüyumulu oxumağa başladı:
“Əziz oğlum Həmid! Əvvəla, səndən rica edirəm ki, günü sabah AYB-yə təşrif aparıb mənim ən xoş arzularımı hörmətli Anar müəllimin hüzuruna çatdırasan. O dahi insan qoy bilsin ki, bizim bu axirət dünyasında da onun məhsuldar yaradıcılığının azı yeddi qəbiristanlıq pərəstişkarı var. Bu günlərdə “Göz muncuğu”na həsr olunmuş möhtəşəm tədbir keçirdik. Məruzəçi Bəkir Nəbiyev idi. Cəfər Xəndandan tutmuş, Mübariz Əlizadəyəcən onlarca çıxışçı əsərin ideya-məfkurəvi cəhətdən tam qüsursuz olduğunu səmimi ehtirasla vurğuladı. Gənc yazar Mövlud Mövlud əsərdən parçalar oxuyub, onu Nobel mükafatına təqdim etməyin vacib olduğunu bütün axirət dünyası əhalisinin nəzərinə çatdırdı. Yusif Səmədoğlu paxıllıqdan tədbirə gəlməmişdi.
Mənim əziz balam Həmid! Bunu da Anar müəllimin nəzərinə çatdır ki, biz hamımız növbəti qurultayda da yalnız onun sədr seçilməsinin tərəfdarıyıq. Qoy Anar müəllim bilsin ki, bizim nümayəndə heyəti qurultayda bu dəfə də tam tərkibdə iştirak edəcək. Əziz oğlum, bunu da Anar müəllimə hökmən deyərsən ki, burda onun yolunu gözləyənlər çoxdur. Ancaq hələlik bura gəlməyə tələsməsin. Buranın hürr-mələkləriylə mırt vurmağa irəlidə vaxtı çox olacaq. Onun qarşıdakı qurultayda Azərbaycan ədəbiyyatının son 30 ildə qazandığı tarixi nailiyyətlər barədə gözəl məruzə ilə çıxış edib, el-obanın etimadını bir daha qazanmağı biz cəmi ölülər üçün olduqca əhəmiyyətlidir… Buralarda havalar xoş keçir…”
Bu, xoruz səsi eşitməmiş cəfəngiyatı eşidəndən sonra o, tamamilə əmin oldu ki, özünü şair, nasir, filosof adlandıran bu adam ya klinik dəlidir, ya da həqiqətən onun kefinə soğan doğramağa gəlib. Hirsindən əvvəl dodaqları, sonra əlləri əsdi. Şəkəri birdən-birə kəllə-çarxa çıxsa da, əsəblərini cilovlamağa çalışdı.
– Görünür, sən bura mənnən məzələnməyə gəlmisən, – dedi – həm də özbaşına gəlməmisən. Səni bura göndərən var.
– Məni bura atam göndərib – şəxsən Qafar Kəndli!
– Özünü tülkülüyə vurma!
AYB sədrinin Qafar Kəndlinin ərizəsinə bu cür qəzəbli münasibəti Həmid Herisçini xeyli çaşdırdı. Fikirləşdi ki, bu gün bura girib-çıxanların sayı yəqin ki, həmişəkindən çox olub. Yəni, AYB sədrinin yaltaqlıqdan aldığı gündəlik enerjinin bugünkü limiti artıq bitib.
– Bizim nəsildə heç vaxt tülkü olmayıb. Biz Təbrizin saf havasını udub, Savalanın əmcəyindən sərin su içmişik. Mümkünsə, sözünüzə sərhəd qoyun.
– Mən sözümün sərhədini çoxdan qoymuşam. Bacarırsan heç olmasa hərdənbir sən də sözünə sərhəd qoy. Bir vaxt bir sürü nadanı başına yığıb, O Əclafın fətvasıynan mənə qarşı şər-böhtan kampaniyası aparırdın. Atan da atamın qənimiydi. KQB agenti Mübariz Əlizadə ilə birləşib, Rəsul Rzanı gedər-gəlməzə göndərmək istəyirdilər.
– Atamı atana tay tutma. Ateist Rəsul Rza Leninə poema yazıb, Moskvaya mükafat almağa gedəndə Qafar Kəndli Kömürçü bazarından bir dəstə gül alıb, Şüvəlanda Ətağanın məzarını ziyarət etməyə getmişdi.
Vəziyyət gərginləşmişdi. Konflikt kulminasiya həddinə çatmaqda idi.
