Azlogos
  • Qaydalar
  • Kimlər var

Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Zəngilanın işğalı (1993) – I hissə

Tural Həmid Tural Həmid
., Sərbəst
30 Oktyabr 2022

1-ci hissə

Zəngilan Azərbaycanın Şərqi Zəngəzur regionunda yerləşən Ermənistan və İranla həmsərhəd rayondur. Qarabağ münaqişəsinin başladığı 1988-ci ildən etibarən regionda milli zəmində toqquşmalar başladı. Naxçıvana gedən dəmiryolu xətti Zəngilandan keçdiyi üçün strateji baxımdan əhəmiyyət daşıyırdı. Milli zəmində toqquşmalar rayondan Ermənistan ərazisinə daxil olan qatarlara qarşı hücumlarla başladı. 1989-1991-ci illərdə Zəngilanın Qafan və Meğri rayonları ilə sərhəd ərazilərində toqquşmalar artdı. Ermənistan-Azərbaycan sərhəddində, eləcə də Qarabağdakı erməni silahlıların faəliyyətinin qarşısını almaq üçün Sovet Ordusu və Azərbaycan OMON-u 1991-ci ilin yaz-yay aylarında Halqa əməliyyatını həyata keçirdilər. Bu əməliyyatlar zamanı sərhədə nəzarət tam ələ keçirildi. Lakin qısa müddət sonra Moskvada baş verən uğursuz QKÇP çevrilişi nəticəsində ordu ilə hakimiyyət arasında koordinasiya itdi, SSRİ-nin dağılması sürətləndi. Azərbaycan Ali Soveti avqustun 30-da öz müstəqilliyini bəyan edərək ordu quruculuğuna başladı. 9 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında dövlət qanunu qəbul olundu. Həmin qanun əsasında Zəngilan rayonunda 806 saylı yerli özünümüdafiəetmə batalyonu təşkil edildi (Əlili və Tapdıqoğlu, 2016:20). 1991-ci ilin sonunda sərhəddə erməni və Azərbaycan bölmələrinin konflikti başladı.

Dardan yuxarı regionunun işğalı

Zəngilan rayonunun ən strateji ərazisi Ermənistan ərazisinin daxilinə doğru uzanan Dardan yuxarı regionudur. Bu ərazinin son məntəqəsi olan Qazançı kəndindən birbaşa Qafan şəhərinə nəzarət etmək mümkündür. Regiondaki əsas mövqelər – 1133.7 və 1279.2 yüksəklikləri Azərbaycan bölmələrinin nəzarətində idi. Bu amil Azərbaycan hərbçilərinə coğrafi üstünlük vermişdi. Lakin Ermənistan və Azərbaycan bir-birinə müharibə elan etməmişdi və bu amil regionda güclü müdafiə xətti qurmağa mane olurdu. 1992-ci ilin ilk günlərində erməni bölmələri bu ərazini işğal etmək üçün bir neçə cəhd etdilər. Yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başladı. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli kəndlərinə hücum dəf edildi (Ağayeva,2015:6). Aprelin 9-da Qafan istiqamətindən Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq, Canbir, Şərikan, Yuxarı Göyəlli kəndləri hücuma məruz qaldı. Azərbaycan bölmələrinin müqavimətinə baxmayaraq erməni hərbçiləri Qazançı, Ağkənd və Dərəli kəndlərini işğal edə bildi, Seyidlər kəndini isə mühasirəyə aldı. Aprelin ortalarında kəndlərə nəzarəti bərpa etmək üçün əraziyə polkovnik-leytenant Elbrus Orucovun rəhbərliyi altında bölük yollandı Əks-hücum əməliyyatına 704 saylı hərbi hissənin komandiri Zadir Rzayev rəhbərlik edirdi (Vəliməmmədov, 2019:63). Ermənilərin ərazidən geri çəkilməsi üçün aprelin 24-də Qafan şəhəri bombalandı. Aprelin 27-də Azərbaycan bölmələri əks-hücuma keçərək 2 gün ərzində bütün kəndləri geri ala bildilər. Bu döyüşlər zamanı ermənilər 2 “PDM” və 1 “BTR” itirdi. (Vəliməmmədov, 2021:327).

Buna baxmayaraq, regionda il ərzində atışmalar davam edirdi. İyun-iyul aylarında atəşkəs mütəmadi pozuldu. Azərbaycan Ordusu buna cavab olaraq iyunun 19-da Qafan şəhərini və ətraf kəndlərini bombaladı. İyunun 29-da isə ermənilər sərhəd boyu kəndlərə artilleriya zərbələri endirdi. Regionda dekabr ayına kimi ən ciddi toqquşma avqustda baş verdi. Avqustun 24-də səhər saat 10-da Qafan və ətraf kəndlərə zərbələr endirildi. Qafanda 1 nəfər həyatını itirdi, 4 nəfər isə yaralandı. Azərbaycan bölmələri Sraşen kəndində 4 nəfər erməni hərbçisini zərərsizləşdirə bildilər. Oktyabrın 9-da Qazançı istiqamətindən Qafan şəhəri qısa müddətli bombardman edildi. Oktyabrın 20-də isə ermənilər Zəngilan şəhərini vurdular.

Qarşılıqlı artilleriya zərbələri regionda ciddi münaqişənin yaranacağından xəbər verirdi. Noyabrda ermənilər Zəngilan və Qubadlını işğal etmək üçün hücum planı hazırladılar. Hücum əməliyyatlarında iştirak etmiş Yuri Xaçaturov xatırlayır: “Noyabrın 20-də müdafiə naziri Vazgen Manukyan məni kabinetinə çağırıb dedi: “Bütün cəbhə boyu, xüsusən Qarabağda vəziyyətimiz ağırdır. Laçın dəhlizi daralıb, biz Şaumyanı, Martakerti, Artsvaşeni itirmişik. Bir şey etməsək vəziyyət daha da pis olacaq. Qafanda da vəziyyət ağırdır. Azərbaycanlılar hava limanı, yollara nəzarət edirlər, onlar dağdan sadəcə pulemyotla da bizim əsgərləri öldürə bilirlər. Bu dağı alsaq sərhədi burdan uzaqlaşdıracağıq. Sizə daha ciddi vəzifə qoymuşam. Sizin bölmələr Zəngilan şəhərinə çatmalı, Gorusun Şurnux kəndindən Delibaltayan, Karmirkar istiqamətindən isə Andreasyan Qubadlı şəhərini tutmalıdır.” Hazırlıqlar 15 gün çəkdi. Noyabrın 25-26-da 300 nəfərlik könüllü batalyon topladım, onlara Sisiandan yerli dəstə və 80-100 nəfərlik “Yerkrapa” qrupu qoşuldu. Biz ciddi hazırlaşdıq. Kəşfiyyat çox gizli aparıldı, onların 4 mövqeyini, dərinliyini müşahidə etdiyimizi hiss etmirdilər. Başa düşdük ki, bizi gözləmirlər. Əməliyyat dekabrın 10-a təyin edildi. Səhər saat 7-də artilleriya hazırlığından sonra hücum başlandı.”

Hücum ərəfəsində, dekabrın 7-dən 9-dək Ermənistan, Azərbaycan, Rusiya, ABŞ və Türkiyə nümayəndələrinin iştirakı ilə Cenevrədə qeyri-rəsmi Qarabağ danışıqları baş tutmuşdu, dekabrın 11-dən 15-dək isə Minsk Qrupunun və Stokholmda ATƏT xarici işlər nazirlərinin görüşü təyin olunmuşdu. Ermənistan hərbi uğur nəticəsində danışıqlar zamanı üstünlük qazanacağını düşünürdü. Əməliyyata Prezident Levon Ter-Petrosyan şəxsən icazə vermişdi. Müdafiə naziri vəzifəsini icra edən Vazgen Manukyan xatırlayır: “Əvvəlcə Ter-Petrosyan Qafan yaxınlığındakı azərbaycanlılar yaşayan kəndlərinin tutulması ideyasını qəbul etmək istəmirdi. Ancaq onun Yeltsinlə və Qərb dövlətlərinin başçıları ilə münasibətləri bizə siyasi problemlər yaratmadan irəliləməyə kömək etdi”. Dekabrın 10-da erməni ordusu Zəngilan rayonuna üç istiqamətdən hücuma keçdi. Hücum Azərbaycan bölmələri üçün gözlənilməz oldu və geri çəkilmə başlandı. Səhər başlanan hücumda erməni bölmələri Günqışlaq, Canbar, Göyəli kəndlərini tutdular, bir neçə saatdan sonra Bürünlü, Şayıflı, Qaragöl kəndlərinə doğru irəlilədilər. Strateji yüksəklikləri götürən ermənilər 15 kilometr dərininə doğru irəlilədi. Həmin gün Zəngilanın Qazançı, Dərəli, Günqışlaq, Pirevyisli, Canbar, Ağkənd, Yuxarı Gəyəli, Şərikan, Seyidlər, Bürünlü, Aşağı Gəyəli, Şayıflı kəndləri erməni bölmələri tərəfindən ələ keçirildi. Hücum ani olduğu üçün mülki şəxslərin təxliyəsi çox böyük çətinliklə həyata keçirildi. Şayıflı kəndində əhalinin evakuasiyasını təşkil edən kəşfiyyat komandiri Adil Rüstəmov həlak oldu. İşğal olunan kəndlərdə böyük dağıntılar həyata keçirən erməni hərbçiləri kəndlərdən çıxa bilməyən Şərikan sakini Töhfə Məmmədovanı, Aşağı Göyəli sakini Nüsrət Şirinovu, Şayıflı kənd sakinləri Müseyib Ələkbərovu, Vəli Abbasovu, Nabat Abbasovanı, Telman Abbasovu və Həsən İsmayılovu qətlə yetirdilər. Hücumun qarşısını alarkən Milli Ordunun 10 əsgəri həlak oldu. Bununla belə, Zəngilanı ələ keçirmək istəyən erməni bölmələri buna müvəffəq ola bilmədilər. İrəliləyən erməni hərbçiləri ilə koordinasiyanı itirən bir qrup Şayıflı kəndində mühasirəyə alındı və məhv edildi. Dekabrın 12-də Azərbaycan hərbi təyyarələrlə Qafan şəhərini bombalaması nəticəsində 19 nəfər öldürüldü. Azərbaycan bölmələri əks-hücuma keçərək Şayıflı, Bürünlü, Aşağı Gəyəli və Şərikan kəndlərini geri ala bildi. Buna baxmayaraq, digər kəndləri almaq mümkün olmadı. 1992-ci ildə Zəngilan rayon icraiyyə komitəsinin sədri işləmiş Zakir İbrahimov xatırlayr: “Həmin vaxtlar gecəm-gündüzüm sərhəd postlarında, hərbçilərlə, müdafiəçilərlə bir yerdə keçirdi. Ermənilər Azərbaycan rəhbərliyinin o vaxt gücünə bələd idi. Azərbaycan ordusunun adı vardısa da, özü demək olar ki, yox idi. Hərə özünə bir dəstə toplayıb özlərini qoruyurdular.” (“Xalq cəbhəsi” qəzeti,12.10.2011:14).