Həmid Herisçi oturduğu skamyadan qəfil sıçrayışla ayağa qalxdı. Həmin sapsarı kağızı cibindən çıxarıb, onun üzünə çırpdı.
– Al! – dedi. – Səhər suya salıb, gecə yatanda içərsən. Paranoyanın müalicəsində ən təsirli vasitədir.
AYB-nin postmodernist düşməni bunu dedi, kabineti ildırım sürətilə tərk etdi və çöldə, Tövbə qapısının ağzında hələ də boynunu büküb durmuş Elçin Səlcuğun ruhunun qulağına nəsə pıçıldamağa başladı.
Bu pıçıltı yaman qorxutdu onu. Burnuna o dünyanın iyi, canına bu dünyanın soyuq təri gəldi.
Diksinib, yuxudan ayıldı.
Epiloq
AYB-nin 31 il 11 aylıq fəaliyyəti dövründə belə bir hadisə heç vaxt olmamışdı: qocaman AYB sədri, öz kabinetində, oturduğu yerdəcə şirin-şirin yatırdı və nəinki yatırdı, hətta ara-sıra xoruldayırdı da.
Sədrin köməkçisi telefona cavab verməkdən təngə gəlmişdi. Bu inanılmaz hadisədən dərin təşviş keçirən Fikrət Qoca bəlkə bir saatdan çox idi ki, şefin kabinetinin qapısı ağzında əliqoynunda vurnuxur, tez-tez qapını aralayıb yatanın hələ də yatmaqda olduğunu heyrətlə müşahidə edirdi.
O qapını bəlkə əlli dəfə açıb, örtəndən sonra şair nəhayət baxıb gördü ki, şef oyanıb və bir az yuxulu görünsə də, kifayət qədər gümrahdır. Cəsarətlə kabinetə daxil oldu.
– Deyəsən, yatmışdın axı.
– Yatmışdım!? – Bunu şef hədsiz təəccüblə dedi. – Ola bilər. Bu gecəni heç yaxşı yatmamışam. O satqın Vaqif Nəsib yenə məndən nə deyirdi sənə?
– Mənə? Harda deyirdi? Mən bir ildir Vaqif Nəsibin üzünü görməmişəm. – Şair zorla eşidiləcək səslə dedi və şefin bu nagahan kabinet yuxusuna həyasızcasına dürtülməyi özünə rəva bilən Vaqif Nəsibi ürəyində bərk-bərk söyüb-yamanladı.
– Bəs o Şah… – Az qala Şahvələd Çobanoğlunu soruşacaqdı, yaxşı ki, ağlı kəsdi, soruşmadı. – Şah İsmayıl Xətainin yubileyini səviyyəli keçirməliyik. AYB üzvü olmasa da üç-dörd şeir kitabının müəllifidir.
Dostunun hələ də yuxuda olduğuna bu dəfə Fikrət Qocanın heç bir şübhəsi qalmadı.
– Şah İsmayıl Xətainin yubileyini bildir keçirtdik axı. Yüksək səviyyədə… Çingiz 3-4 dəfə gəlib qapıdan qayıdıb. Bilmək istəyir ki, bu dəfə qurultaya xaricdən kimləri dəvət eləyəcəyik.
– Orxan Pamuka indidən dəvət göndərməliyik. Oljasa özüm zəng eləyəcəm. Ataol Bəhrəmoğlunu bu dəfə qurultaya dəvət etməsək də olar. Ancaq… – Sözünü axıracan deyib bitərə bilmədi. Əsnəyib uzun-uzadı xəyala getdi.
Fikrət Qoca görünməmiş heyrətlə sədrin üzünə baxdı: Bu gün buna nə olub görəsən? Evində rahat yatmaqdansa, gəlib iş yerində yatıb. Açıq-aşkar görünür ki, çaşğındır, narahatdır. Gözləri də yaman yol çəkir: hər sözbaşı boylanıb qapıya baxır.
– Düzün de, yuxuda nə görmüsən? – Fikrət Qoca nəcib təbəssümlə gülümsədi. – Bəlkə…
– Nə bəlkə?
– Deyirəm bəlkə O Əclafı yuxuda görmüsən?
Sədr gözlənilmədən əməlli-başlı əsəbləşdi:
– Mən onu niyə yuxuda görməliyəm? O kimdir ki, mən onu yuxuda görüm!..
Fikrət Qoca dərinə getmək istəmədi.
– Olur da, – dedi. – Yuxuda hər şey olur…
Avqust, 2019