O dövrdə Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vazgen Manukyan isə əməliyyatı Elçibəyin iddiaları əsaslandırırdı: “Qafan əməliyyatı zamanı biz 10-11 kəndi tutduq, azərbaycanlılar üçün gözlənilməz olan ərazini işğal etdik. Düşmənin hərəkətlərini əvvəlcədən hesablamışdıq. Bizim hesablamalarımıza görə, onlar Sevan istiqamətində irəliləməli idilər. Bir dəfə Elçibəy demişdi ki, Sevanda çimmək istəyir. Belə də oldu. Biz Qafan istiqamətində hücuma keçdik, azərbaycanlılar Sevan istiqamətində irəlilədilər. Sevana çatsaydılar psixoloji cəhətdən güclü zərbə alacaqdıq. Amma biz Zəngilana daxil olduq, onlar isə Vardenis istiqamətində məğlub oldular”. Zəngilandakı məğlubiyyətdən sonra Azərbaycan hökuməti dekabrın 16-da rayonda fövqəladə vəziyyət elan etdi. Regiondakı ordu rəhbərliyi isə kəndləri geri almaq üçün plan hazırladı. Kəndlərin ərazisi və ətrafı Ermənistana daxil olmadan regionu azad etmənin mümkün olmadığını göstərirdi. Bu səbəbdən 865-ci alayın komandiri Firudin Şabanov Kolluqışlaq ərazisindən hücumla Qafanın 4 kəndinin alınması barədə əmr verdi. Bu istiqamətdə Azərbaycan ordusunun mövqeləri əlverişli idi. 1992-ci il iyunun 17-də Zəngilanın Kolluqışlaq ərazisindən edilən hücumla Nerkin Hənd kəndi ərazisində Sux yüksəkliyini götürülmüşdü. Hücum əməliyyatı uğurlu alındı. Azərbaycan bölmələri 1993-cü ilin aprelin 10-da qısa müddətdə Nerkin Hənd, Sav (Tsav), Kilsə (Sraşen), Şıxavuz (Şikaxox) kəndlərini nəzarətə götürdü (“Xalq cəbhəsi” qəzeti,12.10.2011:14).

Kəndlərin erməni əhalisi əraziyə yaxın olan Şişkert ərazisinə doğru qaçmağa başladı. Lakin əməliyyat müdafiə naziri ilə məsləhətləşmədən həyata keçirilmişdi. 865-ci alayın bölük komandiri olmuş Tahir Məmmədov xatırlayır: “Alay komandiri Firudin Şabanov bu əməliyyatı nazirlikdən xəbərsiz hazırlamışdı. Qafanla Mehri arasındakı 4 yaşayış məntəqəsini – Hənd, Kilsə, Şıxavuz və Safı götürdük. Oradan tank, ”Kamaz” belə gətirdik. Həmin ərazini 24 saat əlimizdə saxladıq. O vaxt müdafiə naziri Məmmədrəfi Məmmədov idi.[1] O, vertolyotla Zəngilanın mərkəzi stadionuna gəldi. Dedi ki, ATƏT-dən nümayəndə gəlib, bizə erməni torpağı lazım deyil, 6 saat müddətində geri qayıdın.” Beləliklə, 1993-cü ilin yaz aylarında Dardan yuxarı ərazisini geri almaq planları həyata keçirilə bilmədi. Qarşıda isə Azərbaycan 1993-cü ilin yay aylarındakı hərbi çöküş gözləyirdi.

Azərbaycanın MDB və KTMT-yə daxil olması

1993-cü ilin iyunundan etibarən cəbhədəki ağır məğlubiyyətlərin əsas səbəbi ölkədəki xaos idi. Surət Hüseynovun iyunun 4-də başlatdığı qiyam Elçibəy hökumətinin sonu oldu. Prezident Elçibəy Heydər Əliyevə Ali Sovetin sədri vəzifəsini verdikdən qısa müddət sonra Bakını tərk edərək Naxçıvana getdi. Elçibəy bu dövr ərzində dövləti öz kəndindən idarə edəcəyini qeyd edirdi. Heydər Əliyev və Ali Sovet deputatlarının prezidentə geri dönməsi üçün müraciətləri cavabsız qaldı. İyunun 24-də Azərbaycan Ali Soveti prezident səlahiyyətlərini Ali Sovet sədri Heydər Əliyevə verdi. Ancaq Naxçıvanda olan Elçibəy bu qərarı tanımadı. Bu dövrdə Heydər Əliyev daha bir ciddi problemlə qarşılaşdı. Cəbhədəki məğlubiyyətlərdən sonra 704-cü hərbi hissənin köməyinə arxalanan polkovnik Ələkrəm Hümmətov iyunun 21-də Lənkəranda Talış Muğan Muxtar Respublikasının qurulmasını elan etdi. Hümmətov Surət Hüseynovla birlikdə ittifaqda idi və ölkəyə Ayaz Mütəllibovun çağırılmasını tələb edirdi. Ölkədə faktiki üçhakimiyyətlilik mövcud idi. Heydər Əliyev ölkənin qərbindəki xaosu aradan qaldırmaq üçün polkovnik Surət Hüseynova Baş nazir vəzifəsini təklif etdi. Sonuncu bu təklifi qəbul etdi və iyunun 30-da yeni vəzifəyə təyin olundu. Əsas rəqibini neytrallaşdıran Heydər Əliyev Cəbrayıl işğal edilən gün – avqustun 23-də Lənkərana ordu göndərərək burada nəzarəti bərpa etdi. Daha sonra isə ölkədə real hakimiyyəti təmsil etmək üçün avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında referendum keçirildi. Həmin referendumda səsvermədə iştirak edən seçicilərin 97,5 faizi sabiq prezidentə etimadsızlıq göstərdi. Bununla əlaqədar Milli Məclis 1993-cü il oktyabrın 3-nə Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərini təyin etdi. Eyni zamanda Heydər Əliyevin seçkilərdə iştirak etməsi üçün yaş senzurası ləğv edildi. Buna baxmayaraq, hökumətin daxilində və orduda Əliyevə qarşı güclü müxalifət mövcud idi. Ordu komandanlığı ölkənin 1993-cü il yay aylarındakı məğlubiyyətini Prezident Elçibəyin Rusiyaya qarşı apardığı siyasətlə əlaqələndirirdi. Baş nazir Surət Hüseynov da eyni fikirdə idi. Prezident səlahiyyətini icra edən Heydər Əliyev həm Naxçıvandakı rəqibi Elçibəyin apardığı siyasətdən uzaqlaşmaq, həm də hökumət daxilində özünə qarşı formalaşan Rusiya meylli müxalifəti neytrallaşdırmaq üçün 1993-cü ilin sentyabrında ölkə siyasətini kardinal şəkildə dəyişdirdi. Milli Məclis sentyabrın 3-də MDB iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarının Moskvada keçiriləcək görüşündə Azərbaycan Respublikası nümayəndə heyətinin iştirakı haqqında qərarını təsdiqlədi. Heydər Əliyev Rusiya Prezidenti Boris Yeltsinlə danışıqlar aparmaq üçün sentyabrın 6-da Moskvaya getdi. O, özü ilə Elçibəyin dövründə həbs edilmiş 6 rus əsgərini də aparmışdı. Əliyev buradakı çıxışında deyirdi: “Son iki ildə Azərbaycanın, eləcə də Rusiyanın milli maraqlarına cavab verməyən dövlətlərarası münasibətlərin səviyyəsinin yüksəldilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etdik. Qərara gəldik ki, bu münasibətləri tədricən yaxşılaşdırmaq yolu ilə getməliyik. Azərbaycanın MDB-də iştirakına münasibətinə gəlincə, bunları deyə bilərəm. Mənim Moskvaya səfərim ərəfəsində bu məsələ parlamentdə ətraflı müzakirə olundu və sonda mənə tapşırılıb ki, bu məsələ ilə bağlı danışıqlar aparım və onların nəticələrinə əsasən qərar qəbul edim” (“İzvestiya” qəzeti, 07.09.1993:2).

1 gün sonra Heydər Əliyev MDB-yə daxil olmaq istədiklərini və bunu sentyabrın 24-də keçiriləcək birlik sammitində açıqlayacaqlarını rəsmən bəyan etdi (“Rossiyskaya qazeta” qəzeti, 08.09.1993:1). Sentyabrın 8-də “Prezident” mehmanxanasında Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin Rusiya rəhbərliyi ilə apardığı danışıqların yekunlarına dair mətbuat konfransı keçirildi. Heydər Əliyev Boris Yeltsinlə görüşün nəticələrindən məmnunluğunu bildirdi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiyanın sülhməramlı rolunun yüksək olduğunu vurğuladı (“İzvestiya” qəzeti, 09.09.1993:2).

Eyni dövr ərzində Rusiyada bu ölkənin Baş naziri Viktor Çernomırdin ilə Türkiyə Baş naziri Tansu Çillər arasında danışıqlar baş tutdu. Burda da tərəflər arasındakı əsas müzakirə Qarabağ münaqişəsi idi. Danışıqlardan sonra Tansu Çillər “İzvestiya” qəzetinin müxbirləri Maksim Qan və Konstantin Eggertə verdiyi müsahibədə bunları qeyd etdi: “Yalnız intensiv dialoq və tez-tez məsləhətləşmələr bəzən yaranan fikir ayrılıqlarını aradan qaldıra bilər. Hər halda, bizi bu bölgələrdə sülh və sabitliyin bərqərar olması istəyi birləşdirir. Hər iki ölkə ATƏM tərəfindən hazırlanmış ümumi norma və prinsiplərə riayət etməyə sadiqdir. Türkiyə və Rusiya nə düşmən, nə də rəqibdir. Bizi tərəfdaşlıq əlaqələri bağlayır. Təbii ki, biz hərbi tədbirlər görə bilərdik. Türkiyənin kifayət qədər gücü var. Amma biz bunu istəmirik. Üstəlik, Türkiyə Ermənistanı ərzaq və dərmanla təmin etdi, baxmayaraq ki, bu, bizim ölkədəki ictimai rəyə ziddir. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etdiyi bir vaxtda biz də sakit otura bilmərik.” (“İzvestiya” qəzeti, 10.09.1993:1-3).

Azərbaycan, Türkiyə və Rusiyanın mövqeyi MDB-yə daxil olma ilə bağlı açıqlamadan sonra yaxşılaşdı. Azərbaycan Respublikası Milli Məclisi müzakirələrdən sonra sentyabrın 20-də MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyün lehinə qərar verdi:

  1. Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə qoşulsun.
  2. Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin kollektiv təhlükəsizlik haqqında müqaviləsinə qoşulsun.
  3. Azərbaycan Respublikası Prezidentinə tövsiyə edilsin ki, bu qərardan irəli gələn lazımi tədbirləri həyata keçirsin.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Heydər Əliyev sentyabrın 24-də Moskva şəhərində MDB üzvü olan dövlətlərin Dövlət Başçıları Şurasının iclasında iştirak edərək MDB üzvü olan dövlətlərin kollektiv təhlükəsizlik haqqında Müqaviləsini Azərbaycan Respublikası adından imzaladı. Bununla da Azərbaycan MDB və KTMT-yə qoşuldu. Heydər Əliyev bu təşkilatlara qoşularkən iki məqsədi var idi.

  1. Azərbaycanın 1991-ci ildə imzaladığı Alma-Ata deklarasiyası çərçivəsində ərazi bütövlüyünün tanınması.
  2. Ermənistanın ölkənin digər ərazilərinə hücum zamanı Rusiyadan real iqtisadi və hərbi dəstəyin alınması.

Heydər Əliyev ilkin mərhələdə buna nail oldu. Ölkəyə Rusiyadan 200-ə yaxın hərbi müşavir gəldi. 1993-cü ilin payızında Kaluqa, Vladimir, Tula və Tambov vilayətlərinin bir sıra rayonlarında hərbi komissarlıqlar Azərbaycan ordusuna istefada olan rus hərbçilərini qəbul edirdi. Eyni zamanda xüsusi təyinatlıların professionallığını artırmaq üçün Azərbaycana təlimatçılar göndərildi. (Vəliməmmədov, 2021:533). Lakin Azərbaycana əsas vacib olan siyasi dəstək idi. Sonrakı proseslər Moskvaya olan ümidləri puça çıxaracaqdı.

Azərbaycan və Dağlıq Qarabağ arasındakı danışıqlar

1993-cü ilin iyun ayından avqusta qədər ölkədə baş verən xaos ən çox orduya öz təsirini göstərdi. Bir-birinin ardınca Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl və Qubadlı işğal edildi. Ermənistanın eks dövlət başçısı Robert Koçaryan xatırlayır: “Tarix dönə-dönə təkrarlanırdı. Biz başqa rayonu alırdıq, dərhal keçmiş rayon aktuallığını itirdi, ardınca yeni qərar çıxırdı və dərhal vasitəçilər ortaya çıxırdı. Kazimirov bizdən Azərbaycandan güzəştlər müqabilində rayondan imtina etməyi təklif edirdi. Hər dəfə atəşkəs üçün razılaşırdıq və dərhal başqa ərazini ələ keçirirdik. Bu işdə azərbaycanlılar bizə kömək edirdilər. Onlar öz ərazilərini geri qaytarmaq üçün hücum əməliyyatlarına başlayırdılar və nəticədə itkilərlə geri çəkilirdilər, biz isə hər əməliyyatda yeni qənimətlər alaraq irəliləyirdik. Hər bir əməliyyat kifayət qədər döyüş sursatı, silah, avadanlıq və ərzaq təmin edərək bizi növbəti hücum üçün resurslarla təmin edirdi. Bütün bu hərbi əməliyyatlar həm canlı qüvvəsi, həm də hərbi texnikası baxımından bizdən xeyli üstün olan orduya qarşı həyata keçirilirdi” (Koçaryan,2019:107).

Sentyabrın əvvəlində Zəngilan rayonundakı hərbi qüvvələr üç tərəfdən mühasirəyə düşmüşdülər. Rayonun Azərbaycanla əlaqəsi eni 20 km olan koridor vasitəsilə təmin edilirdi. Erməni bölmələrinin Horadiz şəhərini tutacağı təqdirdə region tam blokadaya düşəcəkdi. Azərbaycan Prezidenti vəzifəsini icra edən Heydər Əliyevin Rusiya ilə apardığı danışıqlardan sonra sentyabrın 4-də müdafiə naziri Pavel Qraçovun vasitəçiliyi ilə atəşkəs sazişi bağlandı. Atəşkəs zamanı cəbhə xətti Zəngilan rayonunun Ermənistanla sərhəddindən Qubadlı rayonunun Çərəli-Xanlıq kəndləri boyunca Tinli – Şahvəlliyə , ordan isə Horadiz – Zəngilan yolu boyunca Cəbrayılın Quycaq kəndinə doğru uzanırdı (Vəliməmmədov,2019:147).

Azərbaycan hökumətinin gücünü toplamaq üçün vaxta ehtiyacı var idi. Bu səbəbdən hökumət “DQR” ilə birbaşa danışıqlara getməyə razı oldu. Görüşlər Rusiya Prezidenti Boris Yeltsinin vasitəçiliyi ilə Moskvada keçirildi (Geukjian, 2016:201). Azərbaycan bundan əvvəl “DQR” ilə səfir səviyyəsində görüşmə həyata keçirmişdi. İlk belə görüşmə 1992-ci ilin sentyabrın 15-də “DQR” xarici işlər nazirinin müşaviri Arkadi Qukasyan və Azərbaycanın Rusiyadakı səfiri Hikmət Hacızadə arasında keçirilmişdi. Qukasyan və Hacızadə arasında növbəti belə bir görüş 1993-cü ilin aprelində baş tutmuşdu. Lakin bu dəfə fərqli idi. Azərbaycan dövlət müşaviri və prezident səviyyəsində görüşə razı olmuşdu. Sentyabrın 7-i Azərbaycan parlamenti sədrinin müavini Afiyəddin Cəlilov ilə “DQR” xarici işlər naziri Arkadi Qukasyan arasında görüş birincinin gəlməməsi səbəbi ilə baş tutmadı. Lakin bir müddət sonra, 9 sentyabrda Azərbaycan prezidentinin müşaviri Vəfa Quluzadə ilə Ermənistan XİN başçısı müavini Jirayr Liparityan və Arkadi Qukasyan arasında görüş baş tutdu (Harutyunyan,1997:189-190).

Sentyabrın 13-də isə Moskvada Afiyəddin Cəlilov Arkadi Qukasyanla görüşdü. Görüş zamanı Qukasyan danışıqlarda bir paketdə üç məsələnin (qoşunların çıxarılması, Azərbaycanın tətbiq etdiyi iqtisadi blokadanın aradan qaldırılması və Qarabağın yekun statusu) müzakirə edilməsini təklif etdi. Həmin gün Afiyəddin Cəlilov ilə Arkadi Qukasyan arasında imzalanan kommünikedə atəşkəsin 20 gün (oktyabrın 5-nə kimi) uzadılması qərara alındı (Harutyunyan,1997:193). Kommünikenin imzalanmasından sonra Arkadi Qukasyanın istifadə etdiyi sözlər Azərbaycanın onlarla sadəcə icma formatında görüşdüyünü göstərirdi. Rusiyanın Ermənistandakı səfiri Vladimir Stupişin xatırlayır: “Arkadi Qukasyanın mətbuat konfransında dediyi bir ifadə hər şeyin ermənilər üçün yolunda getmədiyini göstərmişdi. Onun sözlərinə görə Azərbaycan Dağlıq Qarabağı münaqişə tərəfi kimi tanımamışdı. Məlum oldu ki, Azərbaycan hələ də kiminlə danışıqlar apardığını açıqlamamışdı. Amma qarabağlılar Moskvada iyirmi günlük atəşkəsin imzalanmasına sevinirdilər.” Bununla belə, Qukasyan konfrans zamanı dialoq yolu ilə ümumi dil tapmaq istəyinin yaxşı əlamət olduğunu bildirdi. Tərəflər danışıqların sentyabrın sonunda Parisdə ATƏM-in təşkil etdiyi növbəti görüşdə davam etdirilməsinə razılaşdılar (Harutyunyan,1997:203).

Bu görüşlərdə Ermənistan və Dağlıq Qarabağ tərəfindən qəbul edilmiş sülh planı ilə nəticələndi. Plana görə, erməni qoşunları Laçın dəhlizi istisna, digər işğal olunan yerlərdən çıxmalı, təmas xəttində sülhməramlılar yerləşdirilməli idi. Lakin Azərbaycan planı rədd etdi, qoşunların bütün işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasında israr etdi və separatçıları münaqişənin birbaşa tərəfi kimi qəbul etmək istəmədiyini bildirdi. Sentyabrın sonunda Moskvada, Xarici İşlər Nazirliyinin Aleksey Tolstoy küçəsindəki malikanəsində “DQR” Baş naziri Robert Koçaryan və Azərbaycan Prezidenti Heydər Əliyev arasında danışıqlar başladı. Görüş tamamilə məxfi idi. Robert Koçaryan xatırlayır: “ Kazimirov bizi qarşıladı, kaminli zala apardı və tək buraxdı. Əliyevlə ilk dəfə görüşdük, ondan əvvəl heç yerdə, o cümlədən SSRİ dövründə də yollarımız kəsişməmişdi. Amma Heydər Əliyev haqqında heç bir yanlış təsəvvürüm yox idi və ola da bilməzdi. Bilirdim ki, qarşımda çox təcrübəli bir siyasətçi dayanır. Əliyev dərhal bizim üçün düzülmüş stulları pəncərəyə yaxınlaşdırmağı təklif etdi ki, orada söhbət etmək daha rahat olardı. Söhbət lap əvvəldən sakit və qəti şəkildə hörmətli tonda getdi, mən onun tərəfində heç bir təkəbbür hiss etmədim. Onunla danışmaq maraqlı idi. Əliyev dinləməyi, fikirlərini həmsöhbətinə çatdırmağı bilirdi. Biz cəbhələrdə mövcud vəziyyətin müzakirəsi ilə başladıq. O zaman Azərbaycan əmin idi ki, ruslar bizim tərəfimizdə vuruşurlar. Görünür, balaca Qarabağın resurs baxımından onlardan dəfələrlə üstün olan ölkənin hərbi qüdrətinə bu qədər uğurla müqavimət göstərə bilməsi həqiqəti ilə barışmaq istəmirdilər. Əliyev də eyni nöqteyi-nəzərdən çıxış etdi və bu barədə birbaşa məndən soruşdu. Cavabında mənfi tərzdə başımı tərpətdim:

– Rusiyanın bununla heç bir əlaqəsi yoxdur.

– Əgər Rusiyanın bununla heç bir əlaqəsi yoxdursa, sizin bu qədər tankınız necə var?

– Qismən Sovet qoşunlarının qoyub getdikləri, bir az da İrəvandan. Amma əsas hissə sizdən. Əmin olmaq istəyirsinizsə Sovet qoşunları çıxarıldıqdan sonra Azərbaycanın əldə etdiyi tankların sayının soruşun, sonra isə indi anbarınızda nə qədər tank olduğunu hesablayın. Həmin fərq bizdədir.

– Yaxşı, bəs bu qədər yaxşı tank operatorları sizdə hardandı? Mənə məlumat verilib ki, sizin yaxşı təlim keçmiş tank ekipajlarınız var.

– Bunu gərək hərbi komissarlarınızdan soruşasız. Son 15-20 il ərzində sizinkiləri hara, bizimkiləri hara göndəriblər? Sizin hərbi komissarlığınız Qarabağ ermənilərini əsasən ən çətin yerlərə, döyüş hissələrinə, sizinkiləri isə daha çox tikinti batalyonlarına göndərirdi. Tanklar və piyada döyüş maşınları üçün yaxşı ekipajlar buradan gəlir. Biz Azərbaycanın hərbi komissarlarının sayəsində yüksək keyfiyyətli səfərbərlik ehtiyatı formalaşdırmışıq.

Əliyev mənim cavabımdan mütəəssir oldu, düz danışdığımı başa düşdü. 1 saat yarım söhbət etdik. O məni inandırırdı ki, biz qarşılıqlı ziddiyyətləri regionda öz maraqları olan vasitəçilər olmadan özümüz həll etməliyik (Koçaryan,2019:107-108). Oktyabrın 9-da Heydər Əliyev yenidən Moskvada Koçaryanla görüşdü. Bu dəfə görüş Rusiya Xarici İşlər Nazirliyinin “Vorobyovı Qorı” iqamətgahında baş tutdu. Həmin görüş də nəticəsiz yekunlaşdı (De Vaal, 2008:260). Növbəti gün isə cəbhə xəttində atəşkəs pozuldu, vəziyyət yenidən gərginləşməyə başlamışdı.

İstifadə edilən ədəbiyyat

Kitablar

Ağayeva, C. (2015) Unudulmayan xatirələr. Bakı: Elm və təhsil.

http://anl.az/el/Kitab/2020/02/cd/Azf-312605.pdf

De Vaal, T. (2008). Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. İlay MMC.

Əlili, İ. və Tapdıqoğlu, N. (2016) Bir damla göz yaşında torpaq həsrəti. Bakı: Ləman nəşriyyat.

http://anl.az/el/Kitab/2018/05/cd/Azf-291209.pdf

Geukjian, O. (2016). Ethnicity, nationalism and conflict in the South Caucasus: Nagorno-Karabakh and the legacy of Soviet nationalities policy. Routledge.

Арутюнян, В. Б. (1997). События в Нагорном Карабахе: Хроника:[ пятая часть]. Изд-во Гитутюн.

http://karabakhcenter.com/files/file/sobitiya_v_nagornom_karabakhe_5.pdf

Велимамедов М. (2021) Карабахская война 1991-1994. Москва :Эдитус

Велимамедов, М. (2019), Очерки по Карабахской войне. ЛитРес: Самиздат

Кочарян, Роберт (2019), Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха, Москва : Интеллектуальная Литература

Qəzetlər

“Xalq cəbhəsi” qəzeti, 2011-ci il.

http://www.anl.az/down/meqale/xalqcebhesi/2011/oktyabr/207679.htm

“İzvestiya” qəzeti, 1993-cü il.

“Kommersant” qəzeti, 1993-cü il.

“Rossiyskaya qazeta” qəzeti, 1993-cü il.

“The Christian Science Monitor” ( Krisçen Sayens Monitor) qəzeti, 1993-cü il.

[1] Məmmədrəfi Məmmədov 1993-cü ilin sentyabrın 2-də müdafiə naziri təyin edilib. Həmin dövrdə nazir deyildi.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022

Redaktorun seçimi

Onlar niyə qışqırır?

Mtatsminda parkının pilləkənləri

Azərbaycan-Çeçenistan münasibətləri

İncəsənətdə təbiət mövzusuna dair qeydlər

Bakının graffiti üzü

Kinorejissorlar niyə məmur olmaq üçün yerikləyir?

Nənələrin müdrikliyi

Azərbaycanlı oxucunun şüur defisiti

Dünya Bankının dörd il əvvəlki təklifi niyə göydə qalıb?

Qazı alınan dünya

Gürcüstan ictimai yerlərdə İslam dininə aid qadın geyimlərini qadağan edir

Məsud Aşina: “Heç vaxt mükafat haqda düşünməmişəm”

Yaradıcılıq, nağıl və simvollaşdırma

Paralel dünyalar

Penis və qəhrəman

Göydən yerə

“Şanxay-Bakı” – cəmiyyətə güzgü kimi

Milan Kunderanın “Sapdırılmış vəsiyyətlər”i

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr (III hissə)

Klara Setkin nə istəyirdi, ya da 8 marta istehza

Çağdaş Azərbaycan tarixinin iki qızıl deyimi

OneWeb qlobal internet layihəsi ilk peyklərini orbitə çıxarıb

H. Z. Tağıyevin əlli illik məişəti və cəmaətə xidməti

Dadaizm və memarlıq

Müştəri təmsilçisi kimdir?

Şokoladın tez qurtarması haqqında

Azərbaycanda memuar ədəbiyyatına dair

Nikasın azərbaycanlı ürəyi

Seçim: monarxiya, yoxsa xalqın seçimi?

Ukraynalıların Polşada qaçqın həyatının başlanğıcı

Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel